AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: ........."Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur). Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 14 iyun 2024-cü il № 303
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 14 iyun tarixli 303 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 3.11-ci maddəsinə əsasən hazırlanmışdır və müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarlarını müəyyən edir, habelə bu məqsədlə alınan malların, işlərin və xidmətlərin satınalınmasının planlaşdırılması, təşkili və keçirilməsi ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir.
1.2. Bu Qaydanın tələbləri müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarına aid malların, işlərin və xidmətlərin satınalınmasını həyata keçirən dövlət orqanlarına (qurumlarına) şamil edilir.
1.3. Bu Qaydanın əsas məqsədi ölkənin müdafiəsini və dövlət təhlükəsizliyini təmin edən dövlət orqanları (qurumları) üçün məxfilik qorunmaqla, operativ şəkildə etibarlı və dayanıqlı təchizatın təmin olunmasıdır.
2. Əsas anlayışlar
2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. xüsusi prosedur — Azərbaycan Respublikasının dövlət büdcəsində xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşən, həmçinin bu Qaydanın 3.2.6-cı və 3.2.7-ci yarımbəndləri ilə satınalma predmeti müəyyən edilən satınalma müqavilələrinin (onlara əlavə və dəyişikliklərin edilməsi və xitam verilməsi barədə razılaşmaların) Azərbaycan Respublikası Nazirlər Kabinetinin icazəsinə əsasən qüvvəyə minməsi proseduru;
2.1.2. müdafiə və ya dövlət təhlükəsizliyi ehtiyacları — ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təmini üçün zəruri olan mallara, işlərə və xidmətlərə tələbat;
2.1.3. satınalma — satınalma predmetinin bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğun olaraq maliyyə vəsaiti hesabına əldə edilməsi;
2.1.4. satınalan təşkilat — müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları üçün malların, işlərin və xidmətlərin satınalmasını həyata keçirən, bu Qaydanın 1 nömrəli əlavəsində nəzərdə tutulan dövlət orqanları (qurumları);
2.1.5. satınalma komissiyası — satınalan təşkilat (Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə və qurumlara, eləcə də onların strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə münasibətdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi) tərəfindən yaradılan, onun adından satınalmanı keçirən və bu Qaydada nəzərdə tutulan hallarda nəticəsi barədə qərar qəbul edən müvəqqəti işçi qrup;
2.1.6. satınalma predmeti — bu Qaydaya uyğun olaraq satın alınan mallar, işlər və xidmətlər;
2.1.7. satınalma müqaviləsi — bu Qaydanın 13.2.7-ci yarımbəndinə əsasən qalib elan edilmiş və ya 13.3-cü bəndinə uyğun olaraq seçilmiş təchizatçı ilə satınalan təşkilat arasında bağlanılan, tərəflərin hüquq, vəzifə və öhdəliklərini müəyyən edən, forması satınalan təşkilat və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilən sənəd;
2.1.8. satınalma planı — satınalan təşkilat tərəfindən bu Qaydanın 8-ci hissəsinə uyğun olaraq tərtib edilən, bir büdcə ili ərzində təşkil ediləcək satınalmalar barədə məlumatı (bu Qaydanın 3.2.1-ci yarımbəndində nəzərdə tutulan satınalmalar istisna olmaqla) əks etdirən və satınalan təşkilatın rəhbəri tərəfindən təsdiq edilən sənəd;
2.1.9. ən səmərəli təklif — satınalma predmetinin texniki xidmət və təmir xərcləri, icra və təhvil verilmə müddətləri, zəmanət şərtləri, funksional xüsusiyyətləri və ödəniş şərtləri əsas götürülməklə məcmu qiyməti optimal olan təklif;
2.1.10. şərtlər toplusu — satınalmanın xüsusiyyətləri nəzərə alınmaqla, satınalan təşkilat tərəfindən bu Qaydanın 12-ci hissəsinə uyğun olaraq tərtib edilən və satınalma şərtlərini əks etdirən sənəd;
2.1.11. təchizatçı — bu Qaydanın tələblərinə uyğun olaraq satınalmalarda iştirak edən və ya satınalan təşkilatla bağlanılmış müqaviləyə əsasən satınalma predmetini təchiz edən dövlət orqanı (qurumu), hüquqi və ya fiziki şəxs.
2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunla müəyyən edilən mənaları ifadə edir.
3. Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları
3.1. Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları aşağıdakılardır:
3.1.1. Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və əhalinin təcavüzdən qorunması;
3.1.2. Konstitusiya quruluşunun, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması;
3.1.3. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin, müdafiəsinin və toxunulmazlığının təmin edilməsi;
3.1.4. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi;
3.1.5. terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə;
3.1.6. müdafiə sənayesinin inkişafının təmin edilməsi;
3.1.7. sülhməramlı missiyanın həyata keçirilməsi;
3.1.8. mühafizə olunan şəxslərin təhlükəsizliyinin təmin edilməsi;
3.1.9. strateji əhəmiyyətə malik dövlət obyektlərinin, ixrac neft və qaz boru kəmərlərinin və onların infrastruktur obyektlərinin mühafizəsinin təmin edilməsi;
3.1.10. kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi və kibercinayətkarlığa qarşı mübarizə;
3.1.11. xüsusi rabitənin və informasiya təhlükəsizliyinin təmin edilməsi;
3.1.12. məhkumların və həbsdə saxlanılan şəxslərin müşayiəti və mühafizəsi;
3.1.13. mülki müdafiənin təşkili;
3.1.14. səfərbərlik və hərbi xidmətə çağırış.
3.2. Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı satınalmaların predmetinə aşağıdakılar aiddir:
3.2.1. silahların bütün növləri, döyüş sursatları, hərbi təyinatlı texnika, texniki vasitələr, sistemlər, avadanlıqlar, proqram təminatları, lisenziyalar, uçuş aparatları, üzmə vasitələri, maşınlar, alətlər, cihazlar, qurğular, mal-materiallar, dəstləşdiricilər, bunlarla əlaqəli hər növ vasitələr, ehtiyat hissələri, xidmətlər və işlər (istehsal, təmir, modernizasiya, bu istiqamətdə elmi tədqiqat və təcrübi-konstruktor işləri, texniki servis xidmətləri);
3.2.2. silah, döyüş sursatı, hərbi texnika və digər hərbi əmlak istehsal etmək üçün avadanlıq;
3.2.3. silahların, döyüş sursatlarının, hərbi texnikanın və digər hərbi əmlakın hazırlanması məqsədilə istifadə olunan xammal, material və onların komponentləri;
3.2.4. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan mallar, işlər və xidmətlər;
3.2.5. hərbi qulluqçuların hərbi geyim forması, əşya əmlakı və ərzaq məhsulları;
3.2.6. hərbi hissələrin, hərbi şəhərciklərin, hərbi infrastruktur obyektlərinin (bina və (və ya) qurğuların), habelə digər məxfi rejimli obyektlərin (bina və (və ya) qurğuların) layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), sökülməsi, o cümlədən tikinti meydançasının təşkili, zəruri konstruksiyaların qurulması, tamamlama və ya abadlıq işləri, müəllif nəzarəti, habelə bunlarla əlaqədar digər xidmətlər və işlər (qazma, geodeziya, mühəndis-axtarış, elmi-konstruktor, geoloji-kəşfiyyat, peykdən çəkiliş, seysmik, elmi tədqiqat işləri, əsas fondlara və vəsaitlərə xidmət göstərilməsi);
3.2.7. müdafiə sənayesi obyektlərinin (silah, sursat, hərbi texnika və digər hərbi əmlakın istehsalı, təkmilləşdirilməsi, təmiri və utilizasiya üçün sahələrin) inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və sökülməsi;
3.2.8. beynəlxalq və ölkə səviyyəli hərbi təlimlərin və hərbi yarışların təşkili ilə bağlı satın alınan mallar, işlər və xidmətlər;
3.2.9. fövqəladə və səfərbərlik ehtiyatlarına tədarük olunan mallar;
3.2.10. xüsusi prosedurun tətbiq edilməsi şərtilə bu Qaydanın 3.1-ci bəndində göstərilən meyarlar üzrə digər satınalmalar.
4. Təchizatçılarla danışıqların və görüşlərin keçirilməsi
4.1. Satınalan təşkilatla təchizatçılar arasında keçirilən görüş zamanı bütün təchizatçılar üçün bərabər iştirak imkanları yaradılır və görüşün nəticələri protokolla rəsmiləşdirilir. Protokol nəzərə alınmaq üçün bütün təchizatçılara göndərilir.
4.2. Bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulan görüşlər videomüşahidə vasitələrinin nəzarəti altında aparılır. Həmin videomüşahidə vasitələrinin qeydə aldığı videoyazı satınalan təşkilat tərəfindən azı 6 (altı) ay müddətində saxlanılır.
4.3. Satınalan təşkilatla təchizatçılar arasında qeyri-rəsmi danışıqlar aparılması və görüşlərin keçirilməsi qadağandır. Təqdim edilmiş təkliflə əlaqədar satınalan təşkilatla təchizatçı arasında danışıqlar aparılmasına yol verilmir.
4.4. Şərtlər toplusunda müəyyən edilən tələblərə cavab verməyən təchizatçının belə tələblərə uyğunlaşdırılması məqsədilə şərtlər toplusunda hər hansı dəyişiklik edilməsinə, habelə bununla bağlı hər hansı sorğuya, təklifə və icazəyə yol verilmir.
5. Sənədlərin və məlumatların təqdim edilməsi formaları Satınalan təşkilatlarla təchizatçıların bir-birinə göndərdikləri bildirişlər, qərarlar, digər sənədlər və məlumatlar yazılı formada (kağız daşıyıcıda, elektron poçt və ya satınalan təşkilat tərəfindən müəyyən edilən proqram təminatı vasitəsilə) təqdim olunur. Satınalmanın xüsusiyyətləri nəzərə alınaraq, satınalan təşkilat və təchizatçı arasında mübadilə edilən məlumatların və onların daşıyıcılarının məxfiləşdirilməsi qaydası "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla satınalan təşkilat tərəfindən müəyyən edilir.
6. Satınalmalarda sənədləşdirilmənin aparılması dili Satınalan təşkilat tərəfindən satınalmalara dair sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Satınalma komissiyasının qərarı ilə satınalmalara dair sənədlər xarici dillərdən birinə (bir neçəsinə) tərcümə oluna bilər.
7. Sənədlərdə dəyişikliklərin edilməsi
7.1. Təchizatçı şərtlər toplusunda aydın olmayan hallarla bağlı təkliflərin təqdim edilməsi müddətinin bitməsinə 5 (beş) iş günü qalanadək satınalan təşkilata sorğu edə bilər. Satınalma komissiyası sorğunu aldıqdan sonra 2 (iki) iş günü ərzində sorğuya cavab verir.
7.2. Satınalma komissiyası bu Qaydanın 4.4-cü bəndinin tələbləri nəzərə alınmaqla, təkliflərin təqdim edilməsi müddətinin bitməsinə 2 (iki) iş günü qalanadək şərtlər toplusuna hər hansı təchizatçının sorğusu əsasında və ya texniki səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə öz təşəbbüsü ilə dəyişikliklər (satınalma predmetinin dəyişdirilməsi istisna olmaqla) edə bilər. Dəyişikliklər bütün təchizatçılara göndərilir və bütün təchizatçılar üçün məcburi qüvvəyə malikdir.
