AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiyanın (qərargahın) fəaliyyəti Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2004-cü il 19 iyul tarixli 90 nömrəli, "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" 2005-ci il 19 yanvar tarixli 175 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 11 aprel tarixli 2096 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiyanın (qərargahın) fəaliyyəti Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər. Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 28 sentyabr 2024-cü il № 444
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 28 sentyabr tarixli 444 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiyanın (qərargahın) fəaliyyəti QAYDASI
1. Ümumi müddəalar 1.1. Bu Qayda "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 2-3.3-cü maddəsinə əsasən hazırlanmışdır və sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiyanın (qərargahın) (bundan sonra - komissiya (qərargah) fəaliyyətinin təşkilati və hüquqi əsaslarını müəyyən edir.
1.2. Komissiya (qərargah) sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin təxirə salınmadan və qarşılıqlı əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə yaradılır. 1.3. Komissiya (qərargah) öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Qanunu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Qaydanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını rəhbər tutur. 1.4. Komissiya (qərargah) sosial xarakterli fövqəladə mühit rejimi Azərbaycan Respublikasının bütün ərazisində tətbiq edildiyi halda Bakı şəhərində, ayrı-ayrı yerlərdə tətbiq edildiyi hallarda isə tətbiq olunduğu və ya mövcud vəziyyətdən asılı olaraq yaxınlıqdakı ərazilərdə yerləşir. 1.5. Komissiyanın (qərargahın) fəaliyyətinin maliyyələş- dirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 1.6. Bu Qaydada istifadə olunan anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2. Komissiyanın (qərargahın) fəaliyyət istiqamətləri
2.1. Komissiyanın (qərargahın) fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinin təşkili və təmin edilməsi;
2.1.2. sosial xarakterli fövqəladə mühitin kəskinləşməsinin qarşısının alınması və əhalinin qorunması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi;
2.1.3. sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması məqsədilə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi, birgə tədbirlərin planlaş-dırılması;
2.1.4. sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edilmiş ərazidə mövcud vəziyyətin qiymətləndirilməsi, bu sahədə monitorinqlərin və təhlillərin aparılması. 3. Komissiyanın (qərargahın) vəzifələri
3.1. Komissiyanın (qərargahın) vəzifələri aşağıdakılardır:
3.1.1. sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin tətbiqinə dair qərarlar qəbul etmək, həmin tədbirlərin həyata keçirilməsini təşkil və təmin etmək;
3.1.2. sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqinə əsas olmuş halların aradan qaldırılması məqsədilə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini və birgə tədbirlərin planlaşdırılmasını təmin etmək, onların arasında operativ və səmərəli məlumat mübadiləsini təşkil etmək;
3.1.3. zərərçəkmiş şəxslərə kömək göstərilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmək;
3.1.4. Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edilən ərazidə görülən zəruri təhlükəsizlik tədbirləri haqqında tam və obyektiv məlumat vermək;
3.1.5. sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması məqsədilə "Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq buraxılmış dövlət ehtiyatlarının təyinatı üzrə istifadəsini təmin etmək və buna nəzarəti həyata keçirmək;
3.1.6. sosial xarakterli fövqəladə mühitin aradan qaldırılmasına cəlb edilən dövlət ehtiyatlarının istifadəsinə dair məlumatı Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə təqdim etmək;
3.1.7. qanunlarla, həmçinin Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4. Komissiyanın (qərargahın) hüquqları
4.1. Komissiyanın (qərargahın) hüquqları aşağıdakılardır:
4.1.1. sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət orqanlarından (qurumlarından) zəruri məlumatları almaq və görülən işləri təhlil etmək;
4.1.2. sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edilməsinə əsas olmuş halları qiymətləndirmək və aparılan təhlillər əsasında təkliflər hazırlamaq;
4.1.3. Azərbaycan Respublikasının dövlət orqanlarından (qurumlarından), yerli özünüidarəetmə orqanlarından, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin vəzifəli şəxslərindən, Azərbaycan Respublikasının vətəndaşlarından, Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edildiyi zaman müəyyən edilmiş davranış qaydalarına riayət etməyi, onlara tapşırılmış vəzifələri vaxtında yerinə yetirməyi, sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üçün görülən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsinə zəruri hallarda yardım göstərməyi tələb etmək;
4.1.4. daxil olmuş müraciətlərin hərtərəfli və obyektiv araşdırılması üçün zəruri sənədlər (məlumatlar) barədə dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğular göndərmək və onlardan belə sənədləri (məlumatları) almaq;
4.1.5. sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqinə əsas olmuş halların aradan qaldırılması məqsədilə zəruri olduqda ekspertləri və dövlət orqanlarının (qurumlarının) və hüquqi şəxslərin mütəxəssislərini cəlb etmək;
4.1.6. sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üçün zəruri olan dövlət ehtiyatlarının buraxılmasına dair Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə müraciət etmək;
4.1.7. qanunlarla, həmçinin Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək. 5. Komissiyanın (qərargahın) fəaliyyətinin təşkili
5.1. Qanunun 2-3.3-cü maddəsinə əsasən komissiya (qərargah) sosial xarakterli fövqəladə mühit rejimi Azərbaycan Respublikasının bütün ərazisində tətbiq edildiyi halda Azərbaycan Respublikasının Prezidenti, ayrı-ayrı yerlərdə tətbiq edildiyi hallarda isə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət tərkibdə yaradılır və onun rəhbəri müəyyən edilir.
5.2. Komissiyanın (qərargahın) iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətli hesab edilir.
5.3. Komissiyanın (qərargahın) iclasları həftədə bir
dəfədən az olmayaraq keçirilir. Əlavə iclaslar mövcud vəziyyətdən asılı olaraq komissiyanın (qərargahın) rəhbəri tərəfindən çağırıla bilər.
5.4. Komissiyanın (qərargahın) fəaliyyətinin təşkili Katiblik tərəfindən həyata keçirilir. Katibliyin tərkibi, o cümlədən onun rəhbəri komissiyanın (qərargahın) qərarı ilə təsdiq edilir.
5.5. Komissiyanın (qərargahın) gündəlik fəaliyyətinin təmin edilməsi məqsədilə tədbirlər planı tərtib olunur və komissiyanın (qərargahın) qərarı ilə təsdiq edilir.
5.6. Komissiyanın (qərargahın) iclaslarının nəticələri protokollaşdırılır və baxılan məsələlər barədə qərarlar qəbul edilir.
5.7. Komissiyanın (qərargahın) qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledici hesab edilir.
5.8. Komissiyanın (qərargahın) qəbul etdiyi qərarlar mediada yayımlanır və digər kommunikasiya vasitələrinin köməyi ilə rəsmi yayılması yolu ilə ümumi diqqətə çatdırılır.
5.9. Komissiyanın (qərargahın) qəbul etdiyi qərarların sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edilmiş ərazidə dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin vəzifəli şəxsləri, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən icrası məcburidir.
5.10. Komissiyanın (qərargahın) rəhbəri:
5.10.1. komissiyanın (qərargahın) fəaliyyətini təşkil edir və onun fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir;
5.10.2. komissiyanın (qərargahın) üzvləri arasında səlahiyyət bölgüsünü aparır;
5.10.3. sosial xarakterli fövqəladə mühit tətbiq edilən ərazidə həmin fövqəladə mühitin aradan qaldırılması, o cümlədən zərər çəkmiş şəxslərə kömək göstərilməsi üçün zəruri tədbirləri təşkil edir və bu işlərə rəhbərlik edir;
5.10.4. komissiyanın (qərargahın) iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslara sədrlik edir;
5.10.5. komissiyanın (qərargahın) iclaslarında qəbul edilən qərarları, iclas protokollarını və komissiyanın (qərargahın) fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;
5.10.6. Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edilən ərazidə mütəmadi olaraq sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqinə əsas olmuş hallar barədə, eləcə də mövcud vəziyyət və həmin fövqəladə mühitin aradan qaldırılması məqsədilə görülmüş işlər, habelə görülən zəruri təhlükəsizlik tədbirləri haqqında məlumat verilməsini təşkil edir;
5.10.7. komissiyanı (qərargahı) təmsil edir;
5.10.8. qanunlarla, həmçinin Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir və hüquqlardan istifadə edir.
5.11. Komissiyanın (qərargahın) rəhbəri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini komissiyanın (qərargahın) üzvləri sırasından komissiyanın (qərargahın) rəhbəri tərəfindən müəyyən edilən şəxs icra edir. 5.12. Komissiyanın (qərargahın) üzvlərinin səlahiyyətləri aşağıdakılardır:
5.12.1. komissiyanın (qərargahın) səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edir və komissiyanın (qərargahın) iclasında baxılması üçün təkliflər verirlər;
5.12.2. komissiyanın (qərargahın) iclasının gündəliyi və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
5.12.3. komissiya (qərargah) tərəfindən qəbul ediləcək qərar layihələrinə münasibət bildirirlər;
5.12.4. komissiyanın (qərargahın) qərarları, iclas protokolları və digər sənədləri ilə tanış olurlar;
5.12.5. komissiya (qərargah) tərəfindən qəbul edilən qərarların icrasını təmsil etdikləri dövlət orqanlarında (qurumlarında) təmin edirlər.
5.13. Katiblik komissiyanın (qərargahın) fəaliyyətinin təşkili ilə bağlı aşağıdakı işləri görür:
5.13.1. komissiyanın (qərargahın) kargüzarlıq işlərini aparır, qərar layihələrini, iclas protokollarını və komissiyanın (qərargahın) fəaliyyəti ilə bağlı digər sənədləri tərtib edir və komissiyanın (qərargahın) rəhbərinə təqdim edir;
5.13.2. komissiyanın (qərargahın) üzvlərinə və komissiyanın (qərargahın) iclasına dəvət olunmuş şəxslərə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 1 (bir) gün qalmış zəruri sənədlər əlavə edilməklə məlumat verir;
5.13.3. komissiyanın (qərargahın) qəbul etdiyi qərarların həyata keçirilməsi üçün zəruri tədbirlər görür;
5.13.4. komissiyaya (qərargaha) daxil olan sorğuların (müraciətlərin) cavablandırılmasını və ya aidiyyəti üzrə göndərilməsini təmin edir;
5.13.5. komissiyanın (qərargahın) üzvlərinin komissiyanın (qərargahın) fəaliyyətinə dair rəy və təkliflərini qəbul edir və onları komissiyanın (qərargahın) rəhbərinə təqdim edir;
5.13.6. komissiyanın (qərargahın) qərarlarının və tədbirlər planının icrasına nəzarət edir;
5.13.7. komissiyanın (qərargahın) qərarlarının və tədbirlər planının icrası ilə bağlı hesabatların təqdim edilməsi forması və qaydasına dair təkliflər hazırlayaraq komissiyanın (qərargahın) rəhbərinə təqdim edir;
5.13.8. komissiyanın (qərargahın) fəaliyyətinin təşkili ilə bağlı digər işləri həyata keçirir. 6. Yekun müddəalar
6.1. Komissiya (qərargah) Qanunun 2-2.3-cü maddəsində nəzərdə tutulan normativ hüquqi aktın ləğv edilməsi ilə fəaliyyətini yekunlaşdırır.
6.2. Komissiya (qərargah) ləğv edildikdən sonra onun fəaliyyət göstərdiyi müddətdə hazırlanmış, əldə olunmuş sənədlər və məlumatlar komissiyanın (qərargahın) rəhbərinin təmsil etdiyi dövlət orqanında (qurumunda) saxlanılır. __________________ №-li nüsxə