Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 8 " aprel tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Aviasiya personalının dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən, psixoloji müayinələrdən keçirilməsi, peşəyə yararlılığını müəyyən edən tibb müəssisələrinin və onların əməkdaşlarının sertifikatlaşdırılması QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 25.8-ci və 30-cu maddələrinə uyğun olaraq hazırlanmışdır və aviasiya personalının dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən, psixoloji müayinələrdən keçirilməsi, peşəyə yararlılığını müəyyən edən tibb müəssisələrinin və onların əməkdaşlarının sertifikatlaşdırılması qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalarla tənzimlənməyən məsələlər Qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyaya (bundan sonra - Konvensiya), Konvensiyaya 1 nömrəli Əlavə - "Aviasiya personalının sertifikatlaşdırılması" (bundan sonra - Konvensiyaya 1 nömrəli Əlavə) ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq həyata keçirilir.
1.3. Bu Qaydaların müddəaları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin (bundan sonra - Agentlik) tibb ekspertlərinin, aviasiya tibb mərkəzi kimi sertifikatlaşdırılmış tibb müəssisələrinin və aviasiya tibb ekspertlərinin fəaliyyətinə şamil edilir.
1.4. Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə nəzarət, həmçinin aviasiya tibb mərkəzi olaraq sertifikatlaşdırılmış tibb müəssisələrinə aviasiya tibb mərkəzi sertifikatlarının verilməsi, hüquqi qüvvəsinin dayandırılması, məhdudlaşdırılması və ya ləğv edilməsi, o cümlədən dəyişdirilməsi, yenilənməsi, hüquqi qüvvəsinin uzadılması) Agentlik tərəfindən həyata keçirilir.
1.5. Bu Qaydaların məqsədləri üçün istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.5.1. aviasiya tibb eksperti - aviasiya tibbi sahəsində təhsil almış və aviasiya sahəsində praktiki biliyə və təcrübəyə malik olan, tibbi tələblərin müəyyən olunduğu şəhadətnamə və ya ixtisas qeydləri üçün müraciət edən aviasiya personalının tibbi yararlılığını qiymətləndirmək məqsədilə tibbi yoxlamaların aparılması üçün Agentlik tərəfindən təyin edilmiş həkim;
1.5.2. aviasiya-tibbi müayinə - aviasiya personalının şəhadətnamə imtiyazlarından yararlanması və ya peşə öhdəliklərini təhlükəsiz şəkildə yerinə yetirməsi üçün tibbi yararlılığını müəyyən etmək məqsədilə keçirilən müayinə;
1.5.3. aviasiya-tibbi qiymətləndirmə - aviasiya-tibbi müayinəyə əsaslanaraq aviasiya personalının tibbi yararlılığı barədə rəy;
1.5.4. sertifikat sahibi — aviasiya tibb eksperti və aviasiya tibb mərkəzi kimi tibb müəssisələrinin sertifikatına malik olan fiziki və hüquqi şəxs;
1.5.5. tibb müəssisəsi — mülki aviasiya sahəsində tibbi tələblərin təyin olunduğu şəhadətnamə və ya ixtisas qeydləri üçün müraciət edən aviasiya personalının tibbi yararlılığının qiymətləndirilməsini aparan, tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında yerləşdikdə Agentlik tərəfindən aviasiya tibb mərkəzi kimi sertifikatlaşdırılmış və ya digər dövlətdə yerləşdikdə Agentlik tərəfindən tanınmış tibb müəssisəsi və ya tibb müəssisəsi daxilində struktur bölmə;
1.5.6. tibbi sertifikat - tibbi tələblərin təyin olunduğu şəhadətnamə və ya ixtisas qeydləri üçün müraciət edən aviasiya personalının tələblərə uyğunluğunu təsdiq edən və aviasiya-tibbi qiymətləndirilməsi nəticəsində Agentliyin tibb eksperti və ya aviasiya tibb eksperti tərəfindən verilən təsdiqləyici sənəd.
1.6. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanunla, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları və Konvensiyaya 1 nömrəli Əlavə ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
2. Aviasiya personalının dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən və psixoloji müayinələrdən keçirilməsi
2.1. Aviasiya personalının dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən keçirilməsinə dair tələblər Qanunun 25.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq müəyyən edilir.
