1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Audiovizual Şurası və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 364-VIIQD nömrəli Qanununa (bundan sonra — Qanun) və "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 364-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 avqust tarixli 750 nömrəli Fərmanında dəyişiklik edilməsi, "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında" 2001-ci il 4 iyul tarixli 526 nömrəli Fərmanının ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 621 nömrəli Fərmanına (bundan sonra — Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Qanunun və Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna və Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.