AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
2. "Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 yanvar tarixli 12 nömrəli və 8 fevral tarixli 77 nömrəli qərarları) ləğv edilsin.
3. "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 58 (Cild I) ləğv edilsin.
4. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları:
4.1. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək tabeliklərində olan ümumi təhsil müəssisələrinin yeni nizamnamələrini iki ay müddətində təsdiq etsinlər;
4.2. bu Qərarın 4.1-ci bəndində nəzərdə tutulmuş nizamnamələr təsdiq edildikdən sonra tabeliklərində olan ümumi təhsil müəssisələri tərəfindən "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri hərəkətlərin beş gün müddətində həyata keçirilməsini təmin etsinlər;
4.3. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədə sonradan ediləcək dəyişikliklərdən irəli gələrək tabeliklərində olan ümumi təhsil müəssisələrinin nizamnamələrində dəyişiklikləri bir ay müddətində təsdiq etsinlər və bundan irəli gələrək tabeliklərində olan ümumi təhsil müəssisələri tərəfindən "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri hərəkətlərin beş gün müddətində həyata keçirilməsini təmin etsinlər.
5. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyində olan ümumi təhsil müəssisələrinin nizamnamələrini bu Qərarın 6.1-ci bəndində nəzərdə tutulmuş təklif təqdim edildiyi gündən iki ay müddətində təsdiq etsin.
6. Dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər:
6.1. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək tabeliklərində olan ümumi təhsil müəssisələrinin nizamnamələrinin təsdiq edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təqdim etsinlər;
6.2. bu Qərarın 6.1-ci bəndində nəzərdə tutulmuş nizamnamələr təsdiq edildikdən sonra tabeliklərində olan ümumi təhsil müəssisələri tərəfindən "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri hərəkətlərin beş gün müddətində həyata keçirilməsini təmin etsinlər;
6.3. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədə sonradan ediləcək dəyişikliklərdən irəli gələrək tabeliklərində olan ümumi təhsil müəssisələrinin nizamnamələrində dəyişikliklərin təsdiq edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təqdim etsinlər və nizamnamələr təsdiq olunduqdan sonra bundan irəli gələrək tabeliklərində olan ümumi təhsil müəssisələri tərəfindən "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri hərəkətlərin beş gün müddətində həyata keçirilməsini təmin etsinlər.
7. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər. Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 13 iyun 2024-cü il № 300
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 iyun tarixli 300 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin NÜMUNƏVİ NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Bu Nümunəvi Nizamnamə "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək, habelə dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisələrinin (xüsusi təyinatlı ümumi təhsil müəssisələri istisna olmaqla) fəaliyyətini tənzimləmək üçün onların nizamnamələrinin hazırlanması və həmin müəssisələrin dövlət qeydiyyatından keçirilməsi məqsədilə hazırlanmışdır.
1.2. Bu Nümunəvi Nizamnamə hər bir ümumi təhsil müəssisəsi (xüsusi təyinatlı ümumi təhsil müəssisələri istisna olmaqla) üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur.
1.3. Ümumi təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, "Təhsil haqqında", "Ümumi təhsil haqqında" və "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə ümumi təhsil proqramlarını, habelə məktəbəhazırlığı həyata keçirən publik hüquqi şəxsdir.
1.4. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, icra hakimiyyəti orqanı və dövlət adından yaradılan publik hüquqi şəxs tabeliyində ümumi təhsil müəssisəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla yaradır.
1.5. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət tərəfindən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) təklifi əsasında onların tabeliyində ümumi təhsil müəssisəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) yaradır.
1.6. Bələdiyyə tərəfindən ümumi təhsil müəssisəsini müvafiq bələdiyyə yaradır.
1.7. Ümumi təhsil müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, "Publik hüquqi şəxslər haqqında", "Təhsil haqqında", "Ümumi təhsil haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nümunəvi Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, tabe olduğu dövlət orqanının (qurumun) əmr və sərəncamlarını, yaxud bələdiyyənin qərarını və öz nizamnaməsini rəhbər tutur.
1.8. Ümumi təhsil müəssisəsinin müstəqil balansı, istifadəsində olan dövlət və ya bələdiyyə əmlakı, xəzinə və bank hesabları, üzərində tabe olduğu dövlət orqanının (qurumunun) və ya bələdiyyənin adı, həmçinin öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.9. Ümumi təhsil müəssisəsi "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu əldə edir. Ümumi təhsil müəssisəsinin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
1.10. Ümumi təhsil müəssisəsi öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.11. Qanuna uyğun olaraq ümumi təhsil müəssisəsinin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Ümumi təhsil müəssisəsi məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.12. Ümumi təhsil müəssisəsinin fəaliyyətinə lisenziya (dövlət ümumi təhsil müəssisələri istisna olmaqla) "Lisenziyalar və icazələr haqqında", "Təhsil haqqında" və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq verilir.
1.13. Ümumi təhsil müəssisəsi "Təhsil haqqında" və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq akkreditasiya edilir.
1.14. Ümumi təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
1.15. Ümumi təhsil müəssisəsində şagirdlərin təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.
1.16. "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ümumi təhsil müəssisəsinin növünü göstərən adı olur.
1.17. Ümumi təhsil müəssisəsinin nizamnaməsində onun yerləşdiyi ünvan göstərilir.
2. Ümumi təhsil müəssisəsinin fəaliyyət istiqamətləri
2.1. Növündən asılı olaraq ümumi təhsil müəssisəsinin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. ibtidai ümumtəhsil məktəblərində - ümumi təhsilin ibtidai təhsil səviyyəsi, habelə məktəbəhazırlıq mərhələsi üzrə təhsil proqramlarının həyata keçirilməsi;
2.1.2. ümumi orta ümumtəhsil məktəblərində - ümumi təhsilin ibtidai və ümumi orta təhsil səviyyələri, habelə məktəbəhazırlıq mərhələsi üzrə təhsil proqramlarının həyata keçirilməsi;
2.1.3. tam orta ümumtəhsil məktəblərində - ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri (təmayüllər üzrə təhsil proqramları daxil olmaqla), habelə məktəbəhazırlıq mərhələsi üzrə təhsil proqramlarının həyata keçirilməsi;
2.1.4. liseylərdə və internat tipli liseylərdə - müvafiq təmayüllər (əsasən texniki və təbiət) üzrə ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrində təhsil proqramlarının həyata keçirilməsi;
2.1.5. gimnaziyalarda və internat tipli gimnaziyalarda - müvafiq təmayüllər (əsasən humanitar) üzrə ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrində, incəsənət və idman-şahmatyönümlü gimnaziyalarda isə ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində, habelə məktəbəhazırlıq mərhələsi üzrə təhsil proqramlarının həyata keçirilməsi;
2.1.6. inteqrasiya təlimli ümumtəhsil məktəblərində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində, xüsusi ümumtəhsil məktəblərində, internat tipli xüsusi ümumtəhsil məktəblərində və internat tipli sanator ümumtəhsil məktəblərində - müvafiq kateqoriyadan olan təhsilalanlar üçün ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri, habelə məktəbəhazırlıq mərhələsi üzrə təhsil proqramlarının həyata keçirilməsi.
3. Ümumi təhsil müəssisəsinin vəzifələri və hüquqları
3.1. Bu Nümunəvi Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə əsasən növündən asılı olaraq ümumi təhsil müəssisəsinin vəzifələri aşağıdakılardır:
3.1.1. ümumi təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
3.1.2. təhsil müəssisəsinə uşaqların qəbulunu, şagirdlərin sinifdən-sinfə keçirilməsini və yerdəyişməsini Nazirlik tərəfindən müəyyən edilmiş qaydaya uyğun həyata keçirmək;
3.1.3. ümumi təhsil müəssisəsində təhsilalanların həyat və sağlamlığı üçün təhlükəsiz təhsil şəraitini yaratmaq;
3.1.4. təhsilalanların dövlət təhsil standartlarına uyğun olaraq təhsil proqramları üzrə zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etmək;
3.1.5. hər bir təhsilalanın intellektual, mədəni və mənəvi inkişafını, təhsilalma tələblərini ödəmək;
3.1.6. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək və onun monitorinqini həyata keçirmək;
3.1.7. təhsilalanların inkişafı, təlim nailiyyətləri və öyrənmə prosesi haqqında məlumatların uçotunu düzgün, vaxtında və davamlı aparmaqla xüsusi istedadlı təhsilalanları aşkar etmək;
3.1.8. sağlamlıq imkanları məhdud olan şəxslərin bacarıq və imkanlarını nəzərə almaqla, onların xüsusi təhsilini dövlət standartlarına uyğun "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş formalarda təşkil etmək;
3.1.9. sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində zəruri köməkçi xidmət təşkil etmək;
3.1.10. nitq pozuntusu olan təhsilalanlara kömək məqsədilə müəyyən edilmiş qaydada loqopedik xidmət təşkil etmək;
3.1.11. psixoloji-tibbi-pedaqoji komissiyaların qərarlarını icra etmək;
3.1.12. təhsilalanların attestasiyasını (məktəbdaxili qiymətlən-
dirilməsini) Nazirlik tərəfindən müəyyən edilmiş qaydada həyata keçirmək;
3.1.13. təhsilalanların təhsillə bağlı inkişafyönümlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələr) iştirakını təmin etmək;
3.1.14. təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 may tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası"na uyğun olaraq peşəyönümü xidmətini təşkil etmək;
3.1.15. təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək, habelə təhsilalanları dərsliklərlə pulsuz təmin etmək;
3.1.16. təhsilalanlar üçün "Təhsil haqqında", "Ümumi təhsil haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının qanunlarına və ümumi təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq digər sosial müdafiə tədbirlərini həyata keçirmək;
3.1.17. təhsilverənlərin əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"na uyğun olaraq təhsilverənlərin serifikatlaşdırmada iştirakını təmin etmək;
3.1.19. ümumi təhsil üzrə müəyyən olunan məlumatları və hesabatları Nazirliyə təqdim etmək;
3.1.20. ümumi təhsil müəssisəsinin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.21. Nazirliyin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə qoşulmaq, rəqəmsallaşdırılmış idarəetmə funksiyalarının icrasını bu elektron informasiya sistemi vasitəsilə həyata keçirmək və sistemin müəyyən etdiyi əməliyyatların aparılması reqlamentinə riayət etmək;
3.1.22. "Şagird-məzun" dövlət elektron məlumat sisteminə qoşulmaq;
3.1.23. ümumi təhsil müəssisəsinin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və fəaliyyətinin təkmilləşdirilməsi üçün
tədbirlər görmək;
3.1.24. qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlər vermək, müvafiq məsələlərə münasibət bildirmək;
3.1.25. "Təhsil haqqında" və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq iaşə, tibbi və psixoloji xidmətləri təşkil etmək və "Psixoloji yardım haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə psixoloji yardım həyata keçirmək;
3.1.26. maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində işlər görmək;
3.1.27. hər bir təhsilalanın, valideynin və ya digər qanuni nümayəndənin ümumi təhsil müəssisəsinin nizamnaməsi və dövlət akkreditasiyası haqqında sənədlə tanış olmasına şərait yaratmaq;
3.1.28. təhsilalanların icbari dispanserizasiyadan keçirilməsi prosesinə nəzarət etmək, onların fiziki və psixi zorakılığın bütün formalarından qorunması və zərərli vərdişlərdən çəkindirilməsi ilə bağlı zəruri tədbirlər görmək;
3.1.29. təhsilalanın valideyninə və ya qanuni nümayəndəsinə təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təlim nailiyyətləri, təhsilə marağı və davranışı haqqında məlumat vermək;
3.1.30. ümumi təhsil müəssisəsinə ayrılan büdcə vəsaitindən, kredit, qrant, ianə və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.31. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.32. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;
3.1.33. ümumi təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.34. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı inzibati xəta və cinayət əlamətləri aşkar etdikdə, aidiyyəti üzrə məlumat vermək;
3.1.35. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet saytının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin resurslarda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.36. "Təhsil haqqında", "Ümumi təhsil haqqında" və "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının qanunlarından irəli gələn, habelə ümumi təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün ümumi təhsil müəssisəsinin aşağıdakı hüquqları vardır:
3.2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədrismetodik vasitələrin hazırlanması Qaydası"na uyğun olaraq tərtib edilmiş və ümumi təhsil müəssisəsində istifadəsi nəzərdə tutulan dərsliklərə qrifin verilməsi üçün Nazirliyə müraciət etmək;
3.2.2. beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla həyata keçirmək;
3.2.3. "Təhsil haqqında" və "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının qanunlarına və öz nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikasının və xarici dövlətlərin ərazisində filiallar, idarə və nümayəndəliklər açmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək, habelə təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədilə ictimai təşkilatlarla təhsil birlikləri, assosiasiyaları və ittifaqları yaratmaq, eləcə də bu kimi təşkilatlara üzv olmaq;
3.2.4. "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq, xarici ölkələrin ümumi təhsil müəssisələri, təşkilatları ilə, beynəlxalq qurumlarla və fondlarla əlaqələr yaratmaq, əməkdaşlıq haqqında müqavilələr bağlamaq və qarşılıqlı əməkdaşlığın digər formalarını həyata keçirmək;
3.2.5. "Ümumi təhsil haqqında" və "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğulolmaq;
3.2.6. təhsilalanlar və əməkdaşlar üçün idman, sağlamlıq və məişət xidmətləri təşkil etmək və göstərmək;
3.2.7. dövlət ümumi təhsil müəssisələrində təhsilalanların müəyyən edilmiş geyim formalarında təhsil müəssisələrinə gəlmələrinə nəzarət etmək;
3.2.8. ümumi təhsil müəssisəsində ibtidai sinif təhsilalanlarının proqram materiallarını səmərəli mənimsəmələrinə, təlim nailiyyətlərinin yaxşılaşdırılmasına, dünyagörüşünün formalaşdırılmasına, idraki və kommunikativ bacarıqlarının inkişafına dəstək məqsədilə günüuzadılmış qruplar yaratmaq;
3.2.9. təhsilalanların idman və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə məktəbdənkənar təhsil proqramları tətbiq etmək;
3.2.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.11. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.2.12. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.13. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.14. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.15. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.16. "Təhsil haqqında", "Ümumi təhsil haqqında" və "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının qanunlarından irəli gələn, habelə ümumi təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Təhsilalanların vəzifələri və hüquqları
4.1. Təhsilalanların vəzifələri aşağıdakılardır:
4.1.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
4.1.2. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
4.1.3. pedaqoji işçilərə, pedaqoji prosesin digər iştirakçılarına, bütün insanlara hörmət və ehtiramla yanaşmaq;
4.1.4. təhsil aldığı ümumi təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə, daxili intizam qaydalarına əməl etmək;
4.1.5. dövlət, cəmiyyət, ailə və özü qarşısında öz məsuliyyətini dərk etmək;
4.1.6. sağlam həyat tərzi keçirmək;
4.1.7. "Təhsil haqqında", "Ümumi təhsil haqqında" və "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının qanunlarından irəli gələn, habelə ümumi təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4.2. Təhsilalanların hüquqları aşağıdakılardır:
4.2.1. ümumi təhsil müəssisəsini, tədris dilini, xarici dili, təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək;
4.2.2. həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvipsixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
4.2.3. ümumi təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək, dərsliklərlə pulsuz təmin olunmaq;
4.2.4. şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
4.2.5. "Psixoloji yardım haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;
4.2.6. müəyyən olunmuş qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
4.2.7. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
4.2.8. ümumi təhsil müəssisəsinin ictimai, sosial və mədəni həyatında iştirak etmək;
4.2.9. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;
4.2.10. "Təhsil haqqında", "Ümumi təhsil haqqında" və "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının qanunlarından irəli gələn, habelə ümumi təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5. Ümumi təhsil müəssisəsinin idarə olunması
5.1. Ümumi təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında, "Təhsil haqqında", "Ümumi təhsil haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" və "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının qanunlarına və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.
5.2. Ümumi təhsil müəssisəsinin təsisçisinin səlahiyyətləri aşağıdakılardır:
5.2.1. ümumi təhsil müəssisəsinin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
5.2.2. idarəetmə orqanlarının yaradılması;
5.2.3. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
5.2.4. inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;
5.2.5. ümumi təhsil müəssisəsinin strukturunun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi;
5.2.6. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;
5.2.7. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanılmasına razılıq verilməsi;
5.2.8. "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;
5.2.9. ümumi təhsil müəssisəsinin yenidən təşkili və ləğv edilməsi.
5.3. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, icra hakimiyyəti orqanı və dövlət adından yaradılan publik hüquqi şəxs tabeliyində yaradılan ümumi təhsil müəssisəsinin nizamnaməsini təsdiq edir.
5.4. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) təklifi əsasında onların tabeliyində yaradılan ümumi təhsil müəssisəsinin nizamnaməsini Nazirlik təsdiq edir.
5.5. Dövlət tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin nizamnaməsində dəyişikliklər həmin təhsil müəssisəsinin Pedaqoji Şurasında müzakirə edilir və bu Nümunəvi Nizamnamənin 5.3-cü və 5.4-cü bəndləri ilə müəyyən edilmiş qaydada təsdiq olunmaq üçün aidiyyəti üzrə təqdim edilir.
5.6. Bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin nizamnaməsini və onda dəyişiklikləri Nazirliyin rəyi nəzərə alınmaqla bələdiyyə təsdiq edir.
5.7. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) tabeliyində yaradılan ümumi təhsil müəssisəsinə münasibətdə təsisçinin səlahiyyətlərini (bu Nümunəvi Nizamnamənin 5.2.1-ci, 5.2.2-ci və 5.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər istisna olmaqla) həmin dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər həyata keçirirlər.
5.8. Dövlət tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şuradır. Pedaqoji Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Nazirliyin təsdiq etdiyi müvafiq əsasnamə və ümumi təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.
5.9. Bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.
5.10. Ümumi təhsil müəssisəsinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədilə digər idarə və özünüidarə orqanları (himayəçilər, qəyyumlar, valideyn şuraları və s.) yaradıla bilər. Həmin orqanların yaradılması qaydaları və səlahiyyətləri ümumi təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir.
5.11. Ümumi təhsil müəssisəsinin cari fəaliyyətinə direktor rəhbərlik edir.
5.12. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin direktorunu ümumi təhsil müəssisəsinin tabe olduğu dövlət orqanı (qurumu) və ya dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxs vəzifəyə təyin edir və ya vəzifədən azad edir. Bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin direktorunu bələdiyyə vəzifəyə təyin edir və ya vəzifədən azad edir.
5.13. Direktor adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidir.
5.14. Direktorun fəaliyyətinin təşkili qaydası Nazirliyin təsdiq etdiyi əsasnamə və ümumi təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
5.15. Direktor:
5.15.1. ümumi təhsil müəssisəsinin cari fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır;
5.15.2. ümumi təhsil müəssisəsini dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq qurumlarla və digər hüquqi və fiziki şəxslərlə münasibətlərdə təmsil edir;
5.15.3. təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkilini və onun monitorinqinin həyata keçirilməsini təmin edir;
5.15.4. ümumi təhsil müəssisəsində sağlam və təhlükəsiz tədris mühitinin yaradılmasını təmin edir;
5.15.5. ümumi təhsil müəssisəsinin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
5.15.6. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün tabe olduğu dövlət orqanına (qurumuna) və ya bələdiyyəyə təkliflər verir və sənədlər (o cümlədən, ümumi təhsil müəssisəsinin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir;
5.15.7. müəyyən edilmiş struktur, işçilərin say həddi və əməyin ödənişi fondu daxilində (Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla) ştat cədvəlini və ayrılmış büdcə vəsaiti çərçivəsində xərclər smetasını ümumi təhsil müəssisəsinin tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə ilə razılaşdırmaqla təsdiq edir;
5.15.8. ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarını və işçilərin vəzifə təlimatlarını təsdiq edir;
5.15.9. ümumi təhsil müəssisəsinin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə (bu Nümunəvi Nizamnamənin 5.16-cı və 7.7-ci bəndləri nəzərə alınmaqla), ümumi təhsil müəssisəsinin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir;
5.15.10. ümumi təhsil müəssisəsinin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.15.11. Pedaqoji Şuranın qərarlarını təsdiq edir, onun və digər idarəetmə orqanlarının qərarlarını həyata keçirir;
5.15.12. özünün və ümumi təhsil müəssisəsinin digər vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
5.15.13. Pedaqoji Şura qarşısında ümumi təhsil müəssisəsinin tədris məsələlərinə dair və tabe olduğu dövlət orqanı (qurumu) qarşısında ümumi təhsil müəssisəsinin cari fəaliyyətinə dair hesabatlar verir;
5.15.14. ümumi təhsil müəssisəsinin işçilərinə vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;
5.15.15. ümumi təhsil müəssisəsinin əmlakından bu Nümunəvi Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir, bu Nümunəvi Nizamnamənin 3.1.30-cu yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
5.15.16. bu Nümunəvi Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində ümumi təhsil müəssisəsinin adından əməliyyatlar aparır, müqavilələr (o cümlədən, təsisçinin razılığı ilə ümumi təhsil müəssisəsinin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqd (xüsusi əhəmiyyətli əqd) və aidiyyəti şəxslə dəyəri ümumi təhsil müəssisəsinin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqd) bağlayır və onların yerinə yetirilməsini təmin edir;
5.15.17. ümumi təhsil müəssisəsinin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı komissiyalar və işçi qruplar yaradır;
5.15.18. ümumi təhsil müəssisəsinin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
5.15.19. kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
5.15.20. müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;
5.15.21. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;
5.15.22. ümumi təhsil müəssisəsinin cari fəaliyyəti ilə bağlı digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən məsələləri həll edir.
5.16. Ümumi təhsil müəssisəsinin sayı həmin müəssisənin nizamnaməsi ilə müəyyən edilmiş direktor müavinləri vardır. Ümumi təhsil müəssisəsinin direktor müavinlərini həmin təhsil müəssisəsinin tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə təyin edir. Direktor olmadıqda, ümumi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərliyi həmin təhsil müəssisəsinin tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə tərəfindən müəyyən edilən direktor müavini həyata keçirir.
5.17. Ümumi təhsil müəssisəsində vəzifələrin tutulması təyinolunma yolu ilə həyata keçirilir və ümumi təhsil müəssisəsinin direktorunun əmri ilə (bu Nümunəvi Nizamnamənin 5.16-cı və 7.7-ci bəndləri nəzərə alınmaqla) rəsmiləşdirilir.
5.18. Təhsilverənlərin və digər işçilərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Təhsil haqqında", "Ümumi təhsil haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının qanunları, ümumi təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları ilə, eləcə də ümumi təhsil müəssisəsi ilə əmək münasibətləri olan şəxslərə münasibətdə eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla bağlanılan əmək müqavilələri ilə tənzimlənir.
5.19. Ümumi təhsil müəssisəsində iş rejimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müəssisənin Pedaqoji Şurası tərəfindən müəyyən edilir.
5.20. Ümumi təhsil müəssisəsində əyani, sərbəst (eksternat) təhsilalma forması tətbiq olunur. Bu təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər.
5.21. Dövlət ümumi təhsil müəssisəsində siniflər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən şagird sıxlığı normalarına uyğun təşkil edilir.
5.22. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 14.7-ci maddəsinə uyğun olaraq ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumi təhsil müəssisələrinin azkomplektli formada fəaliyyətinə yol verilir. Şagirdlərin sayı az olan ibtidai siniflərdən dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normalarına uyğun komplekt siniflər təşkil olunur.
5.23. Dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları yaradılır. Məktəbəhazırlıq qruplarında uşaqların məktəbə hazırlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məktəbə hazırlığın təşkili Qaydaları" ilə tənzimlənir. Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu Nazirlik tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.
5.24. Ümumi təhsil müəssisəsi dövlət təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi üzrə təşkilati-pedaqoji və metodik tədbirlərin həyata keçirilməsində müstəqildir.
5.25. Ümumi təhsil pilləsini ümumi orta və tam orta səviyyələri üzrə bitirən şəxslərə "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq təhsil haqqında dövlət sənədi — attestat verilir.
5.26. Müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vurmayan şəxslərə "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada arayış verilir.
5.27. "Təhsil haqqında" və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur.
5.28. Ümumi təhsil müəssisəsində təlim-tərbiyə prosesinin təşkili ilə bağlı digər məsələlər "Təhsil haqqında", "Ümumi təhsil haqqında" və "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.
6. Ümumi təhsil müəssisəsinin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
6.1. Ümumi təhsil müəssisəsinin nizamnamə fondu_____(____) manatdır.
6.2. Ümumi təhsil müəssisəsinin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunda nəzərdə tutulan digər vəsaitdən formalaşdırılır.
6.3. Ümumi təhsil müəssisəsinin balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlər "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
6.4. Ümumi təhsil müəssisəsi ona verilmiş əmlakdan yalnız
nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Ümumi təhsil müəssisəsinin əmlakından təhsildənkənar məqsədlər üçün istifadə qadağandır.
6.5. Dövlət tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin özəlləşdirilməsinə, ümumi təhsil müəssisəsinin ərazisində profilindən kənar müəssisələrin yerləşdirilməsinə və fəaliyyətinə, hər hansı şəxsin (şəxslərin) məskunlaşdırılmasına yol verilmir.
6.6. Bu Nümunəvi Nizamnamənin 6.3-cü bəndi nəzərə alınmaqla, ümumi təhsil müəssisəsi əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə ilə razılaşdırmaqla həyata keçirir.
6.7. Ümumi təhsil müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsinə görə məsuliyyət daşıyır. Ümumi təhsil müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə, yaxud onların səlahiyyət verdiyi şəxs həyata keçirir.
6.8. Ümumi təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nə uyğun olmalıdır.
6.9. Ümumi təhsil müəssisəsi "Təhsil haqqında", "Ümumi təhsili haqqında" və "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir. Bu mənbələrdən, həmçinin sahibkarlıq fəaliyyətindən əldə olunan vəsait və digər əmlak dövlət tərəfindən yaradılan ümumi təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitin məbləğinə təsir göstərmir.
6.10. Dövlət tərəfindən yaradılan ümumi təhsil müəssisəsi bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.
6.11. Ümumi təhsil müəssisəsi "Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 10 nömrəli Qərarında göstərilmiş sahibkarlıq fəaliyyəti növləri və innovasiya fəaliyyəti ilə məşğul ola bilər. Bu fəaliyyəti təmin etmək üçün təhsil müəssisəsinin nəzdində müvafiq təcrübə-istehsalat sahələri yaradıla, əlavə məşğələlər keçirilə, ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər və s. təşkil oluna bilər.
6.12. Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normativlərə uyğun olaraq tabe olduğu dövlət orqanı (qurumu) və bələdiyyə tərəfindən maliyyələşdirilir.
6.13. Dövlət tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin bu Nümunəvi Nizamnamənin 6.2-ci bəndində qeyd olunan mənbələrdən (büdcə vəsaiti istisna olmaqla) daxil olan vəsait hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.
6.14. Ümumi təhsil müəssisəsinin fəaliyyətindən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir.
6.15. Dövlət orqanının tabeliyində olan ümumi təhsil müəssisəsi işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən, o cümlədən tutulan xidmət haqlarından daxil olan vəsaiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası"na uyğun olaraq xərcləyir. Dövlət adından yaradılan publik hüquqi şəxsin tabeliyində olan ümumi təhsil müəssisəsi büdcədənkənar mənbələrdən əldə olunan vəsaitin xərclənməsi istiqamətlərini sərbəst (bu Nümunəvi Nizamnamənin 6.14-cü bəndi nəzərə alınmaqla) müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardım göstərir.
6.16. Dövlət tərəfindən yaradılan ümumi təhsil müəssisələrində dövlət hesabına göstərilən xidmətlərin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən edilir. Ümumi təhsil müəssisəsinin ödənişli təhsil xidmətlərinin və bu Nümunəvi Nizamnamənin 6.11-ci bəndində nəzərdə tutulmuş fəaliyyətlə bağlı müvafiq məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.
7. Ümumi təhsil müəssisəsinin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
7.1. Ümumi təhsil müəssisəsinin fəaliyyətinə nəzarəti tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə, həmçinin nizamnaməsi ilə müəyyən edilmiş qaydada müəssisənin idarəetmə orqanları həyata keçirirlər.
7.2. Ümumi təhsil müəssisəsinin tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə həmin təhsil müəssisəsində plan üzrə və ya plandankənar yoxlamalar həyata keçirə bilər.
7.3. Ümumi təhsil müəssisəsinin fəaliyyətinə dair illik hesabat tabe olduğu dövlət orqanına (qurumuna) və ya bələdiyyəyə təqdim edilir.
7.4. Ümumi təhsil müəssisəsinin fəaliyyətinə nəzarətin digər formaları "Təhsil haqqında", "Publik hüquqi şəxslər haqqında", "Ümumi təhsil haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.
7.5. Ümumi təhsil müəssisəsi idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.6. Ümumi təhsil müəssisəsinin fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün ümumi təhsil müəssisəsinin tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə kənar auditor təyin edir və onun audit hesabatını qəbul edir.
7.7. Ümumi təhsil müəssisəsində daxili audit bölməsi yaradıldıqda, müəssisənin tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə həmin bölmənin fəaliyyətinə nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə qərar qəbul edir.
8. Ümumi təhsil müəssisəsində uçot və hesabat
8.1. Ümumi təhsil müəssisəsi "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
8.2. Ümumi təhsil müəssisəsi "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
9. Ümumi təhsil müəssisəsinin yenidən təşkili və ləğv edilməsi
9.1. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, icra hakimiyyəti orqanı və dövlət adından yaradılan publik hüquqi şəxs tabeliyində yaradılan ümumi təhsil müəssisəsinin yenidən təşkilini və ləğv edilməsini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, həmin icra hakimiyyəti orqanı (dövlət adından yaradılan publik hüquqi şəxs) həyata keçirir.
9.2. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) tabeliyindəki ümumi təhsil müəssisəsinin yenidən təşkilini və ləğv edilməsini, həmin hüquqi şəxslərin təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, Nazirlik həyata keçirir.
9.3. Bələdiyyə tərəfindən yaradılmış ümumi təhsil müəssisəsinin yenidən təşkilini və ləğv edilməsini həmin bələdiyyə həyata keçirir.