7.3. Satınalma komissiyası şərtlər toplusuna dəyişikliklər etdiyi halda, təkliflərin təqdim edilməsi müddətini ən azı 5 (beş) iş gününədək uzadır.
7.4. Bu Qaydanın tələblərinə uyğun olaraq şərtlər toplusunda dəyişikliklər edildikdə və (və ya) təkliflərin təqdim edilməsi müddətləri uzadıldıqda satınalma komissiyası bu barədə həmin gün şərtlər toplusu təqdim edilmiş bütün təchizatçıları yazılı qaydada məlumatlandırır.
8. Satınalmaların planlaşdırılması
8.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən növbəti ilin dövlət büdcəsinin layihəsinə uyğun satınalan təşkilata aid dövlət büdcəsinin ilkin göstəriciləri və xərclərinin bölgüsü barədə məlumatlar göndərildikdən sonra satınalan təşkilat həmin məlumatlar əsasında ən geci 30 (otuz) gün ərzində (büdcədən maliyyələşməyən satınalan təşkilat cari ilin oktyabr ayının 25-dən gec olmayaraq, növbəti il üçün müəyyən etdiyi tələbata uyğun) ilkin satınalma planını hazırlayır və təsdiq edir. İlkin satınalma planı növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edilənədək qüvvədə qalır.
8.2. İlkin satınalma planı təsdiq edildikdən sonra satınalan təşkilat satınalma müqaviləsinin bağlanılması istisna olmaqla satınalmanın digər prosedurlarını yerinə yetirə və bu prosedurlar çərçivəsində satınalma komissiyasını formalaşdıra, satınalma predmetini müəyyənləşdirə, şərtlər toplusunu və ya satınalma predmetinə dair tələblərini hazırlaya, təkliflərin cəlb edilməsi üçün şərtlər toplusunu göndərə, təklifləri qəbul edə, təklifləri açaraq qalib elan edə və ya satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulan konkret təchizatçını müəyyən edə bilər.
8.3. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin təsdiq edilmiş göstəriciləri və xərclərinin bölgüsü barədə məlumat satınalan təşkilata daxil olduqdan sonra ilkin satınalma planında 3 (üç) iş günü ərzində (büdcədən maliyyələşməyən satınalan təşkilat Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edildikdən sonra 3 (üç) iş günündən gec olmayaraq) dəqiqləşdirmə aparılaraq həmin plan təsdiq edilir.
8.4. Satınalma planında nəzərdə tutulmayan, lakin cari ildə ehtiyac yaranmış satınalmalar satınalan təşkilatın rəhbərinin razılığı ilə bu Qaydanın 13-cü hissəsinə uyğun olaraq həyata keçirilir.
9. Ehtimal olunan qiymət Satınalan təşkilat satınalmaya başlamazdan əvvəl ehtimal olunan qiyməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ehtimal olunan qiymətin hesablanması Qaydası" ilə müəyyən edilən üsullarla hesablayır və təsdiq edir (bu Qaydanın 13.3-cü bəndinə uyğun olaraq həyata keçirilən satınalmalar istisna olmaqla). Satınalan təşkilat tərəfindən ehtimal olunan qiymət təsdiq olunmadan satınalmaya başlanıla bilməz.
10. Satınalma komissiyası
10.1. Bu Qaydanın 13.2-ci bəndinə uyğun olaraq həyata keçirilən satınalmalar üzrə biri sədr olmaqla, tək sayda azı 5 (beş) nəfərdən ibarət satınalma komissiyası satınalan təşkilatın nümayəndələrindən formalaşdırılır. Satınalma komissiyasının sədrini və üzvlərini satınalan təşkilatın rəhbəri təyin edir. Satınalma komissiyasının tərkibinə satınalan təşkilatın rəhbərinin müavini, maliyyə, hüquq, daxili nəzarət və təchizat funksiyalarını həyata keçirən struktur bölmələrin rəhbərləri daxil edilir. Satınalma komissiyasının sədri satınalan təşkilatın rəhbərinin müavini olur.
10.2. Bu Qaydanın 2.1.5-ci yarımbəndinin tələbləri nəzərə alınmaqla, "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin və onun strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə münasibətdə satınalma komissiyası Azərbaycan Respublikasının müdafiə sənayesi naziri tərəfindən formalaşdırılır. Tək sayda azı 5 (beş) nəfərdən ibarət satınalma komissiyasının tərkibinə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Aparatının aidiyyəti struktur bölməsinin rəhbəri də daxil edilir. Satınalma komissiyasının sədri "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru olur. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan və ya tabeliyində olan digər müəssisələrə və qurumlara münasibətdə satınalma komissiyası bu Qaydanın 10.1-ci bəndinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının müdafiə sənayesi naziri tərəfindən formalaşdırılır və satınalma komissiyasının sədri Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini olur.
10.3. Satınalma komissiyası fəaliyyətində müstəqildir, qərarlarını əsaslandırmaqla və bu Qaydanı rəhbər tutmaqla sərbəst qəbul edir. Satınalma komissiyasının iclaslarında, o cümlədən satınalmanın nəticələri haqqında qərar qəbul olunarkən komissiya üzvlərinin azı dörddə üçü iştirak etməlidir. Komissiyanın qərarları komissiya sədrinin iştirakı ilə sadə səs çoxluğu ilə qəbul edilir. Komissiya üzvlərinin səsvermə zamanı bitərəf qalmasına yol verilmir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledicidir.
10.4. Satınalma komissiyasına şərtlər toplusunun tərtib olunması, Qanunun 23.6-cı maddəsində göstərilən sənədlərə və təkliflərə baxılması, onların qiymətləndirilməsi məqsədilə Qanunun 6.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla kənar məsləhətçilər (ixtisaslı mütəxəssislər və ya ekspertlər) cəlb edilə bilər.
10.5. Satınalma komissiyası aşağıdakı qərarlardan birini və ya bir neçəsini qəbul edir:
10.5.1. şərtlər toplusunun təsdiq edilməsi haqqında;
10.5.2. şərtlər toplusunda dəyişiklik edilməsi haqqında;
10.5.3. təchizatçıların satınalmadan kənarlaşdırılması haqqında;
10.5.4. satınalmanın ləğv edilməsi haqqında;
10.5.5. təchizatçılar arasında birinci, ikinci və üçüncü yerlərin müəyyənləşdirilməsi haqqında;
10.5.6. satınalma predmetinin iki və ya daha çox təchizatçı arasında bölünməsi haqqında;
10.5.7. təkliflərin qiymətləndirilməsi nəzərdə tutulan müddət ərzində başa çatmadıqda, bu müddətin uzadılması haqqında.
10.6. Qərarlar onların qəbul olunmasında iştirak etmiş satınalma komissiyasının bütün üzvləri tərəfindən həmin gün imzalanır.
10.7. Satınalma komissiyasının qərarları ilə razılaşmayan üzvlər öz xüsusi rəylərini təqdim edərək qərarı imzalayırlar. Xüsusi rəy iki və daha artıq üzvlə birgə və ya fərdi rəylər şəklində tərtib edilə bilər.
10.8. Satınalma komissiyası tərəfindən satınalmanın nəticələri haqqında bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən yekun protokol tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır.
10.9. Satınalma komissiyasının bütün qərarları protokolla rəsmiləşdirilir.
10.10. Satınalma komissiyası satınalmaları Qanunun 6-cı maddəsinin tələbləri nəzərə alınmaqla təşkil edir.
11. Satınalmanın ləğv edilməsi
11.1. Satınalma komissiyası aşağıdakı hallarda satınalmanın ləğv edilməsi haqqında qərar qəbul edir:
11.1.1. satınalmada iştirak etmək üçün təklif təqdim etmiş təchizatçıların sayı üçdən az olduqda;
11.1.2. təqdim edilən təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun olmadıqda;
11.1.3. qalib təchizatçı bu Qaydanın 13.2.10-cu yarımbəndi ilə müəyyən olunmuş müddətdə satınalma müqaviləsini imzalamadıqda;
11.1.4. bütün təchizatçıların təqdim etdiyi təkliflərin qiyməti ehtimal olunan qiymətdən yüksək olduqda;
11.1.5. satınalmanın keçirilməsi zamanı bütün təchizatçılar arasında həmin satınalma ilə bağlı hər hansı sövdələşmənin (o cümlədən qiymətin qaldırılmasına yönələn sövdələşmənin) həyata keçirilməsi müəyyən edildikdə;
11.1.6. satınalmanın maliyyələşdirilməsi dayandırıldıqda.
11.2. Satınalan təşkilat satınalmanın ləğv edilməsinə dair qərarın surətini 1 (bir) iş günü ərzində şərtlər toplusu təqdim edilmiş təchizatçılara göndərir.
12. Şərtlər toplusu
12.1. Şərtlər toplusuna aşağıdakılar daxil edilir:
12.1.1. satınalan təşkilatın adı və ünvanı;
12.1.2. təchizatçıların Qanunun 23.3-cü və 23.4-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədilə təqdim edilməsi tələb olunan və siyahısı Qanunun 23.6-cı maddəsində göstərilmiş sənədlər (bundan sonra — uyğunluq sənədləri);
12.1.3. satınalma predmetinin adı, miqdarı, həcmi, ətraflı təsviri, zəruri texniki və keyfiyyət xüsusiyyətləri (o cümlədən planlar, çertyojlar və eskizlər), sınaq üsulları, qablaşdırma, markalanma, etiketləmə, standartlaşdırma, sertifikatlaşdırmaya dair tələblər, göndərilməsi (görülməsi və ya göstərilməsi) yeri, qrafiki və son tarixi (satınalma predmetinin xüsusiyyətlərini təsvir etmək mümkün olmadıqda və marka, model və istehsalçı ölkəyə dair tələblərin qeyd edilməsi zəruri olduqda, bu zaman konkret istinadın yanında "və ya ekvivalent" sözlərindən istifadə olunmalıdır);
12.1.4. təkliflərin təqdim olunmasının üsulu, yeri, son tarixi və saatı;
12.1.5. təkliflərin hazırlanması və təqdim edilməsi haqqında təlimat;
12.1.6. imzalanacaq satınalma müqaviləsinin layihəsi, habelə satınalma müqaviləsi üzrə ödəmələrin (o cümlədən avans ödənişinin) qaydası və məbləği (faizlə);
12.1.7. satınalma predmetinin, satınalma müqaviləsinin şərtlərinin və ya digər tələblərin alternativinə icazə verildikdə, bu barədə məlumat və alternativ təkliflərin qiymətləndirilməsi meyarları və prosedurları;
12.1.8. satınalma predmetinin ayrı-ayrı hissələri üzrə təkliflərin təqdim olunmasına icazə verildikdə, həmin hissələrin ətraflı təsviri;
12.1.9. satınalma predmetinin iki və ya daha çox təchizatçı arasında bölünməsi imkanı nəzərdə tutulduqda, bununla bağlı şərtlər;
12.1.10. təkliflərin qiymətinə satınalma predmetinin dəyərindən başqa, digər xərclərin (nəqliyyat, sığorta xərcləri, vergilər və rüsumlar) daxil edilə biləcəyi haqqında məlumat, təkliflərin qiymətinin hesablanması və ifadə olunması üsulu;
12.1.11. təkliflərin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta (valyutalar);
12.1.12. təkliflərin qiymətləndirilməsi zamanı istifadə olunan milli valyuta və digər valyutalarda ifadə olunan təkliflərin qiymətinin müəyyən edilməsi qaydası barədə məlumat;
12.1.13. bu Qaydanın 6-cı hissəsinə uyğun olaraq təkliflərin hazırlanmalı olduğu xarici dil (dillər);
12.1.14. icra təminatı və avans təminatının növünə, formasına, məbləğinə (faizlə), müddətinə, qaranta və ya hər hansı qarantın verdiyi təminatı təsdiqləyən tərəfə (əgər tələb olunursa), habelə digər şərtlərə dair tələblər;
12.1.15. təkliflərin qüvvədəolma müddəti;
12.1.16. təkliflərin açılması yeri, tarixi və saatı;
12.1.17. təkliflərin qiymətləndirilməsi meyarları və qiymətləndirmə zamanı üstünlük veriləcək hallar;
12.1.18. subpodratçının cəlb edilməsinə yol verildikdə, subpodratçıya dair ona həvalə edilən işlərin (xidmətlərin) icra edilə bilinməsi üçün müəyyən edilən minimum göstəricilər;
12.1.19. satınalma komissiyasının təchizatçıları satınalmadan kənarlaşdırmaq və ya satınalmanı ləğv etmək hüququnun yaranmasına əsas olan hallar;
12.1.20. satınalma komissiyasının qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ və qaydası, gözləmə müddəti və onun tarixləri barədə məlumat;
12.1.21. satınalmanın xüsusiyyətləri nəzərə alınaraq, satınalma komissiyası tərəfindən bu Qaydaya və müvafiq normativ hüquqi aktlara uyğun olaraq müəyyən edilən digər tələblər.
13. Satınalmanın təşkili və keçirilməsi
13.1. Bu Qayda çərçivəsində satınalmalar aşağıdakı satınalma metodlarından biri tətbiq edilməklə həyata keçirilir:
13.1.1. təkliflər sorğusu metodu;
13.1.2. vahid mənbədən satınalma metodu.
13.2. Təkliflər sorğusu metodu ilə satınalma aşağıdakı qaydada həyata keçirilir:
13.2.1. satınalan təşkilat rəqabəti təmin etmək məqsədilə ən azı üç təchizatçıya şərtlər toplusunu təqdim edir;
13.2.2. təchizatçı (təchizatçılar) sorğunu aldıqdan sonra 15 (on beş) iş günü ərzində şərtlər toplusu ilə təqdim edilməsi tələb olunan sənədləri və qiymət təklifini satınalma komissiyasına təqdim etməlidir. Satınalma komissiyasının qərarı ilə təqdimetmə müddəti 5 (beş) iş gününədək uzadıla bilər;
13.2.3. təkliflər şərtlər toplusunda nəzərdə tutulan qaydada və daxil olduqları ardıcıllıqla açılır. Təchizatçı və ya onun səlahiyyətli nümayəndəsi təkliflərin açılışında iştirak edə bilər. Təklif təqdim etmiş, lakin təkliflərin açılışında iştirak etməyən təchizatçılara bütün təchizatçıların təkliflərinə dair elan olunmuş məlumatlar göndərilir. Təchizatçının və ya onun müvəkkilinin təkliflərin açılmasında iştirak etməməsi satınalma komissiyasının həmin təchizatçını satınalmadan kənarlaşdırmasına əsas vermir;
13.2.4. satınalma komissiyası təqdim edilmiş sənəd və təklifləri 10 (on) iş günü müddətində qiymətləndirir. Bu zaman ilk növbədə təkliflərin formal tələblərə uyğunluğu yoxlanılır. Satınalma komissiyası uyğunluq sənədlərində aşkar edilən çatışmazlıqlara dair təchizatçılara sorğu ünvanlaya bilər. Belə sorğunun verildiyi tarixdən etibarən sənəd və təkliflərin qiymətləndirilməsi müddətinin axımı dayandırılır. Təchizatçı müvafiq sorğuya 3 (üç) iş günü ərzində cavab verməlidir;
13.2.5. təchizatçının təqdim etdiyi təklif formal tələblərə uyğun gəlmədikdə, təchizatçı satınalmadan kənarlaşdırılır və bu barədə bütün təchizatçılara səbəbi göstərilməklə yazılı məlumat verilir. Formal tələblərə cavab verməyən təchizatçıların kənarlaşdırılması satınalma prosedurunun dayandırılmasına səbəb olmur;
13.2.6. formal tələblərə uyğun gələn təchizatçılar müəyyən edildikdən sonra qiymət təklifləri dəyərləndirilir, ehtimal olunan qiymətdən yuxarı qiymət təklifini təqdim edən təchizatçılar satınalmadan kənarlaşdırılır və bu barədə təchizatçıya yazılı məlumat verilir;
13.2.7. tələblərə uyğun olan ən aşağı qiymət təklifi və ya ən səmərəli təklif təqdim etmiş təchizatçı və ya təchizatçılar qalib elan edilir və bu barədə qalibə (qaliblərə) məlumat verilir;
13.2.8. satınalma komissiyası bu Qaydanın 13.2.7-ci yarımbəndinə əsasən satınalmanın qalibini ən səmərəli təklif əsasında seçdiyi təqdirdə, bu barədə satınalan təşkilatın rəhbərinə (Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə və qurumlara, eləcə də onların strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə münasibətdə Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinə) müraciət edir. Müraciətdə satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulan təchizatçının seçilməsi əsaslandırılır;
13.2.9. satınalan təşkilatın rəhbəri (Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə və qurumlara, eləcə də onların strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə münasibətdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri) müraciətdə ən səmərəli təklif təqdim etmiş şəxsin qalib elan edilməsini qəbul və ya rədd edir. Müraciət rədd edildikdə satınalma komissiyası ən aşağı qiymət təklifini təqdim etmiş şəxsi qalib elan edir;
13.2.10. satınalma komissiyası tərəfindən bu Qaydanın 13.2.7-ci yarımbəndinə əsasən qalib elan edildikdən (qalib bu Qaydanın 8.3-cü bəndində nəzərdə tutulmuş satınalma planının təsdiqindən əvvəl elan edildikdə, həmin plan təsdiq edildikdən) sonra ən geci 20 (iyirmi) iş günü ərzində satınalma müqaviləsi bağlanılmalıdır.
