1. Ümumi müddəalar
1.1. Bu Qayda "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 4-1.3-cü maddəsinin icrası məqsədilə hazırlanmışdır və Keyfiyyət informasiya sistemindən (bundan sonra — Sistem) istifadə üçün Qanunun 4-1.3-cü maddəsinə uyğun olaraq ödənilən istifadə haqqının (bundan sonra — büdcədənkənar vəsait) məbləği, ödənilməsi və ondan istifadə qaydasını müəyyən edir.
1.2. Büdcədənkənar vəsait Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin (bundan sonra — Agentlik) sərəncamındadır və onun istifadəçisi (sərəncamçısı) dəyişdirilə bilməz.
2. Sistemdən istifadə üçün ödənilən istifadə haqqının məbləği
2.1. Qanunun 4-1.1-ci maddəsinə uyğun olaraq Sistemdən istifadə etmək üçün istifadəçilər tərəfindən aşağıda qeyd olunan xidmətlər üzrə hər müraciətə görə aşağıda qeyd olunan məbləğlərdə istifadə haqqı ödənilir: Sıra №-si İstifadə növü Məbləğ (manatla) 1 2 3 2.1.1. Texniki reqlamentlə əhatə olunan malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq sertifikatlarının elektron formada yaradılması
2.1.2. Orta riskli mallar üçün uyğunluğu qiymətləndirən qurum tərəfindən uyğunluğun təsdiqi barədə təsdiqedici sənədin elektron formada yaradılması
2.1.3. Texniki reqlamentlə əhatə olunan malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq bəyannamələrinin elektron formada yaradılması ödənişsiz
2.1.4. Malın (xidmətin, işin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun və işçi heyətin müvafiq standartlaşdırma sahəsində normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq sertifikatlarının elektron formada yaradılması
2.1.5. Xarici mənşəli uyğunluq sənədlərinin tanınması barədə qərarların elektron formada yaradılması 20 2.1.6. İnspeksiya orqanının rəyinin elektron formada yaradılması 50 2.1.7. Sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq) nəticələrinə dair sənədlərin elektron formada yaradılması 1 2.1.8. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamələrin elektron formada yaradılması ödənişsiz 2.1.9. Ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələrin elektron formada yaradılması 1 2.1.10. Ölçmə vasitələrinin kalibrlənməsi haqqında sertifikatların (kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin nəticələrinə dair kalibrlənmə haqqında sertifikatlar istisna olmaqla) elektron formada yaradılması 1.50 2.1.11. Yararsızlıq haqqında bildirişlərin yaradılması ödənişsiz
2.2. Bu Qaydanın 2.1-ci bəndində qeyd edilən xidmətlər üzrə müraciət edən və imtina alan şəxslər təkrar eyni predmet üzrə eyni növ müraciət etdikdə ondan ikinci dəfə istifadə haqqının ödənilməsi tələb olunmur.
2.3. İstifadəçilər tərəfindən Sistem vasitəsilə məlumatların alınması ödənişsiz qaydada həyata keçirilir.
3. İstifadə haqqının ödənilməsi
3.1. İstifadəçilər tərəfindən istifadə haqqının ödənilməsi aşağıdakı qaydada aparılır:
3.1.1. istifadəçi təkmil sertifikatlı gücləndirilmiş elektron imza vasitəsilə sistemdən istifadə şərtlərini qəbul edərək Elektron Hökumət İnformasiya üzərindən Sistemə daxil olur;
3.1.2. istifadəçi bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən xidmətlərdən istifadəyə görə müvafiq istifadə haqqını Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabineti üzərindən ödəniş xidməti təchizatçıları vasitəsilə ödəyir.
3.1.3. bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən xidmətlərdən istifadə etdikdən sonra həmin xidmətlərə görə istifadə haqqı istifadəçinin hesabından elektron ödəniş sistemində yaradılmış müvəqqəti hesaba daxil olur və bu barədə ona Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabineti vasitəsilə bildiriş göndərilir.
3.2. Elektron ödəniş sistemində yaradılmış müvəqqəti hesab üzrə yığılmış vəsait iş gününün sonunda Agentliyin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində açılmış müvafiq xəzinə hesabına köçürülür.
4. Büdcədənkənar vəsaitin formalaşdırılması, gəlir və xərclər smetasının təsdiq edilməsi
4.1. Büdcədənkənar vəsait Sistemdən istifadə haqlarından daxil olan vəsait hesabına formalaşdırılır.
4.2. Büdcədənkənar vəsaitin yığılması və istifadəsi gəlirlər və xərclər smetasına uyğun olaraq həyata keçirilir. Gəlirlər və xərclər smetası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə"yə (bundan sonra — Əsasnamə) uyğun olaraq hazırlanır və təsdiq edilir.
5. Büdcədənkənar vəsaitin bölgüsü və ondan istifadə istiqamətləri
5.1. Büdcədənkənar vəsaitin 50 faizi Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətinin təkmilləşdirilməsi, 50 faizi Sistemin istismarı, təkmilləşdirilməsi, saxlanılması və bu Qaydanın 5.2-ci və 5.3-cü bəndlərində nəzərdə tutulmuş məqsədlər üçün ayrılır.
5.2. Büdcədənkənar vəsaitin Agentliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:
5.2.1. işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması;
5.2.2. işçilərə maddi yardım göstərilməsi.
5.3. Büdcədənkənar vəsaitin Agentliyin maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:
5.3.1. malların (işlərin və xidmətlərin) alınması;
5.3.2. qeyri-maliyyə aktivlərinin alınması;
5.3.3. maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində digər xərclər.
5.4. Bu Qaydanın 5.3-cü bəndində nəzərdə tutulmuş vəsaitin istifadəsi "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
6. İşçilərin mükafatlandırılması
6.1. İşçilərin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
6.1.1. işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
6.1.2. mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi;
6.1.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş bayram günləri, habelə digər əlamətdar hadisələrlə əlaqədar.
6.2. İşçilərin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
6.2.1. vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə kömək göstərilməsi;
6.2.2. rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
6.2.3. normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənmə.
6.3. İşçi xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayramlar və yubileylər zamanı Agentliyin rəhbəri tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilər.
6.4. İşçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması və maddi yardım göstərilməsi Agentliyin sədr müavininin təqdimatı əsasında Agentliyin sədrinin əmri (qərarı) ilə rəsmiləşdirilir.
7. Büdcədənkənar vəsaitin istifadəsinə nəzarət
7.1. Büdcədənkənar vəsaitin istifadəsinə nəzarət öz səlahiyyətləri daxilində Agentlik və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
7.2. Büdcədənkənar vəsait üzrə gəlirlər və xərclər smetasının icrası barədə hesabat Əsasnaməyə uyğun olaraq Agentlik tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.
8. Yekun müddəalar
8.1. Bu Qaydaya əsasən işçilərə ödənilən vəsaitdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, "Sosial sığorta haqqında", "İşsizlikdən sığorta haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tutulur.
8.2. Büdcədənkənar vəsaitdən təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
8.3. Büdcədənkənar vəsaitin istifadə olunması ilə bağlı digər məsələlər Əsasnaməyə uyğun olaraq həyata keçirilir.