AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Dövlət-özəl tərəfdaşlığı Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 691-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi və "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 177-VQ nömrəli Qanununun tətbiqi barədə" 2016-cı il 20 aprel tarixli 867 nömrəli, "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən "Tik-idarə et-təhvil ver" modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2016-cı il 7 dekabr tarixli 1149 nömrəli fərmanlarının ləğv edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 dekabr tarixli 1919 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Dövlət-özəl tərəfdaşlığı Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, ehtimal olunan ümumi dəyəri 30 (otuz) milyon manatdan yuxarı olan layihələr "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlətözəl tərəfdaşlığı qaydasında həyata keçirilir.
3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər. Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 18 mart 2024-cü il № 167
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 18 mart tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Dövlət-özəl tərəfdaşlığı QAYDALARI
1. Ümumi müddəa Bu Qaydalar "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 1.1.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət-özəl tərəfdaşlığının həyata keçirilməsinin təşkilati və hüquqi əsaslarını müəyyənləşdirir.
2. Anlayışlar
2.1. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. layihənin ehtimal olunan ümumi dəyəri - dövlət-özəl tərəfdaşlığı layihəsi ilə qarşıya qoyulan məqsədə çatmaq üçün layihənin tam həyata keçirilməsinə tələb olunan bütün maliyyə resurslarının, o cümlədən kapital qoyuluşlarının, əsas hissəsi infrastruktur qurulması (bərpası) olmayan layihələrə münasibətdə həmçinin əməliyyat (cari) xərclərinin məcmusu;
2.1.2. texniki-iqtisadi əsaslandırma - layihənin smeta dəyəri, yəni onun icra edilməsi üçün lazım olan resursların, o cümlədən işçi qüvvəsinin, materialların və avadanlığın tərkibinin və miqdarının təyin edilməsi haqqında hesablamaların mümkünlük baxımından qiymətləndirilməsi.
2.2. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanunla və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
3. Dövlət-özəl tərəfdaşlığı layihələrinin müəyyən edilməsi
3.1. Dövlət-özəl tərəfdaşlığı layihələri aşağıdakı üsullarla müəyyən edilir:
3.1.1. dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısının hazırlanması;
3.1.2. özəl təşəbbüs qaydasında layihələrin təklif və qəbul edilməsi.
4. Dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısının hazırlanması
4.1. Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihələrini qüvvədə olan strateji sənədlər (dövlət proqramları, strategiyaları, konsepsiyaları və milli fəaliyyət planları) əsasında onların əhəmiyyəti, iqtisadi səmərəliliyi və icrası zamanı yarana biləcək maliyyə riskləri və bu risklərin dövlət tərəfdaşı və özəl tərəfdaş arasında bölgüsü meyarlarına əsasən müəyyənləşdirir. Siyahıya bu Qaydaların 4.2-ci bəndi nəzərə alınmaqla, ilkin texniki-iqtisadi əsaslandırması olan və həmin texniki-iqtisadi əsaslandırmanın nəticələrinə əsasən dövlətözəl tərəfdaşlığı qaydasında icrası mümkün olan layihələr daxil edilir.
4.2. Siyahı hazırlanarkən aşağıdakı layihələr nəzərə alınır:
4.2.1. strateji sənədlər çərçivəsində maliyyələşdirmə mənbəyi müəyyən edilməmiş layihələr;
4.2.2. strateji sənədlər çərçivəsində maliyyələşdirmə mənbəyi müəyyən edilmiş, lakin maliyyələşdirilməsi başlanılmamış layihələr;
4.2.3. maliyyələşdirilməsi başlanılsa da bir ildən artıq müddətdə dayandırılmış layihələr.
4.3. Kreditlər, maliyyə yardımı və qrantlar hesabına artıq maliyyələşdirilməsi başlanılmış və ya maliyyələşdirmə mənbəyinin konkret kredit, maliyyə yardımı və ya qrant olacağı müəyyənləşdirilmiş layihələr müvafiq kreditlər, maliyyə yardımı və ya qrantlar ayıran təşkilatlarla razılıq əsasında dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısına daxil edilir.
5. İddiaçının özəl təşəbbüsü
5.1. Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verən hər bir şəxs (iddiaçı) Qanunun 10.1-ci maddəsinə əsasən dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısına daxil olmayan hər hansı bir layihənin dövlət-özəl tərəfdaşlığı qaydasında həyata keçirilməsi ilə əlaqədar özəl təşəbbüs irəli sürə bilər.
5.2. Özəl təşəbbüs qaydasında irəli sürülən təklifdə aşağıdakı məlumatlar göstərilməli və sənədlər əlavə olunmalıdır:
5.2.1. özəl təşəbbüsü təqdim edən iddiaçı;
5.2.1.1. fiziki şəxs olduqda - soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyət vəsiqəsinin surəti, FİN kodu, olduğu halda VÖEN-i (xarici fiziki şəxslər üçün analoji məlumatlar);
5.2.1.2. hüquqi şəxs olduqda - hüquqi şəxsin adı, nizamnaməsinin və özəl təşəbbüsün irəli sürülməsi tarixindən ən çoxu 15 (on beş) gün əvvəlki tarixə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (xarici hüquqi şəxslər üçün analoji sənədlər, bu zaman hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın tarixi ən çoxu 30 (otuz) gün əvvəlki tarix ola bilər);
5.2.1.3. özəl təşəbbüsü təqdim edən iddiaçının səhmləri tənzimlənən bazarda ticarətə buraxılmış hüquqi şəxs olduğu hallar istisna olmaqla, iddiaçının iştirakçısı (iştirakçıları) və son benefisiar mülkiyyətçisi (mülkiyyətçiləri) barədə bu Qaydaların müvafiq olaraq 5.2.1.1-ci və 5.2.1.2-ci yarımbəndlərində göstərilən sənəd və məlumatlar;
5.2.1.4. özəl təşəbbüsü təqdim edən iddiaçı səhmləri tənzimlənən bazarda ticarətə buraxılmış hüquqi şəxs olduqda - bunu təsdiq edən sənəd, iddiaçının kapitalında 20 faiz və daha çox səhmlərə malik olan şəxslər və belə şəxslərin, habelə iddiaçının son benefisiar mülkiyyətçisi (mülkiyyətçiləri) barədə bu Qaydaların müvafiq olaraq 5.2.1.1-ci və 5.2.1.2-ci yarımbəndlərində göstərilən sənəd və məlumatlar;
5.2.2. özəl təşəbbüsü təqdim edən şəxsin Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verdiyini təsdiq edən sənədlər;
5.2.3. layihənin adı və təsviri;
5.2.4. dövlət-özəl tərəfdaşlığının təklif olunan müddəti;
5.2.5. layihənin ilkin texniki-iqtisadi əsaslandırması;
5.2.6. layihənin maliyyələşdirilmə mənbələri, o cümlədən layihənin cəlb edilən vəsait hesabına maliyyələşdirilməsi nəzərdə tutulduqda bank və ya kredit təşkilatının layihənin maliyyələşdirilməsi məsələsinə baxılması barədə ilkin razılığı;
5.2.7. dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası üçün özəl tərəfdaşa verilməsi tələb olunan Qanunda nəzərdə tutulan dövlət dəstəyi və təminatlar;
5.2.8. dövlət-özəl tərəfdaşlığı müqaviləsinin layihəsi;
5.2.9. ilkin layihələndirmə və smeta sənədləri.
5.3. Özəl təşəbbüs səlahiyyətli orqana elektron qaydada səlahiyyətli orqanın rəsmi internet səhifəsində "Dövlət-özəl tərəfdaşlığı layihələri" bölməsindən təqdim edilir.
5.4. Özəl təşəbbüsün təqdim edildiyi tarixdən 60 (altmış) gün müddətində səlahiyyətli orqan layihənin Qanunun 8.3-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq aşağıdakı qərarlardan birini qəbul edib bu barədə 2 (iki) iş günü müddətində iddiaçıya elektron qaydada, yaxud sifarişli poçt göndərişi vasitəsilə rəsmi cavab verməlidir:
5.4.1. özəl təşəbbüsün növbəti mərhələyə qəbul edilməsi;
5.4.2. özəl təşəbbüsün növbəti mərhələyə qeyd-şərtlə qəbul edilməsi;
5.4.3. özəl təşəbbüs Qanunun tələblərinə, o cümlədən Qanunun 8.3-cü maddəsi ilə müəyyən edilmiş meyarlara uyğun olmadıqda onun rədd edilməsi.
5.5. İddiaçı tərəfindən təqdim edilməli olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçıdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya iddiaçı tərəfindən təmin edilir.
5.6. Səlahiyyətli orqan layihənin xüsusiyyətlərindən asılı olaraq, bu Qaydaların 5.4-cü bəndində qeyd olunan qərarın qəbul edilməsi məqsədilə iddiaçıdan dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində bağlanılması nəzərdə tutulan digər müqavilələrin əsas şərtləri barədə məlumat tələb edir.
5.7. Səlahiyyətli orqan bu Qaydaların 5.4.1-ci yarımbəndində qeyd edilmiş qərarı qəbul etdikdə, 10 (on) gün müddətində layihənin xülasəsini rəsmi internet səhifəsində və Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş məlumat bazasında (bundan sonra - məlumat bazasında) yerləşdirir və ya mediada dərc etdirir.
