AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ SƏRƏNCAM "Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026—2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 dekabr tarixli 860 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə "Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026—2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 dekabr tarixli 860 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 dekabr tarixli 860 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026—2030-cu illər üçün Dövlət Proqramı"nın (bundan sonra — Dövlət Proqramı) 8.2.1-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini 2027-ci il dekabrın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (bundan sonra — Mərkəz):
2.1. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə Vahid Elektron Hesabatlılıq Portalı çərçivəsində "Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026—2030-cu illər üçün Dövlət Proqramı"nın icrasının monitorinqi və hesabatlılıq modulu"nun (bundan sonra — Modul) formalaşdırılmasını 2 (iki) ay müddətində təmin etsin və növbəti ildən Dövlət Proqramının monitorinqini və qiymətləndirilməsini Modul üzərindən həyata keçirsin;
2.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərlə bağlı icraçı orqanlar (qurumlar), iqtisadi rayonlar, şəhər və rayonlar, icra müddətləri, eləcə də layihələrlə bağlı məlumatlar (Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"na uyğun olaraq informasiya sisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəy, informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilməsi, informasiya sisteminin, o cümlədən onun ehtiyat nüsxələrinin "Hökumət buludu"nda saxlanılması), habelə obyektlər üzrə məlumatlar (icra müddətləri, ərazi planlaşdırılması, tikintiyə icazə sənədi, texniki-iqtisadi əsaslandırma, tikinti layihəsi, şəhərsalma planına uyğunluq rəyi, smeta sənədləri, layihə konsepsiyası, ekspertiza rəyi, ətraf mühitə təsirlə bağlı dövlət ekoloji ekspertizasının rəyi, maliyyə vəsaitinin ayrılması, satınalma və müqavilələrin bağlanılması və s.) təsnifatlaşdırılmaqla, mövcud vəziyyət barədə informasiyaları təmin edən və hesabatlılığı mümkün edən müvafiq bölmələrin Modulda yaradılmasını təmin etsin;
2.3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları 2027-ci ildən başlayaraq ildə 1 (bir) dəfə, hər il aprelin 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.4. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətləndirilməsinin nəticəsi barədə məlumatları 2031-ci il iyunun 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.5. Modulun yaradılması və Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin və qiymətləndirilməsinin aparılması ilə bağlı xərclərin Mərkəzin növbəti illər üçün büdcəsində nəzərə alınması məqsədilə tədbirlər görsün.
3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə əsas icraçı orqanlar (qurumlar):
3.1. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin aidiyyəti üzrə icrası məqsədilə əsas və digər icraçı qurumların rəhbərlərinin müavinlərindən ibarət məsul şəxsləri və müvafiq struktur bölmənin rəhbərlərindən ibarət cavabdeh şəxsləri təyin edərək onlar barədə məlumatı 10 (on) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər;
3.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin nəticə indikatorları üzrə hədəf göstəriciləri də müəyyən edilməklə illər üzrə bölgüsünü 2 (iki) ay müddətində Mərkəz ilə razılaşdırılmış indikatorlar cədvəlinin nümunəvi formasına uyğun hazırlayaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim etsinlər;
3.3. Monitorinqin və qiymətləndirilmənin həyata keçirilməsi məqsədilə Mərkəzə təqdim edilməsi üçün Dövlət Proqramında nəzərdə tutulmuş layihələrin icrası ilə bağlı müvafiq məlumatların "Layihə idarəetməsi" moduluna rübdə bir dəfə, növbəti ayın 15-dək, tədbirlər üzrə ilin yekunları barədə məlumatların isə hər il fevralın 25-dək Modulda yerləşdirilməsini təmin etsinlər.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər üzrə layihələrin maliyyələşdirilməsi dövlət büdcəsində nəzərdə tutulduğu təqdirdə, onların ilkin ümumi dəyəri dövlət büdcəsində nəzərdə tutulmuş, ayrılmış, istifadə olunmuş və növbəti illərə tələb olunan vəsait barədə məlumatların hər rübdən sonrakı ayın 5-dək Modulda yerləşdirilməsini təmin etsinlər.
5. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi:
5.1. Dövlət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi məqsədilə Sərəncamın 3.1-ci bəndinə əsasən müəyyən edilmiş əsas və digər icraçı qurumların rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin təmsil olunduğu İşçi qrup formalaşdırsın;
5.2. ildə 1 (bir) dəfə Dövlət Proqramının icrasının monitorinq və qiymətləndirilmə hesabatının yaradılmış İşçi qrup daxilində müzakirəsini təşkil etsin.
6. Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinə həvalə edilsin.
7. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, " 21 " " yanvar " 2026-cı il № 41s