2.2. Hava gəmisinin istismarçısı uçuş heyətinin işə qəbulu zamanı ilk dəfə vəzifə öhdəliklərinin icrasına başlamasından əvvəl hava gəmisinin təhlükəsiz istismarını təmin etmək, həmçinin uçuş heyətinin psixoloji xüsusiyyətlərini və uçuş mühitinə uyğunluğunu müəyyən etmək məqsədilə onların psixoloji qiymətləndirmədən keçməsini təmin etməlidir.
2.3. Hava gəmisinin istismarçısı fəaliyyətinin miqyasını, xarakterini və mürəkkəbliyini nəzərə alaraq, bu Qaydaların 2.2-ci bəndi ilə müəyyən olunan psixoloji qiymətləndirməni uçuş heyətinin psixoloji xüsusiyyətlərinin və yararlılığının daxili qiymətləndirilməsi ilə əvəz etmək hüququna malikdir.
2.4. Heyət üzvü tərəfindən alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrinin qəbul edilməsinin yoxlanılması məqsədilə hava gəmisinin istismarçısı uçuşdan əvvəl və uçuşdan sonra heyət üzvlərini seçmə üsulu ilə tibbi müayinəyə cəlb edir.
2.5. Bu Qaydaların 2.4-cü bəndində qeyd olunmuş müayinənin nəticəsində heyət üzvünün qanında alkoqolun miqdarı 0,2 qram/litr və daha artıq olduqda heyət üzvü alkoqollu içki qəbul etmiş hesab edilir.
2.6. Bu Qaydaların 2.4-cü bəndində qeyd edilmiş müayinənin keçirilməsi şərtlərinin hava gəmisinin istismarçısının daxili sənədləri ilə müəyyən edilməsinə yol verilir.
3. Aviasiya tibb ekspertlərinə dair tələblər və sertifikatlaşdırılma
3.1. Aviasiya tibb ekspertləri tibb ixtisasları üzrə ixtisaslı və praktiki tibb fəaliyyəti ilə məşğul olmaq hüququna malik olmalıdırlar.
3.2. Aviasiya tibb ekspertləri aviasiya-tibbi müayinə üsulları və qiymətləndirmə ilə bağlı praktiki təlimlər daxil olmaqla, aviasiya tibbi sahəsində təlim kurslarını uğurla bitirməli, aviasiya tibbi sahəsində təlimdən dövri olaraq keçməlidirlər.
3.3. Aviasiya tibb ekspertləri şəhadətnamə və ixtisas qeydləri sahiblərinin iş mühiti ilə bağlı praktiki biliyə və təcrübəyə malik olmalıdırlar.
3.4. Aviasiya tibb ekspertləri aviasiya-tibbi müayinələrinin aparılması və həkim sirrinin qorunması üçün uyğun şəraitə, sənədlərə və işçi avadanlığına malik olmalıdırlar.
3.5. Sertifikatın alınması və ya sertifikatın müddətinin uzadılması üçün ərizə Agentlik tərəfindən təsdiq edilmiş və rəsmi internet informasiya ehtiyatında dərc olunmuş formaya uyğun olaraq verilir.
3.6. Agentlik icraatı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aparır və müfəttiş yoxlamasını təşkil edir.
3.7. Agentlik yoxlama bitdiyi gündən 10 (on) iş günü müddətində ərizəçiyə müfəttiş yoxlamasının nəticələrini özündə ehtiva edən hesabatı təqdim edir. Bu hesabat müfəttiş yoxlaması zamanı aşkar edilmiş bütün nöqsanları özündə əks etdirir.
3.8. Müfəttiş yoxlaması zamanı nöqsan aşkar edildikdə, ərizəçi 15 (on beş) iş günü ərzində hər bir nöqsan üzrə əsas səbəbi və nöqsanın aradan qaldırılması üçün tələb olunan müddəti göstərməklə düzəldici tədbirlər planını (bundan sonra — plan) Agentliyə təqdim etməlidir. Ərizəçi bu planı tələb olunan müddətdə təqdim etmədikdə müraciət baxılmamış saxlanılır.
3.9. Ərizəçi planı təqdim etdikdən sonra 10 (on) iş günü müddətində həmin plan Agentlik tərəfindən qiymətləndirilir. Qiymətləndirmə nəticəsində nöqsanlara dair tədbirlər yerinə yetirilmədikdə plan qəbul olunmur. Ərizəçi Agentliyin rəylərinə əsasən 10 (on) iş günü müddətində planda düzəliş etməli və yenilənmiş planı Agentliyə təqdim etməlidir.
3.10. Ərizəçi Agentlik tərəfindən təsdiq edilmiş planı Agentliklə razılaşdırdığı müddətdə (hər bir halda 3 (üç) aydan gec olmayaraq) icra etməli və razılaşdırılmış müddət ərzində bu barədə Agentliyə sübutedici məlumatları və sənədləri təqdim etməlidir. Bu məlumatlar və sənədlər təqdim edildikdən sonra müraciətə təkrar baxılır və sertifikatın verilməsi və ya verilməsindən imtina edilməsi barədə bu Qaydalara uyğun olaraq qərar qəbul edilir. İstismarçı planı vaxtında icra etmədikdə müraciət baxılmamış saxlanılır.
3.11. Müfəttiş yoxlaması zamanı nöqsan aşkar edilmədikdə 3 (üç) il müddətinə Agentlik tərəfindən təsdiq edilmiş nümunəyə uyğun ərizəçiyə sertifikat təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
3.12. Sertifikat olmadan tibbi tələblərin təyin olunduğu şəhadətnamə və ya ixtisas qeydləri üçün müraciət edən aviasiya personalının aviasiya-tibbi qiymətləndirilməsi aparıla bilməz.
3.13. Etibarlılıq müddəti bitmiş sertifikatlar etibarlılıq müddəti bitdiyi tarixdən 3 (üç) gün müddətində Agentliyə qaytarılmalıdır.
4. Aviasiya tibb eksperti kimi sertifikat sahibinin vəzifələri
4.1. Sertifikat sahibi bu Qaydalarla müəyyən edilmiş tələblərə əməl etməlidir.
4.2. Sertifikat sahibi tərəfindən sertifikatın üzərində hər hansı formada düzəlişlər aparılmasına, o cümlədən sertifikatın başqa şəxsə verilməsinə yol verilmir.
4.3. Aviasiya tibb eksperti onun səlahiyyətlərinə təsir göstərə biləcək aşağıdakı hallarla bağlı gecikməyə yol vermədən Agentliyə məlumat verməlidir:
4.3.1. aviasiya tibb eksperti barədə inzibati xəta və ya cinayət işi başlandıqda;
4.3.2. aviasiya tibb eksperti kimi müəyyən edilmiş vəzifələrini yerinə yetirmək qabiliyyətində (əlilliyi yarandıqda və ya əmək qabiliyyətini müvəqqəti itirdikdə) olmadıqda;
4.3.3. sertifikat alınması üçün təqdim edilmiş sənədlərdə dəyişikliklər olduqda;
4.3.4. sertifikatın verilməsi üçün bu Qaydaların 3.1-3.4-cü bəndləri ilə müəyyən edilmiş tələblərə uyğun olmadıqda;
4.3.5. aviasiya tibb ekspertinin iş ünvanında dəyişikliklər olduqda.
4.4. Ləğv edilmiş sertifikatın əsli sertifikat ləğv edildiyi gündən 3 (üç) gün müddətində Agentliyə qaytarılmalıdır.
5. Aviasiya tibb ekspertinin fəaliyyətinə nəzarətin həyata keçirilməsi
5.1. Sertifikatlaşdırılmış aviasiya tibb ekspertinə aid məlumatlar daimi olaraq Agentlikdə saxlanılmalıdır.
5.2. Agentlik sertifikatın qüvvədə olduğu müddətdə tibb ekspertinin fəaliyyətinə, o cümlədən aviasiya tibb eksperti tərəfindən keçirilmiş aviasiya-tibbi müayinələrə və aviasiya-tibbi qiymətləndirmələrə uyğun hesabatların və tibbi sertifikatların düzgün tərtib olunmasına, növbəti və növbədənkənar əsaslarla müfəttiş yoxlamaları vasitəsilə nəzarəti həyat keçirir.
5.3. Agentlik aviasiya tibb ekspertinin aviasiya tibb sahəsində təlim və ya seminarlarda və ya digər ixtisasartırma kurslarında iştirakı ilə bağlı məlumatları tələb etməli və izləməlidir.
5.4. Agentlik aşağıdakı hallarda sertifikatla müəyyən edilmiş səlahiyyətlərin dairəsini məhdudlaşdırır və ya sertifikatın hüquqi qüvvəsini dayandırır:
5.4.1. bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikat sahibi bu Qaydalarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə;
5.4.2. aviasiya tibb eksperti tərəfindən aviasiya-tibbi qeydiyyat sənədlərinin uçotu düzgün aparılmadıqda;
5.4.3. müfəttiş yoxlamaları zamanı aşkar edilmiş nöqsanlar aradan qaldırılmadıqda;
5.4.4. sertifikat sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə.
5.5. Sertifikatın qüvvəsi Agentlik tərəfindən məhdudlaşdırıldıqda və ya dayandırıldıqda buna əsas verən hallar, həmçinin sertifikatın qüvvəsinin məhdudlaşdırıldığı və ya dayandırıldığı müddət barədə sertifikat sahibinə yazılı məlumat verilməlidir. Həmçinin məhdudlaşdırılma və ya dayandırılma üçün əsas verən halların aradan qaldırılması məqsədilə görülməli olan tədbirlər, eyni zamanda sertifikatın qüvvəsinin məhdudlaşdırıldığı və ya dayandırıldığı müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir.
5.6. Agentlik aşağıdakı hallarda sertifikatı ləğv etməlidir:
5.6.1. tibbi sənədlərin və ya tibbi sertifikatın saxtalaşdırılması faktı aşkar edildikdə;
5.6.2. tibbi sertifikata və ya onun sahibinə aid olan faktların gizlədilməsi halları aşkar edildikdə və ya Agentliyə yanlış məlumatlar təqdim edildikdə;
5.6.3. bu Qaydaların 3.1-ci bəndinə və "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə uyğun olaraq praktiki tibb fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi olmadıqda və ya tibb fəaliyyəti üzrə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edildikdə;
5.6.4. məhkəmənin müvafiq qərarı olduqda;
5.6.5. sertifikat sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə.
6. Tibb müəssisələrinə dair tələblər və sertifikatlaşdırılma
6.1. Tibb müəssisələri həm dövlət, həm də özəl tibb müəssisələri ola bilər.
6.2. Dövlət tibb müəssisələri sertifikatlaşdırma üçün müraciət etməmişdən əvvəl tabe olduğu və strukturunda olduğu dövlət orqanı (qurumu) ilə razılaşdırmalı və bu razılığı bildirən müvafiq sənədi müraciətinə əlavə etməlidir.
6.3. Sertifikatın alınması üçün ərizə Agentlik tərəfindən təsdiq edilmiş və rəsmi internet informasiya ehtiyatında dərc olunmuş formaya uyğun olaraq verilir.
6.4. Agentlik icraatı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aparır, habelə müfəttiş yoxlamasını təşkil edir.
6.5. Agentlik yoxlama bitdiyi gündən 10 (on) iş günü müddətində ərizəçiyə müfəttiş yoxlamasının nəticələrini özündə ehtiva edən hesabatı təqdim edir. Bu hesabat müfəttiş yoxlaması zamanı aşkar edilmiş bütün nöqsanları özündə əks etdirir.
6.6. Müfəttiş yoxlaması zamanı nöqsan aşkar edildikdə ərizəçi 15 (on beş) iş günü ərzində hər bir nöqsan üzrə əsas səbəbi və nöqsanın aradan qaldırılması üçün tələb olunan müddəti göstərməklə planı Agentliyə təqdim etməlidir. Ərizəçi bu planı tələb olunan müddətdə təqdim etmədikdə müraciət baxılmamış saxlanılır.
6.7. Ərizəçi planı təqdim etdikdən sonra 10 (on) iş günü müddətində həmin plan Agentlik tərəfindən qiymətləndirilir. Qiymətləndirmə nəticəsində nöqsanlara dair tədbirlər yerinə yetirilmədikdə plan qəbul olunmur. Ərizəçi Agentliyin rəylərinə əsasən 10 (on) iş günü müddətində planda düzəliş etməli və yenilənmiş planı Agentliyə təqdim etməlidir.
6.8. Ərizəçi Agentlik tərəfindən təsdiq edilmiş planı Agentliklə razılaşdırdığı müddətdə (hər bir halda 3 (üç) aydan gec olmayaraq) icra etməlidir və razılaşdırılmış müddət ərzində bu barədə Agentliyə sübutedici məlumatları və sənədləri təqdim etməlidir. Bu məlumatlar və sənədlər təqdim edildikdən sonra müraciətə təkrar baxılır və sertifikatın verilməsi və ya verilməsindən imtina edilməsi barədə bu Qaydalara uyğun olaraq qərar qəbul edilir. İstismarçı planı vaxtında icra etmədikdə müraciət baxılmamış saxlanılır.
6.9. Müfəttiş yoxlaması zamanı nöqsan aşkar edilmədikdə 3 (üç) il müddətinə Agentlik tərəfindən təsdiq edilmiş nümunəyə uyğun ərizəçiyə sertifikat təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
6.10. Tibb müəssisəsi aviasiya-tibbi müayinə və qiymətləndirmələrin aparılması istiqamətində tibbi fəaliyyət göstərməsi üçün kvalifikasiyalı tibb mütəxəssislərinə və normativ-texniki tələblərə uyğun tibb vasitələrinə malik olmalıdır.
6.11. Tibb müəssisələri risklərin qiymətləndirilməsi və idarə edilməsi yolu ilə uçuşların təhlükəsizliyini təmin edən idarəetmə sisteminə, o cümlədən müvafiq sistemə dair fəaliyyətin həyata keçirilməsi məqsədilə prosedur, təlimat və metodiki sənədlərə malik olmalıdır.
6.12. Tibb müəssisələrində aviasiya-tibbi müayinəyə və aviasiya tibbi qiymətləndirməyə aid bütün protokollar, qeydlər və sənədlər "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq saxlanılmalıdır.
6.13. Tibb müəssisələri aviasiya-tibbi müayinənin və aviasiya-tibbi qiymətləndirmənin keçirilməsi üçün prosedur, təlimat və metodiki sənədlərə malik olmalıdır.
6.14. Tibb müəssisəsinin aviasiya tibb mərkəzi sertifikatı Azərbaycan Respublikasında fəaliyyət göstərən tibb müəssisələrinə verilir.
6.15. Sertifikatı olmadan müəssisə tərəfindən mülki aviasiya sahəsində tibbi tələblərin təyin olunduğu şəhadətnamə və ya ixtisas qeydləri üçün müraciət edən aviasiya personalının aviasiya-tibbi müayinəsi və qiymətləndirilməsi aparıla bilməz.
6.16. Sertifikat sahibi tərəfindən sertifikatın üzərində hər hansı formada düzəlişlərin aparılmasına, o cümlədən sertifikatın başqa şəxsə verilməsinə yol verilmir.
6.17. Aviasiya tibb mərkəzi kimi sertifikatlaşdırılmış tibb müəssisəsi onun səlahiyyətlərinə təsir göstərə biləcək hallar, həmçinin sertifikat alınması üçün təqdim edilmiş sənədlərdə dəyişikliklər olduqda Agentliyə dərhal məlumat verməlidir.
6.18. Ləğv edilmiş sertifikatın əsli sertifikat ləğv edildiyi gündən 3 (üç) gün müddətində Agentliyə qaytarılmalıdır.
7. Aviasiya tibb mərkəzi kimi sertifikatlaşdırılmış tibb müəssisəsinin fəaliyyətinə nəzarətin həyata keçirilməsi
7.1. Aviasiya tibb mərkəzi kimi sertifikatlaşdırılmış tibb müəssisəsinə aid məlumatlar daimi olaraq Agentlikdə saxlanılmalıdır.
7.2. Agentlik aviasiya tibb mərkəzi kimi sertifikatlaşdırılmış tibb müəssisəsinin fəaliyyətinə Agentliyin təsdiq etdiyi illik yoxlama planına əsasən növbəti və növbədənkənar əsaslarla müfəttiş yoxlamaları vasitəsilə nəzarəti həyata keçirir. Növbəti yoxlama ildə bir dəfə keçirilir.
7.3. Agentlik aviasiya tibb mərkəzi kimi sertifikatlaşdırılmış tibb müəssisəsinin fəaliyyətinə və yoxlamalar zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasının gedişinə mütəmadi olaraq nəzarət edir.
7.4. Aşağıdakı hallarda Agentlik tərəfindən sertifikatın qüvvəsi məhdudlaşdırılır və ya dayandırılır:
7.4.1. sertifikat sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
7.4.2. sertifikat sahibi bu Qaydaların və digər normativ hüquqi aktların tələblərinə cavab vermədikdə;
7.4.3. müfəttiş yoxlamaları zamanı aşkar edilmiş nöqsanlar aradan qaldırılmadıqda;
7.4.4. sertifikat sahibi tibb müəssisələrinin akkreditasiyasından keçə bilmədikdə;
7.4.5. sertifikat sahibi tərəfindən yoxlamaların aparılmasına maneə yaradıldıqda.
7.5. Agentlik tərəfindən sertifikatın qüvvəsi məhdudlaşdırıldıqda və ya dayandırıldıqda sertifikat sahibinə buna əsas verən hallar və sertifikatın qüvvəsinin məhdudlaşdırıldığı və ya dayandırıldığı müddət, sertifikatın qüvvəsinin məhdudlaşdırılmasına və ya dayandırılmasına əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər, o cümlədən məhdudlaşdırılma və ya dayandırılma müddətində həmin halların aradan qaldırılmamasının nəticəsi barədə yazılı məlumat verilməlidir.
7.6. Agentlik aşağıdakı hallarda sertifikatı ləğv edir:
7.6.1. müvafiq tibbi fəaliyyətlə məşğul olmaq üçün tibb müəssisəsinin lisenziyası ləğv edildikdə;
7.6.2. məhkəmənin müvafiq qərarı olduqda;
7.6.3. sertifikat sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə.
8. Heyət üzvünün vəzifəsinin icrası ilə əlaqədar aviasiya tibb mərkəzi kimi sertifikatlaşdırılmış tibb müəssisəsinə və ya aviasiya tibb ekspertinə müraciət etdiyi hallar
8.1. Heyət üzvü qismində şəhadətnamə sahibləri vəzifələrinin icrası ilə əlaqədar şəhadətnamənin imtiyazlarından təhlükəsiz şəkildə yararlanmasına maneə ola biləcək xəstəliyi və ya sağlamlığı ilə bağlı hər hansı vəziyyəti barədə xəbərdar olduqda, şəhadətnamənin imtiyazlarından təhlükəsiz şəkildə yararlanmasına təsir edə bilən təyin olunmuş və ya olunmamış dərman vasitələrinin qəbulu və ya istifadəsi zamanı, həmçinin uçuşların təhlükəsizliyinə təhdid yaradacaq hər hansı tibbi, cərrahi və digər müdaxilələrə məruz qaldıqda şəhadətnamənin, ixtisas qeydlərinin və ya sertifikatın imtiyazlarından istifadə edə bilməzlər.
8.2. Heyət üzvü hər hansı gecikməyə yol vermədən, vəzifəsinin icrası ilə əlaqədar şəhadətnamənin imtiyazlarından istifadə etməzdən əvvəl aşağıdakı hallarda məsləhət üçün aviasiya tibb mərkəzi kimi sertifikatlaşdırılmış tibb müəssisələrinə və ya aviasiya tibb ekspertinə müraciət etməlidir:
8.2.1. cərrahi müdaxiləyə və ya invaziv müalicəyə məruz qaldıqda;
8.2.2. hər hansı dərman vasitəsinin müntəzəm istifadəsinə başladıqda;
8.2.3. şəhadətnamənin imtiyazlarından yararlanmasına maneə olan hər hansı əhəmiyyətli zədəyə məruz qaldıqda;
8.2.4. şəhadətnamənin imtiyazlarından yararlanmasına maneə olan hər hansı əhəmiyyətli xəstəlikdən əziyyət çəkdikdə;
8.2.5. hamilə olduqda;
8.2.6. xəstəxana və ya tibbi klinikaya qəbul olunduqda;
8.2.7. görmə itiliyinin korreksiyası ilk dəfə tələb olunduqda.
8.3. Bu Qaydaların 8.2-ci bəndində nəzərdə tutulmuş hallarda heyət üzvü aviasiya tibb mərkəzi olaraq sertifikatlaşdırılmış tibb müəssisəsinə və ya aviasiya tibb ekspertinə müraciət edərək məsləhət almalıdır. Aviasiya tibb mərkəzi kimi sertifikatlaşdırılmış tibb müəssisəsi və ya aviasiya tibb eksperti müvafiq heyətin tibbi yararlılığını qiymətləndirərək onların şəhadətnamənin imtiyazlarından istifadə etməsi ilə bağlı peşəyə yararlı olub-olmadıqları barədə qərar verməlidir. ___________________________________________