Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli Sərəncamı ilə təsdiq edilmişdir Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025—2030-cu illər üçün FƏALİYYƏT PLANI
1. Qısa xülasə Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025—2030-cu illər üçün Fəaliyyət Planı (bundan sonra — Fəaliyyət Planı) "Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 11 sentyabr tarixli 278 nömrəli Sərəncamının (bundan sonra — Sərəncam) 1.1-ci bəndinə əsasən hazırlanmışdır. 2018-ci ildə Azərbaycan Respublikasında peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edən "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin Qanuna əsasən, "Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi" və "Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartları" təsdiq edilmişdir. Son dövrlərdə əmək bazarında ixtisaslı işçilərə tələbat artır. Cəzaçəkmə müəssisələrində cəzaçəkən məhkumların (bundan sonra — məhkumlar) müvafiq bilik və bacarıqlarla təmin edilərək əmək bazarında mövcud olan vakansiyalara yönəldilməsi həmin şəxslərin yenidən hüquqpozmalara meyilliyini aradan qaldırmaqla yanaşı, əmək bazarının da inkişafına töhfə vermiş olacaqdır. Rəsmi statistikaya əsasən, Azərbaycan Respublikasında 2024-cü ildə cinayət törətmiş şəxslərin 55.6 faizi əməkqabiliyyətli yaşda olub, işləməyən və oxumayan şəxslərdir. 2023-cü ildə əməkqabiliyyətli yaşda olub, işləməyən və oxumayan şəxslər cinayət törətmiş şəxslərin 56.8 faizini, 2022-ci ildə isə 60.4 faizini təşkil etmişdir. Bu baxımdan, məhkumların islah edilməsi vasitələrindən olan peşə təhsilinin gücləndirilməsi və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial adaptasiyası tədbirlərinin, eyni zamanda onların məşğulluğunun genişləndirilməsi qarşıda duran vəzifələrdəndir. Fəaliyyət Planı cəzaçəkmə müəssisələrində peşə təhsilinin müasir standartlara, əmək bazarında mövcud və gələcəkdə təklif ediləcək iş yerlərinə uyğun qurulması, peşə təhsili çərçivəsində təhsilalanların potensialının gücləndirilməsi, eyni zamanda cəzaçəkmə müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, sahibkarların (işəgötürənlərin) tələbatına uyğun peşə təhsilinin təşkili və hüquqi bazanın təkmilləşdirilməsi yolu ilə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin əmək bazarında işlə təmini üçün imkanların genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
2. Qlobal trendlər Beynəlxalq səviyyədə aparılan tədqiqatlar göstərir ki, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin cəmiyyətə təkrar adaptasiyası bir çox problemlərlə müşayiət olunur. Adətən, həm tədqiqatçılar, həm də hüquq mühafizə orqanları cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin cəmiyyətə reinteqrasiyasının uğurlu olub-olmamasını residivizm göstəricisinə əsasən müəyyənləşdirirlər. 