1. Bu Qayda "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 17.4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (bundan sonra — Nazirlik) diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin (bundan sonra — namizəd) sənədlərinin müsahibədən əvvəl yoxlanılması qaydasını müəyyən edir.
2. Diplomatik xidmətə qəbul olunmaq üçün Qanunun 17.3-cü maddəsinə uyğun olaraq müraciət etmiş və ya müsabiqənin yazılı imtahan mərhələsindən müvəffəqiyyətlə keçmiş namizədin sənədləri müsahibədən əvvəl yoxlanılır.
3. Qanunun 16-cı maddəsinə uyğun olaraq, bu Qaydanın 3.1 — 3.7-ci bəndlərində qeyd olunan məlumatlar müvafiq dövlət orqanlarından (qurumlarından) Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilir. Bu mümkün olmadıqda, Nazirlik namizəd barəsində aşağıdakı məlumatların əldə edilməsi üçün müvafiq dövlət orqanlarına (qurumlarına) sorğular göndərir:
3.1. namizədin ikili vətəndaşlığının olub-olmadığını yoxlamaq üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə;
3.2. namizədin digər dövlətlər qarşısında öhdəliyinin (xarici dövlətdə daimi yaşayış icazəsi əsasında yaşamaqla bağlı yaranan davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, müvafiq xarici dövlətin ərazisini müəyyən müddətdən artıq tərk etməmək, habelə siyasi, vergi və ya hüquqi öhdəliyinin) olubolmadığını yoxlamaq üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə;
3.3. namizədin din xadimi olub-olmadığını yoxlamaq üçün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə;
3.4. namizədin ödənilməmiş və ya götürülməmiş məhkumluğunun olub-olmadığını, əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunub-olunmadığını, yaxud barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib-verilmədiyini yoxlamaq üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə;
3.5. namizədin fəaliyyət qabiliyyətinə malik olmaması, məhdud fəaliyyət qabiliyyətinə malik olması və ya barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olub-olmadığını yoxlamaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə;
3.6. namizədin dövlət orqanlarında (qurumlarında) əvvəllər yol verdiyi kobud pozuntuya və ya qulluqla (xidmətlə) bir araya sığmayan hərəkətlərə görə qulluğuna (xidmətinə) və ya əmək müqaviləsinə xitam verilib-verilmədiyini yoxlamaq üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə və ya əvvəllər qulluq (xidmət) keçdiyi, yaxud işlədiyi dövlət orqanına (qurumuna);
3.7. namizədin qanunla müəyyən olunmuş qaydada müddətli həqiqi hərbi xidmət keçib-keçmədiyini, o cümlədən qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsini və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsini yoxlamaq üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə.
4. Bu Qaydada nəzərdə tutulan yoxlama aparılarkən müvafiq dövlət orqanları (qurumları) tərəfindən namizədin Azərbaycan Respublikasının təhlükəsizliyi üçün təhdid törədən hərəkətləri aşkar edildikdə, bu barədə bu Qaydanın 8-ci hissəsində göstərilən müddətdə Nazirliyə məlumat verilməlidir.
5. Nazirlik bu Qaydanın 4-cü hissəsində qeyd olunan məlumatın məxfiliyinin qorunması üçün tədbirlər görməli və üçüncü şəxslərə münasibətdə bu Qaydanın 3-cü hissəsinə əsasən əldə edilən məlumatların konfidensiallığını "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun təmin etməlidir. Bu Qaydada nəzərdə tutulan yoxlamanın nəticələrinə dair müvafiq dövlət orqanları (qurumları) tərəfindən Nazirliyə təqdim edilən məlumatların məzmununa "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sirri təşkil edən məlumatlar daxil edilmir.
6. Bu Qaydada nəzərdə tutulan yoxlama Qanunun 17.7-ci maddəsinə uyğun olaraq müraciət etmiş namizədlərə də şamil olunur.
7. Nazirliyin sorğusuna namizədlərin diplomatik xidmətə qəbul olunmaq üçün təqdim etdikləri sənədlər əlavə edilir.
8. Nazirliyin namizədlər barəsində sorğularına aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən 20 (iyirmi) iş günü müddətində baxılır və Nazirliyə yazılı cavab verilir.