QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

“Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 7 Jul 2025

Aktın mətni

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 4 " iyul tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və filmlərin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş birbaşa məqbul xərclərin dövlət büdcəsindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kino Agentliyi" publik hüquqi şəxsə (bundan sonra — Agentlik) ayrılan vəsait hesabına qismən geri ödənilmə şəklində maliyyələşdirilməsi və qismən geri ödənilmə ilə bağlı müsabiqələrin (bundan sonra — Müsabiqə) təşkili və keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən həyata keçirilən qismən geri ödənilmələr üçün zəruri vəsait hər ilin dövlət büdcəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında Agentliyə ayrılır.

1.3. Bu Qaydalarda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

2. Qismən geri ödənilmənin şərtləri

2.1. Bu Qaydalar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xarici və ya birgə istehsal olunan aşağıdakı audiovizual əsərlərə (bundan sonra — film) şamil edilir:

2.1.1. film;

2.1.2. reklam;

2.1.3. televiziya şouları (xarici ölkələrdə yayımlanacağı halda);

2.1.4. internet video oyunları.

2.2. Qismən geri ödənilmə film istehsalı zamanı filmin istehsalçısının birbaşa məqbul xərclərini əhatə edir. Bu Qaydaların məqsədləri üçün film istehsalı dedikdə, filmin çəkilişi (prodakşn) və filmin çəkilişinin tamamlanması (post-prodakşn) mərhələləri başa düşülür. Məqbul və qeyri-məqbul xərclərin siyahısı və xərc elementləri daxilində məhdudiyyətlər bu Qaydaların 1 nömrəli əlavəsi ilə müəyyən olunur.

2.3. Bu Qaydalara əsasən filmlərin istehsalı üçün çəkilmiş xərclərin aşağıdakı hissəsi qismən geri ödənilmə qaydasında maliyyələşdirilə bilər:

2.3.1. bu Qaydaların 2.7-ci bəndində nəzərdə tutulmuş əsas şərtlərə cavab verdikdə, filmin istehsalı üçün Azərbaycan Respublikasında mal, iş və xidmətlərin alınmasına xarici istehsalçı tərəfindən çəkilmiş xərclərin (bundan sonra - çəkilmiş xərclər) 25 faizi məbləğində;

2.3.2. bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş əlavə mədəniyyət meyarlarının (bundan sonra - əlavə mədəniyyət meyarları) azı üçünə cavab verdikdə, çəkilmiş xərclərin 15 faizi məbləğində.

2.4. Janrından və müddətindən asılı olmayaraq, bir film üzrə təqvim ili ərzində qismən geri ödənilə biləcək məbləğin maksimum həddi 1000000 (bir milyon) ABŞ dolları təşkil edir. Ödəniş ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində edilir.

2.5. Qismən geri ödənilmə ilə bağlı müraciət edən şəxs xarici filmlər üçün - filmin xarici istehsalçısının Azərbaycan Respublikasında əməkdaşlıq etdiyi, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxs və ya xarici film istehsalı xidməti göstərən hüquqi şəxslərin Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş filialları, birgə istehsal filmləri üçün isə — filmin yerli birgə istehsalçısı olmalıdır.

2.6. Barəsində qismən geri ödənilmə üçün müraciət edilən film Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmamalıdır.

2.7. Aşağıdakı əsas şərtlərin hər birinə cavab verən filmlərlə bağlı qismən geri ödənilmə üçün müraciət edilə bilər:

2.7.1. filmin istehsalı mərhələsi üçün xarici filmin istehsalçısının (birgə istehsal filmləri üçün — xarici istehsalçının) müvafiq təqvim ili ərzində Azərbaycan Respublikasında çəkdiyi təsdiqlənmiş xərclərinin minimum məbləği aşağıdakı kimi olmalıdır:

1. bədii filmlər üçün - 200000 (iki yüz min) ABŞ dolları;

2. sənədli filmlər üçün - 50000 (əlli min) ABŞ dolları;

3. animasiya filmləri üçün - 100000 (yüz min) ABŞ dolları;

4. çoxseriyalı film üçün (bir seriyaya görə) - 70000 (yetmiş min) ABŞ dolları;

5. televiziya şouları üçün - 100000 (yüz min) ABŞ dolları;

6. reklam üçün - 30000 (otuz min) ABŞ dolları;

7. internet video oyunları üçün - 30000 (otuz min) ABŞ dolları;

8. yalnız filmin çəkilişinin tamamlanması mərhələsi üçün — 70000 (yetmiş min) ABŞ dolları;

2.7.2. çəkilmiş xərclər bu Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulmuş tələblərə uyğun olaraq Azərbaycan Respublikasında vergi uçotuna alınmış hüquqi və ya fiziki şəxslərə, habelə işçilərə pul formasında ödənilmiş olmalı, bütün ödənişlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilməlidir;

2.7.3. bədii, sənədli, animasiya və ya çoxseriyalı filmin çəkilişi mərhələsində təqvim ili ərzində azı 5 (beş), reklamın çəkilişi mərhələsində təqvim ili ərzində azı 2 (iki) çəkiliş günü Azərbaycan Respublikasının ərazisində təbii şəraitdə və ya studiyalarda çəkiliş aparılmalı (animasiya filmlərində - animasiya işləri aparılmalı), yaxud filmin çəkilişinin tamamlanması mərhələsinin bir hissəsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilməlidir;

2.7.4. Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı əsas yaradıcı və texniki rollardan azı birində filmin çəkiliş qrupunda iştirak etməlidirlər:

1. filmlərə və televiziya şoularına münasibətdə - filmin ikinci rejissoru, prodüseri, ikinci rol aktyoru (azı bir nəfər), köməkçi operatoru, istehsal səs mikseri ustası, redaktoru, quruluşçu rəssamı, quruluşçu və ya kostyum dizayneri;

2. reklam və internet video oyunlarına münasibətdə - bu Qaydaların 2.7.4-cü yarımbəndinin 1-ci abzasında sadalanan funksiyalara analoji əhəmiyyətli funksiyaları yerinə yetirən yaradıcı və texniki heyət üzvləri;

2.7.5. ümumi büdcənin ən azı 40 faizi məbləğində vəsait çəkiliş heyətində iştirak edəcək Azərbaycan Respublikası vətəndaşlarının əməyinin və ya xidmətlərinin ödənilməsi ilə bağlı xərclənməlidir.

2.8. Qismən geri ödənilmə şəklində maliyyələşmə illik müsabiqələr əsasında, "ilk müraciət edən ilk maliyyələşir" prinsipi əsasında, yəni təsdiqlənmiş müraciətlərin xronoloji ardıcıllığı ilə, müvafiq il üçün müəyyən olunmuş ümumi büdcə daxilində həyata keçirilir.