5.8. Özəl təşəbbüsün qeyd-şərtlə qəbul edilməsi iddiaçının təklif etdiyi şərtlərə əsaslandırılmış dəyişikliklərin edilməsini nəzərdə tutur.
5.9. Özəl təşəbbüs qeyd-şərtlə (dəyişikliklərlə) qəbul edildikdə, qeyd-şərtlər (dəyişikliklər) iddiaçıya bu Qaydaların 5.4-cü bəndinə əsasən göndərilən cavabda göstərilməlidir.
5.10. Səlahiyyətli orqan özəl təşəbbüsün qeyd-şərtlə növbəti mərhələyə qəbul edilməsi barədə qərarı qəbul etdiyi təqdirdə, iddiaçı ilə növbəti 30 (otuz) gün müddətində həmin qeyd-şərtlər (dəyişikliklər) barədə danışıqlar aparır və danışıqların nəticələri növbəti 10 (on) gün müddətində səlahiyyətli orqan və iddiaçı arasında protokolla rəsmiləşdirilir. Səlahiyyətli orqan protokolun imzalandığı gündən 2 (iki) iş günü müddətində danışıqlar nəticəsində dəyişdirilmiş özəl təşəbbüsün xülasəsi barədə iddiaçını məlumatlandırır və növbəti 10 (on) gün müddətində rəsmi internet səhifəsində və məlumat bazasında yerləşdirir və ya mediada dərc etdirir.
5.11. Layihədə dəyişiklik edilməsi barədə razılıq əldə edilmədikdə, bu barədə qeyd protokolda göstərilməklə, səlahiyyətli orqan özəl təşəbbüsün növbəti mərhələyə qəbul edilməməsinə dair qərar qəbul edir və bu barədə iddiaçını protokolun imzalandığı gündən 2 (iki) gün müddətində məlumatlandırır, dəyişdirilmiş özəl təşəbbüsün xülasəsini protokolun imzalandığı gündən 10 (on) iş günü müddətində rəsmi internet səhifəsində və məlumat bazasında yerləşdirir və ya mediada dərc etdirir.
5.12. Səlahiyyətli orqanın rəsmi internet səhifəsində və məlumat bazasında yerləşdirilməli olan dövlət-özəl tərəfdaşlığı layihəsinin xülasəsi bu Qaydaların 14.1-ci bəndi ilə (14.1.4-cü yarımbənd istisna olmaqla) müəyyən edilmiş məlumatları əks etdirməlidir.
5.13. Səlahiyyətli orqan özəl təşəbbüsün xülasəsini dərc etdikdən sonra 60 (altmış) gün müddətində digər şəxslər səlahiyyətli orqana bu Qaydaların 5.3-cü bəndi ilə müəyyən edilmiş qaydada müraciət etməklə, həmin dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsində özəl tərəfdaş qismində iştirak etmək niyyətlərini bildirə bilərlər.
5.14. Ən azı iki digər şəxs tərəfindən səlahiyyətli orqana belə niyyət bildirildiyi halda səlahiyyətli orqan layihənin Qanunun tələblərinə uyğun olaraq müsabiqəyə çıxarılması barədə qərar qəbul edir və layihənin müsabiqəyə hazırlanması üçün tədbirlər görür.
5.15. Dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsində özəl tərəfdaş qismində iştirak etmək barədə niyyət bildirən şəxs olmadıqda və ya niyyəti cəmi bir şəxs bildirdikdə, səlahiyyətli orqan özəl təşəbbüsü irəli sürmüş şəxslə və iştirak niyyətini bildirən digər şəxslə bərabər şərtlər altında birbaşa danışıqların aparılması barədə qərar qəbul edir.
5.16. Özəl təşəbbüs qaydasında verilmiş təklif müvafiq sahələr üzrə dövlət orqanlarının (qurumlarının), müəssisə, idarə və təşkilatlarının fəaliyyət sahələri ilə əlaqəli olduqda, səlahiyyətli orqan özəl təşəbbüs qaydasında verilmiş təklifə dair həmin dövlət orqanlarının (qurumlarının), müəssisə, idarə və təşkilatların rəyini almalıdır.
5.17. Özəl təşəbbüs qaydasında verilmiş dövlət-özəl tərəfdaşlığı layihəsi müsabiqəyə çıxarıldıqda, özəl təşəbbüsü vermiş şəxs müsabiqədə iştirak etmək hüququna malikdir.
6. İddiaçılara dair tələblər
6.1. Dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsində iştirak etmək üçün iddiaçılar Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verməlidirlər.
6.2. Dövlət-özəl tərəfdaşlığı müsabiqəsində iştirakla bağlı iddiaçıların müraciətində aşağıdakı məlumatlar göstərilməli və sənədlər əlavə olunmalıdır:
6.2.1. iddiaçı:
6.2.1.1. fiziki şəxs olduqda - soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyət vəsiqəsinin surəti, FİN kodu, olduğu halda VÖEN-i (xarici fiziki şəxslər üçün analoji məlumatlar);
6.2.1.2. hüquqi şəxs olduqda - hüquqi şəxsin adı, nizamnaməsinin və müraciətin edilməsi tarixindən ən çoxu 15 (on beş) gün əvvəlki tarixə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (xarici hüquqi şəxslər üçün analoji sənədlər, bu zaman hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın tarixi ən çoxu 30 (otuz) gün əvvəlki tarix ola bilər);
6.2.1.3. iddiaçının səhmləri tənzimlənən bazarda ticarətə buraxılmış hüquqi şəxs olduğu hallar istisna olmaqla, iddiaçının iştirakçısı (iştirakçıları) və son benefisiar mülkiyyətçisi (mülkiyyətçiləri) barədə bu Qaydaların müvafiq olaraq 6.2.1.1-ci və 6.2.1.2-ci yarımbəndlərində göstərilən sənəd və məlumatlar;
6.2.1.4. iddiaçı səhmləri tənzimlənən bazarda ticarətə buraxılmış hüquqi şəxs olduqda - bunu təsdiq edən sənəd, iddiaçının kapitalında 20 faiz və daha çox səhmlərə malik olan şəxslər və belə şəxslərin, habelə iddiaçının son benefisiar mülkiyyətçisi (mülkiyyətçiləri) barədə bu Qaydaların müvafiq olaraq 6.2.1.1-ci və 6.2.1.2-ci yarımbəndlərində göstərilən sənəd və məlumatlar;
6.2.2. iddiaçının Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verdiyini təsdiq edən sənədlər.
6.3. Müraciət edən şəxs tərəfindən təqdim edilməli olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron
Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxslər tərəfindən təmin edilir.
7. Dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısının təsdiq edilməsi və dəyişdirilməsi
7.1. Səlahiyyətli orqan hər il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısının təsdiq edilməsi, o cümlədən siyahıya yeni layihələrin daxil edilməsi, siyahıda olan layihələrin siyahıdan çıxarılması, siyahıda olan layihələrdə dəyişiklik edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edir. Növbəti təqvim ili üçün nəzərdə tutulmuş dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı cari təqvim ilinin 30 iyun tarixinə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməlidir. Dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Siyahıya yeni layihələrin daxil edilməsi, siyahıda olan layihələrin siyahıdan çıxarılması, habelə siyahıda dəyişiklik edilməsi zərurəti yarandıqda səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilir.
7.2. Təsdiq edilmiş dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısında göstərilən bütün layihələrin icrasına başlanarsa, səlahiyyətli orqan bu Qaydaların 4-cü hissəsinə uyğun olaraq dövlətözəl tərəfdaşlığı layihələrinin yeni siyahısını təqdim etməlidir.
7.3. Təsdiq edilmiş dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısında göstərilən layihələr aşağıdakı əsaslarla siyahıdan çıxarılır:
7.3.1. dövlət-özəl tərəfdaşlığı layihələrinə dair məlumat səlahiyyətli orqan tərəfindən açıqlandıqdan sonra dövlət-özəl tərəfdaşlığı layihəsində özəl tərəfdaş qismində iştirak etmək niyyəti bu Qaydaların 9.2-ci bəndində nəzərdə tutulmuş müddət ərzində bildirilmədikdə;
7.3.2. dövlət-özəl tərəfdaşlığına dair müsabiqə baş tutmadıqda və ya birbaşa danışıqlar nəticəsiz başa çatdıqda.
7.4. Dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı və (və ya) siyahıda edilən müvafiq dəyişikliklər təsdiq edildikdən sonra səlahiyyətli orqan siyahını və (və ya) müvafiq dəyişiklikləri rəsmi internet səhifəsində və məlumat bazasında yerləşdirməli, həmçinin mediada dərc etdirməlidir. Dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı nüfuzlu xarici və beynəlxalq mediada da dərc edilə bilər.
7.5. Dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısına daxil edilən layihələrin sayı müəyyən edilərkən həmin siyahı təsdiq edildikdən sonra layihələrin müsabiqəyə və ya birbaşa danışıqlara hazırlanması, müsabiqənin (və ya birbaşa danışıqların) keçirilməsi və müvafiq müqavilələrin səlahiyyətli orqan tərəfindən müəyyənləşdirilən müddət ərzində bağlanılaraq layihələrin icrasına başlanılması nəzərə alınmalıdır.
