AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN KOLLEGİYASI QƏRAR № 3-17/3-5-20/2025 Bakı şəhəri 23 sentyabr 2025-ci il "Dövlət Geoloji İnformasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nın təsdiq edilməsi barədə "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin dördüncü abzasını və "Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası qərara alır:
1. "Dövlət Geoloji İnformasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarifİxtisas Sorğu Kitabçası" təsdiq edilsin (əlavə olunur).
2. Nazirliyin Aparatının Hüquq şöbəsinə (G. İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə çatdırılmasını təmin etsin.
3. Nazirliyin Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinə (F. Talıbov) tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarixdən 72 saat müddətində elektron daşıyıcıda mətn faylları formasında rəsmi dərc edilməsini təmin etsin.
4. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2025-ci 21 aprel tarixli 3-17/3-2-78/2025 nömrəli Əmri ilə müəyyən edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilsin. Kollegiyanın sədri Anar Əliyev "TƏSDİQ EDİLMİŞDİR" Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarı № 3-17/3-5-20/2025 23 sentyabr 2025-ci il DÖVLƏT GEOLOJİ İNFORMASİYA SAHƏSİNƏ AİD OLAN QULLUQÇU VƏZİFƏLƏRİNİN VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI GİRİŞ Dövlət geoloji informasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (bundan sonra - Kitabça) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57- ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır. Kitabçada dövlət geoloji informasiya sahəsi üzrə fəaliyyət göstərən Dövlət Geoloji İnformasiya Fondunun (bundan sonra — Fond) bu sahəyə aid edilən səciyyəvi qulluqçu vəzifələrinin (rəhbərlər, mütəxəssislər) tarif-ixtisas xüsusiyyətləri öz əksini tapmışdır. Tarifixtisas xüsusiyyətlərində göstərilən əməyin ödəniş dərəcələri Respublikada tətbiq edilən Vahid Tarif Cədvəlinə uyğun olaraq müəyyənləşdirilmişdir. Kitabçada hər bir vəzifənin tarif-ixtisas xüsusiyyətləri üç bölmədən ibarətdir: - "Əmək funksiyası" bölməsində bu vəzifəni tutan işçinin görməli olduğu işlərin həcmi və məzmunu; - "Bilməlidir" bölməsində işçinin qanunvericilik aktlarının, eləcə də yerinə yetirilən işin üsul və vasitələrini bilməsi kimi tələblər; - "Ödəniş dərəcəsinə ixtisas tələbləri" bölməsində işçinin ixtisas və əmək stajı, eləcə də işinin xüsusiyyətləri ilə bağlı tələblər. Kitabça dövlət geoloji informasiya sahəsinə aid edilən qulluqçu vəzifələrini tutan işçilərin əsas əmək funksiyalarını, onların hüquq və məsuliyyətini əks etdirən vəzifə təlimatlarının hazırlanmasında, əməyinin ödəniş dərəcələrinin müəyyənləşdirilməsində, kadrların seçilməsi və yerdəyişməsində, ixtisaslarından asılı olaraq onların məşğulluğunun səmərəli təmin edilməsinə nəzarətin həyata keçirilməsində, işçilərin attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ hüquqi akt olaraq tətbiq edilir. Fondun idarə edilməsində Kitabçada göstərilən əsas əmək funksiyaları nəzərə alınmaqla hər bir işçinin əmək müqaviləsində (kontraktında) yerinə yetirməli olduğu işin və ya göstərməli olduğu xidmətin dairəsi dəqiq və birmənalı müəyyən edilməlidir. Kitabçada müəyyən edilmiş təhsil səviyyəsinə, əmək stajına (tələb qoyulduqda), əlavə təhsilə və digər ixtisas tələblərinə malik olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi təcrübəsi olan işçilər attestasiya olunanadək və ya attestasiyadan sonra işçilərin attestasiya komissiyasının rəyi əsasında tutduqları vəzifədə çalışa bilərlər. Kitabçanın qüvvəyə mindiyi vaxtdan sonrakı dövrdə işə qəbul edilən işçilərə Kitabça ilə müəyyən edilmiş ixtisas tələbləri tətbiq edilir. Kitabçada göstərilməyən qulluqçu vəzifələrinin və fəhlə peşələrinin əməyinin ödəniş dərəcələrini və tarif-ixtisas xüsusiyyətlərini təyin etmək üçün qüvvədə olan iqtisadiyyatın aidiyyəti sahələrinin qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçalarından istifadə edilir. Dövlət geoloji informasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin adı və əməyinin ödəniş dərəcələri diapazonu Sıra №-si Vəzifələrin adları Ödəniş dərəcələri diapazonu 1 2 3
1. Rəhbərlər
1. Fondun rəisi 18-19
2. Fondun rəis müavini -
3. Geoloji informasiyanın sistemləşdirilməsi və idarə edilməsi üzrə qrup rəhbəri 15-17
4. Geoloji informasiya bankının yaradılması və rəqəmsallaşdırılması üzrə qrup rəhbəri 15-17
2. Mütəxəssislər
5. Baş mütəxəssislər Məxfi işlər üzrə Geoloji informasiyanın sistemləşdirilməsi və idarə edilməsi üzrə Geoloji informasiya bankının yaradılması və rəqəmsallaşdırılması üzrə Muzey işləri üzrə Kitabxana işləri üzrə 15-17
6. Aparıcı mütəxəssislər Arxiv işləri üzrə Geoloji informasiya bankının yaradılması və rəqəmsallaşdırılması üzrə 12-13
7. Mütəxəssislər Geoloji informasiyanın sistemləşdirilməsi və idarə edilməsi üzrə Geoloji informasiya bankının yaradılması və rəqəmsallaşdırılması üzrə 9-11 TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ
1. RƏHBƏRLƏR Fondun rəisi Əmək funksiyası Fondun əsasnaməsinə uyğun onun fəaliyyətini təşkil edir. Fondun fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan əmrlər verir və onların icrasına nəzarəti həyata keçirir. Fondun işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (bundan sonra - Nazirlik) təkliflər verir. Fondun işçiləri arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir. Fondun işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin əməyin ödənişi fondu çərçivəsində verilməsi üçün Nazirliyə təkliflərini təqdim edir. Nazirliyin iş planında və kollegiyasının qərarlarında, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin əmr, sərəncam, qərar və göstərişlərində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir. Fonda dövlət büdcəsindən ayrılan və qanunla müəyyən edilən digər mənbələrdən daxil olan vəsaitin xərclənməsinə dair hesabatları rübdə bir dəfə Nazirliyə və aidiyyəti qurumlara təqdim edir. Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) ona mənsub bölməsində mineral-xammal ehtiyatlarının vəziyyətinin qiymətləndirilməsi və ondan səmərəli istifadənin uçotunun təşkili, yer təkinin plana uyğun və kompleks şəkildə geoloji cəhətdən öyrənilməsinə dair informasiyanın vahid sistem üzrə toplanması, sistemləşdirilməsi, saxlanması və istifadəsi sahəsinin (bundan sonra — müvafiq sahə) inkişafına dair təklifləri, Fondun fəaliyyətinə dair illik hesabatları Nazirliyə təqdim edir. Nazirliyin razılığı ilə dövlət və yerli özünüidarəetmə qurumlarında, habelə hüquqi şəxslərlə münasibətlərdə və məhkəmələrdə Fondu təmsil edir. Müəyyən olunmuş əməyin ödəniş fondu və işçilərin say həddi daxilində Fondun strukturunu, ştat cədvəlini və xərclər smetasını, habelə struktur bölmələrinin əsasnamələrini təsdiq olunmaq üçün Nazirliyə təqdim edir. Daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericiliyə uyğun qaydada baxılmasını təşkil edir. Fondun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirliyə təkliflər verir. Kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir. İşçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür. Arxiv sənədlərinin elektronlaşdırılması ilə bağlı davamlı tədbirlər görür. Azərbaycan Geologiya Muzeyinin (bundan sonra — Muzey) faydalı qazıntı yataqları və təzahürləri üzrə daş materialları kolleksiyası ilə zənginləşdirilməsini təşkil edir. Fonda aid olan elmi-texniki informasiya və dövri ədəbiyyat materiallarını zənginləşdirir, onların mühafizəsini və istifadəyə verilməsini təşkil edir. Fondda saxlanılan bütün növ geoloji informasiyanın toplanmasının, sistemləşdirilməsinin, mühafizəsinin və səmərəli istifadəsinin təmin edilməsinə nəzarəti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 351 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "İstifadəyə verilən yerin təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydaları"na əsasən geoloji öyrənilməsi, faydalı qazıntıların çıxarılması, eləcə də onların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən yer təki sahələri və onlarla əlaqədar müvafiq işlərin dövlət uçotunu və dövlət qeydiyyatını həyata keçirir. Daimi mühafizə olunmalı və müvəqqəti mühafizə müddəti 75 il müəyyən edilmiş sənədlərin siyahısının hazırlanmasına, arxiv sənədləri əsasında arayışın və ya sənədin surətinin verilməsinə, Fondda saxlanma müddəti bitən elmi-praktiki əhəmiyyətini itirmiş arxiv sənədlərinin saxlanılma müddəti göstərilməklə məhv edilməsinə nəzarət edir. Sifarişçilərin sifarişinə əsasən geoloji informasiyanın fiziki və hüquqi şəxslərə verilməsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtləri"nə uyğun nəzarət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 noyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası faydalı qazıntı yataq və təzahürlərinin Dövlət kadastrı haqqında Əsasnamə"yə uyğun olaraq yataq və təzahürlərin kadastrının tərtib edilməsinə nəzarət edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə sahəsində tələblərin düzgün yerinə yetirilməsi üçün tədbirlər görür. Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əmək, inzibati xətalar və cinayət qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını. Ödəniş dərəcəsinə ixtisas tələbləri: 18-ci dərəcə: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, təbiət ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil və rəhbər vəzifədə 5 ildən az olmayaraq əmək stajı olduqda; 19-cu dərəcə: yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi və 5 ildən az olmayaraq əmək stajı və yaxud xidmət etdiyi sahə üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda. Fondun rəis müavini Əmək funksiyası: Fondun rəisi tərəfindən müəyyənləşdirilmiş istiqamətlər üzrə fəaliyyət göstərir. Fondun işini fəaliyyət istiqamətinə uyğun olaraq təşkil edir. Müvafiq sahə üzrə beynəlxalq təcrübənin öyrənilməsini təmin edir. Kargüzarlıq işlərinin aparılması və məxfilik rejiminin təmin edilməsi ilə bağlı tədbirlər görür. İşçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür. Fondun inkişafına dair təklifləri və fəaliyyətinə dair illik hesabatları Fondun rəisinə təqdim edir. Fonda aid olan elmi-texniki informasiyanın və dövri ədəbiyyat materiallarının zənginləşdirilməsini, onların mühafizəsinin və istifadəsinin təşkilini təmin edir. Azərbaycan Respublikasının elmi müəssisə və təşkilatları ilə qarşılıqlı bilik və bacarıq mübadiləsi işini təşkil edir. Geoloji informasiyadan istifadənin vaxtında, operativ və dəqiq təmin edilməsi istiqamətində işlər görür. Fondun rəisinin tapşırığı əsasında tədbirlərdə, iclaslarda və konfranslarda Fondu təmsil edir. İşçilərin mükafatlandırılması, o cümlədən əmək və icra intizamını pozan işçilərə intizam tənbehi verilməsi üçün təqdimat hazırlayır. İşçilərin iş səviyyəsinin artırılması üçün onların təlimlərə və seminarlara cəlb edilməsinə dair təkliflər verir, yaradıcılıq təşəbbüsünün inkişafına köməklik göstərir və onların işini istiqamətləndirir. Fondun struktur bölmələrinin fəaliyyətini təhlil edir və qiymətləndirir. Dövlət orqanlarının normativ hüquqi aktlarda ifadə edilən adlarına tam uyğun olan arayışın və ya Fondla bağlı sənədlərin surətinin arxiv sənədləri əsasında verilməsini təmin edir. Fond tərəfindən işçilər barədə onların pensiya hüquqlarının həyata keçirilməsi ilə bağlı verilmiş sənədlərin düzgünlüyünün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - DSMF) əməkdaşları ilə birlikdə yoxlanılmasına və nəticələrinə dair aktın tərtib edilməsinə nəzarət edir. Vətəndaşların və DSMF-nin müraciəti əsasında Fondda mövcud olan arxiv sənədlərindən istifadə etməklə həmin vətəndaşın iş (sığorta) stajına, o cümlədən güzəştli iş stajına və əmək haqqına dair arayışların hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsini təşkil edir. Bütün növ geoloji informasiyanın hazırlanmasını təmin edir. Faydalı qazıntı yataqlarının Dövlət və Sahə Balanslarının, kadastrının hazırlanması məqsədilə işçilərə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 293 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Faydalı qazıntı ehtiyatlarının dövlət balansının aparılması Qaydaları"na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 noyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası faydalı qazıntı yataq və təzahürlərinin Dövlət kadastrı haqqında Əsasnamə"yə uyğun təlimatlar verir. İşçilər tərəfindən müəssisədaxili qaydalara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edir, tapşırıq və tövsiyələr verir. Fondun gələcək iş planı ilə bağlı konsepsiyasını Fondun rəisinə təqdim edir. Müəyyən səbəblərdən (ezamiyyət, məzuniyyət və s. hallarda) Fondun rəisi işdə olmadıqda onun əmək funksiyalarını yerinə yetirir. Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əmək qanunvericiliyini, müvafiq sahəyə uyğun olaraq inzibati xətalar və cinayət qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, Nazirliyin qərar, göstəriş, əmrlərini. Ödəniş dərəcəsinə ixtisas tələbləri: təbiət ixtisasları qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil və rəhbər vəzifədə 5 ildən az olmayaraq əmək stajı olduqda. Aylıq vəzifə maaşı Fondun rəisinin aylıq vəzifə maaşından 10% aşağı məbləğdə müəyyən edilir. Geoloji informasiyanın sistemləşdirilməsi və idarə edilməsi üzrə qrup rəhbəri Əmək funksiyası: Yerin təkinin geoloji öyrənilməsi, faydalı qazıntıların çıxarılması, eləcə də onların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində kompleks geoekoloji, təcrübi metodik, aero və kosmogeoloji axtarış, geoloji-kəşfiyyat işlərinin, o cümlədən kondisiyaların (faydalı qazıntının sənayedə istifadəsinə cavab verən miqdarı və keyfiyyəti), dövlət standartlarının dəyişməsi ilə əlaqədar mineral xammal bazasının yenidən hesablanmasına dair sənədlərin dövlət qeydiyyatına alınmasını həyata keçirir. Geoloji öyrənilmə məqsədilə yeni ayrılmış yerin təki sahələri üzrə paralelizmə yol verilməməsi üçün araşdırma aparır. Dövlət qeydiyyatından keçirilmiş geoloji işlərin sənədləri yerin təkinin öyrənilməsinə dair tamamlanmış, konservasiya edilmiş geoloji və hidrogeoloji hesabatları, elmi-tədqiqat, tematik və təcrübi metodik işlər və onların nəticələri əsasında tərtib edilmiş geoloji məzmunlu xəritələrin dövlət uçotuna alınmasına nəzarət edir. Sənaye, hidrotexniki, mülki, yeraltı və digər qurğuların, dəmir və şosse yollarının, qaz və neft kəmərlərinin, suötürücülərin, metropoliten, magistral kanalların layihələndirilməsi və s. tikintisi ilə əlaqədar mühəndis geoloji işlər üzrə aparılan araşdırmaları, fəaliyyətdə olan, layihələndirilən, tikilən dağ-mədən müəssisələrinin mineral-xammal ehtiyatları ilə təmin olunmasının səviyyəsi haqqında məlumatların dövlət uçotuna alınması və onunla əlaqədar digər işlərin yerinə yetirilməsini təşkil edir. Faydalı qazıntı ehtiyatlarının balans və balansdankənar ehtiyatlar qrupu üzrə təsnifləşdirilməsi, istismar işləri aparılan və ehtiyatı tükənmiş yataqlar haqqında məlumatların Fonda qəbul edilməsini həyata keçirir. Daimi və müvəqqəti kondisiyaya cavab verən faydalı qazıntı yataqlarının ilk və son qalıq ehtiyatları, texniki səbəbdən yerin təkində saxlanılan və gələcəkdə istismarı mümkün ola bilən qalıq ehtiyatları, istismar işləri aparılan faydalı qazıntı ehtiyatlarının nəticələrinə əsasən Dövlət Balansının hazırlanmasını həyata keçirir. Faydalı qazıntı yataqlarının kompleks istifadəsi, onların işlənilməsi ilə əlaqədar infrastrukturun səmərəli inkişafı və yerləşdirilməsi məqsədilə hər bir yatağın dağ-mədən, texniki, hidrogeoloji, ekoloji şəraiti və geoloji-iqtisadi qiymətləndirilməsini səciyyələndirən Dövlət kadastrının hazırlanmasını təşkil edir. Yerin təkinin öyrənilməsi, yeni növ yataqların və təzahürlərin aşkar edilməsi, o cümlədən yeraltı şirin, mineral və termal suların monitorinq müşahidəsi və yenilərinin kəşf edilməsinə dair bütün növ hesabatların Fonda qəbul edilməsini və istifadəsini həyata keçirir. Daxil olan sorğular əsasında qazılmış müşahidə, kəşfiyyat və istismar quyularının yerinin müəyyənləşdirilməsi və həmin quyuların litoloji kəsilişi və parametrləri haqqında informasiyanın hazırlanması istiqamətində işçilərinə göstərişlər verir. Fondda mövcud mənbəyə əsasən ərazi üzrə müəyyən edilmiş aerasiya və qrunt suları, artezian hövzəsi, sulu horizontların rejimi barədə informasiyanın hazırlanmasını təmin edir. Ölkə ərazisində təhlükə potensiallı ərazilərin (sürüşmə, zəlzələ, qrunt suları vasitəsilə subasma və digər ekzogen geoloji proseslər baş verən ərazilər) kartotekasının hazırlanmasını təşkil edir. Radioaktiv anomaliyalarla bağlı hazırlanmış informasiyanın sistemləşdirilməsi işlərinin görülməsinə dair nəzarəti həyata keçirir. Sifarişçilərin sifarişinə əsasən geoloji informasiyanın fiziki və hüquqi şəxslərə verilməsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtləri"nə uyğun həyata keçirir. Fondun rəisinin tapşığına əsasən Fondda saxlanma müddəti bitən elmi-praktiki əhəmiyyətini itirmiş arxiv sənədlərinin məhv edilməsini təşkil edir. Fondda saxlanılan arxiv sənədləri əsasında arayışların və ya sənədlərin surətinin verilməsini təmin edir. DSMF-nin əməkdaşları ilə birgə sənədlərin düzgünlüyünün yoxlanılmasını və aktın tərtib edilməsini təşkil edir. Daimi və müvəqqəti mühafizə edilməli sənədlərin siyahısının hazırlanmasını və sistemləşdirilməsini təşkil edir. Vətəndaşların və DSMF-nin müraciəti əsasında Fondda mövcud olan arxiv sənədlərindən istifadə etməklə həmin vətəndaşın iş (sığorta) stajına, o cümlədən güzəştli iş stajına və əmək haqqına dair arayışların hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsini təşkil edir. İşçilərlə iş planının hazırlanması istiqamətində müzakirələr aparır və aylıq, rüblük, illik hesabatları hazırlayır. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə qaydalarının işçilərə öyrədilməsi işini təşkil edir və onlara işçilər tərəfindən düzgün əməl olunmasına nəzarət edir, işçilərin bilik səviyyələrinin artırılması və görülən işlərin yerinə yetirilməsi üçün tövsiyə və tapşırıqlar verir. Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, Nazirliyin qərar, göstəriş, əmrlərini. Ödəniş dərəcəsinə ixtisas tələbləri: təbiət ixtisasları qrupu üzrə ali təhsil. 15-ci dərəcə: xidmət etdiyi sahə üzrə 3 ildən az olmayaraq iş stajı olduqda; 16-cı dərəcə: xidmət etdiyi sahə üzrə 5 ildən az olmayaraq iş stajı olduqda; 17-ci dərəcə: xidmət etdiyi sahə üzrə 8 ildən az olmayaraq iş stajı olduqda. Geoloji informasiya bankının yaradılması və rəqəmsallaşdırılması üzrə qrup rəhbəri Əmək funksiyası: Bütün növ geoloji hesabatların daimi mühafizəsi üçün Fonda daxil olan geoloji informasiyanı Nazirliyin 2004-cü il 22 mart tarixli 183-Ü nömrəli əmri ilə təsdiq edilmiş "Yer təkinin geoloji öyrənilməsi haqqında hesabatların tərkibi və tərtibatı üzrə Təlimat"a uyğun yoxlayır, qeydiyyatını aparır, inventar nömrə verir və elektron kartotekasını hazırlayır. Yerin təkinin geoloji öyrənilməsi üzrə bütün növ hesabatların qəbul edilməsini, müxtəlif ölçülü xəritələrin və Nazirliyin Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyasının (bundan sonra - Komissiya) protokollarının Nazirliyin 2004-cü il 22 mart tarixli 183-Ü nömrəli əmri ilə təsdiq edilmiş "Yer təkinin geoloji öyrənilməsi haqqında hesabatların tərkibi və tərtibatı üzrə Təlimat"a əsasən yoxlanılmasını və qəbulunu, inventarlaşdırılmasını, sistemləşdirilməsini, kataloqlaşdırılaraq saxlanılmasını təşkil edir. Fonda daxil olan hesabatların strukturu, tərtibat qaydaları, məlumat vərəqi, icraçıların siyahısı, hesabatda olan şəkil, qrafik və cədvəllərin, o cümlədən mətn və cizgi əlavələrinin siyahısının yoxlanılmasını həyata keçirir. Ayrılmış yerin təki sahəsinin geoloji öyrənilmə vərəqlərinin qəbulunu, toplanmasını, sistemləşdirilməsini və elektronlaşdırılmasını təşkil edir. Sifarişçilərin sifarişinə əsasən geoloji informasiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtləri"nə uyğun hazırlayır, qeydiyyatını aparır, onların daimi saxlanc yerlərinə yığılmasını təmin edir. Dövlət balansına alınmış, eləcə də yeni daxil olan bütün növ faydalı qazıntı yataq və təzahürlərinin pasportlarını son statistik göstəricilərə uyğun formatda tərtib edir. Yerin təkinin geoloji öyrənilməsi üzrə bütün növ hesabatları, müxtəlif ölçülü xəritələri və protokolları elektronlaşmaya hazırlayır, elektronlaşdırılmış materialların yoxlanılaraq qəbul edilməsini təmin edir. Köhnəlmə dərəcəsindən asılı olaraq hesabatların restavrasiyasını (bərpasını) həyata keçirir. Fiziki və hüquqi şəxslərin müraciətləri əsasında Fond materiallarının elektron variantda hazırlanaraq aidiyyəti fiziki və hüquqi şəxslərə təhvil verilməsini təmin edir. Nazirlik və onun qurumları tərəfindən həyata keçirilən dövlət sifarişi layihələrinin yerinə yetirilməsi istiqamətində bütün növ məlumat xarakterli statistik geoloji informasiyaları hazırlayır. Fond materiallarına əsasən geoloji informasiyanın dövlət orqanları və təşkilatlarına, ayrı-ayrı fiziki və hüquqi şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada verilməsini həyata keçirir. Fondda toplanan və ölkənin ərazisində aparılan istismar və geoloji kəşfiyyat işləri nəticəsində əldə edilən yerin təki haqqında geoloji informasiyanın təhlili və ümumiləşdirilməsini, ərazinin geoloji, geofiziki, hidrogeoloji və mühəndis-geoloji öyrənilmə kartoqramlarını tərtib edir. Ali təhsil müəssisələrinin müraciətləri əsasında həmin müəssisələrin tələbələrinin Fondda təcrübə keçməsini təmin edir. İş planının hazırlanması istiqamətində işçilərlə müzakirələr aparır və aylıq, rüblük, illik hesabatlar hazırlayır. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə qaydalarının işçilərə öyrədilməsi işini təşkil edir və onlara işçilər tərəfindən düzgün əməl olunmasına nəzarət edir, işçilərin bilik səviyyələrinin artırılması və görülən işlərin yerinə yetirilməsi üçün tövsiyə və tapşırıqlar verir. Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, Nazirliyin qərar, göstəriş, əmrlərini. Ödəniş dərəcəsinə ixtisas tələbləri: təbiət ixtisasları qrupu üzrə ali təhsil. 15-ci dərəcə: xidmət etdiyi sahə üzrə 3 ildən az olmayaraq iş stajı olduqda; 16-cı dərəcə: xidmət etdiyi sahə üzrə 5 ildən az olmayaraq iş stajı olduqda; 17-ci dərəcə: xidmət etdiyi sahə üzrə 8 ildən az olmayaraq iş stajı olduqda.
2. Mütəxəssislər Baş mütəxəssislər Məxfi işlər üzrə Əmək funksiyası: Dövlət sirri təşkil edən məlumatların sənədləşməsini təşkil edir. Daxil olan sənədlərin komplektləşdirilməsini, saxlanılmasını, qeydiyyatını, mühafizəsini və istifadəsini Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 179 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası"na əsasən təmin edir. İnformasiyanın konfidensiallığını təmin edir. Saxlanılan sənədlərə nəzarət edir, Fondun vəzifə nomenklaturu üzrə məxfi materiallarla işləməli şəxslərin buraxılışlarının açılması və ləğv edilməsi haqqında Nazirliyin dövlət sirrinin mühafizəsi üzrə struktur bölməsinə mütəmadi məlumat verir. Dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılmış şəxsləri məxfilik rejimi məsələləri üzrə təlimatlandırır. Dövlət sirri təşkil edən məlumat daşıyıcısı olan informasiyanın işlənib hazırlanması, layihələndirilməsi və məhv edilməsi prosesində məxfilik rejiminin təmin olunması üzrə tədbirlərin keçirilməsini təşkil edir və ona nəzarəti həyata keçirir. Səlahiyyəti çərçivəsində fəaliyyətinə dair icrası məcburi olan əmr və göstərişlərin icrasını təşkil edir və yoxlayır, il ərzində görülmüş işlər haqqında Nazirliyin dövlət sirrinin mühafizəsi üzrə struktur bölməsinə illik hesabat verir, səlahiyyətində olan sənədlərə və işlərə nəzarət edir, onların təhlükəsizliyini və mühafizəsini təmin edir. Əmək funksiyalarına uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra edir. Sistemləşdirilən məlumatlar əsasında Nazirliyin aparatını və digər tabeli qurumlarını Fondda mövcud olan geoloji informasiya və arxiv sənədlərindən çıxarışlarla təmin edir. Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, Nazirliyin qərar, göstəriş, əmrlərini. Ödəniş dərəcəsinə ixtisas tələbləri: təbiət ixtisasları qrupu, humanitar və sosial ixtisaslar qrupu üzrə ali təhsil. 15-ci dərəcə: əmək stajına tələb qoyulmadan; 16-cı dərəcə: xidmət etdiyi sahə üzrə 3 ildən az olmayaraq iş stajı olduqda; 17-ci dərəcə: xidmət etdiyi sahə üzrə 5 ildən az olmayaraq iş stajı olduqda. Geoloji informasiyanın sistemləşdirilməsi və idarə edilməsi üzrə Əmək funksiyası: Azərbaycan Respublikası ərazisində geoloji, hidrogeoloji, mühəndisgeoloji, geoekoloji, geokimyəvi öyrənilmənin, faydalı qazıntıların çıxarılması və çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadəyə verilən yerin təki sahələrinin kartoqramlarını hazırlayır. Sifarişçilərin sifarişi əsasında geoloji informasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtləri"nə və 1999-cu 15 oktyabr tarixli 164 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası"na uyğun verilməsini həyata keçirir. Sorğu əsasında qazılmış müşahidə, kəşfiyyat və istismar quyularının yerini müəyyənləşdirmək və həmin quyuların litoloji kəsilişi və parametrləri haqqında, eləcə də ərazi üzrə müəyyən edilmiş aerasiya və qrunt suları, artezian hövzəsi, sulu horizontların rejimi barədə informasiyanı hazırlayır. Azərbaycan Respublikası ərazisində təhlükə potensiallı ərazilərin (sürüşmə, zəlzələ, qrunt suları vasitəsilə subasma və digər ekzogen geoloji proseslər baş verən ərazilər) kartotekasının hazırlanmasını həyata keçirir. Sürüşmə ərazilərinin xronologiyasını hazırlayır. Radioaktiv anomaliyalarla bağlı hazırlanmış informasiyanın sistemləşdirilməsi işlərini görür. Fonda daxil olan geoloji materialların coğrafi, yataqlar, müəlliflər, topoxəritədə mövqeyi, planaalma, filiz, qeyri-filiz olmaqla kataloqunun hazırlanması və hər bölmə üzrə kartotekada yerləşdirilməsi işini görür. 3 GK (geoloji öyrənilmə məqsədilə ayrılan yerin təki sahələrinə dövlət qeydiyyatı nömrəsinin verilməsi üçün tərtib olunan geoloji kəşfiyyat blankı forması) formalarının qəbul edilməsi və uçotunun aparılması işlərini görür. Dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlərin düzgünlüyünü yoxlayır. İstifadəyə verilən yerin təki sahələri və onlarla əlaqədar işlərin qeydiyyatı zamanı hər bir işə dövlət qeydiyyat nömrəsini verir. Geoloji öyrənilmənin növləri və miqyasları üzrə cədvəlləri tərtib edir. Axtarış, axtarışqiymətləndirmə və axtarış-təftiş işləri nəticəsində aşkar edilmiş faydalı qazıntı yataqlarının və sahələrinin Sahə Balansı kitabının hazırlanmasını təmin edir. İstismar edilmiş yataqların hasilat haqqında 5 GK (geoloji kəşfiyyat) hesabatlarına əsasən qalıq ehtiyatlarını hesablayaraq balansda qeydə alır. Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, Nazirliyin qərar, göstəriş, əmrlərini. Ödəniş dərəcəsinə ixtisas tələbləri: təbiət ixtisasları qrupu üzrə ali təhsil. 15-ci dərəcə: əmək stajına tələb qoyulmadan; 16-cı dərəcə: xidmət etdiyi sahə üzrə 3 ildən az olmayaraq iş stajı olduqda; 17-ci dərəcə: xidmət etdiyi sahə üzrə 5 ildən az olmayaraq iş stajı olduqda. Geoloji informasiya bankının yaradılması və rəqəmsallaşdırılması üzrə Əmək funksiyası: Bütün növ geoloji hesabatları Nazirliyin 2004-cü il 22 mart tarixli 183- Ünömrəli əmri ilə təsdiq edilmiş "Yer təkinin geoloji öyrənilməsi haqqında hesabatların tərkibi və tərtibatı üzrə Təlimat"a uyğun yoxlayır, qeydiyyatını aparır, inventar nömrə verir və elektron kartotekasını hazırlayır. Yerin təkinin geoloji öyrənilməsi üzrə bütün növ geoloji hesabatların toplanmasını və sistemləşdirilməsini təmin edir. Faydalı qazıntı yataqlarının Dövlət balansı kitablarını (qeyri-filiz, filiz, inşaat materialları, yeraltı sular) tərtib edir. Fonda daxil edilmiş hesabatların öyrənilmə və məlumat vərəqlərini yoxlayr. Faydalı qazıntı yataqlarının pasportlarını tərtib edir. Yerin təki sahələrinin dövlət qeydiyyatının aparılması işlərini təmin edir. Fondda toplanan və ölkənin ərazisində aparılan istismar və geoloji kəşfiyyat işləri aparılan ərazinin geoloji, geofiziki, hidrogeoloji və mühəndis-geoloji öyrənilmə kartoqramlarını tərtib edir. Geoloji informasiyanın rəqəmsallaşdırılması məqsədilə Fonddakı hesabatların elektronlaşdırılmasını həyata keçirir. Dövlət qeydiyyatı verilmiş sahələrdə aparılan geoloji işlərin qeydiyyatını elektron qaydada həyata keçirir. Geoloji işlərin yerinə yetirilməsinə çəkilən maliyyə xərclərinin silinməsi üçün geoloji materialı Fonda qəbul etdikdən sonra bildiriş verilməsini təmin edir. Dövlət qeydiyyatından keçməyən hesabatları müəyyənləşdirir və rəhbərliyə məlumat verir. Sifarişçilərin sifarişi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtləri"nə uyğun Fond materiallarından informasiyanı hazırlayır və qeydiyyatını aparır, onun icraçılardan təhvil alınaraq daimi saxlanc yerlərinə yığılmasını təmin edir. Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, Nazirliyin qərar, göstəriş, əmrlərini. Ödəniş dərəcəsinə ixtisas tələbləri: təbiət ixtisasları qrupu üzrə ali təhsil. 15-ci dərəcə: əmək stajına tələb qoyulmadan; 16-cı dərəcə: xidmət etdiyi sahə üzrə 3 ildən az olmayaraq iş stajı olduqda; 17-ci dərəcə: xidmət etdiyi sahə üzrə 5 ildən az olmayaraq iş stajı olduqda. Muzey işləri üzrə Əmək funksiyası: Muzeyin faydalı qazıntı yataqları və təzahürləri üzrə daş materialları kolleksiyası ilə zənginləşdirilməsinin təşkilində iştirak edir. Muzeyə gələn ziyarətçilərin elmi-mədəni baxışlarının formalaşmasına kömək üçün ölkənin mineral-xammal bazasını səciyyələndirən yataqlarından, habelə dünya faydalı qazıntı yataqlarından toplanmış süxur, mineral və filiz nümunələri ilə tanış edir, təbliğini və təşviqini təmin edir. Muzeyə gətirilən süxur, mineral və filiz nümunələrinin qeydiyyatını apararaq sənədləşdirilməsini və bölmələr üzrə sistemləşdirilməsini təmin edir. Muzeyə marağı artırmaq üçün "Muzeylər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən media subyektləri və aidiyyəti dövlət qurumları və özəl qurumlarla əlaqə yaradır. Muzeylərlə sərgi mübadiləsinin aparılması məqsədilə müqavilələrin bağlanılmasını təmin edir. Muzey fondunun təkmilləşdirilməsini, onların öyrənilməsini və mühafizəsini təmin edir. Süxur, mineral və filiz nümunələrinin kataloqunu hazırlayır. Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, Nazirliyin qərar, göstəriş, əmrlərini. Ödəniş dərəcəsinə ixtisas tələbləri: mədəniyyət və incəsənət ixtisasları qrupu üzrə ali təhsil, təbiət ixtisasları qrupu üzrə ali təhsil və ya mədəniyyət və incəsənət ixtisasları qrupu üzrə orta təhsil. 15-ci dərəcə: əmək stajına tələb qoyulmadan; 16-cı dərəcə: xidmət etdiyi sahə üzrə 3 ildən az olmayaraq iş stajı olduqda; 17-ci dərəcə: xidmət etdiyi sahə üzrə 5 ildən az olmayaraq iş stajı olduqda. Kitabxana işləri üzrə Əmək funksiyası: Fonda aid olan elmi-texniki informasiya və dövri ədəbiyyat materiallarının zənginləşdirilməsində, onların mühafizəsinin və istifadəsinin təmin edilməsində iştirak edir. Təbii ehtiyatların hər hansı növlərinin istismarı və istifadəsi, eləcə də ekzogen geoloji proseslər nəticəsində dövriyyədən çıxmış torpaqlar, ekoloji cəhətdən çirklənmiş çaylar, su axarları, göllər, sututarları üzrə informasiyanın toplanması, sistemləşdirilməsi, mühafizəsi və istifadəsini təmin edir. Ekoloji təhlükəsizlik, ətraf mühitin mühafizəsi, təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyət nəticəsində dəyən zərərin qiymətləndirilməsi üzrə informasiyanın toplanması, sistemləşdirilməsi, mühafizəsi və istifadəsini təmin edir. Ekologiya və geologiyanın müxtəlif bölmələri üzrə elmi nəşrlərin sərgisi planının hazırlanmasını və sərgilərin ayda bir dəfə keçirilməsini təşkil edir. Elmi-texniki informasiya və dövri ədəbiyyat materialları kataloqunun (yazılı və elektron) hazırlanmasını və elektronlaşdırılmasını təşkil edir. Daxil olmuş yeni nəşrlərin siyahısını hazırlayır və kitabxana fonduna daxil edir. Kitabxana fondunun komplektləşdirilməsi və təşkili, oxuculara xidməti, metodik işləri və s. görmək məqsədilə illik plan hazırlanması işlərini təşkil edir. Elmi-texniki informasiya və dövri ədəbiyyat materiallarının mühafizəsi işini təşkil edir. Oxucuların sərbəst surətdə informasiya almaq hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə və kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatını ödəmək üçün üzərinə düşən öhdəlikləri həyata keçirir. Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, Nazirliyin qərar, göstəriş, əmrlərini. Ödəniş dərəcəsinə ixtisas tələbləri: təbiət ixtisasları qrupu, humanitar və sosial ixtisasları qrupu üzrə ali təhsil və ya humanitar və sosial ixtisaslar qrupu üzrə orta ixtisas təhsil. 15-ci dərəcə: iş stajına tələb qoyulmadan xidmət etdiyi sahə üzrə ali təhsil və ya 3 ildən az olmayaraq iş stajı və orta ixtisas təhsili olduqda; 16-cı dərəcə: xidmət etdiyi sahə üzrə 3 ildən az olmayaraq iş stajı və ali təhsil və ya 5 ildən az olmayaraq iş stajı və orta ixtisas təhsili olduqda. 17-ci dərəcə: xidmət etdiyi sahə üzrə 5 ildən az olmayaraq iş stajı və ali təhsil və ya 8 ildən az olmayaraq iş stajı və orta ixtisas təhsili olduqda. Aparıcı mütəxəssislər Arxiv işləri üzrə Əmək funksiyası: Azərbaycan Respublikası faydalı qazıntı ehtiyatlarının qeyri-filizlər üzrə balansının aparılmasını təmin edir. Sifarişçilərin sifarişi əsasında informasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtləri"nə və 1999-cu 15 oktyabr tarixli 164 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası"na uyğun verilməsini həyata keçirir. Dövlət qeydiyyatına alınmış işlər tamamlandıqdan sonra onların siyahısını hazırlayır. Bütün növ geoloji və arxiv işləri üzrə qeydiyyat jurnallarını hazırlayır. Nazirlik əməkdaşlarının müraciəti əsasında sənədlərin surətinin verilməsini təmin edir. Ölkə ərazisində təhlükə potensiallı ərazilərin (sürüşmə, zəlzələ, qrunt suları vasitəsilə subasma və digər ekzogen geoloji proseslər baş verən ərazilər) kartotekasını hazırlayır. Faydalı qazıntıların hasilatı, hasilat zamanı itki və qalıq ehtiyatlarının 5 GK (hasilat haqqında hesabat blankı) hesabatları əsasında balansdan silinməsi işlərini görür. Fondda mövcud mənbəyə əsasən ərazi üzrə müəyyən edilmiş aerasiya və qrunt suları, artezian hövzəsi, sulu horizontların rejimi, artezian, istismar, kəşfiyyat və müşahidə quyularının hidrogeoloji parametrləri barədə informasiya hazırlayır. Sorğu əsasında bütün növ geoloji və arxiv qaydalarına uyğun informasiyaların verilməsini təmin edir. Saxlama vahidlərinin arxiv fondu daxilində struktur, xronoloji, funksional, nominal olmaqla sistemləşdirilməsini təmin edir. Arxiv fondu sənədlərinin mühafizəsini təşkil edir. Fondda işləyən (işləmiş) Azərbaycan Respublikasının vətəndaşlarına və Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə pensiya hüququ verən arxiv arayışlarının hazırlanmasını təmin edir. Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, Nazirliyin qərar, göstəriş, əmrlərini. Ödəniş dərəcəsinə ixtisas tələbləri: təbiət ixtisasları qrupu üzrə ali təhsil. 12-ci dərəcə: əmək stajına tələb qoyulmadan; 13-cü dərəcə: xidmət etdiyi sahə üzrə 2 ildən az olmayaraq iş stajı olduqda. Geoloji informasiya bankının yaradılması və rəqəmsallaşdırılması üzrə Əmək funksiyası: Bütün növ geoloji hesabatların daimi saxlanması üçün Fonda daxil olan informasiyanın Nazirliyin 2004-cü il 22 mart tarixli 183-Ü nömrəli əmri ilə təsdiq edilmiş "Yer təkinin geoloji öyrənilməsi haqqında hesabatların tərkibi və tərtibatı üzrə Təlimat"a uyğunluğunu yoxlayır, qeydiyyatını aparır, inventar nömrə verir və elektron kartotekasını hazırlayır. Yerin təkinin geoloji öyrənilməsi üzrə bütün növ geoloji hesabatların toplanmasını və sistemləşdirilməsini təmin edir. Fond materiallarını elektronlaşmaya hazırlayır, elektronlaşdırılmış materialların yoxlanılaraq qəbul edilməsini və sistemləşdirilməsini təmin edir. Elektronlaşdırılmış hesabatların siyahısını hazırlayır. İnformasiya bankının yaradılması və rəqəmsallaşdırılması məqsədilə Fonddakı hesabatların elektronlaşdırılmasını təmin edir. Dövlət qeydiyyatına alınmış işlər tamamlandıqdan sonra hesabatların Fonda qəbulunu təmin edir. Faydalı qazıntı yataqlarının pasportunu yeni tərtibata uyğun hazırlayır. Daxil olan müraciətlər əsasında Fond materiallarının elektron formatda hazırlanmasını təmin edir. Müvafiq sahə üzrə bütün növ məlumat xarakterli informasiya və siyahıların hazırlanmasını həyata keçirir. Sifarişçilərin sifarişi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtləri"nə uyğun olaraq fond materiallarından informasiya hazırlayır və qeydiyyatını aparır, onun icraçılardan təhvil alınaraq daimi saxlanc yerlərinə yığılmasını təmin edir. Köhnəlmə dərəcəsindən asılı olaraq fond materiallarının restavrasiyasını (bərpasını) həyata keçirir. Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, Nazirliyin qərar, göstəriş, əmrlərini. Ödəniş dərəcəsinə ixtisas tələbləri: təbiət ixtisasları qrupu üzrə ali təhsil. 12-ci dərəcə: əmək stajına tələb qoyulmadan; 13-cü dərəcə: xidmət etdiyi sahə üzrə 1 ildən az olmayaraq iş stajı olduqda. Mütəxəssislər Geoloji informasiyanın sistemləşdirilməsi və idarə edilməsi üzrə Əmək funksiyası: Yerin təkində aşkar edilmiş yataqlar və təzahürlərin yerləşdiyi ərazinin geomorfologiyası, tektonikası, stratiqrafiyası, litologiyası, o cümlədən faydalı komponentlərinin miqdarı, keyfiyyəti, fiziki-mexaniki xüsusiyyətləri, texnoloji parametrləri, dağ texniki şəraiti haqqında informasiyadan istifadə edərək sorğulara cavablar hazırlayır. Bütün növ geoloji xəritələrin miqyasına, kəsilişinə, faktiki materiallarına, ehtiyatların hesablanmasına, dərinlik quruluşuna, relyefinə, sahə və regionuna uyğun olaraq informasiyanı hazırlayır. Arxiv sənədlərinin restavrasiyası (bərpası) və sanitar-gigiyenik normalara uyğun saxlanılması işlərini görür. Elmi-praktik əhəmiyyətini itirmiş sənədlərin seçilməsi, siyahısının tutulması və məhv edilməsi üçün aktın hazırlanması işlərini həyata keçirir, daimi mühafizə edilməli olan sənədlərin siyahısını hazırlayır. Saxlanma vahidlərinin nomenklaturasını hazırlayır. Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, Nazirliyin qərar, göstəriş, əmrlərini. Ödəniş dərəcəsinə ixtisas tələbləri: təbiət ixtisasları qrupu üzrə ali təhsili. 9-cu dərəcə: iş stajına tələb qoyulmadan xidmət etdiyi sahə üzrə ali təhsili olduqda; 10-cu dərəcə: xidmət etdiyi sahə üzrə 1 ildən az olmayaraq iş stajı və ali təhsili olduqda; 11-ci dərəcə: xidmət etdiyi sahə üzrə 2 ildən az olmayaraq iş stajı və ali təhsili olduqda. Geoloji informasiya bankının yaradılması və rəqəmsallaşdırılması üzrə Əmək funksiyası: Fonda yeni daxil olmuş hesabatların kartotekasının kağız və elektron formada hazırlanmasını təmin edir. Elektronlaşdırılmış sənədlər və fond materiallarının eyniliyini və düzgünlüyünü yoxlayaraq onları kompüterdə sistemləşdirir. Fond materiallarından istifadəni təmin edir. İstifadə olunmuş fond materiallarının qeydiyyatını aparır. Oxu zalı və kartotekadan istifadəni təşkil edir. Hesabatların və onların xəritələrinin qorunmasını təmin edir. Statistik xarakterli geoloji informasiyanı hazırlayır. Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, Nazirliyin qərar, göstəriş və əmrlərini. Ödəniş dərəcəsinə ixtisas tələbləri: təbiət ixtisasları qrupu üzrə ali təhsili. 9-cu dərəcə: iş stajına tələb qoyulmadan xidmət etdiyi sahə üzrə ali təhsili olduqda; 10-cu dərəcə: xidmət etdiyi sahə üzrə 1 ildən az olmayaraq iş stajı və ali təhsili olduqda; 11-ci dərəcə: xidmət etdiyi sahə üzrə 2 ildən az olmayaraq iş stajı və ali təhsili olduqda.