1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli qərarı ilə təsdiq edilmiş "Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları"nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (E. Nəsibov).
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün (L. Hüseynzadə).
4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.
Kollegiyanın sədri, Nazir III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 28 noyabr 2025- ci il tarixli 3-16/1-KQ/10/2025 nömrəli qərarı ilə təsdiq edilmişdir Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli qərarı ilə təsdiq edilmiş "Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları"nda dəyişikliklər:
1. aşağıdakı məzmunda 48.6-cı bənd əlavə edilsin:
"48.6. Müalicə müəssisəsində, o cümlədən ixtisaslaşdırılmış müalicə müəssisəsində təsərrüfat və məişət xidməti işi üçün saxlanılan məhkumların sayı Ədliyyə Nazirliyinin Tibb baş idarəsi ilə razılaşdırılmalıdır.";
2. 49-cu hissə aşağıdakı redaksiyada verilsin:
"49. Təsərrüfat və məişət xidməti işlərini yerinə yetirmək üçün məhkumların seçilmə qaydası
49.1. Məhkumlar təsərrüfat və məişət xidməti işlərinə yalnız Ədliyyə Nazirliyinin Tibb baş idarəsi tərəfindən verilən və yerinə yetirilməsi nəzərdə tutulan işlərin görülməsinə yararlı olmalarını təsdiq edən sağlamlıq haqqında tibbi arayış əsasında cəlb edilə bilərlər. Obliqat qruplara aid məişət xidmətinə cəlb edilmiş məhkumlar dövri olaraq ildə 2 dəfə müvafiq tibbi müayinələrdən keçirilməlidirlər.
49.2. Təsərrüfat və məişət xidməti işlərinə məhkumlar müvafiq xidmət sahələrinin rəisləri tərəfindən əməliyyat xidməti ilə razılaşdırılmaqla seçilir. Müalicə müəssisəsində, o cümlədən ixtisaslaşdırılmış müalicə müəssisəsində təsərrüfat və məişət xidməti işlərinə seçilən məhkumların siyahısı Ədliyyə Nazirliyinin Tibb baş idarəsi ilə, əməliyyat-axtarış fəaliyyəti ilə bağlı həmin müəssisələrə keçirilən şəxslərin siyahısı isə PX tərəfindən Azərbaycan Respublikasının ədliyyə naziri ilə razılaşdırılır.
49.3. Məhkumlar müəssisənin təsərrüfat və məişət xidməti işlərinə cəzaçəkmə müəssisəsi rəisinin əmri ilə təyin olunur və əmrdən çıxarışlar onların şəxsi işlərinə əlavə olunur.
49.4. Müalicə müəssisələrində məhkumların müayinə və müalicə dövründə təsərrüfat və məişət işlərinə cəlb edilməsinə yol verilmir. Müayinə və müalicəsi başa çatmış məhkumların müraciətlərinə əsasən bu Qaydaların 49.1-ci və 49.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada onlar müalicə müəssisəsində təsərrüfat və məişət xidməti işlərinə cəlb olunurlar.
49.5. Təsərrüfat və məişət xidməti işlərinə cəlb olunmuş məhkumlar bir dəstəyə ayrılırlar. Onların vəzifələri müvafiq xidmət sahələrinin rəisləri tərəfindən müəyyənləşdirilir.
49.6. Yataqxana tipli adi yaşayış binaları (kameralar) üzrə növbətçilik edən məhkumların vəzifələri bu Qaydalarla müəyyən edilir (əlavə 41).".