"Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 1 aprel tarixli 986 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 1 aprel tarixli 986 nömrəli Sərəncamına (bundan sonra — Sərəncam) uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
2.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi, "Azer Gold" Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Sərəncamın 1.3-cü və 1.4-cü bəndlərini nəzərə alaraq "Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"nın (bundan sonra - Dövlət Proqramı) layihəsini üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2. Dövlət Proqramının "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli
Sərəncamının 1.1-ci bəndində nəzərdə tutulan "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın layihəsində əhatə olunması ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanmış texniki iqtisadi əsaslandırmalara uyğun olaraq, Sərəncamın 1.4-cü bəndində nəzərdə tutulan layihələrin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi və 1.5-ci bəndində nəzərdə tutulan layihənin maliyyələşdirmə mənbələri və həyata keçirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, metallurgiya məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədilə enerji və nəqliyyat tariflərinin təkmilləşdirilməsi, zərurət olduğu təqdirdə əlavə torpaq sahəsinin ayrılması və elektrik enerjisinə tələbatın ödənilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, "Azərbaycan alüminiumu" Açıq Səhmdar Cəmiyyətinin kreditor borclarının, habelə dövlət təşkilatlarına olan və "Azərbaycan Alüminiumu" Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 31 mart tarixli 678 nömrəli Sərəncamına əsasən ödənilməsinə 25 il möhlət verilmiş, eləcə də Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu qarşısında yaranmış borclarının silinməsi və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi öhdəliyinə xitam verilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan İnvestisiya Holdinqi:
3.1. Sərəncamın 1.4-cü və 1.5-ci bəndlərində nəzərdə tutulan layihələrin texniki-iqtisadi əsaslandırmalarını hazırlayıb Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin;
3.2. "Azərbaycan alüminiumu" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar mülki qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməsini təmin etsin;
3.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, "Azərbaycan alüminiumu" Açıq Səhmdar Cəmiyyətinin "Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına veriləcək aktivləri ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
6. Bu Sərəncamın 1-ci, 4-cü və 5-ci hissələrinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2.1-ci, 2.3-cü, 2.4-cü, 3.1-ci və 3.2-ci bəndlərinin icrası Sənaye və energetika şöbəsinə, 2.2-ci bəndinin icrası Xarici iqtisadi əlaqələr şöbəsinə, 2.5-ci və 3.3-cü bəndlərinin icrası İqtisadiyyat şöbəsinə həvalə edilsin.
7. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, " 7 " " aprel " 2026-cı il № 206s