"Qərb Sənaye Parkının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 yanvar tarixli 577 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Qərb Sənaye Parkının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 yanvar tarixli 577 nömrəli Fərmanına (bundan sonra — Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Gəncə Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi ilə razılaşdırmaqla, Qərb Sənaye Parkının fəaliyyəti üçün Gəncə şəhəri Yevlax şosesində yerləşən, "Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsindəki dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 81,8 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın tələblərinə uyğun olaraq, Şəmkir rayonunun Könüllü kəndi ərazisində yerləşən, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 100,0 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilərək sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi,
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Şəmkir Rayon İcra Hakimiyyəti və Şəmkir rayonu Könüllü Bələdiyyəsi aidiyyəti üzrə rəylərini və zəruri sənədləri bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 3-cü hissəsində qeyd edilən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı torpaqayırma sənədlərini və həmin torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə"yə və digər normativ hüquqi aktlara uyğun olaraq Qərb Sənaye Parkının fəaliyyətinə cəlb olunması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
5. Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
7. Bu Sərəncamın 1-ci, 5-ci və 6-cı hissələrinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2-ci, 3-cü və 4-cü hissələrinin icrası Aqrar və ekologiya şöbəsinə həvalə edilsin.
8. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, " 26 " " yanvar " 2026-cı il № 45s