Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 8 " iyul tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Daşınmaz abidələrin pasportlaşdırılması QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin (bundan sonra — daşınmaz abidələr) pasportlaşdırılması qaydalarını müəyyən edir.
1.2. Daşınmaz abidələrin pasportlaşdırılmasını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Şuşa şəhərinin ərazisində yerləşən daşınmaz abidələrə münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (bundan sonra — dövlət orqanı (qurumu) həyata keçirir.
1.3. Daşınmaz abidənin pasportu (bundan sonra — pasport) bu Qaydalara uyğun olaraq verilən və müvafiq olaraq "Daşınmaz abidələrin pasportunun nümunəvi forması"nda (bundan sonra — Nümunəvi forma) göstərilən məlumatları özündə əks etdirən vahid sənəddir.
1.4. Pasport Azərbaycan Respublikasının mülkiyyətidir və bu Qaydalarda nəzərdə tutulmuş hallar istisna olunmaqla onda dəyişiklik edilməsinə yol verilmir.
1.5. Daşınmaz abidələrin pasportlaşdırılması ilə bağlı xərclər dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Daşınmaz abidələr üzərində aparılacaq əsaslı təmir-bərpa, konservasiya, rekonstruksiya, regenerasiya və digər işlərin layihəsi hazırlanarkən həmin abidənin pasportundakı məlumatlara istinad oluna bilər.
1.7. Bu Qaydalar tətbiq edilənədək tərtib olunmuş pasportlar bu Qaydalara uyğun tərtib olunmuş pasportlara bərabər tutulur.
2. Daşınmaz abidələrin pasportlaşdırılması
2.1. Pasport Nümunəvi formaya əsasən kompüter üsulu ilə tərtib olunur.
2.2. Elektron qaydada tərtib olunan pasportun mətni Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"ın 33-cü hissəsinə uyğun olaraq "Arial" 12 şrifti ilə A4 formatda bir və ya bir yarım sətirarası intervalla yazılmalıdır.
2.3. Pasport elektron və kağız daşıyıcıda dövlət orqanında (qurumunda) saxlanılır.
2.4. Kağız daşıyıcıda və elektron formada olan məlumatlar bir-birinə uyğun gəlmədikdə kağız daşıyıcıdakı məlumata üstünlük verilir.
2.5. A3, A2 və digər formatlarda olan cizgilər və ya sənədlər (arxiv materialları, cizgilər, layihələr, xəritələr və s.) qatlanaraq pasporta əlavə edilə bilər.
2.6. Daşınmaz abidənin faktiki ünvanı qeyd olunarkən Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nın 4.2-ci bəndinə əsasən ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə edilir.
2.7. Daşınmaz abidənin ünvan reyestrinə daxil edilmiş ünvanı olmadıqda obyektin yerləşdiyi yerin aydın təsviri (yaşayış məntəqəsindən hansı istiqamətdə neçə metr və ya kilometr məsafədə yerləşməsi, dağlıq və ya meşəlik ərazidə olması, istiqamətini müəyyənləşdirmək üçün yaxınlığında yerləşən tikilinin, dağın və ya çayın adı və s.) yazılır.
2.8. Pasportda qeyd olunan daşınmaz abidənin aid edildiyi tarixi (dövrü), o cümlədən adı və ünvanına dair məlumatlar "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001- ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş 1, 2, 3 nömrəli əlavələrdə (bundan sonra — siyahılar) qeyd olunan məlumatlardan fərqli olduqda, pasport məlumatları əsasında siyahılarda dəyişiklik edilə bilər.
2.9. Bu Qaydalara uyğun olaraq tərtib edilmiş pasport layihəsi razılaşdırılmaq üçün dövlət orqanı (qurumu) tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına göndərilir. Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşdırıldıqdan sonra 30 (otuz) iş günü müddətində pasport layihəsinə dair Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq rəyi nəzərə alınmaqla daşınmaz abidəyə dövlət orqanı (qurumu) tərəfindən pasport verilir.
2.10. Dövlət orqanı (qurumu) tərəfindən aidiyyəti üzrə verilmiş pasport Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 102 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydası"na uyğun olaraq həmin Qaydanın 3.6-cı bəndi ilə müəyyən edilmiş subyektlər tərəfindən mədəniyyət sahəsində elektron məlumat sisteminə (bundan sonra - elektron məlumat sistemi) yerləşdirilir.
2.11. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq daşınmaz abidənin mülkiyyət növü, mülkiyyətçisi, istifadəçisi, habelə balans saxlayıcısı, mühafizə müqaviləsi, elmi -tədqiqat işləri, pasportda edilmiş dəyişikliklər və digər zəruri məlumatlar pasportun qeyd vərəqələrində yazılır.
2.12. Daşınmaz abidə bu Qaydaların 2.8-ci bəndində qeyd edilmiş siyahılardan çıxarıldıqda elektron məlumat sistemində qeyd aparılır və onun pasportu Milli arxiv fonduna təhvil verilir.
2.13. Daşınmaz abidənin pasportlaşdırılması və bu Qaydaların 4-cü hissəsinə əsasən pasportun verilməsi zamanı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"na uyğun olaraq dövlət informasiya ehtiyatından, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları, həmçinin yerli özünüidarəetmə orqanları tərəfindən formalaşdırılan elektron sənədlər və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət məlumat bazaları, reyestrlər və digər informasiya resurslarından istifadə edilə bilər.
2.14. Fərdi məlumat tələb olunduqda informasiya əldə etmək zərurəti əsaslandırılmalıdır. Fərdi məlumatların verilməsi "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
2.15. Pasportun tərtib olunması ilə bağlı kağız daşıyıcıda sənəd formasında toplanılmış materiallar (arxiv sənədləri, fotolar, xəritələr, cizgilər, qravürlər və s.) elektron məlumat sisteminə daxil edilmək üçün dövlət orqanı (qurumu) tərəfindən elektron təsvir formasına keçirilir.
2.16. Pasportu tərtib edən şəxslər Nümunəvi formada göstərilən məlumatların pasporta düzgün daxil edilməsinə cavabdehdirlər.
2.17. Nümunəvi formanın 3.2-ci bəndinə uyğun olaraq daşınmaz abidənin mövcud vəziyyəti vizual və ya instrumental müayinələr əsasında müəyyən edilir.
3. Pasportun verilməsi
3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 102 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydası"nın 6-cı hissəsinə uyğun olaraq dövlət orqanları, fiziki və hüquqi şəxslər elektron məlumat sisteminə yerləşdirilmiş pasportu (pasportları) əldə etmək üçün sorğu vasitəsilə müraciət etdikdə daxil olan sorğu öyrənilir və daxil olduğu tarixdən 7 (yeddi) iş günü müddətində icrası təmin edilir.
3.2. Pasport dövlət orqanı (qurumu) tərəfindən elektron məlumat sistemində və "Elektron hökumət" portalında yerləşdirilir və müraciət edən şəxsin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Müraciət edən şəxsin istəyindən asılı olaraq pasport elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) ona göndərilir.
3.3. Daxil olan sorğunun öyrənilməsi məqsədilə müraciətə aşağıdakı sənədlər və ya məlumatlar əlavə edilir:
3.3.1. müraciət edən fiziki şəxs olduqda - fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin surəti, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surəti, sorğu müvafiq şəxsin adından başqa şəxs tərəfindən verildikdə notarial qaydada təsdiq edilmiş etibarnamənin surəti, əlaqə telefonları və elektron poçt ünvanı;
3.3.2. müraciət edən hüquqi şəxs olduqda - hüquqi şəxsin tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə və əlavə olunan sənədlər, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə (notarial qaydada təsdiqlənməklə), şəxsiyyət vəsiqəsinin surəti, əlaqə telefonları və elektron poçt ünvanı;
3.3.3. müraciət edən dövlət orqanı (qurumu) olduqda - daşınmaz abidənin onun balansında, mülkiyyətində və ya istifadəsində olduğunu təsdiq edən sənədlər, göstərilən sənədlər olmadıqda pasportun verilməsi zərurətinin əsaslandırılmasına dair məlumatlar, əlaqə telefonları və elektron poçt ünvanı.
3.4. Təqdim olunmuş sənədlərdə və ya məlumatlarda çatışmazlıq (bu Qaydaların 3.3-cü bəndinin tələbi nəzərə alınmaqla) aşkar olunduğu halda müraciət edən şəxsə bu barədə 3 (üç) gün müddətində elektron bildiriş göndərilir və ya əlaqə vasitəsilə məlumat verilir. Müraciət edən şəxsə çatışmazlıqları aradan qaldırmaq üçün 3 (üç) gün müddət verilir. Müraciətin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciət qeydə alınır. Çatışmazlıqlar 3 (üç) gün müddətində aradan qaldırılmadıqda, həmin şəxsin müraciəti qeydə alınmır.
3.5. Pasport verilməsi üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.
3.6. Pasportun verilməsi və ya verilməsindən imtina barədə qərar müraciət qeydiyyata alındığı tarixdən 3 (üç) iş günü müddətində verilir.
3.7. Müvafiq qərarın qəbul olunması üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qaydaların 3.6-cı bəndində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda qərarın qəbul edilmə müddəti dövlət orqanı (qurumu) tərəfindən 3 (üç) iş günü olmaqla 1 (bir) dəfə uzadıla bilər.
3.8. Dövlət orqanı (qurumu) pasportun verilməsindən imtina etdikdə, müraciət edən şəxsə qərarın qəbul edildiyi tarixdən 3 (üç) iş günü müddətində əsaslandırılmış imtina məktubunu yazılı və ya elektron formada göndərməlidir.
3.9. Elektron məlumat sisteminə yerləşdirilmiş pasportun verilməsindən aşağıdakı hallarda imtina edilir:
3.9.1. sorğunun hansı daşınmaz abidənin pasportu ilə bağlı olduğunu aydınlaşdırmaq mümkün olmadıqda;
3.9.2. sorğu bu Qaydaların 2.8-ci bəndində qeyd edilmiş siyahılardan çıxarılan daşınmaz abidənin pasportu ilə bağlı olduqda.
3.10. Müraciət edən şəxs pasportun verilməsindən imtina ilə bağlı məsələyə baxılması barədə pasport üçün müraciət olunmuş orqana (quruma) münasibətdə nəzarət funksiyasını həyata keçirən yuxarı inzibati orqana müraciət edə bilər. Yuxarı inzibati orqan tərəfindən həmin məsələyə müraciətin qeydə alındığı tarixdən 15 (on beş) iş günü müddətində baxılır və qərar qəbul edilir. Pasportun verilməsindən imtina əsassız hesab edildikdə, yuxarı inzibati orqan belə yardımın dərhal göstərilməsi barədə pasportun verilməsi üçün müraciət olunmuş orqana (quruma) müvafiq tapşırıq verir.
4. Pasportda dəyişikliklər edilməsi
4.1. Pasportda dəyişikliklər aşağıdakı hallarda edilir:
4.1.1. daşınmaz abidənin əsaslı təmir-bərpası, konservasiyası, rekonstruksiyası və regenerasiyası ilə bağlı işlər həyata keçirildikdə;
4.1.2. inventar nömrəsi və əhəmiyyət dərəcəsi dəyişildikdə;
4.1.3. mühafizə zonasının sərhədində dəyişiklik olduqda;
4.1.4. daşınmaz abidənin adı və ya tarix və mədəniyyət qoruğunun adı və statusu dəyişildikdə;
4.1.5. daşınmaz abidənin aid olduğu təsnifatda dəyişiklik edildikdə;
4.1.6. pasportun tərtibatı zamanı səhvə yol verildiyi aşkar edildikdə;
4.1.7. daşınmaz abidə pasportlaşdırıldıqdan sonra beynəlxalq siyahılara (Ümümdünya İrsi Siyahısı, İslam Dünyası İrsi Siyahısı və s.) daxil edildikdə;
4.1.8. daşınmaz abidənin tikinti ili, əsri və dövrü, o cümlədən tarixi arayış məlumatları barədə yeni elmi faktlar aşkar edildikdə.
4.2. Bu Qaydaların 4.1-ci bəndində qeyd edilən məlumatlar istisna olmaqla digər məlumatlarda dəyişiklik olduğu halda bu barədə pasportun qeyd vərəqələrində qeydiyyat aparılır.
4.3. Daşınmaz abidənin pasportunda dəyişiklik abidəyə münasibətdə nəzarəti həyata keçirən dövlət orqanı (qurumu) tərəfindən edilir. Qeyd. Nümunəvi formada göstərilən tarixi məlumatlara dair tələblər, daşınmaz abidəyə dəymiş zərər və zərərin səbəblərinin müəyyənləşdirilməsi üçün meyarlar və Daşınmaz abidənin təsvirinin yazılmasına dair tələblər bu Qaydaların 1, 2 və 3 nömrəli əlavələrində öz əksini tapmışdır. ______________________
"Daşınmaz abidələrin pasportlaşdırılması Qaydaları"na
1 nömrəli əlavə Tarixi məlumatlara dair tələblər (Nümunəvi formanın 4.2-ci bəndi üzrə) 1 2 Daşınmaz abidə haqqında ümumi məlumatlar; elmi faktların ümumiləşdirilmiş xülasəsi; yaranma tarixi; arxeoloji qazıntı işlərinin tarixi; tədqiq edən mütəxəssis; arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş maddi-mədəniyyət qalıqları, onların saxlanılma yeri; Arxeoloji abidələr üçün qazıntı işləri zamanı və işlər başa çatdıqdan sonra arxeoloji tapıntıların mühafizəsi və bu zaman onların mövcud vəziyyətdə qorunması və istifadəsi üçün görülmüş müvafiq tədbirlər; arxeoloji abidə ilə bağlı qəbul edilmiş hüquqi aktların tarixi və nömrəsi; arxeoloji abidədə həyata keçirilmiş arxeoloji tədqiqat işlərinin hesabatının hazırlandığı il; saxlanıldığı yer; istifadə olunması; beynəlxalq siyahılara (Ümumdünya İrsi Siyahısı, İslam Dünyası İrsi Siyahısı və s.) daxil edilmişdirsə müvafiq qərarın adı, tarixi və nömrəsi, qərarın qəbul edildiyi sessiya nömrəsi; əvvəlki dövrlərdə pasportlaşdırılması (tarixi pasportların saxlanıldığı yer və vərəqlərin ümumi sayı göstərilməklə); digər zəruri məlumatlar abidə haqqında ümumi məlumatlar, tarixi hadisələr; yaranma tarixi; abidənin yerləşdiyi ünvanların əvvəlki adları; obyektin abidə statusu almasına səbəb olan amillər; Bağ-park, monumental və şəxsiyyətlərin qısa xarakteristikası; xatirə abidələri üçün xatirə lövhəsinin vurulma tarixi (vardırsa); müharibə və milli azadlıq hərəkatı, elm və texnikanın inkişafı, habelə digər mühüm tarixi hadisələrlə bağlı məlumatlar; dövlət xadimlərinin və hərbi xadimlərin, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının, görkəmli elm və mədəniyyət xadimlərinin həyatı ilə bağlı məlumatlar; daşınmaz abidədən istifadə olunması (təyinatları) ilə
bağlı məlumatlar; müxtəlif illərdə təyinatları və adları; memarlıq abidəsi və ya kompleksi kimi dəyəri; epiqrafik yazılar barədə məlumatlar (müəllifi, kimin şərəfinə yazılıb, dəqiq tərcüməsi, formanın və üzərində təsvirlərin (vardırsa) mənası; memarlıq ölçmə, bərpa və təmir işlərinin illəri, sifarişçisi, icraçıları; əlavələrin tikinti tarixi, sifarişçisi, icraçıları, ilkin və sonrakı təyinatları; daşınmaz abidə ilə bağlı qəbul edilmiş hüquqi aktların tarixi və nömrəsi (əvvəlki pasportların saxlanıldığı yer və vərəqlərin ümumi sayı göstərilməklə); digər zəruri məlumatlar yaranma tarixi; daşınmaz abidə haqqında ümumi məlumatlar və tarixi hadisələr; yerləşdiyi ünvanların əvvəlki adları; inşaat texnologiyalarının inkişafında (təkamülündə) rolu; sifarişçi, layihə müəllifi və icraçı; Memarlıq abidələri üçün abidədən istifadə olunması (təyinatları) ilə bağlı məlumatlar (tarixləri qeyd olunmaqla); müxtəlif illərdəki təyinatı və adı; memarlıq abidəsi və ya kompleksi kimi dəyəri; epiqrafik yazılar barədə məlumatlar (müəllifi, kimin şərəfinə yazılıb, dəqiq tərcüməsi, formanın və üzərində təsvirlərin (vardırsa) mənası və s.); arxeoloji tədqiqatlar barədə məlumatlar (arxeoloji qazıntı işlərinin tarixi, tədqiq edən mütəxəssis, arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş maddi-mədəniyyət qalıqları, onların saxlanılma yeri, qazıntı işləri zamanı və işlər başa çatdıqdan sonra arxeoloji tapıntıların mühafizəsi və bu zaman onların mövcud vəziyyətdə qorunması və istifadəsi üçün görülmüş tədbirlər, həyata keçirilmiş arxeoloji tədqiqat işlərinin hesabatının hazırlandığı il və saxlanıldığı yer); müharibə və milli azadlıq hərəkatı, elm və texnikanın inkişafı, habelə digər mühüm tarixi hadisələrlə bağlı məlumatlar; daşınmaz abidənin bənzəri məhdud sayda olduğu halda analoqlarının adları; daşınmaz abidə ilə bağlı qəbul edilmiş hüquqi aktların tarixi və nömrəsi; memarlıq ölçmə, bərpa və təmir işlərinin aparıldığı illər, sifarişçisi, icraçıları; əlavələrin tikinti tarixi, sifarişçisi, icraçıları, ilkin və sonrakı təyinatları; beynəlxalq siyahılara (Ümumdünya İrsi Siyahısı, İslam Dünyası İrsi Siyahısı və s.) daxiledilmə barədə
müvafiq qərarın adı, tarixi və nömrəsi, qərarın qəbul edildiyi sessiya nömrəsi; əvvəlki dövrlərdə pasportlaşdırılması (tarixi pasportların saxlanıldığı yer və vərəqlərin ümumi sayı göstərilməklə); digər zəruri məlumatlar daşınmaz abidə haqqında ümumi məlumatlar; yaranma tarixi; Dekorativ-tətbiqi sənət tarixi hadisələr; nümunələri abidənin yerləşdiyi ünvanın əvvəlki adı (adları); (daş heykəltəraşlıq epiqrafik yazılar barədə məlumatlar: abidələri) üçün müəllifi, kimin şərəfinə yazılıb, dəqiq tərcüməsi, yazıların və təsvirlərin estampının çıxarılması, yaradılma səbəbi, formanın və üzərindəki təsvirlərin (vardırsa) mənası, daşınmaz abidə ilə bağlı qəbul edilmiş hüquqi aktların tarixi və nömrəsi (tarixi pasportların saxlanıldığı yer və vərəqlərin ümumi sayı göstərilməklə); digər zəruri məlumatlar
"Daşınmaz abidələrin pasportlaşdırılması Qaydaları"na
2 nömrəli əlavə Daşınmaz abidəyə dəymiş zərər və zərərin səbəblərinin müəyyənləşdirilməsi üçün meyarlar (Nümunəvi formanın 4.3.4-cü və 4.3.5-ci yarımbəndləri üzrə) Zərər Zərərin səbəbi Çatlar, deformasiyalar, zədələnmələr və qopmalar Müharibə (müxtəlif silahlardan atəş açılması nəticəsində zərərin vurulması); yandırılma; insan faktoru; təbii təsirlər və s. Maddi itki (repressiya tədbirləri) vandalizm (daşınar əmlakın, o cümlədən pəncərələrin, qapıların, tirlərin, damların və s. talanması, kitabələrin və ya yazıların oğurlanması, korlanması, qəsdən dağıdılması, özgəninkiləşdirilməsi, yandırılması və ya ziyan vurulması); antropagen faktorlar; təbii faktorlar və s. Mənəvi dəyərlərə (xüsusən dini) qeyri-insani münasibətlər hörmətsizlik və təhqir; abidə və məscidlərdən tövlə və s. bu kimi qeyri-adekvat istifadə halları Bioloji kolonizasiya, kol-kos və ya mamırların bitməsi tərketmə / səhlənkarlıq; baxımsız və ya diqqətdən kənarda qalma Rütubətlə əlaqəli deformasiya və zədələnmələr tərketmə / səhlənkarlıq; baxımsız və ya diqqətdən kənarda qalma İlkin görkəminin itirilməsi, mədəni təbəqənin korlanması qanunsuz təmir-bərpa və arxeoloji qazıntı, təsərrüfat işləri, materialın düzgün seçilməməsi, bərpanın düzgün aparılmaması və ya səhv aparılması və s. Digər zərərlər (aydın və dəqiq göstərilməlidir) dəymiş zərərin səbəbi (aydın və dəqiq göstərilməlidir)
"Daşınmaz abidələrin pasportlaşdırılması Qaydaları"na 3 nömrəli əlavə Daşınmaz abidənin təsvirinin yazılmasına dair tələblər (Nümunəvi formanın 5-ci hissəsi üzrə) 1 2 Arxeoloji abidələr üçün Mədəni layın xüsusiyyəti, ilkin və faktiki vəziyyətinə əsasən təsviri, sahəsi (kvadratmetrlə), o cümlədən ölçüləri (metrlə), mühüm tapıntılar, arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş abidə, əşya və ya başqa tapıntının müəyyən edildiyi anda yerləşmə vəziyyəti və təsviri, daşınmaz abidənin ümumi sahəsi (kvadratmetr və ya hektarla), dağılmış, sökülmüş, istifadəyə və ya icarəyə verilmiş hissələri (vardırsa dəqiq qeyd olunmaqla), aşkar olunan tikililərin plan və konstruksiya quruluşunun əsas xüsusiyyətləri və ölçüləri, hörgü və digər inşaat materialları, tikilidə epiqrafik yazı vardırsa təsviri, yerləşmə yeri, mühəndis-kommunikasiya təminatı sistemi (elektrik, qaz, su, kanalizasiya, rabitə, internet və s. barədə digər zəruri məlumatlar) Bağ-park, monumental və xatirə abidələri üçün daşınmaz abidənin xarakteristikası, dəyəri, təsviri, onun (tikilinin) ümumi sahəsi (kvadratmetr və ya hektarla) dağılmış, sökülmüş, əlavə edilmiş hissələri (vardırsa ilkin və faktiki vəziyyəti dəqiq qeyd olunmaqla), fasadın və interyerlərin bəzəyi, epiqrafik yazıları, rəssamlıq, heykəltəraşlıq və tətbiqi sənət nümunələrinin mövcud olması, inşaat materialları və yerləşmə yeri, əsas ölçüləri, tikilinin dəqiq ölçüləri, tikilialtı ümumi torpaq sahəsi (kvadratmetrlə), dekorativ elementlərinin olub-olmaması, üzərində epiqrafik yazı vardırsa təsviri, yerləşmə yeri, mühəndiskommunikasiya təminatı sistemi (elektrik, qaz, su, kanalizasiya, rabitə, internet və s. digər zəruri məlumatlar) Memarlıq abidələri üçün tipoloji təsnifatı, plan və konstruksiya quruluşunun əsas xüsusiyyətləri, örtük konstruksiyası (damın materialı), hörgü materialı, tikinti traktovkası, yükdaşıyan konstruksiyaları, fasadın və interyerlərin bəzəyi, epiqrafik yazıların yerləşməsi və yazılma xətti, rəssamlıq, heykəltəraşlıq və tətbiqi sənət nümunələrinin mövcud olması, inşaat materialları və yerləşmə yeri, əsas ölçüləri (metrlə), daşınmaz abidənin (tikilinin) ümumi sahəsi (dağılmış, sökülmüş, əlavə edilmiş qeyd olunmaqla), ilkin və faktiki vəziyyətinə əsasən
təsviri, sahəsi (kvadratmetrlə), mərtəbə sayı, zirzəminin olub-olmaması, mənzillərin (otaqların) sayı, tikilinin (o cümlədən köməkçi tikililərinin) tutduğu ümumi torpaq sahəsi (kvadratmetrlə), həyətinin olub-olmaması, dekorativ elementlərinin olub-olmaması, mühəndiskommunikasiya təminatı sistemi (elektrik, qaz, su, kanalizasiya, rabitə, internet, videomüşahidə, yanğın siqnalizasiya və s. barədə digər zəruri məlumatlar) Dekorativ-tətbiqi sənət nümunələri (daş heykəltəraşlıq abidələri) üçün texnikası, materialı, əsas ölçüləri və xüsusiyyətləri, dekorativ elementlərinin olubolmaması, kompozisiya, mətnlər, tikilidə epiqrafik yazıların yazılma xətti və onların yerləşmə yeri və s. digər zəruri məlumatlar