AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası"nın təsdiq edilməsi haqqında "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1098-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2010- cu il 1 oktyabr tarixli 331 nömrəli və "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" 2011-ci il 24 noyabr tarixli 537 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 aprel tarixli 33 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına, bələdiyyələrə və nizamnamələrinə əsasən məişət zorakılığının qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyrihökumət təşkilatlarına məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyətinə dəstək göstərilməsi tövsiyə edilsin. Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 30 iyul 2024-cü il № 367
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 367 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət QAYDASI 1. Ümumi müddəalar
1.1. Bu Qayda "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun 19-1.2-ci maddəsinə əsasən hazırlanmışdır və məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının (bundan sonra - monitorinq və əlaqələndirmə qrupları) fəaliyyət qaydasını müəyyən edir.
1.2. Monitorinq və əlaqələndirmə qrupları Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (bundan sonra — Komitə) və yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılır. Monitorinq və əlaqələndirmə qrupları ictimai əsaslarla fəaliyyət göstərir.
1.3. Komitə tərəfindən yaradılan monitorinq və əlaqələndirmə qrupunun tərkibinə Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Komitənin nümayəndələri daxil edilir.
1.4. Yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılan monitorinq və əlaqələndirmə qruplarının (bundan sonra — yerli monitorinq və əlaqələndirmə qrupları) tərkibinə Azərbaycan Respublikası Yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Ximətlər Agentliyinin yerli qurumlarının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarının, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyinin yerli bölmələrinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rayon (şəhər) polis şöbələrinin və tabe rayon (şəhər) prokurorluqlarının nümayəndələri daxil edilir.
1.5. Monitorinq və əlaqələndirmə qruplarının tərkibinə bələdiyyələrin və nizamnamələrinə əsasən məişət zorakılığının qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər daxil edilə bilər.
1.6. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatının və regional mərkəzlərinin nümayəndələri monitorinq və əlaqələndirmə qruplarının fəaliyyətində iştirak edə, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.3-1-ci və 13-3-cü maddələri ilə müəyyən edilmiş, müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi ilə bağlı zəruri məlumatları ala bilər.
1.7. Komitə monitorinq və əlaqələndirmə qruplarına metodoloji dəstək göstərir.
1.8. Monitorinq və əlaqələndirmə qrupları öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını, "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununu, bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları və bu Qaydanı rəhbər tuturlar.
2. Əsas anlayışlar
2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. monitorinq - bu Qaydanın 1.3-cü və 1.4-cü bəndlərində nəzərdə tutulan dövlət orqanlarının (qurumlarının) məişət zorakılığı hallarına qarşı cavab tədbirləri ilə bağlı məlumatların toplanılması, təhlil olunması, qiymətləndirilməsi və idarəetmənin effektivlik vəziyyətinin yoxlanılması;
2.1.2. əlaqələndirmə - bu Qaydanın 1.3-cü və 1.4-cü bəndlərində nəzərdə tutulan dövlət orqanlarının (qurumlarının) məişət zorakılığının qarşısının alınması sahəsində həyata keçirilməli olan cavab tədbirlərini əlaqələndirməklə onların hərtərəfli, çoxsahəli, sistematik və davamlı olmasına yönəlmiş ümumi səyləri;
2.1.3. məişət zorakılığı hallarına qarşı cavab tədbirləri — "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respubli- kasının Qanununda nəzərdə tutulan dövlət orqanları (qurumları) tərəfindən məişət zorakılığının qarşısının alınması sahəsində həyata keçirilən hüquqi, sosial xarakterli və qabaqlayıcı tədbirlərin məcmusudur.
2.2. Bu Qaydanın məqsədi üçün istifadə olunan digər anlayışlar "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan mənaları ifadə edir.
3. Monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət istiqamətləri
3.1. Monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət istiqamətləri aşağıdakılardır:
3.1.1. məişət zorakılığının qarşısının alınması sahəsində qurumlararası əlaqələndirmənin həyata keçirilməsi;
3.1.2. məişət zorakılığının qarşısının alınması sahəsində monitorinqin aparılması;
3.1.3. əhali arasında maarifləndirmə tədbirlərinin keçirilməsi;
3.1.4. məişət zorakılığından zərər çəkmiş şəxsin və onun himayəsində olan yetkinlik yaşına çatmayanların hüquqlarının və təhlükəsizliyinin təmin olunması.
4. Monitorinq və əlaqələndirmə qruplarının hüquqları və vəzifələri
4.1. Monitorinq və əlaqələndirmə qruplarının hüquqları aşağıdakılardır:
4.1.1. məişət zorakılığının qarşısının alınması sahəsində dövlət siyasətinin həyata keçirilməsinə və normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər vermək;
4.1.2. məişət zorakılığının qarşısının alınması sahəsində fəaliyyət planlarının, dövlət proqramlarının layihələrinin hazırlanmasında iştirak etmək;
4.1.3. məişət zorakılığının qarşısının alınması sahəsində görülmüş cavab tədbirlərinin monitorinqinin nəticələrinə dair tövsiyələr vermək;
4.1.4. məişət zorakılığı hallarına qarşı cavab tədbirləri barədə əhalinin maarifləndirilməsi üzrə tədbirlər həyata keçirmək.
4.2. Monitorinq və əlaqələndirmə qruplarının vəzifələri aşağıdakılardır:
4.2.1. məişət zorakılığının qarşısının alınması sahəsində qurumlararası əlaqələndirməni həyata keçirmək;
4.2.2. monitorinq və əlaqələndirmə qrupunun iclaslarını keçirmək;
4.2.3. monitorinq və əlaqələndirmə qrupunun üzvlərindən məişət zorakılığı halları ilə bağlı məlumatlar toplamaq;
4.2.4. məişət zorakılığının qarşısının alınması sahəsində monitoriq və əlaqələndirmə qrupunun üzvləri arasında açıq məlumatların mübadiləsini həyata keçirmək;
4.2.5. məişət zorakılığı hallarının qarşısının alınması ilə bağlı həyata keçirilmiş cavab tədbirlərinin monitorinqini aparmaq;
4.2.6. bu Qaydanın 1.3-cü və 1.4-cü bəndlərində nəzərdə tutulan dövlət orqanlarının (qurumlarının) məişət zorakılığının qarşısının alınması sahəsində fəaliyyət göstərən əməkdaşları üçün təlimlər təşkil etmək;
4.2.7. məişət zorakılığının qarşısının alınması sahəsində qeyrihökumət təşkilatları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək;
4.2.8. bu Qaydanın 1.6-cı bəndinə uyğun olaraq tələb olunduqda müvafiq məlumatları aidiyyəti üzrə təqdim etmək;
4.2.9. öz fəaliyyətləri ilə bağlı mütəmadi olaraq ictimaiyyəti məlumatlandırmaq.
4.3. Monitorinq və əlaqələndirmə qrupunun fəaliyyəti ilə bağlı qrupun üzvlərinə müvafiq qanunla əldə olunmasına məhdudiyyət qoyulan məlumatların mühafizəsi bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada həyata keçirilir.
5. Məişət zorakılığının qarşısının alınması sahəsində qurumlararası əlaqələndirmənin həyata keçirilməsi və görülmüş cavab tədbirlərinin monitorinqinin aparılması qaydası
5.1. Komitə tərəfindən yaradılan monitorinq və əlaqələndirmə qrupu məişət zorakılığının qarşısının alınması sahəsində görülmüş cavab tədbirlərinin monitorinqini aşağıdakı qaydada həyata keçirir:
5.1.1. yerli monitorinq və əlaqələndirmə qruplarından məişət zorakılığının qarşısının alınması sahəsində görülmüş cavab tədbirləri ilə bağlı məlumatların təqdim olunmasını sorğu edir, əldə edilmiş məlumatları təhlil edir, təhlilin nəticələrinə uyğun olaraq tövsiyələr verir;
5.1.2. yerli monitorinq və əlaqələndirmə qrupu tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxsin və onun himayəsində olan yetkinlik yaşına çatmayanların hüquqlarının və təhlükəsizliyinin təmin olunmasına dair qaldırılan məsələ ilə bağlı növbədənkənar iclas keçirir və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanlarına (qurumlarına) müraciət edir;
5.1.3. məişət zorakılığının qarşısının alınması sahəsində görülmüş cavab tədbirlərinin həyata keçirilməsi sahəsində bu Qaydanın 1.3-cü və 1.4-cü bəndlərində nəzərdə tutulan dövlət orqanlarının (qurumlarının) müvafiq istiqamətdə fəaliyyətlərinin təkmilləşdirilməsinə dəstək göstərir.
5.2. Yerli monitorinq və əlaqələndirmə qrupu Komitə tərəfindən yaradılan monitorinq və əlaqələndirmə qrupunun sorğusuna əsasən 7 (yeddi) iş günü müddətində məlumatları təqdim etməlidir.
5.3. Yerli monitorinq və əlaqələndirmə qrupu məişət zorakılığının qarşısının alınması sahəsində görülmüş cavab tədbirlərinin monitorinqini aşağıdakı qaydada həyata keçirir:
5.3.1. məişət zorakılığının qarşısının alınması sahəsində görülmüş cavab tədbirlərinə dair monitorinq və əlaqələndirmə qrupunun üzvlərindən məlumatlar toplayır;
5.3.2. məişət zorakılığı hallarından zərər çəkmiş şəxs yetkinlik yaşına çatmayan olduqda və ya məişət zorakılığına təkrar məruz qaldıqda hadisənin baş verməsi ilə bağlı məlumat aldıqdan dərhal sonra növbədənkənar iclas keçirir, görülmüş cavab tədbirlərini müzakirə edir və zərər çəkmiş şəxsin hüquqlarının müdafiəsi ilə bağlı əlavə tədbirlərin görülməsinə zərurət yarandığı halda aidiyyəti dövlət orqanlarına (qurumlarına) müraciət edir;
5.3.3. məişət zorakılığından zərər çəkmiş şəxsin və onun himayəsində olan yetkinlik yaşına çatmayanların hüquqlarının və təhlükəsizliyinin təmin olunması üçün müvafiq ərazidə mövcud yardım imkanları yetərli olmadığı təqdirdə Komitə tərəfindən yaradılan monitorinq və əlaqələndirmə qrupu qarşısında məsələ qaldırır.
6. Monitorinq və əlaqələndirmə qruplarının fəaliyyətinin təşkili
6.1. Monitorinq və əlaqələndirmə qrupları azı 9 nəfərdən ibarət tərkibdə təşkil edilir.
6.2. Monitorinq və əlaqələndirmə qrupları iki ildən bir yenidən təşkil edilir.
6.3. Komitə tərəfindən yaradılan monitorinq və əlaqələndirmə qrupunun tərkibi Komitənin sədri, yerli monitorinq və əlaqələndirmə qrupunun tərkibi yerli icra hakimiyyəti orqanlarının başçıları tərəfindən təsdiq edilir.
6.4. Komitə tərəfindən yaradılan monitorinq və əlaqələndirmə qrupuna Komitənin sədr müavini, yerli monitorinq və əlaqələndirmə qruplarına yerli icra hakimiyyəti orqanlarının başçılarının müavinləriictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdirləri sədrlik edir.
6.5. Fəaliyyətinin təşkili və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar monitorinq və əlaqələndirmə qruplarının sədrləri aşağıdakı vəzifələri həyata keçirir:
6.5.1. monitorinq və əlaqələndirmə qrupunun katibini təmsil etdiyi qurumun əməkdaşlarından təyin edir;
6.5.2. monitorinq və əlaqələndirmə qrupunun iclaslarının gündəliyinə çıxarılan məsələləri müəyyən edir;
6.5.3. monitorinq və əlaqələndirmə qrupunun iclaslarına sədrlik edir;
6.5.4. monitorinq və əlaqələndirmə qrupunun tövsiyələrinin hazırlanmasını təşkil edir;
6.5.5. monitorinq və əlaqələndirmə qrupunu təmsil edir.
6.6. Monitorinq və əlaqələndirmə qrupunun üzvləri aşağıdakı hüquqlara malikdir:
6.6.1. iclasda səs vermək hüququ ilə iştirak etmək;
6.6.2. iclasın keçirilməsi və iclasda baxılan məsələlər barədə əvvəlcədən məlumatlandırılmaq;
6.6.3. iclasda çıxışlar etmək və müzakirələrdə iştirak etmək;
6.6.4. iclasın protokolu ilə tanış olmaq və protokola dair əlavə qeydlərin aparılmasını təklif etmək;
6.6.5. monitorinq və əlaqələndirmə qrupunun fəaliyyətinə aid məsələlər barədə təkliflər vermək.
6.7. Monitorinq və əlaqələndirmə qruplarının katibi:
6.7.1. iclasların gündəliyinin layihəsini hazırlayır;
6.7.2. iclasların hazırlanmasını və keçirilməsini təşkil edir;
6.7.3. monitorinq və əlaqələndirmə qrupunun üzvlərinin, habelə bu Qaydanın 1.5-ci və 1.6-cı bəndlərində nəzərdə tutulmuş qurumların nümayəndələrinin iclasın yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılmasını, həmçinin iclasda müzakirəyə çıxarılacaq materiallarla vaxtında tanış olmasını təmin edir;
6.7.4. iclasların protokollarını tərtib edir.
6.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan qurumların nümayəndələri monitorinq və əlaqələndirmə qrupunun iclaslarında iştirak edir, müzakirə olunan məsələlərə dair rəy və təkliflərini bildirir.
7. Monitorinq və əlaqələndirmə qruplarının iclaslarının keçirilmə qaydası
7.1. Monitorinq və əlaqələndirmə qruplarının iclası rübdə bir dəfə (bu Qaydanın 7.2-ci bəndi nəzərə alınmaqla) keçirilir.
7.2. Monitorinq və əlaqələndirmə qruplarının növbədənkənar iclası sədr və ya onun üzvlərinin təşəbbüsü ilə, həmçinin bu Qaydanın 5.1.2-ci, 5.3.2-ci və 5.3.3-cü yarımbəndlərində nəzərdə tutulmuş hallarda dərhal keçirilir.
7.3. Monitorinq və əlaqələndirmə qruplarının iclasları üzvlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir.
7.4. Monitorinq və əlaqələndirmə qruplarının hər bir iclasının reqlamenti müzakirə olunacaq məsələlərdən asılı olaraq sədr tərəfindən müəyyənləşdirilir.
7.5. Monitorinq və əlaqələndirmə qruplarının iclaslarının protokolları monitorinq və əlaqələndirmə qrupunun sədri və katibi tərəfindən imzalanır və rəsmiləşdirilir.
7.6. Monitorinq və əlaqələndirmə qruplarının iclasının protokolunda aşağıdakılar göstərilməlidir:
7.6.1. iclasın keçirildiyi tarix və yer;
7.6.2. iclasda iştirak edən sədrin, üzvlərin və katibin adı və soyadı;
7.6.3. gündəliyə daxil edilmiş məsələlərin qısa məzmunu və əsasları;
7.6.4. iclasda çıxış edən şəxslərin çıxışlarının məzmunu;
7.6.5. iclasın yekununda gəlinən nəticə.