AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Radiotezliklərin müddətli ayrılmasına keçid ilə əlaqədar olaraq, radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiyanın verilməsi şərtləri və mexanizmi"nin təsdiq edilməsi barədə "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 768-VIQD nömrəli Qanununun tətbiqi və "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 4 fevral tarixli 2022 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Radiotezliklərin müddətli ayrılmasına keçid ilə əlaqədar olaraq, radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiyanın verilməsi şərtləri və mexanizmi" təsdiq edilsin (əlavə olunur). Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 28 dekabr 2023-cü il № 484
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 dekabr tarixli 484 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Radiotezliklərin müddətli ayrılmasına keçid ilə əlaqədar olaraq, radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiyanın verilməsi ŞƏRTLƏRİ VƏ MEXANİZMİ
1. Ümumi müddəalar
1.1. Bu sənəd "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 768-VIQD nömrəli Qanununun 2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və radiotezliklərin (radiotezlik zolaqlarının) müddətli ayrılmasına keçid (bundan sonra - keçid) ilə əlaqədar olaraq radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiyanın (bundan sonra - kompensasiya) verilməsi şərtlərini və mexanizmini müəyyən edir.
1.2. Kompensasiya Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Radiotezliklər İdarəsinin hesabına maliyyələşdirilir.
2. Əsas anlayışlar
2.1. Bu sənədin məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. radiotezlik istifadəçisi - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada radiotezlikdən istifadəyə icazəsi olan hüquqi və fiziki şəxs;
2.1.2. radioelektron vasitələr - radiodalğaların ötürülməsi və (və ya) qəbulu üçün nəzərdə tutulmuş, köməkçi avadanlıqlar da daxil olmaqla bir və ya bir neçə ötürücü və (və ya) qəbuledici qurğulardan və ya belə cihazların komplektləşdiricilərindən ibarət texniki vasitələr;
2.1.3. kompensasiya - keçid ilə əlaqədar olaraq ayrılmış radiotezliklərin (radiotezlik zolaqlarının) qüvvədə olan tezlik zolaqlarının ayrılması cədvəlinə və radiotezliklər spektrinin perspektiv istifadə planına uyğunlaşdırılması zamanı vurulan zərərə görə verilən ödəniş.
2.2. Bu sənəddə istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
3. Kompensasiya məbləğinin müəyyən edilməsi qaydası
3.1. Ayrılmış radiotezliklərin (radiotezlik zolaqlarının) qüvvədə olan tezlik zolaqlarının ayrılması cədvəlinə və radiotezliklər spektrinin perspektiv istifadə planına uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası (bundan sonra - Dövlət Komissiyası) tərəfindən müvafiq qərar qəbul edilir.
3.2. Dövlət Komissiyasının qəbul etdiyi qərar 10 (on) iş günü müddətində keçid ilə əlaqədar radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra - Nazirlik) göndərilir.
3.3. Radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiyanın məbləği Nazirlik tərəfindən müəyyən edilir.
3.4. Nazirlik kompensasiya məbləğini müəyyən etmək üçün aşağıdakı tədbirləri həyata keçirir:
3.4.1. radiotezlik istifadəçisi tərəfindən istifadə edilən radiotezliklərdə (radiotezlik zolaqlarında) istifadə olunan dövlət qeydiyyatında olan radioelektron vasitələrinin mövcudluğu və onların sayı haqqında məlumat toplayır və təhlil edir;
3.4.2. radioelektron vasitələrin bazar qiymətləri və amortizasiyası haqqında məlumat toplayır və təhlil edir;
3.4.3. radiotezlik istifadəçisinə ödəniləcək kompensasiya ilə əlaqədar müzakirələr aparır;
3.4.4. razılaşma əldə edilmədikdə və ya kompensasiya məbləğinin müəyyən edilməsində əlavə mütəxəssis rəyinə ehtiyac yarandıqda, radiotezlik istifadəçisinin hesabına müstəqil qiymətləndirici cəlb edir;
3.4.5. radiotezlik istifadəçisi tərəfindən istifadə edilən radiotezliklərdə (radiotezlik zolaqlarında) işləyən radioelektron vasitələri, onların sayı, bazar qiymətləri, amortizasiyası haqqında toplanılmış məlumatları təhlil edir və vurulmuş zərər üzrə ödəniləcək kompensasiyanın məbləğini müəyyən edir.
3.5. Dövlət Komissiyasının qərarı qeydiyyata alındığı tarixdən 30 (otuz) iş günü müddətində qiymətləndirmə təşkil olunur.