AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına ............satın alınması Qaydası"nın təsdiq edilməsi barədə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 2.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının təmin edilməsi ilə bağlı bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 420 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1737 (Cild I) ləğv edilsin.
3. "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalında barəsində məlumatlar yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 oktyabr tarixli 393 nömrəli Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 10, maddə 1219 (Cild I) ləğv edilsin. Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 14 may 2024-cü il № 257
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 14 may tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan mallar istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması, habelə satınalmada iştirak edən istehsalçı və satıcıların fəaliyyətinin monitorinqinin aparılması qaydasını tənzimləyir.
1.2. Bu Qaydanın məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinin prosedur və prinsiplərini, həmçinin bu məhsulların dəyərinin hesablanması ilə bağlı meyarları və digər prinsipləri müəyyənləşdirmək, habelə istehsalçı və satıcıların satınalma ilə bağlı təqdim etdikləri məlumatların düzgünlüyünü, sənədlərin həqiqiliyini, onların müqavilə və satınalma şərt və tələblərinə əməl etmələrini yoxlamaqdır.
2. Əsas anlayışlar
2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
2.1.1. ərzaq məhsulları - insanın təbii və ya emal olunmuş halda istifadə etdiyi bitki və ya heyvan mənşəli qida məhsulları;
2.1.2. tədarük və təchizat agenti - Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan, ərzaq məhsullarının dövlət
sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarını "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalı vasitəsilə aparılmasını, eləcə də bu sahədə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edən hüquqi şəxs;
2.1.3. "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalı (bundan sonra — elektron portal) - satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması ilə bağlı tələb və təkliflərin yerləşdirildiyi, alqısatqı əməliyyatlarının təşkil edildiyi "Elektron kənd təsərrüfatı" informasiya sisteminin altsistemi;
2.1.4. müqavilə şərtləri - bu Qaydanın 3 nömrəli əlavəsində verilmiş "Satınalan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan Müqavilə" üzrə tərəflərin hüquq və vəzifələri, habelə həmin müqavilə ilə müəyyən edilən digər öhdəliklər;
2.1.5. satınalma şərtləri - istehsalçı və satıcıların ərzaq məhsullarının dövlət satınalmasında iştiraklarına dair bu Qaydanın 2 nömrəli əlavəsində qeyd edilmiş şərtlər;
2.1.6. istehsalçı və satıcı - ərzaq məhsullarını satmaq niyyətində olan təchizatçı fiziki və ya hüquqi şəxs;
2.1.7. alqı-satqı əməliyyatları - satınalan təşkilatlarla istehsalçı və satıcılar arasında ərzaq məhsullarının satın alınması ilə bağlı aparılan əməliyyatlar;
2.1.8. monitorinq - tədarük və təchizat agenti tərəfindən istehsalçı və satıcıların təqdim etdikləri məlumatların düzgünlüyünün, sənədlərin həqiqiliyinin, müqavilə və satınalma şərt və tələblərinə əməl etmələrinin elektron portal vasitəsilə yoxlanılması, habelə istehsalçı və satıcıların satınalan təşkilata təhvil verdikləri ərzaq məhsullarına, onlara dair sənədlərə və alqı-satqı əməliyyatları ilə bağlı digər hallara satınalan təşkilatın müəyyən etdiyi ünvanda yerində baxış keçirilməsi;
2.1.9. növbəti monitorinq - tədarük və təchizat agenti tərəfindən hər il sentyabrın 1-dən oktyabrın 1-dək yalnız elektron portal vasitəsilə aparılan monitorinq;
2.1.10. növbədənkənar monitorinq - tədarük və təchizat agenti tərəfindən bu Qayda ilə müəyyən edilən əsaslar mövcud olduğu halda elektron portal vasitəsilə, habelə satınalan təşkilatın müəyyən etdiyi ünvanda yerində baxış keçirilməklə aparılan monitorinq;
2.1.11. yerində baxış - satınalan təşkilatın təhvil aldığı ərzaq məhsullarına, onlara dair sənədlərə və alqı-satqı əməliyyatları ilə bağlı digər hallara satınalan təşkilatın müəyyən etdiyi ünvanda baxış keçirilməsi.
