Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 17 " dekabr tarixli 396 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 iyul tarixli 673 nömrəli Sərəncamının 3.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasının müvafiq ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi və idarə edilməsi məsələlərini tənzimləyir.
1.2. Beynəlxalq ikili diplom proqramlarının (bundan sonra - Proqram) həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi meyarları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq qaydaya əsasən müəyyən edilir.
1.3. Proqramın təşkili və həyata keçirilməsi bu Qayda ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra — Fond) vəsaiti hesabına maliyyələşdirilir.
1.4. Proqramın təşkili və həyata keçirilməsinin maliyyələşdirilməsi məsələlərinin idarə olunması Fondun vəsaiti hesabına Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2019—2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na əsasən yaradılmış Dövlət Proqramını idarəetmə qrupu (bundan sonra — İdarəetmə Qrupu) tərəfindən həyata keçirilir.
1.5. Ölkədaxili təyinatlı ödənişlər üzrə maliyyələşdirmə Azərbaycan manatı ilə, ölkəxarici təyinatlı ödənişlər üzrə maliyyələşdirmə xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirilməsi tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə aparılır.
2. Proqramın həyata keçirilməsinin maliyyələşdirilməsi istiqamətləri
2.1. Proqramın həyata keçirilməsinin maliyyələşdirilməsi üzrə xərclər aşağıdakı istiqamətləri əhatə edir:
2.1.1. Proqramın layihələndirilməsi xərcləri;
2.1.2. Proqramın idarə edilməsini təmin etmək məqsədilə xarici tərəfdaş ali təhsil müəssisəsinin, yerli ali təhsil müəssisəsinin, həmin müəssisənin tabeliyində olduğu dövlət orqanının (qurumunun), habelə ixtisas proqramının aid olduğu sahənin nümayəndələrindən ibarət tərkibdə yaradılmış Rəhbər komitənin xərcləri;
2.1.3. yerli professor-müəllim və inzibati heyətin xərcləri;
2.1.4. əcnəbi professor-müəllim və inzibati heyətin xərcləri;
2.1.5. təhsilalanların xərcləri;
2.1.6. akkreditasiya xərcləri.
2.2. Proqramın layihələndirilməsi xərclərinə aşağıdakılar aiddir:
2.2.1. tərəfdaş xarici ali təhsil müəssisəsi ilə birgə beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq ixtisaslar üzrə təhsil proqramlarının tədris prosesinə hazırlanması;
2.2.2. tərəfdaş xarici ali təhsil müəssisəsi ilə birgə tədris prosesinin beynəlxalq təcrübə əsasında təşkili ilə bağlı təhsil proqramından irəli gələn digər məsələlərin (tədris planlarının, tədris qrafikinin hazırlanması və s.) həll olunması.
2.3. Rəhbər komitənin xərclərinə aşağıdakılar aiddir:
2.3.1. əməkhaqqı (və ya xidmət haqqı) və əməkhaqqına (və ya xidmət haqqına) görə ayırmalar;
2.3.2. səfər sığortası xərcləri;
2.3.3. viza xərcləri;
2.3.4. ezamiyyə xərcləri;
2.3.5. beynəlxalq nəqliyyat xərcləri.
2.4. Yerli professor-müəllim və inzibati heyətin Proqram çərçivəsində fəaliyyəti ilə bağlı xərclərinə aşağıdakılar aiddir:
2.4.1. əməkhaqqı (və ya xidmət haqqı) və əməkhaqqına (və ya xidmət haqqına) görə ayırmalar;
2.4.2. səfər sığortası xərcləri;
2.4.3. viza xərcləri;
2.4.4. ezamiyyə xərcləri;
2.4.5. beynəlxalq nəqliyyat xərcləri;
2.4.6. təlim xərcləri.
2.5. Əcnəbi professor-müəllim və inzibati heyətin Proqram çərçivəsində fəaliyyəti ilə bağlı xərclərinə aşağıdakılar aiddir:
2.5.1. viza və qeydiyyat xərcləri;
2.5.2. əmək fəaliyyəti ilə məşğul olması üçün müvafiq icazə xərcləri;
2.5.3. yaşayış xərcləri (yataqxana, mehmanxana və ya mənzil kirayəsi və kommunal xərclər);
2.5.4. əməkhaqqı (və ya xidmət haqqı) və əməkhaqqına (və ya xidmət haqqına) görə ayırmalar;
2.5.5. tibbi sığorta xərcləri;
2.5.6. beynəlxalq nəqliyyat xərcləri.
2.6. Təhsilalanların xərclərinə aşağıdakılar aiddir:
2.6.1. təhsil haqqı;
2.6.2. qeydiyyat xərci;
2.6.3. tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri;
2.6.4. xaricdə təhsil, yay məktəbində və ixtisas üzrə akademik təcrübədə iştirak və beynəlxalq nəqliyyat xərcləri (Proqram çərçivəsində mütləq tələb olunduğu halda).
