AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2004-cü il 19 iyul tarixli 90 nömrəli, "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" 2005-ci il 19 yanvar tarixli 175 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 11 aprel tarixli 2096 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər. Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 28 sentyabr 2024-cü il № 445
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 28 sentyabr tarixli 445 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 2-3.6-cı maddəsinə əsasən hazırlanmışdır və sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin (bundan - sonra sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlər) növləri və həyata keçirilməsi qaydasını müəyyən edir.
1.2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıran tədbirlər istisna olmaqla, sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması, o cümlədən zərər çəkmiş şəxslərə kömək göstərilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir.
1.3. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlər Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Qanuna, bu Qaydaya və digər normativ hüquqi aktlara uyğun olaraq, yaranmış fövqəladə mühitin kəskinliyindən irəli gələn hədlər çərçivəsində həyata keçirilir.
1.4. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.
1.5. Bu Qaydada istifadə olunan anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri
2.1. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin aşağıdakı növləri vardır:
2.1.1. qəza-xilasetmə və digər təxirəsalınmaz işlər;
2.1.2. təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi;
2.1.3. ilkin zəruri təmir-bərpa işləri;
2.1.4. ictimai asayişin qorunması;
2.1.5. əhalinin təxliyəsi və daimi məskunlaşdırma məsələləri həllini tapanadək müvəqqəti sığınacaqla təmin edilməsi;
2.1.6. sanitariya-gigiyena tədbirləri və epidemiya (epizootiya) əleyhinə tədbirlər;
2.1.7. ərazilərin və su tutumlarının (rezervuarlarının) zərərsizləşdirilməsi;
2.1.8. əhalinin ilkin həyat təminatı üçün tədbirlər;
2.1.9. xəbərdar etmə və maarifləndirmə.
3. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi
3.1. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiya (qərargah) (bundan sonra - komissiya (qərargah) yaradıldıqdan dərhal sonra komissiyanın (qərargahın) rəhbəri onun iclasını çağırır və iclasda bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş tədbirlərdən hər hansı birinin və ya bir neçəsinin tətbiq edilməsinə dair komissiyanın (qərargahın) qərarı qəbul edilir.
3.2. Komissiyanın (qərargahın) qərarında tətbiq edilməsi zəruri hesab edilmiş sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirin növü (növləri), tətbiq edildiyi ərazi və müddəti, icraçı dövlət orqanları (qurumları), həmçinin bu Qaydada nəzərdə tutulmuş digər məsələlər barədə məlumatlar göstərilir.
3.3. Komissiya (qərargah) sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsini təşkil və təmin edir və aidiyyəti dövlət orqanlarının (qurmlarının) bu sahədə fəaliyyətini əlaqələndirir.
3.4. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə komissiyanın (qərargahın) tərkibinə daxil olan dövlət orqanları (qurumları) ilə yanaşı həmçinin, mövcud vəziyyətdən asılı olaraq, digər dövlət orqanları (qurumları), müstəqil ekspertlər və mütəxəssislər də cəlb edilə bilərlər.
3.5. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə cəlb edilmiş şəxslər bilavasitə komissiyanın (qərargahın) rəhbərinə tabedirlər.
3.6. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin icrasına məsul olan dövlət orqanları (qurumları) komissiyaya (qərargaha) işlərin gedişatı barədə mütəmadi məlumat verir və görülmüş işlərin nəticələrinə dair hesabat təqdim edirlər.
3.7. Dövlət orqanları (qurumları) sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin icrasını Qanunun və digər normativ hüquqi aktların tələblərinə riayət etməklə həyata keçirirlər.
3.8. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə cəlb edilmiş şəxslər:
3.8.1. onlara həvalə olunmuş vəzifələri komissiyanın (qərargahın) qərarlarına uyğun icra edir, öz fəaliyyətlərini digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqədə həyata keçirirlər;
3.8.2. sosial xarakterli fövqəladə mühitin tətbiq olunmasına əsas olmuş hallar nəticəsində zərər çəkmiş şəxslərin, o cümlədən ölən və yaralananların sayını müəyyənləşdirir və dərhal komissiyaya (qərargaha) bu barədə məlumat verirlər.
3.9. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsini qeyri-mümkün edən şərait yarandıqda (qarşısı alına bilməyən fövqəladə hadisə baş verdikdə və ya qarşısı alına bilməyən qüvvə mane olduqda və yaxud ictimai təhlükəsizliyə real təhlükə yarandıqda) belə tədbirlərin həyata keçirilməsi dayandırılır və bu barədə dərhal komissiyaya (qərargaha) məlumat verilir.
3.10. Əhalinin sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edilən ərazidə həyata keçirilən tədbirlər haqqında tam və obyektiv məlumatlandırılmasının təmin edilməsi məqsədilə komissiyanın (qərargahın) qaynar xətt xidməti yaradılır.
3.11. Dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin vəzifəli şəxsləri, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edildiyi zaman aşağıdakı əsas tələblərə riayət edilməlidir:
3.11.1. əhalinin sağlamlığına, əmlaka, ətraf mühitə zərər vurulmasına səbəb olan və ya səbəb ola biləcək hərəkətlərə yol verilməməli;
3.11.2. sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirləri həyata keçirən dövlət orqanlarının (qurumlarının) və komissiyanın (qərargahın) səlahiyyətli nümayəndələrinin tələblərinə əməl edilməli, onların işini çətinləşdirən hərəkətlərə yol verilməməli;
3.11.3. zəruri təhlükəsizlik tədbirlərinə əməl edilməli, tapşırılmış vəzifələr vaxtında yerinə yetirilməli, zəruri hallarda qəzaxilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsinə yardım göstərilməli;
3.11.4. normativ hüquqi aktların və komissiyanın (qərargahın) qərarlarının tələblərinə riayət edilməli. __________________