Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 8 " aprel tarixli 102 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları"nın (bundan sonra — Qaydalar) 14.4-cü bəndinə, "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyaya Əlavə 17-yə (bundan sonra - Konvensiyaya Əlavə 17) və Beynəlxalq Mülki Aviasiya Təşkilatının "Doc 8973, aviasiya təhlükəsizliyi üzrə Təlimat"ına uyğun olaraq hazırlanmışdır və aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığına dair tələbləri müəyyən edir.
1.2. Bu Qaydada aviasiya təhlükəsizliyinin təmini sahəsində personal dedikdə hava limanının istismarçısının, hava gəmisinin istismarçısının, yerüstü xidmət təminatçısının, bort ehtiyatları (qida) ilə təchiz edən təşkilatın, hava gəmisində təmizlik işləri ilə məşğul olan təşkilatın, hava gəmisinə texniki xidmət göstərən təşkilatın, hava hərəkətini idarəetmə xidmətinin, hava limanında (aeroportda) fəaliyyət göstərən hüquq mühafizə orqanlarının əməkdaşları (bundan sonra — personal) nəzərdə tutulur.
1.3. Aviasiya təhlükəsizliyinin təmin edilməsində bilavasitə iştirak edən idarə, müəssisə və təşkilatların, habelə aviasiya təhlükəsizliyinin təmin edilməsində bilavasitə iştirak etməyən, lakin hava limanları (aeroportlar) və aerodromların təhlükəsizlik zonalarına buraxılışı olan digər idarə, müəssisə və təşkilatların personalının aviasiya təhlükəsizliyi üzrə hazırlığa cəlb edilməsi məcburidir.
1.4. Bu Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra — Aviasiya Agentliyi) tərəfindən həyata keçirilir.
1.5. Bu Qayda ilə tənzimlənməyən məsələlər "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun), Konvensiyaya Əlavə 17-yə və Qaydalara uyğun olaraq həyata keçirilir.
1.6. Bu Qaydada istifadə olunan anlayışlar Qanun, Konvensiyaya Əlavə 17 və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2. Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığının təşkili üzrə səlahiyyətli orqanlar və tədris mərkəzləri
2.1. Aviasiya Agentliyinin aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığının təşkili üzrə vəzifələri aşağıdakılardır:
2.1.1. tədris prosesinin metodiki, texniki və personalın hazırlıq səviyyəsi sahəsində yoxlamalar aparılmaqla bu Qaydanın tələblərinin yerinə yetirilməsini təmin etmək;
2.1.2. bu Qaydanın müddəalarının təkmilləşdirilməsinə dair təkliflər vermək;
2.1.3. aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı üzrə təlim kurslarının təşkilinə və onların keçirilməsinə nəzarət etmək;
2.1.4. personala tövsiyələr vermək və metodiki kömək göstərmək;
2.1.5. Beynəlxalq Mülki Aviasiya Təşkilatının və Avropa Mülki Aviasiya Konfransının üzvü olan dövlətlərlə aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı ilə bağlı informasiya mübadiləsinin aparılmasını təmin etmək;
2.1.6. aviasiya təhlükəsizliyinin təmini sahəsi üzrə aviasiya tədris mərkəzlərinin sertifikatlaşdırılmasını həyata keçirmək;
2.1.7. bu Qaydanın 2.2.2-ci və 2.3.1-ci yarımbəndləri ilə müəyyən edilmiş personalın hazırlığı üzrə proqramları təsdiq etmək.
2.2. Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın ilkin və təkrar hazırlığının təşkili üzrə tədris mərkəzlərinin (bundan sonra - tədris mərkəzləri) vəzifələri aşağıdakılardır:
2.2.1. aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı üzrə tədris prosesini təşkil etmək;
2.2.2. personalın hazırlığı üzrə proqramları hazırlamaq və təsdiq edilməsi üçün Aviasiya Agentliyinə təqdim etmək;
2.2.3. aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində təlim keçmiş və sertifikat almış personalın qeydiyyatını aparmaq;
2.2.4. tədris prosesində müasir avtomatlaşdırılmış metodların və qabaqcıl təcrübələrin tətbiqini təşkil etmək, tədris prosesinin maddi-texniki bazasını yaratmaq və inkişaf etdirmək.
2.3. Personalın aid olduğu müvafiq orqanın (qurumun), yaxud təşkilatın vəzifələri aşağıdakılardır:
2.3.1. aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı üzrə proqramı hazırlamaq, təsdiq edilməsi üçün Aviasiya Agentliyinə təqdim etmək və həmin proqramın həyata keçirilməsini təmin etmək;
2.3.2. aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı üzrə illik təlim planını hazırlamaq, təsdiq etmək və həyata keçirilməsi üçün tədris mərkəzlərinə göndərmək;
2.3.3. aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın ilkin hazırlığa və təkrar hazırlığa dair məlumatlarının qeydiyyatını aparmaq.
2.4. Hazırlığa cəlb edilmiş personalın sayı onların aid olduğu müvafiq orqanın (qurumun), yaxud təşkilatın rəhbəri tərəfindən müəyyən edilir.
2.5. İş yerindən (xidmətdən) ayrılmadan iş (xidmət) yerində hazırlığın keçirilməsini, iş yerindən (xidmətdən) ayrılmaqla tədris mərkəzlərinə ezam olunmasını personalın aid olduğu müvafiq orqanın (qurumun), yaxud təşkilatın rəhbəri təmin etməlidir.
3. Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlıq prosesinin təşkili
3.1. Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı iş yerindən (xidmətdən) ayrılmadan iş (xidmət) yerində və ya iş yerindən (xidmətdən) ayrılmaqla tədris mərkəzlərində keçirilir.
3.2. Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın iş yerindən (xidmətdən) ayrılmadan hazırlığı təcrübəli mütəxəssislərin rəhbərliyi ilə personalın bilavasitə iş (xidmət) yerində həyata keçirilir.
3.3. Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın iş yerindən (xidmətdən) ayrılmaqla hazırlığı Azərbaycan Respublikasında fəaliyyət göstərən Aviasiya Agentliyi tərəfindən sertifikatlaşdırılmış tədris mərkəzlərində, həmçinin xarici ölkələrdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının, Avropa Mülki Aviasiya Konfransının və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədris mərkəzlərində həyata keçirilir.
3.4. Aviasiya təhlükəsizliyinin təmini sahəsində hazırlığa cəlb edilən personalın dairəsi, onların cəlb olunacağı kursların siyahısı, keçirilməsinin müntəzəmliyi, nəzərdə tutulmuş modullar və onlara ayrılan saatların miqdarı Aviasiya Agentliyi tərəfindən müəyyən edilir və personalın aid olduğu müvafiq orqana (quruma), yaxud təşkilata və tədris mərkəzlərinə göndərilir.
3.5. Hazırlığın təşkili zamanı personalın aid olduğu müvafiq orqanın (qurumun), yaxud təşkilatın fəaliyyət istiqamətləri, işin (xidmətin) xüsusiyyətləri və aviasiya təhlükəsizliyinin təmini sahəsində normativ hüquqi aktlarla müəyyən edilmiş tələblər nəzərə alınmalıdır.
3.6. Aviasiya təhlükəsizliyi üzrə hazırlıq instruktorlar və tədris mərkəzlərinin tədris verənləri tərəfindən aparılır.
4. Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığının növləri
4.1. Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığının növləri aşağıdakılardır:
4.1.1. aviasiya təhlükəsizliyi üzrə ilkin təlimatlandırma;
4.1.2. iş (xidmət) yerində hazırlıq;
4.1.3. ilkin hazırlıq;
4.1.4. təkrar hazırlıq.
4.2. Aviasiya təhlükəsizliyi üzrə ilkin təlimatlandırma:
4.2.1. işə (xidmətə) yeni başlayan personala iş (xidmət) yerlərinə buraxılış vərəqələri verildikdə aparılır;
4.2.2. personalın aid olduğu müvafiq orqan (qurum), yaxud təşkilatın rəhbərinin əmri ilə təyin edilmiş və aviasiya təhlükəsizliyi sahəsində ən azı 2 (iki) il təcrübəsi olan və ya instruktor sertifikatına malik olan mütəxəssislər tərəfindən keçirilir;
4.2.3. personalın iş (xidmət) xüsusiyyəti nəzərə alınmaqla hazırlanmış və personalın aid olduğu müvafiq orqan (qurum), yaxud təşkilatın rəhbəri tərəfindən müəyyən edilmiş yaddaş kitabçası əsasında keçirilir;
4.2.4. aviasiya təhlükəsizliyi üzrə ilkin təlimatlandırmanın nəticələrinin personalın aid olduğu müvafiq orqan (qurum), yaxud təşkilat tərəfindən kağız daşıyıcıda və (və ya) elektron qaydada qeydiyyatı aparılır.
4.3. İş (xidmət) yerində hazırlıq:
4.3.1. hava limanının (aeroportun) aviasiya təhlükəsizliyinin təmini sistemi üzrə məlumatların personalın nəzərinə çatdırılması və praktiki vərdişlərin formalaşdırılması məqsədilə təcrübəli mütəxəssislərin rəhbərliyi ilə standart fəaliyyət prosedurlarının iş (xidmət) yerində, iş yerindən (xidmətdən) ayrılmadan öyrənilməsidir;
4.3.2. iş (xidmət) yerində hazırlıq giriş və cari hazırlıqlardan ibarət olmaqla, personal üçün iş yerindən (xidmətdən) ayrılmadan aviasiya təhlükəsizliyi sahəsində ən azı 2 (iki) il təcrübəsi olan və ya instruktor sertifikatına malik olan mütəxəssislər tərəfindən keçirilir;
4.3.3. ixtisasa giriş hazırlığı işə (xidmətə) yeni başlayan əməkdaşlara şamil olunur;
4.3.4. ixtisasa girişi təmin etmək məqsədilə personalın aid olduğu müvafiq orqan (qurum), yaxud təşkilatın rəhbəri tərəfindən müəyyən edilmiş hazırlıq üzrə proqram əsasında işə (xidmətə) yeni başlayan əməkdaşlara ən azı 10 (on) günlük ixtisasa giriş dərsləri təşkil olunur;
4.3.5. personalın iş (xidmət) yerində cari hazırlığı onların aid olduğu müvafiq orqan (qurum), yaxud təşkilatın rəhbəri tərəfindən müəyyən edilmiş hazırlıq üzrə proqram əsasında, il ərzində həcmi 40 (qırx) saatdan az olmayaraq keçirilən dərslər şəklində təşkil olunur;
4.3.6. iş (xidmət) yerində cari hazırlıq personalın bilik, bacarıq və vərdişlərinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilir, habelə personala aviasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı yeni metodlar və mütərəqqi təcrübə haqqında müntəzəm olaraq məlumatlar verilir, son hadisələrin təhlili üzərində böhran vəziyyətlərində davranış bacarıqları inkişaf etdirilir;
4.3.7. iş (xidmət) yerində cari hazırlıq çərçivəsində personalın fəaliyyətinin xüsusiyyətlərinə uyğun olaraq hazırlıq ərzində keçiriləcək modullar, onların keçirilmə üsulları, yeri, müddəti və s. göstərilməklə illik təlim planı hazırlanır və təlim günlərində tədris edilir;
4.3.8. iş (xidmət) yerində cari hazırlıq çərçivəsində hazırlıq üzrə proqramın müntəzəmliyi, müddəti və dərs saatlarının bölgüsü personalın aid olduğu müvafiq orqan (qurum), yaxud təşkilat tərəfindən müəyyən edilir;
4.3.9. iş (xidmət) yerində hazırlığın növləri üzrə personalın bilik, bacarıq və vərdişlərinin daxili qiymətləndirilməsi personalın aid olduğu müvafiq orqan (qurum), yaxud təşkilatın müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir.
4.4. Aviasiya təhlükəsizliyinin təmini sahəsində ilkin hazırlığın əsas məqsədi personalın yalnız xidməti vəzifələri ilə bağlı məsələlər üzrə hazırlıq keçməsindən ibarətdir.
4.5. İlkin hazırlıq:
4.5.1. işə (xidmətə) yeni başlayan əməkdaşlar üçün tədris mərkəzlərində ilkin hazırlığa dair təlim kursları təşkil olunur və bu kurslar icra edilməsi nəzərdə tutulmuş funksiya və vəzifələri əhatə edir;
4.5.2. ilkin hazırlıq üzrə təlim kurslarının tədrisi auditoriya dərsləri və praktiki məşğələlər formasında keçirilir;
4.5.3. ilkin hazırlığı uğurla keçmiş personal iş funksiyalarını (xidməti vəzifələrini) yerində tam mənimsəmək üçün fəaliyyətdə (xidmətdə) təcrübəli işçilərin nəzarəti altında ən azı 5 (beş) iş günü ərzində birlikdə işləməlidirlər;
4.5.4. ilkin hazırlıq keçdikdən sonra personalda peşə bacarıqlarının və vərdişlərin inkişaf etdirilməsi, onların fəaliyyətinin daimi qiymətləndirilməsi üzrə işlər mütəmadi olaraq davam etdirilməlidir.
4.6. Təkrar hazırlıq:
4.6.1. ilkin hazırlıqdan sonra personal bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq, müntəzəm olaraq təkrar hazırlığa cəlb edilir;
4.6.2. təkrar hazırlıqda aviasiya təhlükəsizliyinin təmini sahəsində mövcud problemlər, aviasiya təhlükəsizliyi üzrə qaydalarda və prosedurlarda edilmiş dəyişikliklər, həmçinin baxış və mühafizə üçün nəzərdə tutulmuş müasir texniki avadanlıqlar barədə yeni məlumatlar verilir.
5. Biliklərin qiymətləndirilməsinə dair ümumi tələblər
5.1. İlkin hazırlıq və təkrar hazırlıq keçmiş personalın təlimin bütün aspektləri üzrə qiymətləndirməsi keçirilir.
5.2. Nəzəri biliklər üzrə qiymətləndirilmə təlimin məzmununa əsaslanan test suallarından ibarət olmalıdır.
5.3. Praktiki vərdiş və bacarıqlar üzrə qiymətləndirilmə tədris mərkəzləri tərəfindən personalın iş funksiyalarına (xidməti vəzifələrinə) dair aviasiya təhlükəsizliyi üzrə avadanlıqlardan istifadə etmək, habelə yoxlama prosedurlarını düzgün yerinə yetirmək bacarığının yoxlanılması məqsədilə həyata keçirilir.
5.4. Nəzəri biliklərin qiymətləndirilməsi üzrə imtahanın test suallarının sayı hazırlığın müddətindən və tədris edilən mövzulardan asılı olaraq tədris mərkəzləri tərəfindən müəyyən edilir. İmtahan üçün suallar instruktorlar tərəfindən hazırlanır.
5.5. Nəzəri biliklərin qiymətləndirilməsinin nəticələri imtahan vərəqələrində qeyd olunur və instruktor tərəfindən imzalanır.
5.6. Nəzəri biliklərin qiymətləndirilməsi üzrə imtahanda minimal keçid balını toplamaq üçün düzgün cavabların sayı sualların ən azı 80 (səksən) faizini təşkil etməlidir.
5.7. Praktiki vərdiş və bacarıqların qiymətləndirilməsi üzrə imtahanda personalın iş funksiyalarına (xidməti vəzifələrinə) dair aviasiya təhlükəsizliyi üzrə avadanlıqlardan istifadə olunduqda, habelə yoxlama prosedurlarının yerinə yetirilməsi düzgün təmin edildikdə nəticə uğurlu hesab olunur.
5.8. Hər bir hazırlıq üçün bu Qaydanın 5.6-cı və 5.7-ci bəndlərində nəzərdə tutulmuş nəticəni əldə edə bilməyən personalın təkrar qiymətləndirilməsi müvafiq imtahana uyğun olaraq ən azı 3 (üç) gündən sonra aparılmalıdır.
5.9. Hər bir hazırlıq üçün bu Qaydanın 5.6-cı və 5.7-ci bəndlərində nəzərdə tutulmuş nəticəni əldə edə bilməyən personalın biliklərinin 2 (iki) dəfə təkrar qiymətləndirilməsinə icazə verilir. Personal 2 (iki) dəfə təkrar qiymətləndirilmə zamanı uğurlu nəticə əldə edə bilmədikdə təkrar hazırlığa cəlb olunur.
5.10. Bu Qaydanın 5.1-ci bəndi ilə müəyyən edilmiş imtahanların müsbət nəticələrinə əsasən personala sertifikat təqdim olunur.
6. Hazırlıq prosesinə aid məlumatların qeydiyyatı
6.1. Personalın aid olduğu müvafiq orqan (qurum), yaxud təşkilatda və tədris mərkəzlərində personalın hazırlıq prosesinə aid məlumatların qeydiyyatı aparılmalıdır.
6.2. Personalın hazırlıq prosesinə aid məlumatların qeydiyyatı bu Qaydanın əlavəsindəki formaya uyğun tərtib edilərək personalın aid olduğu müvafiq orqan (qurum), yaxud təşkilatda və tədris mərkəzlərində 5 (beş) ildən az olmayaraq saxlanılmalıdır.
"Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı Qaydası"na əlavə Hazırlıq prosesinə aid məlumatların qeydiyyatı Sıra №-si Personalın soyadı, adı, atasının adı Personalın tutduğu vəzifə Aviasiya təhlükəsizliyinin təmini sahəsində fəaliyyətə (xidmətə) başladığı tarix Keçdiyi hazırlığın növü (tarixi və müddəti) İnstruktorun soyadı, adı, imzası Hesabat Qiymətləndirmə prosesində əldə olunan nəticə (o cümlədən uğurla keçdiyi halda sertifikat məlumatları)
1.
2.
3. _____________________________________