Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 90 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində "Sea Breeze Resort" istirahət zonası üçün yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə əlaqədar Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında 9,08 hektar və su akvatoriyasında 46,0 hektar olmaqla, sahilboyu zolağa bitişik biri düzbucaqlı və digəri gəmi formasında olan iki süni torpaq sahəsinin yaradılması məqsədilə ümumilikdə 55,08 hektar su fondu torpaq sahəsi ayrılsın (torpaq sahəsinin yerləşdiyi yeri, ölçülərini və sərhədlərini əks etdirən yerquruluşu planı əlavə olunur).
2. Bu Qərarın 1-ci hissəsinə əsasən yaradılması nəzərdə tutulan süni torpaq sahəsində tikintisi başa çatmış tikinti obyektlərinin istismarına icazə verildikdən sonra həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilsin.
3. Dövlət və bələdiyyə orqanlarının öz səlahiyyətlərini müvafiq inzibati ərazi vahidi hüdudlarında həyata keçirməsi üçün bu Qərarın 1-ci hissəsinə əsasən yaradılması nəzərdə tutulan süni torpaq sahəsi Nardaran qəsəbəsinin hüdudları çərçivəsində olmaqla Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisinə aid edilsin.
4. Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə ayrılmış 55,08 hektar su fondu torpaq
sahəsi üzərində yaranmış icarə hüququnun dövlət qeydiyyatına alınması üçün icarə hüququ yaranmış sifarişçi qismində "Nardaran İnvest" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə torpaq icarəsi müqaviləsinin bağlanılmasını təmin etsin.
5. Bu Qərar qüvvəyə mindiyi tarixdən süni torpaq sahəsinin yaradılması və həmin 55,08 hektar torpaq sahəsində tikinti obyektlərinin inşası üçün tikintiyə icazə "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.
6. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qərarın 5-ci hissəsinə uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün ərzində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Bakı Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər.
8. Bu Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilsin. Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, " 15 " " aprel " 2026-cı il № 102