Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 18 " sentyabr tarixli 271 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Minatəmizləmə fəaliyyətinə dair TƏLƏBLƏR
1. Ümumi müddəalar
1.1. Bu Tələblər "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 1.1.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və minatəmizləmə fəaliyyətinə dair ümumi norma və qaydaları müəyyən edir.
1.2. Bu Tələblərdə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. təhlükəli ərazi — partlayıcı sursatların olması ehtimal edilən ərazi.
Təhlükəli ərazilərin aşağıdakı növləri vardır:
1.2.1.1. şübhəli təhlükəli ərazi — dəlillər əsasında partlayıcı sursatlarla çirklənməsinə əsaslı şübhələrin yarandığı ərazi;
1.2.1.2. təsdiq olunmuş təhlükəli ərazi — sübutlar əsasında partlayıcı sursatlarla çirkləndiyi təsdiq edilmiş ərazi;
1.2.2. bütün ağlabatan səylər — partlayıcı sursatlarla çirklənmiş ərazilərin müəyyən edilməsi və sənədləşdirilməsi, eləcə də partlayıcı sursatların mövcudluğunu və ya onlara dair şübhələri aradan qaldırmaq üçün minimal qəbul edilə bilən cəhdlər. Əgər əlavə resursların ayrılması gözlənilən nəticələrlə müqayisədə məqsədəuyğun hesab edilmirsə, o zaman bütün ağlabatan səylər tətbiq edilmiş sayılır;
1.2.3. ərazi — minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər (bundan sonra — İcraçılar) üçün minatəmizləmə fəaliyyətinin icra olunması sifariş olunan və ona bitişik olan ərazi;
1.2.4. layihə — İcraçılar üçün minatəmizləmə fəaliyyəti ilə əlaqədar konkret əraziyə dair vəzifələri müəyyən edən tapşırıq;
1.2.5. sahə — layihə üzrə minatəmizləmə fəaliyyətinin icra olunduğu konkret sərhədlərlə məhdudlaşdırılmış ərazinin hissəsi;
1.2.6. dəlil — ibtidai məlumatlara əsasən təhlükəli ərazidə partlayıcı sursatlar və ya onların qalıqlarının olma ehtimalını, habelə həmin ərazinin çirklənmə əlamətlərini özündə əks etdirən informasiya;
1.2.7. sübut — minatəmizləmə fəaliyyəti zamanı aşkar edilən partlayıcı sursatlar və ya onların qalıqları;
1.2.8. əldədüzəlmə partlayıcı qurğu — insanları məhv etmək, yaralamaq, diqqəti yayındırmaq və ya hərəkəti məhdudlaşdırmaq məqsədilə müxtəlif tərkibli partlayıcıları özündə birləşdirən, müxtəlif formaya və konstruksiyaya malik kustar üsulla hazırlanan qurğu;
1.2.9. qalıq risk — bütün ağlabatan səylər tətbiq edilərək ərazinin təhlükədən azad edilməsi əməliyyatları icra edildikdən sonra qalan risk;
1.2.10. təmizlənmiş ərazi — partlayıcı sursatların aşkar edilərək zərərsizləşdirilməsi və ya məhv edilməsi yolu ilə müəyyən edilmiş dərinliyədək təhlükədən azad edilmiş ərazi;
1.2.11. ləğvetmə üsulu - qeyri-texniki tədqiqat yolu ilə bütün ağlabatan səylər tətbiq edilməklə ərazinin partlayıcı sursatlarla çirklənməsinə dair dəlilin olmadığının yüksək ehtimalla təsdiq edilməsi;
1.2.12. qısaltma üsulu - texniki tədqiqat yolu ilə bütün ağlabatan səylər tətbiq edilməklə ərazinin partlayıcı sursatlarla çirklənməsinə dair sübutun olmadığının yüksək ehtimalla təsdiq edilməsi;
1.2.13. ləğv edilmiş ərazi — təhlükəli ərazidə aparılan qeyri-texniki tədqiqat fəaliyyəti zamanı ləğvetmə üsulu tətbiq edilməklə partlayıcı sursatlarla çirklənmə əlamətlərinin olmadığı qənaətinə gəlinmiş ərazi;
1.2.14. qısaldılmış ərazi — təhlükəli ərazidə aparılan texniki tədqiqat fəaliyyəti zamanı qısaltma üsulu tətbiq edilməklə partlayıcı sursatlarla çirklənmə əlamətlərinin olmadığı qənaətinə gəlinmiş ərazi;
1.2.15. kritik pozuntu — insan həyatı və ətraf mühit üçün birbaşa təhlükə riski daşıyan pozuntu;
1.2.16. mexaniki vasitələr — partlayıcı sursatların aşkar edilməsində və məhv edilməsində istifadə olunan maşınlar (özügedən və ya sürücü vasitəsilə idarə olunan, təkərli və ya tırtıllı) və avadanlıqlar;
1.2.17. minatəmizləmə əməliyyatı — minatəmizləmə fəaliyyətinin təhlükəli ərazidə həyata keçirilməsi;
1.2.18. ərazinin təhlükədən azad edilməsi — bütün ağlabatan səylər tətbiq edilməklə minatəmizləmə əməliyyatlarının icrası zamanı parlayıcı sursat şübhəsinin və ya partlayıcı sursat mövcudluğunun aradan qaldırılması.
1.3. Bu Tələblərdə istifadə olunan digər anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.
1.4. Bu Tələblərin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində partlayıcı sursatların yaratdığı təhlükənin aradan qaldırılmasının, eləcə də həyata keçirilən minatəmizləmə fəaliyyətinin təhlükəsiz, effektiv və əlaqələndirilmiş şəkildə təşkilinin, minatəmizləmə əməliyyatlarını icra edən heyətin və minatəmizləmə fəaliyyətlərindən faydalanan şəxslərin təhlükəsizliyinin təmin edilməsidir.
1.5. Bu Tələblər Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə aparılan mina əleyhinə fəaliyyət istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində minatəmizləmə fəaliyyətlərini həyata keçirən İcraçılara şamil olunur.
1.6. Azərbaycan Respublikası ərazilərinin partlayıcı sursat təhlükəsindən azad olunmasına cavabdeh olan İcraçılar bu Tələblərə əsaslanaraq aşağıdakıları təmin etməlidirlər:
1.6.1. ərazilərin partlayıcı sursatlardan təmizlənməsinin, minatəmizləmə işlərinin təşkilinin və icrasının, habelə partlayıcı sursat təhlükəsindən azad edilmiş ərazilərin keyfiyyət qiymətləndirilməsinin bu Tələblərə və Standart Əməliyyat Prosedurlarına (bundan sonra — SƏP) uyğun həyata keçirilməsi;
1.6.2. əməliyyat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, minatəmizləyənlər üçün risklərin minimuma endirilməsi;
1.6.3. minatəmizləmə əməliyyatlarının ətraf mühitə mənfi təsirinin qarşısının alınması.
1.7. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (bundan sonra — Agentlik) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində aşağıdakı vəzifələri həyata keçirir:
1.7.1. bu Tələblər və mina əleyhinə beynəlxalq standartlar nəzərə alınmaqla SƏP-i müəyyən edir;
1.7.2. İcraçıların fəaliyyətinin bu Tələblərə və SƏP-ə uyğun olmasına nəzarət edir;
1.7.3. İcraçıların qanunvericiliklə müəyyən edilmiş fəaliyyətlərini bu Tələblərə və SƏP-ə uyğun həyata keçirmək imkanlarına malik olmalarının qiymətləndirilməsini həyata keçirir;
1.7.4. İcraçılar tərəfindən fəaliyyətlərinin SƏP-ə uyğun təşkil edildiyinə əmin olmaq üçün əməliyyatların icrası zamanı ay ərzində ən azı bir dəfə olmaqla monitorinqlər aparır;
1.7.5. SƏP-in tələblərinin yerinə yetirilməsinə əminliyin formalaşdırılması üçün partlayıcı sursat təhlükəsindən azad olunmuş ərazinin keyfiyyət qiymətləndirilməsini həyata keçirir;
1.7.6. İcraçılar tərəfindən təqdim edilən işin keyfiyyətlə tamamlanmasına dair sənədlər və bu Tələblərin 1.7.4-cü və ya 1.7.5-ci yarımbəndlərində qeyd olunan prosedurların nəticələri əsasında təhvil verilmiş və təhlükədən azad olunmuş ərazilərin istifadəyə qəbul edilməsi üçün icazə verir. 2.
3. 2. Minatəmizləmə fəaliyyətinə dair metodoloji tələblər
2.1. İcraçılar tərəfindən minatəmizləmə fəaliyyətinin icrası həmin fəaliyyətin ayrıayrı istiqamətlərini, icra mexanizmlərini, qaydalarını və meyarlarını müəyyən edən SƏP-ə uyğun olaraq həyata keçirilir.
