1. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı ikiüzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir (Şəkillər 1, 2).
2. Döyüş Bayrağının qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir, qıraqları üç tərəfindən qızılı rəngli ipək saçaqlarla köbələnmiş ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanır.
3. Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipək sapdan 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilir. Qumaşın üst mavi zolağında qızılı rəngli ipək sapla "AZƏRBAYCAN UĞRUNDA!" şüarı tikilir. Hərflərin eni 95 sm, hündürlüyü 7 sm-dir (Şəkil 1).
4. Qumaşın arxa tərəfində qırmızı zolağın ortasında Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin ipəkdən tikilmiş emblemi (diametri 48 sm) yerləşdirilir. Qumaşın üst mavi zolağında qızılı rəngli ipək sapla "Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri tikilir. Hərflərin eni 125 sm, hündürlüyü 16 sm-dir (Şəkil 2).
5. Döyüş Bayrağının dəstəyi en kəsiyinin diametri 4,0 sm, uzunluğu 250 sm olan girdə ağacdandır. Dəstək tünd qızılı boya ilə rənglənir və laklanır. Aşağı ucunda metal halqa, yuxarı ucunda isə nikellənmiş aypara və ulduz şəklində fiqurlu ucluq vardır. Döyüş Bayrağının qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanır, hər iki ucunda qotazları vardır. Qaytanın uzunluğu 270−285 sm-dir. Şəkil 1. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağının ön tərəfi Şəkil 2. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağının arxa tərəfi