Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 18 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Su Məcəlləsinin 34-cü maddəsinin birinci hissəsinin ikinci cümləsinə uyğun olaraq su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin (bundan sonra — icazə) verilməsi ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir.
1.2. Bu Qaydanın müddəaları su servitutlarından və su obyektlərindən fiziki şəxslərin öz ehtiyaclarını təmin etmək üçün istifadəsinə şamil edilmir.
1.3. Torpaq sahibləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizontda quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Bu zaman torpaq sahiblərinin icazə alması tələb olunmur.
1.4. Su obyektləri xüsusi məqsədlər üçün istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilir. İcazənin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumu tutulur.
1.5. İcazə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (bundan sonra — Agentlik) tərəfindən verilir.
2. İcazənin alınması üçün müraciət
2.1. İcazənin alınması üçün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra — ərizəçi) "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq Agentliyə ərizə ilə müraciət edirlər.
2.2. Ərizəyə aşağıdakı sənədlər və məlumatlar əlavə edilir:
2.2.1. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyi olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
2.2.2. ərizəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda şəxsiyyət vəsiqəsinin surəti;
2.2.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
2.2.4. xüsusi məqsədlər üçün su götürülən və ya tullantı suların axıdılacağı su obyektinin adı, yerləşdiyi ərazi və coğrafi koordinatları (şimal en dairəsi və şərq uzunluq dairəsi) barədə məlumatlar;
2.2.5. ərizəçinin su obyektindən istifadəsinin xüsusi məqsədi barədə aşağıdakı sənədlər:
2.2.5.1. ərizəçi su obyektlərindən faydalı qazıntıların hasil edilməsi, geoloji kəşfiyyat və qazma işlərinin aparılması, yeraltı qurğuların tikintisi və dövlət ekoloji ekspertizasına aid olan fəaliyyət növləri ilə məşğul olmaq məqsədilə istifadə üçün müraciət etdikdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi (razılığı);
2.2.5.2. ərizəçi su obyektlərindən balıqçılıq, o cümlədən akvakultura məqsədilə istifadə üçün müraciət etdikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəyi (razılığı);
2.2.5.3. ərizəçi su obyektlərindən müalicə, kurort və sağlamlaşdırma məqsədilə istifadə üçün müraciət etdikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi (razılığı);
2.2.5.4. ərizəçi su obyektlərindən kiçikhəcmli gəmilərin hərəkəti məqsədilə istifadə üçün müraciət etdikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi (razılığı);
2.2.5.5. ərizəçi su obyektlərindən energetika məqsədilə istifadə üçün müraciət etdikdə Azərbaycan Respublikası Energetika Nazirliyinin rəyi (razılığı);
2.2.6. ərizəçinin su obyektindən xüsusi məqsədlər üçün su götürülməsində tətbiq edəcəyi texniki qurğu və avadanlığın texniki xüsusiyyətləri (o cümlədən sugötürmə və suburaxma qabiliyyəti, kubmetr/saniyə) barədə məlumat;
2.2.7. ərizəçinin suya tələbatı (min kubmetr/il, min kubmetr/ay, kubmetr/saniyə) və ya istifadə edəcəyi su akvatoriyasının sahəsi (m², ha) barədə proqnoz məlumatı;
2.2.8. xüsusi məqsədlər üçün istifadənin növündən asılı olaraq sutəmizləyici qurğuların gücü və təmizləmə parametrləri;
2.2.9. xüsusi məqsədlər üçün istifadənin növündən asılı olaraq buraxıla bilən axıntı həddi barədə məlumat;
2.2.10. ərizəçinin adından onun etibarnamə üzrə nümayəndəsi müraciət etdikdə həmin şəxsə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən verilən notariat qaydasında təsdiq edilmiş etibarnamə və ya hüquqi şəxsin verdiyi etibarnamə (hansı səlahiyyətlərlə bağlı verildiyi dəqiq göstərilməklə);
2.2.11. sudan istifadəyə dair sonuncu dəfə təqdim olunmuş statistika hesabatının surəti (ilk dəfə müraciət edənlər istisna olmaqla).
2.3. Bu Qaydanın 2.2-ci bəndində qeyd olunan sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
3. İcazənin verilməsi
3.1. Ərizə Agentlik tərəfindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır.
3.2. Agentlik ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin və məlumatların bu Qaydanın 2-ci və 3-cü hissələrinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə və məlumatlarda aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq, Agentlik onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi
vasitəsilə göndərərək, formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir.
3.3. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman icazənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət icazənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
3.4. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə və məlumatlarda aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 3.3-cü bəndində qeyd olunan müddətdə aradan qaldırmadıqda Agentlik ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 3 (üç) iş günü müddətində ərizəçiyə təqdim edir.
3.5. Agentlik su obyektinin təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərdə və məlumatlarda göstərilənlərə uyğunluğunu yerində qiymətləndirir.
3.6. Agentlik təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə və məlumatlara baxılmanın nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq bu Qaydanın əlavəsində müəyyən edilmiş formaya uyğun olaraq icazəni verir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş formaya uyğun olaraq müqavilə bağlayır və ya icazənin verilməsindən imtina haqqında qərar qəbul edir.
3.7. Agentlik icazənin verilməsi üçün "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 18.70-ci maddəsi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəmək vəzifəsi barədə 2 (iki) iş günü müddətində ərizəçiyə yazılı formada məlumat verir. Ərizəçi tərəfindən məlumat alındığı tarixdən 5 (beş) iş günü müddətində icazənin verilməsi üçün dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd Agentliyə təqdim edilir.
3.8. Ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra icazə 2 (iki) iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qaydanın 3.7-ci bəndində nəzərdə tutulan müddətdə təqdim edilmədikdə Agentlik tərəfindən icazə ləğv edilir və bu barədə məlumat 2 (iki) iş günü müddətində ərizəçiyə göndərilir.
3.9. İcazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:
3.9.1. bu Qaydanın 2.2-ci bəndində qeyd olunan sənədlər və məlumatlar təqdim edilmədikdə (bu Qaydanın 2.3-cü bəndinin tələbləri nəzərə alınmaqla);
3.9.2. su obyektinin növü və ehtiyat potensialı onun ərizədə göstərilən xüsusi məqsədlər üçün istifadəsinə imkan vermədikdə;
3.9.3. su obyektindən istifadənin məqsədi su qanunvericiliyi ilə müəyyən edilmiş sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartlara, normalara və qaydalara zidd olduqda;
3.9.4. tullantı suların su obyektlərinə axıdılmasına görə həmin suların zərərli təsirinin qarşısını alan qurğular və avadanlıq mövcud olmadıqda.
3.10. İcazənin verilməsindən imtina edilməsi haqqında qərar imtinanın səbəbləri göstərilməklə əsaslandırılmalıdır.
3.11. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra icazənin alınması üçün təkrar ərizə ilə Agentliyə müraciət edə bilər.
3.12. İcazə, su obyektlərindən xüsusi istifadənin məqsədindən, su obyektlərinin ehtiyat potensialından və ekoloji vəziyyətindən asılı olaraq, Azərbaycan Respublikası Su Məcəlləsinin 32-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə verilir.
3.13. İcazə Agentliyin rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
3.14. İcazənin, onun dublikatının verilməsi, icazənin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi ilə bağlı inzibati icraat "İnzibati icraat haqqında", "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarına və bu Qaydaya uyğun olaraq həyata keçirilir.
3.15. İcazə ərizəçini "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanunu və həmin Qanunun 4.1-ci maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş müvafiq icazələrin alınması öhdəliyindən azad etmir.
4. İcazənin qüvvədəolma qaydaları və ona nəzarət
4.1. İcazənin sahibi Azərbaycan Respublikası Su Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə riayət etməlidir.
4.2. İcazənin və sudan xüsusi məqsədlər üçün istifadə müqaviləsinin şərtlərinə riayət olunmasına nəzarəti Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (bundan sonra — Xidmət) həyata keçirir.
4.3. Xidmət aşağıdakılara nəzarət edir:
4.3.1. icazədə göstərilən hərəkətin həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktların tələblərinin, icazə qaydalarının və müqavilə şərtlərinin icazə sahibi tərəfindən yerinə yetirilməsinə nəzarət etmək;
4.3.2. yoxlama zamanı ortaya çıxan suallara dair icazə sahibindən məlumatlar və sənədlər, o cümlədən arayışlar almaq;
4.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;
4.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə icazənin sahibinə xəbərdarlıq etmək və ya yazılı bildiriş təqdim etmək;
4.3.5. icazənin dayandırılması və ya ləğv edilməsi barədə Agentliyə təklif vermək.
4.4. İcazənin sahibi aparılan yoxlama zamanı Xidmətin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa mane olmamalı, yoxlama aparılması üçün şərait yaratmalı və tələb olunan sənədləri və məlumatları təqdim etməlidir. Xidmətin nümayəndəsi xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlama aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat təqdim etmədikdə, icazə sahibi onu yoxlamaya buraxmaqdan imtina edə bilər.
4.5. Yoxlamanın təşkili, aparılması, nəticəsinin rəsmiləşdirilməsi və bununla bağlı digər məsələlər "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.
"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"na Əlavə SU OBYEKTLƏRİNDƏN XÜSUSİ MƏQSƏDLƏR ÜÇÜN İSTİFADƏYƏ İCAZƏNİN FORMASI "_____" __________ 20______ il № _____________ ______________________________________________________________________ (icazə verən orqanın adı) ______________________________________________________________________ (icazə verən orqanın ünvanı) ______________________________________________________________________ (su obyektinin adı, yerləşdiyi ərazi və koordinatları) ____________________________________________________________________________________ ____________________________________________________________________________________ _____________________________________________________ istifadəyə icazə verir. (istifadənin növü göstərilir) İcazə verilmişdir _________________________________________________________
______________________________________________________________________ _____________________________________________________________________ (hüquqi şəxsin adı və ünvanı, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin soyadı, adı, atasının adı və fəaliyyət ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) İcazənin müddəti ______________ ______________ (başlama tarixi — gün, ay, il) (bitmə tarixi — gün, ay, il) İcazəni verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs _________________________________ (vəzifəsi, soyadı və adı) ____________________ (imzası) M. Y.