8. Dövlət tərəfdaşının müəyyən edilməsi
8.1. Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihəsində dövlət tərəfdaşı qismində çıxış edən dövlət orqanını (qurumunu), habelə bələdiyyə və ya bələdiyyə müəssisəsini:
8.1.1. dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısına daxil olan layihələr üzrə - dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı hazırlandıqda;
8.1.2. özəl təşəbbüs qaydasında irəli sürülən layihələr üzrə - özəl təşəbbüs təqdim edildikdə və ya layihə müsabiqəyə hazırlandıqda (tələb olunduqda) müəyyən etməlidir.
8.2. Səlahiyyətli orqan dövlət tərəfdaşını müvafiq layihənin həyata keçirilməsinin hansı dövlət orqanının (qurumunun), habelə bələdiyyə və ya bələdiyyə müəssisəsinin səlahiyyətinə aid olması əsasında müəyyən etməlidir. Layihə bir neçə dövlət orqanının (qurumunun), habelə bələdiyyə və ya bələdiyyə müəssisəsinin səlahiyyətlərinə aid olduğu təqdirdə, səlahiyyətli orqan dövlət tərəfdaşını həmin dövlət orqanları (qurumları), habelə bələdiyyə və bələdiyyə müəssisələri ilə müzakirələr əsasında müəyyən edir və ya Qanunun 8.2-ci maddəsinə əsasən layihənin müvafiq dövlət orqanları (qurumları), habelə bələdiyyə və ya bələdiyyə müəssisələri tərəfindən birgə həyata keçirilməsi barədə qərar qəbul edir.
8.3. Səlahiyyətli orqan tərəfindən dövlət tərəfdaşı kimi müəyyən edilmiş dövlət orqanı (qurumu) dövlət tərəfdaşı qismində müəyyən edilməsi ilə razı olmadıqda, son qərar səlahiyyətli orqanın müraciəti əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.
8.4. Səlahiyyətli orqan tərəfindən dövlət tərəfdaşı kimi müəyyən edilmiş bələdiyyə və ya bələdiyyə müəssisəsi dövlət tərəfdaşı qismində müəyyən edilməsi ilə razı olmadıqda, səlahiyyətli orqan digər dövlət tərəfdaşını müəyyən edir və ya layihənin dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısından çıxarılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edir, özəl təşəbbüs qaydasında həyata keçirilməsi təklif olunan layihələrə münasibətdə isə özəl təşəbbüsün növbəti mərhələyə qəbul edilməməsi barədə qərar qəbul edir.
9. Dövlət-özəl tərəfdaşlığı layihələrində iştirak etmək niyyətinin bildirilməsi
9.1. Səlahiyyətli orqan Qanunun 8.1-ci və 10.4-cü maddələrinə uyğun olaraq dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısını və özəl təşəbbüsün xülasəsini rəsmi internet səhifəsində və məlumat bazasında yerləşdirmək və ya mediada dərc etdirmək yolu ilə ictimaiyyətə açıqlayır.
9.2. Dövlət-özəl tərəfdaşlığı layihələrinə dair məlumat səlahiyyətli orqan tərəfindən açıqlandıqdan sonra dövlət-özəl tərəfdaşlığı layihəsində özəl tərəfdaş qismində iştirak etmək niyyətində olan hər bir şəxs səlahiyyətli orqanın bu barədə elanda müəyyənləşdirdiyi müddət ərzində, özəl təşəbbüsün xülasəsinə münasibətdə isə dərc edildikdən sonra 60 (altmış) gün müddətində həmin niyyətini səlahiyyətli orqana onun rəsmi internet səhifəsində olan müvafiq bölmə vasitəsilə bildirmək hüququna malikdir.
9.3. Dövlət-özəl tərəfdaşlığı layihəsində iştirak etmək niyyəti barədə bildirişdə (bundan sonra — niyyət bildirişi) aşağıdakı məlumatlar göstərilməli və sənədlər əlavə olunmalıdır:
9.3.1. müraciət edən şəxs:
9.3.1.1. fiziki şəxs olduqda - soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyət vəsiqəsinin surəti, FİN kodu, olduğu halda VÖEN-i (xarici fiziki şəxslər üçün analoji məlumatlar);
9.3.1.2. hüquqi şəxs olduqda - hüquqi şəxsin adı, nizamnaməsinin və özəl təşəbbüsün irəli sürülməsi tarixindən ən çoxu 15 (on beş) gün əvvəlki tarixə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (xarici hüquqi şəxslər üçün analoji sənədlər, bu zaman hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın tarixi ən çoxu 30 (otuz) gün əvvəlki tarix ola bilər);
9.3.2. niyyət bildirişini verən şəxsin fəaliyyətinin təsviri, həmçinin bu tipli layihələrin həyata keçirilməsində təcrübəsi.
9.4. Müraciət edən şəxs tərəfindən təqdim edilməli olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron
Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxslər tərəfindən təmin edilir.
9.5. Niyyət bildirişində müraciət edən şəxsin mühüm hesab etdiyi digər məlumatlar da qeyd edilə bilər.
9.6. Niyyət bildirişi həmin bildirişi verən şəxslər üçün dövlət-özəl tərəfdaşlığı layihəsində, layihə üzrə keçirilən müsabiqədə və ya birbaşa danışıqlarda iştirak etmək öhdəliyi yaratmır.
10. Dövlət-özəl tərəfdaşlığı layihələrinin icrası növbəliliyinin müəyyən edilməsi
10.1. Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısında olan layihələrin icra növbəliliyini həmin layihələrin əhəmiyyəti, təcililiyi, layihələrə niyyət bildirişləri əsasında olan maraq əsasında müəyyən edir.
10.2. Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısında olan layihələrə dair niyyət bildirişlərini mütəmadi olaraq təhlil edir və təhlilin nəticəsinə uyğun olaraq layihələrin icra növbəliliyini dəyişə bilər.
10.3. Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısında olan layihələrin icrası növbəliliyini öz rəsmi internet səhifəsində dərc edir.
11. Dövlət-özəl tərəfdaşlığı layihəsinin müsabiqə və ya birbaşa danışıqlar vasitəsilə həyata keçirilməsi barədə qərarın qəbul edilməsi
11.1. Dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısında olan layihələrin icrası növbəliliyi müəyyən edildikdən sonra səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihəsinin müsabiqəyə çıxarılması və ya birbaşa danışıqlar əsasında həyata keçirilməsi barədə qərar qəbul edir.
11.2. Dövlət-özəl tərəfdaşlığı layihəsinin müsabiqə keçirilmədən birbaşa danışıqlar əsasında həyata keçirilməsinə Qanunun 24-cü maddəsi ilə müəyyən edilmiş hallarda yol verilir. Bu zaman dövlət-özəl tərəfdaşlığı layihəsinin birbaşa danışıqlar əsasında həyata keçirilməsi barədə səlahiyyətli orqanın qərarı:
11.2.1 .Qanunun 24.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəyi nəzərə alınmaqla qəbul edilir;
11.2.2. Qanunun 24.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda - aidiyyəti dövlət orqanlarının rəyi nəzərə alınmaqla, habelə "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əşyalardan istifadə etməklə infrastrukturun yaradılması, idarə edilməsi və (və ya) dövlət xidmətlərinin göstərilməsinə dair layihələrə münasibətdə qəbul edilir;
11.2.3. Qanunun 24.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda - müvafiq dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi zərurətinin təcililiyi nəzərə alınmaqla qəbul edilir;
11.2.4. Qanunun 10.7-ci maddəsi ilə müəyyən edilmiş hallarda - bu Qaydaların 5.15-ci bəndi ilə müəyyən edilmiş əsaslarla qəbul edilir;
11.2.5. Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş hallarda - səlahiyyətli orqan tərəfindən dövlət-özəl tərəfdaşlığı müqaviləsinin müddətinin başa çatmasına qalan müddəti, layihənin tamamlanma dərəcəsi, infrastrukturun fəaliyyəti və (və ya) dövlət xidmətlərinin göstərilməsinin davamlılığının təmin edilməsi zərurəti, yeni müsabiqənin keçirilməsi müddəti və (və ya) xərc baxımından məqsədəuyğunluğu nəzərə alınmaqla qəbul edilir;
11.2.6. Qanunun 37.3-cü maddəsində nəzərdə tutulmuş hallarda qəbul edilir.
11.3. Bu Qaydaların 11.2-ci bəndində göstərilən hallar istisna olmaqla, səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihəsinin müsabiqəyə çıxarılması barədə qərar qəbul edir.
11.4. Səlahiyyətli orqanın dövlət-özəl tərəfdaşlığı layihəsinin müsabiqəyə çıxarılması və ya birbaşa danışıqlar əsasında müqavilənin bağlanılması barədə qərarında aşağıdakılar göstərilməlidir:
11.4.1. layihənin adı və təsviri;
11.4.2. layihənin dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı əsasında və ya özəl təşəbbüs əsasında həyata keçirilməsi;
11.4.3. layihənin müsabiqə və ya birbaşa danışıqlar əsasında həyata keçirilməsi;
11.4.4. dövlət-özəl tərəfdaşlığı layihəsi birbaşa danışıqlar əsasında həyata keçirildiyi halda:
11.4.4.1. qərarın əsaslandırılması;
11.4.4.2. özəl tərəfdaş barədə bu Qaydaların 5.2.1.1-ci və ya 5.2.1.2-ci yarımbəndlərində göstərilən məlumatlar;
11.4.4.3. özəl tərəfdaşla müqavilə bağlayacaq dövlət orqanı (qurumu), bələdiyyə və ya bələdiyyə müəssisəsinin adı;
11.4.5. dövlət-özəl tərəfdaşlığı layihəsi üzrə işçi qrupun yaradılması;
11.4.6. dövlət-özəl tərəfdaşlığı layihəsinin müsabiqəyə hazırlanması və ya birbaşa danışıqların aparılması üçün Qanuna və bu Qaydalara əsasən görülməli olan tədbirlər və onların ehtimal olunan icra müddəti.
11.5. Bu Qaydaların 11.4-cü bəndində qeyd olunan qərarın qəbul edilməsi üçün əsas olan sənədlər, o cümlədən dövlət-özəl tərəfdaşlığı layihəsi birbaşa danışıqlar əsasında həyata keçirildiyi halda bu Qaydaların 11.4.4.1-11.4.4.3-cü yarımbəndlərində nəzərdə tutulan məlumat və sənədlər həmin qərara əlavə olunur.
11.6. Dövlət-özəl tərəfdaşlığı layihəsi birbaşa danışıqlar əsasında həyata keçirildiyi halda işçi qrup tərəfindən müqavilənin layihəsi və ya əsas şərtləri təsdiq edilir. Dövlət-özəl tərəfdaşlığı müqaviləsinin layihəsi və ya əsas şərtləri səlahiyyətli orqan tərəfindən iddiaçıya təqdim edilir.
12. İşçi qrup
12.1. Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihəsinin müsabiqə və ya birbaşa danışıqlar əsasında həyata keçirilməsi barədə qərarı verərkən layihənin müsabiqəyə və ya birbaşa danışıqlara hazırlanması üçün işçi qrupun təşkil edilməsi məsələsini həll etməli və işçi qrupun işinə cəlb ediləcək dövlət orqanlarını (qurumlarını), bələdiyyə və bələdiyyə müəssisələrini müəyyən etməlidir. İşçi qrup layihənin xüsusiyyətlərindən asılı olaraq dövlət tərəfdaşının birbaşa əməkdaşlıq etməli olduğu digər qurumların nümayəndələri də daxil olmaqla, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndələrindən təşkil edilir.
12.2. Səlahiyyətli orqan işçi qrupun təşkil edilməsi barədə qərarın surətini 2 (iki) gün müddətində sifarişli poçt göndərişi, yaxud elektron üsulla bu Qaydaların 12.1-ci bəndində qeyd olunan dövlət orqanlarına (qurumlarına), bələdiyyə və bələdiyyə müəssisələrinə göndərir. Dövlət orqanları (qurumları), bələdiyyə və bələdiyyə müəssisələri 15 (on beş) gün müddətində işçi qrupa məsul vəzifəli şəxs təyin etməli və bu barədə səlahiyyətli orqana məlumat verməlidirlər.
12.3. İşçi qrupun işi səlahiyyətli orqan tərəfindən təyin edilən işçi qrupun sədri tərəfindən təşkil edilir və sədr işçi qrupun fəaliyyətinə rəhbərlik edir. İşçi qrupun sədri qismində səlahiyyətli orqanın məsul vəzifəli şəxsi təyin edilir. İşçi qrupun sədri digər üzvlərin təklifləri əsasında və ya öz təşəbbüsü ilə işçi qrupa yeni üzvlərin daxil edilməsini təklif edə bilər.
12.4. İşçi qrupun sədri işçi qrupun katibliyini yaradır. Katiblik aşağıdakı cari məsələlərlə bağlı işi təşkil edir:
12.4.1. işçi qrupun iclaslarının gündəliyinin müəyyən edilməsi;
12.4.2. işçi qrupun iclasının keçirildiyi yer və vaxt barəsində işçi qrupun üzvlərinə bildirişlərin göndərilməsi;
12.4.3. işçi qrupun iclas protokollarının tərtib edilməsi və onların üzvlərə göndərilməsinin təmin edilməsi;
12.4.4. müvafiq yazılı sorğuların tərtib edilməsi və onların cavablarının işçi qrupun iclaslarının protokoluna əlavə edilməsi;
12.4.5. işçi qrupun məqsədlərinə çatması ilə əlaqədar işçi qrupun buraxılması barədə qərarın tərtib edilməsi.
12.5. İşçi qrupun hər bir üzvü müvafiq dövlət-özəl tərəfdaşlığı layihəsi üzrə işçi qrupun səlahiyyətlərinə aid edilən hər bir məsələ üzrə həmin üzvü təyin edən dövlət orqanının (qurumunun), bələdiyyə və bələdiyyə müəssisəsinin rəsmi mövqeyini təmsil edir.
12.6. Səlahiyyətli orqan müvafiq dövlət-özəl tərəfdaşlığı layihəsinə aid olan bütün sənəd və məlumatları işçi qrupa təqdim etməlidir.
12.7. İşçi qrupun işi iclasların keçirilməsi və ya yazılı sorğuların göndərilməsi vasitəsilə təşkil olunur. İşçi qrupun iclasına azı 15 (on beş) gün qalmış işçi qrupun bütün üzvlərinə iclasın keçirilməsi yeri və vaxtı barədə bildiriş göndərilməlidir. Bildirişdə iclasın gündəliyi və gündəliyə daxil olan məsələlərin müzakirəsi və qərarların qəbul edilməsi üçün sənəd və məlumatlar əlavə edilməlidir.
12.8. İşçi qrupun üzvləri iclasda əyani formada və ya informasiya texnologiyalarından istifadə etməklə distant formada iştirak edə bilərlər.
12.9. İşçi qrupun iclasında üzvlərinin yarısından çoxu iştirak etdiyi halda səlahiyyətli hesab olunur. İşçi qrupun iclasında baxılacaq məsələ işçi qrupun işində iştirak edən müvafiq dövlət orqanının (qurumunun), bələdiyyə və ya bələdiyyə müəssisəsinin səlahiyyətlərinə aiddirsə, həmin dövlət orqanının (qurumunun), bələdiyyə və ya bələdiyyə müəssisəsinin işçi qrupuna təyin edilmiş üzvünün həmin iclasda iştirakı məcburidir. İşçi qrupun iclasında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, işçi qrupun sədrinin səsi həlledici hesab olunur və sədr axırıncı səs verir.
12.10. İşçi qrupun bütün iclasları katiblik tərəfindən protokollaşdırılır. Protokolda aşağıdakı məlumatlar göstərilməlidir:
12.10.1. iclasın yeri və vaxtı;
12.10.2. iclasda iştirak edən işçi qrupun üzvləri və onların təmsil etdikləri dövlət orqanının (qurumun), bələdiyyə və bələdiyyə müəssisəsinin adı;
12.10.3. iclasın hansı dövlət-özəl tərəfdaşlığı layihəsinə aid olmasını müəyyən etmək üçün tələb olunan məlumatlar;
12.10.4. iclasın gündəliyi;
12.10.5. iclasda hər bir məsələ üzrə müzakirələrin xülasəsi;
12.10.6. hər bir məsələ üzrə iclasda iştirak edən işçi qrupun üzvlərinin hansı qaydada səs verdiyi göstərilməklə, səsvermənin nəticələri və qəbul olunmuş qərar.
12.11. İşçi qrupun protokolları işçi qrupun sədri və katibi tərəfindən imzalanır və 3 (üç) gün müddətində elektron qaydada işçi qrupun bütün üzvlərinə göndərilir. İclasda iştirak etmiş işçi qrupun hər bir üzvü 5 (beş) iş günü müddətində protokola dair əlavə və qeydlərini işçi qrupa təqdim edə bilər. Belə əlavə və qeydlər işçi qrupun protokoluna əlavə olunur.
12.12. İşçi qrupun qərarları həmçinin işçi qrupun bütün üzvlərinə yazılı sorğuların göndərilməsi vasitəsilə qəbul oluna bilər. Belə olan halda üzvlərdən daxil olmuş yazılı cavablar əsasında işçi qrupun qərarı sədr tərəfindən imzalanır. Üzvlərdən daxil olmuş yazılı cavablar qərara əlavə olunmalıdır.
12.13. İşçi qrupun səlahiyyətlərinə aşağıdakı məsələlər aiddir:
12.13.1. müsabiqənin şərtlər toplusunun dəyərləndirilməsi və təsdiq edilməsi;
12.13.2. dövlət-özəl tərəfdaşlığı layihəsinin müfəssəl texnikiiqtisadi əsaslandırmasının tamamlanması üzrə işlərin aparılması və dəyərləndirilməsi, o cümlədən texniki-iqtisadi əsaslandırmanın muzakirə edilməsi, ona dair texniki-iqtisadi əsaslandırmanı hazırlayan dövlət tərəfdaşına və ekspertlərə sualların verilməsi, izahatların tələb edilməsi, texniki-iqtisadi əsaslandırmada təhlil edilən məsələlərin, müəyyən edilən risklərin, müsbət və mənfi cəhətlərin dəqiqləşdirilməsi və texniki-iqtisadi əsaslandırmada müvafiq dəyişikliklərin edilməsinin, onun yenidən hazırlanmasının tələb edilməsi, o cümlədən texnikiiqtisadi əsaslandırmaya dair yekun rəyin bildirilməsi;
12.13.3. dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası üzrə müqavilələrin layihəsinin və ya müqavilələrin əsas şərtlərinin təhlil və təsdiq edilməsi;
12.13.4. layihənin xüsusiyyətlərindən asılı olaraq səlahiyyətli orqan tərəfindən müəyyən edilən digər səlahiyyətlər.
