1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan İnvestisiya Holdinqi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
1.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Yerin təkindən istifadə sahəsində fəaliyyətin təkmilləşdirilməsi (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 aprel tarixli 649 nömrəli Fərmanına (bundan sonra — Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.2. yer təkindən istifadə sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına görə məsuliyyətin gücləndirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi beş ay müddətində:
2.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Fərmanın 4.1.2-ci yarımbəndi nəzərə alınmaqla, prioritet qeyri-filiz faydalı qazıntı yataqlarının monitorinqinin və qiymətləndirilməsinin həyata keçirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, yer təkindən istifadə hüququnun əldə edilməsi, yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı zamanı yer təki istifadəçiləri tərəfindən təqdim edilməsi tələb olunan normativ hüquqi aktlarda nəzərdə tutulan sənəd və hesabatların nümunəvi formalarına dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi beş ay müddətində:
3.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, qeyri-filiz faydalı qazıntı yataqlarının əsas istehlak bazarından olan məsafəsindən, ərazinin relyefindən, iqlim şəraitindən və infrastrukturun mövcudluğundan asılı olaraq, iqtisadi dövriyyəyə cəlb edilməsi üçün güzəştlərin tətbiqinə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
3.2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və dövlət torpaq kadastrı məlumatlarına əsasən mənafeyinə toxunulan aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 aprel tarixli 639 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar"ın 5.1.1-ci yarımbəndində nəzərdə tutulan siyahıya daxil ediləcək yer təki istifadəçilərinin istifadəsindəki və Fərmanın 1-ci hissəsi ilə "Azer Gold" Qapalı Səhmdar Cəmiyyətinin istifadəsinə verilən yer təki sahələrinin yerləşdiyi və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmayan torpaqların kateqoriyasının həmin kateqoriyaya keçirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını
təmin edib, bu barədə altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
6. Bu Sərəncamın 1-ci, 4-cü və 5-ci hissələrinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2-ci hissəsinin və 3.2-ci bəndinin icrası Aqrar və ekologiya şöbəsinə, 3.1-ci bəndinin icrası İqtisadiyyat şöbəsinə həvalə edilsin.
7. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.