QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

“Uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 28 Nov 2025

Aktın mətni

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 27 " noyabr tarixli 349 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları

1. Ümumi müddəalar

1.1. Bu Sənəd "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.3-cü maddəsinə uyğun olaraq uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısını və həmin sxemlərin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurlarını müəyyən edir.

1.2. Bu Sənəddə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. uyğunluğun qiymətləndirilməsi - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentin tələblərinə uyğunluğunun müəyyən edilməsi prosesi;

1.2.2. uyğunluğun qiymətləndirilməsi prosedurları - texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin yerinə yetirildiyini müəyyən etmək üçün istifadə olunan müvafiq prosedurlar;

1.2.3. uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) - uyğunluğun qiymətləndirilməsi üçün nəzərdə tutulan prosedurlar və onların ardıcıllığı;

1.2.4. istehsal obyektinə baxış - dövriyyəyə buraxılan sertifikatlaşdırılmış malların texniki reqlamentlərə uyğunluğunun sabitliyini təmin etmək məqsədilə istehsalçının zəruri şəraitə malik olduğunu müəyyən etmək üçün malın sertifikatlaşdırılmasını aparan qurum tərəfindən həyata keçirilən tədbirlər məcmusundan ibarət uyğunluğun qiymətləndirilməsi proseduru;

1.2.5. akkreditasiya edilmiş sınaq laboratoriyaları - "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiya edilmiş malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlərlə müəyyən olunmuş göstəricilərə uyğunluğunun təyin edilməsi üzrə texniki əməliyyatları həyata keçirən sınaq laboratoriyaları;

1.2.6. istehsalçının sınaq laboratoriyası - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlərlə müəyyən olunmuş göstəricilərə uyğunluğunun təyin edilməsi üzrə texniki əməliyyatları həyata keçirən istehsalçıya məxsus sınaq laboratoriyaları;

1.2.7. sertifikatlaşdırılmış idarəetmə sistemi - idarəetmə sisteminin sertifikatlaşdırılmasını aparan və uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müvafiq

standartla müəyyən olunmuş tələblərə uyğunluğu kağız üzərində yazılı və ya elektron formada təsdiq edilən idarəetmə sistemi;

1.2.8. mal vahidi - malın vahid nümunəsi;

1.2.9. mal partiyası - istehsalçısı, etiketlənməsi, istehsal tarixi, istehsal növbəsi, istifadə olunan xammalı eyni olan eynixassəli malların məcmusu;

1.2.10. seriyalı istehsal olunan mallar - vahid texnoloji prosesdən istifadə etməklə eyni sənədlərə uyğun istehsal olunan və mal vahidlərinin və ya vaxtaşırı təkrarlanan mal partiyalarının ardıcıl seriyası şəklində dövriyyəyə buraxılan mallar;

1.2.11. malı müşayiət edən sənədlər - malın nomenklaturasını və miqdarını müəyyən edən sənədlər;

1.2.12. malın tipi - təyinatı və adı eyni olan, eyni texniki sənədlərə əsasən istehsal edilmiş və eyni tələblərə cavab verən eynicinsli məhsulların cəmi.

1.3. Bu Sənəddə istifadə olunan digər anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

1.4. Uyğunluğun qiymətləndirilməsi uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) və onların ətraflı müddəalarını ehtiva edən prosedurlar (bundan sonra — sxemlər və prosedurlar) əsasında həyata keçirilir.

1.5. Sxemlər və prosedurlar Azərbaycan Respublikasında istehsal olunan, həmçinin Azərbaycan Respublikasına idxal olunan mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına tətbiq edilir.

1.6. Təsərrüfat subyektinə sərbəst seçim imkanı vermək məqsədilə texniki reqlamentlərdə mal, onunla əlaqəli proses və istehsal metodu üçün bir neçə uyğunluğun qiymətləndirilməsi sxemi göstərilir.

1.7. Mallar, onlarla əlaqəli proseslər və istehsal metodlarının xüsusiyyətləri nəzərə alınaraq texniki reqlamentlərdə uyğunluğun qiymətləndirilməsi üçün bu Sənəddə nəzərdə tutulan sxem və prosedurlarla yanaşı fərqli sxem və prosedurlar müəyyən edilə bilər.

1.8. Sxemlər və prosedurlar layihələndirilmə, quraşdırılma da daxil olmaqla malların istehsalı mərhələsində tətbiq oluna bilər.

1.9. Sxemlər və prosedurlar seriyalı istehsal olunan mallara münasibətdə istehsalçılara, mal partiyaları və ya mal vahidlərinə münasibətdə istehsalçılara, idxalatçılara və (və ya) ticarət nümayəndələrinə şamil olunur.

2. Sertifikatlaşdırma sxemlərinin (modullarının) ümumi siyahısı

2.1. Sertifikatlaşdırma sxemi 1s bu Sənədin 3.1.1—3.1.3-cü, 3.1.6—3.1.9-cu yarımbəndlərində nəzərdə tutulan prosedurlara uyğun olaraq seriyalı istehsal olunan mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına tətbiq edilir.

2.2. Sertifikatlaşdırma sxemi 2s bu Sənədin 3.1.1—3.1.3-cü, 3.1.7—3.1.9-cu yarımbəndlərində nəzərdə tutulan prosedurlara uyğun olaraq istehsalçı sertifikatlaşdırılmış idarəetmə sisteminə malik olduğu hallarda seriyalı istehsal olunan mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına tətbiq edilir.

2.3. Sertifikatlaşdırma sxemi 3s bu Sənədin 3.1.1—3.1.3-cü və 3.1.7-ci yarımbəndlərində nəzərdə tutulan prosedurlara uyğun olaraq mal partiyalarına, onlarla əlaqəli proseslərə və istehsal metodlarına tətbiq edilir.

2.4. Sertifikatlaşdırma sxemi 4s bu Sənədin 3.1.1—3.1.3-cü və 3.1.7-ci yarımbəndlərində nəzərdə tutulan prosedurlara uyğun olaraq mal vahidinə, onunla əlaqəli proseslərə və istehsal metodlarına o halda tətbiq olunur ki, müayinələrin, tədqiqlərin və ya sınaqların aparılması onun təyinatı üzrə istifadəsinə zərər vurmasın.

2.5. Sertifikatlaşdırma sxemi 5s bu Sənədin 3.1.4-cü və 3.1.6—3.1.9-cu yarımbəndlərində nəzərdə tutulan prosedurlara uyğun olaraq seriyalı istehsal olunan mallara, onunla əlaqəli proseslərə və istehsal metodlarına yalnız o halda tətbiq edilir ki, hazır malların müayinəsi, tədqiqlərinin və ya sınaqlarının aparılması yolu ilə texniki reqlamentlərin tələblərinə uyğunluğunu tam şəkildə təsdiqləmək mümkünsüz və ya mürəkkəb hesab olunsun.

2.6. Sertifikatlaşdırma sxemi 6s bu Sənədin 3.1.4-cü və 3.1.7—3.1.9-cu yarımbəndlərində nəzərdə tutulan prosedurlara uyğun olaraq hazır malların müayinəsi, tədqiqlərinin və ya sınaqlarının aparılması yolu ilə texniki reqlamentlərin tələblərinə uyğunluğunu tam şəkildə təsdiqləmək mümkünsüz və ya mürəkkəb olduğu, habelə istehsalçı sertifikatlaşdırılmış idarəetmə sisteminə malik olduğu hallarda seriyalı istehsal olunan mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına tətbiq edilir.

2.7. Sertifikatlaşdırma sxemi 7s bu Sənədin 3.1.5—3.1.9-cu yarımbəndlərində nəzərdə tutulan prosedurlara uyğun olaraq malın modifikasiyasının dövriyyəyə buraxılması planlaşdırıldığı hallarda seriyalı istehsal olunan mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına tətbiq edilir.

2.8. Sertifikatlaşdırma sxemi 8s bu Sənədin 3.1.5-ci və 3.1.7—3.1.9-cu yarımbəndlərində nəzərdə tutulan prosedurlara uyğun olaraq malın modifikasiyasının dövriyyəyə buraxılması planlaşdırıldığı, habelə istehsalçı sertifikatlaşdırılmış idarəetmə sisteminə malik olduğu hallarda seriyalı istehsal olunan mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına tətbiq edilir.

2.9. Sertifikatlaşdırma sxemi 9s bu Sənədin 3.1.7-ci yarımbəndində nəzərdə tutulan prosedura uyğun olaraq təsərrüfat subyekti tərəfindən təqdim edilən texniki sənədlərin (konstruktor, texnoloji, layihə) və qanunvericiliyə uyğun olaraq təqdim edilən digər sənədlərin təhlili əsasında sənaye təyinatlı texnoloji mal vahidinə, onunla əlaqəli proseslərə və istehsal metodlarına tətbiq edilir.

3. Sertifikatlaşdırma sxemlərinin (modullarının) ətraflı müddəalarını ehtiva edən prosedurlar

3.1. Sertifikatlaşdırma sxemləri ardıcıl həyata keçirilən aşağıdakı prosedurları əhatə edir:

3.1.1. bu Sənədin 6-cı hissəsinə uyğun olaraq malın sertifikatlaşdırılmasını aparan qurumlar tərəfindən mal nümunələrinin müayinəsi, tədqiqlərinin (sınağının) aparılması üçün eyniləşdirmənin həyata keçirilməsi və (və ya) mal nümunələrinin götürülməsi;

3.1.2. malın sertifikatlaşdırılmasını aparan qurumlar tərəfindən müayinə, tədqiqlər və ya sınaqlar aparmaq üçün akkreditasiya edilmiş sınaq laboratoriyasının cəlb olunması;

3.1.3. bu Sənədin 6-cı hissəsinə uyğun olaraq akkreditasiya edilmiş sınaq laboratoriyası tərəfindən malların seçilmiş nümunələrinin müayinəsinin, tədqiqlərinin və ya sınaqlarının aparılması;

3.1.4. bu Sənədin 7-ci hissəsinə uyğun olaraq malın sertifikatlaşdırılmasını aparan qurumlar tərəfindən mal layihəsinin tədqiqinin aparılması;

3.1.5. bu Sənədin 8-ci hissəsinə uyğun olaraq malın sertifikatlaşdırılmasını aparan qurumlar tərəfindən malların tip tədqiqinin aparılması;

3.1.6. bu Sənədin 9-cu hissəsinə uyğun olaraq malın sertifikatlaşdırılmasını aparan qurumlar tərəfindən istehsal obyektinə baxışın həyata keçirilməsi;

3.1.7. bu Sənədin 10-cu hissəsinə uyğun olaraq malın sertifikatlaşdırılmasını aparan qurumlar və təsərrüfat subyekti tərəfindən uyğunluğun qiymətləndirilməsi ilə bağlı texniki sənədlərin, uyğunluq sertifikatının formalaşdırılması və saxlanması;

3.1.8. bu Sənədin 11-ci hissəsinə uyğun olaraq malın sertifikatlaşdırılmasını aparan qurumlar tərəfindən malın, onunla əlaqəli prosesin və istehsal metodunun istismar xüsusiyyətlərində edilmiş dəyişikliklərin qiymətləndirilməsi;

3.1.9. bu Sənədin 12-ci hissəsinə uyğun olaraq malın sertifikatlaşdırılmasını aparan qurumlar tərəfindən sertifikatlaşdırılmış malların dövri qiymətləndirilməsinin həyata keçirilməsi.

3.2. İstehsalçı seriyalı istehsal olunan yüksək riskli malların, onunla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlərin tələblərinə uyğunluğunu təmin etmək üçün sertifikatlaşdırılmış idarəetmə sisteminin (olduqda) və istehsal şərtlərinin dayanıqlılığını təmin etməlidir.

3.3. Sertifikatlaşdırma sxemləri üzrə uyğunluğun qiymətləndirilməsi prosedurlarının icrası zamanı malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müayinəsinə, tədqiqlərinə və ya sınaqlarına, mal layihəsi və tipinin tədqiqinə, ixracatçı dövlətlərin istehsalçılarına məxsus obyektlərə baxışın keçirilməsinə, malların dövri qiymətləndirilməsinin həyata keçirilməsinə sərf olunan müddət tərəflərin öz razılaşmaları əsasında müəyyən edilir.

4. Uyğunluq bəyannaməsi sxemlərinin (modullarının) ümumi siyahısı

4.1. Bəyannamə sxemi 1b bu Sənədin 5.1.1—5.1.3-cü və 5.1.5-ci yarımbəndlərində nəzərdə tutulan prosedurlara uyğun olaraq istehsalçı tərəfindən texniki reqlamentlərin tələblərinə uyğunluğu bəyan edilən seriyalı istehsal olunan mallara, onunla əlaqəli proseslərə və istehsal metodlarına tətbiq edilir.

4.2. Bəyannamə sxemi 2b bu Sənədin 5.1.1—5.1.3-cü və 5.1.5-ci yarımbəndlərində nəzərdə tutulan prosedurlara uyğun olaraq təsərrüfat subyekti tərəfindən texniki reqlamentlərin tələblərinə uyğunluğu bəyan edilən mal partiyasına və ya mal vahidinə, onunla əlaqəli proseslərə və istehsal metodlarına tətbiq edilir.

4.3. Bəyannamə sxemi 3b bu Sənədin 5.1.1—5.1.3-cü və 5.1.5-ci yarımbəndlərində nəzərdə tutulan prosedurlara uyğun olaraq akkreditasiya edilmiş sınaq laboratoriyası cəlb

olunmaqla istehsalçı tərəfindən texniki reqlamentlərin tələblərinə uyğunluğu bəyan edilən seriyalı istehsal olunan mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına tətbiq edilir.

4.4. Bəyannamə sxemi 4b bu Sənədin 5.1.1—5.1.3-cü və 5.1.5-ci yarımbəndlərində nəzərdə tutulan prosedurlara uyğun olaraq akkreditasiya edilmiş sınaq laboratoriyası cəlb olunmaqla təsərrüfat subyekti tərəfindən texniki reqlamentlərin tələblərinə uyğunluğu bəyan edilən mal partiyasına və ya mal vahidinə, onunla əlaqəli proseslərə və istehsal metodlarına tətbiq edilir.

4.5. Bəyannamə sxemi 5b bu Sənədin 5.1.4-cü və 5.1.5-ci yarımbəndlərində nəzərdə tutulan prosedurlara uyğun olaraq malın modifikasiyasının dövriyyəyə buraxılması planlaşdırıldığı hallarda, malın sertifikatlaşdırılmasını aparan qurum və akkreditasiya edilmiş sınaq laboratoriyası (zəruri olduqda) cəlb edilməklə istehsalçı tərəfindən texniki reqlamentlərin tələblərinə uyğunluğu bəyan edilən seriyalı istehsal olunan mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına tətbiq edilir.

