Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 22 " sentyabr tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın ƏSASNAMƏSİ
1. Ümumi müddəalar
1.1. "Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya" (bundan sonra — daimi komissiya) "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması sahəsində (bundan sonra — müvafiq sahə) fəaliyyətin əlaqələndirilməsi, həyata keçirilməsi və təkmilləşdirilməsi məqsədilə yaradılmış kollegial orqandır.
1.2. Daimi komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, eləcə də "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyanı (bundan sonra — Konvensiya), həmin Konvensiyaya 13 nömrəli Əlavə — "Aviasiya hadisəsi və insidentinin araşdırılması" (bundan sonra — Konvensiyaya 13 nömrəli Əlavə) ilə müəyyən olunmuş Beynəlxalq Aviasiya Təşkilatının beynəlxalq standartlarını və tövsiyə olunan təcrübəsini, Azərbaycan Respublikasının "Aviasiya haqqında" və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını rəhbər tutur.
1.3. Daimi komissiya öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Daimi komissiyanın qərarlarının icrası həmin komissiyanın tərkibində nümayəndələrinin olduğu dövlət orqanları (qurumları) tərəfindən təmin edilməlidir.
1.5. Daimi komissiyanın üzərində adı həkk olunmuş blankı, ştampları və möhürü vardır.
1.6. Daimi komissiya öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.
2. Daimi komissiyanın fəaliyyət istiqamətləri
2.1. Daimi komissiyanın fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
2.1.2. müvafiq sahənin inkişafını və təkmilləşdirilməsini təmin etmək;
2.1.3. aviasiya hadisəsinin və ya insidentinin başvermə səbəblərini və ya onlara təsir edən amilləri müəyyən etmək, eləcə də onların qarşısının alınması üçün preventiv tədbirləri həyata keçirmək;
2.1.4. aviasiya hadisələri və ya insidentləri üzrə araşdırmanı müstəqil şəkildə və Konvensiyaya 13 nömrəli Əlavənin müddəalarına uyğun həyata keçirmək.
3. Daimi komissiyanın vəzifələri
3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq daimi komissiyanın vəzifələri aşağıdakılardır:
3.1.1. "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 17.8-ci maddəsində qeyd edilən hal istisna olmaqla, Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış və (və ya) istehsalçı icazəsi və ya dizayn icazəsi olan hava gəmilərinin Azərbaycan Respublikasının hava məkanında məruz qaldığı aviasiya hadisəsi və ya insidentini araşdırmaq (o cümlədən Konvensiyaya 13 nömrəli Əlavənin müddəalarına uyğun olaraq);
3.1.2. aviasiya hadisələri və ya insidentləri üzrə araşdırmanı, həmin araşdırmanın nəticələri barədə hesabatların hazırlanmasını və dərc edilməsini müstəqil şəkildə və kənar şəxslərin müdaxiləsinə yol verilmədən həyata keçirmək;
3.1.3. aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması zamanı aidiyyəti şəxslərin adlarının, uçuş heyətinin səs yazılarının və həyata keçirilən uçuş əməliyyatının videoyazılarının, o cümlədən aviasiya hadisəsinin araşdırılması ilə bağlı istənilən digər məlumatların və qeydlərin mühafizəsini və məxfiliyini qorumaq;
3.1.4. aviasiya hadisəsinin və ya insidentinin baş verdiyi yerdə aşkar edilən hava gəmisinin hər hansı elementinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) yığışdırılmasına və ya götürülməsinə razılıq vermək;
3.1.5. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən aparılan cinayət təqibinə mane olmamaq şərtilə götürülmüş sübutedici sənədlərin, yazıların, komponentlərin ixtisaslaşmış ekspertizasını aparmaq;
3.1.6. Azərbaycan Respublikasının hava məkanında baş vermiş aviasiya hadisəsi və ya insidentlər barədə məlumat aldıqda təxirəsalınmadan Beynəlxalq Mülki Aviasiya Təşkilatının rəsmi dillərindən birinə tərcümə edilməklə (əsasən ingilis dili) qeydiyyat, istismarçı, dizayn və istehsalçı dövlətlərə, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatına məlumat göndərmək; 3.1.7.aviasiya sahəsində fəaliyyət göstərən qurumlara uçuşların təhlükəsizliyi ilə bağlı tövsiyələr vermək;
3.1.8. Azərbaycan Respublikasına mənsub hava gəmisi digər dövlətin ərazisində aviasiya hadisəsinə və ya insidentinə məruz qaldıqda, həmin aviasiya hadisəsinin və ya insidentinin araşdırılmasında Azərbaycan Respublikasının nümayəndələrinin iştirakının təmin edilməsi üçün hadisənin və ya insidentin baş verdiyi dövlətin səlahiyyətli orqanına müraciət etmək;
3.1.9. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və daimi komissiyanın səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
3.1.10. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;
3.1.11. aviasiya hadisəsi və ya insidenti ilə bağlı bütün məlumatların toplanması, qeydə alınması və təhlili ilə bağlı işlər görmək;
3.1.12. inzibati xəta və cinayət əlamətləri aşkar etdikdə aidiyyəti üzrə məlumat vermək;
3.1.13. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək.
