Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 21 " oktyabr tarixli 312 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında MÜQAVİLƏ № ________ ___________ şəhər (rayon və s.) "___" ________ 20 ____ il Ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilə (bundan sonra — Müqavilə) "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 1.1.13-1-ci maddəsinə uyğun olaraq, bir tərəfdən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (bundan sonra — Agentlik) İdarə Heyətinin sədri ________________________________________________ şəxsində, digər tərəfdən (soyadı, adı və atasının adı) "Dərman vasitələri haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunları və nizamnaməsi (hüquqi şəxs olduqda) əsasında fəaliyyət göstərən icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə dərman vasitələrinin buraxılması məqsədilə aptek təşkilatı __________________________________________________________________ (hüquqi şəxsin tam adı, hüquqi ünvanı, onun səlahiyyətli şəxsinin vəzifəsi, soyadı, adı və atasının adı, fərdi sahibkarın soyadı, adı, atasının adı və ünvanı) şəxsində (bundan sonra — Tərəflər) aşağıdakı şərtlərlə imzalanmışdır.
1. Müqavilənin predmeti
1.1. Bu Müqavilə sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılması məqsədilə aptek təşkilatı ilə Agentlik arasında münasibətləri tənzimləyir.
1.2. Aptek təşkilatı Qanunun və bu Müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara pozitiv siyahıya daxil olan dərman vasitələrinin reseptə uyğun buraxılmasını, Agentlik isə Qanunla müəyyən olunmuş qaydada sığorta ödənişini həyata keçirməyi öz öhdəsinə götürür.
2. Tərəflərin hüquq və vəzifələri
2.1. Agentliyin hüquqları aşağıdakılardır:
2.1.1. aptek təşkilatından icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə buraxılmış dərman vasitələrinin uçotunun aparılmasını və onlar barədə məlumatları təmin etməsini tələb etmək;
2.1.2. aptek təşkilatından icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə buraxılmış dərman vasitələrinin həcminə və buraxılma şərtlərinə nəzarətin həyata
keçirilməsi məqsədilə sığortaolunanların səhhətinə dair məlumatları, o cümlədən "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onlarla bağlı həkim sirri təşkil edən məlumatları tələb etmək;
2.1.3. bu Müqavilədə nəzərdə tutulmuş qaydada vəzifələrin aptek təşkilatı tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi təqdirdə, icbari tibbi sığorta çərçivəsində buraxılmış dərman vasitələri üçün sığorta ödənişini ödəməmək, qismən ödəmək və ya aptek təşkilatından ödənilmiş vəsaitlərin geri qaytarılmasını tələb etmək;
2.1.4. aptek təşkilatından bu Müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ambulator şəraitdə buraxılmış dərman vasitələri barədə hesabatı tələb etmək;
2.1.5. aptek təşkilatından lisenziyasını tələb etmək (əsli və ya notarial qaydada təsdiq edilmiş surəti);
2.1.6. aptek təşkilatından "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada əczaçılıq fəaliyyəti üzrə sertifikasiyadan keçmiş işçi heyətə dair sertifikasiya şəhadətnamələrini tələb etmək;
2.1.7. aptek təşkilatından dərman vasitələrinin icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında buraxılmasını tələb etmək.
2.2. Agentliyin vəzifələri aşağıdakılardır:
2.2.1. aptek təşkilatından Qanunun və bu Müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanların reseptə uyğun dərman vasitələri ilə təmin edilməsini tələb etmək;
2.2.2. aptek təşkilatına ambulator şəraitdə buraxılmış dərman vasitələrinə görə bu Müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə sığorta ödənişini həyata keçirmək;
2.2.3. sığortaolunanların səhhətinə dair məlumatların, həmçinin həkim sirri təşkil edən məlumatların mühafizəsini və məxfiliyini təmin etmək;
2.2.4. aptek təşkilatı tərəfindən buraxılan dərman vasitələrinin həcminə və buraxılma şərtlərinə nəzarət etmək, o cümlədən Qanunda nəzərdə tutulmuş qaydada onların tibbi-iqtisadi ekspertizasını aparmaq.
2.3. Aptek təşkilatının hüquqları aşağıdakılardır:
2.3.1. ambulator şəraitdə buraxılmış dərman vasitələrinin bu Müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə sığorta ödənişinin həyata keçirilməsini Agentlikdən tələb etmək;
2.3.2. Agentliyin apardığı tibbi-iqtisadi ekspertizanın nəticələrini mübahisələndirmək.
2.4. Aptek təşkilatının vəzifələri aşağıdakılardır:
2.4.1. Qanunun və bu Müqavilənin şərtlərinə uyğun olaraq şəxsiyyətini təsdiq edən sənədi təqdim etdikdə sığortaolunanları icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında dərman vasitələri ilə təmin etmək;
2.4.2. icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə buraxılmış dərman vasitələrinin uçotunu aparmaq;
2.4.3. icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə buraxılmış dərman vasitələri barədə məlumatları Agentliyə təqdim etmək;
2.4.4. icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə buraxılmış dərman vasitələrinin həcminə və buraxılma şərtlərinə nəzarətin həyata keçirilməsi məqsədilə sığortaolunanların səhhətinə dair məlumatları, o cümlədən "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onlarla bağlı həkim sirri təşkil edən məlumatları Agentliyə təqdim etmək;
2.4.5. onun təqsiri üzündən sığortaolunanların sağlamlığına dəymiş zərərin əvəzini ödəmək;
2.4.6. həyata keçirilmiş sığorta əməliyyatlarına dair sənədləri, habelə belə əməliyyatlar üzrə elektron daşıyıcılarda olan məlumatları müvafiq hüquq münasibətlərinə xitam verildikdən sonra ən azı 5 (beş) il müddətində saxlamaq;
2.4.7. Agentlik tələb etdiyi halda lisenziyasını təqdim etmək (əsli və ya notarial qaydada təsdiq edilmiş surəti);
2.4.8. onlara verilmiş lisenziyanın dayandırılması, bərpası və ya ləğvi barədə məlumatın reyestrdə qeydə alındığı tarixdən dərhal Agentliyə məlumat vermək;
2.4.9. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada əczaçılıq fəaliyyəti üzrə sertifikasiyadan keçmiş işçi heyətə malik olmaq və onların sertifikasiya şəhadətnamələrini Agentliyə tələb etdiyi halda dərhal təqdim etmək;
2.4.10. dərman vasitələrini xidmətlər zərfinin şərtlərinə əsasən buraxmaq;
2.4.11. reseptə yazılmış təsiredici maddə üzrə pozitiv siyahıda olan ekvivalent dərman vasitələri və onların qiymətləri barədə, həmçinin bu Müqavilənin 2.4.14-cü yarımbəndi nəzərə alınmaqla pozitiv siyahıya daxil olan ekvivalent dərman vasitələrinin pərakəndə satış qiyməti və şərti kompensasiya məbləği arasında yaranan fərqin sığortaolunan tərəfindən ödəniləcəyi barədə aptek təşkilatının əczaçısı tərəfindən sığortaolunana məlumat vermək;
2.4.12. "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 4.8- ci maddəsinə əsasən normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən geri çağırılan dərman vasitələrini sığortaolunanlara buraxmamaq;
2.4.13. xidmətlər zərfinə əsasən dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) təyinatı və buraxılması şərtlərinə uyğun olmayan dərman vasitəsini buraxmaqdan imtina etmək;
2.4.14. pozitiv siyahıya daxil olan ekvivalent dərman vasitələrinin pərakəndə satış qiyməti və şərti kompensasiya məbləği arasında yaranan fərqin sığortaolunan tərəfindən ödənilməsini tələb etmək;
2.4.15. dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqə sahibinin və topdansatış əczaçılıq müəssisəsinin məsuliyyətindən irəli gələn hallar istisna olmaqla, pozitiv siyahıya daxil olan dərman vasitələrinin aptek təşkilatında əlçatanlığını təmin etmək;
2.4.16. pozitiv siyahıya daxil olan dərman vasitələrinin aptek təşkilatında olmaması halında bu barədə məlumatı 48 saat ərzində icbari tibbi sığorta üzrə məlumat bazası (elektron informasiya ehtiyatı) vasitəsilə Agentliyə ötürmək;
2.4.17. imtina edilmiş reseptlər barədə əsaslandırılmış məlumatı dərhal icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürmək;
2.4.18. sığortaolunanların səhhətinə dair məlumatların, həmçinin həkim sirri təşkil edən məlumatların mühafizəsini və məxfiliyini təmin etmək.
3. Ambulator şəraitdə dərman vasitələrinin buraxılması şərtləri Ambulator şəraitdə dərman vasitələrinin buraxılması şərtləri xidmətlər zərfi ilə tənzimlənir.
4. Pozitiv siyahıya daxil olan dərman vasitələrinin şərti kompensasiya məbləği üzrə sığorta ödənişinin verilməsi qaydası və müddətləri
4.1. Aptek təşkilatı tərəfindən ambulator şəraitdə buraxılan dərman vasitələrinin sığorta ödənişləri Qanunun tələblərinə əsasən şərti kompensasiya məbləğinə əsasən ödənilir. Pozitiv siyahıya daxil olan ekvivalent dərman vasitələrinə görə eyni şərti kompensasiya məbləği ödənilir.
4.2. Aptek təşkilatları Agentlik tərəfindən sığorta ödənişinin həyata keçirilməsi üzrə bu Müqavilənin 4.7-ci bəndində nəzərdə tutulmuş qaydada Agentliyə elektron hesabat təqdim edirlər.
4.3. Elektron hesabat aptek təşkilatı rəhbərinin (səlahiyyətli şəxsin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.
4.4. Elektron hesabat Agentliyə təqdim edildikdən sonra 20 (iyirmi) təqvim günü müddətində Agentlik tərəfindən Qanunun 15-26-cı maddəsinə uyğun olaraq ambulator şəraitdə buraxılmış dərman vasitələrinin tibbi-iqtisadi ekspertizası aparılır.
4.5. Ekspertiza nəticəsində aşkar olunmuş uyğunsuzluqlar və nöqsanlar barədə qeydlər 2 (iki) iş günü müddətində dəqiqləşdirmələrin edilməsi üçün aptek təşkilatına qaytarılır. Aptek təşkilatı tərəfindən 3 (üç) iş günü müddətində uyğunsuzluqlar və nöqsanlar aradan qaldırıldıqdan sonra aptek təşkilatı tərəfindən yekun hesabat hazırlanır və aptek təşkilatı rəhbərinin gücləndirilmiş elektron imzası ilə yenidən təsdiq olunur. Yekun elektron hesabat üzrə aptek təşkilatı tərəfindən sığorta ödənişinin həyata keçirilməsi üçün akt hazırlanaraq Agentliyə təqdim edilir.
4.6. Aktın Agentliyə təqdim edildiyi gündən etibarən 5 (beş) iş günü müddətində sığorta ödənişi Agentlik tərəfindən həyata keçirilir.
4.7. Elektron hesabatın və aktın forması bu Müqaviləyə əlavələr edilməsi yolu ilə Tərəflər arasında razılaşdırılır.
5. Müqavilənin müddəti, Müqaviləyə xitam verilməsi və yenidən bağlanılması şərtləri
5.1. Bu Müqavilə Tərəflər arasında imzalandığı gündən qüvvəyə minir.
5.2. Bu Müqaviləyə aşağıdakı hallarda xitam verilir:
5.2.1. Tərəflərdən biri ləğv edildikdə (fərdi sahibkar vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdǝ);
5.2.2. bu Müqavilənin 2.4.12—2.4.14-cü, 2.4.16-cı və 2.4.17-ci yarımbəndlərində qeyd olunan vəzifələr Müqavilə müddətində 2 (iki) dəfə yerinə yetirilmədikdə;
5.2.3. bu Müqavilənin 2.4.15-ci yarımbəndində qeyd olunan vəzifə yerinə yetirilmədikdə;
5.2.4. bu Müqavilənin 6.4-cü bəndində qeyd olunan hal təkrarlandıqda;
5.2.5. aptek təşkilatının lisenziyası ləğv edildikdə və ya dayandırıldıqda.
5.3. Bu Müqaviləyə xitam verilərkən Tərəflər bu Müqaviləyə xitam verilənədək yaranan bütün öhdəlikləri lazımi qaydada yerinə yetirirlər və göstərilmiş xidmətlər üzrə ödəniş aptek təşkilatının göstərdiyi xidmətə dair təqdim etdiyi təhvil-təslim aktlarına uyğun olaraq həyata keçirilir.
5.4. Bu Müqavilənin müddəti Tərəflər arasında razılaşdırılır.
5.5. Bu Müqavilənin 5.2.2-ci yarımbəndi əsasında bu Müqaviləyə xitam verildikdə aptek təşkilatı ilə 2 (iki) ay müddətində yeni Müqavilə bağlanılmır.
5.6. Bu Müqavilənin 5.2.3-cü və 5.2.4-cü yarımbəndləri əsasında bu Müqaviləyə xitam verildikdə aptek təşkilatı ilə 6 (altı) ay müddətində yeni Müqavilə bağlanılmır.
6. Tərəflərin məsuliyyəti
6.1. Tərəflər bu Müqavilə üzrə öhdəliklərinin tam və ya lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar.
6.2. Bu Müqavilə üzrə öhdəliklərin tam və ya lazımi qaydada yerinə yetirilməməsinə görə aptek təşkilatına tətbiq olunan dəbbə pulunun məbləği dəymiş zərərdən az olduqda, dəbbə pulundan artıq zərər tam məbləğdə ödənilir.
6.3. Bu Müqavilənin 6.4-cü və 6.5-ci bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, dəbbə pulunun məbləği Tərəflər arasında razılaşdırılmaqla müəyyən edilir.
6.4. Digər aptek təşkilatına məxsus ambulator şəraitdə buraxılmış dərman vasitələri barədə hesabatın təqdim edilməsinə görə hesabatı təqdim etmiş aptek təşkilatı sığorta ödənişinin 10 (on) misli miqdarında məsuliyyət daşıyır.
6.5. Aptek təşkilatı tərəfindən reseptdə göstərilən dərman vasitəsinə ekvivalent olmayan dərman vasitəsinin buraxılması halında 20 (iyirmi) manatdan az olmamaqla dərman vasitəsinin pərakəndə satış qiymətinin 5 (beş) misli miqdarında cərimə tətbiq edilir.
6.6. Bu Müqaviləyə xitam verilməsi Tərəfləri Müqavilənin şərtlərinin pozulması ilə bağlı məsuliyyətdən azad etmir.
7. Tətbiq olunan hüquq
7.1. Bu Müqavilənin müddəalarının şərhi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq aparılmalıdır.
7.2. Bu Müqavilə üzrə aparılan tədqiqatların nəticələri, hesabatlar və aptek təşkilatı tərəfindən hazırlanan digər sənədlər Agentliyin mülkiyyəti hesab olunur və onun sərəncamında qalır. Aptek təşkilatı bu sənədlərin surətini özündə saxlaya bilər.
8. Vergilər və rüsumlar Tərəflər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun olaraq bütün vergilərin, rüsumların və qanunvericiliklə müəyyən edilmiş digər ödənişlərin aparılmasına məsuliyyət daşıyırlar.
9. Digər şərtlər
9.1. Bu Müqavilə Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur.
9.2. Bu Müqavilə eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib edilməklə 1 (bir) nüsxəsi aptek təşkilatında, digər nüsxəsi isə Agentlikdə saxlanılır.
9.3. Bu Müqavilə ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr danışıqlar yolu ilə həll edilir. Mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, onlar məhkəmə qaydasında həll edilir.
9.4. Qanunvericiliyə və bu Müqavilənin şərtlərinə zidd olmamaq şərtilə bu Müqavilədə dəyişiklik edilə bilər. Bu Müqavilədə dəyişiklik edilməsinə yalnız Tərəflərin qarşılıqlı razılığına əsasən yol verilir və hər iki Tərəfin imzası və möhürü ilə rəsmiləşdirilir. Həmin dəyişiklik bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur.
10. Tərəflərin hüquqi ünvanları (ünvanı) və bank rekvizitləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agеntliyi Hüquqi ünvanı ______________________ VÖEN ____________________________ Bank rekvizitləri _____________________ Səlahiyyətli şəxsin ___________________ (vəzifəsi, adı, soyadı və atasının adı) İmzası _________ M. Y.
__________________________________ (aptek təşkilatının adı) Hüquqi ünvanı (ünvan)_________________ VÖEN _____________________________ Bank rekvizitləri ______________________ Səlahiyyətli şəxsin ____________________ (vəzifəsi, adı, soyadı və atasının adı) İmzası _________ M. Y.