2.7. Akkreditasiya xərclərinə Proqramın təhsil standartlarına uyğunluğunun və onun statusunun hər iki tərəfdaş ölkə tərəfindən tanınan akkreditasiya qurumu tərəfindən müəyyənləşdirilərək təsdiq edilməsi üçün ödənilən xərc aiddir.
2.8. Bu Qaydanın 2.1.1-2.1.6-cı yarımbəndlərində qeyd olunan xərclərdən əlavə yaranan digər xərclər Fondun vəsaiti hesabına maliyyələşdirilmir.
3. Proqramın həyata keçirilməsi üzrə xərclərin ödənilməsi
3.1. Proqramın həyata keçirilməsi ilə bağlı yerli və xarici tərəfdaş ali təhsil müəssisələri arasında imzalanmış müqavilə (bundan sonra - ikitərəfli müqavilə), onun
imzalanmasına dair qarşı tərəfin qanunvericiliyində buna dair tələb olduğu halda aidiyyəti qurumun razılıq məktubu və ikitərəfli müqavilənin başlanmasına dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra — Nazirlik) müvafiq əmri Proqramın maliyyələşdirilməsinin aparılması üçün əsasdır. Ödəmələr bu Qaydanın 2.1-ci bəndində göstərilən istiqamətlər üzrə həyata keçirilir.
3.2. Proqramın layihələndirilməsi xərcləri Proqramın həyata keçirilməsi üçün ikitərəfli müqavilədə nəzərdə tutulmuş məbləğdə layihənin əvvəlində birdəfəlik və ya hissə-hissə ödənilir.
3.3. Rəhbər komitənin xərcləri ikitərəfli müqavilədə nəzərdə tutulur və müvafiq təsdiqedici sənədlərə əsasən ödənilir.
3.4. Əcnəbi professor-müəllim və inzibati heyətin vizası, Azərbaycan Respublikasında olma və ya yaşama, habelə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədlərin rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumu və digər xərclər (tələb olunduğu təqdirdə, tibbi müayinə xərcləri) "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş normalara uyğun olaraq müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.
3.5. Yerli professor-müəllim və inzibati heyətin Proqram çərçivəsində xarici ölkəyə getməsi ilə əlaqədar vizanın alınması ilə bağlı xərclər (tələb olunduğu təqdirdə, tibbi müayinə xərcləri) onların getdiyi ölkənin qanunvericiliyinə uyğun olaraq müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.
3.6. Əcnəbi professor-müəllim və inzibati heyətin yaşayış xərclərinə yataqxana, mehmanxana, mənzil kirayəsi, eləcə də kommunal xidmətlər üzrə xərclər daxildir və həmin xərclər müvafiq təsdiqedici sənədlər əsasında maliyyələşdirilir. Proqram çərçivəsində mehmanxana xərcləri yalnız 15 günədək olan müddət üçün ödənilir. Yaşayış xərcləri əcnəbi professor-müəllim və inzibati heyətin ölkəyə daxil olduğu tarixdən etibarən, ikitərəfli müqavilədə göstərilən fəaliyyət müddəti çərçivəsində yerli ali təhsil müəssisəsi tərəfindən təşkil edilməklə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ödənilir.
3.7. Əcnəbi professor-müəllim və inzibati heyətin əməkhaqqı (və ya xidmət haqqı) xərcləri ikitərəfli müqavilələrdə nəzərdə tutulduğu şəkildə ödənilir. Yerli professor-müəllim və inzibati heyətin əməkhaqqı (və ya xidmət haqqı) xərcləri həmin şəxslərlə ali təhsil müəssisəsi arasında imzalanmış əmək (və ya xidməti) müqaviləsində nəzərdə tutulur. Əməkhaqqı xərclərinə müvafiq qanunvericiliklə və ya müqavilə ilə müəyyən edilən əməkhaqqı və əməkhaqqına görə ayırmalar (məcburi dövlət sosial sığorta haqları, icbari dövlət sığortası, icbari tibbi sığorta və işsizlikdən sığorta) daxildir.
3.8. Səfər sığortasına səfər müddətində baş verən qəfil xəstəlik və ya bədbəxt hadisə nəticəsində tələb olunan bütün tibbi yardımın göstərilməsi və tibbi xərclərin ödənilməsi ilə bağlı xərclər aiddir. Səfər sığortası xərcləri təqdim olunan təsdiqedici sənədlər əsasında ödənilir.
3.9. Proqramın həyata keçirilməsi zamanı yaranan vergitutma məsələləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tənzimlənir.
3.10. Əcnəbi professor-müəllim və inzibati heyət ölkədə olduğu müddət ərzində tibbi sığorta ilə təmin edilir və həmin xərclər müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.
3.11. Beynəlxalq nəqliyyat xərclərinə təhsilalanların tədris müddəti ərzində təhsil alacağı yerə gəlişi və öz ölkəsinə gedişi, habelə Rəhbər komitənin üzvlərinin, yerli professor-müəllim və inzibati heyətin, əcnəbi professor-müəllim və inzibati heyətin ezamiyyə ərzində fəaliyyət göstərəcəyi yerə gəlişi və öz ölkəsinə gedişi ilə bağlı xərclər aiddir. Bu xərclər bilet və biletlə bağlı təqdim olunmuş ödəniş sənədləri (bank sənədi,
hesab-faktura və mədaxil qəbzi), biletin istifadəsini təsdiq edən minik talonları və pasportun surəti əsasında ödənilir.
3.12. Bu Qaydanın 3.6-cı, 3.8-ci, 3.10-cu və 3.11-ci bəndlərində nəzərdə tutulan istiqamətlər üzrə xərclərin (1 günlük mehmanxana və mənzil kirayəsi xərclərinin, tibbi xidmət və tibbi sığorta xərclərinin yuxarı həddi, təyyarə üçün nəqliyyat xərclərində "ekonom sinif" kateqoriyası tələbi, hər tədris ili üçün gəliş-gediş biletlərinin sayı və s.) yuxarı həddi ikitərəfli müqavilə ilə müəyyən edilir.
3.13. Yerli professor-müəllim və inzibati heyətin Proqramın icrası çərçivəsində ezamiyyə xərcləri "Ezamiyyə xərclərinin normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarına uyğun olaraq ödənilir.
3.14. Təlim xərcləri Proqramın fəaliyyəti üçün yerli professor-müəllim və inzibati heyətin xarici tərəfdaş ali təhsil müəssisəsində və ya xarici tərəfdaş ali təhsil müəssisəsinin müəyyən etdiyi digər yerlərdə zəruri təlim proqramlarında qeydiyyatı və iştirakı üçün ödənilən xərclərdən ibarətdir. Bu xərclər müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.
3.15. İkitərəfli müqavilədə nəzərdə tutulduğu təqdirdə, təhsilalanların Proqram çərçivəsində xarici tərəfdaş ali təhsil müəssisəsi üzrə təhsil haqqı ikitərəfli müqavilənin müddəalarına uyğun olaraq ödənilir.
3.16. Proqram çərçivəsində yerli ali təhsil müəssisəsinə ödənişli əsaslarla qəbul aparıldığı halda, ixtisaslar üzrə illik təhsil haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir.
3.17. İkitərəfli müqavilədə nəzərdə tutulduğu təqdirdə, təhsilalanların Proqram üzrə xarici tərəfdaş ali təhsil müəssisəsində qeydiyyat xərci ikitərəfli müqavilənin müddəalarına uyğun olaraq ödənilir.
3.18. Təhsilalanların tədris materialları və elektron informasiya resurslarına çıxış xərclərinə Proqramın həyata keçirildiyi yerli ali təhsil müəssisəsi üçün tədris proqramının tələbləri üzrə əldə edilmiş tədris materiallarının alınması və elektron informasiya resurslarına çıxış xərcləri aiddir.
3.19. Bu Qaydanın 2.6-cı bəndində qeyd olunan bütün xərclərin xarici tərəfdaş ali təhsil müəssisəsi üzrə maliyyələşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 1 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022—2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq tənzimlənir.
3.20. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Proqram çərçivəsində təhsili "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə uyğun həyata keçirilir. Onların təhsilinin Proqram çərçivəsində maliyyələşdirilməsi aparılmır.
3.21. Proqramın akkreditasiyası üçün tələb olunan vəsait həmin proqramın təhsil standartlarına uyğunluğunu və onun statusunu müəyyənləşdirmək hüququ olan hər iki tərəfdaş ölkə tərəfindən tanınan akkreditasiya qurumuna müqavilə əsasında ödənilir.
3.22. Xarici valyuta ilə hesablanmış xərclər Azərbaycan manatı ilə ödənilərkən Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitin köçürülmə tarixinə müəyyən etdiyi rəsmi məzənnə ilə müvəkkil bankın sövdələşmə məzənnəsi (xarici valyutanın sövdələşmə tarixinə razılaşdırılmış məzənnəsi) arasında yaranan fərq bank xərci hesab olunur. Bank xərcləri, eləcə də sifarişin rəsmiləşdirildiyi tarixdəki rəsmi məzənnə ilə faktiki köçürmə tarixinə olan rəsmi məzənnələr arasında fərqlər barədə məlumat Fonda təqdim edilir və növbəti ödənişlərdə nəzərə alınır. Proqramın həyata keçirilməsi üçün nəzərdə tutulan xərclərin ümumi məbləğinin 5 (beş) faizindən artıq olmayan məbləğdə əlavə xərclərin maliyyələşdirilməsinə yol verilir.
4. İdarəetmə Qrupu ilə Fond və Proqramı həyata keçirən ali təhsil müəssisələrinin münasibətlərinin tənzimlənməsi
4.1. İl ərzində müvafiq yerli ali təhsil müəssisəsinin sifarişləri əsasında Proqramın həyata keçirilməsi ilə bağlı çəkilmiş xərclər İdarəetmə Qrupu tərəfindən müəyyən edilir və müvafiq vəsaitin ayrılması üçün Nazirlik tərəfindən aylıq qaydada Fonda sifariş təqdim olunur. Xərclərin daha çevik və operativ şəkildə ödənilməsi məqsədilə Nazirlik tərəfindən Fond ilə razılaşdırmaqla, avans vəsaitin ayrılması barədə sifariş təqdim edilə bilər.
4.2. Proqramın maliyyələşdirilməsinin əsasları aşağıdakı kimi müəyyən edilir:
4.2.1. ali təhsil müəssisələri ikitərəfli müqavilələr və digər təsdiqedici sənədlər əsasında bu Qaydanın 2.1-ci bəndində qeyd olunan xərclərə dair illik xərclər smetasını İdarəetmə Qrupu ilə əvvəlcədən razılaşdırılmış və Nazirlik tərəfindən təsdiq edilmiş vahid forma üzrə (ödənişlərin rüblər üzrə bölgüsü nəzərdə tutulmaqla) əsaslandırılması ilə birlikdə tərtib edib, baxılması üçün Rəhbər komitəyə təqdim edir;
4.2.2. Rəhbər komitə xərclər smetasını təhlil edərək, onu öz qərarı ilə təsdiq edib İdarəetmə Qrupuna təqdim edir;
4.2.3. İdarəetmə Qrupu Proqramı həyata keçirən bütün ali təhsil müəssisələrinin Rəhbər komitələrindən sifarişləri toplayaraq yoxlayır, icmallaşdırır, Proqramın həyata keçirilməsinin maliyyələşdirilməsi üzrə icmal tələbatı müəyyənləşdirir və onu Fondun müəyyən etdiyi vahid formada və əsaslandırıcı sənədlərlə birlikdə Nazirliyə, Nazirlik isə öz növbəsində Fonda təqdim edir;
4.2.4. Fond təqdim edilən icmal tələbatı təsdiq olunmuş büdcə göstəriciləri ilə üzləşdirir və tələb olunan maliyyə vəsaitini İdarəetmə Qrupunun xəzinə hesabına köçürür;
4.2.5. İdarəetmə Qrupu Proqramı həyata keçirən ali təhsil müəssisələrinin aylıq sifarişləri əsasında cari maliyyələşdirmənin həyata keçirilməsi üçün müvafiq vəsaiti 7 (yeddi) iş günündən gec olmayaraq ali təhsil müəssisəsinin bank hesabına köçürür;
4.2.6. Proqramı həyata keçirən ali təhsil müəssisələri müvafiq təsdiqedici sənədlər və müqavilələr əsasında cari maliyyələşdirməni həyata keçirir.
4.3. İdarəetmə Qrupunun müəyyən etdiyi müddətlərdə və formalarda Proqramı həyata keçirən ali təhsil müəssisələri Proqramın və Proqram üzrə xərclərin icrası barədə hesabat təqdim edir. Hər tədris ili üçün İdarəetmə Qrupu tərəfindən Proqramın icrasına dair monitorinq keçirilir və Proqramın maliyyələşdirilməsinin düzgünlüyü və məqsədəuyğunluğu dəyərləndirilir. Monitorinqin nəticələrinə dair müvafiq hesabat Nazirliyə və Fonda təqdim edilir.
4.4. Proqramın maliyyələşdirilməsi üçün ortamüddətli büdcə proqnozları tərtib edilir.
Ortamüddətli büdcə proqnozlarının tərtib edilməsi üçün Proqramı həyata keçirən ali təhsil müəssisələri İdarəetmə Qrupuna onun müəyyən etdiyi müddətlərdə və formalarda məlumatları təqdim edir. İdarəetmə Qrupu təqdim olunan məlumatlar əsasında ortamüddətli proqnozlarını hazırlayaraq Nazirliyə, Nazirlik isə öz növbəsində Fonda büdcə layihəsinin tərtibi üçün müəyyən edilmiş müddətlərdə təqdim edir. Ortamüddətli proqnozlar ölkənin ortamüddətli sosial-iqtisadi inkişaf istiqamətləri və əmək bazarının proqnozları əsasında hazırlanır və Proqram çərçivəsində təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının sayının illər üzrə proqnozlaşdırılması həyata keçirilir. ____________________