2.9. Birgə film istehsalı zamanı xarici film istehsalçısının birgə istehsal filminin xərclərindəki iştirak payına mütənasib hissəsi nəzərə alınmaqla, Azərbaycan

Respublikasında çəkilmiş xərclərin bu Qaydalara uyğun müəyyənləşdirilmiş hissəsi geri ödənilir.

2.10. Barəsində qismən geri ödənilmə şəklində maliyyələşdirmə üçün müraciət edilən film, vergi güzəştləri və azadolmaları istisna olmaqla, Azərbaycan Respublikası tərəfindən hər hansı təşviq mexanizmindən yararlanmamalı və ya digər qaydada maliyyələşdirilməməlidir.

2.11. Bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş Film Komissiyası müsabiqə elanı zamanı tətbiq edilən təminatları əvvəlcədən müəyyənləşdirməli və elan etməlidir.

2.12. Əlavə mədəniyyət meyarlarına əsasən barəsində qismən geri ödənilmə alınmış filmin yayımlanmasından əvvəl müvafiq bank zəmanəti təqdim edilməlidir.

3. Qismən geri ödənilmə üçün müraciət

3.1. Qismən geri ödənilmə şəklində maliyyələşmə üçün müsabiqədə iştirak barədə Agentliyə müraciət aşağıdakılar (bundan sonra - ərizəçilər) tərəfindən edilə bilər:

3.1.1. Azərbaycan Respublikasında hüquqi qeydiyyatı olan film istehsalı xidməti göstərən hüquqi şəxslər;

3.1.2. xarici film istehsalı xidməti göstərən hüquqi şəxslərin Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş filialları.

3.2. Xarici film istehsalçısına dair tələblər aşağıdakılardır:

3.2.1. istehsalı planlaşdırılan filmlə eyni növdən olan filmlərin çəkilişi ilə bağlı ən azı 3 (üç) il təcrübə;

3.2.2. istehsalı planlaşdırılan filmə oxşar ən azı 2 (iki) filmin uğurlu istehsalı və yayımı.

3.3. Yerli film istehsalı üzrə xidmət göstərən hüquqi şəxsə dair tələblər aşağıdakılardır:

3.3.1. filmin istehsalında planlaşdırılan fəaliyyətlə bağlı ən azı 2 (iki) il təcrübə olması;

3.3.2. filmin istehsalında planlaşdırılan fəaliyyətlə bağlı ən azı uğurlu 2 (iki) layihənin (film istehsalı və ya film istehsalı üzrə xidmətə dair) olması;

3.3.3. yerli film istehsalı üzrə xidmət göstərən hüquqi şəxslərin xarici film istehsalçısı ilə birgə film istehsalı müqaviləsinin və ya film istehsalı xidməti üzrə müqaviləsinin olması.

3.4. Ərizəçinin hər təqvim ili yalnız bir ərizə təqdim etmək hüququ vardır. Bu Qaydalara əsasən maliyyələşmə almış ərizəçi müvafiq maliyyələşmə müqaviləsi ilə müəyyən olunmuş öhdəliklərini tam icra etdikdən sonra yenidən digər filmin maliyyələşdirilməsi üçün ərizə təqdim edə bilər.

3.5. Ərizəçi ərizədə nəzərdə tutulmuş film layihəsinin və ya planlaşdırılan xərclərin icrasına başlama tarixindən ən azı 90 (doxsan) təqvim günü əvvəl Agentlik tərəfindən təşkil edilən elektron platforma vasitəsilə elektron qaydada müraciət etməlidir.

3.6. Ərizədə aşağıdakı məlumatlar əksini tapmalıdır:

3.6.1. ərizəçinin və xarici film istehsalçısının müvafiq sahədə təcrübəsi, əvvəlki layihələri, kadr və texniki imkanları barədə məlumatlar;

3.6.2. filmin mahiyyəti barədə qısa məlumat;

3.6.3. bu Qaydaların 2.7.4-cü və 2.7.5-ci yarımbəndlərində nəzərdə tutulan tələblərə uyğunluğu müəyyən etmək üçün zəruri məlumatlar;

3.6.4. filmin ümumi büdcəsi;

3.6.5. Azərbaycan Respublikasında çəkiləcək xərclərin ümumi məbləği;

3.6.6. filmin çəkilişinə başlanılma tarixi göstərilməklə, filmin istehsal müddəti;

3.6.7. geri ödənilmə qaydasında maliyyələşdirilməsi nəzərdə tutulan xərclər və məbləğlər;

3.6.8. əlavə mədəniyyət meyarlarına uyğunluğun qiymətləndirilməsi üçün zəruri məlumatlar (tətbiq edilirsə).

3.7. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:

3.7.1. hüquqi şəxslərin (və ya xarici film istehsalı xidməti göstərən hüquqi şəxslərin Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş filiallarının) dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (əsasnaməsinin) surəti, hüquqi şəxsin (və ya xarici film istehsalı xidməti göstərən hüquqi şəxslərin Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş filiallarının) icra qurumu və idarəçiləri barədə məlumatlar;

3.7.2. hüquqi şəxsin əvvəlki 2 (iki) il ərzində kino sənayesində fəaliyyəti barədə arayışı (portfolio);

3.7.3. qismən geri ödənilmə şəklində maliyyələşməyə təqdim edilən filmin layihəsi və icra planı;

3.7.4. filmin annotasiya (sinopsisi) ssenarisi;

3.7.5. filmin ətraflı büdcəsi;

3.7.6. planlaşdırılan çəkiliş yerləri, müddətləri, filmin müəllifləri və çəkiliş qrupunun digər üzvləri barədə məlumatlar (qısa tərcümeyi-hal);

3.7.7. vergi, məcburi dövlət sosial sığorta, işsizlik sığorta və icbari tibbi sığorta ödənişləri üzrə borcların olmaması barədə arayış;

3.7.8. birgə film istehsalı və ya film istehsalı xidmətləri üzrə bağlanılmış müqavilənin surəti;

3.7.9. dövlət rüsumunun ödənilməsi barədə qəbzin surəti.

3.8. Əlavə olunmalı sənədlər Azərbaycan dilində olmalıdır.

3.9. Bu Qaydalarla müəyyən olunmuş bütün sənədlər və məlumatlar ərizəçi tərəfindən tam şəkildə təqdim edilmədiyi halda müraciətə baxılmır.

3.10. Filmin qismən geri ödənilmə şəklində maliyyələşdirilməməsi barədə qərar qəbul edilmişdirsə, eyni təqvim ilində həmin filmin qismən geri ödənilmə şəklində və ya digər şəkildə dövlət büdcəsindən maliyyələşdirilməsi üçün təkrar ərizə təqdim edilə bilməz.

4. Qiymətləndirmə

4.1. Müsabiqəyə təqdim edilmiş layihələrin qiymətləndirilməsi Agentlik tərəfindən bu məqsədlə yaradılmış Film Komissiyası tərəfindən aparılır.

4.2. Film Komissiyasının üzvləri kinematoqrafiya və kino sənayesi sahəsində fəaliyyət göstərən müstəqil ekspertlərdən və Agentliyin əməkdaşları sırasından təyin edilir. Film Komissiyasının üzvləri haqqında məlumatlar müsabiqə iştirakçılarına açıqlanmır.

4.3. Film Komissiyası 3 (üç) nəfərdən az, 9 (doqquz) nəfərdən çox olmayan tərkibdə formalaşdırılır və ictimai əsaslarla fəaliyyət göstərir. Hər bir layihənin qiymətləndirilməsi Komissiyanın 3 (üç) üzvü (biri müstəqil ekspert, digərləri isə Agentliyin filmin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlara malik əməkdaşları olmaqla) tərəfindən həyata keçirilir.

4.4. Film Komissiyasının iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə baş tutmuş hesab olunur. Film Komissiyasının iclaslarında qərarlar açıq səsvermə yolu və iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər olduqda, Komissiyanın sədrinin səsi həlledici hesab olunur.

4.5. Film Komissiyasının üzvləri və fəaliyyəti ilə bağlı digər məsələlər onun Agentlik tərəfindən təsdiq edilmiş Əsasnaməsi ilə müəyyən olunur.

4.6. Müsabiqəyə təqdim olunan müraciətlərin yoxlanılması iki mərhələdə həyata keçirilir:

4.6.1. müraciətin qiymətləndirilməsi;

4.6.2. müraciətə dair qərarın qəbul edilməsi.

4.7. Müsabiqəyə təqdim olunan müraciətlər Film Komissiyası tərəfindən müraciət daxil olduğu tarixdən 30 (otuz) iş günü ərzində aşağıdakılar nəzərə alınmaqla qiymətləndirilir və qərar qəbul edilir:

4.7.1. film layihəsinin xüsusiyyətləri;

4.7.2. ərizəçinin peşəkar təcrübəsi və uğurları;

4.7.3. film layihəsinin büdcəsi, Azərbaycan Respublikasının ərazisində çəkiləcək xərclərin məbləği və istiqamətləri;

4.7.4. Azərbaycan Respublikasının ərazisində çəkiliş müddəti, film səhnələrinin sayı və xüsusiyyətləri;

4.7.5. filmin nəzərdə tutulmuş yayımlanma üsulu və yayımlanacağı ölkə;

4.7.6. filmin bu Qaydalarla müəyyən olunmuş tələblərə əməl edilməsi zamanı qiymətləndirilən digər meyarlar.

4.8. Qiymətləndirmə nəticəsində Film Komissiyası tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir:

4.8.1. film üçün nəzərdə tutulmuş xərclərin bu Qaydalara uyğun məqbul hissəsinin tam və ya qismən maliyyələşdirilməsi, habelə əlavə mədəniyyət meyarlarına cavab verdikdə, əlavə maliyyələşmə məbləğinin təmin edilməsi;

4.8.2. müvafiq təkliflərlə film layihəsində və əlavə edilmiş sənədlərdə düzəlişlərin edilməsi təklifi;

4.8.3. film layihəsinin maliyyələşdirilməməsi.

4.9. Qəbul edilmiş qərarlar barədə məlumatlar Agentlik tərəfindən müəyyən edilmiş elektron platformada yayımlanır.

4.10. Aşağıdakı hallarda film layihəsinin maliyyələşdirilməsi haqqında qərar ləğv edilir:

4.10.1. qərarın verildiyi tarixdən 30 (otuz) gün ərzində bu Qaydaların 5.8-ci bəndi ilə müəyyən olunmuş müqavilə bağlanılmadıqda;

4.10.2. maliyyələşmə müqaviləsi ilə müəyyən olunmuş öhdəliklər kobud şəkildə pozulduqda;

4.10.3. müraciətdə qeyd edilmiş məlumatlar yanlış olduqda, saxta sənəd təqdim edildikdə və digər oxşar sui-istifadə hallarına yol verildikdə;

4.10.4. bu Qaydalarda nəzərdə tutulmuş müsabiqənin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd qaydada həyata keçirildiyi və ya bu və ya digər dövlət maliyyələşməsi zamanı ərizəçinin, habelə müsabiqədə onunla birlikdə iştirak edən digər film istehsalçısının və ya film istehsalı xidmətləri göstərən şəxsin əvvəlki öhdəliklərini yerinə yetirməməsi aşkar edildikdə.

4.11. Müsabiqə iştirakçıları nəticələr dərc edildiyi tarixdən 10 (on) iş günü müddətində müsabiqənin nəticəsindən Agentliyin bu məqsədlə yaradılmış Apellyasiya Şurasına şikayət verə bilərlər.

5. Müqavilənin bağlanılması

5.1. Qismən geri ödənilmə şəklində maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş filmlərlə bağlı Agentlik ilə ərizəçi arasında qərarın verildiyi tarixdən 30 (otuz) gün ərzində qismən geri ödənilmə şəklində maliyyələşmə müqaviləsi (bundan sonra - Müqavilə) bağlanılır. Müqavilə xarici film istehsalçısı tərəfindən ərizəçi ilə birlikdə təsdiq edilməlidir.

5.2. Müqavilədə tərəflərin hüquq və öhdəlikləri, maliyyə dəstəyi məbləği, habelə məqbul və qeyri-məqbul xərc elementləri və şərtləri bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun ətraflı şəkildə (alt təsnifatları ilə birlikdə) müəyyən olunur. Müraciətdə təqdim edilmiş və qiymətləndirmə zamanı əsas götürülmüş hallar (məlumatlar, şərtlər, öhdəliklər) Müqavilədə eyni qaydada əks etdirilməlidir.

5.3. Müqavilə üzrə öhdəliklər yalnız Agentliyin yazılı razılığı əsasında dəyişdirilə bilər.

Qiymətləndirmə zamanı əsas götürülmüş halların və buna müvafiq öhdəliklərin, habelə ümumi maliyyə dəstəyi məbləğinin sonradan dəyişdirilməsinə yol verilmir.

5.4. Müqavilədə qismən geri ödənilmənin ərizəçiyə və birgə istehsal müqaviləsinin və ya istehsal xidməti müqaviləsinin tərəfi olan digər hüquqi şəxsə (hüquqi şəxslərə) ödəniləcəyi məbləği ayrılıqda qeyd edilir.

5.5. Ərizəçi aşağıdakı hallarda dərhal Agentliyi yazılı şəkildə məlumatlandırmalıdır:

5.5.1. filmin istehsalının tamamilə qeyri-mümkün olması və ya film ilə bağlı dəyişikliklər edilməsi halında;

5.5.2. ərizədə qeyd edilmiş və qiymətləndirməyə səbəb olan hallarda dəyişiklik edildikdə və ya bu halların fərqli olduğu məlum olduqda;

5.5.3. Müqavilə bağlanılmışdırsa, Müqavilə ilə müəyyən olunmuş öhdəliklərini yerinə yetirə bilməyəcəyi məlum olduqda, habelə Müqavilədə nəzərdə tutulmuş digər hallarda.

5.6. Müqavilənin icrası üzrə müvafiq təminatlar Müqavilə ilə müəyyən edilməlidir.

5.7. Müqavilə bağlamış film istehsalçısı (film istehsalçıları) filmin titrlərində (çoxseriyalı filmdirsə - hər seriyanın titrlərində), filmin ilkin və yekun materiallarında, nüsxələrində, reklam və yayım məlumatlarında "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kino Agentliyinin maliyyə dəstəyi ilə istehsal edilmişdir" ifadəsini əlavə etməlidir.

5.8. Müqavilənin nümunəvi forması bu Qaydaların 3 nömrəli əlavəsi ilə müəyyən edilir.

6. Maliyyələşmənin həyata keçirilməsi

6.1. Müqavilə bağlanıldıqdan sonra çəkilmiş xərclər Müqaviləyə və bu Qaydalara əsasən ödənilir.

6.2. Əlavə mədəniyyət meyarlarına görə maliyyə dəstəyi razılaşdırıldıqda, filmin istehsal edilərək yayımlanması təmin edilməlidir. Bu zaman Müqavilə bağlanıldıqdan sonra 36 ay ərzində filmin Müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərdə yayımlanmasını təsdiq edən sənədləri, habelə arxivləşdirmə və saxlanılma üçün filmin elektron fayl şəklində surəti Agentliyə təqdim edilməlidir.

6.3. Bu Qaydalarla müəyyən edilmiş məqbul çəkilmiş xərclər barəsində ərizəçi tərəfindən maliyyə hesabatı hazırlanır. Bu hesabatlara çəkilmiş xərcləri təsdiq edən sənədlər (icra edilmiş sənədlərin, üçüncü şəxslərlə olan müqavilələrin və elektron qaimələrin surətləri) və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən rəsmi xərc sənədi hesab edilən digər sənədlər əlavə edilir.

6.4. Ərizəçi Müqavilə öhdəliklərini yerinə yetirdikdən sonra maliyyə hesabatını və əlavə edilən sənədləri Agentliyə təqdim edir.

6.5. Agentlik tərəfindən 2 (iki) ay ərzində təftiş aparılır. Çəkilmiş xərclər barədə təqdim edilmiş sənədlər, Müqavilə üzrə müvafiq şəxslərin öhdəliklərinin icra edilməsi, o cümlədən bu Qaydaların 6.2-ci bəndinin müddəaları qismən geri ödənilmə şəklində maliyyələşmənin ödənilməsi zamanı nəzərə alınır.

6.6. Yalnız Müqavilə şərtlərinə və bu Qaydalara uyğun olduqda qismən geri ödənilmə müvafiq hissədə həyata keçirilir. Maliyyə hesabatı təftiş edildikdən sonra tərəflər Müqavilə üzrə öhdəliklərin icra edilməsi barədə yekun təhvil-təslim aktı imzalayırlar. Yekun təhviltəslim aktı imzalandıqdan sonra 1 (bir) ay ərzində müvafiq ödəniş Müqavilədə nəzərdə tutulmuş, Azərbaycan Respublikasında yerləşən bank hesabına (bank hesablarına) köçürülməlidir.

6.7. Ödənişin üçüncü şəxslərin bank hesablarına edilməsi, habelə Müqavilə üzrə hüquq və öhdəliklərin üçüncü şəxslərə ötürülməsi qadağandır.

6.8. Müqavilənin tərəfləri Müqavilə ilə müəyyən edilmiş qismən geri ödənilmə məbləği daxilində xərc elementlərini 15 faizədək artırıb-azalda bilərlər.

6.9. Filmin istehsalı və (və ya) müəyyən edilmiş film istehsalı xidməti göstərən hüquqi şəxsin və ya xarici film istehsalı xidməti göstərən hüquqi şəxslərin Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş filiallarının fəaliyyəti dayandıqda, ona xitam verildikdə, ləğv edildikdə və ya Müqavilə öhdəliklərinin qeyd edilən şəxslər tərəfindən icra edilməsinə əsaslı şübhələr yarandıqda, Film Komissiyasının rəyi əsasında Agentlik tərəfindən Müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verilə bilər.

6.10. Müqaviləyə bu Qaydaların 6.9-cu bəndinə uyğun olaraq xitam verildikdə, filmin qismən geri ödənilmə şəklində maliyyələşdirilməsi barədə Film Komissiyasının qərarı

qüvvədən düşmüş hesab edilir. Bu halda Müqavilənin tərəfi olmuş ərizəçi və xarici film istehsalçısı Agentliyə və Azərbaycan Respublikasına qarşı həmin tarixədək çəkdiyi birbaşa və ya dolayı xərcləri və zərəri ilə bağlı heç bir tələb, iddia irəli sürə bilməz.

7. İcra və nəzarət

7.1. Müqavilənin icrası müddətində Agentlik Müqavilənin tərəflərindən aylıq və digər aralıq hesabatlar tələb edə, Müqavilənin icrasına səbəb olan halları araşdıra və bu hallar barədə tərəflərə sorğu təqdim edə bilər. Belə hesabatlar və sorğu üzrə məlumatlar Agentlik tərəfindən müəyyən edilmiş müddətlərdə icra edilməlidir.

7.2. Agentlik Azərbaycan Respublikasının ərazisində film çəkilişi, habelə çəkilişə hazırlıq və çəkilişin tamamlanması, bütövlükdə film istehsalı ilə bağlı istənilən fəaliyyəti yerində, qanunvericiliyin pozulması halları istisna olmaqla film istehsalı prosesinə müdaxilə etmədən müşahidə edə bilər. Həmin fəaliyyəti həyata keçirən subyektlər Agentliyin bu tələbini dərhal təmin etməli, çəkilişin və digər film istehsalı fəaliyyətinin aparıldığı sahələrə və ərazilərə maneəsiz girişini təmin etməlidirlər.

