"Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 12 yanvar tarixli 883 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə:
1. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (bundan sonra — Mərkəz):
1.1. "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda (bundan sonra — Dövlət Proqramı) nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə Vahid Elektron Hesabatlılıq Portalı çərçivəsində "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nın icrasının monitorinqi və hesabatlılıq modulu"nun (bundan sonra — Modul) formalaşdırılmasını 2 (iki) ay müddətində təmin etsin və Dövlət Proqramının monitorinqini və qiymətləndirilməsini Modul üzərindən həyata keçirsin;
1.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə icraçı orqanlar (qurumlar), iqtisadi rayonlar, şəhər və rayonlar, icra müddətləri, eləcə də layihələrlə bağlı məlumatlar (ərazi planlaşdırılması, tikintiyə icazə sənədi, texniki-iqtisadi əsaslandırma, tikinti layihəsi, şəhərsalma sənədlərinə uyğunluq rəyi, smeta sənədləri, layihə konsepsiyası, ekspertiza rəyi, ətraf mühitə təsirlə bağlı dövlət ekoloji ekspertizasının rəyi, maliyyə vəsaitinin ayrılması, satınalma və müqavilələrin bağlanılması və s.) təsnifatlaşdırılmaqla, mövcud vəziyyət barədə informasiyaları, aidiyyəti foto və videomaterialları, habelə birbaşa (onlayn) kamera müşahidəsini təmin edən və hesabatlılığı mümkün edən müvafiq bölmələrin Modulda yaradılmasını təmin etsin;
1.3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları ildə 1 (bir) dəfə, hər il aprelin 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.4. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətləndirilməsinin nəticəsi barədə məlumatları 2031-ci və 2036-cı illərin iyulun 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.5. Modulun yaradılması və Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin və qiymətləndirilməsinin aparılması ilə bağlı xərclərin Mərkəzin növbəti illər üçün büdcəsində nəzərə alınması məqsədilə tədbirlər görsün.
2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə əsas və digər icraçı orqanlar tədbirlərin aidiyyəti üzrə icrası məqsədilə icraçı qurumların rəhbərlərinin müavinlərindən ibarət məsul şəxsləri və müvafiq struktur bölmənin rəhbərlərindən ibarət cavabdeh şəxsləri təyin edərək onlar barədə məlumatı 10 (on) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
3. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi:
3.1. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin nəticə indikatorları üzrə hədəf göstəriciləri də müəyyən edilməklə illər üzrə bölgüsünü 2 (iki) ay müddətində Mərkəz ilə razılaşdırılmış indikatorlar cədvəlinin nümunəvi formasına uyğun hazırlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
3.2. monitorinqin və qiymətləndirilmənin həyata keçirilməsi məqsədilə Mərkəzə təqdim edilməsi üçün Dövlət Proqramında nəzərdə tutulmuş layihələrin icrası ilə bağlı müvafiq məlumatların "Layihə idarəetməsi" modulunda rübdə bir dəfə, rübdən sonrakı ayın 15-dək, tədbirlər üzrə ilin yekunları barədə məlumatların isə, 2027-ci ildən başlayaraq hər il fevralın 25-dək Modulda yerləşdirilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər üzrə layihələrin ilkin ümumi dəyəri, dövlət büdcəsində nəzərdə tutulmuş, ayrılmış, istifadə olunmuş və növbəti illərə tələb olunan vəsait, həmçinin beynəlxalq maliyyə institutları tərəfindən ayrılmış, istifadə olunmuş və növbəti illərə tələb olunan kredit vəsaiti barədə məlumatların hər rübdən sonrakı ayın 5-dək Modulda yerləşdirilməsini təmin etsin.
5. Bu Sərəncamın icrasına nəzarət və Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinə həvalə edilsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, " 26 " " yanvar " 2026-cı il № 44s