AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli 4231 nömrəli Sərəncamının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur). Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 2 iyul 2024-cü il № 328
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 iyul tarixli 328 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının (bundan sonra - ixtisas imtahanı) təşkili və keçirilməsi qaydasını tənzimləyir.
1.2. İxtisas imtahanının təşkili və keçirilməsi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - imtahanı təşkil edən orqan) tərəfindən həyata keçirilir.
1.3. İxtisas imtahanı aşağıdakı kateqoriyalar (bundan sonra - kateqoriya) üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə keçirilir: "Eq" - Elektrik qatarı; "Dz" - Dizel qatarı; "E" - Elektrovoz; "T" - Teplovoz; "Lm" - Lokomobil; "M/Dr/Mk" - Motovoz/Drezin/Maşın kompleksi.
1.4. Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu əldə etmək istəyən şəxslərə dair ümumi tələblər aşağıdakılardır:
1.4.1. 20 yaşı tamam olmalıdır;
1.4.2. qanunla müəyyən edilmiş qaydada tam fəaliyyət qabiliyyəti olmalıdır;
1.4.3. sağlamlıq cəhətdən dəmiryol nəqliyyat vasitəsini idarə etməyə yararlı olmalıdır;
1.4.4. dəmiryol nəqliyyatının texniki istismarı, həmin nəqliyyat növü üzrə hərəkətin təhlükəsizliyi, işarəvermə və rabitə, qatarların hərəkəti və manevr işlərini tənzimləyən hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdır;
1.4.5. dəmiryol nəqliyyatı vasitəsini idarə etmək üzrə təcrübi vərdişlərə yiyələnməlidir;
1.4.6. bu Qayda ilə müəyyən edilən digər tələblərə cavab verməlidir.
1.5. İxtisas imtahanı və bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan hazırlıq kursları ödənişsiz əsaslarla həyata keçirilir.
2. Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək istəyən şəxslərin hazırlanması
2.1. Bu Qaydanın 2.3-cü bəndi ilə müəyyən edilən hallar istisna olmaqla, dəmiryol nəqliyyatı vasitələrini idarə etmək istəyən şəxs dəmiryol nəqliyyat vasitəsini idarə etmək üzrə təcrübi vərdişlərə və dəmiryol nəqliyyatını tənzimləyən müvafiq hüquqi aktlar barədə zəruri biliklərə yiyələnmək üçün kateqoriyaya uyğun olaraq dəmiryol nəqliyyatı vasitələrini idarə etmək istəyən şəxslərin nəzəri və təcrübi hazırlığı kursunu (bundan sonra - hazırlıq kursu) keçməlidir.
2.2. Hazırlıq kursuna bu Qaydanın 1.4-cü bəndi ilə müəyyən edilən tələblərə (bu Qaydanın 1.4.4-cü və 1.4.5-ci yarımbəndləri istisna olmaqla) uyğun gələn şəxslər müraciət edə bilərlər.
2.3. Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək istəyən aşağıdakı şəxslər göstərilən hazırlıq kursunu keçmədən ixtisas imtahanına (bir dəfə olmaq şərtilə) buraxılırlar:
2.3.1. ən azı 1 (bir) il dəmiryol nəqliyyatı vasitəsinin sürücüsünün köməkçisi (maşinist köməkçisi) peşəsində çalışmış şəxslər - həmin kateqoriyaya daxil olan dəmiryol nəqliyyatı vasitəsinə aid hazırlıq kursunu;
2.3.2. təhsil proqramlarına və dövlət standartlarına uyğun olaraq dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə ali təhsil pilləsinin bakalavriat səviyyəsini və ya maşinist ixtisası üzrə peşə təhsili pilləsini və yaxud lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisası üzrə orta ixtisas təhsil pilləsini bitirmiş şəxslər;
2.3.3. bu Qaydanın qüvvəyə mindiyi tarixədək müvafiq qaydada verilmiş və etibarlılıq müddəti bitməmiş dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən sənədi olan şəxslər - həmin sənəddə göstərilən kateqoriyaya daxil olan dəmiryol nəqliyyatı vasitəsinə aid hazırlıq kursunu (2025-ci il 1 iyul tarixinədək).
2.4. Aşağıdakı şəxslər hazırlıq kursu keçmək üçün müraciət edə bilməzlər:
2.4.1. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə dəmiryol nəqliyyatı vasitəsini idarə etmək hüququndan məhrum edilmiş və ya bu növ əlavə cəza ilə bağlı məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
2.4.2. qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş şəxslər;
2.4.3. psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan şəxslər;
2.4.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 iyun tarixli 102 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi" ilə müəyyən edilmiş qaydada dəmiryol nəqliyyatı vasitəsini idarə etmək hüququ müvəqqəti məhdudlaşdırılan şəxslər (məhdudiyyətin müddəti bitənədək).
2.5. Dəmiryol nəqliyyatı vasitəsini idarə etmək istəyən şəxs hazırlıq kursunu keçmək üçün forması bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilən ərizə ilə imtahanı təşkil edən orqana müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
2.5.1. şəxsiyyəti təsdiq edən sənədin surəti;
2.5.2. təhsil haqqında dövlət sənədinin surəti (olduğu halda);
2.5.3. sağlamlıq haqqında tibbi arayış (qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyatla bilavasitə əlaqədar olan işlərdə çalışan işçinin işə yararlılığının müəyyən edilməsi üçün aparılan tibbi müayinəyə uyğun);
2.5.4. əmək kitabçasının təsdiq edilmiş surəti (olduğu halda);
2.5.5. qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş məhkumluq barədə arayış;
2.5.6. dəmiryol nəqliyyatı vasitəsinin sürücüsü peşəsində çalışdıqda bu Qaydanın 2.4.4-cü yarımbəndinə əsasən məhdudiyyətin olmaması barədə həmin müəssisənin arayışı.
2.6. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan ərizə kağız daşıyıcıda bilavasitə və ya "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər.
2.7. Ərizə elektron qaydada təqdim olunduqda bu Qaydanın 2.5.1-2.5.6-cı yarımbəndlərindəki sənədlər skan edilərək və ya "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq imzalanmış elektron sənəd formasında ərizəyə əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələr yarandığı hallarda hazırlıq kursu keçmək istəyən şəxsdən həmin sənədlərin əsli (müvafiq qaydada təsdiq edilmiş surəti) bu Qaydanın 2.10-cu bəndində göstərilən qaydada tələb edilə bilər.
2.8. Hazırlıq kursu keçmək istəyən şəxs eyni anda iki və daha artıq kateqoriya üzrə hazırlıq kursu keçməklə bağlı müraciət edə bilməz.
2.9. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan ərizəyə 10 (on) iş günü müddətində baxılır və hazırlıq kursu keçmək istəyən şəxsin hazırlıq kursuna buraxılması və ya buraxılmasından imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edilir.
2.10. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmadığı, sənədlərin natamam təqdim edildiyi) aşkar edildikdə, bu barədə hazırlıq kursu keçmək istəyən şəxs 5 (beş) iş günü müddətində yazılı (kağız daşıyıcıda və ya elektron formada) məlumatlandırılır və ərizəyə baxılma müddətinin axımı dayandırılır. Çatışmazlıqlar 5 (beş) iş günü ərzində aradan qaldırıldıqda ərizəyə baxılma müddətinin axımı bərpa olunur və ərizəyə bu Qaydanın 2.9-cu bəndi ilə müəyyən edilən müddətdən gec olmayaraq baxılaraq müvafiq qərarlardan biri qəbul edilir.
2.11. Aşağıdakı hallarda hazırlıq kursu keçmək istəyən şəxsin hazırlıq kursuna buraxılmasından imtina edilir və bu barədə əsaslandırılmış qərar qəbul edilir:
2.11.1. bu Qaydanın 1.4-cü bəndi ilə müəyyən edilmiş müvafiq tələblərə uyğun gəlmədikdə;
2.11.2. bu Qaydanın 2.4-cü bəndində nəzərdə tutulan hallar müəyyən olunduqda;
2.11.3. sənədlər natamam təqdim edildikdə və həmin çatışmazlıqlar bu Qaydanın 2.10-cu bəndində göstərilən müddət ərzində aradan qaldırılmadıqda.
2.12. Hazırlıq kursu keçmək istəyən şəxs hazırlıq kursuna buraxılmasından imtina barədə qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.
2.13. Hazırlıq kursu keçmək istəyən şəxsin hazırlıq kursuna buraxılması barədə qərar qəbul edildikdə, həmin şəxs kursun keçirilməsinə ən azı 10 (on) iş günü qalmış kursun keçiriləcəyi yer və onun vaxtı barədə yazılı (kağız daşıyıcıda və ya elektron formada) məlumatlandırılır.
2.14. Hazırlıq kursu kateqoriyaya uyğun olaraq imtahanı təşkil edən orqan və ya həmin orqanın sifarişi əsasında müvafiq təhsil müəssisəsi tərəfindən həyata keçirilir.
2.15. Hazırlıq kursunun nəzəri hissəsi müasir əyani və zəruri texniki vasitələrlə tam təchiz edilmiş, dərs vəsaitləri olan xüsusi ayrılmış infrastruktur obyektində (dərs otaqlarında), təlim hissəsi isə bunun üçün xüsusi ayrılmış dəmir yollarında keçirilir.
2.16. Hazırlıq kursu bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilən metodikaya uyğun keçirilir.
2.17. Hazırlıq kursu Azərbaycan Respublikasının dövlət dilində aparılır.
2.18. Hazırlıq kursu keçmək istəyən şəxs hazırlıq kursunu müvəffəqiyyətlə bitirdikdə ona hazırlıq kursunu bitirməsini təsdiq edən nümunəsi bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş şəhadətnamə (bundan sonra - şəhadətnamə) verilir. Şəhadətnamənin qüvvədəolma müddəti 2 (iki) il təşkil edir.
2.19. Şəhadətnamə dəmiryol nəqliyyatı vasitəsini idarə etmək hüququ vermir.
2.20. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə onun sahibinin müraciəti əsasında imtahanı təşkil edən orqan tərəfindən şəhadətnamənin dublikatı verilir.
3. İxtisas imtahanının təşkili
3.1. İxtisas imtahanının təşkili imtahanı təşkil edən orqanın yaratdığı imtahan komissiyası (bundan sonra - İmtahan komissiyası) tərəfindən həyata keçirilir.
3.2. İmtahan komissiyasının tərkibi 5 nəfərdən az olmamaq şərtilə imtahanı təşkil edən orqanın müvafiq olaraq dəmiryol nəqliyyatının texniki istismarı, həmin nəqliyyat növü üzrə hərəkətin təhlükəsizliyi, işarəvermə və rabitə, qatarların hərəkətinin təşkili sahəsində ixtisaslaşmış mütəxəssislərdən formalaşdırılır və imtahanı təşkil edən orqanın rəhbəri tərəfindən təsdiq edilir.
3.3. İmtahan komissiyasına imtahanı təşkil edən orqanın rəhbərinin müəyyən etdiyi sədr rəhbərlik edir.
4. İxtisas imtahanının keçirilməsi
4.1. Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu əldə etmək istəyən şəxs (bundan sonra - namizəd) ixtisas imtahanına buraxılması üçün forması bu Qaydanın 4 nömrəli əlavəsində göstərilən ərizə ilə imtahanı təşkil edən orqana müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
4.1.1. şəhadətnamənin surəti (bu Qaydanın 2.3-cü bəndində göstərilən hallar istisna olmaqla);
4.1.2. bu Qaydanın 2.5.1-2.5.6-cı yarımbəndlərində nəzərdə tutulmuş sənədlər;
4.1.3. bu Qaydanın 2.3.3-cü yarımbəndində göstərilmiş şəxslərə münasibətdə - dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəd.
4.2. Bu Qaydanın 2.4-cü bəndində nəzərdə tutulan şəxslər ixtisas imtahanı üçün müraciət edə bilməzlər.
4.3. Bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulan ərizə kağız daşıyıcıda və ya "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər.
4.4. Ərizə elektron qaydada təqdim olunduqda bu Qaydanın 4.1.1-4.1.3-cü yarımbəndlərindəki sənədlər skan edilərək və ya "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rəsmiləşdirilmiş elektron sənəd formasında ərizəyə əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda namizəddən həmin sənədlərin əsli (müvafiq qaydada təsdiq edilmiş surəti) bu Qaydanın 4.7-ci bəndində göstərilən qaydada tələb edilə bilər.
4.5. Namizəd bu Qayda ilə müəyyən edilən hallar istisna olmaqla yalnız ərizəyə əlavə etdiyi şəhadətnamədə göstərilən kateqoriya üzrə ixtisas imtahanına buraxılır.
4.6. Bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulan ərizəyə 10 (on) iş günü müddətində baxılır, namizədin ixtisas imtahanına buraxılması və həmin imtahana buraxılmasından imtina edilməsi barədə İmtahan komissiyası tərəfindən əsaslandırılmış qərar qəbul edilir.
4.7. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmadığı və sənədlərin natamam təqdim edildiyi) aşkar edildikdə, bu barədə namizədə 5 (beş) gün müddətində yazılı (kağız daşıyıcıda və ya elektron formada) bildiriş göndərilir və ərizəyə baxılması müddətinin axımı dayandırılır. Çatışmazlıqlar 5 (beş) iş günü ərzində aradan qaldırıldıqda ərizəyə baxılması müddətinin axımı bərpa olunur və sənədlərə bu Qaydanın 4.6-cı bəndi ilə müəyyən edilən müddətdən gec olmayaraq baxılaraq müvafiq qərarlardan biri qəbul edilir.
4.8. Aşağıdakı hallarda namizədin ixtisas imtahanına buraxılmasından imtina edilir və onun səbəbləri barədə namizədə məlumat göndərilir:
4.8.1. namizəd bu Qaydanın 1.4-cü bəndi ilə müəyyən edilmiş tələblərə uyğun gəlmədikdə;
4.8.2. namizəd bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş şəxslərin dairəsinə uyğun gəlmədikdə, o cümlədən hazırlıq kursu keçmədən təkrar ixtisas imtahanına buraxılması üçün müraciət etdikdə;
4.8.3. bu Qaydanın 2.4-cü bəndində nəzərdə tutulan hallar müəyyən olunduqda;
4.8.4. sənədlər natamam təqdim edildikdə və həmin çatışmazlıqlar bu Qaydanın 4.7-ci bəndində göstərilən müddət ərzində aradan qaldırılmadıqda;
4.8.5. şəhadətnamənin etibarlılıq müddəti bitdikdə;
4.8.6. şəhadətnaməyə uyğun olmayan kateqoriya üzrə ixtisas imtahanına buraxılma ilə bağlı müraciət olunduqda.
4.9. İxtisas imtahanına buraxılmasından imtina edilməsinə əsas olan hallar aradan qaldırıldıqdan sonra namizəd bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq yenidən müraciət edə bilər.
4.10. Namizədin ixtisas imtahanına buraxılması barədə qərar qəbul edildikdə namizədə bu barədə yazılı (kağız daşıyıcıda və ya elektron formada) bildiriş göndərilir və ixtisas imtahanının keçiriləcəyi yer, onun vaxtı barədə 10 (on) iş günü əvvəlcədən məlumat verilir.
4.11. İmtahanların vaxtı dəyişdirildikdə namizəd bu Qaydanın 4.10-cu bəndində göstərilən qaydada məlumatlandırılır.
4.12. İxtisas imtahanı 3 (üç) ayda bir dəfədən az olmamaq şərtilə keçirilir.
4.13. İxtisas imtahanı aşağıdakı mərhələlərdən ibarətdir:
4.13.1. dəmiryol nəqliyyatının texniki istismarı, həmin nəqliyyat növü üzrə hərəkətin təşkili və təhlükəsizliyi, işarəvermə və rabitə, manevr işləri üzrə nəzəri biliklərin yoxlanılması (bundan sonra — nəzəri imtahan);
4.13.2. dəmiryol nəqliyyatı vasitəsini idarəetmə bacarığı, aldığı tapşırığa təcrübədə düzgün əməletmə qabiliyyəti və qarşılıqlı şəkildə dəmiryol nəqliyyatı vasitəsinin texniki istismarı üzrə biliyinin qiymətləndirilməsi (bundan sonra - təcrübi imtahan).
4.14. İxtisas imtahanı bu Qaydanın 4.15-ci bəndində göstərilən mərhələlər üzrə ardıcıllıqla hər bir namizədlə fərdi qaydada keçirilir.
4.15. Nəzəri imtahan və təcrübi imtahan Azərbaycan Respublikasının dövlət dilində aparılır.
4.16. Nəzəri imtahan bu Qaydanın 5 nömrəli əlavəsində göstərilən metodikaya uyğun keçirilir.
4.17. Namizədə nəzəri imtahanın nəticəsi barədə imtahan bitdikdən sonra 3 (üç) iş günü müddətində yazılı (kağız daşıyıcıda və ya elektron formada) məlumat təqdim edilir.
4.18. Namizəd nəzəri imtahanı keçdikdən sonra 10 (on) iş günü ərzində təcrübi imtahana buraxılır.
4.19. Təcrübi imtahan bu Qaydanın 5 nömrəli əlavəsində göstərilən metodikaya uyğun keçirilir.
4.20. Təcrübi imtahan İmtahan komissiyasının müəyyən etdiyi tarixdə keçirilir.
4.21. Nəzəri və təcrübi imtahanların nəticələri imtahan bitdikdən sonra İmtahan komissiyası tərəfindən bu Qaydanın 6 nömrəli əlavəsində göstərilən protokol formaları ilə rəsmiləşdirilir. Protokollar ixtisas imtahanında iştirak etmiş İmtahan komissiyasının bütün üzvləri tərəfindən imzalanır.
4.22. İxtisas imtahanının nəticəsinə uyğun olaraq namizədə dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqə verilir. Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən "Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin verilməsi Qaydası"na uyğun olaraq imtahanı təşkil edən orqan tərəfindən verilir. _________________
"Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası"na 1 nömrəli əlavə Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək istəyən şəxslərin nəzəri və təcrübi hazırlığı kursunu keçmək haqqında ƏRİZƏ Hazırlıq kursu keçmək istəyən şəxs barədə məlumatlar: Soyadı: Adı: Atasının adı: Şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi:
FİN:
Doğulduğu tarix: gün ay il Yaşayış yeri: Əlaqə telefonu: Elektron poçt ünvanı: Mənim dəmiryol nəqliyyatı vasitələrini idarə etmək istəyən şəxslərin nəzəri və təcrübi hazırlığı kursuna buraxılmağımın təmin edilməsini xahiş edirəm: Hazırlıq kursu keçirilən dəmiryol nəqliyyatı vasitəsi və onun kateqoriyası: Dəmiryol nəqliyyatı vasitəsi Kateqoriya Ərizəyə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası"na uyğun olaraq dəmiryol nəqliyyatı vasitələrini idarə etmək istəyən şəxslərin nəzəri və təcrübi hazırlığı kursuna buraxılması üçün zəruri olan sənədlər əlavə edilir. İmza: Ərizənin tərtib olunduğu tarix: Ərizəyə əlavə edilən sənədlərin sayı (vərəqlə):
"Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası"na 2 nömrəli əlavə Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək istəyən şəxslərin nəzəri və təcrübi hazırlığı kursunun keçirilməsi METODİKASI
1. Hazırlıq kursunun müddəti "Eq", "Dz", "E" və "T" kateqoriyaları üzrə 465 saat, "LM" və "M/Dr/Mk" kateqoriyaları üzrə isə 350 saatadəkdir.
2. Hazırlıq kursu qrup şəklində keçirilir və qruplarda iştirakçıların sayı 5 nəfərdən 15 nəfərədək olmalıdır.
3. Hazırlıq kursu orta ixtisas və ya peşə təhsilindən aşağı olmayan, müvafiq kateqoriyalı dəmiryol nəqliyyatı vasitələrinin idarə edilməsində üç il iş stajı və xüsusi proqram üzrə dəmiryol nəqliyyatı vasitəsini idarəetmə təliminin metodikası üzrə hazırlıq keçməsi barədə təcrübəsi olan təlimçi tərəfindən həyata keçirilir.
4. Hazırlıq kursunun nəzəri hissəsi müvafiq əyani vəsaitlərdən istifadə etməklə və məşğələlərin keçirilməsi vasitəsilə dəmiryol nəqliyyatı sahəsində zəruri biliklərə dair təlimin keçirilməsindən ibarətdir.
5. Dəmiryol nəqliyyatı sahəsində zəruri biliklərə dair təlim aşağıdakı istiqamətlər üzrə həyata keçirilir: - dəmiryol nəqliyyatının texniki istismarı; - dəmiryol nəqliyyatında işarəvermə və rabitə; - dəmir yolunda qatarların hərəkəti və manevr işi; - dəmiryol nəqliyyatı vasitəsinin konstruktiv xüsusiyyətləri və təhlükəsizlik sistemləri; - dəmiryol hərəkət tərkiblərinin tormozlarının istismarı; - dəmiryol nəqliyyatında əməyin mühafizəsi və hərəkətin təhlükəsizliyi.
6. Bütün təlim və məşğələlər təsdiq edilmiş dərs cədvəli üzrə keçirilir.
7. Dəmiryol nəqliyyatı sahəsində zəruri biliklərə dair təlimin keçirildiyi yer (siniflər) müasir əyani vasitələr, o cümlədən zəruri təsviri modellər, təlimin texniki vasitələri, avadanlıq, cihaz və alətlər, dərslik və dərs vəsaitləri ilə tam təchiz olunmalıdır.
8. Hazırlıq kursunun təcrübi hissəsi hazırlıq kursu keçən şəxsin dəmiryol nəqliyyatı vasitəsini idarə etmək üzrə təcrübi vərdişlərə yiyələnməsi ilə bağlı idarəetmə təlimindən ibarətdir.
9. İdarəetmə təlimini verən təlimçi təlimin keçirildiyi dəmiryol nəqliyyatı vasitəsini idarəetmə hüququna malik olmalıdır.
10. İdarəetmə təlimlərinin həyata keçirilməsi üçün sınaq marşrutu və müvafiq kateqoriya üzrə dəmiryol nəqliyyatı vasitələri mövcud olmalıdır.
11. Bütün təlim və məşğələlərin təlimin uçotu jurnallarında uçotu aparılır.
12. İdarəetmə təlimi kateqoriya üzrə müvafiq dəmiryol nəqliyyatı vasitəsinə uyğun olaraq hazırlanmış sınaq marşrutu üzrə aparılır.
13. Sınaq marşrutu təlim proqramının tələbinə uyğun avadanlıqlaşdırılır. Sınaq marşrutuna uyğun olaraq ayrılmış dəmiryol xətti stasionar əsasda və ya daşına bilən vasitələrin köməyi ilə marşrutun müvafiq elementləri (dəmiryol nəqliyyatında işarəvermə və rabitə təlimatına uyğun nişanlar və s.) ilə təchiz edilir.
14. Hazırlıq kursunu keçən şəxsin hazırlıq kursu üzrə davamiyyəti 90 faiz təşkil etməlidir. Davamiyyət şərtlərini pozan şəxslər hazırlıq kursunu keçmiş hesab edilmir.
15. Hazırlıq kursu üzrə təlimlərdə iştirak edən (90 faizdən az olmayan davamiyyət şərtilə), zəruri biliklərə yiyələnən və təcrübi vərdişlər qazanan şəxs hazırlıq kursunu müvəffəqiyyətlə bitirmiş hesab edilir.
"Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası"na 3 nömrəli əlavə Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək istəyən şəxslərin nəzəri və təcrübi hazırlıq kursunu bitirməsi barədə ŞƏHADƏTNAMƏ Seriya və nömrəsi ________________ Soyadı: ____________________________________________________ Adı: _______________________________________________________ Atasının adı: ________________________________________________ Doğulduğu tarix: ____________________________________________ (gün, ay, il) təsdiq edilmiş tədris proqramı əsasında idarə etmək istəyən şəxslərin nəzəri ______________________________________________________________ (hazırlıq kursu keçirilmiş dəmiryol nəqliyyatı vasitəsinin kateqoriyası) və təcrübi hazırlıq kursunu bitirmişdir. Verilmə tarixi: _______________________________________________ (gün, ay, il) Etibarlılıq müddəti: ___________________________________________ (gün, ay, il) ______________ ________________________ (imza) (adı, soyadı)
M. Y.
"Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası"na 4 nömrəli əlavə Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanına buraxılma haqqında ƏRİZƏ İmtahanı vermək istəyən şəxs barədə məlumatlar: Soyadı: Adı: Atasının adı: Şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi:
FİN:
Doğulduğu tarix: gün ay il Yaşayış yeri: Əlaqə telefonu: Elektron poçt ünvanı: Mənim dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanına buraxılmağımın təmin edilməsini xahiş edirəm: İxtisas imtahanı verilməsi istənilən dəmiryol nəqliyyatı vasitəsi və onun kateqoriyası:
Dəmiryol nəqliyyatı vasitəsi Kateqoriya Ərizəyə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası"na uyğun olaraq dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanına buraxılma ilə əlaqədar zəruri olan sənədlər əlavə olunur. İmza: Ərizənin tərtib olunduğu tarix: Ərizəyə əlavə edilən sənədlərin sayı (vərəqlə):
"Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası"na 5 nömrəli əlavə Nəzəri imtahanın keçirilməsi METODİKASI
1. İmtahanın keçirilmə forması
1.1. Nəzəri imtahan (bundan sonra — imtahan) informasiyakommunikasiya texnologiyaları vasitəsilə imtahanı təşkil edən orqanın müəyyən etdiyi imtahan zalında keçirilir.
1.2. İmtahan prosesinin imtahan zalında quraşdırılan videokameralar vasitəsilə müşahidə edilməsi təşkil edilir.
2. İmtahanın məzmunu
2.1. İmtahan suallarının və təqdim edilən tapşırıqların məzmunu aşağıdakı sahələri əhatə edir:
2.1.1. dəmiryol nəqliyyatının texniki istismarı;
2.1.2. dəmiryol nəqliyyatında işarəvermə və rabitə;
2.1.3. dəmir yolunda qatarların hərəkəti və manevr işi;
2.1.4. dəmiryol nəqliyyatı vasitəsinin konstruktiv xüsusiyyətləri və təhlükəsizlik sistemləri;
2.1.5. dəmiryol hərəkət tərkiblərinin tormozlarının istismarı;
2.1.6. dəmiryol nəqliyyatı növü üzrə əməyin mühafizəsi və hərəkətin təhlükəsizliyi.
2.2. İmtahan sualları imtahanı təşkil edən orqan tərəfindən hazırlanır, həmin sualların və onların cavablarının konfidensiallığı təmin edilir.
2.3. İmtahanda hər bir namizədə 35 sual təqdim edilir. Təqdim edilən sualın 4 cavab variantı vardır və onlardan yalnız biri düzgündür.
2.4. İmtahanın suallarını təşkil edən dəmiryol nəqliyyatı sahəsində hüquqi aktlarda dəyişikliklər edildikdə və yaxud suallar cavablara uyğun gəlmədikdə belə suallar imtahan üçün yararsız sayılır.
2.5. İmtahan yalnız qüvvədə olan hüquqi aktların tələblərinə tam cavab verən qaydada hazırlanmış suallara əsasən aparılır.
3. İmtahanın keçirilməsi qaydası
3.1. İmtahan keçirilən zaldan və orada olan avadanlıqlardan asılı olaraq, eləcə də namizədlərin davranışına nəzarət etməyin mümkünlüyü nəzərə alınaraq, imtahan eyni zamanda bir neçə namizədlə keçirilə bilər.
3.2. İmtahana imtahanı təşkil edən orqanın təyin etdiyi ümumi nəzarətçilər tərəfindən nəzarət edilir. İmtahanı təşkil edən orqanın müvafiq olaraq dəmiryol nəqliyyatının texniki istismarı, həmin nəqliyyat növü üzrə hərəkətin təhlükəsizliyi, işarəvermə və rabitə, qatarların hərəkətinin təşkili sahəsində ixtisaslaşmış mütəxəssis nəzarətçi təyin edilə bilməz.
3.3. İmtahana buraxılan namizədin şəxsiyyəti onun şəxsiyyət vəsiqəsi və ya şəxsiyyətini təsdiq edən digər sənəd əsasında müəyyənləşdirilir.
3.4. Namizədlər suallara verilmiş cavab variantlarından yalnız birini seçə bilərlər. Suallar üzrə seçilmiş və təsdiq edilmiş cavabların dəyişdirilməsinə yol verilmir.
3.5. İmtahanın davametmə müddəti 1 saat təşkil edir.
3.6. İmtahan başlamamışdan əvvəl imtahanı təşkil edən orqanın əməkdaşı imtahanın keçirilməsi qaydası barədə namizədə qısa məlumat verir.
3.7. Namizəd aşağıdakı hərəkətlərə yol verdikdə imtahandan xaric edilir və onun nəticələri ləğv edilir:
3.7.1. imtahana saxta və ya başqasına aid sənəd təqdim etməklə daxil olmağa cəhd etdikdə, öz yerinə başqasını göndərdikdə və ya sərxoş vəziyyətdə gəldikdə;
3.7.2. imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, məlumat kitabçası və digər yardımçı vasitələr gətirdikdə və ya onlardan istifadə etdikdə;
3.7.3. imtahan zalında imtahan başladıqdan sonra yerini dəyişdikdə, gəzdikdə və digər hərəkətlərlə imtahanın gedişinə mane olduqda;
3.7.4. digər namizədlərin imtahan nəticələrinə təsir göstərən hərəkətlərə yol verdikdə, o cümlədən verilən suallara, onların cavablarına baxdıqda, ona verilən suallara və verdiyi cavablara digər namizəd tərəfindən baxılmasına şərait yaratdıqda, ondan sualın cavabını soruşduqda və ya sualın cavabını bildirdikdə;
3.7.5. verilən sualların cavablarını imtahanın gedişinə nəzarət edən şəxslərdən və ya təyin edilən nəzarətçidən soruşduqda.
3.8. İmtahanların nəticələri informasiya-kommunikasiya texnologiyaları vasitəsilə müəyyən edilir və nəticələri bu Qaydanın 4.21-ci bəndində göstərilən qaydada rəsmiləşdirilir.
3.9. Namizəd 35 sualdan 31-nə düzgün cavab verdikdə imtahandan keçmiş hesab edilir.
3.10. İmtahanın davametmə müddəti ərzində müəyyən edilmiş sayda suala düzgün cavab verə bilməyən və yaxud imtahandan xaric edilən namizəd imtahandan keçməmiş hesab olunur. Təcrübi imtahanın keçirilməsi METODİKASI
1. İmtahanın keçirilmə forması
1.1. Təcrübi imtahan (bundan sonra — imtahan) namizədin müraciət etdiyi kateqoriyaya uyğun olaraq aşağıdakı dəmiryol nəqliyyatı vasitəsində keçirilir:
1.1.1. "Eq" kateqoriyası üzrə — elektrik qatarında;
1.1.2. "Dz" kateqoriyası üzrə — dizel qatarında;
1.1.3. "E" kateqoriyası üzrə — elektrovozda;
1.1.4. "T" kateqoriyası üzrə — teplovozda;
1.1.5. "Lm" kateqoriyası üzrə — lokomobildə;
1.1.6. "M/Dr/Mk" kateqoriyası üzrə — müvafiq olaraq motovoz, drezin və dəmir yol-tikinti maşınlarında (özügedən).
1.2. İmtahan İmtahan komissiyasının üzvlərinin iştirakı ilə imtahanı təşkil edən orqanın müəyyən etdiyi maşinist-təlimatçı (bundan sonra — təlimatçı) tərəfindən birbaşa keçirilir. İmtahan komissiyasının üzvlərinin iştirakı distant formada təşkil oluna bilər.
1.3. İmtahan prosesinə imtahan keçirilən dəmiryol nəqliyyatı vasitəsində quraşdırılan videokameralarla nəzarət edilir.
2. İmtahanın təşkili qaydası
2.1. İmtahan imtahanı təşkil edən orqanın təsdiq etdiyi sınaq marşrutları əsasında təşkil edilir.
2.2. Sınaq marşrutuna uyğun olaraq ayrılmış dəmiryol xətti stasionar əsasda və ya daşına bilən vasitələrin köməyi ilə marşrutun müvafiq elementləri (dəmiryol nəqliyyatında işarəvermə və rabitə təlimatına müvafiq nişanlar və s.) ilə təchiz edilir.
2.3. Sınaq marşrutunun uzunluğu bu Metodikanın 2.2-ci bəndində göstərilmiş elementlər də daxil olmaqla, 1 km-dən 15 km-ə qədər müəyyən olunur.
2.4. İmtahan başlanmazdan əvvəl namizəd sınaq marşrutu ilə əyani tanış edilir.
2.5. İmtahan namizədin dəmiryol nəqliyyatı vasitəsini idarəetmə bacarığının müəyyən edilməsi üçün kifayət edəcək müddətə, lakin 30 dəqiqədən az olmamaq şərtilə davam edir.
2.6. İmtahana buraxılan namizədin şəxsiyyəti onun şəxsiyyət vəsiqəsi və ya şəxsiyyətini təsdiq edən digər sənəd əsasında müəyyənləşdirilir.
3. İmtahanın keçirilməsi qaydası
3.1. İmtahanda namizədin aşağıdakı istiqamətlər üzrə tapşırıqların yerinə yetirilməsi qabiliyyəti yoxlanılır:
3.1.1. dəmiryol nəqliyyatı vasitəsini işə salmaq;
3.1.2. köməkçi maşınların işlək vəziyyətdə olmasına nəzarət etmək;
3.1.3. dəmiryol nəqliyyatı vasitəsinin tərkib hissəsinin tormoz sisteminin məhsuldarlığını və kipliyini yoxlamaq, eləcə də sınaq testlərini aparmaq;
3.1.4. hərəkətə başlamaq;
3.1.5. sürətin tənzimlənməsi və sahə boyu təyin edilmiş sürət həddinə (xəbərdarlıqlara) əməl etmək;
3.1.6. müəyyən olunmuş yerlərdə tormozların effektivliyinin sınağını yoxlamaq ("M/Dr/Mk" və "Lm" kateqoriyası istisna olmaqla);
3.1.7. müəyyən edilmiş hallarda səs və işıq siqnallarından istifadə etmək;
3.1.8. işıqfor və yol işarələrinin göstəricilərinə riayət etmək;
3.1.9. yolda olan nasazlıqlar barədə stansiya növbətçisinə məlumat vermək;
3.1.10. dayanma;
3.1.11. hərəkət istiqamətini dəyişmək.
3.2. İmtahan zamanı sınaq marşrutuna uyğun olaraq namizədin dəmiryol nəqliyyatı vasitəsinin idarə edilməsi ilə yanaşı aşağıdakı istiqamətlər üzrə suallar verilməklə biliyi və ani qərarvermə qabiliyyəti qiymətləndirilir:
3.2.1. dəmiryol nəqliyyatı vasitəsinin konstruksiyası və texniki xarakteristikası;
3.2.2. tormozların idarə olunması;
3.2.3. sürətölçən lent, kaset və elektron daşıyıcı ilə nəzarət;
3.2.4. kontakt şəbəkəyə nəzarət;
3.2.5. idarəetmə cihazlarına nəzarət;
3.2.6. danışıq reqlamentinə əməl olunması;
3.2.7. elektron xəritəyə nəzarət ("M/Dr/Mk" kateqoriyası istisna olmaqla);
3.2.8. yol və yol qurğularına nəzarət;
3.2.9. səs və işıq siqnallarından istifadə;
3.2.10. dəmiryol nəqliyyatı vasitəsinin digər hərəkət vasitəsinə qoşulması.
3.3. Namizəd qəza şəraiti yaratmaqla təlimatçını imtahanın gedişinə (dəmiryol nəqliyyatı vasitəsinin idarə edilməsinə) müdaxilə etməyə vadar edərsə imtahandan xaric edilir və nəticələri ləğv edilir.
3.4. İmtahanın nəticələri aşağıdakı qaydada qiymətləndirilir:
3.4.1. təlimatçı tərəfindən sınaq marşrutuna müvafiq olaraq bu Metodikanın 3.1-ci bəndində qeyd olunan tapşırıqların hər birinin icrası qiymətləndirilir və təcrübi imtahanın imtahan vərəqəsində (əlavə olunur) qeyd edilir;
3.4.2. tapşırıqların nəticələrinin hər biri 100 bal olmaqla qiymətləndirilir;
3.4.3. tapşırıqlar üzrə müvafiq alt tapşırıqlar ola bilər. Belə olduqda alt tapşırıqlar üçün qiymətləndirmə ballarının toplamı 100 baldan çox ola bilməz:
T = AT1 + AT2 + AT3 +... = 100;
3.4.4. yekun nəticə olaraq icra olunan tapşırıqların ortalama balı müəyyən olunur;
3.4.5. yekun nəticənin hesablanması aşağıdakı şəkildə həyata keçirilir: yekun nəticə =tapşırıqlar üzrə nəticələrin cəmi/tapşırıqların sayı;
3.4.6. təcrübi imtahandan yekun nəticə üzrə minimum keçid balı 85-dir;
3.4.7. namizəd imtahanda hər hansı tapşırıqlardan ikisinə 60 baldan aşağı nəticə göstərdikdə onun nəticələri yekun nəticədən asılı olmayaraq qeyri-məqbul sayılır.
"Təcrübi imtahanın keçirilməsi Metodikası"na əlavə Təcrübi imtahan üzrə İMTAHAN VƏRƏQƏSİ №________ Tarix: "____".___________ 20 il İmtahan verənin adı, soyadı, atasının adı:
FİN:
İmtahanın kateqoriyası: Sıra №-si Təcrübi imtahan zamanı verilən tapşırıqlar Verilmiş tapşırıqların nəticəsinin qiymətləndirilməsi Qeyd İmtahanı keçirən maşinist-təlimatçının: Adı: _______________ Soyadı: _________________ İmtahanda iştirak edən komissiya üzvləri: _________________ _________________ _________________ _________________ _________________ _________________
"Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası"na 6 nömrəli əlavə Nəzəri imtahanın nəticələri barədə İmtahan komissiyasının PROTOKOLU №________ Tarix: "______" _______________ 20 il Komissiyanın sədri: _________________________ (adı, soyadı) Komissiyanın üzvləri: _________________________ (adı, soyadı) _________________________ (adı, soyadı) _________________________ (adı, soyadı) _________________________ (adı, soyadı) Sıra №-si İmtahan verənin adı, soyadı, atasının adı FİN İmtahanın kateqoriyası İmtahanın nəticələri Komissiyanın qərarı düzgün cavabların sayı səhv cavabların sayı 1. 2. Komissiyanın sədri: ________________________ (imza) Komissiyanın üzvləri: ________________________ (imza) ________________________ (imza) ________________________ (imza) ________________________ (imza)
Təcrübi imtahanın nəticələri barədə İmtahan komissiyasının PROTOKOLU №________ Tarix: "______" _______________ 20 il Komissiyanın sədri: ________________________ (adı, soyadı) Komissiyanın üzvləri: ________________________ (adı, soyadı) ________________________ (adı, soyadı) ________________________ (adı, soyadı) ________________________ (adı, soyadı) Sıra №-si İmtahan verənin adı, soyadı, ata adı FİN İmtahanın kateqoriyası İmtahanın nəticələri Komissiyanın qərarı təcrübi bacarıqların qiymətləndirilməsi (hər tapşırıq üzrə) təcrübi imtahan zamanı verilən suallar verilmiş suallara cavabların qısa xülasəsi 1. 2. Komissiyanın sədri: _____________________ (imza) Komissiyanın üzvləri: _____________________ (imza) _____________________ (imza) _____________________ (imza) _____________________ (imza) _________________
№-li nüsxə