7.3. Agentlik tərəfindən bu Qaydalara uyğun olaraq qismən geri ödənilmənin verilməsi, filmin çəkilişi ilə bağlı müvafiq müqavilələr Agentliyi filmin yaradıcısı və ya istehsalçısı etmir, habelə Azərbaycan Respublikasında və ya xarici dövlətdə filmin çəkilməsi və yayımlanması ilə bağlı olaraq hər hansı qanunvericiliyin pozulması üzrə, o cümlədən işçilərə, digər fiziki və ya hüquqi şəxslərə, hər hansı dövlətə dəymiş zərərə görə Agentlik məsuliyyət daşımır.

7.4. Qismən geri ödənilmə həyata keçirildikdən sonra bu Qaydaların ciddi pozuntusu ilə müşayiət olunmuş hal aşkarlandığı təqdirdə, Agentlik işin xüsusiyyətlərini nəzərə alaraq həyata keçirilmiş ödənişin tamamilə və ya qismən geri qaytarılmasını tələb edə bilər. Bu tələb dərhal icra edilməlidir.

7.5. Agentlik tərəfindən bu Qaydaların icrası, təqdim edilmiş ərizələrin təhlili, bağlanılmış Müqavilələrin icrası, illik ümumi büdcə, çəkilmiş xərclərin tərkibi və məbləği, çəkilmiş filmlərin yayımlanması mütəmadi monitorinq edilir və təkmilləşdirmə üçün illik qaydada müvafiq təkliflər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təqdim olunur.

"Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları"na

1 nömrəli əlavə Məqbul və qeyri-məqbul xərclərin siyahısı və məhdudiyyətlər Sıra №-si Kateqoriya Məqbul və qeyri-məqbul xərclər Məhdudiyyətlər 1. Kamera, işıq avadanlıqları və film çəkilişi üçün digər texniki avadanlıqların icarəsi ilə bağlı xərclər məqbul ümumi büdcənin 10 faizindən az, 50 faizindən çox olmamalı

2. Dekor və kostyumların tərtibatı və ya icarəsi ilə bağlı xərclər məqbul ümumi büdcənin 10 faizindən az, 50 faizindən çox olmamalı

3. Çəkiliş və heyət xərcləri məqbul ümumi büdcənin 40 faizindən az olmamalı 4. Çəkiliş məkanlarının, studiyaların, səhnələrin, tədbir zallarının icarəsi ilə bağlı xərclər məqbul ümumi büdcənin 10 faizindən çox olmamalı

5. İstehsal sonrakı xidmət xərcləri məqbul ümumi büdcənin 20 faizindən çox olmamalı

6. Müəllif hüquqları və ya əlaqəli hüquqlar ilə bağlı xərclər məqbul

7. İncəsənət və yaradıcılıqla bağlı digər xərclər məqbul

8. Səyahət, yaşayış və yemək xərcləri məqbul ümumi büdcənin 15 faizindən çox olmamalı

9. Film büdcəsində əksini tapan digər zəruri xərclər məqbul ümumi büdcənin 10 faizindən çox olmamalı

10. İnzibati xərclər qeyri-məqbul

11. Əlaqəsiz xərclər qeyri-məqbul

12. Əsassız və ya şişirdilmiş xərclər qeyri-məqbul

13. Müraciətdən əvvəl çəkilmiş xərclər qeyri-məqbul

14. Amortizasiya qeyri-məqbul

15. Qeyri-rəsmi xərclər qeyri-məqbul

16. Azərbaycanda və ya xaricdə çəkildiyi qeyri-müəyyən olan, habelə dəqiq bölünə bilinməyən xərclər qeyri-məqbul

17. Bank faizləri və digər maliyyələşmə xərcləri qeyri-məqbul

"Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları"na 2 nömrəli əlavə Əlavə mədəniyyət meyarları

1. Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsinin maliyyələşdirilməsi üçün aşağıdakı əlavə mədəniyyət meyarları nəzərdə tutulur:

1.1. çəkilmiş xərclərin 2%-i həcmində geri ödənilmə - Azərbaycan Respublikasının vətəndaşı filmin rejissoru (reklam və internet video oyunlarına münasibətdə - bu funksiyaya analoji əhəmiyyətli funksiyaları yerinə yetirən şəxs) kimi filmin çəkiliş qrupunda iştirak etdikdə;

1.2. çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə (filmin titrlərində (çoxseriyalı filmdirsə - hər seriyanın titrlərində) ilk 10 şəxsin arasında adı çəkilməklə) - Azərbaycan Respublikasının vətəndaşları filmin aparıcı aktyoru (azı bir nəfər), filmin ssenaristi, filmin operatoru, filmin əsas musiqisinin bəstəkarı (reklam və internet video oyunlarına münasibətdə - bu funksiyaya analoji əhəmiyyətli funksiyaları yerinə yetirən şəxs) kimi filmin çəkiliş qrupunda iştirak etdikdə;

1.3. çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə (filmin titrlərində (çoxseriyalı filmdirsə - hər seriyanın titrlərində) ilk 3 şəxsin arasında adı çəkilməklə) - Azərbaycan Respublikasının vətəndaşları filmin aparıcı aktyoru (azı bir nəfər) (reklam və internet video oyunlarına münasibətdə - bu funksiyaya analoji əhəmiyyətli funksiyaları yerinə yetirən şəxs) kimi filmin çəkiliş qrupunda iştirak etdikdə;

1.4. çəkilmiş xərclərin 0,5%-i həcmində geri ödənilmə - Azərbaycan Respublikası Dövlət Gerbinin azı 5 saniyə ərzində kadrda aydın şəkildə görünməsi;

1.5. çəkilmiş xərclərin 0,5%-i həcmində geri ödənilmə - Azərbaycan Respublikası Dövlət Bayrağının azı 5 saniyə ərzində kadrda aydın şəkildə görünməsi;

1.6. çəkilmiş xərclərin 0,5%-i həcmində geri ödənilmə - "Azərbaycan" adının azı 3 saniyə ərzində kadrda aydın şəkildə görünməsi;

1.7. aşağıdakılardan hər hansı biri olduqda, çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə:

1.7.1. adı və Azərbaycanın mədəni irs nümunəsi olması qeyd edilməklə, hər hansı bir Azərbaycan nağılından və ya dastanından parçanın Azərbaycan dilində davamlı olaraq azı 30 saniyə ərzində filmdə səsləndirilməsi;

1.7.2. Azərbaycan Respublikasının və Azərbaycan xalqının tarixinə və mədəniyyətinə aid faktın təhrif edilmədən davamlı olaraq azı 20 saniyə ərzində filmdə səsləndirilməsi və ya azı 10 saniyə ərzində filmdə göstərilməsi;

1.8. aşağıdakılardan hər hansı biri olduqda, çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə:

1.8.1. adı və Azərbaycanın mədəni irs nümunəsi olması qeyd edilməklə, hər hansı bir Azərbaycan muğamından hissənin orijinal şəkildə davamlı olaraq azı 30 saniyə ərzində filmdə vokal, instrumental və ya vokal instrumental şəklində səsləndirilməsi və ya ifa edilməsi;

1.8.2. adı və Azərbaycanın mədəni irs nümunəsi olması qeyd edilməklə, hər hansı bir Azərbaycan xalq mahnısının Azərbaycan dilində orijinal versiyada davamlı olaraq azı 20 saniyə (reklamda — azı 10 saniyə, video oyunda — azı 20 saniyə) ərzində filmdə səsləndirilməsi;

1.8.3. adı və Azərbaycanın mədəni irs nümunəsi olması qeyd edilməklə, hər hansı bir Azərbaycan xalq rəqsinin orijinal versiyada davamlı olaraq azı 20 saniyə (reklamda — azı 10 saniyə, video oyunda — azı 20 saniyə) ərzində filmdə ifa və ya nümayiş edilməsi;

1.8.4. adı və müəllifləri (ifaçıları olduqda, habelə ifaçıları) qeyd edilməklə, Azərbaycan müəlliflərinə məxsus mətnli və ya mətnsiz vokal, instrumental və ya vokal instrumental musiqi əsərinin orijinal versiyada davamlı olaraq azı 20 saniyə (reklamda — azı 10 saniyə, video oyunda — azı 20 saniyə) ərzində filmdə səsləndirilməsi;

1.9. aşağıdakılardan hər hansı biri olduqda, çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə:

1.9.1. adı qeyd edilməklə, Azərbaycanın UNESCO-nun "Qeyri-maddi mədəni irs nümunələrinin Reprezentativ Siyahısı"na və "Təcili qorunmaya ehtiyac olan qeyri-maddi irs nümunələrinin Siyahısı"na daxil edilmiş qeyri-maddi mədəni irs nümunələrindən hər hansı birinin davamlı olaraq azı 10 saniyə kadrda nümayiş etdirilməsi;

1.9.2. adı və mənsubiyyəti qeyd edilməklə, UNESCO-nun "Dünya yaddaşı reyestri"nə Azərbaycan üzrə daxil edilmiş aşağıdakı əlyazmalardan hər hansı birinin davamlı olaraq azı 10 saniyə nümayiş etdirilərək kadrda göstərilməsi və ya barəsində mətnin səsləndirilməsi: "Tibb və farmakologiyaya aid orta əsrlər əlyazmaları" adı altında 3 əlyazma (Rüstəm Cürcaninin "Zəxireyi-Nizamşahi", Əbülqasim Zəhravinin "Əl-məqələtus-səlasim", Əbu Əli ibn Sinanın "Əl-qanun fit-tibb" əsərləri), "Məhəmməd Füzulinin "Divan"ının surəti", Xurşidbanu Natəvanın "Gül dəftəri" — illüstrasiyalı şeirlər albomu";

1.10. aşağıdakılardan hər hansı biri olduqda, çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə:

1.10.1. adı qeyd edilməklə, Azərbaycanın UNESCO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş mədəni və təbii irs yerindən hər hansı birinin davamlı olaraq azı 10 saniyə kadrda nümayiş etdirilməsi;

1.10.2. adı (adları) qeyd edilməklə, Azərbaycanın UNESCO-nun "Yaradıcı Şəhərlər Şəbəkəsi"nə daxil edilmiş şəhərlərdən hər hansı birində və ya bir neçəsində azı 3 fərqli nöqtədə çəkilmiş, toplam müddəti 30 saniyə təşkil edən kadrların filmə daxil edilməsi;

1.10.3. adı və Azərbaycanda olması qeyd edilməklə, Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı abidənin və digər mədəniyyət obyektinin, mədəni landşaftın, təbiət ərazisi və obyektinin, flora və fauna nümunəsinin davamlı olaraq azı 10 saniyə ərzində kadrda görünməsi;

1.11. çəkilmiş xərclərin 2%-i həcmində geri ödənilmə — filmin çəkilişinin azı 3 (üç) gün Azərbaycan Respublikasının bölgələrində və ya bu əlavədə sadalananlardan başqa digər turizm məkanlarında aparılması;

1.12. çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə — Azərbaycan istehsalı olan məhsulların filmdə nümayiş etdirilməsi;

1.13. çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə — Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının mədəniyyətinə, tarixinə, coğrafiyasına, təbiətinə, elminə və digər sahələrə aid məlumatların filmdə nümayişi;

1.14. çəkilmiş xərclərin 1,5%-i həcmində geri ödənilmə — ümumilikdə azı 10 dəqiqə (reklamda — ümumi reklam çarxının nümayiş etdirilən müddətinin azı ⅙ hissəsi qədər, video oyunda — azı 3 dəqiqə) ərzində ədəbi dildə mətnin səsləndirilməsi.

"Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları"na 3 nömrəli əlavə Müqavilənin nümunəvi forması Dövlət büdcəsindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kino Agentliyi" publik hüquqi şəxsə ayrılan vəsait hesabına qismən geri ödənilmə şəklində Maliyyələşmə Müqaviləsi

1. Tərəflər

1.1. ________ şəxsində təmsil olunan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyi (bundan sonra — Agentlik) bir tərəfdən, _______________ şəxsində təmsil olunan ___________ hüquqi şəxs və ________ şəxsində təmsil olunan xarici film istehsalçısı ___________________ (bundan sonra - Ərizəçi) digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 iyul tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş "Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları"na (bundan sonra — Qaydalar) uyğun olaraq dövlət büdcəsi hesabına qismən maliyyələşmə haqqında bu müqaviləni (bundan sonra - Müqavilə) bağlayırlar.

2. Müqavilənin predmeti

2.1. Ərizəçi Qaydalar əsasında həyata keçirilmiş _____ il üzrə____ nömrəli müsabiqənin (bundan sonra - Müsabiqə) qalibi olaraq Müsabiqəyə təqdim etdiyi müraciətə uyğun film istehsal etməyi və Azərbaycan Respublikasında müəyyənləşdirilmiş xərcləri çəkməyi, bunun əvəzində Agentlik isə Qaydalara əsasən və bu Müqaviləyə uyğun Ərizəçinin çəkilmiş xərclərinin qaytarılmasını öhdəsinə götürür.

2.2. Ərizəyə qoşma şəklində təqdim edilmiş aşağıdakı sənədlər bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir:

2.2.1. Müsabiqəyə təqdim edilmiş müraciət;

2.2.2. filmin annotasiya (sinopsisi) ssenarisi;

2.2.3. filmin ümumi büdcəsi;

2.2.4. Azərbaycan Respublikasında çəkilməsi planlaşdırılan xərclər;

2.2.5. məqbul və qeyri-məqbul xərclər cədvəli;

2.2.6. geri qaytarılmalı məbləğin cədvəli;

2.2.7. digər sənədlər və məlumatlar.

3. Qismən geri ödənilmə məbləği

3.1. Qismən geri ödənilmənin ümumi məbləği ______ ABŞ dollarından artıq olmamalıdır.

3.2. Ərizəçiyə ödəniləcək məbləğ bu Müqaviləyə uyğun müəyyən edilmiş qayda və şərtlərə əməl edilməklə Müqavilənin 2.2.6-cı yarımbəndində nəzərdə tutulmuş cədvələ əsasən müəyyən edilir.

4. Məqbul və qeyri-məqbul xərc elementləri

4.1. Bu Müqavilənin 2.2.5-ci yarımbəndində nəzərdə tutulmuş məqbul və qeyri-məqbul xərclər cədvəlinə əsasən ödənilməsi planlaşdırılan məbləğ 2.2.6-cı yarımbəndində nəzərdə tutulmuş cədvəldə əksini tapır.

4.2. Tərəflər təsdiq edir və razılaşır ki, bu Müqavilənin 2.2.6-cı yarımbəndində nəzərdə tutulmuş geri qaytarılmalı məbləğin ödənilməsi bu Müqavilə ilə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi ilə şərtlənir.

4.3. Ərizəçinin bu Müqavilə ilə müəyyən edilmiş öhdəliklərinin qismən icra edilməsi halında bu Müqavilənin 2.2.6-cı yarımbəndində nəzərdə tutulmuş geri qaytarılmalı məbləğ mütənasib qaydada qismən ödənilə bilər.

5. Tərəflərin hüquq və öhdəlikləri

5.1. Agentliyinin aşağıdakı hüquq və öhdəlikləri vardır:

5.1.1. layihənin icra gedişatını monitorinq etmək;

5.1.2. aralıq hesabatlar və əlavə məlumatlar tələb etmək;

5.1.3. layihə üzrə çəkilmiş xərclərin uyğunluğunu yoxlamaq;

5.1.4. Qaydalara və bu Müqaviləyə əsasən maliyyə dəstəyini təmin etmək.

5.2. Ərizəçinin aşağıdakı hüquq və öhdəlikləri vardır:

5.2.1. Müqavilədə nəzərdə tutulmuş dəstəyi almaq;

5.2.2. filmin istehsalını təsdiqlənmiş büdcəyə və plana uyğun həyata keçirmək;

5.2.3. çəkilmiş xərclər haqqında rəsmi sənədləşdirilmiş maliyyə hesabatı təqdim etmək;

5.2.4. Müqavilə ilə bağlı hər hansı dəyişiklikləri dərhal Agentliyə yazılı şəkildə bildirmək;

5.2.5. film istehsalını 36 ay ərzində yekunlaşdırmaq.

5.3. Ərizəçi aşağıdakı hallarda dərhal Agentliyi yazılı şəkildə məlumatlandırmalıdır:

5.3.1. filmin istehsalının tamamilə qeyri-mümkün olması və ya filmlə bağlı dəyişikliklər edilməsi halında;

5.3.2. müraciətdə müəyyən edilmiş və qiymətləndirməyə səbəb olan hallarda dəyişiklik edildikdə və ya bu halların fərqli olduğu məlum olduqda;

5.3.3. Müqavilə ilə müəyyən olunmuş öhdəliklərini yerinə yetirə bilməyəcəyi məlum olduqda.

5.4. Müqavilə üzrə öhdəliklər yalnız Agentliyin yazılı razılığı ilə dəyişdirilə bilər.

Qiymətləndirmə zamanı əsas götürülmüş hallar və buna müvafiq öhdəliklər, habelə ümumi maliyyə dəstəyi məbləği sonradan dəyişdirilə bilməz.

5.5. Filmin istehsalında və təbliğat materiallarında "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə həyata keçirilir" ifadəsi yer almalıdır.

6. Qismən geri ödənilmənin həyata keçirilməsi

6.1. Çəkilmiş xərclər yalnız Müqavilə və Qaydalara uyğun təqdim edilmiş maliyyə sənədləri əsasında ödənilir.

6.2. Ərizəçi çəkilmiş xərcləri təsdiqləyən rəsmi sənədləri əks etdirən maliyyə hesabatını Agentliyə təqdim etməlidir. Bu hesabatlara çəkilmiş xərcləri təsdiq edən sənədlər (icra edilmiş sənədlərin, üçüncü şəxslərlə olan müqavilələrin və elektron qaimələrin surətləri) və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən rəsmi xərc sənədi hesab edilən digər sənədlər əlavə edilməlidir.

6.3. Əlavə mədəniyyət meyarlarına görə əlavə maliyyə dəstəyi razılaşdırıldıqda, filmin istehsal edilərək yayımlanması təmin edilməlidir. Bu halda, Müqavilə bağlanıldıqdan sonra 36 ay ərzində əsərin Müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərdə yayımlanmasını təsdiq edən sənədlər, habelə arxivləşdirmə və saxlanılma üçün əsərin elektron fayl şəklində surəti Agentliyə təqdim edilməlidir.

6.4. Ərizəçi Müqavilə üzrə öhdəliklərini yerinə yetirdikdən sonra Qaydalarla müəyyən edilmiş qayda və şərtlər əsasında sənədləşmə, ödəniş və layihənin yekunlaşması sənədləşdirilir.

6.5. Ödənişlərin üçüncü şəxslərin bank hesablarına yönləndirilməsi və Müqavilə üzrə hüquq və öhdəliklərin üçüncü şəxslərə verilməsi qadağandır.

6.6. Müqavilə ilə müəyyən edilmiş maliyyə dəstəyi məbləği daxilində olmaq şərtilə xərc elementlərinin 15 faizədək artırılması və ya azaldılması mümkündür. Bu halda əvvəldən Agentliyin yazılı razılığı alınmalı və Müqavilədə müvafiq dəyişikliklər edilməlidir.

7. Müqaviləyə xitam verilməsi

7.1. Müqaviləyə aşağıdakı hallarda vaxtından əvvəl Agentlik tərəfindən birtərəfli qaydada dərhal xitam verilir:

7.1.1. Müqavilə ilə müəyyən olunmuş öhdəliklər kobud şəkildə pozulduqda;

7.1.2. müraciətdə qeyd edilmiş məlumatlar yanlış olduqda, saxta sənəd təqdim edildikdə və digər oxşar sui-istifadə hallarına yol verildikdə;

7.1.3. Qaydalarla müəyyən olunmuş müsabiqənin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd qaydada həyata keçirildiyi aşkar edildikdə;

7.1.4. filmin istehsalı və (və ya) müəyyən edilmiş film istehsalçısı və ya film istehsalı xidməti göstərən hüquqi şəxsin fəaliyyəti dayandıqda, xitam edildikdə və ya Müqavilə öhdəliklərinin qeyd edilən hüquqi şəxslər tərəfindən icra edilməsinə əsaslı şübhələr yarandıqda.

7.2. Ərizəçinin Müqavilə öhdəliklərinin icrası ilə bağlı yol verdiyi hər hansı səbəbdən Müqavilə ləğv edilərsə, həyata keçirilmiş ödənişlər dərhal Agentliyə geri qaytarılmalıdır.

7.3. Maliyyə dəstəyi həyata keçirildikdən sonra Qaydaların ciddi pozuntusu ilə müşayiət olunmuş hal aşkarlandığı təqdirdə, Agentlik işin xüsusiyyətlərini nəzərə alaraq həyata keçirilmiş ödənişin tamamilə və ya qismən geri qaytarılmasını tələb edə bilər. Bu tələb dərhal icra edilməlidir.

8. Məlumatların məxfiliyi

8.1. Tərəflər arasında mübadilə edilən bütün məlumatlar, o cümlədən maliyyə detalları, istehsal planları və digər məxfi məlumatlar Müqavilənin 8.2-ci bəndində nəzərdə tutulmuş hal və qanunla tələb olunan digər hallar istisna olmaqla, digər Tərəfin yazılı razılığı olmadan üçüncü şəxslərə açıqlana bilməz.

8.2. Agentlik tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq öhdəliklərinin icra edilməsi ilə bağlı, habelə müsabiqə nəticələrinin ictimaiyyətə açıqlanması, hesabatlarda əks etdirilməsi, qanuni sorğular əsasında təqdim edilməsi məlumatların məxfiliyi öhdəliyinin pozulması hesab edilmir.

8.3. Məxfi məlumatlar bu Müqavilənin məzmununu, layihə büdcələrini və xüsusi olaraq məxfi kimi qeyd olunan digər məlumatları əhatə edir.

8.4. Tərəflər məxfi məlumatlardan yalnız bu Müqavilədə göstərilən məqsədlər üçün istifadə etməyə razıdırlar.

8.5. Hər bir Tərəf digər Tərəfin məxfi məlumatlarını qorumaq üçün ağlabatan tədbirlər görməli və bu məlumatlara yalnız vəzifələrini yerinə yetirmək üçün ehtiyacı olan işçiləri və ya agentləri daxil etməlidir.

8.6. Məxfi məlumatlar aşağıdakı hallarda məxfi hesab edilmir:

8.6.1. Tərəfin təqsiri olmadan ictimaiyyətə açıq olan məlumatlar;

8.6.2. məxfilik öhdəliyi olmadan Tərəfin əvvəlcədən malik olduğu məlumatlar.

8.6.3. Tərəfin məxfi məlumatlardan istifadə etmədən müstəqil şəkildə hazırladığı məlumatlar.

8.7. Məxfilik öhdəlikləri bu Müqavilənin başa çatmasından və ya ləğv edilməsindən sonra 5 (beş) il müddətində qüvvədə qalacaqdır.

9. Fors-major

9.1. Fors-major hadisəsi, Tərəfin ağlabatan nəzarətindən kənar olan, lakin bununla məhdudlaşmayaraq təbii fəlakətlər, müharibə, terror aktları, tətil, pandemiyalar və ya hökumət tədbirləri kimi halları əhatə edir və bu, Müqavilədə göstərilən öhdəliklərin yerinə yetirilməsini mümkünsüz edir.

9.2. Təsirə məruz qalan Tərəf fors-major hadisəsini bildikdən sonra 10 (on) gün ərzində digər Tərəfə yazılı şəkildə məlumat verməlidir. Bildirişdə hadisənin təfərrüatları, gözlənilən müddəti və onun təsirlərini azaltmaq üçün görülən tədbirlər göstərilməlidir.

9.3. Fors-major hadisəsindən təsirlənən öhdəliklər hadisənin davam etdiyi müddətdə dayandırılacaqdır. Təsirə məruz qalan Tərəf öhdəliklərin yerinə yetirilməsini mümkün qədər tez bərpa etməyə çalışmalıdır.

9.4. Əgər fors-major hadisəsi 90 (doxsan) gün müddətində davam edərsə, hər hansı Tərəf yazılı bildirişlə Müqaviləni öhdəlik daşımadan ləğv edə bilər.

10. Məsuliyyət və mübahisələrin həlli

10.1. Agentlik heç bir halda bu Müqavilə ilə müəyyən edilmiş ödənişi etməkdən başqa hala görə, o cümlədən hər hansı zərərə, əldən çıxmış faydaya və ya üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyət daşımır.

10.2. Ərizəçi qismində olan hüquqi şəxslər Agentlik qarşısında birlikdə və (və ya) ayrıayrılıqda tam məsuliyyət daşıyırlar.

10.3. Bu Müqavilənin icrası ilə bağlı mübahisələr müstəsna qaydada Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanları vasitəsilə həll edilir.

11. Tərəflərin rekvizitləri və imzaları:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kino Agentliyi" publik hüquqi şəxs adından ___________ Ərizəçi: __________ yerli film istehsalçısı şirkəti adından _____________________, xarici film istehsalçısı şirkəti adından___________

Əvvəlki yenilik
“Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 73-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Növbəti yenilik
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli, “Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 26 fevral tarixli 62 nömrəli, “Peşə təhsilinin dövlət standartları”nın təsdiq edilməsi və “İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 11 mart tarixli 85 nömrəli, “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 15 mart tarixli 101 nömrəli, “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 26 aprel tarixli 189 nömrəli, “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nın təsdiq edilməsi haqqında” 2020-ci il 29 iyul tarixli 270 nömrəli və “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları”nın təsdiq edilməsi haqqında” 2024-cü il 8 fevral tarixli 75 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI