AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısının, onların geyim formasının, fərqlənmə nişanlarının təsvirinin və daşınması .......................Qaydasının təsdiq edilməsi haqqında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli 4231 nömrəli Sərəncamının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısı" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin geyim formasının, fərqlənmə nişanlarının təsviri və daşınması Qaydası" təsdiq edilsin (2 nömrəli əlavə). Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 2 iyul 2024-cü il № 327
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 iyul tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 1 nömrəli əlavə Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin SİYAHISI
1. Dəmiryol nəqliyyatının hərəkətini təşkil edən şəxslər:
1.1. təpə növbətçisi;
1.2. stansiya növbətçisi;
1.3. mərkəzləşdirmə postunun növbətçisi;
1.4. mikroprosessor mərkəz növbətçisi;
1.5. manevr dispetçeri;
1.6. stansiya dispetçeri.
2. Dəmiryol nəqliyyatının hərəkətini əlaqələndirən şəxslər:
2.1. stansiya növbətçi operatoru;
2.2. işarəverici (işarəverən).
3. Dəmiryol nəqliyyatı vasitələrinin idarə edilməsini təmin edən şəxslər:
3.1. elektrik qatar maşinisti;
3.2. elektrik qatar maşinistinin köməkçisi;
3.3. elektrovoz maşinisti;
3.4. elektrovoz maşinistinin köməkçisi;
3.5. teplovoz maşinisti;
3.6. teplovoz maşinistinin köməkçisi;
3.7. dizel qatar maşinisti;
3.8. dizel qatar maşinistinin köməkçisi;
3.9. drezin maşinisti;
3.10. drezin maşinistinin köməkçisi;
3.11. dəmiryol tikinti maşınının maşinisti;
3.12. dəmiryol tikinti maşınının maşinistinin köməkçisi;
3.13. maşinist-təlimatçı.
_________________
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 iyul tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 2 nömrəli əlavə Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin geyim formasının, fərqlənmə nişanlarının təsviri və daşınması QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin geyim formasını (bundan sonra - geyim forması), fərqlənmə nişanlarının təsvirini və onların daşınması qaydasını müəyyən edir.
1.2. Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslər vəzifə səlahiyyətlərinin icrası zamanı geyim formasında olmalıdırlar.
1.3. Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslər geyim formasını səliqəli və təmiz saxlamalı, həmin forma ilə birlikdə mülki geyimlərdən istifadə etməməli, qanunvericiliklə və bu Qayda ilə müəyyən edilmiş hallar istisna olmaqla, onun üzərinə fərqləndirici vasitələrin (nişanların) taxılmasına (tikilməsinə) və geyim formasını istifadə üçün başqa şəxslərə təqdim edilməsinə yol verməməlidirlər.
1.4. Geyim forması qış və yay dəstlərindən ibarətdir, onun hazırlanması, verilməsi, habelə mövsümə görə yay və qış formalarına keçmə müddətləri, təchizat norması "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənir.
1.5. Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
1.6. Geyim formasının daşınması qaydalarına əməl edilməsinə nəzarət "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təşkil olunur.
2. Geyim forması və fərqləndirmə nişanlarının təsviri
2.1. Geyim formasının təsviri dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin müəyyən edilmiş təsnifatı - dəmiryol nəqliyyatının hərəkətini təşkil edən, dəmiryol nəqliyyatının hərəkətini əlaqələndirən və dəmiryol nəqliyyatı vasitələrinin idarə edilməsini təmin edən şəxslər üzrə müəyyən edilir.