2023-cü il üzrə bir sıra ölkələrin (Böyük Britaniya, İsveç, Yeni Zelandiya) bu sahədə statistikasının müqayisəli təhlili göstərir ki, cəzaçəkmə müəssisəsini tərk edənlərin təqribən 40 faizi növbəti 1 il ərzində yenidən cinayət törədərək cəzaçəkmə müəssisəsinə geri qayıtmışdır. Bu şəxslərin məhkumluğuna səbəb olan cinayətlər arasında isə mülkiyyət əleyhinə cinayətlər üstünlük təşkil etmişdir. Kriminoloji tədqiqatlara əsasən, mülkiyyət əleyhinə cinayətlərin sayının artmasının əsas göstəricisi maddi vəziyyətlə bağlı olmuşdur. Bir sıra ölkələrdə aparılmış tədqiqatlar göstərir ki, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin iş tapmaqda çətinlik çəkməsi onların yenidən cinayət törətməsinə səbəb olan amillərdən biridir və burada 3 əsas cəhəti: cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin şəxsi keyfiyyətlərini, cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətini və əhatə dairəsini, sahibkarların (işəgötürənlərin) həmin şəxslərə olan münasibətini qeyd etmək olar. Beynəlxalq təcrübə göstərir ki, işlə təmin olunma məhkumların cinayət törətməyə meyilliliyini aradan qaldırmaqla yanaşı, hətta onların iş axtardıqları müddətdə nümunəvi davranış sərgiləməsinə də səbəb olur. İnkişaf etmiş bir sıra Avropa ölkələrində (Danimarka, İsveç və s.) aparılmış tədqiqatlara əsasən, məhkumlar peşə təhsilinə yiyələndikcə özlərini cəmiyyətə daha lazımlı şəxs hesab edirlər. Cinayət törətmiş şəxslərin cinayətdən zərər çəkmiş şəxslərə vurduqları ziyanla bərabər, onların cəmiyyətə vurduqları əsas ziyan və cinayət mühakimə icraatı zamanı çəkilən xərclər dövlət büdcəsindən ayrılan vəsaitlə müəyyən edilir. Həmin şəxslərin cəzaçəkmə müəssisələrindən azadlığa buraxıldıqdan sonra müvafiq işlə təminatı isə həm vergi ödəmə baxımından büdcəyə əlavə vəsaitin daxil olmasında, həm də əmək bazarında məşğulluğun təmin edilməsində mühüm rol oynayır. Eyni zamanda, məhkumların peşə təhsili əsasında əmək bazarına hazırlanması ilə yanaşı, bir sıra ölkələrin (Amerika Birləşmiş Ştatları, Avstraliya və Böyük Britaniya) təcrübəsi göstərir ki, sahibkarlar (işəgötürənlər) üçün bir sıra güzəştlərin müəyyən edilməsi də zəruridir. Bəzi ölkələrdə (Avstraliya və Böyük Britaniya) sahibkarların (işəgötürənlərin) cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxsləri işə götürməyə marağını artırmaq üçün dövlət tərəfindən müxtəlif təşəbbüslər irəli sürülür. Belə təşəbbüslərə vergi güzəştlərini və digər imtiyazları aid etmək olar. Bu sahədə tətbiq edilən güzəştlər nəticəsində dünya üzrə qabaqcıl şirkətlər cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərə xüsusi proqramların tətbiqi və onların işlə təmin edilməsi üçün müvafiq addımlar atmışlar. Belə ki, mütərəqqi təcrübə göstərir ki, bu sahədə tətbiq edilən proqramlar məhkumlara informasiya və kommunikasiya texnologiyaları (bundan sonra — İKT) sahəsində, xüsusilə kodlaşdırma üzrə proqramlar təklif edir və onları texnologiya sektorunda işə hazırlayır. Cəzaçəkmə müəssisələrində proqram metodologiyası kodlaşdırma proqramları üzrə təlimləri, daha sonra texnologiya şirkətlərində təcrübə və iş yerləri ilə təmin olunmanı əhatə edir.