2.2. SƏP Agentlik tərəfindən bu Tələblərə və mina əleyhinə beynəlxalq standartlara uyğun olaraq hazırlanan və təsdiq edilən, minatəmizləmə fəaliyyətinin texniki xüsusiyyətlərini əks etdirən təlimatlar toplusudur.
2.3. İcraçılar SƏP əsasında özlərinin daxili əməliyyat prosedurlarını (bundan sonra — DƏP) hazırlamalı və Agentliklə razılaşdırılmaqla təsdiq etməlidirlər. Təsdiq edilmiş DƏP-ə edilən hər hansı əlavə və dəyişikliklər İcraçılar tərəfindən Agentliklə razılaşdırılmalıdır.
2.4. Bu Tələblərin 2.3-cü bəndinə uyğun olaraq İcraçı tərəfindən razılaşdırılma üçün təqdim edilmiş DƏP Agentlik tərəfindən SƏP-ə uyğunluğu baxımından qiymətləndirilir və 30 (otuz) gün ərzində İcraçıya rəsmi cavab verilir.
2.5. SƏP-in layihəsi, minatəmizləmə işlərinin həyata keçirilməsi zamanı əldə edilən təcrübələr, yeni yanaşmalar, metodlar və qaydalar, innovativ texnologiyalar, keçirilmiş sınaqların nəticələri, habelə daxil olmuş təkliflər Agentlikdə fəaliyyət göstərən Metodoloji Komissiyanın iclasında müzakirə edilir.
2.6. Minatəmizləmə fəaliyyəti üzrə mövcud kadr potensialının inkişafı və yeni mütəxəssislərin hazırlanması məqsədilə bu Tələblər və SƏP, habelə mina əleyhinə
beynəlxalq standartlar nəzərə alınaraq, Agentlik tərəfindən təlim proqramları, həmçinin illik təlim planı hazırlanır və təsdiq olunur.
2.7. İllik təlim planı İcraçıların təlim ehtiyaclarının təhlilinin nəticələrinə uyğun olmalı, minatəmizləmə fəaliyyətinin bütün zəruri istiqamətləri üzrə təlim mövzularını əhatə etməli, həmin mövzuların İcraçıların heyətinə tədrisi üzrə tədbirləri müəyyən etməli və bununla əlaqədar icra fəaliyyətini planlaşdırmalıdır.
3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin minatəmizləmə fəaliyyəti
3.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə aparılan minatəmizləmə fəaliyyəti özləri tərəfindən qəbul edilən xüsusi qaydalarla tənzimlənir.
3.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş hazırlığı proqramı üzrə hazırlanmış minatəmizləmə heyətləri istifadə etdikləri avadanlıqla və vasitələrlə birlikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan minatəmizləmə ilə əlaqədar fəaliyyət planı və ya xüsusi tapşırıqlar əsasında bu Tələblərin 3.1-ci bəndində qeyd olunan fəaliyyətdən kənar minatəmizləmə əməliyyatlarına cəlb oluna bilərlər. Bu halda onların minatəmizləmə fəaliyyəti bu Tələblərə uyğun olaraq həyata keçirilir.
3.3. Bu Tələblərin 3.2-ci bəndində qeyd olunan İcraçılar tərəfindən həyata keçirilən minatəmizləmə fəaliyyətinin keyfiyyət nəzarəti DƏP-ə uyğun olaraq həyata keçirilir.
3.4. Bu Tələblərin 3.2-ci bəndində qeyd olunan İcraçılar tərəfindən həyata keçirilən minatəmizləmə fəaliyyətlərinin monitorinqi və keyfiyyət qiymətləndirilməsi məqsədilə fəaliyyətin xüsusiyyətləri nəzərə alınmaqla Agentlik tərəfindən ayrıca SƏP müəyyən oluna bilər. 4.
5. 4. Minatəmizləmə fəaliyyətində idarəetmə sistemləri
4.1. Minatəmizləmə fəaliyyətinin təhlükəsiz, səmərəli və nəticəli olaraq həyata keçirilməsi məqsədilə aşağıdakı idarəetmə sistemlərinin fəaliyyətinin effektiv təşkili mühüm əhəmiyyət kəsb edir:
4.1.1. risklərin idarə edilməsi;
4.1.2. əməliyyatların idarə edilməsi;
4.1.3. məlumatların idarə edilməsi;
4.1.4. təhlükəsizliyin idarə edilməsi;
4.1.5. keyfiyyətin idarə edilməsi.
4.2. Minatəmizləmə fəaliyyətində risklərin idarə edilməsinin əsas məqsədi minatəmizləmə layihələrinin və əməliyyatlarının icrasına təhlükəsiz, səmərəli və effektiv şəkildə nail olunmasını təmin etmək üçün mövcud və yarana biləcək risklərin aşkarlanması, qiymətləndirilməsi, nəzarətə götürülməsi və aradan qaldırılması ilə bağlı fəaliyyətlərin icrasının təmin edilməsi, eləcə də qalıq risk ehtimalının nəzərə alınmasıdır.
4.3. Minatəmizləmə fəaliyyəti üzrə ümumi risklərin minimuma endirilməsinin təmin edilməsi üçün bu Tələblərin 4.1-ci bəndində nəzərdə tutulan idarəetmə sistemləri düzgün
tətbiq edilməli, fəaliyyətlər effektiv təşkil olunmalı, hər bir sistemin fəaliyyəti üzrə alt risklər müəyyən olunmalıdır.
4.4. İcraçılar tərəfindən bu Tələblərlə müəyyən olunmuş fəaliyyətlərə uyğun olaraq risk idarəetmə sistemləri yaradılmalı və aşağıdakılar həyata keçirilməlidir:
4.4.1. fəaliyyətlərin icrası ilə əlaqədar risklərin (risk reyestrinin), onların qiymətləndirmə meyar və göstəricilərinin müəyyən edilməsi, habelə dəyişən amillər nəzərə alınmaqla onların yenilənməsi;
4.4.2. risk reyestri üzrə risklərin mütəmadi olaraq müşahidədə saxlanılması, təsirlərinin azaldılması və aradan qaldırılması ilə bağlı tədbirlərin planlaşdırılması.
4.5. İcraçılar tərəfindən həyata keçirilən fəaliyyətlərin risk qiymətləndirilməsinin aparılması və onların idarə edilməsi bu Tələblərə və SƏP-ə uyğun olaraq həyata keçirilir.
4.6. Əməliyyatların idarə edilməsi sisteminin təşkili bu Tələblərin 7-10-cu hissələrində nəzərdə tutulan tədbirlərə, üsullara və mexanizmlərə uyğun olaraq təmin edilir.
4.7. Minatəmizləməyə dair informasiya sistemi minatəmizləmə fəaliyyətinə nəzarət və onun qiymətləndirilməsi məqsədilə göstəricilər (indikatorlar) sisteminin müəyyən olunması, həmin göstəricilər əsasında məlumat bazasının yaradılması, bu məqsədlə İcraçılardan məlumatların toplanması, həmin məlumatların təhlilinin və mübadiləsinin təmin edilməsi ilə bağlı fəaliyyətləri əhatə edir.
4.8. Minatəmizləməyə dair informasiya sisteminin formalaşdırılması və digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiya olunması, informasiya sisteminə daxil ediləcək məlumatların növünün, həcminin, daxiledilmə müddətinin müəyyən edilməsi, habelə Agentlik və informasiya sisteminin fəaliyyətinə cəlb olunmuş təşkilatlar tərəfindən aparılan minatəmizləmə prosesləri barədə məlumatların daxil edilməsinin, ümumiləşdirilməsinin, hesabatlılığının aparılmasının təmin edilməsi Azərbaycan Respublikasının bu sahədə qüvvədə olan qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
4.9. İcraçılar tərəfindən təhlükəsizliyin idarə edilməsi sisteminin işinin təmin edilməsi məqsədilə minatəmizləmə fəaliyyəti ilə əlaqədar sağlamlıq və əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iştirakçıların təhlükəsizliyinin təmin edilməsi və qəza hallarının qarşısının alınması, habelə təhlükəli ərazilərə səfər edən, belə ərazilərə yaxın yerlərdə işləyən və ya yaşayan şəxslərin maarifləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının müvafiq sahədə qüvvədə olan qanunvericiliyinə, habelə bu Tələblər və SƏP-ə uyğun olaraq tədbirlər görülməlidir.
4.10. Minatəmizləmə fəaliyyəti çərçivəsində tətbiq edilən keyfiyyətin idarə edilməsi sistemi bu Tələblər və SƏP əsasında təşkil edilməli və aşağıdakı məqsədləri təmin etməlidir:
4.10.1. minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün İcraçıların idarəetmə və əməliyyat uyğunluğunun qiymətləndirilməsi;
4.10.2. ərazilərin bu Tələblərlə və SƏP-lə müəyyən edilmiş qaydalara və şərtlərə uyğun olaraq təhlükədən azad edilməklə istifadəçilərə təhvil verilməsi;
4.10.3. həyata keçirilən minatəmizləmə əməliyyatlarının keyfiyyət nəzarətinin təşkil olunması, minatəmizləmə fəaliyyətinin müxtəlif mərhələlərinə effektiv nəzarət sisteminin tətbiq edilməsi;
4.10.4. keyfiyyət nəzarəti, qiymətləndirmələr, təhlillər, təlimlər, yeni metod və texnologiyaların tətbiqi əsasında keyfiyyətin idarə edilməsi sisteminin mütəmadi olaraq təkmilləşdirilməsi.
5. 5. İcraçılara dair tələblər
5.1. Azərbaycan Respublikasının ərazisində minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün İcraçılar aşağıdakı tələblərə cavab verməlidir:
5.1.1. idarəetmə uyğunluğu (fiziki və hüquqi şəxslərə münasibətdə):
5.1.1.1. təşkilati-hüquqi forması, inzibati və idarəetmə imkanları;
5.1.1.2. müvafiq sahədə fəaliyyət təcrübəsi və xidmət şəbəkəsi, yerli və beynəlxalq tərəfdaşları;
5.1.1.3. maliyyə vəziyyəti, mövcud və ya əvvəlki öhdəliklərin icrası;
5.1.1.4. idarəetmə (əməliyyatlar, risklər, informasiya, tapşırıqlar, şəxsi heyət, keyfiyyət, təhlükəsizlik, ətraf mühit və digər istiqamətlər üzrə), planlaşdırma, fəaliyyətin təşkili və əlaqələndirilməsi, metodoloji təminat, təlim və bacarıqların artırılması sistemləri;
5.1.1.5. maddi-texniki təchizat və sığorta sistemləri;
5.1.2. əməliyyat uyğunluğu:
5.1.2.1. həyata keçiriləcək minatəmizləmə fəaliyyətləri üzrə DƏP;
5.1.2.2. əməliyyat və əməliyyata dəstək heyətləri üzrə təşkilati struktur, namizədlərin seçilməsi proseduru, onların ixtisaslaşması və təlim keçməsi barədə qeydlər, işçilərin vəzifə təlimatları;
5.1.2.3. əməliyyat şəraitində təhlükəsizlik və əməyin mühafizəsi;
5.1.2.4. əməliyyatda istifadə olunan heyvanların köməyi ilə aşkarlanma sistemləri, minatəmizləmədə istifadə olunan avadanlıq, texnika və digər vasitələr;
5.1.2.5. əməliyyatlara dəstək tədbirləri.
5.2. Azərbaycan Respublikasının ərazisində minatəmizləmə əməliyyatlarına cəlb edilən İcraçıların idarəetmə və əməliyyat uyğunluğunun qiymətləndirilməsi Agentlik tərəfindən bu Tələblərin 5.1.1-ci və 5.1.2-ci yarımbəndlərinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması qaydasına əsasən həyata keçirilir.
5.3. Bu Tələblərin 5.1.2.4-cü yarımbəndində nəzərdə tutulan sistemlərin, avadanlıqların, texnika və digər vasitələrin istismara yararlılığı Agentlik tərəfindən SƏPə uyğun olaraq qiymətləndirilir.
6. 6. Ərazinin təhlükədən azad edilməsi
6.1. Ərazinin təhlükədən azad edilməsi ilə əlaqədar görüləcək tədbirlərlə bağlı qərarların qəbul edilməsi ərazinin partlayıcı sursatla çirklənməsinin dərəcəsinə, habelə ayrı-ayrı ərazilərin təbii-coğrafi xüsusiyyətlərini əks etdirən dəqiq, etibarlı və yenilənmiş məlumatların vaxtında əldə edilməsinə əsaslanır.
6.2. İcraçılar tərəfindən ərazinin təhlükədən azad edilməsi ilə bağlı görülən tədbirlər bütün ağlabatan səylər əsas götürülməklə aşağıdakı fəaliyyətlər üzrə mərhələlərlə həyata keçirilə bilər:
6.2.1. qeyri-texniki tədqiqat;
6.2.2. texniki tədqiqat;
6.2.3. təmizləmə.
6.3. Partlayıcı sursat təhlükəsindən azad edilməyə cəlb olunmuş ərazilər çirklənmə dərəcələrinə görə aşağıdakı kimi təsnifləşdirilir:
6.3.1. aşağı dərəcədə çirklənmiş — qeyri-texniki tədqiqat məlumatlarına və ya texniki tədqiqat nəticələrinə əsasən partlayıcı sursat ilə çirklənməyə dair heç bir sübutların aşkar edilmədiyi və ya məhdud olduğu ərazilər;
6.3.2. orta dərəcədə çirklənmiş — qeyri-texniki tədqiqat məlumatlarına və ya texniki tədqiqat nəticələrinə əsasən ərazidə partlamamış sursatın mövcudluğu sübutlarla təsdiqlənmiş ərazilər;
6.3.3. yüksək dərəcədə çirklənmiş — qeyri-texniki tədqiqat məlumatlarına və ya texniki tədqiqat nəticələrinə əsasən partlayıcı sursat ilə çirklənməsi sübutlarla təsdiqlənmiş ərazilər.
6.4. Toplanmış qeyri-texniki tədqiqat məlumatlarına və olduğu halda texniki tədqiqatın nəticələrinə əsasən ərazi aşağı, orta və yüksək dərəcəli çirklənmiş təsnifatlara bölünür və müvafiq olaraq ərazinin təhlükədən azad edilməsi üçün aşağıdakı üsullardan birinin tətbiq olunmasına qərar verilir:
6.4.1. ləğvetmə üsulu;
6.4.2. qısaltma üsulu;
6.4.3. təmizləmə əməliyyatı.
6.5. Ərazilərin çirklənmə təsnifatı ilə əlaqədar verilmiş bütün qərarlar (sübutlar və dəlillər göstərilməklə) sənədləşdirilməlidir.
6.6. İcraçılar bütün çirklənmə təsnifatları üzrə ərazinin təhlükədən azad edilməsi prosesinin müxtəlif mərhələləri ilə əlaqədar təmizləmə fəaliyyətlərinin ən uyğun formasını müəyyən etməli, əməliyyatların icra planını hazırlamalı və Agentliklə razılaşdırmalıdırlar.
6.7. Bu Tələblərin 6.6-cı bəndinə uyğun olaraq İcraçılar tərəfindən razılaşdırılma üçün təqdim edilmiş əməliyyatların icra planları Agentlik tərəfindən qiymətləndirilir və 5 (beş) iş günü ərzində İcraçılara rəsmi cavab göndərilir.
6.8. İcraçılar tərəfindən ərazinin təhlükədən azad edilməsinin planlaşdırılması, həyata keçirilməsi, keyfiyyətə nəzarət və tamamlanması ilə əlaqədar bütün fəaliyyətlər bu Tələblərə və SƏP-ə uyğun şəkildə aparılmalı, habelə ərazinin təhlükədən azad edilməsinə dair bütün mərhələlər barədə Agentliyə hesabat təqdim edilməli, fəaliyyətlərin tamamlanması və təhvil-təslim işləri sübutlar və dəlillər göstərilməklə sənədləşdirilməlidir.
7. 7. Qeyri-texniki tədqiqat
7.1. Qeyri-texniki tədqiqat fiziki müdaxilə edilmədən partlayıcı sursatın mövcudluğunun ehtimal olunduğu təhlükəli ərazinin çirklənmə dərəcəsini, orada olan partlayıcı sursatların növünü və yayılmasını, habelə partlayıcı sursatların işə düşməsi
nəticəsində baş verən hadisələri əks etdirən məlumatların qeydiyyatı və təhlilinə əsaslanan ərazilərin təhlükədən azad edilməsi prosesinin ilkin mərhələsidir.
7.2. Təhlükədən azad edilməsi nəzərdə tutulmuş sahəyə yaxın olan ərazilərdə əvvəllər aparılmış texniki tədqiqat və təmizləmə əməliyyatlarının nəticələri müvafiq sahə üzrə faydalı qeyri-texniki tədqiqat məlumatı hesab olunur.
7.3. İcraçılar qeyri-texniki tədqiqat məlumatlarından istifadə etmək üçün məlumat mənbələrindən xəbərdar olmalı və ərazilərin təmizlənməsi prosesi ərzində bu məlumatlardan faydalanmalıdırlar.
7.4. Qeyri-texniki tədqiqat fəaliyyətinin nəticələri əsasında İcraçı tərəfindən ərazidə texniki tədqiqat və təmizləmə əməliyyatları aparılmadan onun təhlükəsiz hesab olunması barədə təklif verilə bilər. İcraçı tərəfindən verilən təklif yalnız təqdim olunan dəlillərin qiymətləndirilməsinə və təhlilinə əsaslanmalıdır.
7.5. Bu Tələblərin 7.4-cü bəndinə uyğun olaraq verilən təklif Agentlik tərəfindən qiymətləndirilir və 10 (on) iş günü ərzində İcraçıya rəsmi cavab verilir. Təklif müsbət qiymətləndirildiyi halda İcraçı tərəfindən ləğvetmə üsulu tətbiq edilir və həmin ərazi təhlükədən azad edilmiş (ləğv edilmiş) sayılır. Əks halda ərazinin təhlükədən azad edilməsi üçün digər mərhələlər və üsullar tətbiq olunur.
7.6. Qeyri-texniki tədqiqat fəaliyyətinin həyata keçirilməsi məqsədilə SƏP-ə uyğun olaraq pilotsuz uçuş aparatlarından və qanunvericiliklə qadağan edilməyən digər xüsusi vasitələrdən istifadə edilə bilər.
8. 8. Texniki tədqiqat
8.1. Texniki tədqiqat qeyri-texniki tədqiqat fəaliyyəti ilə toplanılması mümkün olmayan məlumatların əldə edilməsi üçün təhlükəli ərazilərə fiziki müdaxilələrin (əl ilə yoxlama, mexaniki vasitələrin, heyvanların dəstəyi ilə yoxlama və digər) aparılmasını ehtiva edir və aşağıdakı məqsədləri təmin etməlidir:
8.1.1. qeyri-texniki tədqiqat məlumatları əsasında təhlükəli ərazilərin partlayıcı sursat ilə çirklənmiş olub-olmadığını qiymətləndirir;
8.1.2. ərazilərdə partlayıcı sursat ilə çirklənmənin mövcudluğunu təsdiqləyir və bu çirklənmənin xüsusiyyətini və dərəcəsini, habelə təmizləmə əməliyyatlarının dərinliyini müəyyənləşdirir;
8.1.3. təhlükəli ərazinin real ölçüsünü və xüsusiyyətlərini dəqiqləşdirir;
8.1.4. əməliyyatların aparılması ilə bağlı layihə çərçivəsində sahələr üzrə gələcək prioritetlərin və təmizləmə üsullarının seçilməsinə təsir edə biləcək təhlükəsiz və səmərəli fəaliyyətin müəyyən edilməsinə imkan yaradır;
8.1.5. əvvəlki tədqiqatlar zamanı qeydə alınmayan təhlükəli əraziləri müəyyənləşdirir və təhlükədən azad edilməmiş ətraf ərazilər üçün qeyri-texniki tədqiqat məlumatlarını təmin edir.
8.2. İcraçılar tərəfindən texniki tədqiqat əməliyyatlarının planlaşdırılması və icra edilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır:
8.2.1. sahəyə aid bütün mövcud qeyri-texniki tədqiqat məlumatlarını nəzərdən keçirmək və təhlil etmək, təhlillər əsasında məqsədyönlü texniki tədqiqat üsulunu müəyyən etmək;
8.2.2. sahədə mövcud olacağı gözlənilən partlayıcı sursat növünü, sıxlığını və paylanmasını, o cümlədən sıralar, cərgələr və ya qruplar üzrə hər hansı düzülməsini qiymətləndirmək, texniki tədqiqat fəaliyyətini və mövcud texniki tədqiqat vasitələrinin işini SƏP-in tələblərinə və bu qiymətləndirmənin nəticələrinə uyğun olaraq planlaşdırmaq və icra etmək;
8.2.3. səmərəliliyi artırmaq üçün texniki tədqiqat və təmizləmə fəaliyyətlərinin birbirinə inteqrasiya edilməsinin, müxtəlif sahələrdə texniki tədqiqatın fərqli metodlarından istifadə olunmasının mümkünlüyünü nəzərdən keçirmək və tətbiqinə hazır olmaq.
8.3. Texniki tədqiqat əməliyyatlarının nəticələri əsasında İcraçı tərəfindən ərazinin təmizləmə əməliyyatları aparılmadan təhlükəsiz hesab olunması barədə təklif verilə bilər. İcraçı tərəfindən verilən təklif yalnız təqdim olunan dəlillərin qiymətləndirilməsinə və təhlilinə əsaslanmalıdır.
8.4. Bu Tələblərin 8.3-cü bəndinə uyğun olaraq verilən təklif Agentlik tərəfindən qiymətləndirilir və 10 (on) iş günü ərzində İcraçıya rəsmi cavab verilir. Təklif müsbət qiymətləndirildiyi halda İcraçı tərəfindən qısaltma üsulu tətbiq edilir və həmin ərazi təhlükədən azad edilmiş (qısaldılmış) sayılır. Əks halda ərazinin təhlükədən azad edilməsi üçün digər mərhələ və üsul tətbiq olunur.
9. Təmizləmə
9.1. Qeyri-texniki tədqiqat məlumatları və texniki tədqiqatın nəticələri əsasında təhlükəli ərazilərin təmizlənməsi partlayıcı sursatlarla çirklənmə növündən asılı olaraq aşağıdakı təsnifatlara uyğun icra olunur:
9.1.1. mina sahəsinin təmizlənməsi;
9.1.2. döyüş sahəsinin təmizlənməsi.
9.2. Mina sahəsinin təmizlənməsi zamanı qeyri-texniki tədqiqat məlumatları və texniki tədqiqatın nəticələri əsas götürülməklə, mina sahəsi kimi təsdiq olunmuş ərazilərin təmizlənməsi üçün aşağıdakı fiziki müdaxilə üsullarından istifadə olunur:
9.2.1. əl ilə minatəmizləmə;
9.2.2. heyvanların dəstəyi ilə minatəmizləmə;
9.2.3. mexaniki vasitələrin dəstəyi ilə minatəmizləmə.
9.3. Əl ilə minatəmizləmə mina təhlükəsi olan ərazilərdə partlayıcı sursatların axtarışı, müəyyən edilməsi, zərərsizləşdirilməsi və məhv edilməsi üçün minatəmizləyənlərin bütün fəaliyyətlərini əhatə edir.
9.4. Əl ilə minatəmizləmə həm müstəqil minatəmizləmə üsulu kimi, həm də mexaniki vasitələrin və heyvanların dəstəyi ilə minatəmizləmə üsulları ilə birlikdə tətbiq oluna bilər.
9.5. Əl ilə minatəmizləmə qrupunun tərkibi ilə bağlı say həddinin müəyyən edilməsi tələb olunmur. Minatəmizləyənlərin sayı sahənin ölçüsünə, ərazinin xüsusiyyətlərinə, təhlükəsizlik şərtlərinə və verilmiş tapşırıqların tələblərinə uyğun olaraq müəyyən olunur.
9.6. İcraçılar tərəfindən əl ilə minatəmizləmə əməliyyatları bu Tələblərə və SƏP-ə uyğun olaraq həyata keçirilməli və aşağıdakılar təmin edilməlidir:
9.6.1. əməliyyatların Agentlik tərəfindən əməliyyat uyğunluğu qiymətləndirilmiş işçi heyəti və avadanlıqlar vasitəsilə həyata keçirilməsi;
9.6.2. əl ilə minatəmizləmə qruplarının operativ əlaqə saxlanılmasına imkan verən müvafiq rabitə vasitələri ilə təchiz edilməsi;
9.6.3. əl ilə minatəmizləmə qrupları üçün İcraçının müvafiq ixtisaslı tibb işçilərinin və zəruri tibbi vasitələrlə və avadanlıqlarla, habelə morfin hidro-xlorid preparatı ilə təchiz olunmuş təcili tibbi yardım avtomobilinin ayrılması, onların ən yaxın tibb müəssisələri barədə məlumatlı olması, hər bir sahə üzrə zərərçəkənlərin təxliyəsi planının hazırlanması;
9.6.4. ərazinin tapşırıqlarla müəyyən edilmiş dərinliyə təmizlənməsi, aşkar olunan partlayıcı sursatların məhv edilməsi və minatəmizləmə əməliyyatlarının tamamlanması ilə bağlı müvafiq tədbirlərin görülməsi.
9.7. Azərbaycan Respublikasında həyata keçirilən minatəmizləmə fəaliyyətinin dərinliyi həmin ərazinin partlayıcı sursatlardan təmizlənməsini sifariş vermiş dövlət orqanının (qurumunun), hüquqi və fiziki şəxsin (bundan sonra — sifarişçi) ehtiyacı və texniki tədqiqat məlumatları əsasında müəyyən edilir, əməliyyatların icrası isə SƏP-ə əsasən həyata keçirilir.
9.8. İcraçılar tərəfindən minatəmizləmə əməliyyatlarına yalnız Agentlik tərəfindən əməliyyat uyğunluğu qiymətləndirilmiş heyvanlar cəlb oluna bilər.
9.9. İcraçılar tərəfindən heyvanların dəstəyi ilə aparılan minatəmizləmə əməliyyatları zamanı aşağıdakılar nəzərə alınmalıdır:
9.9.1. texniki tədqiqat zamanı heyvanların dəstəyi ilə ərazilərdə təhlükənin mövcudluğunun daha tez müəyyən edilməsi, partlayıcı sursat sıxlığının az olduğu ərazilərdə heyvanların dəstəyi ilə axtarışın qısa müddətdə həyata keçirilməsi mümkündür;
9.9.2. mina xətlərində, partlayıcı sursatların sıx olduğu ərazilərdə heyvanların dəstəyi ilə əməliyyatların aparılması yolverilməzdir;
9.9.3. mina sahələrinin sərhədlərinin aşkar edilməsi üçün heyvanların dəstəyi ilə minatəmizləmə əməliyyatı ən uyğun vasitə hesab olunur;
9.9.4. heyvanların dəstəyi ilə aşkaretmə sınaqları əməliyyat şəraitində müntəzəm olaraq həyata keçirilməlidir;
9.9.5. hər hansı səbəbdən heyvanların aşkaretmə qabiliyyətinə dair şübhə yaranarsa və ya heyvanların fəaliyyətinə maneə törədəcək amillər aşkarlanarsa onlar həmin tapşırıqlarda istifadə edilməməlidir;
9.9.6. heyvanların fəaliyyətini və ümumi sağlamlığını təmin etmək üçün effektiv sistemlər, prosedurlar və vasitələr yaradılmalı və müntəzəm yenilənməlidir;
9.9.7. heyvanların dəstəyi ilə aşkaretmə üzrə əməliyyatların bütün aspektlərinə səmərəli monitorinq sistemləri tətbiq edilməlidir;
9.9.8. heyvan bələdçilərinin Agentlik tərəfindən əməliyyat uyğunluğu qiymətləndirilməlidir;
9.9.9. heyvanların dəstəyi ilə aşkaretmə sistemi üzrə fəaliyyət göstərən baytarlıq işçiləri öz vəzifələrini yerinə yetirmək üçün müvafiq sahədə ixtisaslı və təcrübəli olmalıdır;
9.9.10. heyvanların dəstəyi ilə aşkaretmə digər minatəmizləmə üsulları ilə birlikdə tətbiq edilə bilər.
9.10. Mexaniki vasitələrin dəstəyi ilə minatəmizləmə mina sahələri ilə yanaşı, döyüş sahələrinin, habelə bu Tələblərin 9.20-ci bəndində nəzərdə tutulan xüsusi xarakterli ərazi və obyektlərin təmizlənməsində də istifadə edilə bilər.
9.11. Azərbaycan Respublikasında həyata keçirilən minatəmizləmə fəaliyyətində istifadə edilməsi nəzərdə tutulan mexaniki vasitələrin və onların qoşqularının Agentlik tərəfindən sınağı keçirilməlidir.
9.12. İcraçılar tərəfindən işə götürülən mexaniki vasitələrin operatorları və texniki işçiləri həmin sistemlərin idarə edilməsi üçün tələb olunan hüquqi sənədlərə və sertifikatlara sahib olmalıdırlar.
9.13. İcraçılar istifadə etdikləri mexaniki vasitələri minatəmizləmə əməliyyatları aparılması üçün fəaliyyətə uyğunlaşdıra və onlara zavod istehsalı olan qoşqular əlavə edə bilərlər. Qeyd edilən vasitələrin sınağı, habelə minatəmizləmə əməliyyatlarına uyğunluğunun qiymətləndirilməsi Agentlik tərəfindən həyata keçirilir.
9.14. Mexaniki vasitə kimi minatəmizləmə əməliyyatlarında istifadə olunması nəzərdə tutulan texnikanın zirehliləşdirilməsi müvafiq fəaliyyət üzrə ixtisaslaşmış müəssisələr tərəfindən həyata keçirilir və həmin texnika keyfiyyətə zəmanət verən sənədlə təmin olunur. Bu cür texnikanın Agentlik tərəfindən əməliyyat uyğunluğu qiymətləndirildikdən sonra onun mexaniki vasitə kimi minatəmizləmə əməliyyatlarında istifadəsinə icazə verilir.
9.15. Mexaniki vasitələr tərəfindən emal olunan ərazilər yalnız əl ilə minaaxtarma üsulu və ya heyvanların dəstəyi ilə yoxlanıldıqdan sonra təmizlənmiş hesab olunur.
9.16. Döyüş sahəsinin təmizlənməsi ümumi ərazinin təhlükədən azad edilməsi prosesinin tərkib hissəsidir və tədqiqatın nəticələri əsasında minaların mövcud olmadığı və yalnız partlamamış sursat təhlükəsi olan ərazilərdə tətbiq edilməlidir.
9.17. Döyüş sahəsinin təmizlənməsinin keyfiyyət tələbləri ərazinin tapşırıqlarla müəyyən edilmiş dərinliyə təmizlənməsini, aşkar olunan partlamamış sursatların ərazidən çıxarılmasını və məhv edilməsini, habelə minatəmizləmə əməliyyatlarının tamamlanması ilə bağlı müvafiq tədbirlərin görülməsini əhatə edir.
9.18. Döyüş sahəsinin təmizlənməsi üzrə əməliyyatlar Agentlik tərəfindən əməliyyat uyğunluğu qiymətləndirilmiş işçi heyət və avadanlıqlar vasitəsilə həyata keçirilməlidir.
9.19. Döyüş sahəsinin təmizlənməsi qeyri-texniki tədqiqat məlumatları və texniki tədqiqatın nəticələrindən, ərazinin təhlükədən azad edilməsi ilə bağlı verilmiş tapşırıq üzrə nəzərdə tutulan texniki şərtlərdən asılı olaraq, sahələrdə vizual yerüstü axtarış və ya yeraltı axtarış (xüsusi avadanlıqlar vasitəsilə) üsulu tətbiq etməklə SƏP-ə uyğun həyata keçirilməli və döyüş sahəsinin təmizlənməsinin tamamlanması barədə verilən qərarlar sübutlara əsaslanmalıdır.
9.20. Ərazilərin təmizlənmə xüsusiyyətlərindən asılı olaraq binaların və onların dağıntılarının, marşrutların, dayaz su hövzələrinin, sıx bitki örtüyünə malik ərazilərin, partladılmış hərbi sursat anbarları yerləşmiş sahələrin və digər bu kimi ərazi və obyektlərin partlayıcı sursatlardan təmizlənməsi xüsusi yanaşma tələb edir və bununla əlaqədar fəaliyyətlər SƏP-ə uyğun olaraq həyata keçirilir.
9.21. Döyüşlər getmiş yaşayış məntəqələri və onların ətrafındakı ərazilərdə mövcud olan binaların, evlərin, onların həyətyanı sahələrinin, müxtəlif infrastruktur və
kommunal obyektlərinin (bundan sonra — binalar) və ya onların dağıntılarının partlayıcı sursatlardan təmizlənməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır:
9.21.1. binaların təmizlənməsi əməliyyatlarına başlamazdan əvvəl qeyri-texniki tədqiqat məlumatları ətraflı öyrənilməli, təhlükə səviyyəsi qiymətləndirilməli, əməliyyat fəaliyyəti planlaşdırılmalı, kommunikasiya xətləri şəbəkədən ayrılmalı və tibbi dəstək təmin olunmalıdır;
9.21.2. binaların təmizlənməsi əməliyyatı zamanı binaya doğru təhlükəsiz yanaşma xətləri açılmalı, binaya giriş nöqtələri təyin edilməli, SƏP-lə müəyyən edilmiş təhlükəsizlik məsafələrinə, şəxsi heyət hədlərinə, həyata keçiriləcək hərəkət prosedurlarına və müddətlərə riayət edilməlidir;
9.21.3. binaların dağıntıları altında qalan döyüş sursatları və ya əldədüzəlmə partlayıcı qurğular əlavə risklər yaratdığı üçün onların təmizlənməsi binaların və açıq ərazilərin təmizlənməsindən fərqli olaraq SƏP-lə tənzimlənən müvafiq metodologiyalar və xüsusi əməliyyat planı tələb edir;
9.21.4. binaların və onların dağıntılarının effektiv şəkildə təmizlənməsini həyata keçirmək üçün əl ilə, habelə mexaniki vasitələrin və heyvanların dəstəyi ilə minatəmizləmə üsullarından istifadə edilməlidir;
9.21.5. binaların və onların dağıntılarının təmizlənməsi metodları partlayıcı sursatların mövcud olmasına dair aparılan tədqiqatların nəticələrinə əsaslanaraq seçilməlidir;
9.21.6. binaların və onların dağıntılarının təmizlənməsinin başa çatdığı barədə qəbul edilmiş qərarlar təmizlənmə işlərinin nəticələrinə əsaslanmalı və sənədləşdirilməlidir.
9.22. Marşrutların (avtomobil və dəmir yollarının, boru kəmərlərinin, su, təbii qaz, elektrik xətlərinin və xətti xüsusiyyətlərə malik digər ərazilərin) təmizlənməsi əməliyyatlarının həyata keçirilməsi xətti formada aparılmaqla, ərazi üzrə dar yerləşmə çətinlikləri ilə müşayiət olunduğundan xüsusi planlama və icra mexanizmləri tələb edir. Marşrutların təmizlənməsi zamanı aşkar olunan partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi əməliyyatlarının icrası ərazi üzrə dar yerləşmə ilə bağlı risklər nəzərə alınmaqla həyata keçirilməlidir. 9.23. Əldədüzəlmə partlayıcı qurğular üzrə minatəmizləmə fəaliyyəti Agentlik tərəfindən xüsusi olaraq bu məqsədlə əməliyyat uyğunluğunun qiymətləndirilməsi aparılmış şəxsi heyətə malik və xüsusi təyinatlı alət və avadanlıqlarla təchiz edilmiş İcraçılar tərəfindən həyata keçirilməlidir.
9.24. Minatəmizləmə əməliyyatı sahəsində əldədüzəlmə partlayıcı qurğuların mövcudluğundan şübhələnmək üçün hər hansı səbəb olarsa, təhlükənin qiymətləndirilməsi və əldədüzəlmə partlayıcı qurğuların məhv edilməsi tədbirləri həyata keçirilənə qədər əməliyyatlar dayandırılmalıdır.
10. 10. Sahədə fəaliyyətin təşkili, xəbərdarlıq və işarələmə işləri
10.1. Sahələrin qurulması və idarə edilməsi ilə bağlı görülən tədbirlər hər bir sahənin ölçüsündən, həyata keçirilən minatəmizləmə fəaliyyətlərinin növündən, ərazidə tətbiq edilən minatəmizləmə üsullarından, istifadə olunan alət və avadanlıqlardan,
heyvan və mexaniki vasitələrdən, habelə təbii-coğrafi və ekoloji şəraitdən asılı olaraq səmərəli idarə edilməlidir.
10.2. Minatəmizləmə əməliyyatlarının aparıldığı sahələr SƏP-ə uyğun olaraq aşağıdakı kimi planlaşdırılmalı, qurulmalı və idarə edilməlidir:
10.2.1. minatəmizləmə əməliyyatlarının planlaşdırılması və icrası zamanı partlayıcı sursatların mövcudluğu baxımından təhlükəli ərazilərin minatəmizləmə əməliyyatları aparılan sahələrində SƏP-in tələblərinə uyğun xəbərdarlıq və işarələmə sistemləri tətbiq edilməlidir;
10.2.2. mexaniki vasitələr, heyvanlar və sahədəki digər heyət və resurslar arasında SƏP-lə müəyyən edilmiş təhlükəsizlik məsafələrinin saxlanması, nəzarət və inzibati məntəqələrin qurulması təmin edilməlidir;
10.2.3. məhvetmə sahələri daxil olmaqla təhlükəli, təmizlənmiş və istifadəyə yararlı ərazilərin aydın şəkildə işarələnməsi təmin edilməlidir;
10.2.4. inzibati və yardımçı sahələr təmizləmə və məhvetmə əməliyyatları aparılan ərazilərdən kənarda yerləşdirilməlidir;
10.2.5. minatəmizləmə əməliyyatlarının təhlükəsizliyini və səmərəliliyini təmin etmək üçün zəruri olan tibbi dəstək və rabitə vasitələrindən istifadə edilməlidir;
10.2.6. minatəmizləmə əməliyyatları aparılan ərazilərdə təmizləmənin statusundan (planlaşdırılır, icra edilir, dayandırılır, tamamlanıb və digər) asılı olaraq SƏP-in tələblərinə əsasən müvəqqəti və ya daimi işarələmə sistemlərindən istifadə olunmalıdır;
10.2.7. minatəmizləmə fəaliyyəti zamanı yaxınlıqda yerləşən obyektlərə və ətraf mühitə zərər vurulmasının qarşısının alınması üçün təhlükəsizlik tədbirləri görülməlidir.
10.3. Təhlükəli ərazilərin aydın görünən işarələmə sistemi olmalıdır və SƏP-ə uyğun olaraq aşağıda qeyd olunan rənglərdən istifadə olunmalıdır:
10.3.1. qırmızı — mina təhlükəsinin olduğunu bildirir;
10.3.2. göy — döyüş sahəsində təhlükəli ərazinin sərhədlərini müəyyən edir, mina sahəsində isə əl ilə təmizləmə əməliyyatlarının başlama və sonlandığı yerləri bildirir;
10.3.3. ağ — təhlükəsiz ərazini bildirir;
10.3.4. sarı — minaların aşkar olunduğu yeri bildirir;
10.3.5. qara — heyvanların indikasiya yerlərini göstərir.
10.4. Texniki tədqiqat və təmizləmə əməliyyatları zamanı istifadə olunan işarələmə sistemi təhlükəsiz ərazi ilə təhlükəli ərazi arasında sərhədlərin bütün əməliyyat fəaliyyəti müddətində aydın göstərilməsini təmin etməlidir.
10.5. İcraçılar sahədə işarələmə sistemlərini SƏP-in tələblərinə uyğun olaraq tətbiq etməlidir.
11. 11. Keyfiyyətə nəzarət
11.1. Texniki tədqiqat və təmizləmə əməliyyatlarının icra prosesi və gedişatının, habelə nəticələrinin qiymətləndirilməsi keyfiyyətin idarə edilməsi sisteminin mühüm funksiyaları olaraq özündə aşağıdakı fəaliyyətləri əhatə edir:
11.1.1. monitorinqlər — texniki tədqiqat və təmizləmə əməliyyatlarının aparılması prosesində həyata keçirilən qiymətləndirmə tədbirləri;
11.1.2. keyfiyyət qiymətləndirməsi — texniki tədqiqat və təmizləmə əməliyyatları tamamlandıqdan sonra həyata keçirilən qiymətləndirmə tədbirləri.
11.2. Bu Tələblərin 11.1-ci bəndində nəzərdə tutulan monitorinq və keyfiyyət qiymətləndirməsi tədbirləri Agentlik tərəfindən həyata keçirilir.
11.3. İcraçılar tərəfindən monitorinq və keyfiyyət qiymətləndirməsi tədbirləri texniki tədqiqat və təmizləmə əməliyyatlarının keyfiyyətinin təmin edilməsi məqsədilə Agentlik tərəfindən aparılan monitorinq və keyfiyyət qiymətləndirməsi tədbirlərindən əvvəl həyata keçirilir.
11.4. İcraçılar tərəfindən SƏP-ə uyğun olaraq monitorinq və keyfiyyət qiymətləndirməsi effektiv təşkil olunmalı və müvafiq fəaliyyətin aparılmasına Agentlik tərəfindən əməliyyat uyğunluğu qiymətləndirilmiş təcrübəli şəxslər cəlb edilməlidir.
11.5. Minatəmizləmə əməliyyatlarının monitorinqi və keyfiyyət qiymətləndirməsi tədbirlərinin həyata keçirilməsi məqsədilə Agentlik tərəfindən ixtisaslaşmış monitorinq və keyfiyyətə nəzarət strukturları yaradılır.
11.6. Agentlik tərəfindən monitorinqin və keyfiyyət qiymətləndirməsinin planlaşdırılması, təşkili və həyata keçirilməsi SƏP-ə uyğun aparılmalı, belə fəaliyyətlərin icrasına ixtisaslı şəxslər cəlb edilməli və fəaliyyətlərinin təkmilləşdirilməsi məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi təmin edilməlidir.
11.7. Monitorinqin və keyfiyyət qiymətləndirməsinin aparılması üçün İcraçılar tərəfindən aşağıdakılar təmin edilməlidir:
11.7.1. icra etdikləri minatəmizləmə əməliyyatlarına dair aparılmış qeydlərin, rəsmiləşdirilmiş sənədlərin və hesabatların monitorinqi və keyfiyyət qiymətləndirməsini icra edən şəxslərə təqdim edilməsi;
11.7.2. monitorinqin və keyfiyyət qiymətləndirməsinin aparılması üçün zəruri olan obyektlərə və sahələrə monitorinqi və keyfiyyət qiymətləndirməsini icra edən şəxslərin girişi;
11.7.3. minatəmizləmə əməliyyatlarının aparılmasına, proseslərin idarə olunmasına, istifadə olunan vasitələrin təhlükəsizliyinə, ətraf mühit və keyfiyyətin idarə edilməsinə dair sualların cavablandırılması üçün məsul şəxslərin təyin edilməsi.
11.8. Monitorinqi və keyfiyyət qiymətləndirməsini icra edən şəxslər tərəfindən İcraçıların fəaliyyəti ilə əlaqədar pozuntu aşkar edildikdə Agentliyə məlumat verilməklə, pozuntunun aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün İcraçılar ilə birlikdə tədbirlər müəyyən edilir. İcraçılar müəyyən edilmiş tədbirlərin vaxtında və Agentliyin tələblərinə uyğun icrasına bilavasitə cavabdehlik daşıyırlar.
11.9. Monitorinq və keyfiyyət qiymətləndirməsini aparan şəxslər bu fəaliyyətə xələl gətirə biləcək hər hansı hərəkət və ya hərəkətsizliyə yol verməməli, icra olunan minatəmizləmə əməliyyatlarında bilavasitə iştirak etməməli, minatəmizləmə fəaliyyəti ilə əlaqəli olan sahələr üçün xidmətlərin göstərilməsi, işlərin yerinə yetirilməsi, texnika və avadanlıqların layihələndirilməsi, istehsalı, təchizatı, quraşdırılması, istifadəsi və ya istismarı ilə bağlı fəaliyyəti heç bir formada həyata keçirməməlidir.
11.10. İcraçılar tərəfindən ərazilərin təhlükədən azad edilməsi tamamlanmış hər bir sahədə Agentlik tərəfindən seçmə üsulu ilə keyfiyyət qiymətləndirməsi aparılır.
11.11. Keyfiyyət qiymətləndirməsi nəticəsində bu Tələblərə, SƏP-ə və sifariş tapşırıqlarının şərtlərinə əsasən pozuntu aşkar edilməyən sahələr sifarişçiyə təhvil verilmə mərhələsinə (ərazinin sertifikatlaşdırılması) təqdim edilir.
11.12. Keyfiyyət qiymətləndirməsi nəticəsində kritik pozuntu aşkar edilmiş sahədə qeydə alınmış nöqsanlar və onların səbəbləri Agentlik tərəfindən yaradılan xüsusi komissiyada araşdırılır, nəticəsinə uyğun olaraq sahəyə cavabdeh olan İcraçı tərəfindən həmin nöqsanların aradan qaldırılması təmin edilir və bundan sonra yenidən keyfiyyət qiymətləndirməsi aparılır.
11.13. Təhlükədən azad olunması tamamlanmış sahələrdə keyfiyyət qiymətləndirməsinin aparılmaması barədə monitorinq və keyfiyyət qiymətləndirməsi həyata keçirən şəxslər tərəfindən birgə təklif verilə bilər. Təklif SƏP-ə uyğun olaraq aşağıdakı meyarların hamısı olarsa verilə bilər:
11.13.1. təhlükədən azad olunmuş sahənin təhlükəli olması ilə əlaqədar şübhə və risklər olmadıqda;
11.13.2. minatəmizləmə əməliyyatları aparılmış sahədə təhlükənin qiymətləndirilməsinə və orada istifadə edilən minatəmizləmə üsullarının düzgünlüyünə şübhə olmadıqda;
11.13.3. təhlükədən azad olunmuş sahədə aparılmış monitorinqlərin nəticələri müsbət olduqda.
11.14. Bu Tələblərin 11.13-cü bəndində qeyd olunan təklifin qəbul edilməsi ilə bağlı qərar Agentlik tərəfindən verilir.
11.15. Keyfiyyət qiymətləndirməsi üçün təqdim edilmiş sahədə partlayıcı sursatların aşkar edilməsi, eləcə də tapşırıqda müəyyən edilmiş dərinlikdən dayaz təmizləmə halları kritik pozuntu kimi qəbul edilir.
11.16. Monitorinqləri və keyfiyyət qiymətləndirməsini icra edən şəxslər həyata keçirdikləri fəaliyyətlə əlaqədar sənədləri tam və düzgün toplamalı və xidməti zərurətlə əlaqədar onlardan istifadəni təmin etməlidir.
11.17. Monitorinqləri və keyfiyyət qiymətləndirməsini icra edən şəxslər hər bir tapşırıq üzrə fəaliyyət başa çatdıqdan sonra 5 (beş) iş günü ərzində hesabatı Agentliyə təqdim etməlidirlər. İcraçı monitorinq və keyfiyyət qiymətləndirməsinin nəticələri ilə razı olmadıqda, bu barədə müvafiq hesabatın aidiyyəti hissəsində öz qeydlərini aparmalıdır.
11.18. Agentlik tərəfindən monitorinq və keyfiyyət qiymətləndirməsi fəaliyyətinə mütəmadi olaraq nəzarət edilməlidir.
12. Tamamlama və sənədləşdirmə
12.1. İcraçılar tərəfindən ərazinin təhlükədən azad edilməsi ilə bağlı görülən bütün tədbirlər üzrə hesabatlar Agentliyə təqdim edilməlidir. 12.2. Minatəmizləmə fəaliyyəti nəticəsində sahənin təhlükədən azad edilməsinin tamamlanmasına dair Agentlik tərəfindən sertifikat tərtib olunur və sifarişçiyə təqdim edilir.
12.3. Sertifikatda aşağıdakı məlumatlar əks olunmalıdır:
12.3.1. sertifikatın adı, nömrəsi və tarixi;
12.3.2. minatəmizləmə əməliyyatının icra olunması üçün əsas, sahələrin adı və icraçı;
12.3.3. minatəmizləmə fəaliyyəti aparılmış sahə haqqında məlumat;
12.3.4. sahədə olan obyektlər haqqında məlumat;
12.3.5. keyfiyyətə nəzarət tədbirləri çərçivəsində görülmüş işlər haqqında məlumat;
12.3.6. aşkar edilmiş partlayıcı sursatlara dair məlumat;
12.3.7. İcraçı və keyfiyyət nəzarətini həyata keçirən qurum haqqında məlumat (məsul şəxslərin imzaları və möhür);
12.3.8. əlavə qeydlər.
12.4. İcraçılar təmizlənmiş ərazilərin təhlükəsizliyini nümayiş etdirmək və həmin əraziyə bitişik təhlükəli ərazilər barədə məlumatlandırmanı həyata keçirmək üçün xəbərdarlıq və işarələmə tədbirləri görməlidirlər.
12.5. İcraçılar ərazinin təmizlənməsi prosesinə başlanması, habelə bu prosesin başa çatması barədə Qanunun 6.2-ci maddəsində göstərilən dövlət orqanlarına (qurumlarına) məlumat verməlidirlər.
13. Minatəmizləmə fəaliyyətində sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi
13.1. Minatəmizləmə fəaliyyəti zamanı sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, "Ətraf mühitin mühafizəsi haqqında" və "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarına, texniki təhlükəsizliklə bağlı məsələlər "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununa, İcraçıların bütün əməkdaşları üçün ölüm, əlillik və xəsarətlərə qarşı sığorta təminatı ilə bağlı məsələlər isə "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Əmək pensiyaları haqqında", "Tibbi sığorta haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Psixoloji yardım haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir.
13.2. Sahədə sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi ilə əlaqədar Agentlik tərəfindən aşağıdakılar həyata keçirilir:
13.2.1. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi, bu Tələblər və mina əleyhinə beynəlxalq standartlar nəzərə alınmaqla, sahədə sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi ilə bağlı SƏP-in müəyyən edilməsi;
13.2.2. İcraçılar tərəfindən keçirilən təlimlərin Agentlik ilə razılaşdırılmış proqrama uyğun təşkil olunması və icrası, habelə həmin təlimlərlə bağlı hesabatların tələb edilməsi və fəaliyyətlərinin əlaqələndirilməsi, minatəmizləmə əməliyyatlarına cəlb edilmiş şəxsi heyətin, avadanlıq və vasitələrin istismara yararlılığının qiymətləndirilməsinin aparılması zamanı SƏP-in tələblərinin nəzərə alınması.
13.3. İcraçılara münasibətdə minatəmizləmə əməliyyatları ilə əlaqədar sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi məsələlərinin Azərbaycan Respublikasının bu sahədə qüvvədə olan qanunvericiliyinə uyğun təşkil edilməsinin yoxlanılması məqsədilə Agentlik tərəfindən müvafiq monitorinqlər aparılır.
13.4. Minatəmizləmə əməliyyatları zamanı aşkar edilən tapıntının insan qalıqları olması ilə bağlı şübhə yarandıqda, həmin ərazini qorumaq şərtilə işlər dayandırılmalı və
bu barədə Agentliyə, habelə sahənin yerləşdiyi ərazi üzrə aidiyyəti hüquq mühafizə orqanlarına dərhal məlumat verilməlidir. Azərbaycan Respublikasının müvafiq sahədə qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun zəruri tədbirlər görüldükdən sonra minatəmizləmə əməliyyatları davam etdirilir.
13.5. Minatəmizləmə əməliyyatları zamanı aşkar edilən əşyanın mədəni və ya tarixi əhəmiyyətə malik olması ilə bağlı ehtimallar yarandıqda, həmin ərazini qorumaq şərtilə işlər dayandırılaraq bu barədə Agentliyə, habelə Qanunun 6.11-ci maddəsində göstərilən dövlət orqanlarına (qurumlarına) dərhal məlumat verilməlidir. Azərbaycan Respublikasının müvafiq sahədə qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun zəruri tədbirlər görüldükdən sonra minatəmizləmə əməliyyatları davam etdirilir.
13.6. Minatəmizləmə fəaliyyəti zamanı baş verən istehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi, uçota alınması, hadisələr haqqında hesabat və onların başvermə səbəblərinin təhlili ilə bağlı məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na uyğun olaraq tənzimlənir.
13.7. Baş vermiş qəza və ya bədbəxt hadisənin müvafiq qurumlar tərəfindən təhqiqatı aparıldığı zaman Agentlik və aidiyyəti İcraçı təhqiqatı aparan orqanlarla əməkdaşlıq etməlidirlər.
13.8. Qəza və ya bədbəxt hadisənin araşdırılması üçün İcraçı tərəfindən komissiya yaradılmalı, onun hesabatı 5 (beş) iş günü ərzində hazırlanmalı və Agentliyə rəsmi təqdim edilməlidir. Hesabat Agentlik tərəfindən məqbul hesab edildiyi halda hadisəni araşdıran dövlət orqanına, əks halda isə hadisənin yenidən araşdırılması üçün komissiyaya göndərilir.
13.9. Minatəmizləmə fəaliyyəti zamanı baş verən qəza və ya bədbəxt hadisələrin təsirlərinin minimuma endirilməsi üçün minatəmizləmə əməliyyatının icrasına başlamazdan əvvəl İcraçıların hər sahə üzrə SƏP-ə uyğun hazırlanmış təxliyə planı, habelə həmin ərazidə təcili tibbi yardım avtomobili olmalıdır.
13.10. Minatəmizləmə fəaliyyəti aparılan zaman işlərin təhlükəsizliyinin təmin edilməsi və səmərəliliyin təşkili üçün minatəmizləyənlər SƏP-ə uyğun olaraq fasilələrlə fəaliyyət göstərməlidirlər.
13.11. Yağıntılı və dumanlı hava şəraitində və ya şiddətli külək zamanı, habelə havanın temperaturunun qanunvericiliklə müəyyən olunmuş dərəcədən yüksək və ya aşağı olduğu hallarda əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq minatəmizləmə fəaliyyətinə fasilələr verilir və ya icra edilmir.
13.12. Sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində minatəmizləmə fəaliyyəti icra edilmir.
14. Partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi
14.1. Partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi əməliyyatları bu Tələblərin 14.16-cı bəndinin tələblərinə cavab verən mütəxəssislər tərəfindən bu Tələblərə və SƏP-ə uyğun olaraq icra olunur.
14.2. Minatəmizləmə fəaliyyətinə cəlb edilmiş dövlət orqanı (qurumu) müvafiq əməliyyatların icrası üçün zəruri imkanlara malik olduğu təqdirdə, təhlükəsizlik riskləri qiymətləndirilməklə aşkar olunan partlayıcı sursatların yerində zərərsizləşdirilməsi və məhv edilməsi əməliyyatlarını icra edə bilər.
14.3. Müqavilə əsasında minatəmizləmə fəaliyyətinə cəlb olunan fiziki və hüquqi şəxslər tərəfindən aşkar olunan partlayıcı sursatların yerində və ya digər məhvetmə yerlərində zərərsizləşdirilməsi və ya məhv edilməsi əməliyyatının aparılması yalnız Agentlik tərəfindən icra olunur.
14.4. Zərərsizləşdirilmiş partlayıcı sursatlar aşkar edildiyi təmizləmə sahəsindən təhlükəsizlik qaydalarına riayət olunmaqla müəyyən edilmiş yerlərə daşına bilər. Zərərsizləşdirilmiş partlayıcı sursatların təmizləmə sahəsindən çıxarılması ilə əlaqədar qərarların icrası Agentliklə əvvəlcədən razılaşdırılmaqla həyata keçirilir. Müvafiq razılığın alınması üçün edilən rəsmi müraciətə Agentlik tərəfindən 3 (üç) iş günü ərzində baxılaraq müraciət müəllifinə rəsmi cavab verilir.
14.5. Partlayıcı sursatlar təmizləmə əməliyyatlarının aparıldığı sahələrdə və ya digər məhvetmə yerlərində partladılmaqla və ya yandırılmaqla məhv edilir. Partlayıcı sursatların partladılmaqla məhv edilməsi üçün elektrik üsuluna üstünlük verilir. Elektrik üsulunun icrası üçün zəruri vasitələr mövcud olmadığı və ya elektrik üsulunun tətbiq edilməsi məqsədəmüvafiq hesab edilmədiyi halda qeyri-elektrik üsulundan istifadə edilə bilər.
14.6. Minatəmizləmə zamanı aşkar olunan partlayıcı sursatların partladılmaqla məhv edilməsi üçün partlayıcı maddələrdən, detonatorlardan, partladıcı kapsullardan, partladıcı və odkeçirici qaytanlardan və ya pirotexniki alışdırma sistemlərindən (bundan sonra − partladıcı vasitələr və partlayıcı maddələr) istifadə olunur.
14.7. Partlayıcı sursatların məhv edilməsi zamanı təhlükəsizlik (qorunma, ərazinin mühafizəsi), ətraf mühitin mühafizəsi, partlayıcı sursatların, onların məhv edilməsi üçün tələb olunan partladıcı vasitələrin və partlayıcı maddələrin uçotu ilə bağlı tədbirlər görülməlidir.
14.8. Məhvetmə işləri iş gününün sonunda və ya iş günü ərzində əməliyyatlar dayandırıldıqdan sonra aparılmalı, Agentlik, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (dövlət sərhədinin mühafizəsi aparılan ərazilərdə həmçinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti) ilə əvvəlcədən razılaşdırılmaqla SƏP-ə uyğun həyata keçirilməlidir.
14.9. Partlayıcı sursatların məhv edilməsi zamanı təhlükəsizlik təmin edilməli, partladıcı vasitələrin və partlayıcı maddələrin daşınmasına və hazırlanmasına minimum sayda işçi cəlb olunmalıdır.
14.10. Partlayıcı sursatların təmizləmə sahəsindən kənarda məhv edilməsi məqsədilə məhvetmə sahələrinin yaradılması üçün minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanı (qurumu) tərəfindən Agentlikdən və aidiyyəti dövlət orqanlarından Azərbaycan Respublikasının müvafiq sahədə qüvvədə olan qanunvericiliyinə uyğun icazə alınmalıdır.
14.11. Minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanının (qurumunun) partlayıcı sursatların məhv edilməsi əməliyyatlarını həyata keçirən xüsusi təchiz olunmuş
bölmələri Agentlik tərəfindən əməliyyat uyğunluğu qiymətləndirilmiş şəxsi heyətə malik olmalı, zəruri alətlə və avadanlıqlarla təmin edilməlidir.
14.12. Partlayıcı sursatların məhv edilməsi əməliyyatlarını həyata keçirən bölmələr üçün İcraçının müvafiq ixtisaslı tibb işçilərinin və zəruri tibbi vasitələrlə və avadanlıqlarla, habelə morfin hidro-xlorid preparatı ilə təchiz olunmuş təcili tibbi yardım avtomobilinin ayrılması, onların ən yaxın tibb müəssisələri barədə məlumatlı olması təmin edilməli, eləcə də hər bir sahə üzrə zərərçəkənlərin təxliyəsi planı hazırlanmalıdır.
14.13. Partlayıcı sursatların məhv edilməsi işlərini həyata keçirən minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanları (qurumları) bu barədə Agentliyi və ərazi üzrə yerli icra hakimiyyəti və daxili işlər orqanlarını xəbərdar etməli, öz fəaliyyətlərini onlarla əlaqələndirməlidirlər.
14.14. Təmizləmə sahəsindən kənarda məhv edilməsi məqsədilə partlayıcı sursatların, habelə bu Tələblərin 14.6-cı bəndində göstərilən partladıcı vasitələrin və partlayıcı maddələrin Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyatı ilə daşınması və belə daşımaların təhlükəsizliyinin təmin edilməsi üzrə əsas məsələlər Azərbaycan Respublikasının bu sahədə qüvvədə olan qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
14.15. Bu Tələblərin 14.6-cı bəndində göstərilən partladıcı vasitələrin və partlayıcı maddələrin anbarlaşdırılması, saxlanılması, uçotu və idarə edilməsi məsələləri, habelə onların saxlanıldığı obyektlərə və saxlanılma şərtlərinə dair tələblər Azərbaycan Respublikasının bu sahədə qüvvədə olan qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
14.16. Partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi fəaliyyətini icra edən dövlət orqanının (qurumunun) mütəxəssisləri aşağıdakılara malik olmalıdırlar:
14.16.1. Qanunun 5.10-cu maddəsində qeyd olunan sertifikat;
14.16.2. Agentlik tərəfindən bu fəaliyyət üzrə keçirilən əməliyyat uyğunluğunun qiymətləndirilməsinin məqbul nəticəsi;
14.16.3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən müvafiq sahədə fəaliyyət göstərməyə hüquq verən sənəd. _____________