4.6. Bəyannamə sxemi 6b bu Sənədin 5.1.1—5.1.3-cü və 5.1.5-ci yarımbəndlərində nəzərdə tutulan prosedurlara uyğun olaraq istehsalçı sertifikatlaşdırılmış idarəetmə sisteminə malik olduğu hallarda, idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aparan qurum və akkreditasiya edilmiş sınaq laboratoriyası cəlb edilməklə istehsalçı tərəfindən texniki reqlamentlərin tələblərinə uyğunluğu bəyan edilən seriyalı istehsal olunan mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına tətbiq edilir.

5. Uyğunluq bəyannamə sxemlərinin (modullarının) ətraflı müddəalarını ehtiva edən prosedurlar

5.1. Bəyannamə sxemləri ardıcıl həyata keçirilən aşağıdakı prosedurları əhatə edir:

5.1.1. təsərrüfat subyekti tərəfindən uyğunluq bəyannaməsi sxeminin seçilməsi;

5.1.2. bu Sənədin 6-cı hissəsinə uyğun olaraq malların eyniləşdirilməsi və (və ya) mal nümunələrinin götürülməsi;

5.1.3. bu Sənədin 6-cı hissəsinə uyğun olaraq təsərrüfat subyektinin sərbəst seçdiyi akkreditasiya edilmiş sınaq laboratoriyasında və ya istehsalçının sınaq laboratoriyasında (texniki reqlamentdə başqa hal nəzərdə tutulmadıqda) malların tədqiqinin və ya sınaqlarının və müayinələrinin aparılması;

5.1.4. bu Sənədin 8-ci hissəsinə uyğun olaraq malın sertifikatlaşdırılmasını aparan qurumlar tərəfindən malların tip tədqiqinin aparılması;

5.1.5. bu Sənədin 10-cu hissəsinə uyğun olaraq uyğunluq bəyannaməsi tərtib edildikdən sonra, təsərrüfat subyekti tərəfindən uyğunluğun qiymətləndirilməsi ilə bağlı texniki sənədlərin, habelə uyğunluq bəyannaməsinin formalaşdırılması və saxlanması.

5.2. 6b sxemi üzrə istehsalçının sertifikatlaşdırılmış idarəetmə sistemi olmadıqda və ya sertifikatın qüvvəsi dayandırıldıqda və ya ləğv edildikdə, istehsalçı uyğunluq bəyannaməsini tərtib edə bilməz.

5.3. İstehsalçı seriyalı istehsal olunan riskli malların, onunla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlərin tələblərinə uyğunluğunu təmin etmək

üçün sertifikatlaşdırılmış idarəetmə sisteminin (olduqda) və istehsal şərtlərinin dayanıqlılığını təmin etməlidir.

5.4. 1b və 2b sxemləri üzrə seçilmiş mal nümunələrinin tədqiqi və ya sınağı və müayinəsi təsərrüfat subyektinin sərbəst seçdiyi akkreditasiya edilmiş sınaq laboratoriyasında və ya istehsalçının sınaq laboratoriyasında, 3b, 4b və 6b sxemləri üzrə seçilmiş mal nümunələrinin tədqiqi və ya sınağı və müayinəsi akkreditasiya edilmiş sınaq laboratoriyasında həyata keçirilir.

5.5. Bəyannamə sxemləri üzrə uyğunluğun qiymətləndirilməsi prosedurlarının icrası zamanı malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müayinəsinə, tədqiqinə və ya sınaqlarına, mal tipinin tədqiqinə sərf olunan müddət tərəflərin öz razılaşmaları əsasında müəyyən edilir.

6. Mallardan nümunələrin götürülməsi, malın eyniləşdirilməsi, tədqiqinin və ya sınağının və müayinələrinin aparılması

6.1. Malların texniki reqlamentlərin tələblərinə uyğunluğu qiymətləndirilərkən onların tədqiqini və ya sınağını və müayinəsini aparmaq məqsədilə uyğunluğu qiymətləndirilən mallardan nümunələr götürülür.

6.2. Malların tədqiqi və ya sınağı məqsədilə seçmə üsulu ilə mal nümunələrinin götürülməsi mal nümunələrinin götürülməsi qaydaları, tədqiqatların (sınaqların) və müayinələrin aparılması qayda və metodlarını müəyyən edən müvafiq texniki reqlamentin əsas tələblərinin yerinə yetirilməsini təmin edən istinad standartları ilə müəyyən olunur. İdxal olunan mallardan nümunələrin götürülməsi zamanı Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 158-ci maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir.

6.3. Malların seçilmiş nümunələri istismar xüsusiyyətlərinə görə satış üçün nəzərdə tutulmuş mallarla eyni olmalıdır.

6.4. Malların seçilmiş nümunələri malların qalan hissəsindən təcrid olunur, onların götürüldüyü yerdə qablaşdırılır və möhürlənir. Uyğunluğun qiymətləndirilməsi məqsədilə zəruri miqdarda idxal edilən mal nümunələri üçün uyğunluğu təsdiq edən sənədlər tələb olunmur.

6.5. Mallardan nümunələrin götürülməsi həyata keçirilir:

6.5.1. seriyalı istehsal olunan mallar üçün - istehsalçının hazır mal anbarında, nəqliyyat vasitəsinin konteynerində və ya hazır malların istehsal xəttində;

6.5.2. mal partiyası üçün - partiyanın yerləşdiyi yerdə (istehsalçının hazır mal anbarında), nəqliyyat vasitəsinin konteynerində və ya hazır malların istehsal xəttində;

6.5.3. mal vahidi üçün - mal vahidinin yerləşdiyi yerdə (və ya təsərrüfat subyekti tərəfindən təqdim olunur).

6.6. Texniki reqlamentdə başqa hal müəyyən edilmədikdə, uyğunluq bəyannaməsi sxemindən asılı olaraq mallardan nümunələrin götürülməsi və eyniləşdirmə təsərrüfat subyekti, malın sertifikatlaşdırılmasını aparan qurumlar və ya akkreditasiya edilmiş sınaq laboratoriyası və ya istehsalçının sınaq laboratoriyası (texniki reqlamentdə başqa hal nəzərdə tutulmadıqda) tərəfindən aparılır. Bu zaman təsərrüfat subyekti tərəfindən göstərilən qurumlara eyniləşdirmə və ya texniki reqlamentlərdə nəzərdə tutulduğu

hallarda və qaydada seçmə üsulu ilə mal nümunələrinin əvəzsiz götürülməsinə şərait yaradılır.

6.7. Sertifikatlaşdırma üsulu ilə uyğunluğun qiymətləndirilməsi zamanı eyniləşdirmə və mal nümunələrinin götürülməsi təsərrüfat subyektinin iştirakı ilə malın sertifikatlaşdırılmasını aparan qurum tərəfindən həyata keçirilir. Təsərrüfat subyektinin razılığı ilə mallardan nümunələrin götürülməsi malın sertifikatlaşdırılmasını aparan digər quruma və (və ya) akkreditasiya edilmiş sınaq laboratoriyasına həvalə edilə bilər.

6.8. İstehsal prosesində mallardan nümunələrin götürülməsi aktla rəsmiləşdirilir.

Mal nümunələrinin götürülməsi barədə aktda mal nümunələrinin dəqiq götürülmə vaxtı və yeri, götürülmüş mal nümunələrinin saxlanma şəraiti, habelə götürülmüş mal nümunələrinin eyniləşdirmə xüsusiyyətləri göstərilir. Mallardan nümunələrin götürülməsi barədə akt tətbiq olunan uyğunluğun qiymətləndirilməsi prosedurundan asılı olaraq tədqiqlərin və ya sınaqların və müayinələrin aparılması məqsədilə akkreditasiya edilmiş sınaq laboratoriyası və ya istehsalçının sınaq laboratoriyasına (texniki reqlamentdə başqa hal nəzərdə tutulmadıqda) göndərilir.

6.9. Malların istehlak xüsusiyyətlərinin həmin mallara dair texniki reqlamentlərə, habelə təsərrüfat subyekti tərəfindən təqdim olunan sənədlərə və məlumatlara uyğunluğunun müəyyən edilməsi eyniləşdirmə hesab olunur. Malların eyniləşdirilməsi mallardan nümunələrin götürülməsi ilə eyni vaxtda həyata keçirilir.

6.10. Malların eyniləşdirmə xüsusiyyətlərinə (texniki reqlamentdə başqa hal nəzərdə tutulmadıqda) aşağıdakılar daxildir:

6.10.1. təsərrüfat subyekti olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və yaxud nümayəndəliyi olduqda tam adı, təşkilati hüquqi forması, hüquqi ünvanı və malların istehsal yerinin ünvanı (ünvanlar fərqli olduqda) və fərdi sahibkar kimi qeydiyyata alınmış fiziki şəxs üçün onun soyadı, adı, atasının adı, yaşadığı yer və malların istehsal yerinin ünvanı (ünvanlar fərqli olduqda);

6.10.2. malın adı, təyinatı (texniki reqlamentdə nəzərdə tutulmuş hallarda) və istehsalçı tərəfindən müəyyən edilmiş digər təyinatı (olduqda);

6.10.3. istinad edilmiş standartlar və ya texniki şərtlər (olduqda);

6.10.4. malın müvafiq texniki reqlamentə aid olduğunu təmin edən əsas istehlak xassələri;

6.10.5. malın eyniləşdirilməsini təmin edən texniki reqlamentlərdə nəzərdə tutulmuş digər məlumatlar;

6.10.6. ştrix-kod (olduqda);

6.10.7. istehsal tarixi;

6.10.8. saxlanma müddəti;

6.10.9. partiyanın ölçüsü (həcmi) (mal partiyası üçün);

6.10.10. qablaşdırma, tara, xalis çəki və həcm (olduqda);

6.10.11. texniki sənədlərdə (konstruktor, texnoloji, layihə) və (və ya) malı müşayiət edən sənədlərdə (olduqda) göstərilən digər məlumatlar.

6.11. Malların eyniləşdirilməsinin nəticələri malların eyniləşdirilməsi barədə aktla və ya mallardan nümunələrin götürülməsi barədə aktda göstərilir. Malın eyniləşdirilməsi və maldan nümunə götürülməsi aparılarkən malın saxlanma şəraiti yoxlanılır.

6.12. Malların tədqiqlərinin və ya sınaqlarının və müayinələri müvafiq texniki reqlamentin əsas tələblərinin yerinə yetirilməsini təmin edən istinad edilmiş standartların tələblərinə uyğun olaraq aparılır. Malların tədqiqlərinin və ya sınaqlarının və müayinələrinin əldə olunmuş nəticələri mal nümunəsinin götürüldüyü bütün mallara münasibətdə tətbiq edilir.

6.13. Texniki reqlamentdə nəzərdə tutulduğu halda, malların tədqiqi və ya sınağı və müayinəsi aparılarkən fəaliyyət prosesinin və tədqiqlərin və ya sınaqların və müayinələrin nəticələrinin foto və (və ya) video çəkilişi aparılır.

6.14. Malların tədqiqlərinin və ya sınaqlarının və müayinələrinin nəticələri malların tədqiqi və ya sınağı və müayinə protokolu ilə rəsmiləşdirilir. Tədqiqin və ya sınağın və müayinənin nəticələrindən asılı olmayaraq, malların tədqiq və ya sınaq və müayinə protokolu tərtib olunduğu tarixdən 2 (iki) iş günü müddətində təsərrüfat subyektinə birbaşa təqdim olunur və ya sifarişli poçt vasitəsilə ona, malların sertifikatlaşdırma üsulu ilə uyğunluğu təsdiq edildikdə eyni zamanda malın sertifikatlaşdırılmasını aparan quruma göndərilir.

6.15. Texniki reqlamentdə əvvəllər uyğunluq sertifikatı və ya uyğunluq bəyannaməsi tərtib edilmiş mallara münasibətdə mal nümunələrinin və ya mal vahidinin tədqiq və ya sınaq və müayinə nəticələrindən oxşar malın sonrakı partiyası və ya mal vahidi üçün istifadə etmək imkanı nəzərdə tutulduqda uyğunluğu qiymətləndirən qurum və ya təsərrüfat subyekti əvvəllər uyğunluq sertifikatı və ya uyğunluq bəyannaməsi tərtib edilmiş mallara münasibətdə oxşarlığını müəyyən etmək üçün mal partiyasının və ya mal vahidinin eyniləşdirilməsini həyata keçirir. Belə oxşarlıq müəyyən edildikdə, maldan nümunə götürülməsi, tədqiq və ya sınaq və müayinə aparılmır. Bu halda malların tədqiqi və ya sınağı və müayinəsi üçün istifadə olunan protokolun qüvvədəolma müddəti texniki reqlamentlə müəyyən edilir.

6.16. Tədqiqin və ya sınağın və müayinənin nəticələri əsasında texniki reqlamentlərin tələblərinə cavab verilmədiyi müəyyən olunduqda, malların uyğunluğunun qiymətləndirilməsi üzrə fəaliyyət dayandırılır və ya ləğv edilir. Tədqiqin və ya sınağın və müayinənin nəticələrinin mənfi olmasına səbəb olan uyğunsuzluğu aradan qaldırmaq mümkün olduqda, malın sertifikatlaşdırılmasını aparan qurum tərəflərin razılaşması ilə müəyyən olunan müddətə malın uyğunluğunun qiymətləndirilməsi fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

6.17. Uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin bərpası məqsədilə təsərrüfat subyekti aşağıdakıları yerinə yetirir:

6.17.1. aşkar edilmiş uyğunsuzluqların və onların səbəblərinin aradan qaldırılması üzrə tədbirləri müəyyən edir və onları malın sertifikatlaşdırılmasını aparan qurum ilə razılaşdırır;

6.17.2. razılaşdırılmış müddət çərçivəsində uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirləri həyata keçirir.

6.18. Malın sertifikatlaşdırılmasını aparan qurum uyğunsuzluqların aradan qaldırılması üzrə həyata keçirilmiş tədbirlərin təhlilini aparır. Bu tədbirlərin həyata keçirilməsi üzrə təhlilin nəticələri müsbət olduqda malın sertifikatlaşdırılmasını aparan qurum uyğunluğun qiymətləndirilməsi üzrə işlərin bərpası haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

6.19. Uyğunsuzluqların aradan qaldırılması üzrə həyata keçirilmiş tədbirlərdən sonra da tədqiqin və ya sınağın və müayinənin nəticələri əsasında texniki reqlamentlərin tələblərinə cavab verilmədiyinin müəyyən olunduğu halları aradan qaldırmaq mümkün olmadıqda və ya təsərrüfat subyekti uyğunluğun qiymətləndirilməsi prosesində aşkar edilmiş uyğunsuzluqları tərəflərin razılaşması ilə müəyyən edilmiş müddətdə aradan qaldırmadıqda, malın sertifikatlaşdırılmasını aparan qurum malın uyğunluğunun qiymətləndirilməsi fəaliyyətinin ləğv olunması haqqında əsaslandırılmış qərarını müəyyən edilmiş müddət bitməsindən sonrakı 2 (iki) iş günü müddətində təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

6.20. Orta riskli mallara münasibətdə nümunələrin götürülməsi, eyniləşdirilmə, tədqiq (sınaq) və müayinələrin müsbət nəticələri əsasında uyğunluğu qiymətləndirən qurum tərəfindən verilən sənəd malın, onunla əlaqəli proseslərin və istehsal metodunun texniki reqlamentlərin tələblərinə uyğunluğunu təsdiq edən sənəd hesab olunur və təsərrüfat subyekti tərəfindən tərtib edilmiş uyğunluq bəyannaməsinə müşayiətedici sənəd kimi əlavə olunur.

7. Mal layihəsinin tədqiqi

7.1. Mal layihəsinin tədqiqi dedikdə mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair texniki sənədlərin (konstruktor, texnoloji, layihə), habelə aparılan hesablamaların, maketlərin, modellərin, eksperimental mal nümunələrinin tədqiqlərinin və ya sınaqlarının və müayinələrinin nəticələrinin təhlili nəzərdə tutulur.

7.2. Mal layihəsinin tədqiqi təhlükəsizlik tələblərini müəyyən edən və layihələndirmə, istehsal və istismar mərhələləri haqqında məlumatları (olduqda) ehtiva edən təsərrüfat subyektinin təqdim etdiyi bu Sənədin 7.1-ci bəndində qeyd olunan sənədlər nəzərə alınmaqla malın sertifikatlaşdırılmasını aparan qurumlar tərəfindən həyata keçirilir. Bu Sənədin 7.1-ci bəndində qeyd olunan sənədlər təsərrüfat subyekti tərəfindən mala aid texniki reqlamentə uyğun olaraq mal layihəsinin tədqiqi üçün zəruri olan ölçüdə təqdim edilir.

7.3. Mal layihəsinin tədqiqi nəticələri malın sertifikatlaşdırılmasını aparan qurum tərəfindən rəy formasında tərtib edilir. Rəydə təsərrüfat subyekti, malın sertifikatlaşdırılmasını aparan qurum haqqında məlumatlar, rəyin verilmə tarixi, nömrəsi, habelə aparılan tədqiqin nəticələri göstərilir. Mal layihəsinin tədqiqinə dair rəy 2 (iki) nüsxədə tərtib edilir. Rəyin 1 (bir) nüsxəsi tərtib olunduğu tarixdən 2 (iki) iş günü müddətinə təsərrüfat subyektinə birbaşa təqdim olunur və ya sifarişli poçtla göndərilir.

8. Malın tipinin tədqiqi

8.1. Malın tipinin tədqiqi dedikdə eyni malın istehsalı üçün texniki reqlamentlərin və texniki sənədlərin (konstruktor, texnoloji, layihə) tələblərinə uyğunluğu baxımından bu tip malın parametrlərinin və xüsusiyyətlərinin təhlili nəzərdə tutulur.

8.2. Malın tipinin tədqiqi (texniki reqlamentdə başqa hal nəzərdə tutulmayıbsa) aşağıdakı hallarda aparılır:

8.2.1. təhlükə potensiallı istehsal obyektlərində istifadə olunan mallara münasibətdə;

8.2.2. istismar yerində malların quraşdırılmasına (yığılmasına, sökülməsinə) qədər onların tədqiqini və ya sınağını və müayinəsini tam həcmdə aparmaq mümkün olmadıqda;

8.2.3. təsərrüfat subyekti uyğunluğun qiymətləndirilməsi zamanı istinad standartlarını tətbiq etmədikdə (o cümlədən innovasiyalı mal üçün).

8.3. Malların tipinin tədqiqi aşağıdakı üsullarla həyata keçirilir:

8.3.1. planlaşdırılan istehsal üçün bütün gələcək malların standart nümunəsi kimi mal nümunəsinin tədqiqi və ya sınağı;

8.3.2. texniki sənədlərin (konstruktor, texnoloji, layihə) təhlili, mal nümunəsinin və ya malın əsas komponentlərinin tədqiqi və ya sınağı.

8.4. Malın tipinin tədqiqi malın sertifikatlaşdırılmasını aparan qurumlar (zəruri hallarda akkreditasiya edilmiş sınaq laboratoriyası cəlb edilməklə) tərəfindən həyata keçirilir.

8.5. Texniki reqlamentdə başqa hal nəzərdə tutulmayıbsa, malın tipinin tədqiqinin nəticələri malın sertifikatlaşdırılmasını aparan qurum tərəfindən rəy formasında tərtib edilir. Rəydə təsərrüfat subyekti, malın sertifikatlaşdırılmasını aparan qurum haqqında məlumatlar, rəyin verilmə tarixi, nömrəsi, habelə aparılan tədqiqin nəticələri göstərilir. Malın tip tədqiqinə dair rəy 2 (iki) nüsxədə tərtib edilir. Rəyin 1 (bir) nüsxəsi tərtib olunduğu tarixdən 2 (iki) iş günü müddətinə təsərrüfat subyektinə birbaşa təqdim olunur və ya sifarişli poçtla göndərilir.

8.6. Orta riskli mallara münasibətdə malın tipinin tədqiqinin nəticələri müsbət olduqda malın sertifikatlaşdırılmasını aparan qurum tərəfindən malın tipinin təsdiqinə dair sənəd verilir. Həmin sənəddə malın sertifikatlaşdırılmasını aparan qurum və təsərrüfat subyekti haqqında məlumatlar, sənədin verilmə tarixi, texniki reqlamentin, istinad edilmiş standartların və ya texniki şərtlərin adı, nömrəsi, tarixi, habelə malın prototipinin (standart mal nümunəsinin) təsviri göstərilir. Həmin qurum tərəfindən verilmiş uyğunluğu təsdiq edən sənəd təsərrüfat subyekti tərəfindən tərtib edilmiş uyğunluq bəyannaməsinə müşayiətedici sənəd kimi əlavə olunur.

9. İstehsal obyektinə baxış

9.1. İstehsal obyektinə baxış seriyalı istehsal olunan malların sertifikatlaşdırma üsulu ilə uyğunluğu qiymətləndirilərkən və ya sertifikatlaşdırılmış malların dövri qiymətləndirilməsi zamanı həmin malların texniki reqlamentlərin tələblərinə uyğunluğunun

sabitliyini təmin etmək üçün istehsalçının zəruri şəraitə malik olduğunu müəyyən etmək məqsədilə malın sertifikatlaşdırılmasını aparan qurumlar tərəfindən həyata keçirilir.

9.2. İstehsal obyektinə baxış malların eyniləşdirilməsi, mal nümunələrinin götürülməsi, malın tədqiqi və ya sınağı və müayinəsi ilə eyni vaxtda həyata keçirilə bilər.

9.3. İstehsal obyektinə baxış malın istehsal olunduğu yer üzrə malın sertifikatlaşdırılmasını aparan qurum tərəfindən hazırlanmış və təsdiq edilmiş istehsal obyektinə baxış proqramına uyğun olaraq həyata keçirilir.

9.4. İstehsal obyektinə baxışın obyektləri aşağıdakılar hesab olunur:

9.4.1. mallar üçün texniki sənədlər (konstruktor, texnoloji, layihə);

9.4.2. istehsal infrastrukturu (istehsalçının ərazisində yerləşən və istehsalın təşkili üçün zəruri olan obyektlərin məcmusu (istehsalat binaları, anbarlar, nəqliyyat vasitələri və s.);

9.4.3. avadanlıq (texnoloji avadanlıq vasitələri), habelə ona texniki qulluq və təmir;

9.4.4. ölçmə vasitələrinin, nəzarət və sınaq avadanlıqlarının idarə edilməsi;

9.4.5. malların texniki reqlamentlərlə müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək üçün zəruri olan ölçmə vasitələri;

9.4.6. satın alınan ölçmə vasitələri, nəzarət və sınaq avadanlıqlarına giriş nəzarəti;

9.4.7. xüsusi, habelə texnoloji proseslər (texniki reqlamentdə müvafiq tələblər olduqda);

9.4.8. texniki reqlamentlərin məcburi tələblər müəyyən etdiyi xüsusiyyətlərə nəzarət məqsədilə hazır malların qəbuluna nəzarət və dövri sınaqdan keçirilməsi;

9.4.9. hazır malların terminologiya, simvol, qablaşdırma, etiketləşdirmə, istismar, saxlanma, daşınma, satış, məhvetmə və utilizasiya şərtləri;

9.4.10. malın eyniləşdirilməsi və izlənməsi;

9.4.11. həyata keçirilən düzəliş və profilaktik tədbirlər.

9.5. İstehsal obyektinə baxışın nəticələrinə dair malın sertifikatlaşdırılmasını aparan qurum tərəfindən akt tərtib edilir. Aktda təsdiqedici sənədlərə və materiallara istinad verilməklə istehsal obyektinə baxışın nəticələri göstərilir, uyğunsuzluqlar müəyyən edildikdə onların aradan qaldırılması üçün tərəflərin razılaşması ilə müddət müəyyən edilir. İstehsal obyektinə baxışın nəticələrində istehsalın qüvvədə olan texniki reqlamentin tələblərinə uyğun malı daimi (stabil) istehsal etmə qabiliyyəti göstərilməlidir.

9.6. Aktın 1 (bir) nüsxəsi tərtib olunduğu tarixdən 2 (iki) iş günü müddətinə təsərrüfat subyektinə birbaşa təqdim olunur və ya sifarişli poçtla göndərilir.

9.7. İstehsal obyektinə baxışın nəticələrinə əsasən malın sertifikatlaşdırılmasını aparan qurum malın uyğunluğunun qiymətləndirilməsi fəaliyyətini dayandıra və ya ləğv edə bilər. Malın sertifikatlaşdırılmasını aparan qurum düzəliş tədbirləri vasitəsilə göstərilən uyğunsuzluqları və onların səbəblərini aradan qaldırılması mümkün olduqda uyğunluğun qiymətləndirilməsi fəaliyyətini dayandırma barədə qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir. Düzəliş tədbirlərinin həyata keçirilməsi ilə bağlı müddət tərəflərin razılaşması ilə müəyyən olunur. Malın sertifikatlaşdırılmasını aparan qurum göstərilən uyğunsuzluqların düzəliş tədbirləri vasitəsilə aradan qaldırılması və ya tərəflərin razılaşması ilə müəyyən

olunmuş müddət ərzində düzəliş tədbirlərinin yerinə yetirilməsi mümkünsüz hesab olunduqda uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin ləğv edilməsi barədə qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

9.8. Uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin bərpası məqsədilə:

9.8.1. təsərrüfat subyekti müəyyən edilən uyğunsuzluqların və onların səbəblərinin aradan qaldırılmasına yönəlmiş düzəliş tədbirləri həyata keçirir, onların icrasını təmin edir və bu haqda malın sertifikatlaşdırılmasını aparan quruma məlumat verir;

9.8.2. malın sertifikatlaşdırılmasını aparan qurum təsərrüfat subyekti tərəfindən həyata keçirilən düzəliş tədbirlərini təhlil edir və nəticələr müsbət olduqda, sertifikatlaşdırma fəaliyyətinin bərpası haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

9.9. Təsərrüfat subyekti müəyyən edilən uyğunsuzluqları və onların səbəblərini göstərilən müddət ərzində aradan qaldıra bilmədikdə, sertifikatlaşdırma fəaliyyəti ləğv olunur və bu barədə məlumat 2 (iki) iş günü müddətində təsərrüfat subyektinə təqdim edilir və ya sifarişli poçt vasitəsilə göndərilir.

9.10. Mallar istehsalçının istehsal sahələrində istehsal olunduqda, istehsal obyektinə baxış istehsalçının sertifikatlaşdırılmış mallarının ən geniş çeşidini (ən geniş nomenklaturada) və ya sertifikatlaşdırılmış mallar arasından ən mürəkkəb malı ən böyük həcmdə istehsal edən bir və ya bir neçə istehsal sahələrində aparılır, o şərtlə ki, hər bir istehsal sahəsində istehsal olunan malların təhlükəsizliyinə və istehsalın dayanıqlılığına görə istehsalçı məsuliyyət daşıyır.

9.11. İstehsal obyektinə baxışın nəticələri müsbət olduqda, malın sertifikatlaşdırılmasını aparan qurum sertifikatlaşdırılmış malların planlaşdırılan dövri qiymətləndirilməsi çərçivəsində (yoxlamaların vaxtı göstərilməklə) istehsalçının digər istehsal müəssisələrində sonrakı istehsal obyektinə baxış üçün cədvəl tərtib edir və istehsalçı ilə razılaşdırır.

9.12. Malın sertifikatlaşdırılmasını aparan quruma əvvəllər sertifikatlaşdırılımış maldan öz istismar xüsusiyyətlərinə görə az fərqlənən yeni malın sertifikatlaşdırılması haqqında müraciət daxil olduqda, malın sertifikatlaşdırılmasını aparan qurumun qərarı ilə istehsal obyektinə baxışın əvvəlki nəticələri aşağıdakı şərtlərlə bu mallara şamil edilir:

9.12.1. malın sertifikatlaşdırılması üzrə fəaliyyət əvvəl istehsal obyektinə baxışı həyata keçirən və nəticələrini rəsmiləşdirən eyni malın sertifikatlaşdırılmasını aparan qurum tərəfindən həyata keçirildikdə;

9.12.2. istehsalçı tərəfindən malın istismar xüsusiyyətlərində edilən dəyişikliklər malın texniki reqlamentin tələblərinə uyğunluğuna təsir göstərmədikdə;

9.12.3. yeni malın sertifikatlaşdırılması barədə müraciət təsərrüfat subyekti tərəfindən istehsal obyektinə baxışın nəticələrinin rəsmiləşdirilməsindən və ya daha əvvəl sertifikatlaşdırılmış malın dövri qiymətləndirilməsinin nəticələrinin rəsmiləşdirilməsindən 1 (bir) ildən çox vaxt keçmədiyi halda verildikdə.

10. Uyğunluğun qiymətləndirilməsi ilə bağlı sənədlərin formalaşdırılması və saxlanılması

10.1. Malın sertifikatlaşdırılmasını aparan qurum və (və ya) təsərrüfat subyekti tətbiq olunan sertifikatlaşdırma və ya uyğunluq bəyannaməsi sxemindən asılı olaraq aşağıdakı sənədləri və məlumatları ehtiva edən təsdiqedici məlumat toplusunu formalaşdırır (texniki reqlamentdə başqa hal nəzərdə tutulmayıbsa):

10.1.1. mallar üçün texniki sənədlərin surəti (konstruktor, texnoloji, layihə);

10.1.2. istinad edilmiş standartlar və ya texniki şərtlər (adı, tarixi və nömrəsi göstərilməklə);

10.1.3. texniki həllərin siyahısı;

10.1.4. eyniləşdirmə və (və ya) mal nümunələrinin götürülməsi haqqında akt (aktlar);

10.1.5. malın texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən (sertifikatlaşdırma və ya uyğunluq bəyannaməsi sxemində nəzərdə tutulduğu halda) tədqiq və ya sınaq və müayinə protokolları və texniki reqlamentdə nəzərdə tutulduğu halda, foto və (və ya) videomateriallar;

10.1.6. idarəetmə sisteminin uyğunluq sertifikatının surəti (sertifikatlaşdırma və ya uyğunluq bəyannaməsi sxemində nəzərdə tutulduğu halda);

10.1.7. mal nümunələrinin tədqiq və ya sınaq və müayinə protokolları;

10.1.8. malı müşayiət edən sənədlər (sertifikatlaşdırma və ya uyğunluq bəyannaməsi sxemində nəzərdə tutulduğu halda);

10.1.9. istehsal obyektinə baxışın nəticələri (sertifikatlaşdırma sxemində nəzərdə tutulduğu halda);

10.1.10. mal layihəsinin tədqiqinin nəticələri (sertifikatlaşdırma sxemində nəzərdə tutulduğu halda);

10.1.11. malın tipinin tədqiqinin nəticələri (sertifikatlaşdırma sxemində nəzərdə tutulduğu halda);

10.1.12. malın tipinin təsdiqi barədə təsdiqedici sənəd (uyğunluq bəyannamə sxemində nəzərdə tutulduğu halda);

10.1.13. mal, onunla əlaqəli proses və istehsal metodlarına dair təqdim olunmuş uyğunluq sertifikatı və ya uyğunluq bəyannaməsinin surətləri.

10.2. Uyğunluğun qiymətləndirilməsi ilə əlaqədar texniki sənədlər, uyğunluq sertifikatı və uyğunluq bəyannaməsi malın sertifikatlaşdırılmasını aparan qurum və təsərrüfat subyekti tərəfindən müvafiq texniki reqlamentlə malın saxlanma müddəti və risk səviyyəsi əsasında müəyyən edilmiş müddət ərzində saxlanılır.

10.3. Uyğunluq sertifikatının və ona dair təsdiqedici məlumat toplusunun saxlanma müddəti texniki reqlamentdə müəyyən edilmədikdə aşağıdakı müddətdə saxlanılır:

10.3.1. seriyalı istehsal olunan mallar üçün — istehsalçı tərəfindən bu malların istehsalına xitam verildiyi tarixdən ən azı 10 (on) il ərzində;

10.3.2. mal partiyası və ya mal vahidi üçün — təsərrüfat subyekti tərəfindən mal partiyasının və ya mal vahidinin bazara yerləşdirildiyi tarixdən ən azı 10 (on) il ərzində.

10.4. Bu Sənədin 10.1-ci bəndində göstərilən məlumatlar toplusu mala uyğunluq sertifikatı təqdim edən malın sertifikatlaşdırılmasını aparan qurum tərəfindən texniki reqlamentdə başqa hal müəyyən edilməmişdirsə, uyğunluq sertifikatının qüvvədəolma müddətinin bitmə tarixindən ən azı 5 (beş) il müddətinə saxlanılır.

10.5. Texniki reqlamentdə uyğunluq bəyannaməsinin və ona dair təsdiqedici məlumat toplusunun saxlanma müddəti müəyyən edilmədikdə təsərrüfat subyekti tərəfindən onların qeydiyyata alındığı tarixdən etibarən 10 (on) il müddətinə saxlanılır.

10.6. Təsərrüfat subyekti üçün uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və onlara dair təsdiqedici materiallar toplusuna dair müxtəlif saxlama müddətləri müəyyən edən bir neçə texniki reqlament mövcud olduqda müəyyən edilmiş saxlama müddətlərindən ən uzunu tətbiq edilir.

10.7. Malın sertifikatlaşdırılmasını aparan qurum tərəfindən uyğunluq bəyannaməsi, onun surəti və təsdiqedici məlumatlar toplusunun saxlanma müddəti uyğunluq bəyannaməsinin qüvvədəolma müddətinin bitdiyi tarixdən etibarən ən azı 5 (beş) ildir.

11. Malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının istismar xüsusiyyətlərində dəyişiklik edilməsi

11.1. Təsərrüfat subyekti tərəfindən uyğunluq sertifikatı ilə təmin olunmuş seriyalı istehsal olunan malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının istismar xüsusiyyətlərində texniki reqlamentlə müəyyən olunan tələblərə uyğunluğuna təsir göstərə biləcək dəyişiklik edildikdə belə malı bazara yerləşdirməzdən əvvəl uyğunluq sertifikatı təqdim etmiş malın sertifikatlaşdırılmasını aparan quruma ərizə ilə müraciət edir.

11.2. Malın sertifikatlaşdırılmasını aparan qurum göstərilən belə müraciətin daxil olduğu tarixdən etibarən 10 (on) iş günü müddətində təsərrüfat subyekti tərəfindən təqdim olunan sənədlərin təhlili nəticəsində tədqiqin və ya sınağın və müayinənin və (və ya) istehsal obyektinə baxışın (belə malın sertifikatlaşdırma sxemində nəzərdə tutulduğu halda) aparılması barədə qərar qəbul edir. Malın sertifikatlaşdırılmasını aparan qurumun qərarı qəbul edildiyi gündən 2 (iki) iş günü müddətində təsərrüfat subyektinə təqdim edilir və ya sifarişli poçt vasitəsilə göndərilir.

11.3. Malın sertifikatlaşdırılmasını aparan qurum texniki reqlamentlərlə müəyyən olunmuş tələblər əsasında mal nümunələrinin tədqiqinin və ya sınağının və müayinəsinin aparılmasına və (və ya) istehsal obyektinə baxışa ehtiyac olmadığı barədə qərar qəbul etdikdə istismar xüsusiyyətlərində dəyişikliklər edilməklə malların bazara yerləşdirilməsinə təsərrüfat subyekti tərəfindən yalnız belə qərar əldə olunduqdan sonra icazə verilir.

11.4. Malın sertifikatlaşdırılmasını aparan qurum texniki reqlamentlərlə müəyyən olunmuş tələblər nəzərə alınmaqla mal nümunələrinin tədqiqinin və ya sınağının və müayinəsinin aparılmasına və (və ya) istehsal obyektinə baxışa (malın sertifikatlaşdırma sxemində nəzərdə tutulduğu halda) ehtiyac olduğu barədə qərar qəbul etdikdə, təsərrüfat subyekti ilə həmin qurum arasında belə fəaliyyətin aparılması haqqında razılıq əldə olunur.

11.5. Aparılmış işlərin nəticələrinə əsasən, malın sertifikatlaşdırılmasını aparan qurum malın texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğun olub-olmaması barədə qərar qəbul edir və bu barədə məlumatı 1 (bir) iş günü müddətində təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

11.6. Malın sertifikatlaşdırılmasını aparan qurum malın uyğunluq sertifikatının qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş "Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları" ilə müəyyən olunan hallarda və qaydada qəbul edir.

12. Sertifikatlaşdırılmış malların dövri qiymətləndirilməsi

12.1. Sertifikatlaşdırılmış malların dövri qiymətləndirilməsi malın texniki reqlamentlərlə müəyyən edilmiş və uyğunluğun qiymətləndirilməsi zamanı təsdiq edilmiş tələblərə uyğunluğunun sabitliyini müəyyən etmək məqsədilə malın uyğunluq sertifikatının qüvvədə olduğu bütün müddət ərzində uyğunluğun mütəmadi qiymətləndirilməsi fəaliyyətidir.

12.2. Malın sertifikatlaşdırılmasını aparan qurum sertifikatlaşdırılmış seriyalı istehsal olunan mallara münasibətdə texniki reqlamentdə başqa hal nəzərdə tutulmayıbsa, malın uyğunluq sertifikatının qüvvədə olduğu müddət ərzində ildə 1 (bir) dəfə aşağıdakı üsullardan biri və ya bir neçəsi vasitəsilə dövri qiymətləndirməni həyata keçirir:

12.2.1. sertifikatlaşdırılmış malların nümunələrinin götürülməsi, eyniləşdirilməsi, tədqiqi və ya sınağı və müayinəsi;

12.2.2. istehsal obyektinə baxış.

12.3. İstehsalçının sertifikatlaşdırılmış idarəetmə sisteminə malik olduğu sertifikatlaşdırma sxemləri üçün uyğunluq sertifikatı ilə təmin olunmuş malların dövri qiymətləndirilməsi malın sertifikatlaşdırılmasını aparan qurum tərəfindən mal nümunəsinin tədqiqinin və ya sınağının və müayinəsinin aparılması üsulu ilə həyata keçirilir.

12.4. Təsərrüfat subyekti sertifikatlaşdırılmış malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının dövri qiymətləndirilməsini aparmış malın sertifikatlaşdırılmasını aparan quruma həmin mal, onunla əlaqəli proseslər və istehsal metodlarının sertifikatlaşdırılması ilə bağlı müraciət etdikdə, malın sertifikatlaşdırılmasını aparan qurum son dövri qiymətləndirmədən 1 (bir) ildən çox vaxt keçmədikdə onun müsbət nəticələrini nəzərə alır.

12.5. Sertifikatlaşdırılmış malların dövri qiymətləndirilməsi mala dair uyğunluq sertifikatı təqdim edən malın sertifikatlaşdırılmasını aparan qurum tərəfindən akkreditasiya edilmiş sınaq laboratoriyasının cəlb edilməsi ilə (zəruri olduğu təqdirdə) həyata keçirilir.

12.6. Sertifikatlaşdırılmış malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının dövri qiymətləndirilməsi həmin malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsini

aparmış malın sertifikatlaşdırılmasını aparan qurum tərəfindən hazırlanan və təsdiq olunan uyğunluq sertifikatı ilə təmin edilmiş malların dövri qiymətləndirilməsi proqramına uyğun olaraq həyata keçirilir.

12.7. Texniki reqlamentdə başqa hal nəzərdə tutulmayıbsa, sertifikatlaşdırılmış malların dövri qiymətləndirilməsi aşağıdakı mərhələləri əhatə edir:

12.7.1. sertifikatlaşdırılmış malların dövri qiymətləndirilməsi üzrə işlərin yerinə yetirilməsi üçün təsərrüfat subyekti ilə razılığın əldə olunması;

12.7.2. sertifikatlaşdırılmış malların dövri qiymətləndirilməsinin aparılması üçün mütəxəssislərin cəlb olunması (zəruri olduqda);

12.7.3. sertifikatlaşdırılmış malların dövri qiymətləndirilməsi proqramının işlənib hazırlanması və təsdiq edilməsi;

12.7.4. sertifikatlaşdırılmış mallar haqqında məlumatların təhlili;

12.7.5. sertifikatlaşdırılmış malların tədqiqi və ya sınağı və müayinəsi proqramının işlənib hazırlanması (olduqda);

12.7.6. bu Sənədin 12.2-ci bəndinə uyğun olaraq müvafiq dövri qiymətləndirilmə üsulunun həyata keçirilməsi;

12.7.7. sertifikatlaşdırılmış malların dövri qiymətləndirilməsinin nəticələrinin rəsmiləşdirilməsi;

12.7.8. sertifikatlaşdırılmış malların dövri qiymətləndirilməsinin nəticələrinə əsasən qərar qəbul edilməsi.

12.8. Təsərrüfat subyekti dövri qiymətləndirilmənin aparılmasından imtina etdikdə malın sertifikatlaşdırılmasını aparan qurum bu Sənədin 12.14.2-ci yarımbəndində nəzərdə tutulan qərarı qəbul edir.

12.9. Sertifikatlaşdırılmış malların dövri qiymətləndirilməsi plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) ola bilər.

12.10. Sertifikatlaşdırılmış malların dövri qiymətləndirilməsi zamanı nümunələrin götürülməsi, eyniləşdirilməsi, tədqiqi (sınağı) və müayinəsi bu Sənədin 6-cı hissəsinə, istehsal obyektinə baxış bu Sənədin 9-cu hissəsinə uyğun olaraq həyata keçirilir.

12.11. Sertifikatlaşdırılmış malların istehsalı dayandırıldıqda və (və ya) tədqiq və ya sınaq və müayinə üçün mal nümunələri olmadıqda təsərrüfat subyekti bu barədə malın sertifikatlaşdırılmasını aparan qurum tərəfindən müəyyən edilmiş və sertifikatlaşdırılmış malların dövri qiymətləndirilməsi üçün təsərrüfat subyekti ilə razılaşdırılmış müddətədək malın sertifikatlaşdırılmasını aparan quruma yazılı məlumat verməlidir.

12.12. Malın sertifikatlaşdırılmasını aparan qurum alınmış məlumat əsasında sertifikatlaşdırılmış malların dövri qiymətləndirilməsi müddətini 6 (altı) aydan çox olmayan müddətə təxirə sala bilər.

12.13. Sertifikatlaşdırılmış malların dövri qiymətləndirilməsinin nəticələri aktla rəsmiləşdirilir. Aktın 1 (bir) nüsxəsi təsərrüfat subyektinə təqdim olunur və ya sifarişli poçt vasitəsilə göndərilir.

12.14. Sertifikatlaşdırılmış malların dövri qiymətləndirilməsinə əsasən malın sertifikatlaşdırılmasını aparan qurum aşağıdakı qərarlardan birini qəbul edir:

12.14.1. malın uyğunluq sertifikatının etibarlılığını təsdiq etmək;

12.14.2. malın uyğunluq sertifikatının qüvvəsini dayandırmaq;

12.14.3. malın uyğunluq sertifikatını ləğv etmək.

12.15. Sertifikatlaşdırılmış malların dövri qiymətləndirilməsinin nəticələri müsbət olduqda malın uyğunluq sertifikatının etibarlılığının təsdiq edilməsi haqqında qərar qəbul edilir və bu barədə məlumat 2 (iki) iş günü müddətində təsərrüfat subyektinə birbaşa təqdim olunur və ya sifarişli poçt vasitəsilə göndərilir.

12.16. Malın sertifikatlaşdırılmasını aparan qurum malın uyğunluq sertifikatının qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş "Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları" ilə müəyyən olunan hallarda və qaydada qəbul edir.

12.17. İstehlakçılardan və (və ya) aidiyyəti dövlət orqanlarından malın təhlükəsizliyinə dair iddialar barədə məlumatlar daxil olduqda uyğunluq sertifikatı vermiş malın sertifikatlaşdırılmasını aparan qurum tərəfindən sertifikatlaşdırılmış malların plandankənar uyğunluq qiymətləndirilməsi həyata keçirilir. __________________

Əvvəlki yenilik
Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə
Növbəti yenilik
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI