1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 280-VIIQD nömrəli Qanununa (bundan sonra — Qanun) və "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 280-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 28 noyabr tarixli 539 nömrəli Fərmanına (bundan sonra — Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Qanunun və Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna və Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.