AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ SƏRƏNCAM "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026—2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026—2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
1.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.2. "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026—2030-cu illər üçün Dövlət Proqramı"nda (bundan sonra — Dövlət Proqramı) nəzərdə tutulmuş tədbirlərin nəticə indikatorları üzrə hədəf göstəriciləri də müəyyən edilməklə illər üzrə bölgüsünü iki ay müddətində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (bundan sonra — Mərkəz) ilə razılaşdırılmış indikatorlar cədvəlinin nümunəvi formasına uyğun hazırlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.3. Dövlət Proqramının monitorinqinin və qiymətləndirilməsinin həyata
keçirilməsi məqsədilə Mərkəzə təqdim edilməsi üçün Dövlət Proqramında nəzərdə tutulmuş layihələrin icrası ilə bağlı müvafiq məlumatların "Layihə idarəetməsi" modulunda 2027-ci ildən rübdə bir dəfə, rübdən sonrakı ayın 15-dək, tədbirlər üzrə ilin yekunları barədə məlumatların isə 2027-ci ildən hər il fevralın 25-dək "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026—2030-cu illər üçün Dövlət Proqramı"nın icrasının monitorinqi və hesabatlılıq modulu"nda (bundan sonra — Modul) yerləşdirilməsini təmin etsin;
1.4. Dövlət Proqramının icrası çərçivəsində buğda, pambıq və heyvandarlıq məhsullarının istehsalı təsərrüfatlarının yaradılması ilə əlaqədar ərazi vahidlərində kateqoriyası və yaxud məqsədli təyinatı dəyişdirilməsi nəzərdə tutulan torpaq sahələri barədə təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Dövlət Proqramının icrası çərçivəsində torpaqların kateqoriyasının, yaxud məqsədli təyinatının dəyişdirilməsi barədə təkliflərini bu Sərəncamın 1.4-cü bəndində nəzərdə tutulan təkliflər təqdim edildikdən sonra iki ay müddətində Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Mərkəz:
3.1. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə operatoru olduğu "e-monitorinq" Portalı çərçivəsində Modulun formalaşdırılmasını iki ay müddətində təmin etsin və 2027-ci ildən Dövlət Proqramının monitorinqini və qiymətləndirilməsini Modul üzərindən həyata keçirsin;
3.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə icraçı orqanlar (qurumlar), iqtisadi rayonlar, şəhər və rayonlar, icra müddətləri, eləcə də layihələrlə bağlı məlumatlar (Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"na uyğun olaraq informasiya sisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəy, informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilməsi, informasiya sisteminin, o cümlədən onun ehtiyat nüsxələrinin "Hökumət buludu"nda saxlanılması), habelə obyektlər üzrə məlumatlar (icra müddətləri, ərazi planlaşdırılması, tikintiyə icazə sənədi, texniki-iqtisadi əsaslandırma, tikinti layihəsi, şəhərsalma planına uyğunluq rəyi, smeta sənədləri, layihə konsepsiyası, ekspertiza rəyi, ətraf mühitə təsirlə bağlı dövlət ekoloji ekspertizasının rəyi, maliyyə vəsaitinin ayrılması, satınalma və müqavilələrin bağlanılması və s.) təsnifatlaşdırılmaqla, mövcud vəziyyət barədə informasiyaları təmin edən və hesabatlılığı mümkün edən müvafiq bölmələrin Modulda yaradılmasını təmin etsin;
3.3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə Dövlət Proqramı üzrə aidiyyəti icraçı orqanların (qurumların) operatoru olduqları müvafiq elektron informasiya sistemlərinin (portalların) "e-monitorinq" Portalına inteqrasiyası ilə bağlı zəruri məsələlərin həllini təmin etsin;
3.4. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları 2027-ci ildən başlayaraq ildə bir dəfə, hər il aprelin 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
3.5. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətləndirilməsinin nəticəsi barədə məlumatları 2031-ci il iyunun 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
3.6. Modulun yaradılması və Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin və qiymətləndirilməsinin aparılması ilə bağlı xərclərin Mərkəzin növbəti illər üçün büdcəsində nəzərə alınması məqsədilə tədbirlər görsün.
4. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə əsas və digər icraçı orqanlar tədbirlərin aidiyyəti üzrə icrası məqsədilə icraçı qurumların rəhbərlərinin müavinlərindən ibarət məsul şəxsləri və müvafiq struktur bölmələrinin rəhbərlərindən ibarət cavabdeh şəxsləri təyin edərək onlar barədə məlumatı on gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər üzrə layihələrin ilkin ümumi dəyəri, dövlət büdcəsində və özəl sektorda nəzərdə tutulmuş, ayrılmış, istifadə olunmuş və növbəti illərə tələb olunan vəsait, həmçinin beynəlxalq maliyyə institutları tərəfindən ayrılmış, istifadə olunmuş və növbəti illərə tələb olunan kredit vəsaiti barədə məlumatların hər rübdən sonrakı ayın 5-dək Modulda yerləşdirilməsini təmin etsin.
6. Bu Sərəncamın icrasına nəzarət və Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilsin.
7. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, " 3 " " iyun " 2026-cı il № 371s