2.2. Dəmiryol nəqliyyatının hərəkətini təşkil edən şəxslərin geyim formasının təsviri:
2.2.1. yay dəsti - furajka (kepka), pencək, şalvar (qadınlarda - yubka), qısaqol və uzunqol köynək, jilet, qalstuk (qadınlarda - yaylıq), bel kəməri, kişilər üçün qara rəngli corab (qadınlarda - dəri rəngli neylon corab) və ayaqqabıdan ibarətdir;
2.2.2. qış dəsti - furajka (kepka), gödəkçə, pencək, şalvar (qadınlarda - yubka), uzunqol köynək, jilet, qalstuk (qadınlarda - yaylıq), bel kəməri, kişilər üçün qara rəngli corab (qadınlarda - dəri rəngli neylon və yaxud qara rəngli yarımyun corab) və ayaqqabıdan və qış çəkməsindən (qadınlarda - qısaboğaz çəkmədən) ibarətdir;
2.2.3. furajka (kepka) - tünd qırmızı rənglidir, başlıq və günlük hissəsindən ibarətdir. Başlıq hissəsinin ön tərəfinin ortasında qızılı rənglə 7x4 sm nisbətində emblem təsviri yerləşdirilir, ön hissəsində günlüyün üstündə onun kənarı boyu eni 30 sm, kənarları 1,5 sm təşkil edən qızılı parçadan tikilmiş kəmərcik yerləşdirilir və hər iki tərəfdən diametri 1,5 sm olan 2 ədəd düymə ilə bərkidilir (şəkil 1.1);
2.2.4. gödəkçə - əsas hissəsi tünd göy, çiyin hissəsi (koketka) isə boz rəngli sukeçirməyən poliestr parçadan tikilir. Düzbiçimlidir, mərkəzdən zəncirbəndlə, boyunluq hissəsindən isə yapışqanlı lentlərlə bağlanır. Kişilər üçün olan gödəkçənin hər iki bortunun üzərində üstdən tikilmiş yapışqanlı lentlə bağlanan qapaqlı döş cibi və ətək hissəsində iki ədəd cib vardır. Qadınlar üçün olan gödəkçənin üzərində sol döş hissəsində zəncirbəndlə bağlanan içdəntikilmə və ətək hissəsinin hər iki tərəfində yanlardan tikilmə cib vardır. Koketkanın orta hissəsində 17 sm ölçüdə ağ rənglə "ADY" akronimi yazılır və onun alt hissəsində reflektorlu fiqurlu xətt çəkilir (şəkil 2.1 və 2.2);
2.2.5. pencək - tünd göy rəngli parçadandır, birbortludur, arxası bütövdür və hər bir bortun ətəyində ortada fiqurlu qapaqlı düz kəsikli cibi vardır. Pencək, diametri 15 mm olan, bir sırada yerləşən 3 ədəd iri düymə ilə sağ tərəfə (qadınlarda - sol tərəfə) düymələnir.
Pencəyin sağ qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda fərqləndirmə qol nişanı (şevron) yerləşdirilir. Pencəyin sol döş hissəsinə kimlik nişanı və onun yuxarısına pencəyin yaxa hissəsinə döş nişanı taxılır. Pencəyin ciblərinin üst tikiş hissəsi 1 sm enində qırmızı rəngli köbə ilə tikilir. Pencək mövsümə uyğun kostyum parçasından olmalıdır (şəkil 4.1 və 4.3);
2.2.6. şalvar (yalnız kişilər üçün) - tünd göy rəngli kostyum parçasından, manjetli tikilir. Ön hissəsi birbükümlüdür, arxada sağ tərəfdə qapaqlı kəsik cibi vardır. Öndəki ciblərin üst tikiş hissəsi 0,5 sm enində, arxa cibin üst tikiş hissəsi isə 1 sm enində qırmızı rəngli köbə ilə tikilir. Qurşaqda kəmər üçün altı halqa (körpücük) vardır. Şalvarın miyançası qarmaq və zəncirbəndlə bağlanır, yaxud 3-4 düymə ilə düymələnir. Sağ arxa hissədə bir ilgək və bir düymə ilə düymələnən kəsik birköbəli cib vardır (şəkil 7.1);