13.3. Satınalan təşkilat aşağıdakı hallarda vahid mənbədən satınalma metodu tətbiq edə bilər:
13.3.1. xüsusi prosedur tətbiq edildikdə;
13.3.2. mallar, işlər və xidmətlər keçiriləcək və ya keçirilən döyüş və ya antiterror əməliyyatları ilə bağlı satın alındıqda;
13.3.3. mallar, işlər və xidmətlər kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən təlabata aid olduqda;
13.3.4. satınalma predmeti yalnız konkret təchizatçıda mövcud olduqda və (və ya) təchizatçı həmin satınalma predmeti üzərində müstəsna hüquqlara malik olduqda;
13.3.5. dövlət müəssisələri və ya paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən təklif olunan döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatlarının, partlayıcı maddələrin və qurğuların, pirotexniki vasitələrin, habelə bunlarla əlaqədar malların, xidmətlərin və işlərin satınalınması həyata keçirildikdə;
13.3.6. zəmanət öhdəliklərinin qüvvədə olduğu müddət ərzində zəmanət şərtləri ilə əhatə olunmayan texniki dəstək xidmətlərinin müvafiq təchizatçı tərəfindən göstərilməsi və ya zəmanət müddəti bitdikdən sonra texniki dəstək və təmir işlərinin həmin təchizatçı tərəfindən yerinə yetirilməsi səmərəli olduqda;
13.3.7. satınalan təşkilat hər hansı təchizatçıdan malları, avadanlıqları, texnologiyanı və ya xidmətləri satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə əsasən və ya mövcud mallara, avadanlıqlara, texnologiyaya və ya xidmətlərə uyğunluğu təmin etmək zərurəti baxımından, onların hər hansı ehtiyat hissələrinin həmin təchizatçıdan satın alınması qənaətinə gəldikdə, habelə keçirilməsi planlaşdırılan satınalma texnoloji və ya müəlliflik hüququ baxımından əvvəlki satınalma predmetinin davamı olduqda;
13.3.8. satınalma predmetinə təcili tələbat yarandıqda:
13.3.8.1. tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olarsa və ya bu hallar satın alan təşkilatın bilərəkdən gözləməsinin nəticəsi olmadıqda;
13.3.8.2. təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə.
13.4. Vahid mənbədən satınalma metodunun tətbiqi ilə bağlı satınalmaya cavabdeh və ya tələbatın zəruriliyinə dair vəsatət qaldıran struktur bölmələr tərəfindən satınalan təşkilatın rəhbərinə (Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə və qurumlara, eləcə də onların strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə münasibətdə Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinə) müraciət edilir. Satınalan təşkilatın rəhbəri müraciəti qəbul və ya rədd edə bilər. Müraciət rədd edildikdə satınalma bu Qaydanın 13.2-ci bəndinin tələblərinə uyğun olaraq həyata keçirilir.
13.5. Vahid mənbədən satınalma metodu tətbiq edildikdə satınalan təşkilat satınalma predmetinə dair tələblərini konkret təchizatçıya təqdim edərək satınalma müqaviləsini bağlayır.
14. Satınalma müqaviləsinə dəyişiklik
14.1. Bu Qaydanın 14.2-ci bəndinin tələbləri nəzərə alınmaqla, satınalma müqaviləsi qüvvəyə mindikdən sonra onun şərtlərinə tərəflər üçün gözlənilməz olan və ya əvvəlcədən görmək mümkün olmayan hallarla əlaqədar olaraq dəyişiklik edilə bilər.
14.2. Xüsusi prosedurun tətbiq edildiyi satınalma müqavilələrinin şərtlərində dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə edilə bilər.
15. Satınalma müqaviləsi üzrə ödəmələr
15.1. Satınalma müqaviləsi üzrə ödəmələr satınalma müqaviləsi ilə müəyyən edilən qaydada və şərtlərə uyğun həyata keçirilir. Müqavilədə təchizatçıya avans ödənilməsi nəzərdə tutula bilər. Bu Qaydanın 3.2.2-ci və 3.2.3-cü yarımbəndlərində qeyd olunan satınalma predmetləri üzrə satınalma müqavilələri istisna olmaqla, avans satınalma müqaviləsinin ümumi məbləğinin 30 faizindən (mikro və kiçik sahibkarlıq subyektlərinə münasibətdə 50 faizindən) çox olmayaraq ödənilir.
15.2. Xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşən satınalma müqavilələri üzrə ödənişlər aşağıdakı ardıcıllıqla həyata keçirilir:
15.2.1. satınalan təşkilat tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ödəniş haqqında müvafiq sənədlər (hesabfaktura (invoys), elektron qaimə-faktura, təhvil-qəbul aktı və s.) təqdim olunur;
15.2.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ödənişin həyata keçirilməsinə razılıq verildikdən sonra bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (ödəniş haqqında sənədlərlə birlikdə), satınalan təşkilata və ödənişi icra edən banka müvafiq tapşırıq göndərilir;
15.2.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, satınalan təşkilat və icraçı bank tərəfindən ödənişin icrası ilə bağlı aidiyyəti üzrə zəruri tədbirlər görülür.
15.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ödənilməsinə razılıq verilmiş ödənişlər icra olunduqdan sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və ödənişi icra edən bank bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.
15.4. Satınalan təşkilat xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşən satınalma müqavilələrinin icrası vəziyyəti, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi isə həmin müqavilələrin maliyyələşdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin xərclənməsi barədə hər ay Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təfsilatlı məlumat təqdim edir.
16. Satınalmaya dair hesabat
16.1. Satınalan təşkilat hər satınalma üzrə müvafiq satınalmanın təşkili və keçirilməsi ilə əlaqədar məlumatları özündə ehtiva edən hesabat tərtib edir. Hesabata aşağıdakı sənədlər (məlumatlar) əlavə edilir:
16.1.1. satınalma komissiyasının formalaşdırılması haqqında satınalan təşkilatın qərarının surəti;
16.1.2. satınalma komissiyasının bütün qərarlarının surətləri;
16.1.3. ehtimal olunan qiymətin hesablanmasına dair təsdiqedici sənədlər;
16.1.4. şərtlər toplusu;
16.1.5. təchizatçılar tərəfindən təqdim edilən uyğunluq sənədləri və təkliflər;
16.1.6. təchizatçılarla keçirilən görüşlərin nəticələri;
16.1.7. satınalma predmeti ilə bağlı satınalan təşkilatın rəhbərinin qərarlarının surətləri;
16.1.8. şikayət verildikdə, həmin şikayətin nəticəsinə dair qəbul olunmuş qərarların surətləri;
16.1.9. bağlanılan satınalma müqaviləsinin surəti;
16.1.10. satınalan təşkilatla təchizatçı arasında satınalma müqaviləsinin icrası və mübahisəli məsələlərin həlli ilə əlaqədar sənədlər;
16.1.11. satınalma müqaviləsinin icra edilməsi haqqında
satınalan təşkilatla təchizatçı arasında imzalanan təhvil-təslim aktı (aktları).
17. Satınalma komissiyasının məsuliyyəti
17.1. Satınalma komissiyasının sədri və digər üzvləri bu Qayda ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirərkən obyektiv və bitərəf mövqedən çıxış etməlidirlər.
17.2. Satınalma komissiyası bu Qaydadan irəli gələn tələbləri pozduqda, təchizatçılar satınalan təşkilatın rəhbərinə (Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə və qurumlara, eləcə də onların strukturuna daxil olan və ya tabeliyində olan müəssisələrə münasibətdə Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinə) müraciət edə bilərlər. Satınalan təşkilatın rəhbəri satınalmanın təşkili və keçirilməsi zamanı bu Qaydanın tələblərinin pozulmasını təsdiqləyərsə, satınalmanın nəticələri ləğv olunur və satınalan təşkilat həmin hal üzrə yeni satınalma keçirir. Bu halda, qəbul olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş komissiya üzvlərindən başqa satınalma komissiyasının sədri və digər üzvləri 5 (beş) il ərzində hər hansı satınalma komissiyasının sədri və ya üzvü olmaq hüququndan məhrum edilirlər.
17.3. Satınalma komissiyasının sədri və ya digər üzvlərinin qanunazidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində təchizatçıya maddi zərər dəymişdirsə və bu, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmişdirsə, zərəri satınalan təşkilat ödəyir.
18. Yekun müddəalar
18.1. Xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşən satınalma müqavilələri istisna olmaqla, bu Qaydaya əsasən bağlanılmış digər satınalma müqavilələri üzrə təfsilatlı məlumat (satınalma müqaviləsinin tarixi, nömrəsi, icra müddəti, məbləği (avans göstərilməklə), müqavilə bağlanılmış təchizatçı, satınalma predmeti, satınalma müqaviləsinin icrası və maliyyələşdirilməsi vəziyyəti, vahid mənbədən satınalmaların əsaslandırılması barədə məlumat) satınalan təşkilatlar tərəfindən rübdə bir dəfə, növbəti rübün ilk ayının 10-dan gec olmayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
18.2. Hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə təchizatçıların satınalan təşkilatın hərəkətlərindən (hərəkətsizliyindən) və qərarlarından inzibati qaydada və məhkəməyə şikayət vermək hüququ vardır. _________________
"Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi Qaydası"na 1 nömrəli əlavə Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları üçün malların, işlərin və xidmətlərin satın alınmasını həyata keçirən dövlət orqanlarının (qurumlarının) SİYAHISI
1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;
4. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (onun strukturuna daxil olan və ya tabeliyində olan müəssisələr və qurumlar, eləcə də onların strukturuna daxil olan və ya tabeliyində olan müəssisələr);
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayı və Konvoy taboru;
6. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;
7. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;
8. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti;
9. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;
10. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;
11. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;
12. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi;
13. Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi (fövqəladə və səfərbərlik ehtiyatlarının yaradılması üzrə həyata keçirilən satınalmalara münasibətdə). _________________
"Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi Qaydası"na 2 nömrəli əlavə Satınalmanın nəticələri haqqında satınalma komissiyasının yekun protokolunun NÜMUNƏSİ SATINALMANIN NƏTİCƏLƏRİ HAQQINDA SATINALMA KOMİSSİYASININ YEKUN PROTOKOLU ________________________ şəhəri (rayonu) № __________ ________ tarix ____________ Satınalan təşkilatın adı __________________________________________________________ Ünvanı __________________________________________________________
1. Satınalma predmetinin adı __________________________________________________________ miqdarı (həcmi, çəkisi və ya digər ölçü vahidi göstərilməlidir)
2. Satınalma predmetinin ehtimal olunan qiyməti ___________________ (manatla və ya digər valyuta ilə göstərilməlidir).
3. Satınalma komissiyasının yaradılması haqqında əmrin tarixi və nömrəsi __________________________________________________________
4. Satınalan təşkilatın rəhbəri və ya onun vəzifələrini icra edən şəxs __________________________________________________________
5. Satınalma komissiyasının tərkibi:
Sıra №-si Soyadı, adı, atasının adı İş yeri, vəzifəsi və komissiyada rolu (sədr, üzv və ya ekspert) 1. 2. 3.