2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
3. Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseduru
3.1. Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseduru aşağıdakı qaydada həyata keçirilir:
3.1.1. satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formaya uyğun məlumatları hər il iyulun 1-dək elektron portalda yerləşdirirlər. Satınalan təşkilatlar tərəfindən növbəti il üzrə ərzaq məhsullarına tələbatlar həmin satınalan təşkilatlara bu məqsədlər üçün dövlət büdcəsindən ayrılmış vəsait nəzərə alınmaqla müəyyən edilir. Satınalma şərtləri bu Qaydanın 1.2-ci bəndində qeyd edilən məqsədlər nəzərə alınmaqla bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilir;
3.1.2. tədarük və təchizat agenti satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiyməti, növü, miqdarı və satınalma şərtləri (o cümlədən satınalma dövriliyi) barədə elanı bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada hər il avqustun 1-dək elektron portalda yerləşdirir;
3.1.3. ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiyməti ötən il iyulun 1-dən cari il iyulun 1-dək olan dövr üzrə orta statistik satış qiymətinin növbəti il üçün proqnozlaşdırılan inflyasiya səviyyəsinə vurulması ilə müəyyən edilir. İl ərzində bu qiymətlər yalnız şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin qiymətlərə təsir göstərdiyi hallarda yenilənir. Ərzaq məhsullarının hər bir növü üzrə orta statistik satış qiyməti barədə məlumatları Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, növbəti il üçün proqnozlaşdırılan inflyasiya səviyyəsi barədə məlumatları isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hər il iyulun 20-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir;
3.1.4. tədarük və təchizat agenti hər il sentyabrın 1-dək satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçılar və onların istehsal potensialı barədə məlumatları
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzləri vasitəsilə toplayır və elektron portalda yerləşdirir. Satın alınması nəzərdə tutulan ərzaq məhsulunu satmaq niyyəti olan, lakin barəsində elektron portalda məlumat olmayan istehsalçı bilavasitə tədarük və təchizat agentinə müraciət edə bilər. Müraciət edildiyi halda həmin istehsalçı ilə bağlı məlumatlar dərhal elektron portala əlavə edilməli və müraciət edən şəxsə bu barədə məlumat verilməlidir. Ərzaq məhsullarının istehsalçıları satmaq niyyətində olduqları məhsulların növü, qiyməti və miqdarı barədə məlumatı hər il sentyabrın 1-dək elektron portalda yerləşdirirlər;
3.1.5. ərzaq məhsullarının satıcıları satmaq niyyətində olduqları məhsulların növü, qiyməti və miqdarı barədə məlumatı hər il sentyabrın 1-dək elektron portalda yerləşdirirlər;
3.1.6. tədarük və təchizat agenti elektron portalda barəsində məlumatlar yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqini bu Qaydaya uyğun olaraq "Elektron kənd təsərrüfatı" informasiya sistemi və (və ya) yerində baxış vasitəsilə hər il oktyabrın 1-dək aparır və həmin monitorinqin nəticələrini elektron portala daxil edir;
3.1.7. ərzaq məhsullarının satın alınmasına dair bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan elanın şərtlərinə uyğun olan təklif satınalan təşkilatın həmin məhsullara tələbatından az olduqda, bütün iştirakçıların təklifləri qəbul edilir və bu halda satınalan təşkilat ərzaq məhsullarına olan tələbatın təklifdən artıq olan hissəsini bu Qaydanın 3.1.3-cü yarımbəndinə uyğun olaraq müəyyən edilmiş qiymətlər çərçivəsində digər şəxslərdən ala bilər;
3.1.8. ərzaq məhsullarının alınmasına dair bu Qaydanın 3.1.2-ci yarımbəndi ilə müəyyən edilən elanın şərtlərinə uyğun gələn təklif satınalan təşkilatın həmin məhsullara tələbatından çox olduqda mikro, kiçik və orta sahibkarlıq subyektləri olan yerli istehsalçılara üstünlük verilir;
3.1.9. satınalan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və satıcıları arasında hər il noyabrın 1-dək növbəti il üçün müqavilə bağlanılır.
3.2. Satınalan təşkilatlar tərəfindən bu Qaydanın 3.1.7-ci və 3.1.8-ci yarımbəndlərinin tələblərinə riayət olunması tədarük və təchizat agenti tərəfindən təmin edilir.
3.3. Tədarük və təchizat agenti elektron portalın operatorunun funksiyalarını həyata keçirir və elektron portaldan istifadəyə görə satınalan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılmış müqavilə üzrə satılmış ərzaq məhsullarının dəyərinin 10 (on) faizə qədərini satınalan təşkilatdan alır.
3.4. Bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq ödənilən vəsaitin hər bir müqavilə üzrə məbləğini tədarük və təchizat agenti satınalma dövründə bir dəfə müəyyən edir.
3.5. Ərzaq məhsulları istehsalçılarının və ya satıcılarının satınalmada iştirakları bu Qaydaya uyğun olaraq məhdudlaşdırıldığı halda, satınalan təşkilat ərzaq məhsullarını bu Qaydanın 3.1.3-cü yarımbəndi ilə müəyyən edilmiş qiymətlər çərçivəsində bu Qaydanın 3.1.7-ci yarımbəndinə uyğun olaraq digər şəxslərdən alır.
3.6. Satınalan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında müqavilə bu Qaydanın 3 nömrəli əlavəsində göstərilən nümunəvi formaya uyğun olaraq bağlanılır.
4. Monitorinq aparılması zamanı tədarük və təchizat agentinin hüquqları və vəzifələri
4.1. İstehsalçı və satıcıların satınalmada iştirakla bağlı təqdim etdikləri məlumatların düzgünlüyünün, sənədlərin həqiqiliyinin, həmçinin müqavilə və satınalma şərt və tələblərinə əməl etmələrinin elektron portal üzərindən yoxlanılması, habelə satınalan təşkilatın təhvil aldığı ərzaq məhsullarına, onlara dair sənədlərə və alqı-satqı əməliyyatları ilə bağlı digər hallara satınalan təşkilatın müəyyən etdiyi ünvanda yerində baxış keçirilməsi tədarük və təchizat agenti tərəfindən həyata keçirilir.
4.2. Tədarük və təchizat agenti monitorinq apararkən aşağıdakı hüquqlara malikdir:
4.2.1. elektron portala daxil edilən məlumatların tamlığını və dəqiqliyini müəyyən etmək üçün istehsalçı və satıcılardan əlavə məlumatlar tələb etmək;
4.2.2. dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarında olan açıq məlumatlardan istifadə etmək;
4.2.3. aidiyyəti orqanlara sorğu vermək.
4.3. Tədarük və təchizat agenti monitorinq apararkən aşağıdakı vəzifələrə malikdir:
4.3.1. monitorinqi qərəzsiz, tam, hərtərəfli, obyektiv və vaxtında aparmaq;
4.3.2. monitorinq zamanı qarşılaşdığı qanunvericiliklə mühafizə olunan dövlət, peşə, kommersiya sirlərini yaymamaq, onların qorunması üçün tədbirlər görmək;
4.3.3. monitorinqin nəticələrini elektron portalda yerləşdirmək;
4.3.4. monitorinq zamanı aşkar edilmiş məlumatlar və sənədlər əsasında monitorinqin nəticələri barədə qərar qəbul etmək;
4.3.5. istehsalçı və satıcılar tərəfindən pozulmuş müqavilə və satınalma şərtləri barədə aidiyyəti orqanlara məlumat vermək;
4.3.6. istehsalçı və satıcılar tərəfindən təqdim edilən məlumatların düzgünlüyünü və sənədlərin həqiqiliyini yoxlamaq;
4.3.7. elektron portal vasitəsilə alqı-satqı əməliyyatlarına nəzarət etmək;
4.3.8. yerində baxış keçirmək;
4.3.9. satınalma və ya müqavilə şərtlərinə əməl etməyən ərzaq məhsulları istehsalçılarının və ya satıcılarının satınalmada iştiraklarını məhdudlaşdırmaq.
5. Tədarük və təchizat agenti tərəfindən monitorinq aparılması qaydası
5.1. Tədarük və təchizat agenti tərəfindən dövriliyinə görə növbəti və növbədənkənar monitorinqlər həyata keçirilir.
5.2. Növbəti monitorinq elektron portal vasitəsilə hər il sentyabrın 1-dən oktyabrın 1-dək aparılır.
5.3. Tədarük və təchizat agenti tərəfindən növbəti monitorinq aparılarkən istehsalçı və satıcıların elektron portala daxil etdikləri məlumatların düzgünlüyü, sənədlərin həqiqiliyi və satınalma şərt və tələblərinə uyğunluğu aşağıdakı istiqamətlər üzrə təhlil edilir:
5.3.1. qida məhsulları sahəsində fəaliyyət göstərən təsərrüfat subyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmasının müəyyən edilməsi;
5.3.2. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərinin, habelə riskli vergi ödəyicisi olub-olmamasının yoxlanılması;
5.3.3. qida məhsullarının istehsalı sahəsində ən azı 6 (altı) ay, satışı sahəsində isə ən azı 1 (bir) il fəaliyyət göstərməsinin müəyyən edilməsi;
5.3.4. idxal olunan ərzaq məhsullarının istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi halda, həmin istehsalçının məhsullarının qida təhlükəsizliyi sertifikatına malik olmasının yoxlanılması;
5.3.5. yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasının yoxlanılması;
5.3.6. təklif etdiyi ərzaq məhsullarının hər növünün saxlanılmasına və daşınmasına uyğun mülkiyyətində və ya istifadəsində anbarın və logistik nəqliyyat vasitələrinin olması barədə məlumatların dəqiqləşdirilməsi (bu barədə məlumat elektron portala daxil edildiyi təqdirdə);
5.3.7. ərzaq məhsullarının qiymətinə qablaşdırmaya (taraya), daşınmaya, gömrük, vergi və digər ödənişlərə aid olan xərclər daxil edilməklə, ərzaq məhsulları üçün elan edilən qiymətdən yuxarı qiymət təklif edilib-edilməməsinin yoxlanılması.
5.4. Tədarük və təchizat agenti bu Qaydanın 5.3.1—5.3.3-cü yarımbəndlərində göstərilən məlumatları dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarında olan açıq məlumatlardan istifadə etməklə təhlil edir, bu mümkün olmadığı halda isə aidiyyəti dövlət orqanlarına (qurumlarına) sorğu verir.
5.5. İstehsalçıya və satıcılara elektron portal vasitəsilə növbəti monitorinqin nəticələrini əks etdirən bildiriş göndərilir.
5.6. Tədarük və təchizat agenti istehsalçı və satıcıların müqavilə və ya satınalma şərtlərinə əməl etmələrinə dair fəaliyyətlərinin növbədənkənar monitorinqini aşağıdakı əsaslar olduqda aparır:
5.6.1. satınalan təşkilat tərəfindən müraciət daxil olduqda;
5.6.2. istehsalçı və satıcıların müqavilə şərtlərini pozmaları elektron portal vasitəsilə aşkar edildikdə;
5.6.3. istehsalçı və satıcıların satınalma və ya müqavilə şərt və tələblərini pozmalarına dair konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda.
5.7. Bu Qaydanın 5.6-cı bəndində qeyd olunan əsaslardan başqa digər hallarda tədarük və təchizat agenti tərəfindən növbədənkənar monitorinq aparıla bilməz.
5.8. Növbədənkənar monitorinqin aparılması ilə bağlı bu Qaydanın 5.6-cı bəndi ilə müəyyən edilən əsaslar olduqda 3 (üç) iş günü müddətində tədarük və təchizat agenti tərəfindən monitorinq aparılması ilə bağlı qərar qəbul edilir. Qərarda növbədənkənar monitorinq aparılma əsası və üsulu qeyd edilir və bu barədə aidiyyəti üzrə satınalan təşkilata, istehsalçı və satıcıya 1 (bir) iş günü müddətində elektron portal vasitəsilə bildiriş göndərilir.