2.2.7. yubka - tünd göy rəngli kostyum parçasından tikilir və astarlıdır. Düzbiçimlidir, eni 5 sm olan tikilmə qurşaqlıdır. Arxası iki hissədən ibarətdir. Arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Qurşağa halqa (körpücük) tikilir. Arxadan zəncirbəndlə bağlanır və şlitsi vardır. Ətəyin uzunluğu diz xəttindən 10 sm aşağı olmalıdır (şəkil 8);
2.2.8. köynək - uzunqol açıq mavi rəngdə və qısaqol ağ rəngdədir. Düzbiçimlidir (qadınlarda - yarıyapışıq biçimlidir). Qısaqol köynəyin sol bortunda üstdən tikmə qapaqlı bir cib vardır. Köynəyin sağ qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda geyimin fərqləndirmə qol nişanı (şevron) yerləşdirilir. Qısaqol köynəyin qollarının uzunluğu dirsəkdən 10 sm yuxarı olur. Köynək 6 kiçik adi düymə (qadınlar - 10 kiçik adi düymə) ilə sağ tərəfə (qadınlarda - sol tərəfə) düymələnir. Cib qapaqları basmadüymə ilə bağlanır. Köynək şalvarın içinə salınır (şəkil 9.1, 9.2, 9.5 və 9.6);
2.2.9. qalstuk (yalnız kişilər üçün) - qırmızı rəngli parçadan tikilir və iti ucla tamamlanan uzanmış trapesiya şəklindədir. Qalstukun aşağı hissəsində köynəyə bərkidilməsi üçün nəzərdə tutulmuş qızılı rəngdə sancaq olur (şəkil 10);
2.2.10. yaylıq (yalnız qadınlar üçün) - qırmızı rəngli düzbucaqlı formada tikilir və düzbucaqlı şəklindədir. Ölçüləri 115x30sm nisbətindədir (şəkil 11);
2.2.11. jilet - tünd göy rəngdədir, yaxası üçbucaq formalıdır.
Düzbiçimlidir (qadınlarda - yarıyapışıq biçimlidir), kürəyi bütövdür, yaxalığı 2 sm enində ikiqat tikilir və diametri 15 mm olan bir sırada yerləşən 3 ədəd iri düymə ilə sağ tərəfə (qadınlarda - sol tərəfə) düymələnir. Jiletin sol döş hissəsinə kimlik nişanı və onun yuxarısına döş nişanı taxılır. Jiletin hər bir bortunun ətəyində ortada düz kəsik cibi vardır və ciblərinin üst tikiş hissəsi 0,5 sm enində qırmızı rəngli köbə ilə tikilir (şəkil 5.1 və 5.2).
2.3. Dəmiryol nəqliyyatının hərəkətini əlaqələndirən şəxslərin geyim formasının təsviri:
2.3.1. yay dəsti - şalvar, qısaqol və uzunqol köynək, bel kəməri (yalnız kişilər üçün), kişilər üçün qara rəngli corab (qadınlarda - dəri rəngli neylon corab) və ayaqqabıdan ibarətdir;
2.3.2. qış dəsti - gödəkçə, demisezon gödəkçə, şalvar, uzunqol köynək, kardiqan, bel kəməri (yalnız kişilər üçün), kişilər üçün qara rəngli corab (qadınlarda - dəri rəngli neylon və yaxud qara rəngli yarımyun corab) və ayaqqabıdan, qış çəkməsindən (qadınlarda - qısaboğaz çəkmə) ibarətdir;
2.3.3. gödəkçə - əsas hissəsi tünd göy, çiyin hissəsi (koketka) isə boz rəngli sukeçirməyən poliestr parçadan tikilir. Düzbiçimlidir, mərkəzdən zəncirbəndlə, boyunluq hissəsindən isə yapışqanlı lentlərlə bağlanır. Kişilər üçün olan gödəkçənin hər iki bortunun üzərində üstdən tikilmiş yapışqanlı lentlə bağlanan qapaqlı döş cibi və ətək hissəsində iki ədəd cibi vardır. Qadınlar üçün olan gödəkçənin üzərində sol döş hissəsində zəncirbəndlə bağlanan içdəntikilmə və ətək hissəsinin hər iki tərəfində yanlardan tikilmə cib vardır. Koketkanın orta hissəsində 17 sm ölçüdə ağ rənglə "ADY" akronimi yazılır və onun alt hissəsində reflektorlu, fiqurlu xətt çəkilir. Boyunluğunun arxa tərəfindən tikilmiş yağışdan qorunmaq üçün xüsusi örtük papağı vardır (şəkil 2.3 və 2.4);
2.3.4. demisezon gödəkçə - əsas hissəsi tünd göy parçadan tikilir. Düzbiçimlidir (qadınlarda - yarıyapışıq biçimlidir), zəncirbəndlə bağlanır. Ətəyinin hər iki yan hissəsi və qollarının bilək hissəsi manjetlidir. Qatlanan yaxalıqlıdır. Gödəkçənin hər bir bortunun ətəyində ortada yandan kəsik cibi vardır və ciblərinin üst tikiş hissəsi 0,5 sm enində qırmızı rəngli köbə ilə tikilir. Çiyin hissəsində 17 sm ölçüdə ağ rənglə "ADY" akronimi yazılır və onun alt hissəsində reflektorlu, fiqurlu xətt çəkilir (şəkil 3.1 və 3.2);
2.3.5. şalvar - tünd göy rəngli kostyum parçasından və manjetli tikilir. Ön hissəsi birbükümlüdür (qadınlarda - ikibükümlüdür). Kişilər üçün olan şalvarın kəsmə yan cibləri vardır və qapaqlarının kənarı 0,5 sm enində qırmızı rəngli köbə ilə tikilir. Şalvarın arxada sağ tərəfdə (qadınlarda sağ və sol tərəfdə) bir ilgək və bir düymə ilə düymələnən qapaqlı kəsik cibi vardır və üst tikiş hissəsi 1 sm enində qırmızı rəngli köbə ilə tikilir. Qurşaqda kəmər üçün altı halqa (körpücük) vardır. Şalvarın miyançası qarmaq və zəncirbəndlə bağlanır (şəkil 7.1 və 7.2);
2.3.6. köynək - əsas hissəsi boz rəngli parçadan uzunqol və qısaqol olmaqla polotipli tikilir. Düzbiçimlidir (qadınlarda - yarıyapışıq biçimlidir). Köynək üçdüyməli, plankalıdır. Qatlanan yaxalıqlıdır. Qısaqol köynəyin qollarının uzunluğu dirsəkdən 10 sm yuxarı olur. Köynəyin sol döş hissəsinə kimlik nişanı taxılır və onun yuxarısına qızılı rəngdə emblem tikilir. Köynək sağ tərəfə (qadınlarda - sol tərəfə) düymələnir (şəkil 9.3, 9.4, 9.7 və 9.8);
2.3.7. kardiqan - tünd-göy rəngli olmaqla uzunqol hazırlanır.
Düzbiçimlidir (qadınlarda - yarıyapışıq biçimlidir), kürəyi bütövdür, ön hissəsi üçbucaq formalı yaxalıqlıdır. Ətəyi və qollarının bilək hissəsi manjetli tikilir. Yaxalığı 3 sm enində ikiqat tikilir və diametri 15 mm olan bir sırada yerləşən 3 ədəd iri düymə ilə sağ tərəfə (qadınlarda - sol tərəfə) düymələnir. Sol döş hissəsinə kimlik nişanı və onun yuxarısına ölçüləri 2x1,5 sm nisbətində olan qızılı rəngdə emblem taxılır (şəkil 6.1 və 6.2).
2.4. Dəmiryol nəqliyyat vasitələrinin idarə edilməsini təmin edən şəxslərin geyim formasının təsviri:
2.4.1. yay dəsti - furajka (kepka), pencək, şalvar, qısaqol və uzunqol köynək, qalstuk (qadınlarda - yaylıq), bel kəməri, kişilər üçün qara rəngli corab (qadınlarda - dəri rəngli neylon corab) və ayaqqabıdan ibarətdir;
2.4.2. qış dəsti - furajka (kepka), gödəkçə, pencək, şalvar, uzunqol köynək, qalstuk (qadınlarda - yaylıq), bel kəməri, kişilər üçün qara rəngli corab (qadınlarda - dəri rəngli neylon və yaxud qara rəngli yarımyun corab) və ayaqqabıdan və qış çəkməsindən (qadınlarda - qısaboğaz çəkmədən) ibarətdir;
2.4.3. furajka (kepka) - tünd göy rənglidir, başlıq və günlük hissələrindən ibarətdir. Başlıq hissəsinin ön tərəfinin ortasında qızılı rəngdə 7x4 sm nisbətində emblem təsviri yerləşdirilir, ön hissəsində günlüyün üstündə onun kənarı boyu eni 30 sm, kənarları 1,5 sm təşkil edən qızılı rəngli parçadan tikilmiş kəmərcik yerləşdirilir və hər iki tərəfdən diametri 1,5 sm olan 2 ədəd düymə ilə bərkidilir (şəkil 1.2);
2.4.4. gödəkçə - əsas hissəsi tünd göy, çiyin hissəsi (koketka) isə boz rəngli sukeçirməyən poliestr parçadan tikilir. Düzbiçimlidir, mərkəzdən zəncirbəndlə, boyunluq hissəsindən isə yapışqanlı lentlərlə bağlanır. Kişilər üçün olan gödəkçənin hər iki bortunun üzərində üstdən tikilmiş yapışqanlı lentlə bağlanan qapaqlı döş cibi və ətək hissəsində iki ədəd cib vardır. Qadınlar üçün olan gödəkçənin üzərində sol döş hissəsində zəncirbəndlə bağlanan içdəntikilmə və ətək hissəsinin hər iki tərəfində yanlardan tikilmə cib vardır. Koketkanın orta hissəsində 17 sm ölçüdə ağ rənglə "ADY" akronimi yazılır və onun alt hissəsində reflektorlu, fiqurlu xətt çəkilir (şəkil 2.1 və 2.2);
2.4.5. pencək - seçilmiş tünd göy rəngli parçadandır, düzbiçimlidir (qadınlarda - yarıyapışıq biçimlidir) birbortludur, arxası bütövdür, hər bir bortun ətəyində ortada fiqurlu qapaqlı düz kəsik cib vardır. Pencək diametri 15 mm olan bir sırada yerləşən 3 ədəd iri düymə ilə sağ tərəfə (qadınlarda - sol tərəfə) düymələnir. Pencəyin sağ qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda fərqləndirmə qol nişanı (şevron) yerləşdirilir. Pencəyin sol döş hissəsinə kimlik nişanı və onun yuxarısına pencəyin yaxa hissəsinə döş nişanı taxılır. Pencəyin ciblərinin üst tikiş hissəsi 1 sm enində qırmızı rəngli köbə ilə tikilir. Hər iki tərəfdə qolun kənarı 1 sm enində qalın, bilək hissəsindən 10 sm yuxarıda isə 2 ədəd düz zolaq hissə tikilir. Pencək mövsümə uyğun kostyum parçasından olmalıdır (şəkil 4.2 və 4.4);
2.4.6. şalvar - tünd göy rəngli kostyum parçasından və manjetli tikilir. Ön hissəsi birbükümlüdür (qadınlarda - ikibükümlüdür). Kişilər üçün olan şalvarın kəsik yan cibləri vardır və qapaqlarının kənarı 0,5 sm enində qırmızı rəngli köbə ilə tikilir. Şalvarın arxada sağ tərəfdə (qadınlarda sağ və sol tərəfdə) bir ilgək və bir düymə ilə düymələnən qapaqlı kəsmə cibi vardır və üst tikiş hissəsi 1 sm enində qırmızı rəngli köbə ilə tikilir. Qurşaqda kəmər üçün altı halqa (körpücük) vardır. Şalvarın miyançası qarmaq və zəncirbəndlə bağlanır (şəkil 7.1 və 7.2);
2.4.7. köynək - uzunqol açıq mavi rəngdə və qısaqol ağ rəngdədir. Düzbiçimlidir (qadınlarda - yarıyapışıq biçimlidir). Qısaqol köynəyin sol bortunda üstdən tikmə qapaqlı bir cib vardır. Köynəyin sağ qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda geyimin fərqləndirmə qol nişanı (şevron) yerləşdirilir. Qısaqol köynəyin qollarının uzunluğu dirsəkdən 10 sm yuxarı olur. Köynək 6 kiçik adi düymə (qadınlar - 10 kiçik adi düymə) ilə sağ tərəfə (qadınlarda - sol tərəfə) düymələnir. Cib qapaqları basmadüymə ilə bağlanır. Köynək şalvarın içinə salınır (şəkil 9.1, 9.2, 9.5 və 9.6);
2.4.8. qalstuk (yalnız kişilər üçün) - qırmızı rəngli parçadan tikilir və iti ucla tamamlanan uzanmış trapesiya şəklindədir. Qalstukun aşağı hissəsində köynəyə bərkidilməsi üçün nəzərdə tutulmuş qızılı rəngdə sancaq olur (şəkil 10);
2.4.9. yaylıq (yalnız qadınlar üçün) - qırmızı rəngli düzbucaqlı formada tikilir və düzbucaqlı şəklindədir. Ölçüləri 115x30 sm nisbətindədir (şəkil 11);
2.4.10. jilet - tünd göy rəngdədir, yaxası üçbucaq formalıdır və düzbiçimlidir (qadınlarda - yarıyapışıq biçimlidir). Jiletin kürəyi bütövdür, yaxalığı 2 sm enində ikiqat tikilir və diametri 15 mm olan bir sırada yerləşən 3 ədəd iri düymə ilə sağ tərəfə (qadınlarda - sol tərəfə) düymələnir. Jiletin hər bir bortunun ətəyində ortada düz kəsik cibi vardır və ciblərinin üst tikiş hissəsi 0,5 sm enində qırmızı rəngli köbə ilə tikilir (şəkil 5.1 və 5.3).
2.5. Dəmiryol nəqliyyatının hərəkətini təşkil edən, dəmiryol nəqliyyatının hərəkətini əlaqələndirən və dəmiryol nəqliyyat vasitələrinin idarə edilməsini təmin edən şəxslər üçün ümumi olan geyim formalarının təsvirləri:
2.5.1. ayaqqabı - qara rəngli, üstü yaxşı aşılanmış dəridən, altlığı göndən və ya rezindən olur. Dabanı orta ölçüdədir və qəliblənmişdir (qadınlarda alçaq dabanlı və rezindən). Burnu və arxa hissəsi möhkəmləndirilmişdir. Qış çəkməsi (qadınlarda - qısaboğaz çəkmə) qara rəngli, üstü yaxşı aşılanmış dəridən hazırlanır, dabanı orta ölçüdədir, zəncirbəndlə bağlanır. Altlığı qəliblənmişdir. Qış çəkməsinin (qadınlarda - qısaboğaz çəkmənin) içərisi süni xəzdəndir (şəkil 14.1, 14.2, 14.3 və 14.4);
2.5.2. digər geyim əşyaları - bel kəməri, kişilər üçün corab qara rəngli (qadınlarda - dəri rəngli neylon və yaxud qara rəngli yarımyun corablar) olur (şəkil 12.1, 12.2, 13.1 və 13.2).
2.6. Fərqləndirmə nişanlarına fərqləndirmə qol nişanı (şevron) və kimlik nişanı aiddir.
2.7. Fərqləndirmə qol nişanının (şevron) materialı parçadandır, ölçüləri 10x5,9 sm nisbətində paraleloqram formasındadır. Paraleloqramın içərisində ağ fonda göy rənglə emblemin təsviri yerləşdirilir, aşağı hissəsində göy rənglə "AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC" sözləri, onun altında isə "AZERBAIJAN RAILWAYS" CJSC" sözləri yazılır (şəkil 15).
2.8. Kimlik nişanının materialı gümüşü rəngli poladdandır, ölçüləri 8x3 sm nisbətində olan düzbucaqlı formadadır. Kimlik nişanının içərisində ağ fonda tünd göy rənglə geyim formasının sahibinin adı, soyadı və vəzifəsi yazılır (şəkil 16).
2.9. Döş nişanının materialı qızılı rəngdə metaldandır, ölçüləri 2x1,5 sm nisbətində olan paraleloqram formasındadır. Paraleloqramın içərisində qızılı rəngdə "ADY" akronimli emblem təsviri yerləşdirilmişdir (şəkil 17).
3. Geyim formasının daşınma qaydası
3.1. Geyim forması daşınarkən bütün düymələr, zəncirbəndlər və bel kəməri bağlı vəziyyətdə olmalı, cib qapaqları cibin üzərinə salınmalıdır.
3.2. Payız-yaz mövsümünün nisbətən soyuq hava şəraitində gündəlik yay geyim formasının pencəksiz mavi rəngdə demisezon gödəkçə ilə geyinilməsinə icazə verilir. Bu zaman demisezon gödəkçənin üzərinə emblemin təsviri olan döş nişanı taxılır.
3.3. Furajka (kepka) yana meyilsiz, düz şəkildə geyinilir.
3.4. Kimlik nişanı və emblemin təsviri olan döş nişanı fəslə uyğun olaraq istifadə olunan yalnız bir üst geyiminin üzərinə taxılır.
3.5. Uzunqol köynəyi pencəksiz geyinərkən qalstukla (yaylıqla), qısaqol köynək isə qalstuksuz (yaylıqsız), yuxarıdan birinci düyməsi açıq şəkildə geyinilir. _________________
"Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin geyim forması, fərqlənmə nişanlarının təsviri və daşınması Qaydası"na əlavə
1. Furajka (kepka)
Şəkil 1.1 Şəkil 1.2
2. Gödəkçə
Şəkil 2.1 Şəkil 2.2
Şəkil 2.3 Şəkil 2.4
3. Demisezon gödəkçə Şəkil 3.1 Şəkil 3.2
4. Pencək Şəkil 4.1 Şəkil 4.2
Şəkil 4.3 Şəkil 4.4
5. Jilet
Şəkil 5.1 Şəkil 5.2
Şəkil 5.3
6. Kardiqan Şəkil 6.1 Şəkil 6.2
7. Şalvar Şəkil 7.1 Şəkil 7.2
8. Yubka
9. Köynək Şəkil 9.1 Şəkil 9.2 Şəkil 9.3 Şəkil 9.4 Şəkil 9.5 Şəkil 9.6
Şəkil 9.7 Şəkil 9.8
10. Qalstuk
11. Yaylıq
12. Bel kəməri
Şəkil 12.1 Şəkil 12.2
13. Corab
Şəkil 13.1 Şəkil 13.2
14. Ayaqqabı Şəkil 14.1 Şəkil 14.2
Şəkil 14.3 Şəkil 14.4
15. Qol nişanı (şevron)
16. Kimlik nişanı
17. Döş nişanı _________________________________
№-li nüsxə