6. Şərtlər toplusunda dəyişikliklər: olub/olmayıb (tətbiq edilmədikdə cədvəl silinir): Sıra №-si Dəyişikliyin məzmunu və səbəbi Dəyişiklik barədə məlumatın göndərilmə tarixi və saatı 1. 2. 3. 4.
7. Şərtlər toplusunu almış və təkliflər vermiş təchizatçılar haqqında məlumat: Sıra №-si Təchizatçının adı Ölkəsi, ünvanı, bank rekvizitləri Şərtlər toplusunun alındığı tarix Təklifin təqdim olunduğu tarix və saat 1. 2. 3. 4.
8. Zərflərin açılış vaxtı ____________________ tarixi saatı ____________________
9. Zərflərin açılış vaxtı dəyişdirilsə, əsası göstərilməklə yeni vaxtın tarixi ____________________ saatı ____________________
10. Zərflərin açılışında təchizatçıların təkliflərinə dair elan olunmuş məlumatlar Sıra №-si Təchizatçının adı Təklifin qiyməti Alternativ təklifin qiyməti 1. 2. 3. 4. 5.
11. Təkliflərin formal tələblərə uyğunluğunun qiymətləndirilməsinin nəticələri: Sıra №-si Meyarın adı Uyğunluğa dair qeyd ("uyğundur" [+], "uyğun deyil" [-] və ya "tətbiq edilmir" [x]) təchizatçı A təchizatçı B təchizatçı C təchizatçı D 1. Təklif Qiymətləndirmə meyarları Tələblər
1.1. Təklifin qüvvədəolma müddəti (tələb olunan müddəti daxil edin)
2. Ümumi tələblər
2.1. satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
2.2. müvafiq lisenziyaya və ya icazəyə malik olması 2.3. satınalma müqaviləsinin icrası zamanı istifadə olunacaq əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının olması 2.4. məhkəmə qərarları ilə müflis elan olunmaması və ya bu prosedura başlanmaması, sahibkarlıq fəaliyyəti dayandırılmış şəxs olmaması, habelə borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsi 2.5. Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması 2.6. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması
2.7. son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfin - dən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməməsi 2.8. təchizatçı qismində çıxış edən fiziki şəxsin, yaxud hüquqi şəxsin icra orqanının rəhbərinin müvafiq satınalma predmeti üzrə müvafiq fəaliyyətlə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi 2.9. təchizatçı qismində çıxış edən fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin satınalmaya dair elanın verilməsindən (dəvətin göndəri - lməsindən) əvvəlki 5 (beş) il ərzində iqtisadi sahədə cinayətlərə, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə, kibercinayətlərə, habelə terrorçuluq, terrorçuluğu maliyyə - ləşdirmə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırılma cinayətlərinə görə məhkum olunmaması
2.10. satınalmalarda maraqlar toqquşmasının olmaması
3. Xüsusi tələblər Qiymətləndirmə meyarları 3.1. satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması 3.2. satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması
3.3. texniki imkanlarının və maddi -texniki bazasının olması
3.4. müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması Qiymətləndirmənin nəticəsi:
(bütün tələblərə cavab verdikdə "uyğundur", tələblərin hər hansı birinə cavab vermədikdə "uyğun deyil" yazılır)
12. Kənarlaşdırılan təchizatçılar və kənarlaşma səbəbləri:
Sıra №-si Təchizatçının adı Səbəbi 1. 2. 3. 4.
13. Təkliflər ən səmərəli təklif kimi qiymətləndirilərkən istifadə edilən meyarlar və qiymətləndirmənin nəticələri (tətbiq edildiyi təqdirdə).
14. Qiymət təkliflərinin qiymətləndirilməsinin nəticələri (tətbiq edildiyi təqdirdə): Sıra №-si Təchizatçının adı Yekun məbləğ 1. 2. 3.
15. Satınalma nəticələri üzrə birinci, ikinci və üçüncü yerləri tutulmuş təchizatçılar haqqında məlumat: Yerlər Təchizatçının adı Təklifin qiyməti Təchizatçılar arasında yerlərin bölüşdürülməsinin əsası 1-ci 2-ci 3-cü
16. Satınalma predmetinin iki və ya daha çox təchizatçı arasında bölünməsi haqqında satınalma komissiyasının qərarı və bu qərarı əsaslandıran səbəblər __________________________________________________________ __________________________________________________________
17. Satınalma müqaviləsi üzrə icra təminatının şərtlər toplusunda nəzərdə tutulmuş məbləği (faizlə) ______________________________________
18. Şərtlər toplusunda nəzərdə tutulmuş avans ödənişinin məbləği (faizlə) __________________________________________________________
19. Satınalma prosedurunun ləğv olunması haqqında məlumat:
ləğv olunmanın tarixi _________________________________________ əsası _____________________________________________________
20. Daxil olan şikayətlər və onların baxılmasının nəticələri barədə məlumat: __________________________________________________ Sıra №-si Təchizatçının adı Şikayətin səbəbi və nəticəsi 1. 2. 3. 4. Satınalma komissiyasının razılığı Sıra №-si Soyadı, adı, atasının adı İmza Tarix Xüsusi rəy (var/yoxdur) 1. 2. 3. 4. 5. Xüsusi rəy (tətbiq olunmadıqda cədvəl silinir) Sıra №-si Rəyin müəllifi Məzmunu 1. 2. 3.