Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 9 " aprel tarixli 104 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Hava gəmilərinin istismarçıları tərəfindən sərnişin məlumatlarına dair "bir pəncərə" sisteminə ötürülən sərnişinlər barədə ilkin məlumatların və sərnişin adlarının qeydiyyat məlumatlarının siyahısı, verilməsi, qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 46.2-ci maddəsinə, "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyanın (bundan sonra — Konvensiya) 13-cü, 22-ci və 29-cu maddələrinə, habelə Konvensiyaya Əlavə 9-dan irəli gələn beynəlxalq standartlara uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar hava gəmilərinin istismarçıları tərəfindən sərnişin məlumatlarına dair "bir pəncərə" sisteminə (bundan sonra — "bir pəncərə" sistemi) ötürülən, Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişin və heyət üzvləri barədə ilkin məlumatların, eləcə də sərnişin adlarının qeydiyyat məlumatlarının siyahısı, verilməsi, qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi ilə bağlı qaydaları müəyyən edir.
1.3. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək bütün hava gəmilərinin uçuşlarına şamil edilir.
1.4. Bu Qaydaların məqsədləri üçün təkan metodu dedikdə hava gəmisinin istismarçısının öz informasiya sistemində toplanılmış məlumatları "bir pəncərə" sisteminə ötürdüyü elektron metod nəzərdə tutulur.
1.5. Bu Qaydalarda istifadə olunan anlayışlar Qanunda, Konvensiyada və onun əlavələrində nəzərdə tutulmuş mənaları ifadə edir.
2. Məlumatların verilməsi, qəbul edilməsi, saxlanılması və mübadilə edilməsi
2.1. Hava gəmilərinin istismarçıları tərəfindən sərnişinlər və heyət üzvləri barədə ilkin məlumatlar Konvensiyaya Əlavə 9-un 9.8-ci beynəlxalq standartına uyğun olaraq "Doc 9303, Maşınla oxuna bilən səyahət sənədlərinə dair Təlimat" sənədində, sərnişin adlarının qeydiyyat məlumatları isə Konvensiyaya Əlavə 9-un 9.24-cü beynəlxalq standartına uyğun olaraq "Doc 9944, Sərnişin adlarının qeydiyyat Məlumatlarına dair Təlimat" sənədi ilə müəyyən edilmiş maşınla oxuna bilən formada, eləcə də Beynəlxalq Mülki Aviasiya Təşkilatının, Ümumdünya Gömrük Təşkilatının və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının birgə müəyyən etdiyi standartlara uyğun olaraq onların informasiya sistemlərindən "bir pəncərə" sisteminə ötürülür.
Məlumatların ötürülməsi təkan metodu vasitəsilə bu Qaydaların 3-cü və 4-cü hissələri ilə müəyyən edilən müddətlərdə həyata keçirilir.
2.2. Məlumatların qəbul edilməsi, saxlanılması və Elektron Hökumət İnformasiya Sistemi üzərindən digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin informasiya sistemi (bundan sonra — informasiya sistemi) vasitəsilə təmin olunur.
2.3. Məlumatlar "bir pəncərə" sistemi vasitəsilə Elektron Hökumət İnformasiya Sistemi üzərindən real vaxt rejimində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə həmin qurumların səlahiyyətləri çərçivəsində təhlillərin aparılması və tədbirlərin görülməsi məqsədilə emal olunmamış formada ötürülür.
2.4. Hava gəmilərinin istismarçıları tərəfindən "bir pəncərə" sisteminə ötürülən fərdi məlumatların əldə olunmasına qoyulan məhdudiyyətlər "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 40-cı maddəsi ilə tənzimlənir.
2.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, hava gəmisinin sərnişin və heyət üzvləri barədə ilkin məlumatların, eləcə də sərnişin adlarının qeydiyyat məlumatlarının saxlanılması və mühafizəsi "Fərdi məlumatlar haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına, həmçinin məlumatların mühafizəsi sahəsində digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
3. Sərnişinlər və heyət üzvləri barədə ilkin məlumatlar
3.1. Sərnişinlər və heyət üzvləri barədə ilkin məlumatlar hava gəmisinin istismarçıları tərəfindən aşağıda qeyd edilmiş müddətlərdə "bir pəncərə" sisteminə ötürülür:
3.1.1. hava gəmisinin sərnişinləri barədə:
3.1.1.1. hava gəmisinin planlaşdırılmış uçuşundan 30 (otuz) dəqiqə əvvəl;
3.1.1.2. hava gəmisi uçuşa başladıqdan dərhal sonra;
3.1.2. hava gəmisinin heyət üzvləri barədə:
3.1.2.1. hava gəmisi uçuşa başladıqdan dərhal sonra.
3.2. Sərnişinlər və heyət üzvləri barədə ilkin məlumatların siyahısı bu Qaydaların 1 nömrəli əlavəsi ilə müəyyən edilir.
4. Sərnişin adlarının qeydiyyat məlumatları
4.1. Sərnişin adlarının qeydiyyat məlumatları hava gəmisinin istismarçıları tərəfindən aşağıda qeyd edilmiş müddətlərdə "bir pəncərə" sisteminə ötürülür:
4.1.1. hava gəmisinin planlaşdırılmış uçuşundan 72 (yetmiş iki) saat əvvəl;
4.1.2. hava gəmisinin planlaşdırılmış uçuşundan 48 (qırx səkkiz) saat əvvəl;
4.1.3. hava gəmisinin planlaşdırılmış uçuşundan 24 (iyirmi dörd) saat əvvəl;
4.1.4. hava gəmisinin planlaşdırılmış uçuşundan 12 (on iki) saat əvvəl;
4.1.5. hava gəmisinin planlaşdırılmış uçuşundan 1 (bir) saat əvvəl.
4.2. Sərnişin adlarının qeydiyyat məlumatlarının siyahısı bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilir.
5. Yekun müddəa
Sərnişin və heyət üzvləri barədə ilkin məlumatların, habelə sərnişin adlarının qeydiyyat məlumatlarının verilməsi qaydalarını pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
"Hava gəmilərinin istismarçıları tərəfindən sərnişin məlumatlarına dair "bir pəncərə" sisteminə ötürülən sərnişinlər barədə ilkin məlumatların və sərnişin adlarının qeydiyyat məlumatlarının siyahısı, verilməsi, qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydaları"na
1 nömrəli əlavə Sərnişinlər və heyət üzvləri barədə ilkin məlumatların SİYAHISI
1. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının tələblərinə əsasən müəyyən edilən uçuş reysinin kodu və uçuş nömrəsi.
2. Yerli vaxta əsasən hava gəmisinin yola düşmə tarixi və vaxtı.
3. Yerli vaxta əsasən hava gəmisinin gəliş tarixi və vaxtı.
4. Hava gəmisinin ilk və son təyinat hava limanları.
5. Cari uçuşda sərnişinlərin və heyət üzvlərinin ümumi sayı.
6. Sərnişin və heyət üzvünün sərhədkeçmə sənədində olan soyadı və adı.
7. Sərnişin və heyət üzvünün vətəndaşlığı (və ya daimi yaşadığı ölkə), doğum tarixi və cinsi.
8. Sərnişin və heyət üzvünün sərhədkeçmə sənədinin növü, nömrəsi və etibarlılıq müddətinin bitdiyi tarix.
9. Uçuş zamanı sərnişinə ayrılan oturacağın nömrəsi.
10. Sərnişinin yoxlanılmış baqaj və əl yükünün sayı, baqajın nömrəsi.
11. Daşınan şəxsin statusu (sərnişin, heyət üzvü (uçuş və ya kabinə heyəti), tranzit uçan sərnişin).
12. Sərnişinin tranzit keçərək getdiyi hava limanı.
"Hava gəmilərinin istismarçıları tərəfindən sərnişin məlumatlarına dair "bir pəncərə" sisteminə ötürülən sərnişinlər barədə ilkin məlumatların və sərnişin adlarının qeydiyyat məlumatlarının siyahısı, verilməsi, qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydaları"na 2 nömrəli əlavə Sərnişin adlarının qeydiyyat məlumatlarının SİYAHISI
1. Sərnişinin sərhədkeçmə sənədində olan soyadı və adı.
2. Sərnişinin ünvanı və elektron poçt ünvanı (mövcud olduqda).
3. Sərnişinin telefon (mobil və (və ya) stasionar) nömrəsi (mövcud olduqda).
4. Sərnişinin vətəndaşlığı (və ya daimi yaşadığı ölkə), doğum tarixi və cinsi.
5. Sərnişinin sərhədkeçmə sənədinin növü, nömrəsi və etibarlılıq müddətinin bitdiyi tarix.
6. Cari uçuşda sərnişinlərin ümumi sayı.
7. Sərnişindaşıma xidmətinin sinfi.
8. Sərnişinin uçuş biletinin rezervasiyasının yaradılma tarixi və uçuş (uçuşların) tarixi.
9. Sərnişinin uçuş bileti barədə məlumatlar.
10. Sərnişinin uçuş biletinin və baqajının dəyərinin nağd və ya elektron formada ödənişi, ödənişlə bağlı tətbiq edilən hər hansı güzəştlər (mövcud olduqda).
11. Sərnişinin səyahət marşrutunun elementləri (marşrutun tarixi, uçuş seqmenti, uçuş və eniş tarixi, uçuş və eniş hava limanı, digər nəqliyyat növləri ilə hərəkət (mövcud olduqda) barədə məlumatlar.
12. Sərnişin tərəfindən uçuşdan əvvəl tələb olunan oturacağın nömrəsi.
13. Səyahət agentinin adı, ünvanı, telefon (mobil və (və ya) stasionar) nömrələri və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası tərəfindən verilən kodu (mövcud olduqda). _____________________