Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 28 " noyabr tarixli 351 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin, habelə ilkin icbari hazırlığın və stajın keçirilməsi QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 8.1-ci maddəsinin dördüncü cümləsinə və 10.1-ci maddəsinin ikinci cümləsinə əsasən hazırlanmışdır və xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin, habelə ilkin icbari hazırlığın və stajın keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydası Qanunun 8.2-ci maddəsinə uyğun olaraq tənzimlənir.
2. Müsabiqənin keçirilməsi
2.1. Xüsusi icra məmuru vəzifəsi üzrə vakansiyalar müsabiqə əsasında tutulur. Müsabiqə test imtahanı (bundan sonra — imtahan) və müsahibə mərhələlərindən ibarətdir.
2.2. Namizədlərlə müsabiqənin keçirilməsi və onun nəticələrinə dair qərar qəbul edilməsi Qanunun 9.1-ci maddəsinə uyğun olaraq yaradılmış Müsabiqə Komissiyası (bundan sonra — Komissiya) tərəfindən həyata keçirilir.
2.3. Müsabiqə xüsusi icra məmuru olmaq istəyən hər bir namizədin bilik səviyyəsinin, ümumi dünyagörüşünün, xüsusi icra məmuru vəzifəsinə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir.
2.4. Müsabiqəyə Qanunun 7.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verən ali təhsilli şəxslər buraxılırlar.
2.5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (bundan sonra — Nazirlik) icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində 3 (üç) ildən az olmayaraq işləmiş şəxslər müsabiqənin test mərhələsindən azad edilirlər.
2.6. Müsabiqənin imtahan mərhələsində iştirak ödənişlidir. Ödənişin məbləği Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən dövlət qulluğuna qəbulla bağlı test imtahanında iştirak üçün müəyyən edilmiş tariflərə uyğun müəyyən olunur. Namizəd imtahanda iştirak etmədikdə ödəniş geri qaytarılmır.
2.7. İmtahanın keçirilməsinə müvafiq dövlət qurumları cəlb edilə bilər.
Beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatlarının, media subyektlərinin nümayəndələri imtahanı müşahidə etməyə dəvət oluna bilərlər.
2.8. İmtahan informasiya texnologiyalarından istifadə etməklə elektron formada keçirilir.
2.9. Komissiya tərəfindən imtahanın təşkilinə və keçirilməsinə məsul olan heyət, onun tərkibi və vəzifələri müəyyən edilir. İmtahanın keçirilməsini təmin etmək məqsədilə imtahan rəhbəri və imtahan nəzarətçiləri təyin olunurlar. İmtahan nəzarətçilərinin sayı auditoriya üzrə 2 (iki) nəfərdən az olmamalıdır.
2.10. İmtahan suallarını və cavablarını konfidensiallıq təmin edilməklə Komissiya hazırlayır. Bu işə mütəxəssislər cəlb edilə bilərlər. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə edilə biləcək sualların sayından ən azı 5 (beş) dəfə çox olmalıdır.
2.11. Suallar və düzgün cavablar imtahana ən azı 10 (on) gün qalmış Komissiyanın qapalı iclasında baxılıb təsdiq edilir və zərfə qoyulub möhürlənməklə xüsusi yerdə saxlanılır.
2.12. İmtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktlara və digər sənədlərə dair məlumat "Yaddaş kitabçası", internet və digər vasitələrlə namizədlərə çatdırılır.
2.13. İmtahan 100 sualdan ibarətdir. Onlardan 60 sual xüsusi icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyi əhatə edir. 40 sual isə namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən etmək məqsədi daşıyır.
2.14. Namizəd suallara kompüterdə yerləşdirilmiş xüsusi proqram təminatı vasitəsilə cavab verir. İmtahanın başlanması vaxtı sualların monitorda göründüyü andan hesablanır.
2.15. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda o, imtahanın nəticələrinə dair arayış əldə edir.
2.16. Texniki səbəblərdən imtahanın davam etdirilməsi mümkün olmadıqda Komissiya tərəfindən müəyyən edilmiş vaxtda imtahanın yenidən keçirilməsi barədə namizədə məlumat verilir.
2.17. İmtahan 3 (üç) saat müddətində fasilə verilmədən keçirilir.
2.18. İmtahanda xüsusi icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair hər bir sualın düzgün cavabı 1 balla (cəmi 60 mümkün bal), namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən edən hər bir sualın düzgün cavabı 0,5 balla (cəmi 20 mümkün bal) qiymətləndirilir.
2.19. Səhv cavablar və ya sualın cavabsız qoyulması "0" bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.
2.20. İmtahanda 55 və daha artıq bal toplamış namizədlər müsahibə mərhələsinə buraxılırlar.
2.21. Namizəd imtahanın keçirilmə qaydalarını pozduqda, o cümlədən saxta sənədlər təqdim etdikdə, köçürməyə yol verdikdə, imtahana rabitə vasitəsi və ya digər qadağan edilmiş əşyalar gətirdikdə, imtahana öz yerinə başqasını göndərdikdə, yaxud imtahan qaydalarına zidd hərəkətlərə və digər saxtakarlıqlara yol verdikdə imtahanın rəhbəri və nəzarətçi bu barədə akt tərtib edir və namizəd imtahandan kənarlaşdırılır. Onun imtahan nəticələri Komissiya tərəfindən ləğv edilir.
2.22. İmtahanın başa çatması protokolla rəsmiləşdirilir. Protokol nəzarətçilər və 2 (iki) nəfər namizəd tərəfindən imzalanır. Protokol və cavab kartları zərfə qoyulur, möhürlənir, imtahan rəhbərinə təqdim edilir. İmtahan rəhbəri möhürlənmiş zərfi aidiyyəti üzrə təqdim edir.
2.23. İmtahanın nəticələrindən narazı qalan namizəd bu barədə nəticənin ona məlum olduğu gündən 5 (beş) iş günü müddətində Komissiyaya müraciət edə bilər. Komissiya aidiyyəti mütəxəssislərlə birlikdə namizədin şikayətini araşdırır və 3 (üç) iş günü müddətində ona müvafiq izah verir.
2.24. Araşdırma nəticəsində namizədin keçid bal topladığı müəyyən edilərsə, Komissiya onun müsahibəyə buraxılması məsələsini həll edir.
2.25. Müsahibənin keçirildiyi yer və vaxt barədə namizədlərə Komissiya tərəfindən 7 (yeddi) gün əvvəl məlumat verilir.
2.26. Namizədlə yaxın qohumluq və ya şəxsi münasibətdə olan müsahibə aparan şəxs həmin namizədlə müsahibədə iştirak etmir. Bu əsaslar olduqda namizəd müsahibə başlanmazdan əvvəl müsahibə aparan şəxslərdən hər hansı birinə etiraz edə bilər. Etirazın qəbul və ya rədd edilməsini Komissiyanın sədri müəyyən edir.
2.27. Müsahibə fərdi qaydada və 30 dəqiqəyədək aparılır. Müsahibə zamanı hər namizədə 5 sual verilir və namizədin aşağıdakı xüsusiyyətləri qiymətləndirilir:
2.27.1. xüsusi icra məmurunun fəaliyyətini tənzimləyən qanunvericilik aktlarını tətbiq etmək sahəsində biliyi və bacarığı, o cümlədən təhsil səviyyəsi, peşə nailiyyətləri, xarici dilləri bilməsi, kompüterdə işləmək bacarığı və səviyyəsi;
2.27.2. özünü təqdimetmə bacarığı, ümumi dünyagörüşü, ünsiyyət bacarıqları, təmkinliliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti;
2.27.3. analitik düşünmək qabiliyyəti, hadisələri obyektiv qiymətləndirmək və problemlərin həlli ilə bağlı qərar çıxarmaq bacarığı.
2.28. Müsahibə zamanı namizədin verdiyi hər cavab Komissiyanın hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir və Komissiya üzvlərinin verdiyi qiymətlər toplanaraq müsahibədə iştirak edən Komissiya üzvlərinin sayına bölünür.
2.29. Müsahibənin nəticəsi üzrə ən çox 25 bal toplamaq mümkündür.
2.30. Komissiya üzvləri arasında müsahibə ilə bağlı fikir mübadiləsi keçirilə bilər. Suallar və cavablar Komissiyanın üzvləri tərəfindən bal cədvəlinə yazılır və qiymətləndirilərək Komissiyanın sədrinə təqdim edilir.
2.31. Müsahibənin nəticələri üzrə namizəd 15 və daha çox bal topladıqda müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.
2.32. Müsahibənin gedişi protokolla rəsmiləşdirilir. Protokolda namizədə verilmiş bütün suallar və onların cavabları qeyd edilir.
2.33. İmtahandan keçid balı toplamış, lakin təhsilini davam etdirməsi və ya digər üzrlü səbəblərlə əlaqədar müsahibədə iştirak etməmiş şəxslərlə müsahibə onlar təhsilini başa vurduqdan və ya digər hallar aradan qalxdıqdan sonra (hər bir halda imtahanın başa çatmasından ən çoxu 1 (bir) il müddətində) müraciətlərinə əsasən keçirilir.
3. İlkin icbari hazırlıq və staj
3.1. Namizədlər müsabiqənin yekunları üzrə topladıqları ümumi ballara uyğun sıralanırlar. Toplanmış balların miqdarı eyni olduqda, ardıcıl olaraq elmi dərəcəsi olanlara, ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə və xarici dil bilənlərə üstünlük verilir. Həmin sıralamaya əsasən namizədlər xüsusi icra məmuru vəzifələri üzrə mövcud vakansiyaların sayına uyğun olaraq ilkin icbari hazırlıq və stajkeçməyə cəlb olunurlar. Digər namizədlər isə 2 (iki) il müddətində ehtiyat siyahıda saxlanılır və yeni vakansiyalar yarandıqda ilkin icbari hazırlıq və stajkeçməyə cəlb olunurlar.
3.2. Namizədlər xüsusi icra məmuru qismində fəaliyyət göstərmək üçün müqavilə əsasında Ədliyyə Akademiyasında (bundan sonra — Akademiya) azı 3 (üç) aylıq ilkin icbari hazırlığa və stajkeçməyə cəlb olunurlar.
3.3. İlkin icbari hazırlıq və stajkeçmə Xüsusi İcra Məmurlarının Palatasının (bundan sonra — Palata) iştirakı ilə ödənişli əsasla təşkil edilir.
3.4. Nazirliyin icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində 3 (üç) ildən az olmayaraq işləmiş şəxslər ofisin idarə edilməsi və mühasibatlıq təlimləri istisna olmaqla, ilkin icbari hazırlıqdan və staj keçməkdən azad edilirlər.
3.5. İlkin icbari hazırlıq zamanı namizədlərə xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı zəruri olan hüquqi biliklər və fəaliyyətinin digər nəzəri əsasları tədris edilir, o cümlədən ofisin idarə edilməsi və mühasibatlıq təlimləri keçirilir, habelə xüsusi icra məmurunun fəaliyyətində tələb olunan bacarıq və vərdişlər öyrədilir. Stajkeçmə zamanı nəzəri biliklərin, öyrədilmiş bacarıq və vərdişlərin real şəraitdə tətbiq olunması təcrübəsi formalaşdırılır.
3.6. İlkin icbari hazırlıq və staj keçmənin müddəti Akademiya tərəfindən Palatanın təklifləri nəzərə alınmaqla müəyyən edilir.
3.7. İlkin icbari hazırlıq üzrə tədris proqramı və stajkeçmə planı Palatanın təklifləri nəzərə alınmaqla Akademiyanın Elmi Şurası tərəfindən təsdiq olunur. Stajkeçmə planında stajkeçmənin müddəti, staj müddətində görüləcək tədbirlər, namizədin yerinə yetirməli olduğu işlər, habelə dövri hesabatların təqdim edilməsi ilə bağlı məlumatlar göstərilir.
3.8. İlkin icbari hazırlığın sonunda Akademiyanın Nizamnaməsinə uyğun olaraq qiymətləndirilmə aparılır. Qiymətləndirmədən keçən şəxslər stajkeçməyə cəlb olunurlar.
3.9. Stajkeçmə müddətində namizədin fəaliyyətinin təşkil edilməsi, praktik bacarıq və vərdişlərinin formalaşmasına kömək məqsədilə xüsusi icra məmuruna təhkim edilir. Bir xüsusi icra məmuruna eyni vaxtda ikidən artıq namizəd təhkim edilə bilməz.
3.10. Namizəd staj müddətində Akademiyaya dövri hesabatlar təqdim edir.
Həmin hesabatlar üzrə namizədə stajkeçmə ilə bağlı tövsiyələr verilə bilər.
3.11. Staj müddəti bitdikdən sonra dövri hesabatlar və stajor rəhbərinin mülahizəsi nəzərə alınmaqla Akademiya tərəfindən Palata ilə birlikdə staj planının yerinə yetirilməsi ilə bağlı yekun rəy tərtib edilir və Nazirliyə təqdim edilir.
3.12. Stajkeçmə planını yerinə yetirmiş şəxslərə Nazirlik tərəfindən şəhadətnamə verilir.
3.13. Şəxs öz ərizəsi ilə, ilkin icbari hazırlıq və stajkeçmə qaydalarını pozduqda, sonradan xüsusi icra məmuru vəzifəsinə uyğun olmadığı aşkar edildikdə, habelə ilkin icbari hazırlıq və stajkeçmə üçün müəyyən edilmiş ödənişi ödəmədikdə və müqavilənin digər şərtlərini pozduqda Akademiya tərəfindən ilkin icbari hazırlıq və stajkeçmədən kənarlaşdırılır.
4. Yekun müddəalar
4.1. Komissiyanın qərarlarından, habelə ilkin icbari hazırlıq və stajın yekunları üzrə qəbul edilmiş qərarlardan razı olmayan şəxslər inzibati qaydada və ya məhkəməyə müraciət edə bilərlər.
4.2. Xüsusi icra məmurları fəaliyyətə başlayana qədər namizədlər stajkeçmə dövründə dövlət icra məmuruna təhkim edilirlər. __________________________________