4. Daimi komissiyanın hüquqları
44.1. Öz vəzifələrini yerinə yetirmək üçün daimi komissiyanın aşağıdakı hüquqları vardır:
4.1.1. araşdırma zamanı heç bir məhdudiyyət qoyulmadan hadisə yerinə daxil olmaq, baxış keçirmək və istənilən materiala, habelə sübutlara, o cümlədən uçuş əməliyyatı və hava hərəkəti xidmətinə dair qeydlərə əlçatanlığın təmin edilməsini və araşdırma aparan digər orqan və şəxslər tərəfindən buna hər hansı maneə yaradılmamasını tələb etmək;
4.1.2. axtarış və xilasetmə işlərinin dayandırılması, habelə hadisə yerində aşkar edilmiş hava gəmisinin bütün elementləri barədə məlumatlar almaq;
4.1.3. müvafiq araşdırmanın aparılması məqsədilə mütəxəssisləri, müstəqil eskpertləri (o cümlədən xarici ekspertləri) öz fəaliyyətinə cəlb etmək, araşdırmada əhəmiyyəti olan sənədləri (məlumatları), material və sübutları əldə etmək;
4.1.4. digər dövlətin apardığı aviasiya hadisəsi və insidentinin araşdırılmasında iştirak etmək məqsədilə səlahiyyətli nümayəndə (peşəkar şəxs) təyin etmək;
4.1.5. hadisə yerinə gələnədək hava gəmisinin elementlərinin qorunmasını aidiyyəti dövlət orqanlarından (qurumlarından) tələb etmək;
4.1.6. aidiyyəti dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə fəaliyyət istiqamətlərinə uyğun olaraq daimi komissiyaya kömək göstərilməsi üçün müraciət etmək;
4.1.7. aviasiya hadisəsinin və ya insidentinin araşdırılmasını bütövlükdə və ya qismən digər dövlətə və ya aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması üzrə regional təşkilata həvalə etmək;
4.1.8. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək və xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək (mənimsəmək);
4.1.9. bu Əsasnamə ilə həvalə edilmiş vəzifələrin icrası ilə əlaqədar işçi qruplar və komissiyalar yaratmaq;
4.1.10. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.11. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
4.1.12. araşdırmaya dair hesabatın layihəsinin və ya onun hər hansı hissəsinin, habelə araşdırma zamanı toplanılan sənədlərin əldə edilməsinə və ya yayılmasına razılıq vermək;
4.1.13. daimi komissiyanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək.
5. Daimi komissiyanın fəaliyyətinin təşkili
5.1. Daimi komissiyanın fəaliyyətinə daimi komissiyanın sədri rəhbərlik edir.
5.2. Daimi komissiyanın sədri:
5.2.1. daimi komissiyanın işini təşkil edir;
5.2.2. daimi komissiyanın iş planını təsdiq edir və onun icrasına nəzarət edir;
5.2.3. daimi komissiyanın üzvlərinin təkliflərini nəzərə almaqla, daimi komissiyanın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;
5.2.4. daimi komissiyanın qərarlarını, onun fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;
5.2.5. daimi komissiyaya daxil olan müraciətlərə baxılmasını təmin edir;
5.2.6. daimi komissiyanın iclaslarında qəbul olunmuş qərarların, iclasların nəticələrinə dair imzalanmış sənədlərin icrası ilə bağlı tədbirlər təşkil edir;
5.2.7. daimi komissiyanın katibliyinin və işçi qruplarının iş qaydasını təsdiq edir, daimi komissiyanın katibliyinə qərarların qəbulu və tədbirlərin görülməsi üçün təhlillərin və monitorinqlərin aparılması, həmçinin hesabatların təqdim edilməsi barədə tapşırıqlar verir;
5.2.8. daimi komissiyanı təmsil edir;
5.2.9. daimi komissiyanın fəaliyyətinin təşkili ilə bağlı digər işlər görür.
5.3. Daimi komissiyanın sədrinin hüquqları aşağıdakılardır:
5.3.1. öz təşəbbüsü ilə, habelə daimi komissiyanın hər hansı digər üzvünün xahişi əsasında aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini və digər şəxsləri daimi komissiyanın iclaslarında iştirak etməyə dəvət etmək;
5.3.2. daimi komissiyanın fəaliyyəti ilə bağlı digər hüquqları həyata keçirmək.
5.4. Daimi komissiyanın sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini daimi komissiyanın sədrinin müavini həyata keçirir.
5.5 Daimi komissiyanın üzvlərinin vəzifələri aşağıdakılardır:
5.5.1. daimi komissiyanın fəaliyyəti ilə bağlı məlumatları daimi komissiyanın sorğularına əsasən tam və vaxtında təqdim etmək;
5.5.2. daimi komissiyanın qərarlarının və digər sənədlərin icrası ilə bağlı tədbirlər görmək;
5.5.3. daimi komissiyanın fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirmək.
5.6. Daimi komissiyanın üzvlərinin aşağıdakı hüquqları vardır:
5.6.1. daimi komissiyanın iclaslarında və fəaliyyətində iştirak etmək;
5.6.2. daimi komissiyanın iclaslarının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olmaq;
5.6.3. daimi komissiyanın iclaslarının gündəliyi, eləcə də səlahiyyətlərinə aid məsələlərə daimi komissiyanın iclaslarında baxılması barədə təklif vermək;
5.6.4. daimi komissiyada qəbul ediləcək qərarlara dair fikir bildirmək;
5.6.5. daimi komissiyanın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olmaq, onlara dair rəy və təkliflər vermək.
5.7. Daimi komissiyanın fəaliyyətinin təşkili ilə bağlı işləri daimi komissiyanın katibliyi həyata keçirir. Daimi komissiyanın katibliyinin funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.
5.8. Daimi komissiyanın katibliyinin tərkibini daimi komissiyanın sədri müəyyən edir.
5.9. Daimi komissiyanın katibliyi aşağıdakı vəzifələri yerinə yetirir:
5.9.1. daimi komissiyanın fəaliyyəti ilə bağlı tapşırıqları icra edir və daimi komissiyanın fəaliyyətinin təşkilati təminatını həyata keçirir;
5.9.2 daimi komissiyanın üzvlərinin təklifləri əsasında daimi komissiyanın iclaslarının gündəliyini hazırlayır və təsdiq olunması üçün daimi komissiyanın sədrinə təqdim edir;
5.9.3. daimi komissiyanın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü, növbədənkənar iclaslar zamanı isə azı 1 (bir) iş günü qalmış zəruri sənədlər əlavə edilməklə daimi komissiyanın üzvlərinə yazılı məlumat verir;
5.9.4. daimi komissiyanın sədrinin tapşırığı ilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, müstəqil ekspertləri və mütəxəssisləri, habelə elm
və təhsil müəssisələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrini daimi komissiyanın iclaslarına dəvət edir;
5.9.5. daimi komissiyanın iclaslarını protokollaşdırır və iclasın yekun sənədlərinin layihələrini daimi komissiyanın sədrinə təqdim edir;
5.9.6. imzalanmış sənədlərin icrası ilə bağlı görülmüş işlər barədə hesabatlar və digər zəruri məlumatlar əldə edir, onları təhlil edərək ümumiləşdirir;
5.9.7. daimi komissiyanın iclas protokollarının və qərarlarının surətlərini daimi komissiyanın üzvlərinə, habelə qərarlardan çıxarışları aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərir;
5.9.8. daimi komissiyanın iclaslarında qəbul olunmuş qərarların, o cümlədən imzalanmış digər sənədlərin uçotunu aparır və onların saxlanılmasını təmin edir;
5.9.9. daimi komissiyanın qərarı ilə onun fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi şəxslərə zəruri sənədlər və məlumatlar barədə sorğular verir, onlardan belə sənədləri (məlumatları) alır;
5.9.10. daimi komissiyanın fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırır;
5.9.11. daimi komissiyanın fəaliyyəti ilə bağlı digər işləri həyata keçirir.
5.10. Daimi komissiyanın iclasları onun üzvlərinin bilavasitə iştirakı ilə əyani formada və ya informasiya texnologiyalarından istifadə etməklə distant formada keçirilə bilər. Daimi komissiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
5.11. Daimi komissiyanın iclasları daimi komissiyanın sədri tərəfindən çağırılır və ayda bir dəfədən az olmayaraq keçirilir. Növbədənkənar iclaslar daimi komissiyanın sədrinin və ya daimi komissiyanın üzvlərinin yarıdan çoxunun təşəbbüsü ilə çağırıla bilər.
5.12. Daimi komissiyanın iclaslarında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir. Daimi komissiyanın üzvü qərarla razı olmadıqda onun xüsusi rəyi mütləq iclas protokoluna əlavə edilir.
5.13. Daimi komissiyanın iclaslarının nəticəsi daimi komissiyanın sədri və iclasda iştirak edən üzvlər tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.
5.14. Daimi komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumat daimi komissiyanın sədri və ya onun razılığı ilə katiblik tərəfindən daimi komissiyanın rəsmi internet saytında yerləşdirilir. _________________________