Hərbi-həkim ekspertizası haqqında Əsasnamə dəyişdirilərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ekspertiza prosesində iştirak edən qurumlar sırasına əlavə edilmişdir. Dəyişikliklər ekspertiza aparılmasında bu nazirliyin rolunu və məsuliyyətini müəyyən edir.
II-1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması 2-1.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların qəbul edilməsi üçün yekun tibbi müayinənin (bundan sonra — yekun tibbi müayinə) aparılması məqsədilə VEİS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra — MEİS) inteqrasiya edilir. VEİS-nin, həmçinin qeyd olunan dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarının və sistemlərinin MEİS-yə inteqrasiyası və məlumat mübadiləsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"na uyğun olaraq Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. 2-1.2. Agentlik çağırışçının yekun tibbi müayinəsini MEİS-nin "Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə" altsisteminə (bundan sonra — altsistem) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında "B", "C", "Ç" və "D" kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEİS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. 2-1.4. Yekun tibbi müayinənin aparılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən MEİS-nin "Vətəndaşların qəbulu" altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir. 2-1.5. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçını bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada Agentliyə hansı vaxtda (ünvan, tarix və saat qeyd edilir) yaxınlaşmalı olduğu və gəlməməsinin nəticələri barədə məlumatlandırır. 2-1.6. Çağırışçıların Agentlikdə yekun tibbi müayinədə iştirakı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təmin edilir. 2-1.7. Çağırışçının yekun tibbi müayinəsi Agentlikdə fəaliyyət göstərən tibbi qiymətləndirmə komissiyaları tərəfindən bu Əsasnamənin 2-1.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. 2-1.8. Çağırışçı Agentlikdə yekun tibbi müayinə zamanı avtomatlaşdırılmış qaydada aparılan növbə seçimi əsasında müvafiq (çağırışçının yararsızlığı barədə rəydə göstərilən xəstəlik üzrə) həkimə yönləndirilir. Həkim-mütəxəssis tərəfindən çağırışçının əyani və instrumental tibbi müayinəsi həyata keçirilir, laborator və əlavə diaqnostik müayinələrə zərurətin olub-olmadığı aydınlaşdırılır. 2-1.9. Agentlikdə yekun tibbi müayinənin həyata keçirildiyi otaqlarda video və səs qeydlərinin aparılması təmin olunur, aparılan tibbi müayinələrə və çağırışçının yerində baxış proseslərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Agentliyin məsul vəzifəli şəxsləri tərəfindən mütəmadi olaraq baxış keçirilir, video və səs qeydlərinin aparılmasının monitorinqi həyata keçirilir. 2-1.10. Çağırışçının laborator və əlavə diaqnostik müayinələrinin aparılmasına zərurət olduğu müəyyən edilərsə, Agentlikdə müvafiq tibbi müayinələrin həyata keçirilməsi üçün göndəriş verilir. Agentlikdə mövcud olmayan digər tibbi müayinə tələbləri üzrə göndəriş elektron formada tibb müəssislərinə göndərilir. Tibb müəssisələri tərəfindən tibbi müayinələrin aparılmasına dair göndəriş əsasında çağırışçının mümkün qısa vaxt ərzində növbədənkənar müayinəsi aparılır və müayinəyə dair məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin elektron informasiya sistemlərindən altsistemə ötürülür, həmçinin çağırışçıya təqdim edilir. 2-1.11. Yekun tibbi müayinənin aparıldığı müddətdə çağırışçıların daimi iş yerində orta əməkhaqları saxlanılmaqla, işdən (təhsildən) azad edilmələri ilə əlaqədar Agentlik tərəfindən çağırışçının işlədiyi və ya təhsil aldığı müəssisəyə bildiriş göndərilir. 2-1.12. Tibbi müayinələrin nəticəsində çağırışçıda bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) öz əksini tapmayan yanaşı xəstəlik aşkar edilərsə, bununla bağlı həmin göndərişdə müvafiq dəyişiklik edilməklə, çağırışçı aşkarlanan xəstəliyə uyğun olaraq digər qəbul həkiminə yönləndirilir. Bu halda bu Əsasnamənin 2-1.8-ci bəndində nəzərdə tutulmuş prosedur tətbiq edilir. 2-1.13. Çağırışçıya dair tələb olunan müayinələrin nəticələri əldə olunduqdan sonra qəbul həkimi çağırışçının sağlamlıq vəziyyətinə dair MEİS-də elektron sənəd formasında müvafiq rəy formalaşdırır və elektron imzası ilə təsdiq edərək altsistemə daxil edir, həmçinin vətəndaşa təqdim edir. 2-1.14. Qəbul həkiminin rəyi altsistemə daxil edildikdən sonra çağırışçı barəsində yekun tibbi müayinənin həyata keçirilməsi üçün Tibbi qiymətləndirmə komissiyalarından biri altsistem tərəfindən avtomatlaşdırılmış qaydada seçilir. 2-1.15. Yekun tibbi müayinə 10 (on) gün müddətində aparılır. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət Agentlik tərəfindən 10 (on) günədək uzadıla bilər. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar MEİS-də elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil edilir. 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırır. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra — Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər. 2-1.20. Şura 7 (yeddi) üzvdən — sədr nümayəndələrindən biri olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 (iki), Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 1 (bir), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1 (bir), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 (bir), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1 (bir) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin 1 (bir) məsul şəxsindən ibarətdir. Şuranın fəaliyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi əsasnamə ilə tənzimlənir. Şuraya verilmiş şikayətlərə 5 (beş) gün müddətində baxılır və qəbul edilən qərarlar 5 (beş) gün ərzində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün Agentliyin Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla altsistemə daxil edilir
Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.
(Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra — Agentlik) tərəfindən aparılan müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi istisna olmaqla)
, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
II. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsi 2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. Zabit hərbi rütbəsi verilməklə ehtiyata götürülmüş vətəndaşlar hərbi xidmətə çağırılarkən, şəhadətləndirilmənin təşkili Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə həvalə olunur. 2.2. İlkin hərbi qeydiyyata alınarkən şəhadətləndirilməyə qədər vətəndaşlara dövlət tibb müəssisələrində (bundan sonra — tibb müəssisələri) hər il tibbi baxışlar, müayinələr (müşahidələr), habelə müalicə-sağlamlıq tədbirləri keçirilir və profilaktik peyvəndlər edilir. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicəsağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi tibb müəssisələrinə həvalə olunur. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi, qeydiyyat və hesabat aparılması, bu iş üzərində nəzarətin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə birlikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. 2.3. Vətəndaşların şəhadətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid Elektron İnformasiya Sisteminə (bundan sonra — VEİS) inteqrasiya edilir. Qeyd olunan dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarının və sistemlərinin VEİS-yə inteqrasiyası və məlumat mübadiləsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"na uyğun olaraq Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. 2.4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilmə prosesində tələb olunan müayinələrdən keçirlər. Çağırışaqədər yaş həddində olanların və çağırışçıların şəhadətləndirilməsi prosesində müayinələrin həyata keçirilməsi məqsədilə göndəriləcəkləri tibb müəssisələrinin siyahısı, habelə keçəcəkləri tibbi müayinələrin həcmi və qaydası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. 2.5. Tibb müəssisələrinin rəhbərləri və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin rəhbərləri vətəndaşların vaxtında müayinə (müalicə) olunmasını təmin edirlər. 2.6. Çağırışaqədər yaş həddində olanların sağlamlıq vəziyyətinə dair məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin elektron informasiya sistemlərindən əldə olunaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçının uçot kartına əlavə olunur. 2.7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışaqədər yaş həddində olanların qanuni nümayəndələrini və çağırışçıları onların Elektron Hökumət İnformasiya Sistemində yaradılan elektron kabinetlərinə (bundan sonra — elektron kabinet) elektron formada çağırış vərəqəsi göndərməklə (bu mümkün olmadıqda çağırış vərəqəsi poçt rabitəsi və ya digər vasitələrlə və şəxsən təqdim olunmaqla) tibbi müayinələrin keçiriləcəyi tibb müəssisəsi və keçməli olduqları müayinə metodları, müəyyən edilmiş vaxtda yaxınlaşmalı olduqları müvafiq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası və gəlməmələrinin nəticələri barədə məlumatlandırır. Çağırış vərəqəsi elektron formada təqdim olunması üçün VEİS-də "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd formasında (bundan sonra — elektron sənəd) formalaşdırılır və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəli şəxslərinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası (bundan sonra — elektron imza) ilə təsdiqlənir və real vaxt rejimində VEİS üzərindən Elektron Hökumət İnformasiya Sisteminə göndərilərək vətəndaşın və ya onun qanuni nümayəndəsinin həmin informasiya sistemində tanış olması və elektron sənəd formasında əldə etməsi imkanı təmin olunur. Eyni zamanda, vətəndaşa və ya onun qanuni nümayəndəsinə çağırış vərəqəsinin elektron kabinetdə yerləşdirilməsi, elektron kabinetin internet ünvanı və daxilolma qaydası ilə bağlı məlumat Elektron Hökumət İnformasiya Sistemi üzərindən bildiriş və (və ya) qısa mesaj-SMS vasitəsilə göndərilir. 2.8. Tibb müəssisələri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göndərişi əsasında çağırışaqədər yaş həddində olanların və çağırışçıların tibbi müayinələrdən mümkün qısa vaxt ərzində növbədənkənar keçirilməsini təmin etməlidirlər. 2.9. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibb müəssisələri tərəfindən həyata keçirilən tibbi müayinələrinin nəticələri müvafiq elektron informasiya sistemi vasitəsilə VEİS-yə ötürülür, eləcə də vətəndaşa və ya onun qanuni nümayəndəsinə təqdim edilir. 2.10. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaradılmış ilkin hərbi qeydiyyata alma komissiyası və hərbi həkim komissiyaları tərəfindən bu Əsasnamənin 2.9-cu bəndində qeyd olunan tibbi müayinə nəticələri təhlil edilir və müvafiq olaraq azı 9 (doqquz) nəfərdən ibarət həkim və mütəxəssis (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq və zərurət olduqda digər ixtisaslardan olan həkim-mütəxəssislər cəlb edilməklə) tərəfindən çağırışaqədər yaş həddində olanların və çağırışçıların əyani tibbi müayinəsi aparılır. Əyani tibbi müayinəyə dair VEİS-də elektron sənəd formasında rəy formalaşdırılaraq, həkim və mütəxəssislərin elektron imzası ilə təsdiqlənir. Rəy barədə vətəndaşların məlumatlandırılması bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onların elektron kabinetləri vasitəsilə həyata keçirilir, məlumatlar həmçinin çağırışçının uçot kartına əlavə edilir. 2.11. Hərbi həkim komissiyalarında tibbi müayinələrin həyata keçirildiyi otaqlarda tibbi müayinə və yerində baxış proseslərinin video və səs qeydlərinin aparılması təmin olunur və həmin qeydlərin aparılmasının monitorinqi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən mütəmadi olaraq həyata keçirilir. 2.12. Tibb müəssisələrinin rəhbərləri ilə razılaşdırılmış həkimmütəxəssislərin və orta tibb işçilərinin fərdi tərkibini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla təsdiq edir. 2.13. Çağırışaqədər yaş həddində olanların bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan müvafiq kateqoriyalar üzrə şəhadətləndirilməsi bu Əsasnamənin 2.14-cü bəndi nəzərə alınmaqla ilkin hərbi qeydiyyata alma komissiyası tərəfindən ilkin hərbi qeydiyyat prosesi yekunlaşdırıldıqdan sonra aparılır. Çağırışçılar bu Əsasnamənin 2.10-cu bəndində qeyd olunan tibbi müayinə nəticələrinə əsasən şəhadətləndirilərkən Hərbi həkim komissiyaları tərəfindən VEİS-də elektron sənəd formasında çağırışçı barəsində bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan müvafiq kateqoriyalar üzrə rəy formalaşdırılır və komissiya üzvlərinin elektron imzası ilə təsdiqlənməklə məlumatlar hər bir çağırışçının uçot kartına daxil edilir. Həmin rəy əsasında rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən VEİS-də elektron imza ilə təsdiqlənməklə, elektron sənəd formasında çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərar formalaşdırılır. Vətəndaşların və ya qanuni nümayəndələrinin çağırışaqədər yaş həddində olanlar və çağırışçılar barəsində formalaşdırılan rəylər və çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərar barədə məlumatlandırılması bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onların elektron kabinetləri vasitəsilə həyata keçirilir. 2.14. Çağırışaqədər yaş həddində olanların və çağırışçıların bu Əsasnamənin 2.10-cu bəndində qeyd olunan tibbi müayinə nəticələrinə əsasən diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə zərurəti yarandığı halda, onlar ilkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə ixtisaslaşmış tibb müəssisələrinə əlavə ambulator və ya stasionar tibbi müayinələrin keçirilməsinə və ya müalicəyə göndərilirlər. Aparılmış tibbi müayinənin nəticələri barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş formada onların sağlamlıq vəziyyətinin müayinə aktı tərtib edilir, tibb müəssisələri tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin elektron informasiya sistemlərindən VEİS-yə ötürülür və vətəndaşa təqdim edilir. 2.15. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün "Xəstəliklər cədvəli"nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. 2.16. İlkin hərbi qeydiyyata alınma üzrə komissiya sədrinin qərarı ilə ilkin hərbi qeydiyyata alınarkən, vətəndaşların hərbi-uçot ixtisasları üzrə hazırlanmasını həyata keçirən ictimai təşkilatlarda təhsil almağa, habelə onların nəqliyyat vasitələrini idarə etməyə yararlılığı müəyyən olunur. 2.17. Hərbi həkim komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan "B", "C", "Ç" və "D" kateqoriyaları üzrə verilmiş rəylər nəzarət qaydasında baxılması üçün VEİS üzərindən Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilir. Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən həmin rəylərin tibbi, texniki tələblərə və qanunvericiliyə uyğunluğu elektron formada yoxlanılır. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan "B", "C", "Ç" və "D" kateqoriyaları üzrə hərbi həkim komissiyasının qəbul etdiyi rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqlənmədikdə və "B", "C", "Ç" və "D" kateqoriyalarından birinə dəyişdirilmədikdə "A" kateqoriyası üzrə rəy tərtib olunur və şəhadətləndirmə üzrə yekun qərarın verilməsi məqsədilə VEİS üzərindən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına göndərilir. Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan "B", "C", "Ç" və "D" kateqoriyalarına dair VEİS-də elektron sənəd formasında formalaşdırılan müvafiq rəy komissiya üzvlərinin elektron imzası ilə təsdiq edilir. 2.18. Barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan "B", "C", "Ç" və "D" kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin II-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. 2.19. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 15.2.2—15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarlar Agentlik tərəfindən keçirilmiş yekun tibbi müayinə nəticələri əsasında qəbul edilir. 2.20. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçıları rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası tərəfindən qəbul edilmiş qərarlarla dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onların elektron kabinetləri vasitəsilə məlumatlandırır. 2.21. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 (üç) il müddətinədək, hər dəfə 1 (bir) ildən artıq olmamaq şərtilə verilir. 3 (üç) ildən sonra sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. Vətəndaşın tibbi müayinəsini (müalicəsini) vətəndaşların ilkin hərbi qeydiyyata alınması üzrə komissiyanın və ya çağırış komissiyasının hərbi xidmətə cari çağırış üzrə işi qurtarana qədər başa çatdırmaq mümkün olmadıqda, onun hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar çıxarılmır. Bu halda, həkim-mütəxəssis təkrar şəhadətləndirilməyə gəlmə vaxtını göstərməklə, vətəndaşın tibbi müayinəsinin (müalicəsinin) zəruriliyi haqqında rəy verir. Vətəndaş həmin rəy barədə dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırılır. 2.22. İlkin hərbi qeydiyyata alınarkən və ya hərbi xidmətə çağırılarkən hərbi xidmətə müvəqqəti yararsız sayılmış vətəndaş tibbi müayinədən (müalicədən) imtina etdikdə və ya yayındıqda, 3 aydan sonra təkrar şəhadətləndirilməlidir. Əgər təkrar şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətinin pisləşməsi əlamətləri aşkar edilməzsə, yaxud onun hərbi xidmətə çağırılmasına mane ola biləcək xəsarətin və ya xəstəliyin aşkar əlamətləri olmazsa, o, hərbi xidmətə yararlı, yaxud müvafiq təyinat göstəricisi ilə hərbi xidmətə yararlı hesab edilir. 2.23. Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə çağırılması hallarını istisna etmək məqsədi ilə, hərbi xidmətə çağırılmış vətəndaşlar bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər. Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur. 2.24. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların nəzarət qaydasında şəhadətləndirilməsi onların Mərkəzi Çağırış Komissiyasına təqdim edilmiş şəxsi işləri və tibbi sənədlərinin öyrənilməsi əsasında qiyabi keçirilir. Sonra isə Mərkəzi Çağırış Komissiyasının əsaslandırılmış qərarı ilə nəzarət qaydasında şəhadətləndirilmə əyani keçirilir. 2.25. Tibbi baxış və nəzarət qaydasında şəhadətləndirilmə Mərkəzi Çağırış Komissiyasının qərarı ilə bu Əsasnamənin 2.10-cu bəndində nəzərdə tutulmuş ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən həyata keçirilir. 2.26. Xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxış və ya nəzarət qaydasında şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətində onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişə biləcək faktlar aşkar edildikdə, Mərkəzi Çağırış Komissiyası rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının müvafiq qərarını ləğv edir, bu barədə vətəndaşı bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada elektron kabineti vasitəsilə məlumatlandırır, həmçinin qərarı ləğv edilmiş komissiyaya məlumat verir. 2.27. Nəzarət qaydasında şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən edir