Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 21 " oktyabr tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Pozitiv siyahıya daxil olan dərman vasitələrinin şərti kompensasiya məbləğinin hesablanması QAYDASI
1. Ümumi müddəa Bu Qayda "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 15-15.3-2-ci maddəsinə əsasən hazırlanmışdır və pozitiv siyahıya daxil olan dərman vasitələrinin şərti kompensasiya məbləğinin hesablanması qaydasını müəyyən edir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. razılaşdırılmış pərakəndə satış qiyməti - dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən dərman vasitəsinin Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən pərakəndə satış qiymətinin yuxarı həddinə təklif etdiyi endirim tətbiq edilməklə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış satış qiyməti;
2.1.2. dərman vasitəsinin vahidinin qiyməti - dərman vasitəsinin razılaşdırılmış pərakəndə satış qiymətinin qablaşdırılma miqdarına bölünməsi ilə müəyyənləşdirilən qiymət.
3. Pozitiv siyahıya daxil olan dərman vasitəsinin şərti kompensasiya məbləğinin hesablanması qaydası
3.1. Pozitiv siyahıya daxil olan dərman vasitəsinin şərti kompensasiya məbləği pozitiv siyahıya daxil edilmiş ekvivalent və oxşar dərman vasitələri (dozası eyni, lakin qablaşdırmadakı vahid miqdarı fərqli olan) arasında vahidinin qiyməti ən aşağı olan dərman vasitəsinin vahidinin qiymətinin qablaşdırılma miqdarına vurulması ilə müəyyənləşdirilir. Pozitiv siyahıda olan dərman vasitəsinin həmin siyahıda ekvivalent və ya oxşar dərman vasitələri (dozası eyni, lakin qablaşdırmadakı vahid miqdarı fərqli olan) olmadıqda, onun razılaşdırılmış pərakəndə satış qiyməti şərti kompensasiya məbləği hesab edilir.
3.2. Dərman vasitəsinin razılaşdırılmış pərakəndə satış qiyməti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Dərman vasitəsinin pozitiv siyahıya daxil edilməsi qaydası və meyarları, habelə həmin siyahıdan çıxarılması əsasları"nda nəzərdə tutulan qaydalara əsasən müəyyən olunur.
3.3. Pozitiv siyahıya daxil olan ekvivalent dərman vasitələrinə eyni şərti kompensasiya məbləği təyin olunur. ________________