13. Mütəxəssislər, ekspertlər, məsləhətçilər və tərcüməçilər
13.1. Dövlət-özəl tərəfdaşlığı layihəsinin müsabiqəyə və ya birbaşa danışıqlara hazırlanması çərçivəsində dövlət tərəfdaşı müvafiq sahələr üzrə mütəxəssislərin, ekspertlərin, məsləhətçilərin, tərcüməçilərin (bundan sonra — ekspertlər) cəlb edilməsi məsələsini həll etməlidir.
13.2. Ekspertlər qismində müvafiq sahə üzrə ixtisas bilikləri olan şəxslər cəlb edilməlidirlər. Tərcüməçi qismində müvafiq layihə üzrə tələb olunan dili (dilləri) bilən və tərcümə etmək üçün zəruri biliyə malik olan şəxslər də cəlb edilə bilərlər. Xarici özəl tərəfdaşın və (və ya) xarici bank və kredit təşkilatlarının cəlb edilməsi nəzərdə tutulan dövlət-özəl tərəfdaşlığı layihələrində nüfuzlu beynəlxalq və ya xarici sahə təşkilatları tərəfindən akkreditə edilmiş və ya sertifikatlaşdırılan şəxslərin ekspert qismində cəlb edilməsinə üstünlük verilməlidir.
13.3. Ekspertlər layihəyə müvafiq ekspert (fiziki və ya hüquqi şəxs) və dövlət tərəfdaşı arasında bağlanılan müqavilə əsasında cəlb olunurlar.
13.4. Ekspertlər aşağıdakı məqsədlərlə cəlb olunurlar:
13.4.1. dövlət-özəl tərəfdaşlığı layihəsinin texniki, maliyyə, iqtisadi və digər xüsusiyyətlərinin işlənilib hazırlanması;
13.4.2. tələb olunduqda dövlət-özəl tərəfdaşlığı layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması, habelə təqdim olunan texniki-iqtisadi əsaslandırmaya baxılması və onun dəqiqləşdirilməsi, dəyişdirilməsi, yenidən hazırlanması;
13.4.3. müsabiqənin keçirilməsi vaxtının müəyyən edilməsi, müsabiqənin şərtlər toplusunun hazırlanması;
13.4.4. dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində bağlanılacaq müqavilələrin layihələrinin və ya əsas şərtlərinin hazırlanması;
13.4.5 .müsabiqə iştirakçılarına izahatların verilməsi;
13.4.6. özəl tərəfdaşla danışıqların aparılması;
13.4.7. dövlət tərəfdaşına və ya səlahiyyətli orqana, işçi qrupa müvafiq məsələlər üzrə rəylərin və arayışların verilməsi;
13.4.8. dövlət-özəl tərəfdaşlığı layihəsi üzrə müsabiqənin şərtlər toplusunun, müqavilələrin, digər sənədlərin tərcüməsi;
13.4.9. təkliflərin qiymətləndirilməsində işçi qrupa ekspert rəylərinin bildirilməsi;
13.4.10. "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət-özəl tərəfdaşlığı layihəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi;
13.4.11. dövlət tərəfdaşı və ya səlahiyyətli orqanın müəyyən etdiyi digər məqsədlər.
13.5. Ekspertlərin verdikləri rəy, arayış, izahat, bildirdikləri mövqe tövsiyə xarakteri daşıyır.
13.6. Müsabiqənin şərtlər toplusunda nəzərdə tutulan hallarda və ya birbaşa danışıqlar nəticəsində razılıq əldə edilərsə, ekspertlərin xərclərinin hamısı və ya müəyyən hissəsi özəl tərəfdaş tərəfindən dövlət tərəfdaşına ödənilə bilər.
14. Dövlət-özəl tərəfdaşlığı layihəsinin texniki-iqtisadi əsaslandırması
14.1. Dövlət-özəl tərəfdaşlığı layihəsinin ilkin texniki-iqtisadi əsaslandırması bu Qaydaların 4.1-ci və 5.2-ci bəndlərində qeyd edilmiş mərhələdə müvafiq olaraq dövlət tərəfdaşı və özəl tərəfdaş tərəfindən hazırlanır. İlkin texniki-iqtisadi əsaslandırma layihə haqqında ümumi icmalı, yəni layihənin mümkünlüyü barəsində ümumiləşdirilmiş təkliflərin və göstəricilərin ilkin təhlilini, o cümlədən aşağıdakı məsələlərin qısa xülasəsini nəzərdə tutur:
14.1.1. layihənin adı və qısa təsviri;
14.1.2. layihənin gözlənilən maliyyə-iqtisadi səmərəliliyi;
14.1.3. layihənin maliyyə-iqtisadi səmərəliliyi nəzərə alınmaqla onun yerli, regional və ya dövlət əhəmiyyəti;
14.1.4. layihənin icrası zamanı yarana biləcək maliyyə riskləri və bu risklərin layihənin tərəfləri arasında təklif olunan bölgüsü;
14.1.5. dövlət tərəfdaşının adı;
14.1.6. layihənin ehtimal olunan ümumi dəyəri.
14.2. Müsabiqə vasitəsilə həyata keçirilməsi barədə qərar qəbul edilmiş dövlət-özəl tərəfdaşlığı layihəsinin müfəssəl texniki-iqtisadi əsaslandırması dövlət tərəfdaşı tərəfindən həmin qərar qəbul edildikdən sonra, layihənin məqsədləri üçün yaradılmış işçi qrup ilə əlaqəli şəkildə hazırlanır. Bu məqsədlə dövlət tərəfdaşı bu Qaydaların 13-cü hissəsində göstərilən ekspertləri cəlb edə bilər.
14.3. Dövlət-özəl tərəfdaşlığı layihəsinin müfəssəl texnikiiqtisadi əsaslandırılması texniki, maliyyə-iqtisadi, hüquqi, müddət və təşkilati istiqamətlər üzrə aparılır.
14.4. Dövlət-özəl tərəfdaşlığı layihəsinin müfəssəl texnikiiqtisadi əsaslandırması Qanunun 12.2-ci maddəsi ilə müəyyən edilmiş məsələləri əhatə etməli və dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi planını, tətbiq olunacaq texnologiya və prosesləri, ətraf mühitə təsiri, layihənin həyata keçirilməsi nəticəsində sosial-iqtisadi, mədəni təsiri, yaradılacaq infrastruktura, istehsal ediləcək məhsula, göstəriləcək xidmətlərə, görüləcək işlərə tələbatı, hüquqi və siyasi məsələləri nəzərə alaraq, layihənin həyata keçirilməsi risklərini və onların qarşısının alınması yollarını, mənfi və müsbət cəhətlərini, habelə layihənin icrasının dövlət tərəfdaşına və ya dövlət büdcəsinə ehtimal olunan maliyyə yükünü müəyyən etməlidir.
14.5. Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihələrinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair təlimatlar, tövsiyələr dərc edə, izahatlar verə bilər.
14.6. Dövlət-özəl tərəfdaşlığı layihəsinin xüsusiyyətlərindən asılı olaraq texniki-iqtisadi əsaslandırmanın hazırlanması mərhələsində aşağıdakı məsələlər müəyyən edilməlidir:
14.6.1. layihənin yerləşəcəyi torpaq sahəsinin hüquqi statusu, Qanuna əsasən torpağın alınması, icarəyə və ya istifadəyə verilməsi;
14.6.2. layihə üçün istifadə olunacaq, idarəetməyə veriləcək və yaradılacaq infrastruktur.
15. Dövlət-özəl tərəfdaşlığı layihəsinin müsabiqəyə və ya birbaşa danışıqlara hazırlanması
15.1. Dövlət-özəl tərəfdaşlığı layihəsinin ilkin texniki-iqtisadi əsaslandırması səlahiyyətli orqana təqdim edildikdən sonra səla- hiyyətli orqan həmin texniki-iqtisadi əsaslandırmanı işçi qrupa təqdim edir.
15.2. Dövlət-özəl tərəfdaşlığı layihəsinin ilkin texniki-iqtisadi əsaslandırması işçi qrup tərəfindən araşdırılır və müsbət qiymətləndirildiyi halda səlahiyyətli orqana təsdiq edilmək üçün təqdim edilir.
15.3. Dövlət-özəl tərəfdaşlığı layihəsinin ilkin texniki-iqtisadi əsaslandırması təsdiq edildikdən sonra səlahiyyətli orqan layihə müsabiqəyə çıxarılacağı halda müsabiqənin şərtlər toplusunu, layihə birbaşa danışıqlar əsasında həyata keçiriləcəksə müqavilələrin layihələrini və ya onların əsas şərtlərini hazırlayır.
16. Müsabiqənin şərtlər toplusu və onda dəyişikliklər edilməsi
16.1. Müsabiqənin şərtlər toplusuna Qanunun 5.2-ci, 11.2-ci, 17.1-ci, 19.3-cü maddələrində nəzərdə tutulmuş məlumatlar və layihə təkliflərinə dair minimal texniki tələblər daxil edilməlidir. Səlahiyyətli orqan tərəfindən müsabiqənin şərtlər toplusuna aşağıdakıların da əlavə edilməsi nəzərdən keçirilir:
16.1.1. müsabiqənin qalibi ilə səlahiyyətli orqanın son danışıqlar və dəqiqləşdirmələr aparmaq imkanı və şərtləri;
16.1.2. müsabiqənin müddəti;
16.1.3. layihə şirkətinin yaradılması və ona dair tələblər;
16.1.4. iddiaçı tərəfindən layihə şirkətinin öhdəlikləri üzrə təminatın verilməsi;
16.1.5. özəl tərəfdaşa dövlət dəstəyinin və təminatların verilməsi;
16.1.6. Azərbaycan Respublikasının milli valyutasının xarici valyutalara qarşı dəyərinin dəyişməsinin dövlət-özəl tərəfdaşlığı layihəsinə mənfi təsirinin azaldılması və ya aradan qaldırılması;
16.1.7. torpaq sahələrinin özəl tərəfdaşa ayrılması qaydası;
16.1.8. dövlət-özəl tərəfdaşlığı layihəsinin məqsədi, strukturu və xüsusiyyətlərindən asılı olaraq səlahiyyətli orqanın müəyyən etdiyi digər məlumatlar.
16.2. Müsabiqənin şərtlər toplusunda müsabiqədə iştirak etmək istəyən iddiaçıların müraciətlərinə əlavə edilməli olan sənədlərin siyahısı da müəyyən olunur.
16.3. Müsabiqə başlandıqdan sonra müsabiqənin şərtlər toplusunda dəyişikliklər edildikdə, müsabiqənin müddəti bu dəyişikliklər barədə elanda nəzərdə tutulmuş müddətə, lakin artırılan müddətin müsabiqənin ilkin müddətindən çox olmaması şərtilə artırıla bilər. Xüsusilə mürəkkəb və ya irihəcmli layihələrlə bağlı müsabiqənin şərtlərində dəyişiklik barəsində əlavə müzakirələr tələb olunduğu halda, dəyişiklik zərurətinin işçi qrup tərəfindən müəyyənləşdirildiyi, dəyişikliyin müsbət və ya mənfi qiymətləndirildiyi və səlahiyyətli orqan tərəfindən təsdiq edildiyi təqvim gününə qədər davam etmiş müddət axını uzadılmış müddətə daxil edilmir. Müsabiqənin şərtlər toplusunda edilən dəyişikliklər barədə müsabiqənin bütün iddiaçılarına dəyişiklik müsabiqənin şərti kimi müəyyənləşdirildiyi gündən növbəti 2 (iki) iş günü müddətində məlumat verilir.
16.4. Müsabiqənin şərtlərində dəyişikliklər müsabiqə şərtlərinin elan edildiyi qaydada elan edilir.
17. Dövlət-özəl tərəfdaşlığı layihəsinin müfəssəl (ətraflı) təsviri
17.1. Qanunun 8.1-ci və 8.5-ci maddələrinə uyğun olaraq səlahiyyətli orqan tərəfindən müəyyən edilən və ya iddiaçılar tərəfindən təqdim edilən dövlət-özəl tərəfdaşlığı layihələrinin ətraflı (müfəssəl) təsviri hazırlanmalı, təqdim edilməli və yoxlanmalıdır. Dövlət-özəl tərəfdaşlığı layihəsinin müfəssəl texniki-iqtisadi əsaslandırmasının tərkib hissəsi olmaqla, layihənin müfəssəl (ətraflı) təsviri bu Qaydaların 14.2-ci bəndinə uyğun olaraq hazırlanır və yekun olaraq müsabiqə şərtlərinə də daxil edilir.
17.2. Dövlət-özəl tərəfdaşlığı layihəsinin (ətraflı) təsviri aşağıdakı məlumatlardan ibarətdir:
17.2.1. dövlət-özəl tərəfdaşlığı layihəsinin adı;
17.2.2. dövlət-özəl tərəfdaşlığı layihəsinin məqsədləri;
17.2.3.layihənin həyata keçirilməsinin iqtisadi səmərəlilik və əhəmiyyətlilik baxımından əsaslandırılması;
17.2.4. layihənin müddəti ilə bağlı proqnozlar (yaradılacaq infrastrukturun yararlılıq müddəti, özəl tərəfdaş tərəfindən investisiyanın forması və həcmi, vəsaitin qaytarılması müddəti, şərtləri və layihələr üzrə gəlirlilik və s. nəzərə alınmaqla);
17.2.5. dövlət-özəl tərəfdaşlığı layihəsinin xüsusiyyətlərindən asılı olaraq digər məlumatlar.
18. Dövlət-özəl tərəfdaşlığı layihələrinin icrası
18.1. Dövlət-özəl tərəfdaşlığı layihələrinin icrası özəl tərəfdaş tərəfindən üçüncü şəxslər cəlb edilməklə bilavasitə və ya layihə şirkəti tərəfindən həyata keçirilir.
18.2. Dövlət-özəl tərəfdaşlığı layihələrinin icrası zamanı yarana biləcək risklər və bu risklərin tərəflər arasında bölgüsü dövlət-özəl tərəfdaşlığı müqaviləsi ilə tənzimlənir.
18.3. Dövlət-özəl tərəfdaşlığı layihəsinə dair müsabiqənin şərtlər toplusunda icra və icra müddəti ilə bağlı nəzərdə tutulmuş şərtlər dövlət-özəl tərəfdaşlığı müqaviləsində təkrarlanır və (və ya) yenilənir. İcra ilə bağlı hər hansı dəyişikliklər və ya yenilənmələr müsabiqənin şərtlər toplusundan icra ilə bağlı gözlənilən və ya ehtimal edilən nəticələrə zidd olmamalıdır.
18.4. Layihənin özəl tərəfdaş tərəfindən icrasına cari nəzarəti dövlət tərəfdaşı həyata keçirir. Dövlət-özəl tərəfdaşlığı layihəsinin icrasının ümumi qiymətləndirilməsini səlahiyyətli orqan monitorinq əsasında həyata keçirir.
19. Torpaq sahəsi
19.1. Dövlət-özəl tərəfdaşlığı müqaviləsinin şərtlərindən biri kimi dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulduğu halda, səlahiyyətli orqan və özəl tərəfdaş arasında torpaq icarəsi və ya istifadəsi ilə bağlı münasibətlər müqavilə ilə tənzimlənir.
19.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar icarəyə verildikdə icarə haqqının məbləği "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsi üçün nəzərdə tutulmuş icarə haqqının minimum məbləğindən az olmamalıdır. Həmçinin müsabiqə iştirakçıları tərəfindən təklif olunan icarə haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş müvafiq minimum icarə haqqı məbləğindən az olmamalıdır.
19.3. Dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası üçün tələb olunan torpaq sahəsinin ayrılması formasından asılı olmayaraq 49 (qırx doqquz) ildən artıq müddətə nəzərdə tutula bilməz.
19.4. Torpaq sahəsində tapılan bütün qalıqlar, sikkələr, qiymətli və ya antik əşyalar, tikililər, tikili qrupları və digər qalıqlar və ya geoloji, arxeoloji, paleontoloji, tarixi, memarlıq və ya dini maraq doğuran əşyalar dövlətin himayəsi və mühafizəsində olmalıdır. Özəl tərəfdaş hər hansı bu cür tapıntı aşkar etdikdən sonra mümkün qədər tez bu cür tapıntılar barədə səlahiyyətli orqanı xəbərdar etməli və səlahiyyətli orqanın onlarla bağlı göstərişlərini yerinə yetirməlidir.
19.5. Regional əhəmiyyətli layihələrdə özəl tərəfdaş ətraf mühiti qoruma sahəsində mövcud ümumi normalara, həmçinin sonradan bərpa ilə əlaqədar torpaq sahəsindən istifadə və ona bağlı ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına dair dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan xüsusi qaydalara əməl etməlidir.
20. Dövlət-özəl tərəfdaşlığı layihəsində yerli resurslardan istifadə
20.1. Qanunun 17.1.4-cü maddəsinə əsasən dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində yerli resurslardan (işçi qüvvəsi, mal, iş və xidmətlərdən) istifadə, onların yaradılması və ya inkişaf etdirilməsi müsabiqənin şərtlər toplusunda tələb kimi irəli sürülməklə yanaşı, dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsində əlavə maneələr yaratmamaq şərtilə müsabiqənin şərtlər toplusunda özəl tərəfdaşın işçi heyətində yerli resurslardan istifadə edilməsi ilə bağlı faiz nisbəti müəyyənləşdirilə bilər.
20.2. Müsabiqənin şərtlər toplusunda yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə tədbirlərin həyata keçirilməsi tələbi nəzərdə tutula bilər.
21. Dövlət-özəl tərəfdaşlığı müqaviləsi
21.1. Dövlət-özəl tərəfdaşlığı layihəsi dövlət tərəfdaşı ilə özəl tərəfdaş arasında müqavilə azadlığı prinsipi rəhbər tutulmaqla bağlanılan müqavilə əsasında həyata keçirilir.
21.2. Dövlət-özəl tərəfdaşlığı layihəsinin xüsusiyyətlərindən asılı olaraq, dövlət-özəl tərəfdaşlığı müqaviləsinə Qanunun 22.1-ci maddəsində göstərilənlərdən əlavə aşağıdakıların da əlavə edilməsi nəzərdən keçirilir:
21.2.1. torpaq sahəsinə dair şərtlər, o cümlədən çirklənmə, ətraf mühitin mühafizəsi ilə bağlı şərtlər;
21.2.2. iş planı, layihələndirmə və layihənin inkişaf etdirilməsi, tikinti üzrə icra və s.;
21.2.3. tamamlama (təhvil-təslim və s.);
21.2.4. əməliyyat xidmətləri (sənədlərin saxlanması, obyektin texniki xidməti, obyektin vəziyyətinin tədqiqi və s.);
21.2.5. xidmətlərin, işlərin və ya tikintinin idarə edilməsi ilə bağlı uyğunluq üzrə öhdəliklər, qeydlərin aparılması, əməliyyat xidmətlərinin monitorinqi, podratçının işçi heyətinin və s. yoxlanılması;
21.2.6. səlahiyyətli orqanın müdaxiləsini vacib edən hallar, sığortası olmayan hallar və s.);
21.2.7. səlahiyyətli orqanın müdaxilə hüququ (sahəyə giriş tətbiq edildikdə giriş hüququnun təmin edilməsi, müdaxilə hüququnun təmin edilməsi ilə bağlı özəl tərəfdaşın vəzifələri və s.);
21.2.8. ödənişlər (birdəfəlik ödəniş, işin lazımi qaydada görülməməsi müqabilində ödəniş qaydasının və (və ya) məbləğinin dəyişdirilməsi, yenidən maliyyələşdirmə və bununla bağlı səlahiyyətli orqanın razılığı);
21.2.9. özəl tərəfdaşın və ya subpodratçının öhdəlikləri ilə bağlı təminatları və s.;
21.2.10. əqli mülkiyyətlə bağlı qaydalar (xidmət, iş və ya mal üzərində əqli mülkiyyət hüquqları, yarana biləcək mübahisələrdə tətbiq olunmalı qayda və s.);
21.2.11. tərəflərin məsuliyyəti (dəymiş ziyanla bağlı üçüncü şəxslərin iddiaları, özəl tərəfdaşın iddiaları, kompensasiyalar, təkrar kompensasiyanın yolverilməzliyi və s.);
21.2.12. sığorta və zərərin əvəzinin ödənilməsi qaydaları (sığorta, sığortası mümkün olmayan risklər, zərərin həcmi və s.);
21.2.13. özəl tərəfdaşın layihədən kənarlaşdırılması (çıxış qaydası, ehtiyat fondu və ya sığorta-saxlama hesabı, istifadə müddəti, layihədən kənarlaşdırılmağa hazırlıq, başlanması və təhvil-təslimi, icraçının kənarlaşdırılma zamanı öhdəlikləri və s.);
21.2.14. mübahisələrin həlli (ümumi qaydası (inzibati və məhkəmə), mübahisələrin həllinin sürətləndirilmiş yolları və s.);
21.2.15. bildirişlər, tərəfdaşların məlumat mübadiləsi qaydaları, rüsumlar, tətbiq olunan hüquq və s.;
21.2.16. dövlət tərəfdaşının nəzarət və ya monitorinq hüquqları və s.
22. Kreditorlarla müqavilə
22.1. Qanunun 21.2-ci maddəsinə əsasən dövlət-özəl tərəfdaşlığı layihəsi kreditor (kreditorlar) tərəfindən maliyyələşdirildikdə dövlət tərəfdaşı, özəl tərəfdaş və kreditor (kreditorlar) arasında birbaşa müqavilə bağlanılır. Əlavə təminat müqaviləsi xarakteri daşıyan birbaşa müqavilədə aşağıdakı şərtlər nəzərdə tutula bilər:
22.1.1. dövlət-özəl tərəfdaşlığı layihəsinə dair məlumat mübadiləsi imkanı və şərtləri;
22.1.2. dövlət mülkiyyətində olan (və ya gələcəkdə olacaq) əmlaka bütünlüklə və ya bir hissədə, habelə iştirak paylarının (səhmlərinin) üzərində qanunla qadağan olunmayan yüklülüklərin və ya öhdəliyin icrasının digər təminat üsullarından istifadə;
22.1.3. yüklülüyə tutma yönəldilərkən səlahiyyətli orqanın yüklü edilmiş əmlakı satınalmaqda üstünlük hüququ;
22.1.4. dövlət-özəl tərəfdaşlığı müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, kreditorlara ödənilməli olan kompensasiyalar və ya özəl tərəfdaşa edilməli olan ödənişlərin birbaşa olaraq kreditor (kreditorlar) tərəfindən alınmasına dair müddəalar;
22.1.5. dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan risk halları yarandıqda, kreditorun (kreditorların) yenidən müsabiqə və ya birbaşa danışıqlar mərhələləri keçirilmədən layihəni idarə etmək və ya yeni özəl tərəfdaş təyin etmək hüququ;
22.1.6. kreditorun hüquqlarının həyata keçirilməsi şərtlərini nəzərdə tutan işgüzar adətlərlə tələb olunan digər qaydalar.
22.2. Birbaşa müqavilə ilə tənzimlənən münasibətlər xarici elementli mülki hüquqi münasibət hesab olunduğu halda, tərəflər kreditorla birbaşa müqavilə əsasında yaranan mülki hüquq münasibətlərinə tətbiq edilən hüququ "Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən seçə bilərlər.
23. Dövlət-özəl tərəfdaşlığı müqaviləsində dəyişiklik edilməsi və ya onun ləğv edilməsi
23.1. Dövlət-özəl tərəfdaşlığı müqaviləsi ilə müəyyən edilmiş hallarda dövlət-özəl tərəfdaşlığı müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun dəyişdirilə və ya ləğv edilə bilər.
23.2. Dövlət-özəl tərəfdaşlığı müqaviləsində dəyişiklik edildikdə, aşağıdakılar nəzərə alınmalıdır:
23.2.1. müqavilə tərəfinin dəyişiklik edilməsi prosesinin başlanmasına dair digər tərəfə bildiriş göndərməsi;
23.2.2. dəyişikliklərin və ya dəyişikliklərlə bağlı təkliflərin göndərilməsi və onun dövlət tərəfdaşı və ya özəl tərəfdaş tərəfindən cavablandırılması;
23.2.3. lazım olduğu halda dəyişiklik təklifinin razılaşdırılmasına qədər təklif-cavab prosedurunun təkrarlanması;
23.2.4. əsaslı məsrəflərin maliyyələşdirilməsi, icraçının nəzərdə tutulmayan məsrəfləri və s. ilə bağlı təkliflərin üçüncü tərəflərlə razılaşdırılması ehtimalı olduğu halda, əlavə möhlətdən istifadə edilməsi;
23.2.5. dəyişikliyin təsdiqi və ya geri götürülməsi barədə bildiriş;
23.2.6. dəyişikliyin qarşılıqlı olaraq təsbit edilməsi.
23.3. Qanunun 37.3-cü maddəsinə əsasən səlahiyyətli orqan hesabat əsasında dövlət-özəl tərəfdaşlığı layihəsinin icraçısının müqavilə öhdəliklərini yerinə yetirmədiyini və ya yerinə yetirmək iqtidarında olmadığını müəyyən etdikdə, o cümlədən dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulmuş digər hallarda dövlətözəl tərəfdaşlığı müqaviləsinə xitam verilməsi təşəbbüsü ilə çıxış edə bilər.
23.4. Dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulmuş şərtlər mövcud olduğu halda, müqaviləyə xitam verilərkən özəl tərəfdaşa müqavilədə nəzərdə tutulmuş kompensasiyanın məbləği ödənilir. Layihənin başa çatdırılması üçün yeni tərəfdaşın seçilməsi məqsədilə səlahiyyətli orqan müvafiq olaraq müsabiqə keçirərək və ya birbaşa danışıqlar yolu ilə yeni özəl tərəfdaşla müqavilənin bağlanılmasını təşkil edir.
24. Dövlət dəstəyi və təminatlar
24.1. Qanuna uyğun olaraq özəl tərəfdaş və kreditora (kreditorlara) münasibətdə dövlət təminatları və dəstəkləri nəzərdə tutulduğu hallarda, bu barədə müsabiqənin şərtlər toplusunda müvafiq müddəalar nəzərdə tutulur. Müsabiqənin şərtlər toplusunda nəzərdə tutulduğu hallarda, dövlət-özəl tərəfdaşlığı müqaviləsinin bağlanılmasından sonra və ya onunla eyni vaxtda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə özəl tərəfdaş arasında dövlət təminatı ilə bağlı müqavilə bağlanılır.
24.2. Qanunun 27-ci maddəsinə uyğun olaraq dövlət-özəl tərəfdaşlığı müqaviləsi bağlanıldıqdan sonra Azərbaycan Respublikasının normativ hüquqi aktlarında edilən dəyişikliklər özəl tərəfdaşın dövlət-özəl tərəfdaşlığı müqaviləsi üzrə xərclərinin artmasına və ya əldə edəcəyi gəlirin azalmasına səbəb olduqda, özəl tərəfdaşa ödəniləcək kompensasiyanın məbləği yalnız faktiki zərərlə məhdudlaşır.
25. Müsabiqə qalibinin seçilməsi meyarları və hər bir meyarın xüsusi çəkisi
25.1. Müsabiqə qalibinin seçilməsi meyarları və hər bir meyarın xüsusi çəkisi müsabiqənin şərtlər toplusuna daxil edilir.
25.2. Aşağıdakı hallarda müsabiqənin şərtlər toplusunda layihə təkliflərinin əsaslandırılmaqla yalnız bir meyar əsasında qiymətləndirilməsi nəzərdə tutula bilər:
25.2.1. layihənin həyata keçirilməsi təcili xarakter daşıyarsa;
25.2.2. layihənin həyata keçirilməsi üçün innovativ texnologiyaların tətbiqi tələb olunarsa;
25.2.3. ətraf mühitin mühafizəsinə dair tələblər nəzərdə tutularsa.
26. Layihə təklifinin təminatı
26.1. Dövlət-özəl tərəfdaşlığı layihəsində iştirak etmək istəyən iddiaçılar layihə təkliflərini müsabiqənin şərtlər toplusunda nəzərdə tutulan qaydada təminat vasitələri ilə təmin edirlər. Layihə şirkəti yaradıldığı halda müsabiqənin şərtlər toplusunda iddiaçı tərəfindən layihə şirkətinin öhdəlikləri üzrə təminatın verilməsi nəzərdə tutula bilər.
26.2. Layihə təklifinin təminatı müxtəlif formalarda ola bilər, o cümlədən:
26.2.1. layihə dəyərinin müsabiqənin şərtlər toplusunda müəyyənləşdirilmiş hissəsi ilə bağlı bank qarantiyası;
26.2.2. layihə sənədlərinə dair müəlliflik hüquqlarının dövlət tərəfdaşının xeyrinə güzəşt edilməsi;
26.2.3. qiymətli kağızlar və digər maliyyə aktivləri vasitələri ilə təminat;
26.2.4. layihənin xüsusiyyətlərindən asılı olaraq müsabiqənin şərtlər toplusunda nəzərdə tutulmuş digər formalarda.
26.3. Layihə təklifinin təminatının müddəti aşağıdakı kimi olmalıdır:
26.3.1. müsabiqənin bütün iştirakçılarına münasibətdə müsabiqənin başa çatmasından sonra azı 30 (otuz) iş günü;
26.3.2. müsabiqənin qalibinə münasibətdə müqavilənin bağlanılmasından sonra azı 14 (on dörd) iş günü;
26.3.3. birbaşa danışıqlarda müqavilənin bağlanılmasından sonra ən azı 14 (on dörd) iş günü.
26.4. Müsabiqə iştirakçısının layihə təklifini geri götürdüyü və müsabiqənin qalibinin dövlət-özəl tərəfdaşlığı müqaviləsini bağlamaqdan imtina etdiyi hallarda layihə təklifinin təminatı geri qaytarılmır.
26.5. Layihə təklifinin müddətinin başa çatması ilə layihə təklifi təminatı geri qaytarılır.
26.6. Müsabiqənin şərtlər toplusunda olan dəyişikliklərlə razılaşmayan iddiaçı layihə təklifini geri götürdüyü halda, layihə təklifinin təminatına olan hüququnu itirmir.
27. Monitorinq və dövlət-özəl tərəfdaşlığı layihələrinin məlumat bazası
27.1. Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan öhdəliklərin icra vəziyyəti üzrə Qanunun 36-cı maddəsinə uyğun olaraq rüblük və illik qaydada monitorinq aparır.
27.2. Monitorinq aşağıdakıları əhatə edir:
27.2.1. özəl tərəfdaşın dövlət-özəl tərəfdaşlığı müqaviləsi üzrə öhdəliklərini icra etməsi;
27.2.2. dövlət tərəfdaşının dövlət-özəl tərəfdaşlığı müqaviləsi üzrə öhdəliklərini icra etməsi;
27.2.3. müqavilə üzrə müəyyənləşdirilən icra müddətlərinə uyğunluq.
27.3. Səlahiyyətli orqan Azərbaycan Respublikasının Nazirlər Kabinetinə monitorinqin nəticəsi barədə hesabat və aparılan monitorinqin nəticələri əsasında dövlət resurslarının effektiv istifadə olunmasının qiymətləndirilməsi ilə bağlı təkliflər təqdim edir.
27.4. Dövlət-özəl tərəfdaşlığı layihəsi, müsabiqə qalibinin seçilməsi şərtləri və meyarları, dövlət-özəl tərəfdaşlığı müqaviləsinin əsas şərtləri, dövlət-özəl tərəfdaşlığı layihələrinin hazırlanması və həyata keçirilməsi, o cümlədən dövlət-özəl tərəfdaşlığı müqaviləsi çərçivəsində davam edən və başa çatdırılmış layihələr, layihələrin icra vəziyyətinə dair hesabatlar əsasında səlahiyyətli orqan dövlət, kommersiya və vergi sirri təşkil edən məlumatlar, habelə fərdi məlumatlar istisna olmaqla, dövlət-özəl tərəfdaşlığı layihələrinin ictimaiyyətə açıq məlumat bazasını yaradır.
27.5. Dövlət-özəl tərəfdaşlığı müqaviləsində edilən dəyişikliklər 7 (yeddi) iş günü müddətində səlahiyyətli orqana təqdim edilir.
28. Hesabatlılıq
28.1. Dövlət-özəl tərəfdaşlığı müqaviləsinin tərəfləri dövlət-özəl tərəfdaşlığı layihəsinin və tərəflərin öhdəliklərinin icra vəziyyəti barədə ildə bir dəfə səlahiyyətli orqana hesabat təqdim edirlər.
28.2. İllik hesabata aşağıdakılar daxil edilir:
28.2.1. layihənin qısa təsviri;
28.2.2. müqavilə şərtlərinə uyğun olaraq il ərzində layihə üzrə əldə olunmuş irəliləyişlər;
28.2.3. özəl tərəfdaşın maliyyə hesabatları (standartlara uyğun).
28.3. Səlahiyyətli orqan tərəfindən hesabatların təhlilinin nəticələrindən asılı olaraq hesabatlar alındıqdan sonra növbəti 2 (iki) ay müddətində aşağıdakılar həyata keçirilir:
28.3.1. layihə icraçısı heç bir xəbərdarlıq almadığı hallarda layihəni həyata keçirməyə davam edir;
28.3.2. layihə icraçısı müvafiq xəbərdarlıqlar almaqla, öhdəliklərinin icrasına dair təminatı yeniləməklə, layihəni həyata keçirməyə davam edir;
28.3.3. layihənin icraçısı müqavilə öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirmək iqtidarında olmadığı hallarda, layihənin başa çatdırılması üçün yeni tərəfdaşın seçilməsi məqsədilə səlahiyyətli orqan yenidən müsabiqə keçirir və ya birbaşa danışıqlar yolu ilə yeni müqavilənin bağlanılmasını təşkil edir.
28.4. Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihələri ilə bağlı illik hesabatları özünün rəsmi internet səhifəsində və məlumat bazasında yerləşdirir.
29. Sənədlər
29.1. Dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi sənədlərə əsaslanır. Dövlət-özəl tərəfdaşlığının həyata keçirilməsi zamanı normativ hüquqi aktlardan, strateji sənədlərdən, səlahiyyətli orqan və ya dövlət tərəfdaşı, habelə daha yuxarı icra hakimiyyəti orqanı tərəfindən hazırlanan və özəl təşəbbüs qaydasında irəli sürülən layihələrdə iddiaçılar tərəfindən hazırlanan sənədlərdən istifadə edilir.
29.2. Səlahiyyətli orqan və ya dövlət tərəfdaşı tərəfindən hazırlanan sənədlərə aşağıdakılar aiddir:
29.2.1. layihə üzrə müfəssəl texniki-iqtisadi əsaslandırma sənədi (dövlət-özəl tərəfdaşlığı layihəsinin ətraflı təsviri sənədi, layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi nəticələrini təsdiq edən sənəd (ƏMTQ sənədi), o cümlədən layihənin mahiyyətindən irəli gələn hallarda transsərhəd konteksdə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləri, xarici investorların və kreditorların cəlb edilməsi nəzərdə tutulduğu halda işgüzar adətlərlə tələb olunan sənədlər, dövlət-özəl tərəfdaşlığı layihəsinin riskləri, onların qiymətləndirilməsi və tərəflər arasında bölüşdürülməsi sənədi, dövlət tərəfindən veriləcək dəstək və təminatları müəyyən edən sənədlər);
29.2.2. müsabiqənin şərtlər toplusu;
29.2.3. dövlət tərəfdaşının müəyyən edilməsi (tələb olunduqda) haqqında sənəd;
29.2.4. dövlət-özəl tərəfdaşlığı müqaviləsinin layihəsi və ya müqavilənin əsas şərtləri sənədi.
29.3. İddiaçılar tərəfindən hazırlanan sənədlərə müsabiqənin şərtlər toplusu ilə müsabiqədə iştirak barədə müraciətə əlavə olunması tələb olunan sənədlər daxildir.
29.4. Özəl təşəbbüs qaydasında iddiaçının təqdim etdiyi təklifdə müraciətə əlavə olunan sənədlərə aşağıdakılar daxildir:
29.4.1. layihə üzrə ilkin texniki-iqtisadi əsaslandırma;
29.4.2. dövlət-özəl tərəfdaşlığı müqaviləsinin layihəsi;
29.4.3. ilkin layihələndirmə və smeta sənədləri.
29.5. Dövlət-özəl tərəfdaşlığı layihəsinin xüsusiyyətlərindən asılı olaraq səlahiyyətli orqan iddiaçılardan əlavə sənədlər tələb edə bilər.
30. Şikayət vermək hüququ İddiaçılar səlahiyyətli orqanın müsabiqənin təşkili və keçirilməsi ilə bağlı qərarlarından, hərəkətlərindən (və ya hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər.