Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 8 " oktyabr tarixli 295 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi MEYARLARI
1. Ümumi müddəalar
1.1. Bu Meyarlar rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı əsas göstəriciləri müəyyən edir.
1.2. Bu Meyarların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxs (bundan sonra — rəqəmsal inkişaf və informasiya təhlükəsizliyi üzrə menecer) — dövlət orqanları (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatlarında (bundan sonra — dövlət qurumları) aşağıdakı vəzifələri həyata keçirən müvafiq struktur bölmənin rəhbəri və ya digər məsul vəzifəli şəxs:
1.2.1.1. rəqəmsal inkişaf və elektron hökumət üzrə tədbirlər planlarının, eləcə də layihələrin hazırlanması və həyata keçirilməsi;
1.2.1.2. informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin, o cümlədən məlumatların mühafizəsinin təmin edilməsi;
1.2.1.3. rəqəmsal inkişaf və elektron hökumət üzrə irəliləyişin sinxronlaşdırılması, risklərin idarə olunması və yaranan çətinliklərin aradan qaldırılması üçün mümkün maneələrin müəyyən edilməsi;
1.2.1.4. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 yanvar tarixli 287 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası" çərçivəsində avtomatlaşdırma, rəqəmsal inkişaf və elektron hökumət fəaliyyətlərinin icra edilməsi, o cümlədən xidmətlərin və proseslərin rəqəmsallaşdırılması, habelə yeni texnologiyaların tətbiqi imkanlarının araşdırılması (IV Sənaye İnqilabı texnologiyaları, o cümlədən süni intellekt, blokçeyn, əşyaların interneti (IoT) və böyük həcmli məlumatlar və s.);
1.2.1.5. görülmüş işlər barədə mütəmadi olaraq fəaliyyət istiqamətlərinə uyğun Rəqəmsal İnkişaf Operatorunun funksiyalarını həyata keçirən Azərbaycan
Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə, habelə "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 aprel tarixli 1315 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verilməsi;
1.2.2. qiymətləndirilmə meyarları — rəqəmsal inkişaf və informasiya təhlükəsizliyi üzrə menecerlər tərəfindən rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin yerinə yetirilməsi keyfiyyətini, verilən tapşırıqların icra edilməsi səviyyəsini və iş prosesində bacarıqlarını dəyərləndirmək üçün əsas götürülən göstəricilər;
1.2.3. bilavasitə rəhbər — vəzifə təlimatına uyğun olaraq rəqəmsal inkişaf və informasiya təhlükəsizliyi üzrə menecerin birbaşa tabe olduğu vəzifəli şəxs;
1.2.4. tədbirlər planı — rəqəmsal inkişaf və elektron hökumət üzrə dövlət proqramlarının həyata keçirilməsi, avtomatlaşdırma, rəqəmsal inkişaf və elektron hökumət fəaliyyətləri, o cümlədən xidmətlərin və proseslərin rəqəmsallaşdırılması üzrə tədbirlərin (layihələrin) icrasına dair illik plan.
2. Rəqəmsal inkişaf və informasiya təhlükəsizliyi üzrə menecerlərin fəaliyyətinin qiymətləndirilmə meyarları
2.1. Rəqəmsal inkişaf və informasiya təhlükəsizliyi üzrə menecerlərin fəaliyyətinin hər təqvim ili ərzində bilavasitə rəhbər tərəfindən qiymətləndirilməsi üzrə meyarlar aşağıdakılardır:
2.1.1. strateji planlaşdırma — rəqəmsal inkişaf və informasiya təhlükəsizliyi üzrə menecer tərəfindən dövlət qurumunda rəqəmsal inkişaf və elektron hökumət üzrə dövlət proqramlarının həyata keçirilməsi, avtomatlaşdırma, rəqəmsal inkişaf və elektron hökumət fəaliyyətləri, o cümlədən xidmətlərin və proseslərin rəqəmsallaşdırılması üzrə tədbirləri (layihələri) ehtiva edən illik tədbirlər planının hazırlanması;
2.1.2. layihə idarəetməsi — rəqəmsal inkişaf və informasiya təhlükəsizliyi üzrə menecer tərəfindən rəqəmsal inkişaf və elektron hökumətlə bağlı tədbirlər planlarının (layihələrin) vaxtında, eləcə də icrası üçün ayrılmış vəsait çərçivəsində tamamlanması (irəliləyişin sinxronlaşdırılması, risklərin idarə olunması və yaranan çətinliklərin aradan qaldırılması təmin olunmaqla);
2.1.3. texnoloji yeniliklərin tətbiqi — yeni texnologiyaların (IV Sənaye İnqilabı texnologiyaları, o cümlədən süni intellekt, blokçeyn, əşyaların interneti (IoT) və böyük həcmli məlumatlar və s.) sınaqdan keçirilməsi, bu yeniliklərin konkret xidmətlərə tətbiq olunması, eləcə də yaradıcı təkliflərin irəli sürülməsi;
2.1.4. rəqəmsal inklüzivlik və istifadəçi məmnuniyyəti — elektron xidmətlər üzrə vətəndaş məmnuniyyətinin (sorğular vasitəsilə ölçülən məmnuniyyət səviyyəsinin faizi) və elektron xidmətlərdən geniş istifadənin (istifadə statistikası) təmini, habelə elektron xidmətlərlə bağlı müraciət və şikayətlərin sayı və həlli (müraciət və şikayətlərin sayına nisbətdə faizi), elektron xidmətlərin cəmiyyətin hər təbəqəsi üçün əlçatan olması və rəqəmsal fərqliliyin aradan qaldırılması (elektron xidmətlərə bütün ölkə üzrə rahat müraciət edilməsi, əlilliyi olan şəxslər üçün müyəssərliyin təmin edilməsi, rəqəmsal savadlılıq təşəbbüslərinin həyata keçirilməsi, həmçinin elektron xidmətlərdən istifadə statistikası üzrə demoqrafik müxtəlifliyin təmin olunması);
2.1.5. informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmini — rəqəmsal inkişaf və informasiya təhlükəsizliyi üzrə menecerlərin işlədiyi dövlət orqanlarında
(qurumlarında) elektron xidmətlərin, dövlət informasiya sistemlərinin və ehtiyatlarının, o cümlədən məlumatların mühafizəsinin informasiya təhlükəsizliyi sahəsindəki normativ hüquqi aktların tələblərinə və standartlara uyğunluğunun təmini, kiberinsidentlərin sayı və onların vaxtında aradan qaldırılması, ildə bir dəfədən az olmayaraq təhlükəsizlik auditlərinin keçirilməsi və audit nəticələri üzrə tövsiyələrin icrası.
2.2. Rəqəmsal inkişaf və informasiya təhlükəsizliyi üzrə menecerin fəaliyyəti bu Meyarların 2.1-ci bəndində nəzərdə tutulmuş hər bir meyar üzrə qiymətləndirilir və aşağıdakı qiymətlərdən biri verilir:
2.2.1. əla (5) — bacarığı tələb ediləndən yüksək səviyyədə nümayiş etdirib, vəzifəsini gözlənildiyindən yüksək səviyyədə icra edib;
2.2.2. yaxşı (4) — bacarığı tələb edilən səviyyədə nümayiş etdirib, vəzifəsini gözlənilən səviyyədə icra edib;
2.2.3. kafi (3) — qənaətbəxşdir, bacarığı əsasən nümayiş etdirib, vəzifəsini əsasən icra edib və inkişafa ehtiyacı vardır;
2.2.4. qeyri-kafi (2) — qənaətbəxş deyildir, bacarığı nadir hallarda nümayiş etdirib və ya nümayiş etdirməyib, vəzifəsini qismən icra edib və yaxud icra etməyib.
2.3. Bu Meyarların 2.1-ci bəndində nəzərdə tutulmuş hər bir meyar üzrə fərdi qiymət müəyyən edilir. Meyarlar üzrə fərdi qiymətlər toplanılaraq meyarların sayına bölünür və aşağıdakı düstura uyğun olaraq ümumi qiymət müəyyən edilir: M = (m1 + m2 + m3 + m4 + m5)/5 M — meyarlar üzrə ümumi qiymət; m1, m2, m3, m4, m5 — birinci-beşinci meyarlar üzrə verilən qiymət.
2.4. Rəqəmsal inkişaf və informasiya təhlükəsizliyi üzrə menecerin fəaliyyətinin bu Meyarların 2.1-ci bəndində nəzərdə tutulmuş göstəricilər əsasında qiymətləndirilməsi hər təqvim ili dekabrın 30-dək yekunlaşdırılaraq nəticələri həmin menecer və bilavasitə rəhbəri tərəfindən imzalanmaqla rəsmiləşdirilir. _________________________________________