Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 30 " oktyabr tarixli 326 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Dövlət Mülki Aviasiya Agentliyi" publik hüquqi şəxsin işçilərinin xidməti geyim formaları nümunələrinin, fərqləndirmə nişanlarının təsviri və onların daşınması QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Dövlət Mülki Aviasiya Agentliyi" publik hüquqi şəxsin (bundan sonra - Agentlik) işçilərinin xidməti geyim formaları nümunələrinin, fərqləndirmə nişanlarının təsviri və onların daşınması qaydasını müəyyən edir.
1.2. Agentliyin xidməti geyim formasını və fərqləndirmə nişanlarını Agentliyin nəzarət funksiyalarını yerinə yetirən müfəttişləri (bundan sonra - Agentliyin müfəttişləri) vəzifə səlahiyyətlərinin icrası zamanı daşıyırlar.
1.3. Agentliyin müfəttişləri xidməti geyim formasını səliqəli və təmiz saxlamalı, həmin forma ilə birlikdə mülki geyimlərdən istifadə etməməli, qanunvericiliklə və bu Qayda ilə müəyyən edilmiş hallar istisna olmaqla, onun üzərinə fərqləndirici vasitələrin (nişanların) taxılmasına (tikilməsinə) və geyim formasını istifadə üçün başqa şəxslərə təqdim edilməsinə yol verməməlidirlər.
1.4. Xidməti geyim formasının təchizatı Agentliyin fəaliyyəti nəticəsində əldə etdiyi vəsaitlər hesabına (dövlət büdcəsindən Agentliyə ayrılan məqsədli vəsaitlər istisna olmaqla) təmin edilir.
1.5. Xidməti geyim formasının daşınması qaydalarına əməl edilməsinə nəzarət Agentlik tərəfindən təşkil olunur.
2. Xidməti geyim forması və fərqləndirmə nişanlarının təsviri
2.1. Bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş xidməti geyim formaları aşağıdakı qış və yay dəstlərində olur:
2.1.1. qış dəsti - tünd göy rəngli parçadan hazırlanmış pencək (kitel), kişilər üçün tünd göy rəngli şalvar, qadınlar üçün tünd göy rəngli şalvar və ya yubka, ağ rəngli uzunqol köynək, kişilər üçün tünd göy rəngli qalstuk, kişilər üçün tünd göy rəngli papaq, qadınlar üçün tünd göy rəngli kepka və ya beret, kişilər üçün tünd göy rəngli qış gödəkçəsi, kişilər və qadınlar üçün tünd göy rəngli palto, kişilər və qadınlar üçün dəridən hazırlanmış qara rəngli qış çəkməsindən ibarətdir;
2.1.2. yay dəsti - kişilər üçün tünd göy rəngli şalvar, qadınlar üçün tünd göy rəngli şalvar və ya yubka, kişilər üçün furajka, qadınlar üçün kepka və ya beret, kişilər və qadınlar üçün tünd göy rəngli demisezon gödəkçə, kişilər və qadınlar üçün ağ rəngli qısaqol köynək, kişilər üçün tünd göy rəngli qalstuk və kişilər və qadınlar üçün dəridən hazırlanmış qara rəngli ayaqqabıdan ibarətdir.
2.2. Xidməti geyim formasının təsviri:
2.2.1. papaq (şəkil 1) - ortası və üstü tünd göy rəngli parçadan, qıraqları isə boz süni xəz dəridən qulaqlı tikilir, oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrdən ibarətdir. Ön tərəfdə ortada Agentliyin rəsmi emblemini və onu əhatə edən palıd yarpaqlarını əks etdirən kokardası vardır;
2.2.2. furajka (şəkil 2.1) - ortası qara və üstü tünd göy rəngli kostyumluq parçadan tikilir. Oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrdən və kiçik düymələrdən ibarətdir. Furajkanın iki kiçik düymə ilə bərkidilmiş qızılı rəngli toxunma qaytanı və ortasında Agentliyin rəsmi emblemi və onu əhatə edən palıd yarpaqlarını əks etdirən kokardası vardır. Furajkanın günlüyü (şəkil 2.2) qara rəngdədir və laklanmış olur. Furajkanın günlüyünün üzərində qızılı rəngdə güləbətindən kant tikilir. Qadınlara furajkanın əvəzinə kepka və ya beret verilir;
2.2.3. qadınlar üçün kepka (şəkil 3.1) - üstü tünd göy rəngli kostyumluq parçadan tikilir, oval formalı dibcikdən, təpə, dövrə günlük hissələrindən və kiçik düymələrdən ibarətdir. Təpə və dibciyinin alt hissəsinin kənarında iki kiçik düymə ilə bərkidilmiş qızılı rəngli toxunma qaytanı vardır. Kepkanın ön hissəsinin ortasında Agentliyin rəsmi emblemini əks etdirən parçadan tikilən kokarda vardır;
2.2.4. qadınlar üçün beret (şəkil 3.2) - tünd göy rəngli parçadan tikilir, oval formalı dibcikdən, təpə və dövrə hissələrindən ibarətdir. Beretin ön hissəsinin ortasında Agentliyin rəsmi emblemini əks etdirən nişanı vardır;
2.2.5. palto (şəkillər 4.1, 4.2) - tünd göy rəngli yun parçadan tikilir. Üstündə iki sırada üzərində təyyarənin şəklini əks etdirən qabarıq dəmirdən düzəldilmiş və kənarları halqalanmış sarı, qızılı rəngli metaldan hazırlanmış böyük düymə vardır. İkibortludur, qatlanan yaxalıqlıdır, astarı yandan köklənmiş və yan tərəf üstlüyü qatlanan ciblidir. Kürəyində ortadan aşağıdan kəsiklə tamamlanan tikiş vardır. Qolları ikili tikişli, köbəli, içəridən tikiləndir. Qolların aşağı arxa hissəsində təyyarəni əks etdirən üç ədəd kiçik düymələri vardır. Astarında iki kəsik qoltuq cibi və sol qolunun xarici səthində şevron (şəkil 11.5) vardır. Döşəmədən paltonun ətəyinədək olan məsafə 40-42 sm-dir;
2.2.6. kişilər üçün qış gödəkçəsi (şəkil 5) - sukeçirməyən tünd göy rəngli plaş parçadan tikilir. Adi boyunluqlu, istiləşdirilmiş astarlı, təkbortlu, plastron vasitəsilə örtülən zəncirbəndi vardır. Astarında iki kəsik qoltuq cibi vardır. Sol qolunda şevron (şəkil 11.5) vardır. Üstlüyü qapaqlı ciblidir. Qolları ikitikişlidir və manjetləri rezinlə toxunmadır;
2.2.7. demisezon gödəkçə (şəkillər 6.1, 6.2) - tünd göy rəngli plaş parçadan tikilir, zəncirbəndlə bağlanılır. Astarında iki kəsik qoltuq cibi vardır. Qatlanan boyunluqludur, qolları üzərində Agentliyin rəmzi təsviri olan, qabarıq dəmirdən düzəldilmiş, kənarları halqalanmış və sarı metaldan hazırlanmış düymələrlə düymələnir, yan kəsmə cibləri və plastik toqqalı kəməri vardır. Gödəkçənin sol qolunun xarici səthinə Agentliyə aid olduğunu bildirən şevron tikilir;
2.2.8. pencək (kitel) (şəkillər 7.1, 7.2) - tünd göy rəngli kostyum parçasından tikilir, qatlanan yaxalıqlı (ikibortlu), ətəyinədək astarlıdır, astarında iki kəsmə qoltuq cibi, mərkəzdən Agentliyin rəmzi təsviri olan üç ədəd böyük düymə vasitəsilə düymələnir. Pencəyin sinə hissəsində sol tərəfdə kəsik cibi, yanlarından kəsik üstlüyü qatlanan yan cibləri vardır. Pencəyin kürək hissəsi iki hissəyə bölünür və tikişin aşağı hissəsi kəsiklə bitir. Sol qolunda şevron yerləşdirilir. Qollarının aşağı arxa hissəsində Agentliyin rəmzi təsviri olan, bir sırada yerləşən və Agentliyin rəmzi təsviri olan üç ədəd kiçik düymə vardır. Qadınlar üçün pencək (kitel) forması eyni olur və sol tərəfə düymələnir, qolların aşağı qatlanmasından 9,5 sm məsafədə bir ədəd göy rəngli nazik kant tikilir;
2.2.9. şalvar (şəkil 12) - tünd göy rəngli parçadan düzünə, manjetsiz tikilir. Tikilmə qurşaq-aşırma ilgəklə düymələnir. Şalvarın kəsik yan cibləri, arxadan sağ tərəfində kəsik cibi vardır. Şalvarın miyanzası qarmaq və zəncirbəndlə bağlanılır. Qurşaqda ensiz kəmər üçün yeddi halqa vardır. Şalvar kəmərlə bərkidilir;
