1. Ümumi müddəalar
1.1. Bu Qaydalar, "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 17.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (bundan sonra — Nazirlik) diplomatik xidmətə qəbul üzrə müsabiqənin (bundan sonra — müsabiqə) keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Müsabiqə ədalətlilik və şəffaflıq prinsipləri əsasında keçirilir.
1.3. Müsabiqə yazılı imtahandan və müsahibədən ibarətdir.
1.4. Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi ali təhsil ixtisasları təsnifatına uyğun olaraq, humanitar və sosial, iqtisadiyyat və idarəetmə ixtisas qrupları, habelə ictimai səhiyyə, dövlət təhlükəsizliyi və idarəetmə, ictimai təhlükəsizlik və idarəetmə, sərhəd təhlükəsizliyi və idarəetmə ixtisasları əsasında təşkil edilir.
1.5. Müsabiqənin yazılı imtahan mərhələsi Nazirliyin sifarişi əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs (bundan sonra — Mərkəz), müsahibə mərhələsi isə Nazirlik tərəfindən keçirilir.
1.6. Qanunun 17.6-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında diplomatik xidmətə qəbul Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası xarici işlər nazirinin təyinatı əsasında həyata keçirilir.
2. Diplomatik xidmətə qəbul olunmaq hüququ
2.1. Qanunun 16.1-ci maddəsinə əsasən, müvafiq diplomatik vəzifənin təlimatına uyğun ali təhsilə və peşə hazırlığına malik olan, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşlarının diplomatik xidmətə qəbul olunmaq hüququ vardır.
2.2. Qanunun 16.2-ci maddəsinə uyğun olaraq, diplomatik xidmətə aşağıdakı şəxslər qəbul olunmurlar:
2.2.1. ikili vətəndaşlığı və ya digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər;
2.2.2. din xadimləri;
2.2.3. məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
2.2.4. əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş, yaxud barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər;
2.2.5. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər;
2.2.6. barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
2.2.7. tibbi rəyə əsasən əqli və fiziki pozuntularına görə diplomatik xidmət orqanlarında xidmət keçməyə qadir olmayan şəxslər;
2.2.8. dövlət orqanlarında (qurumlarında) əvvəllər yol verdiyi kobud pozuntuya və ya qulluqla (xidmətlə) bir araya sığmayan hərəkətlərə görə qulluğuna (xidmətinə) və ya əmək müqaviləsinə xitam verilmiş şəxslər;
2.2.9. qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı hərbi mükəlləfiyyətli şəxslər.
3. Müsabiqənin keçirilmədiyi hallar
3.1. Qanunun 17.7-ci maddəsinə uyğun olaraq, diplomatik xidmətə qəbul zamanı aşağıdakı hallarda müsabiqə keçirilmir:
3.1.1. xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi, idarə rəisinin müavini və müşavir diplomatik vəzifələrinə münasibətdə;
3.1.2. Azərbaycan Respublikasının Prezidenti tərəfindən diplomatik, xüsusi və ya hərbi rütbə, yaxud ixtisas dərəcəsi verilmiş şəxslərə münasibətdə;
3.1.3. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsində nəzərdə tutulan vəzifələrdən azad edilmiş (səlahiyyət müddəti başa çatmış) şəxslərə (hərbi qulluqçular istisna olmaqla) münasibətdə;
3.1.4. ali—üçüncü təsnifat inzibati vəzifələrdə qulluq keçən və həmin vəzifələrdə qulluğuna xitam verilmiş şəxslərə münasibətdə;
3.1.5. Qanunun 30.1.1 — 30.1.4-cü maddələrində nəzərdə tutulan əsaslarla diplomatik xidmət orqanlarında xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşlarına münasibətdə.
4. Müsabiqədə iştirak üçün müraciətlərin qəbulu
4.1. Müsabiqənin keçirilməsi barədə mediada və Nazirliyin rəsmi internet informasiya ehtiyatında elan verilir.
4.2. Qanunun 17.3-cü maddəsinə uyğun olaraq, aşağıdakı şəxslər müsabiqənin yazılı imtahan mərhələsindən azad edilirlər:
4.2.1. elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
4.2.2. attaşe diplomatik vəzifəsində diplomatik xidmətə qəbul üçün azı 3 (üç) il, ikinci katib və üçüncü katib diplomatik vəzifələrində diplomatik xidmətə qəbul üçün azı 6 (altı) il, şöbə müdiri və birinci katib diplomatik vəzifələrində diplomatik xidmətə qəbul üçün azı 9 (doqquz) il dövlət orqanlarında (qurumlarında) və ya beynəlxalq təşkilatların orqanlarında, bölmələrində və ya nümayəndəliklərində ali təhsil tələb olunan vəzifələrdə qulluq (xidmət) və ya əmək stajına malik olan şəxslər;
4.2.3. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər.
4.3. Bu Qaydaların 4.2-ci bəndində göstərilən şəxslər, bu Qaydaların 2-ci hissəsində qeyd olunan hallar nəzərə alınmaqla, Nazirliyin rəsmi internet informasiya ehtiyatı vasitəsilə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün elektron ərizə ilə müraciət edirlər və onlara Nazirlik tərəfindən müraciətlərinə baxılmanın nəticəsi barədə 10 (on) gün müddətində bildiriş göndərilir. Müraciətlərinin qəbul edilməsi barədə təsdiq alan şəxslər 15 (on beş) gün müddətində bu Qaydaların 7.1-ci bəndində qeyd olunan sənədləri Nazirliyə təqdim edirlər.
4.4. Müsabiqənin yazılı imtahan mərhələsindən azad edilmələri üçün əsas olmayan şəxslər, bu Qaydaların 2-ci hissəsində qeyd olunan hallar nəzərə alınmaqla, müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmək üçün bu Qaydaların 6.4-cü bəndinə uyğun qaydada müraciət edirlər.
5. Müsabiqə proqramı
5.1. Müsabiqənin hər iki mərhələsini əhatə edən müsabiqə proqramı Nazirlik tərəfindən hazırlanaraq Nazirliyin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir.
5.2. Müsabiqə proqramı bu Qaydaların 1.4-cü bəndində qeyd olunan ali təhsil ixtisas qrupları və ixtisasları üzrə, habelə Azərbaycan Respublikasının xarici siyasəti və beynəlxalq əlaqələri, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar və beynəlxalq müqavilələr, Azərbaycanın tarixi, mədəniyyəti və iqtisadiyyatı haqqında mövzular, diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxsin (bundan sonra — namizəd) ümumi dünyagörüşü və məntiqi düşünmə bacarığı, eləcə də müsabiqədə iştirak üçün müraciətində qeyd etdiyi xarici dil biliyi üzrə tərtib edilir.
6. Müsabiqənin yazılı imtahan mərhələsi
6.1. Müsabiqənin yazılı imtahan mərhələsi (bundan sonra — yazılı imtahan) müsabiqə proqramı əsasında hazırlanmış test tapşırıqları (birinci) hissəsindən, xarici dil üzrə dinləyib-anlama, oxuyub-anlama, danışıq bacarıqlarının yoxlanılması, o cümlədən həm xarici dildə, həm də Azərbaycan dilində analitik yazı bacarıqlarının qiymətləndirilməsi (ikinci) hissəsindən ibarətdir.
6.2. Yazılı imtahan mərkəzləşdirilmiş qaydada, ödənişli əsaslarla Mərkəz tərəfindən Bakı şəhərində keçirilir. Hər bir hissədə iştiraka görə Nazirliklə Mərkəz arasında bağlanılmış müqavilə əsasında müəyyən edilən məbləğdə namizəd tərəfindən ödəniş həyata keçirilir. Yazılı imtahanın ikinci hissəsində iştirak üçün ödəniş yalnız birinci hissəni müvəffəqiyyətlə keçmiş namizədlər tərəfindən edilir.
6.3. Yazılı imtahanın təşkili ilə əlaqədar Mərkəz aşağıdakı hərəkətləri həyata keçirir:
6.3.1. yazılı imtahanın keçirilmə tarixindən azı 30 (otuz) təqvim günü əvvəl imtahanda iştirak etmək üçün qeydiyyat barədə elan verir;
6.3.2. yazılı imtahanın keçirilməsinə azı 5 (beş) təqvim günü qalmış imtahanda iştirak edəcək namizədlərin buraxılış vərəqəsini və imtahan qaydaları barədə məlumatların əks olunduğu yaddaş kitabçasını Mərkəzin rəsmi internet informasiya ehtiyatında yerləşdirir;
6.3.3. yazılı imtahanın keçirilmə qrafikini və aparılma texnologiyasını müəyyən edir;
6.3.4. yazılı imtahan üzrə tapşırıqları hazırlayır, həmçinin test tapşırıqlarının cavablarını tərtib edir və konfidensiallığın gözlənilməsi məqsədilə onların test bankında saxlanılmasını təmin edir;
6.3.5. yazılı imtahanın qrafikini Mərkəzin rəsmi informasiya ehtiyatında və media vasitəsilə yayır;
6.3.6. yazılı imtahanda iştirak edəcək hər bir namizəd üçün şəxsi eyniləşdirmə kodu müəyyən edir;
6.3.7. yazılı imtahanda iştirak edəcək nəzarətçiləri müəyyən edir;
6.3.8. yazılı imtahanın nəticələrini qiymətləndirir və onları Mərkəzin rəsmi internet informasiya ehtiyatında yerləşdirir;
6.3.9. yazılı imtahanın nəticələri barədə müfəssəl məlumatı nəticələr elan olunduğu gündən 5 (beş) iş günü müddətində Nazirliyə təqdim edir;
6.3.10. yazılı imtahanla əlaqədar müraciətlərə baxır və onları cavablandırır.
6.4. Yazılı imtahanın birinci hissəsində iştirak etmək istəyən namizəd qeydiyyat müddətində yazılı imtahanın birinci hissəsində iştirak üçün müəyyən edilmiş məbləği ödəyərək Mərkəzin rəsmi internet informasiya ehtiyatı vasitəsilə qeydiyyatdan keçir və namizədə qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş göndərilir.
6.5. Namizədlər şəxsiyyət vəsiqəsini və imtahana buraxılış vərəqəsini təqdim edərək yazılı imtahanın birinci hissəsində (test tapşırıqlarının yerinə yetirilməsində) iştirak edirlər.
6.6. Yazılı imtahanın birinci hissəsində namizədlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün onlara müsabiqə proqramı əsasında hazırlanmış sahəvi biliklər və qanunvericilik üzrə 75 (yetmiş beş) tapşırıq, ümumi dünyagörüşü və verbal, rəqəmsal məlumatlarla işləmə və məntiqi düşünmə bacarığı üzrə 45 (qırx beş) tapşırıq olmaqla, ümumilikdə 120 (yüz iyirmi) test tapşırığı verilir. Yazılı imtahanın birinci hissəsinin davametmə müddəti 180 (yüz səksən) dəqiqədir.
6.7. Yazılı imtahanın birinci hissəsinin hər bir tapşırıq qrupu üzrə azı 60 (altmış) faiz nəticə göstərən namizədlər yazılı imtahanın ikinci hissəsinə (analitik yazı bacarıqlarının və xarici dil biliklərinin yoxlanılması) buraxılırlar.
6.8. Yazılı imtahanın ikinci hissəsində iştirak etmək istəyən namizəd qeydiyyat müddətində yazılı imtahanın ikinci hissəsində iştirak üçün müəyyən edilmiş məbləği ödəyərək Mərkəzin rəsmi internet informasiya ehtiyatı vasitəsilə qeydiyyatdan keçir və namizədə qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş göndərilir.
6.9. Namizədlər şəxsiyyət vəsiqəsini və imtahana buraxılış vərəqəsini təqdim edərək yazılı imtahanın ikinci hissəsində (analitik yazı bacarıqlarının və xarici dil biliklərinin yoxlanılması) iştirak edirlər. 6.10. Yazılı imtahanın ikinci hissəsində namizədlər Azərbaycan dilində və müsabiqədə iştirak üçün müraciətində qeyd etdiyi xarici dildə analitik yazı bacarıqlarının qiymətləndirilməsi məqsədilə esse yazır, həmçinin Dillər üzrə ümum-Avropa çərçivə sənədinin (CEFR) C1 səviyyəsinə uyğun olaraq eşidib-anlama, oxuyub-anlama və danışma bacarıqları üzrə xarici dil biliyinin qiymətləndirilməsinə dair tapşırıqları icra edirlər. Esse yazma və danışma bacarıqlarına dair tələblər Mərkəz tərəfindən müəyyən edilir.
6.11. Azərbaycan dilində yazılan essedən azı 70 (yetmiş) faiz və xarici dilin bütün komponentləri (xarici dildə esse yazma, eşidib-anlama, oxuyub-anlama və danışma bacarıqları) üzrə cəmi 70 faizdən az olmayan, hər bir komponenti üzrə azı 25 (iyirmi beş) faiz nəticə göstərən namizədlər yazılı imtahanın ikinci hissəsindən müvəffəqiyyətlə keçmiş hesab olunurlar. Namizədlərin eşidib-anlama və oxuyub-anlama bacarıqlarını yoxlayan tapşırıqların icrası üçün 60 (altmış) dəqiqə, Azərbaycan dili və qeydiyyat zamanı seçdiyi xarici dildə analitik yazı bacarıqlarını yoxlayan esse tipli yazı tapşırığının icrası üçün 90 (doxsan) dəqiqə, danışma bacarıqlarını yoxlayan test tapşırıqlarının icrası üçün isə 20 (iyirmi) dəqiqə vaxt ayrılır. 6.12. Yazılı imtahanda iştirak etmiş namizədə onun tələbi ilə Mərkəz tərəfindən yazılı imtahanın nəticəsi barədə arayış verilir. 6.13. Yazılı imtahanda namizədlərin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
6.13.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, test imtahanına öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;
6.13.2. yazılı imtahana yardımçı vasitələr (mobil telefon, müxtəlif rabitə vasitələri, lüğət, məlumat kitabçası və s.) gətirmək və onlardan istifadə etmək;
6.13.3. yazılı imtahanın keçirildiyi binaya yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla daxil olmaq, özü ilə tütün məmulatı gətirmək;
6.13.4. səbəbindən asılı olmayaraq, imtahan başlandığı andan yerini dəyişmək, gəzişmək, yerindən durmaq və imtahanın gedişinə mane olmaq;
6.13.5. başqasının imtahan nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;
6.13.6. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;
6.13.7. cavab kartını (vərəqini) və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahanın keçirildiyi zalı tərk etmək.
6.14. Namizədin bu Qaydaların 6.13-cü bəndində qeyd edilən hərəkətlərə yol verməsi halları aşkar edildikdə, onun yazılı imtahanının nəticələri Mərkəz tərəfindən ləğv edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
6.15. Yazılı imtahanın nəticələrindən narazı qalan namizəd nəticələrin elan olunduğu tarixdən etibarən 3 (üç) iş günü müddətində Mərkəz tərəfindən yaradılmış Apellyasiya komissiyasına şikayət edə bilər. Apellyasiya komissiyasında şikayətə aidiyyəti mütəxəssislər baxırlar və namizədə Mərkəz tərəfindən əsaslandırılmış cavab verilir. Namizədin yazılı imtahanının nəticələrinin düzgün hesablanmadığı müəyyən edildikdə, yenidən hesablanma aparılır və nəticələr yenilənir.
6.16. Apellyasiya komissiyasının qərarından razı qalmayan namizəd məhkəməyə şikayət verə bilər.
7. Müsabiqənin müsahibə mərhələsi
7.1. Yazılı imtahanın nəticələri elan olunduğu tarixdən etibarən 15 (on beş) gün müddətində yazılı imtahandan müvəffəqiyyətlə keçmiş namizədlər aşağıdakı sənədləri Nazirliyin kadr məsələlərinə məsul struktur bölməsinə təqdim edirlər:
7.1.1. şəxsiyyət vəsiqəsinin surəti;
7.1.2. kadrlar uçotunun şəxsi vərəqəsi;
7.1.3. sorğu anketi (nümunəsi Nazirliyin kadr məsələlərinə məsul struktur bölməsi tərəfindən namizədə verilir);
7.1.4. tərcümeyi-hal;
7.1.5. kağız daşıyıcıda 4x6 sm ölçülü 4 ədəd və elektron daşıyıcıda biometrik fotoşəkil (işgüzar geyimdə, ağ fonda);
7.1.6. ali təhsil haqqında dövlət sənədinin (diplomun) surəti (xarici ölkədə təhsil almış namizədin ali təhsil haqqında dövlət sənədinə (diplomuna) müvafiq xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının peşə tanınması barədə şəhadətnamənin surəti əlavə olunur);
7.1.7. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və məşğulluq" altsistemindən əmək müqaviləsinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının qeyd aparılmış səhifələrinin surəti;
7.1.8. nikah, boşanma və 15 yaşınadək uşaqlarının doğum haqqında şəhadətnamələrinin, 15 yaşından 18 yaşınadək uşaqlarının şəxsiyyət vəsiqələrinin (olduğu təqdirdə) surətləri;
7.1.9. hərbi biletin (olduğu təqdirdə) qeyd aparılmış səhifələrinin surəti;
7.1.10. sağlamlıq haqqında tibbi arayış;
7.1.11. namizədin özünü, peşə bilik və bacarıqlarını xarakterizə edən digər sənədlərinin (olduğu təqdirdə) surətləri.
7.2. Nazirlik tərəfindən bu Qaydaların 7.1.1 — 7.1.11-ci yarımbəndlərində qeyd olunan sənədlərin və (və ya) həmin sənədlərdəki məlumatların Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra — EHİS) vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və (və ya) məlumatlar namizəddən tələb edilmir. Belə sənədlərin və (və ya) məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya namizəd tərəfindən təmin edilir.
7.3. Bu Qaydaların 7.1-ci bəndində qeyd olunan müddətdə müvafiq sənədləri təqdim etməyən namizəd müsahibəyə buraxılmır. Belə halda həmin şəxsin adı namizədlər siyahısından çıxarılır və ona bu barədə 5 (beş) iş günü müddətində məlumat verilir.
7.4. Qanunun 17.3-cü maddəsinə uyğun olaraq müraciət etmiş və müsabiqənin yazılı imtahan mərhələsindən azad edilmiş, həmçinin Qanunun 17.4-cü maddəsinə uyğun olaraq müraciət etmiş və yazılı imtahandan müvəffəqiyyətlə keçmiş namizədlərin sənədləri müsahibədən əvvəl Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydaya uyğun yoxlanılır.
7.5. Sənədləri bu Qaydaların 7.4-cü bəndində qeyd olunan yoxlamadan müvəffəqiyyətlə keçmiş namizədlər müsahibəyə çağırılır və onlara müsahibənin keçiriləcəyi tarix, vaxt və yer barədə azı 3 (üç) gün əvvəl məlumat verilir.
7.6. Qanunun 17.5-ci maddəsinə uyğun olaraq, namizədin təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi həmin şəxsin diplomatik xidmətə qəbulundan imtina üçün əsasdır.
7.7. Müsabiqənin müsahibə mərhələsi Azərbaycan Respublikası xarici işlər nazirinin əmri ilə Nazirliyin rəhbər vəzifəli şəxslərindən ibarət tərkibdə (sədr və üzvlər) yaradılan müsahibə komissiyası (bundan sonra — Komissiya) tərəfindən təşkil edilir və həyata keçirilir.
7.8. Komissiyanın işinə müstəqil ekspertlər və mütəxəssislər cəlb edilə bilərlər.
7.9. Komissiya bu Qaydaların 7.4-cü bəndində qeyd olunan yoxlamanın nəticələrini və Qanunun 16.2-ci maddəsində göstərilən hallar barədə məlumatları təhlil etdikdən sonra müsahibənin keçirilməsi barədə qərar qəbul edir.
7.10. Namizədlərlə müsahibə sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarət Komissiya tərəfindən aparılır.
7.11. Müsahibə yazılı imtahanın nəticələri elan olunduğu tarixdən etibarən 90 (doxsan) gün müddətində təşkil edilir.
7.12. Müsahibə keçirilən gün müsahibədə iştirak edəcək namizədlərin siyahısı və şəxsi işləri müsahibədən əvvəl Komissiyaya təqdim edilir.
7.13. Komissiyanın üzvü namizədlərdən hər hansı biri ilə yaxın qohumluq (ər-arvad, baba, nənə, valideyn, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, uşaqlar, övladlığa götürülənlər və onların yaxın qohumları, nəvə, əmi, dayı, bibi, xala), şəxsi yaxınlıq, asılılıq, şəxsi ədavət münasibətində olduqda, yaxud müsahibə nəticələrinin obyektiv qiymətləndirilməsinə mənfi təsir edə bilən və ya müsahibənin aparılması qaydalarının pozulmasına səbəb ola bilən başqa hallar mövcud olduqda, həmin üzv özüözünə etiraz edir. Belə əsaslar olduqda, müsahibə başlanmazdan əvvəl namizəd Komissiyanın hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər. Etiraz əsaslandırılmış olduqda, barəsində etiraz edilmiş və ya özü-özünə etiraz etmiş Komissiya üzvü müvafiq namizədlə müsahibədə iştirak etmir.
7.14. Müsahibə zamanı Komissiyanın üzvləri namizədin diplomatik xidmətə qəbul üçün zəruri bilik və bacarıqlara malik olduğunu müəyyən etmək məqsədilə müsabiqə proqramı üzrə suallar verirlər. Namizədin ona verilən aydın olmayan sualları dəqiqləşdirmək hüququ vardır.
7.15. Müsahibədə hər bir namizədə 30 (otuz) dəqiqə vaxt ayrılır.
7.16. Müsahibə prosesi videoçəkiliş vasitəsilə qeydə alınır.
7.17. Müsahibədə verilmiş suallara namizədin cavabları aşağıdakı meyarlar üzrə qiymətləndirilir:
7.17.1. bilik səviyyəsi — müsabiqə proqramı və ixtisas üzrə bilikləri;
7.17.2. peşə hazırlığı — müsabiqə proqramı üzrə biliklərini tətbiqetmə bacarığı və informasiya texnologiyalarından istifadə qabiliyyəti;
7.17.3. xarici dil biliyi — xarici dili bilmə səviyyəsi və ondan istifadə bacarığı;
7.17.4. ümumi dünyagörüşü və məntiqi düşünmə bacarığı — beynəlxalq münasibətlər sahəsində və Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş verən mühüm hadisələr barədə məlumatlılıq, eləcə də onlar barəsində təhlil və mülahizə yürütmə qabiliyyəti;
7.17.5. diplomatik xidmətkeçmədə zəruri olan digər keyfiyyətlər — emosional sabitlik, təmkinlilik, məsuliyyətlilik, məqsədyönlülük, dürüstlük, özünütənqid, fikir və mülahizələrini ifadə etmə, ünsiyyət qurma və s.
7.18. Müsahibə başa çatdıqdan sonra namizədlərin iştirakı olmadan Komissiyanın üzvləri arasında müsahibə ilə bağlı fikir mübadiləsi aparıla bilər.
7.19. Namizəd hər bir meyar üzrə maksimum 5 (beş) balla qiymətləndirilir. Bu zaman qiymətləndirmə vahidi olaraq 0,5 (sıfır tam onda beş) bal götürülür. Qiymətləndirmə zamanı Komissiya üzvlərinin hər bir meyar üzrə verdiyi qiymətlər toplanaraq Komissiya üzvlərinin sayına bölünür və orta bal müəyyən edilir. Ümumi bal hər bir meyar üzrə müəyyən edilmiş orta balların cəmindən ibarət olur.
7.20. Hər bir meyar üzrə verilmiş ballar bu Qaydalara əlavə — "Qiymətləndirmə protokolu"nun müvafiq hissəsində qeyd olunur.
7.21. Hər bir qiymətləndirmə meyarı üzrə qiymətləndirmə nəticəsinin 3,5 (üç tam onda beş) bal və daha yuxarı olması şərtilə, bütün meyarlar üzrə ümumi qiymətləndirmə nəticəsi 18 (on səkkiz) bal və daha yuxarı olan namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.
7.22. Komissiya üzvünün namizəd barədə xüsusi rəyi olduqda həmin rəy "Qiymətləndirmə protokolu"na əlavə edilir.
7.23. Bütün namizədlərlə müsahibə başa çatdıqdan sonra 5 (beş) iş günündən gec olmayaraq müsahibənin nəticələri elan olunur və namizədlərə bu barədə məlumat verilir.
7.24. Komissiyanın qərarından razı qalmayan namizəd müsahibənin nəticələri elan olunduğu tarixdən 5 (beş) iş günü müddətində Nazirliyə apellyasiya şikayəti verə bilər. Həmin şikayətə Nazirliyin Apellyasiya Şurasında 30 (otuz) gün müddətində baxılır. Namizəd Apellyasiya Şurasının iclasında iştirak etmək hüququna malikdir. Şikayətə baxılmanın nəticəsi barədə namizədin elektron poçt ünvanına, habelə digər əlaqə vasitələrinə məlumat göndərilir. Şikayətə baxılmanın nəticəsindən razı qalmayan namizəd inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
7.25. Qanunun 18.1-ci maddəsinə uyğun olaraq, diplomatik xidmətə müsabiqənin hər iki mərhələsindən keçərək qəbul edilən şəxslər Nazirlikdə müvafiq vakant diplomatik vəzifəyə stajçı kimi təyin edilirlər. Qanunun 18.2-ci maddəsinə uyğun olaraq, diplomatik xidmətə qəbul olunan bu Qaydaların 4.2-ci bəndində göstərilən şəxslər isə sınaq müddəti ilə diplomatik xidmətə qəbul edilirlər. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizəd elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul olduğu təqdirdə − həmin fəaliyyətini dayandırdığına, habelə ali təhsilin müvafiq səviyyələri üzrə istehsalatdan tam ayrılmaqla həyata keçirilən təhsilalma forması üzrə təhsil aldığı təqdirdə − həmin təhsili başa vurduğuna dair sənədi Nazirliyin kadr məsələlərinə məsul struktur bölməsinə təqdim etdikdən sonra diplomatik xidmətə qəbul olunur. "Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları"na əlavə Qiymətləndirmə protokolu Namizədin soyadı, adı, atasının adı Doğulduğu tarix və yer Ali təhsili (təhsil müəssisəsinin adı, təhsil müddəti, təhsil səviyyəsi) Fakültə, ixtisas Elmi dərəcə Xarici dil biliyi səviyyəsi Hazırkı və ya əvvəlki iş yeri və vəzifəsi Ailə vəziyyəti Yazılı imtahan nəticələri TEST: E-AZ: E-XD: XD:
ÜMUMİ QİYMƏTLƏNDİRMƏ ABCDE Cəmi bal Uyğundur Uyğun deyil Müsahibə komissiyası üzvünün soyadı və adı İmzası QEYDLƏR :
_____ __________________ 20______