AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası"nın təsdiq edilməsi haqqında "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2129 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 18 iyul 2024-cü il № 344
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 18 iyul tarixli 344 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2129 nömrəli Fərmanının 2-ci hissəsinə uyğun olaraq, dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə (bundan sonra-tibb müəssisələri) tibb işçilərinin işə qəbulu qaydasını, vakant vəzifələrin tutulması üçün yaradılan müsahibə komissiyasının reqlamentini, müsahibə komissiyasının tərkibinin formalaşdırılmasını, müsahibənin keçirilməsini, qiymətləndirmə aparılmasını, müsahibənin nəticələrinin araşdırılması qaydasını müəyyən edir.
1.2. Azərbaycan Respublikasında tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 46-cı maddəsi ilə tənzimlənir.
1.3. Bu Qayda tibb müəssisəsinin rəhbəri (baş həkim, baş direktor, direktor, rəis, müdir) və onun müavinlərinə, hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (qurumları) və hüquq mühafizə orqanlarının tibb müəssisələrinə şamil edilmir.
2. Müsahibə elanının verilməsi ilə bağlı təşkilati məsələlər
2.1. Tibb müəssisələrinə işə qəbul olunmaq istəyən hər bir tibb işçisinin (bundan sonra — namizəd) bilik və bacarıq səviyyəsinin, fərdi keyfiyyətlərinin iddia etdiyi vakant vəzifəyə uyğun olmasının müəyyən edilməsi məqsədilə şəffaflıq şəraitində müsahibə keçirilir. Müsahibə tibb müəssisəsində aparılır.
2.2. Tibb müəssisəsində vakant vəzifənin tutulması həmin müəssisədə çalışan tibb işçilərinin vəzifədə yüksəliş yolu ilə də həyata keçirilə bilər. Tibb müəssisəsinin rəhbəri vəzifədə yüksəliş yolu ilə vakant vəzifənin tutulması məqsədilə daxili müsahibənin keçirilməsi üçün vakansiya yarandığı gündən 3 (üç) iş günü müddətində qərar qəbul edir.
2.3. Daxili müsahibə zamanı tibb müəssisəsinin rəhbəri bu Qaydanın 4-cü hissəsinin, 6.8-ci, 7.1-7.6-cı, 7.8-ci bəndlərinin tələblərini nəzərə almalıdır.
2.4. Daxili müsahibə nəticəsində vakant vəzifə tutulmadıqda tibb müəssisəsinin rəhbərinin qərarı ilə həmin vəzifə ümumi müsahibəyə çıxarılır. Ümumi müsahibəyə çıxarılma barədə qərarın qəbul edildiyi gündən 15 (on beş) iş günü müddətində həmin vakant vəzifə barədə elan və müsahibə proqramı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra - Nazirlik) "Vahid Səhiyyə İnformasiya Sistemi"nin (bundan sonra — VSİS) müvafiq altsisteminə daxil edilir, o cümlədən tibb müəssisəsinin tabe olduğu, yaxud strukturuna daxil olduğu digər dövlət orqanının (qurumunun) rəsmi internet saytında yerləşdirilir.
2.5. Ümumi müsahibədə iştirak etmək üçün namizəd elektron qaydada müraciət edir. İşə qəbulla bağlı müraciətin qəbulu VSİS-nin müvafiq altsistemi vasitəsilə həyata keçirilir.
2.6. Namizəd vakansiya elan edilən gündən etibarən 15 (on beş) iş günü müddətində VSİS-nin müvafiq altsistemində şəxsi kabinet yaradaraq qeydiyyatdan keçir, uyğun vakansiyaları seçərək öz ərizəsini təsdiq edir.
2.7. Namizədin iddia etdiyi vəzifə ilə bağlı təhsilinin, iş təcrübəsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsinə uyğun olaraq səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası ilə müəyyən edilmiş tələblərə uyğunluğu VSİS-nin müvafiq altsistemi vasitəsilə avtomatlaşdırılmış qaydada yoxlanılır.
2.8. Nazirlik tərəfindən VSİS-nin müvafiq altsistemi vasitəsilə namizədin təqdim etdiyi sənədlərin düzgünlüyü qeydiyyat üçün nəzərdə tutulan müddətin bitdiyi tarixdən 5 (beş) iş günü müddətində avtomatlaşdırılmış qaydada yoxlanılır. Sənədlərin avtomatlaşdırılmış qaydada yoxlanması müsbət nəticələndikdə elektron poçt və (və ya) şəxsi kabineti vasitəsilə müsahibəyə buraxılması barədə namizədə, vakansiyanın aid olduğu tibb müəssisəsinə və tibb müəssisəsinin tabe olduğu quruma məlumat verilir. Təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 1 (bir) iş günündən gec olmayaraq məlumat verilir və ya göndərilir. Ərizəçi həmin çatışmazlıqlar barədə məlumatı aldığı gündən ən geci 5 (beş) iş günü müddətində aradan qaldırmalıdır. Yoxlama nəticəsində uyğunsuzluq aşkarlandıqda bu hal aktla rəsmiləşdirilir, buna əsasən namizədin müsahibəyə buraxılmaması barədə ona sistem üzərindən (şəxsi kabineti) və (və ya) elektron poçt vasitəsilə məlumat verilir.
2.9. VSİS vasitəsilə əldə olunması mümkün olan sənədlər istisna olmaqla işə qəbul olunmaq üçün tələb olunan sənədlər aşağıdakılardır:
2.9.1. xarici ölkələrdə təhsil alan namizədlərə münasibətdə onların xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin və elmi dərəcəsinin olduğunu təsdiq edən sənədin (olduğu halda) surəti;
2.9.2. əmək kitabçasının notariat qaydasında və ya işəgötürən tərəfindən təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);
2.9.3. ixtisas dərəcəsinin verilməsi barədə sənədin surəti;
2.9.4. ixtisası və əmək funksiyası ilə bağlı əlavə təhsili barədə müvafiq sertifikatlar (şəhadətnamələr) olduğu halda.
2.10. İşə qəbul olunmaq üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar namizəddən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya namizəd tərəfindən təmin edilir.
3. Müsahibədə iştirak etmək hüququ
3.1. Müsahibədə aşağıda qeyd olunan şəxslər istisna olmaqla praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər iştirak edə bilər:
3.1.1. şəxsiyyət əleyhinə cinayətlər törətməyə görə məhkumluğu olanlar;
3.1.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilənlər;
3.1.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə tibb fəaliyyəti üzrə vəzifə tutma və ya həmin fəaliyyətlə məşğul olma hüququndan məhrum edilənlər;
3.1.4. barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olanlar;
3.1.5. çağırış yaşlı vətəndaşlardan qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməyənlər (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla).
4. Müsahibə komissiyasının tərkibinin formalaşdırılması 4.1. Tibb müəssisəsində tibb işçilərinin işə qəbulu üzrə komissiya (bundan sonra — Komissiya) yaradılır və ən azı 3 (üç) üzvdən ibarət olmalıdır. Komissiyanın tərkibi tibb müəssisəsinin rəhbəri və ya müalicə işləri üzrə müavini (baş həkim), insan resursları şöbəsinin (bölməsinin) müdiri və ya mütəxəssisi, vakant vəzifənin aid olduğu şöbənin (bölmənin) müdirindən və digər şəxslərdən ibarət olmaqla formalaşdırılır. Komissiyanın tərkibi tibb müəssisəsinin rəhbəri tərəfindən (onun tabe olduğu dövlət orqanının (qurumunun) tələbi olduğu halda həmin orqanla (qurumla) razılaşdırmaqla) təsdiq olunur.
4.2. Tibb müəssisəsi Komissiyaya müvafiq sahələr üzrə ekspert və (və ya) mütəxəssislər cəlb edə bilər, lakin həmin şəxslər namizədin meyarlar üzrə qiymətləndirilməsində iştirak etmirlər.
4.3. Aşağıdakı şəxslər müsahibə Komissiyasının üzvü ola bilməzlər:
4.3.1. namizədlə yaxın qohumluq və ya qudalıq əlaqəsi olan şəxslər (ər (arvad), valideynlər, qardaş, bacı, övlad);
4.3.2. bilavasitə və ya dolayı yolla müsahibənin nəticəsində maraqlı olan, obyektivliyi və qərəzsizliyi şübhə doğuran şəxslər.
5. Müsahibə komissiyasının fəaliyyət prinsipləri
5.1. Komissiya aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərməlidir:
5.1.1. qanunçuluq — müsahibənin təşkili və keçirilməsi ilə bağlı tələblərə riayət edilməsi, habelə namizədlərlə bağlı məcburi tələblərin yalnız normativ hüquqi aktlarla müəyyənləşdirilməsi;
5.1.2. obyektivlik — namizədin vəzifəyə uyğunluğunun bu Qaydaya əsasən yalnız müsahibə əsasında qiymətləndirilməsi;
5.1.3. qərəzsizlik — komissiya üzvlərinin özünün və ya maraqlı şəxslərin mənafelərinin onun öz vəzifələrinin yerinə yetirilməsinə təsir etməsinin, habelə malik olduğu hüquqlardan öz maraqları üçün istifadənin yolverilməzliyi;
5.1.4. müstəqillik — komissiyanın və komissiya üzvünün müsahibələr keçirilməsi və müsahibə üzrə qərar qəbul edilməsi ilə bağlı müstəqilliyi və onların fəaliyyətinə müdaxilənin yolverilməzliyi;
5.1.5. bərabərlik — irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün namizədlərin müsahibənin keçirilməsi ilə əlaqədar hüquqlarının bərabərliyinə təminat verilməsi;
5.1.6. şəffaflıq və aşkarlıq — müsahibənin nəticələrinin açıq elan edilməsi və müsahibə keçirilən zaman namizədin razılığı ilə videoçəkilişdən istifadə olunması;
5.1.7. peşəkarlıq — namizədin potensial imkanlarından istifadə etməyin mümkünlüyünün aşkara çıxarılması və vəzifəyə uyğunluğunu müəyyən etmək üçün hərtərəfli qiymətləndirilməsi.
6. Müsahibə komissiyasının reqlamenti və müsahibənin keçirilməsi qaydası
6.1. Müsahibənin keçirilmə tarixi, vaxtı və yeri vakansiya olan tibb müəssisəsi tərəfindən müəyyən edilərək VSİS-nin müvafiq altsisteminə daxil edilir. Müsahibənin tarixi qeydiyyat üçün nəzərdə tutulan müddətin bitdiyi tarixdən 30 (otuz) gündən gec olmayaraq müəyyən edilməlidir.
6.2. Namizədə müsahibənin keçiriləcəyi yer, tarix və vaxt barədə şəxsi kabinet və elektron poçt vasitəsilə məlumat göndərilir. Müsahibəyə şəxsi kabinetə göndərilmiş elektron məlumatı təsdiq edən namizədlər dəvət edilir.
6.3. Müsahibə mərhələsinə buraxılmayan namizədlərə isə müsahibə mərhələsinə buraxılmama əsası barədə şəxsi kabinet və (və ya) elektron poçt vasitəsilə məlumat göndərilir.
6.4. Komissiyanın üzvlərindən birinin müsahibədə iştirak edən namizədlərdən hər hansı biri ilə qohumluq (ər-arvad, baba, nənə, valideyn, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, uşaqlar, övladlığa götürülənlər və onların yaxın qohumları, nəvə, əmi, dayı, bibi, xala), şəxsi yaxınlıq, asılılıq və şəxsi ədavət münasibəti olduqda, həmin üzv özü-özünə etiraz edir. Belə əsaslar olduqda, müsahibə başlanmazdan əvvəl namizəd də Komissiyanın hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər.
6.5. Bu Qaydanın 6.4-cü bəndinə uyğun olaraq əsaslandırılmış etiraz edildikdə, barəsində etiraz edilmiş və ya özü-özünə etiraz etmiş şəxslər həmin namizədlə müsahibədə komissiyanın üzvü kimi iştirak edə bilməzlər. Bu halda 2 (iki) iş günü müddətində yeni tərkibdə bu Qaydanın 4.1-ci bəndinin tələbi nəzərə alınmaqla müsahibə komissiyası yaradılır və həmin namizədlə müsahibə keçirilir.
6.6. Müsahibə namizədin razılığı ilə videoçəkiliş aparılmaqla və Komissiya tərəfindən həmin Komissiyanın iclasında namizədin bu Qaydanın 7.1-ci bəndində nəzərdə tutulmuş meyarlar üzrə sual-cavab vasitəsilə qiymətləndirilməsi yolu ilə həyata keçirilir. Namizəd videoçəkilişə razılıq vermədikdə müsahibə videoçəkilişsiz keçirilir.
6.7. Müsahibə namizədin razılığı ilə ictimaiyyət, media subyektləri və digər müşahidəçilərin iştirakı ilə (olduğu halda) keçirilə bilər. Bu halda müşahidəçilərin iştirakı müsahibənin keçirilməsinə, eləcə də müsahibə komissiyasının normal fəaliyyətinə maneə törətməməlidir. Belə maneə törətmə halları müvafiq xəbərdarlıqdan sonra da təkrar olunarsa, müşahidəçilərin iştirakı məhdudlaşdırıla və ya qadağan edilə bilər.
6.8. Namizədin biliklərinin, bacarıqlarının və fərdi keyfiyyətlərinin iddia etdiyi vəzifəyə uyğunluğunun qiymətləndirilməsi əvvəlcədən tibb müəssisəsinin tabe olduğu, yaxud strukturuna daxil olduğu orqan (qurum) tərəfindən təsdiq edilmiş müsahibə proqramı əsasında həyata keçirilir. Müsahibəyə cəlb edilən tibb işçisinə yalnız ixtisasına uyğun olaraq iddia etdiyi vəzifəyə aid suallar verilməlidir.
6.9. Müsahibə proqramı vakant vəzifənin aid olduğu tibb müəssisəsinin tabeliyində olduğu, yaxud strukturuna daxil olduğu dövlət orqanının (qurumun) internet saytında vakansiya yaranması elan edildiyi gündən yerləşdirilir.
6.10. Namizədə verilən suallar və tapşırıqlar aydın olmadıqda namizədin həmin sualları və tapşırıqları aydınlaşdırmaq hüququ vardır.
7. Namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsi və keçid balları
7.1. İşə qəbul komissiyasının hər bir üzvü namizədin vakant vəzifəyə uyğunluğunu aşağıdakı meyarlara əsasən qiymətləndirir:
7.1.1. namizədin ixtisasına uyğun və iddia etdiyi vəzifəyə dair müsahibə proqramı üzrə peşə bilikləri, klinik təfəkkür, klinik əsaslandırma və qərarvermə bacarıqları, o cümlədən diaqnostik müayinə üsullarının nəticələrinin interpretasiya etmək, differensial diaqnostikanı aparmaq, diaqnozun, müayinə və müalicə planının müəyyən etmək bacarıqları;
7.1.2. namizədin ixtisasına və iddia etdiyi vakant vəzifəyə uyğun müsahibə zamanı qiymətləndirilməsi mümkün olan peşə bacarıqları.
7.2. Namizədlərlə müsahibə fərdi qaydada aparılır və müsahibəyə 30 (otuz) dəqiqədən az olmayaraq vaxt ayrılır.
7.3. Müsahibə zamanı Komissiya üzvü hər meyar üzrə qiymətləndirməni aparmaq üçün namizədə suallar verir. Eyni elan üzrə müsahibədə iştirak edən namizədlərə eyni suallar verilməlidir. Namizədin verdiyi cavablara əsasən Komissiyanın üzvləri namizədi hər meyar üzrə 2 (iki), 3 (üç), 4 (dörd) və 5 (beş) baldan biri ilə qiymətləndirir (5 - bilikləri və ya bacarıqları tələb olunandan əla səviyyədə nümayiş etdirir, 4 - bilikləri və ya bacarıqları yaxşı səviyyədədir, 3 - bilikləri və ya bacarıqları kafidir, 2 - bilikləri və ya bacarıqları qeyri-kafidir). Komissiya üzvləri tərəfindən hər bir meyar üzrə verilmiş ballar "Namizədin iddia etdiyi vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəli"nin müvafiq hissəsində qeyd olunur, sonra toplanır və namizəd barədə ümumi bal müəyyən edilir (1 nömrəli əlavə).
7.4. Komissiya üzvlərinin verdiyi ümumi ballar toplanılır və müsahibənin yekun nəticəsi "Namizədin vakant vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair yekun protokol"la rəsmiləşdirilir (2 nömrəli əlavə).
7.5. Komissiya üzvü tərəfindən hər hansı meyar üzrə 2 (iki) bal müəyyən edildiyi halda namizəd vəzifəyə uyğun hesab edilmir. Komissiya üzvləri tərəfindən aparılmış qiymətləndirmə balları arasında böyük fərq (3 bal və daha çox) mövcud olduğu halda müsahibənin nəticəsi etibarsız hesab edilir.
7.6. Müsahibə nəticəsində bütün meyarlar üzrə 3 (üç) və daha çox bal toplayan namizədlər topladıqları ballara uyğun sıralanırlar və onların arasından vakant vəzifələrə uyğun sayda ən yüksək bal toplayan namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab edilir.
7.7. Müsahibənin nəticələri barədə namizədlərin şəxsi kabinetinə VSİS-nin müvafiq altsistemi vasitəsilə məlumat göndərilir.
7.8. Müsahibədə eyni bal toplamış namizədlər arasında üstünlük aşağıdakı meyarlar və ardıcıllıqla müəyyən edilir:
7.8.1. müvafiq ixtisas üzrə iş təcrübəsi;
7.8.2. ixtisas dərəcəsi;
7.8.3. ixtisas üzrə elmi dərəcəyə (elmi ada) malik olması.
7.9. Tibb işçilərinin işə qəbulu ilə bağlı keçirilmiş müsahibənin nəticəsində vakant vəzifənin (vəzifələrin) tutulması barədə məlumat tibb müəssisəsi tərəfindən həmin müsahibənin keçirildiyi gündən 3 (üç) iş günü müddətində elektron qaydada VSİS-nin müvafiq altsisteminə daxil edilir.
7.10. Bütün meyarlar üzrə 3 (üç) və daha çox bal toplamış, lakin barəsində təyinat aparılmamış namizəd 1 (bir) il müddətində tibb müəssisəsinin ehtiyat kadr siyahısında saxlanılır. Tibb müəssisəsində analoji vakant vəzifə yarandıqda namizədin razılığı ilə o, həmin vəzifəyə təyin edilir.
7.11. Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlə müəssisə rəhbəri tərəfindən namizədin şəxsi kabinetinə bu barədə məlumatın göndərildiyi tarixdən əmək qanunvericiliyinə uyğun müddətdə əmək müqaviləsi bağlanılır.
7.12. Müsahibədə iştirak edən namizədlər ilə bağlı sənədlər və videoçəkilişlər 2 (iki) il müddətində tibb müəssisəsi tərəfindən mühafizə olunur. 8. Müsahibənin nəticələrinə yenidən baxılması
8.1. Komissiyanın qərarından narazı qalan namizədlər üçün işə qəbul üzrə tibb müəssisəsinin tabe olduğu və ya strukturuna daxil olduğu orqan (qurum) tərəfindən Apellyasiya Komissiyası yaradılır. Apellyasiya Komissiyasının əsasnaməsi həmin orqan (qurum) tərəfindən təsdiq edilir.
8.2. Namizədlər Apellyasiya Komissiyasına müsahibənin nəticəsi barədə məlumat verildiyi tarixdən sonrakı 5 (beş) iş günü müddətində müraciət edə bilərlər. Müraciətə Apellyasiya Komissiyası tərəfindən həmin müraciət daxil olduğu gündən 15 (on beş) iş günü müddətində baxılır və qərar qəbul edilir.
8.3. Müsahibənin yekunu üzrə Apellyasiya Komissiyanın qərarları ilə razı olmayan namizədlər inzibati və (və ya) məhkəmə qaydasında şikayət edə bilərlər. _________________
"Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası"na 1 nömrəli əlavə Namizədin iddia etdiyi vakant vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair BAL CƏDVƏLİ Foto (3x4) Namizəd: Təvəllüdü: Tibb müəssisəsi: Struktur bölmə: Vakant vəzifə: Qiymətləndirmə Meyarları Ballar (2-5)
1. Namizədin ixtisasına uyğun və iddia etdiyi vəzifəyə dair müsahibə proqramı üzrə peşə bilikləri, klinik təfəkkür, klinik əsaslandırma və qərarvermə bacarıqları, o cümlədən diaqnostik müayinə üsullarının nəticələrinin interpretasiya etmək, differensial diaqnostikanı aparmaq, diaqnozun, müayinə və müalicə planının müəyyən etmək bacarıqları;
2. Namizədin ixtisasına və iddia etdiyi vakant vəzifəyə uyğun müsahibə zamanı qiymətləndirilməsi mümkün olan peşə bacarıqları. Ümumi bal ----------------------------------------------------------------- --------- -------- İşə qəbul komissiyası üzvünün soyadı, adı, atasının adı imza tarix
"Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası"na 2 nömrəli əlavə Namizədin vakant vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair YEKUN PROTOKOL Foto (3x4) Namizəd: Təvəllüdü: Tibb müəssisəsi: Struktur bölmə: Vakant vəzifə: Yekun qiymətləndirmə balı: □ ------------------------------------------------------------------------------------------------- İşə qəbul komissiyası üzvünün soyadı, adı, atasının adı imza ------------------------------------------------------------------------------------------------- İşə qəbul komissiyası üzvünün soyadı, adı, atasının adı imza ------------------------------------------------------------------------------------------------- İşə qəbul komissiyası üzvünün soyadı, adı, atasının adı imza "______" __________ 20____ il _________________
№-li nüsxə