5.9. Növbədənkənar monitorinq aşağıdakı üsullarla aparılır:
5.9.1. elektron portal vasitəsilə;
5.9.2. yerində baxış keçirilməklə.
5.10. Növbədənkənar monitorinq başlanılmasına dair qərarın qəbul edilməsi ilə bağlı bildiriş təqdim edildiyi gündən 10 (on) iş günü müddətində aparılır.
5.11. Monitorinqin nəticələri bütün faktların (halların) aydın və dəqiq şəkildə göstərildiyi protokol ilə rəsmiləşdirilir. Protokolda monitorinqin aparılma əsası və üsulu, monitorinq zamanı aşkar edilmiş faktlara (hallara) dair məlumatlar göstərilməlidir. Protokola göstərilən məlumatları təsdiqləyən və satınalmada iştirakın məhdudlaşdırılmasına dair qərarın qəbul edilməsi üçün əhəmiyyət kəsb edən digər sənədlər də əlavə edilir.
5.12. Bu Qaydanın 5.11-ci bəndində nəzərdə tutulan Protokol barəsində monitorinq aparılan istehsalçı və satıcılar üçün növbədənkənar monitorinq zamanı hər bir halda, növbəti monitorinq zamanı isə satınalmada iştirakları məhdudlaşdırıldıqda tərtib edilir.
6. Satınalmada iştirakı məhdudlaşdıran hallar
6.1. Bu Qaydaya uyğun olaraq aparılan monitorinqlər nəticəsində aşağıdakı hallar aşkarlandıqda istehsalçı və satıcıların dövlət sifarişi ilə satınalmada iştirakları 1 (bir) il müddətinə məhdudlaşdırılır:
6.1.1. qida təhlükəsizliyi qeydiyyatından keçmədikdə;
6.1.2. istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi halda qida təhlükəsizliyi sertifikatları olmayan idxal edilmiş ərzaq məhsullarının satışı həyata keçirildikdə;
6.1.3. yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dair sənədlər satınalan təşkilata təqdim edilmədikdə;
6.1.4. müqavilə üzrə satınalan təşkilatın sifarişi istehsalçı və ya satıcı (onun təqsiri nəticəsində) tərəfindən ardıcıl olaraq iki dəfədən çox gec icra edildikdə və ya icra edilmədikdə;
6.1.5. satınalan təşkilata keyfiyyətsiz və ya qüsurlu məhsullar təhvil verildikdə, həmin məhsulların keyfiyyətli məhsullarla dəyişdirilməsi ilə bağlı tədbir görülmədikdə;
6.1.6. müqavilə üzrə satınalan təşkilatın sifarişinə uyğun olmayan ərzaq məhsullarının müvafiq qaydada əvəz edilməsi ilə bağlı tədbir görülmədikdə;
6.1.7. tədarük və təchizat agentinə və ya satınalan təşkilata saxta sənəd təqdim edildikdə;
6.1.8. istehsalçı və satıcıların Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəlikləri olduqda və ya onlar riskli vergi ödəyicisi qrupuna daxil edildikdə;
6.1.9. əmlakının üzərinə həbs qoyulduqda və bunun nəticəsində ərzaq məhsulları ilə təchiz etmək potensialı olmadıqda;
6.1.10. bu Qaydanın 5.3.3-cü və 5.3.5-ci yarımbəndlərində nəzərdə tutulmuş tələblər yerinə yetirilmədikdə.
7. İstehsalçıların və satıcıların satınalmada iştiraklarının məhdudlaşdırılmasına dair qərarın qəbul edilməsi
7.1. Bu Qaydanın 6-cı hissəsi ilə müəyyən edilən hallar mövcud olduqda istehsalçıların və satıcıların dövlət sifarişi ilə satınalmalarda iştirakları tədarük və təchizat agenti tərəfindən 1 (bir) il müddətinə məhdudlaşdırılır.
7.2. Tədarük və təchizat agenti istehsalçı və satıcının satınalmada iştiraklarının 1 (bir) il müddətinə məhdudlaşdırılması barədə qərar qəbul edir.
7.3. Bu Qaydanın 7.2-ci bəndində nəzərdə tutulmuş qərar tədarük və təchizat agentinin rəhbəri və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən imzalanır. Monitorinqin nəticələri haqqında qərarın surəti qərar qəbul edildiyi tarixdən 3 (üç) iş günündən gec olmayaraq istehsalçı və satıcıya təqdim edilir və ya poçt vasitəsilə göndərilir, qərarın əsli isə tədarük və təchizat agentində saxlanılır.
7.4. Bu Qaydanın 7.2-ci bəndində nəzərdə tutulmuş qərarda aşağıdakılar göstərilməlidir:
7.4.1. qərarın adı, qəbul olunma tarixi, yeri və qeydiyyat nömrəsi;
7.4.2. tədarük və təchizat agentinin adı;
7.4.3. fəaliyyəti barədə monitorinq aparılan istehsalçı və ya satıcı hüquqi şəxs olduqda adı və hüquqi ünvanı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı və ünvanı;
7.4.4. tədarük və təchizat agentinin məsul vəzifəli şəxsinin soyadı, adı və imzası;
7.4.5. monitorinqin aparılmasının əsası;
7.4.6. monitorinqin başlama və bitmə tarixləri;
7.4.7. məhdudlaşdırıcı hallar barədə məlumat və aparılan monitorinqlərlə bağlı zəruri sənədlər;
7.4.8. aşkar olunmuş məhdudlaşdırıcı halların aradan qaldırılması üçün görülməli işlər;
7.4.9. qərardan şikayət verilmə müddəti və qaydası;
7.4.10. tədarük və təchizat agentinin möhürü.
7.5. Satınalmada iştirakı məhdudlaşdırılmış istehsalçı və satıcılar barədə məlumatlar elektron portala daxil edilir və dövlət satınalmalarının vahid internet portalına ötürülür.
8. Tədarük və təchizat agentinin qərarından şikayət verilməsi qaydası
8.1. İstehsalçılar və satıcılar monitorinqlərin nəticələrindən razı qalmadıqda inzibati və ya məhkəmə qaydasında şikayət verə bilərlər.
8.2. İnzibati qaydada verilən şikayətə 1 (bir) ay müddətində baxılır və aşağıdakı qərarlardan biri qəbul edilir:
8.2.1. qərarın qüvvədə saxlanılması haqqında;
8.2.2. qərarın dəyişdirilməsi haqqında;
8.2.3. qərarın ləğv edilməsi haqqında.
8.3. Qərar qəbul olunduğu tarixdən 3 (üç) iş günü müddətində istehsalçıya və satıcıya təqdim edilir və ya poçt vasitəsilə göndərilir. _______________
"Satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası"na 1 nömrəli əlavə Satınalan təşkilatın ərzaq məhsullarına tələbatı barədə MƏLUMAT Satınalan təşkilatın adı____________________________________ Sıra №-si Ərzaq məhsullarının adı və səciyyəvi xüsusiyyətləri (növü, qablaşdırılması və s.) Ölçü vahidi Miqdarı Təqdim olunacaq dövr Təqdim olunacaq yer Qeyd. Satınalan təşkilat öz struktur vahidlərinin hər biri üzrə tələbatı cədvələ əlavə etməlidir. Rəhbər __________________________ ___________ (soyadı, adı) (imza)
"Satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası"na 2 nömrəli əlavə Satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiyməti, növü, miqdarı və satınalma şərtləri (o cümlədən satınalma dövriliyi) barədə ELAN Sıra №-si Ərzaq məhsullarının adı və növü Ölçü vahidi Təklifin həcmi Qiyməti (manatla) Tədarük olunacaq dövr Elanda göstərilən ərzaq məhsullarını (və ya hər hansı birini) satmaq istəyən iddiaçı (bundan sonra — iddiaçı) (ərzaq məhsullarının istehsalçısı və ya satıcısı) satınalma şərtlərinə uyğun müvafiq sənədləri və aşağıdakı məlumatları "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalına daxil edir: İddiaçının soyadı və adı __________________________________ Hüquqi statusu _________________________________________ Qeydiyyatdan keçdiyi ölkə _________________________________ Bank rekvizitləri _________________________________________ İddiaçı (ərzaq məhsullarının istehsalçısı və ya satıcısı) aşağıdakı satınalma şərtlərinə cavab verməlidir:
1. qida məhsulları sahəsində fəaliyyət göstərən təsərrüfat subyekti qida təhlükəsizliyi qeydiyyatına alınmalı;
2. idxal olunan ərzaq məhsullarının istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi halda həmin istehsalçının məhsulları qida təhlükəsizliyi sertifikatına malik olmalı;
3. yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmalı;
4. Azərbaycan Respublikasında vergilərə və digər məcburi ödənişlərə dair vaxtı keçmiş öhdəlikləri və riskli vergi ödəyicisi olmamalı;
5. qida məhsullarının istehsalı sahəsində ən azı 6 (altı) ay, satışı sahəsində isə ən azı 1 (bir) il fəaliyyət göstərməli. Qeyd. İddiaçı satmaq istədiyi məhsullar üçün öz istəyi ilə elan edilən qiymətdən aşağı qiymət təklif edə bilər. Təklif olunan ərzaq məhsullarının qiymətinə qablaşdırmaya (taraya), daşınmaya, gömrük, vergi və digər ödənişlərə aid olan xərclər də daxil edilməlidir. Təkliflər sentyabrın 1-dək "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalında yerləşdirilməlidir.
"Satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası"na 3 nömrəli əlavə Satınalan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan MÜQAVİLƏ Azərbaycan Respublikası _________________________________ (satınalan təşkilatın adı, təşkilati-hüquqi forması) ______________________________________________________ (vəzifəsi, soyadı, adı, atasının adı) (bundan sonra — Sifarişçi) və _______________________________ (istehsalçı və ya satıcının adı, təşkilati-hüquqi forması) ______________________________________________________ (vəzifəsi, soyadı, adı, atasının adı) (bundan sonra — İcraçı) şəxsində digər tərəfdən (bundan sonra birlikdə — Tərəflər) aşağıdakılar barədə razılığa gələrək bu Müqaviləni imzalayırlar.
1. Müqavilənin predmeti
1.1. İcraçı bu Müqavilənin 1 nömrəli cədvəlində qeyd olunan ərzaq məhsullarının satın alınması barədə Sifarişçinin təklifini qəbul edir və ərzaq məhsulları ilə Sifarişçini təmin etməyi öz öhdəsinə götürür.
1.2. Sifarişçi Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.
1.3. Aşağıdakı sənədlər bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur:
1.3.1. "Satınalan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılmış Müqavilə əsasında alınacaq ərzaq məhsullarının miqdarı və qiymət cədvəli" (1 nömrəli cədvəl);
1.3.2. bağlanılmış Müqaviləyə əsasən ərzaq məhsullarının istehsalçıları və ya satıcıları tərəfindən satınalan təşkilatlara ərzaq məhsullarının təqdim edilməsi cədvəli (2 nömrəli cədvəl).
2. Tərəflərin öhdəlikləri
2.1. Sifarişçi:
2.1.1. bu Müqavilənin 1 nömrəli cədvəlinə uyğun olaraq, ərzaq məhsullarının çatdırılması ilə bağlı sifarişi (bundan sonra — sifariş) İcraçıya "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalı (bundan sonra — elektron portal) vasitəsilə göndərir;
2.1.2. sifarişi ərzaq məhsullarının gözlənilən çatdırılma tarixindən ən azı 3 (üç) iş günü əvvəlcədən göndərir;
2.1.3. sifarişdə ərzaq məhsullarının adını, növünü, miqdarını, çatdırılma tarixini, ünvanını və digər zəruri qeydləri göstərir;
2.1.4. bu Müqaviləyə və sifarişə uyğun olaraq, ərzaq məhsullarını təxirəsalınmadan (ərzaq məhsullarının keyfiyyətinin Sifarişçi tərəfindən müayinə edilməsinə tələb olunan müddət nəzərə alınmaqla) qəbul edir. Sifarişçi tərəfindən elektron portal vasitəsilə təhvil-təslim aktı təsdiq edildikdən sonra məhsullar qəbul edilmiş sayılır;
2.1.5. ay ərzində alınmış ərzaq məhsullarının dəyərinin təqdim olunmuş elektron qaimə-fakturaya əsasən növbəti ayın 10-dək İcraçıya ödənilməsini təmin edir;
2.1.6. İcraçının təqdim etdiyi ərzaq məhsulları keyfiyyətsiz və ya qüsurlu olduqda, sifarişə uyğun gəlmədikdə, habelə bu Müqavilənin 4.1-ci bəndində qeyd edilən sənədlər Sifarişçiyə təqdim edilmədikdə, Tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə tərtib olunmuş qüsur aktı əsasında həmin məhsulların qəbulundan imtina edir və bu barədə müvafiq məlumatları (qüsur aktı və s.) elektron portala daxil edir;
2.1.7. bu Müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və İcraçıya vaxtında çatdırılmasına təminat verir.
2.2. İcraçı:
2.2.1. bu Müqavilənin 1 nömrəli cədvəlində qeyd olunan ərzaq məhsullarının sifarişə uyğun olaraq göndərilməsi üzrə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib ərzaq məhsullarını sifarişdə müəyyən edilmiş ünvanda təhvil verir. Sifarişçi tərəfindən elektron portal vasitəsilə təhvil-təslim aktı təsdiq edildikdən sonra məhsullar qəbul edilmiş hesab olunur;
2.2.2. İcraçının təqdim etdiyi ərzaq məhsulları keyfiyyətsiz və ya qüsurlu olduqda, habelə sifarişə uyğun olmadıqda 3 (üç) təqvim günü müddətində həmin məhsulları keyfiyyətli və ya sifarişə uyğun məhsullarla əvəz edir;
2.2.3. keyfiyyətsiz və ya sifarişə uyğun gəlməyən ərzaq məhsullarını 3 (üç) təqvim günündən gec olmayaraq, keyfiyyətli və ya sifarişə uyğun məhsulla əvəz etmədikdə bununla bağlı Sifarişçiyə dəymiş zərərin əvəzini ödəyir;
2.2.4. ərzaq məhsullarının faktiki təhvil verilməsi anınadək məhsulların təsadüfən və ya qəsdən məhv olması və ya zədələnməsi riskini daşıyır;
2.2.5. Sifarişçiyə üçüncü şəxslərin hüquqlarından azad məhsullar təqdim edir;
2.2.6. bu Müqavilənin icrası ilə bağlı Sifarişçiyə müvafiq sənədləri təqdim edir;
2.2.7. ərzaq məhsulları ilə bağlı olan müvafiq sənədləri ərzaq məhsullarını təhvil verərkən Sifarişçiyə təqdim etmədikdə, 3 (üç) təqvim günü müddətində Sifarişçini müvafiq sənədlərlə təmin edir.
3. Ərzaq məhsullarının mənşəyi Satın alınan ərzaq məhsullarının mənşəyi (istehsal olunduğu ölkə) Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlər çərçivəsində qəbul olunmuş qərarlara əsasən məhsulların satın alınması qadağan edilmiş ölkələrdən olmamalıdır.
4. Malların sənədləşdirilməsi
4.1. İcraçı aşağıdakı sənədləri Azərbaycan dilində Sifarişçiyə təqdim etməlidir:
4.1.1. elektron qaimə-faktura - 1 nüsxə;
4.1.2. ərzaq məhsulları istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına dair dövlət reyestrindən çıxarışın, idxal olunan ərzaq məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi halda həmin istehsalçının ərzaq məhsullarına dair qida təhlükəsizliyi sertifikatının surəti;
4.1.3. ərzaq məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi məqsədilə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğuna dair sənədlər;
4.1.4. kağız daşıyıcıda təhvil-təslim aktı.
4.2. Ərzaq məhsullarının qəbulu Sifarişçinin və İcraçının nümayəndələrinin iştirakı ilə həyata keçirilir və qaimə-faktura və ya təhvil-təslim aktı ilə rəsmiləşdirilir.
5. Malların qablaşdırılması, markalanması və daşınması
5.1. Müqavilə üzrə alınacaq ərzaq məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara və Sifarişçinın tələblərinə uyğun, habelə onların zədələnmədən və xarab olmadan qorunmasını təmin edən qablarda qablaşdırılmalı, markalanmalı və bu Müqavilə ilə müəyyənləşdirilmiş son təyinat məntəqəsinədək İcraçı tərəfindən daşınmalıdır. Sifarişdə qeyd edildiyi hallarda ərzaq məhsulları İcraçının ünvanında (anbarında) Sifarişçi tərəfindən təhvil alına bilər.
5.2. Azərbaycan Respublikasının ərazisinə idxal olunan ərzaq məhsullarının göndərilməsinə dair tələblər Parisdə Beynəlxalq Ticarət Palatası tərəfindən nəşr edilən və qüvvədə olan "Ticarət terminlərinin təfsirinin beynəlxalq Qaydaları "inkoterms"in şərtlərinə uyğun olmalıdır.
5.3. Məhsulun qablaşdırılmasına və markalanmasına olan tələblər Sifarişçinin istəyinə uyğun olaraq, həmin məhsula dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmaqla dəyişdirilə bilər.
5.4. Qablaşdırılma müvafiq hərarətə, duzlu, radioaktiv və digər ekstremal mühitə, eləcə də məhsulların açıq havada saxlanılmasına davamlı olmalıdır.
5.5. Markalanma ərzaq məhsullarının baxışı zamanı onların digər mallardan ən qısa müddətdə seçilməsinə imkan yaratmalıdır.
6. Müqavilənin dili Müqavilə Azərbaycan Respublikasının dövlət dilində - Azərbaycan dilində tərtib olunur.
7. Müqavilə üzrə ödəmələr
7.1. Müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği _________ manat təşkil edir. Ərzaq məhsullarının Müqavilə qiymətinə qablaşdırmaya (taraya), markalanmaya, gömrük və digər ödənişlərə aid olan xərclər də daxildir.
7.2. Məhsulların qiymətində dəyişiklik olduqda qiymətlərə yenidən baxılır.
7.3. Bu Müqavilənin şərtlərinə və sifarişə əsasən ərzaq məhsulları İcraçı tərəfindən göndərildikdən və Sifarişçi tərəfindən qəbul edildikdən sonra (elektron portal üzərindən təhvil-təslim aktının təsdiq edildikdən sonra) İcraçının təqdim etdiyi sənədlər (hesab-faktura, elektron qaimə-faktura və digər sənədlər) əsasında faktiki təhvil verilmiş ərzaq məhsullarının dəyəri Sifarişçi tərəfindən növbəti ayın 10-dək ödənilir.
8. Sığorta
8.1. İcraçı Müqavilə üzrə ərzaq məhsullarının sığortalanmasını aparır.
8.2. Sığorta müqaviləsi bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirildiyi müddəti əhatə etməlidir.
9. Məsuliyyət
9.1. İcraçı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə əməl edilməməsinə, habelə ərzaq məhsullarında olan qüsurları gizlətdikdə, yaxud ərzaq məhsulları haqqında dolğun məlumat vermədikdə və bu qüsurlar nəticəsində və ya ərzaq məhsulları barəsində dolğun məlumat verilməməsi üçün Sifarişçiyə vurulmuş zərərə görə tam həcmdə məsuliyyət daşıyır.
9.2. Tərəflər bu Müqavilə üzrə sahib olduqları hüquqları və tələbləri üçüncü şəxslərə digər tərəfin yazılı razılığı olmadan verə bilməzlər.
9.3. Sifarişçi Tərəflər arasında bu Müqavilənin 1 və 2 nömrəli cədvəlləri üzrə razılaşdırılmasına baxmayaraq, sifariş edilməyən ərzaq məhsullarına, habelə bu ərzaq məhsullarının sifariş edilməməsinə görə İcraçıya dəyən və ya dəyə biləcək hər hansı zərərə görə məsuliyyət daşıyır.
9.4. Tərəflər bu Müqavilənin icrası ilə bağlı bütün alqı-satqı əməliyyatlarının elektron portal vasitəsilə aparılmasına görə məsuliyyət daşıyırlar.
9.5. Sifarişçi tərəfindən elektron portal vasitəsilə verilməmiş sifarişin hüquqi qüvvəsi yoxdur və İcraçı belə sifarişin icrası üçün məsuliyyət daşımır.
10. Fors-major
10.1. Bu Müqavilənin icrasına qarşısıalınmaz qüvvə (forsmajor hadisəsi) təsir göstərərsə, Müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməyən Tərəf Müqavilənin pozulması üçün məsuliyyət daşımır.
10.2. Bu Müqavilədə qarşısıalınmaz qüvvə dedikdə aşağıdakılar nəzərdə tutulur:
10.2.1. hərbi əməliyyatlar, embarqo, qiyam, inqilab, üsyan, iğtişaş, hərbi vəziyyətin elan olunması, vətəndaş itaətsizliyi, terror aktı və ya sabotaj;
10.2.2. hər hansı mənbədən radioaktiv çirklənmə və ya ion şüalanması, epidemiya və pandemiyalar;
10.2.3. zəlzələ, torpaq sürüşməsi, daşqın, tufan, siklon və digər fövqəladə hadisələr;
10.2.4. yanğın, partlayış və kimyəvi zəhərlənmə və s.
10.3. Aşağıdakı hadisələr birbaşa qarşısıalınmaz qüvvənin (fors-major hadisəsinin) tam və ya qismən nəticəsi deyildirsə, qarşısıalınmaz qüvvə (fors-major hadisəsi) hesab olunmur:
10.3.1. məhsul istehsalı üçün işçi qüvvəsinin və texnikanın çatışmaması;
10.3.2. məhsul istehsalçısı tərəfindən aqrotexniki tədbirlərin vaxtında və ya düzgün aparılmaması, yaxud məhsulun keyfiyyətinin aşağı olması.
11. Vergilər və rüsumlar Tərəflər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun olaraq bütün vergilərin, rüsumların və qanunvericiliklə müəyyən edilmiş digər ödənişlərin aparılmasına məsuliyyət daşıyırlar.
12. Müqaviləyə xitam verilməsi
12.1. Bu Müqavilənin şərtlərinin əsaslı pozulması hallarına yol verildikdə, Tərəflərdən biri digərinə 10 (on) təqvim günü əvvəl yazılı xəbərdarlıq etmək şərtilə Müqaviləyə xitam verə bilər.
12.2. Aşağıdakı pozuntular əsaslı sayılır:
12.2.1. Sifarişçi və ya İcraçının ləğv olunması (müəssisə və təşkilatların yenidən qurulması halları istisna olmaqla) və ya məhkəmənin qərarı ilə müflis elan edilməsi;
12.2.2. Tərəflərin Müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməməsi.
12.3. İcraçının ərzaq məhsullarının dövlət satınalmasında iştirakı qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhdudlaşdırıldığı halda bu Müqaviləyə Sifarişçi tərəfindən İcraçını məlumatlandırmaqla xitam verilir.
13. Mübahisəli məsələlərin həlli
13.1. Tərəflər Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyri-müəyyənlikləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.
13.2. Mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən həll edilməlidir.
14. Digər şərtlər
14.1. Bu Müqavilənin icrası ilə bağlı alqı-satqı əməliyyatları, habelə alqı-satqı əməliyyatları ilə bağlı bütün sənəd dövriyyəsi (Müqavilədə dəyişikliklər, əlavələr, razılaşmalar, sifarişlər, təhviltəslim aktları və s.) elektron portal vasitəsilə aparılır. Tərəflər arasında bu Müqavilə ilə bağlı elektron portal vasitəsilə imzalanmamış sənədlərin (elektron portalda təsdiq etmək və ya daxil etmək şərtilə kağız daşıyıcıda təhvil-təslim aktı və qüsur aktı istisna olmaqla) hüquqi qüvvəsi yoxdur.
14.2. Bu Müqavilə elektron formada tərtib edilmişdir və elektron imza ilə təsdiq edilir. Hər bir Tərəfə eyni hüquqi qüvvəyə malik olan bir nüsxə verilir.
14.3. Müqavilə "____" _________ 20___ il tarixindən qüvvəyə minir və "____" _________ 20___ il tarixinədək qüvvədədir.
15. Hüquqi ünvanlar və rekvizitlər Sifarişçi _______________ İcraçı ______________ (imza) (imza) "_______"_________20____il "______"________ 20____ il
1 nömrəli cədvəl ____________________ __________________________________ (satınalan təşkilat) (ərzaq məhsullarının istehsalçısı və ya satıcısı) Tərəflər arasında bağlanılmış Müqavilə əsasında alınacaq ərzaq məhsullarının miqdarı və qiymət cədvəli Sıra №-si Ərzaq məhsullarının adı və növü Ölçü vahidi Yararlılıq müddəti Miqdarı Vahidin qiyməti (manatla) Ümumi məbləğ (manatla) 1. 2. 3. Cəmi Vergi Ümumi məbləğ Sifarişçi _______________ İcraçı _______________ (imza) (imza) "_____"____________ 20__ il "_____"_____________ 20__il
2 nömrəli cədvəl Bağlanılmış ___________ tarixli ____ nömrəli Müqaviləyə əsasən ərzaq məhsullarının istehsalçısı və ya satıcısı tərəfindən satınalan təşkilatlara ərzaq məhsullarının təqdim edilməsi cədvəli Sıra №-si Məhsulun adı və növü Ölçü vahidi Məhsulun ümumi miqdarı O cümlədən aylar üzrə Ərzaq məhsullarının qəbul olunduğu ünvan yanvar fevral noyabr dekabr
1. * * * * * *
2. *** * * * * * * *** 3. *** * * * * * * *** 4. *** * * * * * * *** 5. *** * * * * * * *** 6. *** * * * * * * *** Qeyd. Məhsulların təqdim edilmə tarixi və miqdarı Sifarişçinin sifarişinə uyğun olaraq dəyişdirilir. * gündəlik tədarük edilir. ** ayda 2 dəfə, hər ayın 1-i və 15-i tədarük edilir. *** hər ayda 1 dəfə tədarük edilir. İcraçı _________________ Sifarişçi ___________________ (imza) (imza) "____"___________ 20__ il "____"____________ 20__ il
________________