AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ KOLLEGİYA QƏRARI № 3-16/1-KQ/9/2025 Bakı şəhəri 28 noyabr 2025-ci il Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Tərkibi və Əsasnaməsinin təsdiq edilməsi haqqında "Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 13 avqust tarixli 478 nömrəli Fərmanının 3.1.1.2-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"nin 19-cu hissəsini rəhbər tutaraq, Kollegiya QƏRARA ALIR:
1. "Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Əsasnaməsi" təsdiq edilsin (əlavə olunur).
2. "Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Tərkibi" təsdiq edilsin (əlavə olunur).
3. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (E. Nəsibov).
4. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün (L. Hüseynzadə).
5. Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi bu qərarla bağlı məlumatlandırmanı həyata keçirsin.
6. Bu Qərarın 1-ci və 2-ci hissələri 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
Kollegiyanın sədri, Nazir III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/9/2025 nömrəli qərarı ilə təsdiq edilmişdir. Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Əsasnaməsi
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə "Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının (bundan sonra — Komissiya) səlahiyyətlərini və fəaliyyət qaydasını müəyyən edir.
1.2. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur.
1.3. Komissiya öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq, qərəzsizlik və obyektivlik prinsipləri əsasında qurur.
1.4. Komissiyanın üzərində adı həkk olunmuş blankı vardır.
1.5. Komissiya ictimai əsaslarla fəaliyyət göstərir.
2. Komissiyanın səlahiyyətləri
2.1. Komissiyanın aşağıdakı səlahiyyətləri vardır:
2.1.1. xüsusi icra məmuru vəzifəsi üçün müsabiqəni elan etmək, müraciətlərin qəbulunu və onlara baxılmasını həyata keçirmək;
2.1.2. xüsusi icra məmuru olmaq istəyən namizədlərin bilik səviyyəsinin yoxlanılması məqsədi ilə test imtahanları təşkil etmək;
2.1.3. test imtahanında istifadə olunacaq suallar toplusununu və cavabları tərtib etmək;
2.1.4. test imtahanın təşkilinə və keçirilməsinə məsul olan heyət, onun tərkibini və vəzifələrini müəyyən etmək;
2.1.5. texniki səbəblərdən imtahanı davam etdirməsi mümkün olmayan namizəd üçün yenidən imtahanın keçirilməsi vaxtını müəyyən etmək;
2.1.6. test imtahanının keçirilməsi qaydalarını pozan namizədlərin nəticələrini ləğv etmək;
2.1.7. test imtahanın nəticələrindən narazı qalan namizədlərin müraciətlərinə baxmaq və nəticəsi barədə qərar qəbul etmək;
2.1.8. test imtahanlarında uğur qazanmış namizədlərlə müsahibə keçirmək;
2.1.9. müsahibənin nəticələrinə dair qərar qəbul etmək.
3. Komissiya üzvlərinin vəzifələri
3.1. Komissiya üzvlərinin vəzifələri aşağıdakılardır:
3.1.1. namizədlə yaxın qohumluq və ya şəxsi münasibətdə olduqda, yaxud iclasda baxılan məsələ Komissiyanın üzvünün şəxsi maraqlarına toxunduqda, habelə obyektivliyinə və qərəzliliyinə təsir göstərə biləcək digər hallarda özü-özünə etiraz etmək;
3.1.2. Komissiyanın fəaliyyətinə və qərəzsizliyinə xələl gətirə biləcək hərəkətlərə yol verməmək, obyektiv və ədalətli mövqe nümayiş etdirmək, malik olduğu hüquqlardan vicdanla istifadə etmək;
3.1.3. müsahibə mərhələsində namizədə verilən sualları müvafiq ballara uyğun qiymətləndirmək;
3.1.4. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə səsvermədə iştirak etmək;
3.1.5. Komissiyanın qərarlarını imzalamaq;
3.1.6. Komissiyanın iclaslarını üzrsüz səbəblərdən buraxmamaq;
3.1.7. Komissiyanın qərarlarının və digər sənədlərin icrası ilə bağlı tədbirlər görmək;
3.1.8. Komissiyanın fəaliyyəti ilə bağlı konfidensiallığı qorumaq;
3.1.9. Komissiyanın fəaliyyəti ilə əlaqədar digər vəzifələri yerinə yetirmək.
4. Komissiyanın üzvlərinin hüquqları
4.1. Komissiya üzvlərinin hüquqları aşağıdakılardır:
4.1.1. Komissiyanın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək və təkliflər vermək;
4.1.2. Komissiyanın iclaslarının gündəliyi ilə və iclasda baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olmaq;
4.1.3. Komissiya üzvləri ilə müzakirə edilən məsələlərlə bağlı fikir mübadiləsi aparmaq;
4.1.4. Komissiyanın iclaslarının gündəliyi barədə, eləcə də Komissiyanın səlahiyyətlərinə aid məsələlərə Komissiyanın iclaslarında baxılması barədə təklif vermək;
4.1.5. Komissiyanın iclaslarında iştirak etmək, iclasın aparılmasına, habelə qəbul olunması təklif edilən qərarlara dair fikirlər bildirmək və suallar vermək;
4.1.6. Komissiyanın iclas protokolları və digər sənədləri ilə tanış olmaq;
4.1.7. Komissiyanın qərarı ilə razı olmadıqda və ya həmin qərarla bağlı xüsusi rəyi olduqda yazılı şəkildə rəy bildirmək;
4.1.8. qanunla nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5. Komissiyanın tərkibi
5.1. "Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1- ci maddəsinə əsasən Komissiya 9 (doqquz) üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Komissiyanın 3 (üç) üzvü Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Nazirlik), 3 (üç) üzvü Xüsusi İcra Məmurlarının Palatası və 1 (bir) üzvü Notariat Palatası tərəfindən təyin edilən nümayəndədən, 1 (bir) üzvü Məhkəmə-Hüquq Şurası tərəfindən təyin edilmiş hakim və 1 (bir) üzvü Vəkillər Kollegiyası tərəfindən təyin edilmiş vəkildən ibarət tərkibdə formalaşdırılır.
5.2. Nazirlik, Xüsusi İcra Məmurlarının Palatası və Notariat Palatası öz nümayəndələrini ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə 5 (beş) ildən artıq iş stajına malik olan şəxslər sırasından, Məhkəmə-Hüquq Şurası və Vəkillər Kollegiyası isə öz nümayəndəsini 5 (beş) ildən artıq iş stajına malik olan hakimlər və vəkillər sırasından təyin edirlər.
5.3. Həmin qurumlar tərəfindən həmçinin ehtiyat üzvlər müəyyən olunur.
5.4. Komissiyanın fərdi tərkibi Nazirlik tərəfindən təsdiq edilir.
5.5. Komissiyanın səlahiyyət müddəti 3 (üç) ildir. 3 (üç) ildən sonra onun üzvlərinin azı üçdə bir hissəsinin aşağıdakı ardıcıllıq və qayda ilə rotasiyası həyata keçirilir:
5.5.1. Nazirlik və Xüsusi İcra Məmurlarının Palatası tərəfindən təyin edilən üzvlərdən hər 3 (üç) ildən bir azı 1 (bir) üzv yenisi ilə əvəz edilir.
5.5.2. Notariat Palatası, Məhkəmə-Hüquq Şurası və Vəkillər Kollegiyası tərəfindən təyin edilən üzvlər arasından Komissiyanın müəyyən etdiyi ardıcıllıqla hər 3 (üç) ildən bir azı 1 (bir) üzv yenisi ilə əvəz edilir.
6. Komissiyanın fəaliyyətinin təşkili
6.1. Komissiya fəaliyyətini üzvlərinin təklifləri əsasında hazırlanmış və Komissiyanın iclasında qəbul edilmiş iş planına uyğun olaraq həyata keçirir.
6.2. Komissiyanın iclasları növbəti və növbədənkənar olmaqla keçirilir. Növbəti iclaslar Komissiyanın iş planına uyğun olaraq keçirilir. Növbədənkənar iclaslar Komissiyanın sədri və ya üzvlərinin yarıdan çoxunun təşəbbüsü ilə çağırılır.
6.3. Komissiyanın iclaslarının tarixi, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə qabaqcadan məlumat verilir.
6.4. Komissiyanın iclası onun azı 6 (altı) üzvü iştirak etdikdə səlahiyyətlidir.
6.5. Komissiyanın üzvləri iclasda iştirak edə bilmədiyi təqdirdə, iclasda müzakirəsi nəzərdə tutulmuş məsələlər barədə əsaslandırılmış rəylərini və birbaşa iştiraklarının qeyri-mümkünlüyünün səbəblərinə dair məlumatı iclasın keçirilməsindən əvvəl Komissiyaya təqdim etməlidirlər.
6.6. Komissiyanın iclasına Komissiyanın üzvlərindən başqa müstəqil ekspertlər və mütəxəssislər, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri də dəvət oluna bilərlər.
6.7. Komissiyanın iclasları protokollaşdırılır. Protokol Komissiyanın sədri və iclasın katibi tərəfindən imzalanır.
6.8. Komissiya öz qərarlarını sadə səs çoxluğu ilə qəbul edir. Səslər bərabər olduqda Komissiya sədrinin səsi həlledicidir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına yol verilmir.
6.9. Qərarlar iclasda iştirak etmiş bütün Komissiya üzvləri tərəfindən imzalanır.
Komissiyanın qərarı ilə razı olmayan və ya həmin qərarla bağlı xüsusi rəyi olan Komissiyanın üzvü rəyini yazılı şəkildə bildirə bilər. Xüsusi rəy açıqlanmır və işə əlavə olunur.
6.10. Komissiyanın qərarından inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edilə bilər.
6.11. Komissiyanın işinə sədr rəhbərlik edir.
6.12. Komissiyanın sədri Komissiyanın birinci iclasında Komissiya üzvlərinin arasından sadə səs çoxluğu ilə seçilir.
6.13. Komissiyanın sədri:
6.13.1. Komissiyanın fəaliyyətini təşkil edir və ona rəhbərliyi həyata keçirir;
6.13.2. Komissiyanın iclaslarının gündəliyini Komissiyanın üzvləri ilə birlikdə müəyyənləşdirir;
6.13.3. Komissiyanın iclaslarına sədrlik edir;
6.13.4. Komissiyaya daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;
6.13.5. Komissiyanın iclaslarının nəticələrinə dair imzalanmış sənədlərin icrası ilə bağlı tədbirlər təşkil edir;
6.13.6. Komissiyanın fəaliyyəti ilə bağlı sənədləri, o cümlədən Komissiyanın iclas protokollarını imzalayır;
6.13.7. öz təşəbbüsü ilə, habelə Komissiyanın üzvünün müraciəti əsasında müstəqil ekspertlərin və mütəxəssislərin, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Komissiyanın iclaslarına dəvət olunması ilə bağlı qərar qəbul edir.
6.13.8. namizədin Komissiya üzvlərinə dair etirazını qəbul və ya rədd edir;
6.13.9. Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı digər işlər görür.
6.14. Komissiyanın sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini Komissiyanın qərarı əsasında Komissiyanın üzvlərindən biri həyata keçirir.
6.15. Komissiyanın üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
6.15.1. öz arzusu ilə Komissiyanın üzvlüyündən çıxmaq barədə yazılı ərizə verildikdə;
6.15.2. nümayəndəsi olduğu qurumda fəaliyyətinə xitam verildikdə;
6.15.3. barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verildikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;
6.15.4. Komissiyanın nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verdikdə;
6.15.5. üzrsüz səbəbdən ardıcıl üç dəfə və ya il ərzində altı dəfə Komissiyanın iclaslarında iştirak etmədikdə;
6.15.6. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə;
6.15.7. vəfat etdikdə, yaxud məhkəmə tərəfindən ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə;
6.15.8. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə.
6.16. Komissiyanın üzvlərinin səlahiyyətinə nümayəndəsi olduğu qurum tərəfindən öz təşəbbüsü ilə və ya Komissiyanın müraciətinə əsasən xitam verilir.
6.17. Komissiyanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş üzvünün əvəzinə nümayəndəliyi irəli sürülmüş qurum tərəfindən ehtiyat üzv təyin edilir. Əvəz edilmiş üzvün səlahiyyət müddəti əvəz etdiyi üzvün səlahiyyət müddətinin bitdiyi vaxt başa çatır.
6.18. Komissiyanın fəaliyyətinin təşkili üzrə katiblik funksiyaları Nazirliyin İnsan resursları idarəsi tərəfindən həyata keçirilir.
6.19. Komissiyanın katibliyi aşağıdakı funksiyaları həyata keçirir:
6.19.1. Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı Komissiyanın sədrinin tapşırıqlarını icra edir;
6.19.2. iş planına uyğun olaraq və Komissiyanın üzvlərinin təklifləri əsasında Komissiyanın iclaslarının gündəliyini hazırlayır və təsdiq olunması üçün Komissiyanın sədrinə təqdim edir;
6.19.3. Komissiyanın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü, növbədənkənar iclaslar zamanı isə azı 1 (bir) iş günü qalmış zəruri sənədlər əlavə edilməklə Komissiyanın üzvlərinə yazılı (elektron) məlumat verir;
6.19.4. Komissiyanın sədrinin tapşırığı ilə müstəqil ekspertləri və mütəxəssisləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələrini Komissiyanın iclaslarına dəvət edir;
6.19.5. Komissiyanın iclaslarını protokollaşdırır və iclasın yekun sənədlərinin layihələrini Komissiyanın sədrinə təqdim edir;
6.19.6. imzalanmış sənədlərin icrası ilə bağlı görülmüş işlər barədə hesabatlar və digər zəruri məlumatlar əldə edir, onları təhlil edərək ümumiləşdirir;
6.19.7. Komissiyanın iclaslarında imzalanmış sənədlərin uçotunu aparır və onların saxlanılmasını təmin edir;
6.19.8. Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı digər işləri həyata keçirir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/9/2025 nömrəli qərarı ilə təsdiq edilmişdir. Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Tərkibi 1. Mübariz Əhmədov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini 2. Elçin Xələfov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru 3. Yaqub Qurbanov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra xidmətinin Analitik iş idarəsinin rəisi — xidmət rəisinin müavini 4. Mahir Yolçuyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi 5. Elnur İbrahimov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinin Qiymətləndirmə şöbəsinin rəisi 6. Mirnağı Seyidov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra xidmətinin Analitik iş idarəsinin qrup rəhbəri (analitik iş və statistika üzrə) 7. Aytəkin Qasımova 1 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu, Azərbaycan Notariat Palatası İdarə heyətinin üzvü 8. Lalə Nağıyeva Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü
9. Fuad Hüseynov Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi