1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli qərarı ilə təsdiq edilmiş "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları icra edən müəssisələrə daxilolma Qaydası"nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (E. Nəsibov).
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün (L. Hüseynzadə).
4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.
Kollegiyanın sədri, Nazir III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədov
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 29 dekabr 2025-ci il tarixli 3-16/1-KQ/15/2025 nömrəli qərarı ilə təsdiq edilmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli qərarı ilə təsdiq edilmiş "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları icra edən müəssisələrə daxilolma Qaydası"nda edilmiş dəyişiklik:
1. 2.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
"2.1.1. Azərbaycan Respublikasının ədliyyə naziri, ədliyyə nazirinin müavinləri (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan MR-ın ədliyyə naziri və onun müavini), Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəhbər heyəti və işçiləri, Cəzaların icrasına nəzarət baş idarəsinin rəhbər heyəti və işçiləri, Tibb baş idarəsinin rəhbər heyəti və işçiləri, Penitensiar xidmətin rəis müavinləri, Xidmətin Strateji planlaşdırma və monitorinq idarəsinin rəisi, Əməliyyat-rejim idarəsinin rəisi və bu idarənin şöbə rəisləri maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən xidməti vəsiqələrini təqdim etməklə;".
2. Aşağıdakı məzmunda 2.1.1-1-ci yarımbənd əlavə edilsin:
"2.1.1-1. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən xidməti vəsiqələrini təqdim etməklə;".
3. 2.1.2-ci yarımbənddə "və Tibb baş idarəsinin digər aidiyyəti işçiləri - Ədliyyə Nazirliyi üzrə 29 iyun 2001-ci il tarixli 19-T nömrəli əmrlə təsdiq edilmiş nümunədə" sözləri "və tabeliyində olan qurumların digər işçiləri ədliyyə naziri tərəfindən səlahiyyət verilmiş ədliyyə nazirinin müavininin imzaladığı" sözləri ilə əvəz edilsin.
4. 2.4.1-ci yarımbənddə "2.1.1-ci və" sözləri "2.1.1-ci və 2.1.1-1-ci bəndlərində, habelə" sözləri ilə əvəz edilsin.
5. Qaydaya 1 və 1-1 nömrəli Əlavələr aşağıdakı redaksiyada verilsin:
Qaydaya əlavə 1 Müddətli buraxılış vərəqəsinin nümunəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi MÜDDƏTLİ BURAXILIŞ VƏRƏQƏSİ №_____ ("___" " ______________" 20___-ci ilədək etibarlıdır) Ədliyyə Nazirliyi___________________________________________________
(vəzifəsi) __________________________________________________________________ (adı, soyadı və atasının adı) Nazirliyin bütün cəzaçəkmə müəssisələrinə maneəsiz daxil ola bilər. Xidməti vəsiqə ilə birgə təqdim olunduqda etibarlıdır. Nazir müavini "____ _______________" M. Y. "____" "___________" 20___-ci il. Qaydaya əlavə 1-1 Müddətli buraxılış vərəqəsinin nümunəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi MÜDDƏTLİ BURAXILIŞ VƏRƏQƏSİ №_____ ("____" ____________ 20___ ilədək etibarlıdır) İctimai Şuranın üzvü _________________________________________________________________________ (soyadı, adı və atasının adı) _________________________________________________________________________ Nazirliyin bütün cəzaçəkmə müəssisələrinə daxil ola bilər. Şəxsiyyət vəsiqəsi ilə birgə təqdim olunduqda etibarlıdır. Nazir M. Y. "___" ____________ 20____ il