2.2.10. qadınlar üçün yubka (şəkil 8.1) - yubka düzbiçimlidir, arxa iki hissədən ibarətdir, orta tikişin sonunda şlits vardır. Yubka kəmərinin eni 4,5 sm-dir. Kəmərə öndə
iki və arxada iki ədəd 4,5 sm hündürlüyündə körpücük tikilir. Yubka astarlıdır. Ətəyin uzunluğu diz xəttindən 5 sm aşağı olmalıdır. Yubka kəmərlə bərkidilir;
2.2.11. köynək (şəkillər 8.1, 8.2) - pambıq parçadan uzunqol və ya qısaqol olmaqla, ağ rəngdədir. Qatlanan boyunluqludur. Bortu ortadan düymələnir, döş cibi vardır. Qolları və ətəyi manjetlidir. Bortlar və manjetlər adi ağ düymələrlə düymələnir. Sol qoluna geyim formasının Agentliyə aid olduğunu bildirən şevron tikilir;
2.2.12. qalstuk (şəkil 9.1) - kişilər üçün geyim dəstinə aiddir və uzunqol köynəklə daşınır. Tünd göy rəngli iti ucla tamamlanan uzanmış trapesiya şəklindədir;
2.2.13. ayaqqabı (şəkillər 9.2, 9.3, 9.4, 9.5) - qara rəngli, üstü yaxşı aşılanmış dəridən, altlığı göndən və ya rezindən olur. Dabanı orta ölçüdədir və qəliblənmişdir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir. Qış çəkməsi qara rəngli, üstü aşılanmış dəridən hazırlanır, dabanı orta ölçüdədir, zəncirbəndlə bağlanılır. Altlığı qəliblənmişdir. Qış çəkməsinin içərisi süni xəzdəndir;
2.2.14. jilet (şəkil 10) - yaşıl rəngli parçadan hazırlanır, düzbiçimlidir. Yaxası zəncirbəndlə açılıb bağlanılır. Jiletin sol döş hissəsində 6x9 sm ölçüdə Agentliyin rəsmi emblemi həkk olunur. Kürək hissəsi bütövdür. Kürək nahiyəsində işığı əks etdirən materialdan eni 10 sm olan "SCAA Inspector" sözləri yazılır. Jiletin boyun xətti, ətəyi və yan tikişləri 1 sm enində qara rəngli köbə ilə tikilir;
2.2.15. kəmər (şəkil 12) - qara rəngli dəridən kişilər və qadınlar üçün hazırlanır.
2.3. Bu Qaydanın əlavəsi ilə təsdiq edilmiş fərqləndirmə nişanlarının təsviri:
2.3.1. düymələr (şəkil 11.2) - geyim formasında istifadə edilən düymələr qızılı rəngli metaldan hazırlanır, üzərində Agentliyin rəsmi embleminin təsviri olur. Düymələrin kənarları halqalıdır. Düymələr ikitipli olur - ön düymələrin diametri 22 mm, cibüstü, qolüstü düymələrin isə diametri 14 mm-dir. Furajkaya bərkidilən yan düymələr qolüstü düymələrlə eyni ölçüdədir;
2.3.2. qalstuk sıxacı (şəkil 11.3) - 0,8x7 sm ölçüdə qızılı rəngli metal lövhəcik formasında olur. Üzərində Agentliyin rəsmi emblemi həkk edilir;
2.3.3. kokarda (şəkillər 11.1, 11.4) - tünd göy rəngli parçadan tikilir və ya qızılı rəngdə metaldan hazırlanır, baş geyiminin ön tərəfdən xarici səthinin mərkəzində yerləşdirilir, 6x4 sm ölçüdə yuvarlaq şəkildə olur, üzərində qızılı güləbətin sünbüllərlə çərçivələnmiş Agentliyin rəmzi təsviri, parçadan olduqda isə Agentliyin rəsmi emblemi əks olunur;
2.3.4. şevron (şəkil 11.5) - xidməti geyimin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda geyimin Agentliyə aid olduğunu bildirən taxılıbçıxarıla bilən fərqləndirmə qol nişanı.
3. Xidməti geyim formasının daşınması qaydaları
3.1. Mövsümə görə yay və qış formalarına keçmə müddətləri Agentlik tərəfindən müəyyən edilir.
3.2. Xidməti geyim forması daşınarkən bütün düymələr, zəncirbəndlər və bel kəməri bağlı vəziyyətdə olmalı, cib qapaqları cibin üzərinə salınmalıdır. Qısaqol köynəyin yuxarıdan birinci düyməsi açıq vəziyyətdə saxlanılmalıdır. Kişilər üçün geyimlərin düymələri sağ tərəfə, qadınlar üçün isə sol tərəfə bağlanılır.
3.3. Agentliyin qış və yay geyim dəstində baş geyimləri - furajka (kepka) yana meyilsiz, düz şəkildə müvafiq olaraq bütün geyim dəstləri ilə geyinilir. Baş geyimi başa elə qoyulmalıdır ki, aşağı kənarı qaşlardan iki barmaq yuxarıda, günlüyün mərkəzi isə qaşların orta səviyyəsində dayansın. Baş geyimi çıxarılarkən sol əldə saxlanılır. Bu zaman qol dirsəkdən bükülür, qolun dirsəkdən yuxarı hissəsi bədənə bitişik, dirsəkdən aşağı hissəsi isə qarşıya tərəf düz uzanmış şəkildə saxlanılır. Baş geyimi günlüyün istiqaməti ön tərəfə olmaqla biləyin üzərində yerləşdirilir, əl barmaqları ilə bükülü vəziyyətdə günlükdən tutulur.
3.4. Kişilər üçün geyim formasında uzunqol köynəyi pencəksiz (kitel) geyinərkən qalstukla, qısaqol köynək isə qalstuksuz, yuxarıdan birinci düyməsi açıq şəkildə geyinilir. Qalstuk sıxacla daşınır. Hava şəraiti ilə əlaqədar yay mövsümündə müfəttişlər tərəfindən demisezon gödəkçə və ya pencək (kitel) geyinildikdə, həmin demisezon gödəkçə və ya pencək (kitel) köynəyin üstündən qalstukla geyinilməlidir. Ağ rəngli uzunqol köynək qış dəsti qismində gündəlik geyim formasına aiddir.
3.5. Agentliyin müfəttişlərinin xidməti geyimi aşağıdakı müddətlərə təmin edilir:
3.5.1. bir nəfər üçün bir ədəd olmaqla qızılı rəngli metal qalstuk sıxacı, bir nəfər üçün iki ədəd olmaqla qızılı rəngli metal və ya parçadan kokarda, bir nəfər üçün üç ədəd olmaqla parçadan şevron - 15 (on beş) il;
3.5.2. bir nəfər üçün bir ədəd olmaqla tünd göy rəngli furajka, tünd göy rəngli papaq, tünd göy rəngli kepka və beret (qadınlar üçün), tünd göy rəngli yun palto, tünd göy rəngli plaş parçadan qış gödəkçəsi, tünd göy rəngli plaş parçadan demisezon gödəkçə, qara rəngli dəri kəmər, bir nəfər üçün iki ədəd olmaqla yaşıl rəngli parça jilet və tünd göy rəngli qalstuk, bir nəfər üçün altı ədəd olmaqla qızılı rəngli metal düymələr - 5 (beş) il;
3.5.3. bir nəfər üçün bir ədəd olmaqla tünd göy rəngli pencək (kitel) və şalvar (qadınlar üçün şalvar və ya yubka), bir nəfər üçün üç ədəd olmaqla pambıq parçadan ağ rəngli uzunqol qış köynəyi və pambıq parçadan ağ rəngli qısaqol yay köynəyi - 3 (üç) il;
3.5.4. bir nəfər üçün bir cüt olmaqla qara rəngli dəri qış çəkməsi və qara rəngli dəri yay ayaqqabısı - 2 (iki) il.
3.6. Xidməti geyim forması bu Qaydanın 3.5-ci bəndində nəzərdə tutulmuş müddətlərdən tez sıradan çıxdıqda işçinin öz şəxsi vəsaiti hesabına təmin olunur. ________________________
"Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin xidməti geyim formaları nümunələrinin, fərqləndirmə nişanlarının təsviri və onların daşınması Qaydası"na əlavə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin geyim formasının və fərqləndirmə nişanlarının NÜMUNƏSİ
1. Papaq
Şəkil 1
2. Furajka və günlüyü
Şəkil 2.1 Şəkil 2.2
3. Kepka və beret
Şəkil 3.1 Şəkil 3.2
4. Palto
Şəkil 4.1 Şəkil 4.2
5. Qış gödəkçəsi
Şəkil 5
6. Demisezon gödəkçə
Şəkil 6.1 Şəkil 6.2
7. Pencək (kitel) Şəkil 7.1 Şəkil 7.2
8. Köynək, şalvar və yubka
Şəkil 8.1 Şəkil 8.2
9. Qalstuk və ayaqqabılar Şəkil 9.1 Şəkil 9.2 Şəkil 9.3 Şəkil 9.4 Şəkil 9.5
10. Jilet Şəkil 10
11. Fərqləndirmə nişanları Şəkil 11.1 Şəkil 11.2 Şəkil 11.3 Şəkil 11.4 Şəkil 11.5
12. Kəmər
Şəkil 12 ____________________________