Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 17 " dekabr tarixli 395 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 iyul tarixli 673 nömrəli Sərəncamının 3.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi meyarlarını və prosedurlarını tənzimləyir.
1.2. Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələri, ixtisaslar üzrə təhsil proqramları və təhsil səviyyələri bu Qayda ilə müəyyən edilmiş seçim meyarlarına uyğunluğun qiymətləndirilməsinin nəticələrinə görə seçilir.
1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. tərəflər — beynəlxalq ikili diplom proqramını həyata keçirən yerli və tərəfdaş xarici ali təhsil müəssisələri;
1.3.2. müqavilə — Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra — Nazirlik) ilə razılaşdırmaqla, beynəlxalq ikili diplom proqramının həyata keçirilməsi ilə bağlı tərəflər arasında qarşılıqlı hüquq və öhdəlikləri özündə ehtiva edən razılaşma;
1.3.3. beynəlxalq ikili diplom proqramı — tərəflərin birgə həyata keçirdiyi və məzunlara yerli və tərəfdaş xarici ali təhsil müəssisəsi tərəfindən ali təhsilin səviyyələri üzrə müvafiq olaraq eyni ali ixtisas və elmi dərəcələrin verilməsini nəzərdə tutan ali təhsil proqramı (bundan sonra — Proqram);
1.3.4. tələbə — Proqram üzrə təhsil alması nəzərdə tutulan şəxs.
2. Xarici tərəfdaş ali təhsil müəssisəsinin, ixtisasların və təhsil səviyyələrinin seçimi
2.1. Xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi aşağıdakı meyarlar üzrə aparılır:
2.1.1. xarici tərəfdaş ali təhsil müəssisəsinin seçim tarixinə beynəlxalq reytinq qurumlarının ("Times Higher Education World University Rankings", "QS World University Rankings" və "Academic Ranking of World Universities (Shanghai Ranking)") ən azı ikisinin tərtib etdiyi sıralamada yer alması;
2.1.2. xarici tərəfdaş ali təhsil müəssisəsinin bakalavr ali peşə-ixtisas dərəcəsini, magistr ali elmi-ixtisas dərəcəsini və doktorluq elmi dərəcəsini vermək səlahiyyətinin onun fəaliyyət göstərdiyi ölkənin müvafiq dövlət qurumları, keyfiyyət və akkreditasiyaya məsul aidiyyəti təşkilatları tərəfindən tanınması;
2.1.3. xarici tərəfdaş ali təhsil müəssisəsinin Proqramın icrası üçün irəli sürdüyü şərtlər sırasında əsaslı infrastruktur (bina tikintisi və s.) layihələrinin maliyyələşdirilməsi tələbinin olmaması.
2.2. Proqramın həyata keçiriləcəyi ixtisasların və təhsil səviyyələrinin seçimi aşağıdakı meyarlar üzrə aparılır:
2.2.1. ixtisasın Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun sahələrə aid olması;
2.2.2. ixtisas üzrə kadr hazırlığının aparılacağı yerli ali təhsil müəssisəsinin madditexniki bazasının tərəflər arasında müqavilə əsasında razılaşdırılmış təlim nəticələrinin əldə olunmasının minimum tələblərinə cavab verməsi;
2.2.3. ixtisas üzrə kadr hazırlığının ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və doktorantura təhsil səviyyələrində aparılması.
2.3. Xarici tərəfdaş ali təhsil müəssisəsinin Proqramın həyata keçiriləcəyi ixtisasın və təhsil səviyyəsinin bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində göstərilən meyarlara uyğunluğunun qiymətləndirilməsi Nazirlik tərəfindən aparılır.
3. Proqrama dair müqavilənin bağlanılması
3.1. Proqram müqavilə əsasında həyata keçirilir.
3.2. Müqavilənin razılaşdırılması üçün yerli ali təhsil müəssisəsi onun layihəsini Nazirliyə təqdim edir.
3.3. Müqavilənin razılaşdırılmasında Nazirlik Proqramın həyata keçiriləcəyi ixtisasın aid olduğu sahədə dövlət siyasətini (tənzimləməni) həyata keçirən dövlət orqanının (qurumunun) və Azərbaycan Respublikası Dövlət Neft Fondunun rəyini nəzərə alır.
3.4. Tərəflər arasında digər razılaşmalarla yanaşı müqavilədə aşağıdakı əsas şərtlər də müəyyən edilir:
3.4.1. xarici tərəfdaş ali təhsil müəssisəsinin, yerli ali təhsil müəssisəsinin, həmin müəssisənin tabeliyində olduğu dövlət orqanının (qurumunun), habelə ixtisas proqramının aid olduğu sahənin nümayəndələrindən ibarət tərkibdə Proqramın idarə edilməsini təmin edən Rəhbər komitənin yaradılması və onun səlahiyyətləri;
3.4.2. Proqram çərçivəsində təlim-tədris prosesinin təşkili və şərtləri;
3.4.3. təhsilin ən azı 70 (yetmiş) faiz hissəsinin yerli ali təhsil müəssisəsində həyata keçirilməsi şərtilə Proqramın yerinə yetirilməsi müddəti;
3.4.4. xarici tərəfdaş ali təhsil müəssisəsinin professor-müəllim və inzibati heyətin Proqramı həyata keçirən yerli ali təhsil müəssisəsində tədrisə cəlb edilməsi şərtləri;
3.4.5. tələbələrin akademik göstəriciləri (keçid balı, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG), beynəlxalq səviyyəli dil sertifikatı və s. üzrə sıralamada ən yüksək göstəricilərə malik), ümumi dünyagörüşü, şəxsi inkişaf və dil biliyi bacarıqlarına əsaslanan seçiminin təşkili, keçirilməsi, nəticələrinin elan edilməsi, tələbələrin Proqramda iştirakı qaydası və şərtləri;
3.4.6. tərəflərin tətbiq etdikləri qiymətləndirmə sistemlərinin və təhsil kreditlərinin tanınması;
3.4.7. akademik müvəffəqiyyətsizlik hesab edilən hallar və onların nəticələri, o cümlədən tələbələrin ixtisasını və ya ali təhsil müəssisəsini dəyişdirməsi, təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) şərtləri;
3.4.8. tələbələrin xarici tərəfdaş ali təhsil müəssisəsinin elektron informasiya ehtiyatlarından ("e-library") istifadəsi şərtləri;
3.4.9. Proqramın məzunlarına ali təhsilin səviyyələri üzrə müvafiq olaraq eyni ali ixtisas və elmi dərəcələrin verilməsi şərtləri;
3.4.10. Proqramların dayandırılması şərtləri.
4. Proqrama tələbə seçimi
4.1. Tərəflər Proqram üzrə ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili və magistratura təhsil səviyyələrinə tələbələrin seçimini Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri əsasında, ali təhsilin doktorantura səviyyəsinə tələbələrin seçimini isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"na uyğun keçirilən qəbul imtahanlarının nəticələri əsasında aparırlar.
4.2. Yerli ali təhsil müəssisəsinin maddi-texniki bazası imkan verdiyi və müqavilədə nəzərdə tutulduğu halda, bu Qaydanın 4.1-ci bəndində göstərilən qaydada keçirilən seçim başa çatdıqdan sonra Proqram üzrə ödənişli əsaslarla təhsil alacaq sıralamada ən yüksək göstəricilərə (keçid balı, ÜOMG, beynəlxalq səviyyəli dil sertifikatı və s.) malik tələbələrin seçimi aparılır.
4.3. Proqrama tələbə seçimi zamanı xarici tərəfdaş ali təhsil müəssisəsinin müqavilə ilə müəyyən edilmiş seçim şərtləri təmin olunur.
4.4. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Proqrama seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları"nın tələbləri nəzərə alınmaqla aparılır. Bu zaman əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Proqramda ödənişli əsaslarla iştirak edirlər.
4.5. Proqrama tələbə seçimi şərtləri müvafiq yerli ali təhsil müəssisəsinin internet səhifəsində yerləşdirilir. ______________________