AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI QƏRAR № 10 Bakı şəhəri 10 oktyabr 2025-ci il "Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası"nın təsdiq edilməsi barədə "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının 3-cü hissəsinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Kollegiyası QƏRARA ALIR:
1. "Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyət növü (fəaliyyət növünün adı göstərilməklə) üzrə "Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsi üçün zəruri tədbirlər görsün.
3. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Zamanovaya tapşırılsın ki, bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 5.5-ci bəndi nəzərə alınmaqla) sonra 72 saat müddətində rəsmi dövri mətbu nəşrdə dərc edilməsi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) informasiya ehtiyatında, eləcə də qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin internet informasiya ehtiyatında yerləşdirilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin.
4. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu. Sədr, İqtisadiyyat naziri Mikayıl Cabbarov
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 10 oktyabr 2025-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmişdir. Lisenziya müqaviləsinin forması və bağlanılma QAYDASI
1. Ümumi müddəalar
1.1. Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyət növü (fəaliyyət növünün adı göstərilməklə) üzrə "Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası" (bundan sonra — Qayda) "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 19.8-1-ci və həmin Qanunun 1 nömrəli əlavəsinin 10- cu maddələrinə əsasən, "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının 3-cü hissəsinin icrası məqsədilə hazırlanmışdır.
1.2. Bu Qayda "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyət növü (fəaliyyət növünün adı göstərilməklə) üzrə lisenziya müqaviləsinin (bundan sonra — lisenziya müqaviləsi) formasını və bağlanılma qaydasını müəyyən edir.
1.3. Hüquqi şəxsə, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi və fərdi sahibkara yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyət növünə (fəaliyyət növünün adı göstərilməklə) lisenziya verildiyi tarixdən 30 (otuz) gün müddətində İqtisadiyyat Nazirliyi (bundan sonra — Nazirlik) ilə lisenziya sahibi arasında lisenziya müqaviləsi bağlanılır.
1.4. Lisenziya müqaviləsi yazılı formada bağlanılır (lisenziya müqaviləsinin forması əlavə olunur).
1.5. Lisenziya müqaviləsi müddətsiz bağlanır.
1.6. Bu Qaydada istifadə olunmuş anlayışlar "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda, habelə digər qanunvericilik aktlarında nəzərdə tutulan mənaları ifadə edir.
2. Lisenziya müqaviləsinin bağlanılması qaydası
2.1. Lisenziya sahibi qanunvericiliklə nəzərdə tutulmuş sənədlərlə yanaşı, 2 nüsxədə özü tərəfindən imzalanmış, hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyinə münasibətdə həm də möhürlənmiş lisenziya müqaviləsini Nazirliyə təqdim edir.
2.2. Nazirlik lisenziya verildiyi tarixdən 30 (otuz) gün ərzində lisenziya müqaviləsini imzalayaraq, lisenziya sahibinə təqdim edir.
2.3. Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, tərəflər bu müqavilənin imzalanmasından olaraq imtina edə bilməzlər.
3. Lisenziya müqaviləsinin qüvvəyə minməsi Lisenziya müqaviləsi müqavilənin bağlanması haqqında lisenziya sahibinə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verildiyi gün qüvvəyə minir.
4. Digər müddəalar
4.1. Lisenziya müqaviləsi lisenziya verildiyi tarixdən 30 (otuz) gün müddətində bağlanmadıqda, müvafiq lisenziya hüquqi nəticələr yaratmır.
4.2. Lisenziya müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilən qaydada ləğv oluna bilər.
"Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası"na Əlavə Lisenziya müqaviləsinin forması Nəzərə alaraq ki, aşağıda Lisenziya sahibi kimi istinad edilən ________________________________________________________________________________ ________________ tarixində yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyət növü üzrə (fəaliyyət növünün adı göstərilməklə) Lisenziya verilməsi üçün müraciət etmişdir; Nəzərə alaraq ki, lisenziyanın verilməsinə münasibətdə dövlət orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; Nəzərə alaraq ki, _________________ tarixində Lisenziya sahibinə _________________ nömrəli lisenziya verilmişdir; Nəzərə alaraq ki, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 19.8-1-ci və həmin Qanunun 1 nömrəli əlavəsinin 10-cu maddələrinə əsasən lisenziyanın verildiyi tarixdən 30 (otuz) gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsi bağlanılır.
1. Müqavilənin tərəfləri Bu Müqavilə bir tərəfdən, bundan sonra "Nazirlik" adlandırılacaq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və fəaliyyət göstərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (VÖEN: ____________) ________________________________________________________________________________ ________________________________________________________________________________ (səlahiyyətli şəxsinin vəzifəsi, soyadı, adı və atasının adı) və digər tərəfdən, bundan sonra "Lisenziya sahibi" adlandırılacaq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərən, ________________________________________________________________________________ _________________________________________ ünvanında yerləşən (VÖEN: ____________) ________________________________________________________________________________ (Lisenziya sahibinin adı) ________________________________________________________________________________ (səlahiyyətli şəxsinin vəzifəsi, soyadı, adı və atasının adı) arasında _______________________________________________ tarixdə bağlanmışdır. (gün, ay, il)
2. Əsas anlayışlar
2.1. Bu Müqavilədə aşağıdakı əsas anlayışlar istifadə edilir:
2.1.1. Lisenziya - yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyət növünün (fəaliyyət növünün adı göstərilməklə) həyata keçirilməsi üçün
"Lisenziya sahibi"nə verilən rəsmi sənəd;
2.1.2. Xidmətlər - yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı;
2.1.3. Müqavilə - Tərəflər arasında bağlanmış bu Müqavilə və bu Müqaviləyə edilən hər hansı əlavə və dəyişikliklər, habelə bu Müqaviləyə əlavə olunmuş hər hansı əlavə və qoşmalar;
2.1.4. Tərəflər - Lisenziya sahibi və Nazirlik.
3. Müqavilənin predmeti
3.1. Bu Müqavilə lisenziya üzrə Azərbaycan Respublikasının ərazisində Lisenziya sahibi tərəfindən yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı şərtlərini tənzimləyir.
3.2. Tərəflər razılaşırlar ki, lisenziyanın hüquqi qüvvədə qalması üçün hazırki Müqavilədə göstərilən öhdəliklərin bu Müqaviləyə və qanunvericiliyə riayət etməklə yerinə yetirilməsi mühüm şərtlərdəndir.
3.3. Lisenziya sahibi bəyan edir ki, fəaliyyət növünə dair Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş tələblərə cavab verir və hazırki Müqavilə qüvvədə olan müddət ərzində belə tələblərə cavab verəcəkdir.
4. Tətbiq olunan hüquq Bu müqavilə çərçivəsində Lisenziya sahibinin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi və bu Müqavilənin müddəaları ilə tənzimlənir.
5. Müqavilənin dili Müqavilə Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur. Tərəflərdən birinin müraciəti olduqda Müqavilə beynəlxalq təcrübədə geniş istifadə olunan dillərin birinə tərcümə oluna bilər.
6. Tərəflərin öhdəlikləri Bu Müqavilə üzrə tərəflərin aşağıdakı öhdəlikləri vardır:
6.1. Nazirliyin öhdəlikləri:
6.1.1. ərizəni "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə uyğun olaraq qəbul edərək qeydiyyata almaq;
6.1.2. qüvvədə olan qanunvericiliyə və Qaydaya uyğun olaraq müqaviləni imzalayaraq təsdiq etmək;
6.1.3. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər öhdəlikləri yerinə yetirmək.
6.2. Lisenziya sahibinin öhdəlikləri:
6.2.1. fəaliyyətini yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı sahəsində mövcud olan normativ hüquqi və normativ xarakterli aktlara uyğun təşkil etmək;
6.2.2. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanunundan və digər qanunvericilik aktlarından irəli gələn öhdəlikləri yerinə yetirmək;
6.2.3. lisenziya şərtlərinə riayət etmək;
6.2.4. lisenziyanın qüvvədə olduğu müddət ərzində fəaliyyət növü ilə əlaqədar ölçmə vasitələrinin "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğunun və texniki reqlamentlərlə əhatə olunan mallara münasibətdə "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şərait yaratmaq.
7. Hüquq və öhdəliklərin icrası, məsuliyyət
7.1. Tərəflər bu Müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üzrə məsuliyyət daşıyırlar.
7.2. Tərəflər Müqavilənin icrası ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra Müqaviləni imzalayırlar. Lisenziya sahibinin bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu Müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir.
7.3. Lisenziya sahibi Müqavilənin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərinə riayət edir və həmin qanunvericiliyin pozulması hallarına görə məsuliyyət daşıyır.
8. Müddət Bu Müqavilənin müddəti lisenziyalaşdırılma sahəsində Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun qaydada Nazirlik tərəfindən Lisenziya sahibinə verilən lisenziya kimi müddətsiz olaraq müəyyən edilir.
9. Hüquqların başqasına ötürülməsi
9.1. Lisenziya sahibin fəaliyyət növünə görə ona verilən lisenziyadan və bu Müqavilə üzrə hüquqlardan yalnız özü istifadə edə bilər və bu hüquqları üçüncü şəxslərə ötürə bilməz. Lisenziyanın və bu Müqavilənin qüvvəsi Lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, habelə Lisenziya sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.
9.2. Lisenziya sahibi, mövcud qanunvericiliyə və bu Müqavilənin şərtlərinə əməl edərək, özünün göstərəcəyi xidmətlərin təşkili ilə bağlı digər şəxslərlə müstəqil surətdə müqavilələr bağlaya bilər.
10. Müqavilənin dəyişdirilməsi, dayandırılması və ləğv edilməsi
10.1. Bu Müqavilənin dəyişdirilməsi, dayandırılması və ləğv edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir.
10.2. Bu Müqavilənin şərtlərinin dəyişdirilməsi, əgər qanunvericilikdə başqa qayda nəzərdə tutulmayıbsa, Tərəflərin qarşılıqlı razılığı əsasında aparılır.
10.3. Nazirlik dövlət təhlükəsizliyinə, məhdud təbii ehtiyatlardan istifadəyə, ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir, qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı
və əmlakı üçün təhlükə mövcud olduqda və qanunvericilikdə nəzərdə tutulan digər hallarda Müqaviləni birtərəfli qaydada ləğv edə, Müqaviləyə əlavə və dəyişiklik edə bilər. Dəyişikliklər Lisenziya sahibinin istifadəsində olan dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olan əmlakdan istifadənin məhdudlaşdırılmasına və lisensiyanın verilməsi şərtlərinə uyğun yeni öhdəliklərə aid ola bilər.
10.4. Yuxarıda qeyd olunan dəyişikliklər edildikdə və icra olunduqda, Nazirlik birtərəfli qaydada edilmiş əlavə və dəyişikliklər nəticəsində Lisenziya sahibinin çəkdiyi xərclərinin əvəzini ödəmək üçün öhdəlik və ya istənilən dolayı zərər ilə bağlı hər hansı məsuliyyət daşımır.
10.5. Lisenziya sahibi tərəfindən göstərilən fəaliyyət mövcud qanunvericiliyə uyğun olmadıqda, Nazirlik qanunvericilikdə nəzərdə tutulan qaydada Müqaviləni dayandıra və ya ləğv edə bilər.
10.6. Yuxarıda qeyd edilənlərə xələl gətirmədən, bu Müqavilə aşağıdakı hallarda da ləğv edilir:
10.6.1 "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq lisenziya ləğv edildikdə;
10.6.2. bu Müqaviləyə xitam verilməsi haqqında məhkəmənin müvafiq qərarı olduqda.
11. Fors major hallar
11.1. Fors-major vəziyyətində (təbii fəlakətlər, hərbi əməliyyatlar və sairə) Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi qanunvericiliyə uyğun həyata keçirilir.
11.2. Bu Müqavilənin icrasına fors-major hallar təsir göstərərsə, Tərəf, hadisə baş verən vaxtdan ən geci 3 (üç) gün keçənə qədər digər Tərəfi xəbərdar etməlidir.
12. Mübahisələrin həlli Tərəflər, bu Müqavilə ilə əlaqədar ortaya çıxan bütün anlaşılmazlıqları, Müqavilənin icrasından və ya ləğvindən irəli gələn hər hansı mübahisə və ya fikir ayrılığınıəvvəlcə öz aralarında müzakirə yolu ilə həll etməlidirlər. Razılıq əldə olunmadığı halda, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq məhkəmələrinə müraciət edilməklə həll edilir.
13. Məxfilik
13.1. Lisenziya sahibi xidmət istifadəçiləri və yaxud da üçüncü şəxslər tərəfindən verilən məlumatların məxfiliyini "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təmin etməyə zəmanət verir.
13.2. Tərəflər bu Müqavilə üzrə əldə etdiyi məlumatların məxfi saxlanılmasına təminat verirlər.
14. Yekun müddəalar
14.1. Lisenziya müqaviləsi müqavilənin bağlanması haqqında lisenziya sahibinə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verildiyi gün qüvvəyə minir və tərəflər üçün
məcburidir.
14.2. Bu Müqavilə eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib edilir və imzalandıqdan sonra bir nüsxə Nazirlikdə, digər nüsxəsi isə Lisenziya sahibində saxlanılır.
15. Tərəflərin imzaları və möhürləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ___________________________________ Səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı ___________________________________ və atasının adı İmza: ____________ M. Y.
Lisenziya sahibi __________________________________ Səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı ___________________________________ və atasının adı İmza: ____________ M. Y.