3. Mövcud vəziyyətin təhlili Azərbaycan Respublikasında 2023-cü il üzrə cinayət törətmiş şəxslərin sayı 25006, 2024-cü il üzrə isə 22485 olmuşdur. Əməkqabiliyyətli yaşda olub, işləməyən və oxumayanlar cinayət törətmiş şəxslərin daha böyük hissəsini təşkil edir (2023-cü ildə 56.8 faiz, 2024-cü ildə 55.6 faiz). Cinayətlərin törədilməsində əməkqabiliyyətli olub, işləməyən və oxumayanların yüksək faiz göstəriciləri, həmçinin yetkinlik yaşına çatmayanlar tərəfindən cinayət törədilməsi hallarının artması müvafiq hədəfli tədbirlərin tətbiqini qaçılmaz edir. Bu baxımdan, Fəaliyyət Planı cəzaçəkmə müəssisələrində keyfiyyətli peşə təhsilinin həyata keçirilməsini aidiyyəti orqanlar qarşısında vəzifə kimi qoyur. Məhkumların əmək bacarıqlarının inkişaf etdirilməsi, eləcə də iş təcrübəsi olmayanların cəzaçəkmə dövründə təcrübə qazanması üçün bu gün ölkədəki penitensiar müəssisələrin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması vacibdir. Ümumiyyətlə, əmək bazarının tələbləri öyrənilməklə məhkumların uyğun peşə təhsilinə cəlb edilməsi bu şəxslərin işlə təmin olunmasına böyük töhfə verə bilər. Bir sıra tədqiqatlar göstərir ki, bu şəxslərin məşğulluğu onların cəzaçəkmə müəssisəsində olarkən işləyib-işləməməsindən, eləcə də peşə təhsili alıbalmamasından əhəmiyyətli dərəcədə asılıdır. Hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində 76 peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Onlardan 8-i 15 cəzaçəkmə müəssisəsi üzrə təşkil edilmişdir. Pedaqoji heyəti 88 nəfərdən ibarət olan həmin peşə təhsili müəssisələrində 2024—2025-ci tədris ili üçün 59 qrupda 20 ixtisas üzrə 1167 məhkum peşə təhsilinə cəlb olunmuşdur. Ölkədə bir qrup məhkumu əhatə edən tədqiqatlar göstərir ki, peşə təhsili almamış şəxslərin əməkhaqqı səviyyəsindən razılıq dərəcəsi və əməkhaqqı səviyyəsi peşə təhsili almış həmkarlarına nisbətdə fərqlənmir. Hazırda müəyyən peşələr üzrə kadr hazırlığının əmək bazarının tələblərinə uyğun olmaması, təhsil müəssisəsində lazımi maddi-texniki bazanın, təcrübəli təhsilverənlərin yoxluğu peşə təhsili almış şəxslərin müvafiq iş tapması üçün tam kifayət etmir. Digər səbəblərlə yanaşı, bu faktora görə də onların peşə təhsilində iştirak edib-etməməsinin azadlığa buraxıldıqdan sonra iş tapmaq ehtimalına əhəmiyyətli dərəcədə təsir göstərmədiyi güman edilir. Ümumilikdə, bu gün cəzaçəkmə müəssisələrində təşkil edilən peşə təhsili, nəticə etibarilə, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin iş tapmasına tam kifayət etmir. Bunun səbəbləri yalnız proqramlarla bağlı deyildir. Sahibkarların (işəgötürənlərin) münasibəti, eləcə də əmək bazarında iş tapmaq mexanizmləri kimi amillər peşə təhsili proqramları məzunlarının qazandıqları biliklərə və istədikləri sahələrə uyğun iş tapmasına maneələr yaradır. Sahibkarlar (işəgötürənlər) müvafiq sahədə mövcud əmək bazarındakı tələbata uyğun aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlığın qurulmasında, xüsusilə tikinti, İKT və mühasibatlıq üzrə müvafiq layihələrin təşkilində maraqlı olduqlarını bildirirlər. Məhkumların zəruri bilik və bacarıqlarının sahibkarların (işəgötürənlərin) əmək bazarındakı tələbatlarına uyğun, onların iştirakı ilə qeyriformal və informal təhsil formaları vasitəsilə təşkil edilməsinə ehtiyac olduğu aparılmış tədqiqatlarla müəyyən edilmişdir.
4. Hədəf göstəriciləri Fəaliyyət Planının hədəf göstəriciləri cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi, əmək bazarının tələblərinə uyğunlaşdırılması, mövcud infrastrukturun təkmilləşdirilməsi, cəzaçəkmə müəssisələrində peşə təhsili
almış şəxslərin azadlığa buraxıldıqdan sonra işlə təmin olunması imkanlarının genişləndirilməsi və həmin şəxslər tərəfindən yenidən cinayət törədilməsi hallarının qarşısının alınmasıdır.
5. Məqsədlər
5.1. Fəaliyyət Planının əsas məqsədləri aşağıdakılardır:
5.1.1. cəzaçəkmə müəssisələrində peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması;
5.1.2. cəzaçəkmə müəssisələrinin peşə təhsili ilə bağlı mövcud infrastrukturunun təkmilləşdirilməsi;
5.1.3. cəzaçəkmə müəssisələrində əmək bazarının tələblərinə uyğun yeni peşə təhsili infrastrukturunun formalaşdırılması;
5.1.4. cəzaçəkmə müəssisələrində peşə təhsilinə cəlb edilmiş və azadlığa buraxılmış şəxsləri işlə təmin etmiş sahibkarlar (işəgötürənlər) üçün dəstək mexanizminin formalaşdırılması;
5.1.5. cəzaçəkmə müəssisələrində peşə təhsili sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi.
6. Prioritet istiqamətlər
6.1. Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi məqsədilə aşağıdakı prioritet istiqamətlər üzrə işlər həyata keçiriləcəkdir:
6.1.1. cəzaçəkmə müəssisələrində peşə təhsili sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi:
6.1.1.1. əsaslandırma: məhkumların işlə təmini prosesinin sürətləndirilməsi, o cümlədən cəzaçəkmə müəssisələrində onların iş imkanlarının artırılması, məhkumların işə götürülməsinə sahibkarların (işəgötürənlərin) marağının artırılması, habelə peşə təhsili həyata keçirilərkən cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarının nəzərə alınması istiqamətində kömək göstərilməsinə ehtiyac vardır. Bu baxımdan, peşə təhsilindən yararlanmış məhkumların işlə təmini istiqamətində dövlət tərəfindən sahibkarlar (işəgötürənlər) üçün dəstək tədbirlərinin təmin edilməsi, cəzaçəkmə müəssisələrində yeni istehsalat və xidmət sahələrinin yaradılması, məhkumlara münasibətdə peşə təhsili proqramlarının cəzaçəkmə müəssisələrinin daxili qaydalarına uyğunlaşdırılması, eyni zamanda məhkumlar barədə müvafiq məlumatları (yararlandıqları peşə təhsili, əldə etdikləri təhsil sənədləri) əhatə edən vahid informasiya sisteminin yaradılması ilə bağlı müvafiq aktların hazırlanması zəruridir;
6.1.1.2. görüləcək tədbirlər:
6.1.1.2.1. cəzaçəkmə müəssisələrində peşə təhsilindən yararlanmış şəxslərin işlə təmini istiqamətində dövlət tərəfindən sahibkarlara (işəgötürənlərə) dəstək mexanizmlərinin formalaşdırılması;
6.1.1.2.2. peşə təhsilindən yararlanmış məhkumlara dair məlumatları (yararlandıqları peşə təhsili, əldə etdikləri təhsil sənədləri) əks etdirən vahid informasiya sisteminin yaradılması məqsədilə normativ hüquqi bazanın formalaşdırılması;
6.1.1.2.3. peşə təhsilindən yararlanmış məhkumların iş imkanlarının genişləndirilməsi üçün sahibkarlar (işəgötürənlər) tərəfindən cəzaçəkmə müəssisələrinin ərazisində yeni istehsalat və xidmət sahələrinin yaradılmasını təmin etmək məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi;
6.1.1.2.4. məhkumlara münasibətdə peşə təhsili proqramlarının cəzaçəkmə müəssisələrinin daxili qaydalarına uyğunlaşdırılması;
6.1.1.3. gözlənilən nəticə və nəticə indikatorları: normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə müvafiq hüquqi aktların layihələri hazırlanacaq və təsdiq ediləcəkdir;
6.1.1.4. gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.1.4.1. aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsində çətinliklər yarana bilər. Bir sıra normativ hüquqi akt layihələrinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmasında gecikmələr baş verə bilər. Bununla əlaqədar müvafiq işçi qrupların yaradılması nəzərdə tutulur;
6.1.1.4.2. cəzaçəkmə müəssisələrində peşə təhsilindən yararlanmış şəxsləri işlə təmin edəcək sahibkarlar (işəgötürənlər) üçün dəstək mexanizmlərinin tətbiq edilməsi təcrübədə bir sıra sui-istifadə hallarına imkan yarada bilər. Bununla əlaqədar, müvafiq sahəvi dövlət orqanlarının (qurumlarının) iştirakı ilə işçi qrupların yaradılması və həmin dəstək tədbirlərinin müəyyən kvotalarla və şərtlərlə verilməsi imkanlarının nəzərdə tutulması ilə bağlı tədbirlər görülə bilər;
6.1.2. cəzaçəkmə müəssisələrində peşə təhsili üçün infrastrukturun, avadanlığın qurulması və təkmilləşdirilməsi:
6.1.2.1. əsaslandırma: hazırda əmək bazarında tələbat duyulan sahələr sırasında olan İKT üzrə kadrların hazırlanması üçün cəzaçəkmə müəssisələrində zəruri və müasir infrastruktur və avadanlığın formalaşdırılması vacibdir. Bununla yanaşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin araşdırmaları, habelə müstəqil bazar araşdırılmaları göstərir ki, əmək bazarında əsas tələb olunan peşələrdən şirniyyatçı, aşpaz, aqronom, turizm, menecment, kibertəhlükəsizlik, data analitikası, statistika, logistika və bir sıra yüksək texnologiya sahələri üçün peşə təhsili mütəxəssislərinin hazırlanması, habelə əmək bazarının tələblərinə uyğun peşə təhsilinin formalaşdırılmasına, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi halında əmək bazarının tələblərinə uyğun sahələrdə məhkumların peşə təhsilinin davamlılığının təmin edilməsi məqsədilə zəruri infrastrukturun qurulmasına və yenilənməsinə ehtiyac vardır;
6.1.2.2. görüləcək tədbirlər:
6.1.2.2.1. cəzaçəkmə müəssisələrində peşə təhsili müəssisələrinin infrastrukturunun, avadanlığının qurulması və yenilənməsi;
6.1.2.2.2. cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələrinin tikintisi;
6.1.2.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.2.3.1. əmək bazarının tələblərinə uyğun infrastrukturun, avadanlığın qurulması və yenilənməsi təmin olunacaqdır;
6.1.2.3.2. məhkumların peşə təhsilinin həyata keçirilməsi məqsədilə cəzaçəkmə müəssisələrində peşə təhsili müəssisələrinin yaradılması təmin olunacaqdır;
6.1.2.4. gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.2.4.1. infrastruktur təminatının yaxşılaşdırılması üçün kifayət qədər maliyyə vəsaitinə ehtiyac vardır və həmin məsrəflərin qarşılanması zamanı müəyyən çətinliklər yarana bilər. Bununla əlaqədar sahibkarlarla (işəgötürənlərlə) sıx əməkdaşlıq qurulması yolu ilə işlərin davam etdirilməsi, eləcə də Fəaliyyət Planının 7-ci hissəsində qeyd olunan digər mənbələr hesabına maliyyələşdirmənin aparılması üçün tədbirlər görülə bilər;
6.1.3. məhkumlar üçün peşə təhsilinin səmərəli təşkil edilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədilə institusional tədbirlərin həyata keçirilməsi:
6.1.3.1. əsaslandırma: peşə təhsilinin səmərəli təşkil edilməsi və keyfiyyətinin yüksəldilməsi üçün müvafiq sahələr (müasir nəqliyyat vasitələrinin, o cümlədən elektrik mühərrikli nəqliyyat vasitələrinin təmiri, qrafik dizayner, İKT və s. sahələr) üzrə peşə təhsilinin aparılması məqsədilə həmin sahələrdə ixtisaslaşmış mütəxəssislərin dəvət olunması, həmçinin peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi, məhkumların əməyə marağının artırılması, peşə təhsili alan məhkumların ixtisaslarına uyğun iş imkanları və karyera perspektivləri baxımından istiqamətləndirilməsi, peşə təhsili almış məhkumların psixoloji vəziyyətinin öyrənilməsi, məhkumların azadlığa buraxıldıqdan sonra əmək bazarında tələb olunan müvafiq sahələr üzrə peşə təhsilini təsdiq edən sənədlərə və əmək bazarında sahibkarlar (işəgötürənlər) tərəfindən üstünlük verilən peşələrə sahib olması, məhkumların peşə fəaliyyətinə, peşə təhsili prosesinə cəlb edilməsi zamanı onların bilik və bacarıqlarına uyğun sahələrə yönəldilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi zəruridir. Eyni zamanda, qeyd olunan tədbirlərin effektiv təşkili üçün peşə təhsili prosesinin keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi də vacibdir.
6.1.3.2. görüləcək tədbirlər:
6.1.3.2.1. peşə təhsili prosesinə kənar psixoloqların, karyera məsləhətçilərinin, peşə təhsili üçün zəruri bilik, bacarıq və səriştələrə sahib kənar mütəxəssislərin cəlb edilməsi məqsədilə tədbirlər görülməsi;
6.1.3.2.2. peşə təhsili prosesinə cəlb ediləcək kənar psixoloqların, karyera məsləhətçilərinin və peşə təhsili üçün zəruri bilik, bacarıq və səriştələrə sahib kənar mütəxəssislərin əməyinin ədalətli ödənilməsi məqsədilə təkliflər hazırlanması;
6.1.3.2.3. peşə təhsili müəssisələrində pedaqoji heyətin sosial müdafiəsinin gücləndirilməsi;
6.1.3.2.4. peşə təhsili müəssisələrində pedaqoji heyətin bilik və bacarıqlarının artırılması məqsədilə sistemli tədbirlər həyata keçirilməsi;
6.1.3.2.5. peşə fəaliyyətinə və peşə təhsilinə cəlb edilməsi üçün məhkumların bilik və bacarıqlarının qiymətləndirilməsi mexanizminin formalaşdırılması və tətbiqi;
6.1.3.2.6. sahibkarların (işəgötürənlərin) iştirakı ilə müvafiq sahələr üzrə peşə təhsili və təlim proqramlarının həyata keçirilməsi;
6.1.3.2.7. peşə təhsili prosesinin keyfiyyətinə nəzarət mexanizminin təkmilləşdirilməsi;
6.1.3.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.3.3.1. karyera məsləhətçilərinin, kənar psixoloq və mütəxəssislərin peşə təhsili prosesinə cəlb olunması təmin ediləcəkdir;
6.1.3.3.2. karyera məsləhətçiləri, kənar psixoloq və mütəxəssislərin əməyinin ödənilməsində effektiv mexanizm müəyyən ediləcəkdir;
6.1.3.3.3. pedaqoji heyətin sosial müdafiəsinin yaxşılaşdırılması təmin olunacaqdır;
6.1.3.3.4. müasir dövrün tələblərinə cavab verən pedaqoji heyətin formalaşdırılması təmin ediləcəkdir;
6.1.3.3.5. məhkumların peşə fəaliyyətinə və peşə təhsilinə cəlb edilməsi zamanı onların bilik və bacarıqlarının qiymətləndirilməsinin nəticələri nəzərə alınacaqdır;
6.1.3.3.6. məhkumların işlə təmin olunma imkanlarının genişləndirilməsinə nail olunacaqdır;
6.1.3.3.7. peşə təhsili prosesində keyfiyyətə nəzarət mexanizminin effektiv təşkili təmin ediləcəkdir;
6.1.3.4. gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.3.4.1. peşə təhsili prosesinə cəlb ediləcək karyera məsləhətçiləri, kənar psixoloq və mütəxəssislər üçün ədalətli ödəniş sisteminin yaradılması zamanı maliyyə vəsaitinin təmin edilməsində çətinliklər mövcud ola bilər. Bu vəsaitin Fəaliyyət
Planının 7-ci hissəsində qeyd olunan mənbələr hesabına, o cümlədən cəzaçəkmə müəssisələrində peşə təhsili çərçivəsində əməkdaşlığa cəlb ediləcək sahibkarlar (işəgötürənlər) tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur;
6.1.3.4.2. karyera məsləhətçilərinin, kənar psixoloq və mütəxəssislərin tapılmasında və ya həmin şəxslərin əsas iş yerlərindən asudə vaxtlarının müəyyənləşdirilməsində çətinliklər mövcud ola bilər. Bu zaman əməkdaşlıq müqavilələri imzalanaraq, sahibkarlar (işəgötürənlər) öz tələbatına uyğun gələcək işçilərin hazırlanmasını və müəyyən işlərin müəssisələrdə həmin məhkumlar tərəfindən həyata keçirilməsini təşkil edə bilərlər. Bununla yanaşı, həmin şəxslərin göstərdikləri xidmətlər onlayn qaydada həyata keçirilə bilər;
6.1.3.4.3. məhkumların bilik və bacarıqlarının qiymətləndirilməsində uğurlu metod və metodologiyadan istifadə edilməməsi onların cəlb ediləcəyi peşə təhsili və peşə fəaliyyəti üçün səmərəli olmaya bilər. Bu baxımdan, həmin şəxslərin bilik və bacarıqlarının düzgün qiymətləndirilməsi üçün müvafiq mexanizmin işlənilib hazırlanması nəzərdə tutulur;
6.1.3.4.4. əmək bazarında və sahibkarlar (işəgötürənlər) tərəfindən üstünlük verilən peşə təhsili və təlim proqramlarının cəzaçəkmə müəssisələrində məhkumların bilik və bacarıqları baxımından tətbiqində çətinliklər mövcud ola bilər. Buna görə peşə təhsilinə marağı olan məhkumların həmin sahələr üzrə zəruri bilik və bacarıqlarının əvvəlcədən qiymətləndirilməsi və tədris proseslərinin qiymətləndirilmə nəticələrinə əsasən təşkil edilməsi zəruridir;
6.1.3.4.5. əmək bazarında üstünlük verilən təlim proqramlarının maliyyələşməsində çətinliklər mövcud ola bilər. Odur ki, bu fəaliyyətin sahibkarların (işəgötürənlərin) və maraqlı tərəflərin maliyyə vəsaiti hesabına təmin edilməsi və peşə təhsili almış, təlim keçmiş şəxslərin azadlığa buraxıldıqdan sonra maliyyələşməni təmin edənlər tərəfindən işlə təmin edilməsi nəzərdə tutulur. Sahibkarların (işəgötürənlərin) və digər maraqlı tərəflərin vəsaiti peşə təhsili və təlim proqramlarının təşkili üçün kifayət etmədikdə, maliyyələşmənin Fəaliyyət Planının 7-ci hissəsində qeyd olunan digər mənbələr hesabına təmin edilməsi nəzərdə tutulur;
6.1.3.4.6. peşə təhsilinin keyfiyyətinə nəzarət mexanizminin təkmilləşdirilməsi zamanı aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsində çətinliklər yarana bilər. Bununla əlaqədar müvafiq işçi qrupların yaradılması nəzərdə tutulur;
6.1.4. peşə təhsilinə cəlb edilmiş məhkumların cəzaçəkmə müəssisələrində ödənişli fəaliyyətə cəlb edilməsi ilə bağlı mexanizmin hazırlanması:
6.1.4.1. əsaslandırma: peşə təhsilinə cəlb edilmiş məhkumların haqqı ödənilən fəaliyyətə cəlb edilməsi onların islah edilməsində və azadlığa buraxıldıqdan sonra əmək bazarında asanlıqla iş tapmasında əhəmiyyətli rol oynaya bilər;
6.1.4.2. görüləcək tədbirlər:
6.1.4.2.1. peşə təhsilinə cəlb edilmiş məhkumların əməkdaşlıq çərçivəsində cəzaçəkmə müəssisələrində sahibkarların (işəgötürənlərin) və ya maraqlı tərəflərin layihələrində ödənişli fəaliyyətə cəlb edilməsi;
6.1.4.2.2. peşə təhsilinə cəlb edilmiş məhkumların əmək bazarına çıxışını təmin edən müvafiq informasiya sisteminin yaradılması;
6.1.4.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.4.3.1. məhkumların əmək bazarına hazırlanması təmin olunacaqdır;
6.1.4.3.2. məhkumların xidmətlərinin və istehsal etdikləri məhsulların satışı həyata keçiriləcəkdir;
6.1.4.4. gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.4.4.1. sahibkarların (işəgötürənlərin) və maraqlı tərəflərin cəzaçəkmə müəssisələrində əməyə cəlb edilmiş şəxslərin əməyinin ödənilməsinə marağı aşağı ola bilər. Bu baxımdan həmin şəxslərlə təşviqedici iş aparılması və müvafiq
stimullaşdırma tədbirlərinin həyata keçirilməsi bu risklərin aradan qaldırılmasında əhəmiyyətli ola bilər;
6.1.4.4.2. dövlət tərəfindən hazırlanmış layihələr çərçivəsində cəzaçəkmə müəssisələrində haqqı ödənilən fəaliyyətə cəlb edilmiş məhkumların əməyinin ödənilməsi mənbələrində vəsaitin təmin edilməsində çətinliklər ola bilər. Bu vəsaitin Fəaliyyət Planının 7-ci hissəsində qeyd olunan mənbələr hesabına maliyyələşdirilməsi mümkündür;
6.1.5. cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı birgə fəaliyyətin təşkili və məlumatlandırma:
6.1.5.1. əsaslandırma: cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işə götürülməsində əsas problemlərdən biri cəmiyyətdə formalaşmış müəyyən narahatlıqlardır ki, bəzi sahibkarlar (işəgötürənlər) buna görə həmin şəxsləri işə götürməkdən çəkinirlər. Onlar barəsində cəmiyyətdə mövcud olan mənfi fikirlərin aradan qaldırılması əmək bazarında mövcud vakansiyaların komplektləşdirilməsinə yardımçı olmaqla yanaşı, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin yenidən cinayət törətməsinin qarşısını almağa və onların islah olunmasına kömək edə bilər;
6.1.5.2. görüləcək tədbirlər:
6.1.5.2.1. cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxsləri işə götürən şəxslərin müsbət təcrübələri ilə bağlı məlumatların hazırlanması, mediada yayımlanması və müvafiq tədbirlərin (sərgilərin və s.) təşkil edilməsi;
6.1.5.2.2. cəzaçəkmə müəssisələrindən azad edilmiş və uğurlu iş təcrübəsi olan şəxslərin mediada sosial xarakterli paylaşımlarının edilməsi və aidiyyəti orqanların (qurumların) nümayəndələrinin, sahibkarların (işəgötürənlərin) iştirakı ilə görüşlər təşkil edilməsi;
6.1.5.2.3. cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;
6.1.5.3. gözlənilən nəticə və nəticə indikatorları: məhkumların azadlığa buraxıldıqdan sonra işə götürülməsində mövcud olan maneələrin minimuma endirilməsi və tədricən aradan qaldırılması təmin olunacaqdır;
6.1.5.4. gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri: bəzi kateqoriya cinayətlərə görə məhkumluğu olan şəxslərin işə qəbul edilməsində mövcud yanaşmaların aradan qaldırılması vaxt baxımından uzun müddət tələb edə bilər. Lakin aidiyyəti orqanların (qurumların) iştirakı ilə sahibkarlarla (işəgötürənlərlə) bu sahədə sıx əməkdaşlıq təmin edilməklə və mediada sosial xarakterli reklamların yayımlanması yolu ilə bu çətinlik aradan qaldırıla bilər.
7. Fəaliyyət Planının maliyyələşdirilməsi Fəaliyyət Planında qeyd olunan tədbirlərin icrasının təmin edilməsi üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş vəsait, büdcədənkənar vəsait, kredit və qrantlar, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
8. Fəaliyyət Planının həyata keçirilməsinə dair Tədbirlər Planı № Tədbirin adı Əsas icraçı orqan (qurum) Digər icraçılar İcra müddəti (illər üzrə) Nəticə indikatorları ilkin nəticələr aralıq nəticələr yekun nəticələr
8.1. Cəzaçəkmə müəssisələrində peşə təhsili sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi 8.1.1. Cəzaçəkmə müəssisələrində peşə təhsilindən yararlanmış şəxslərin işlə təmini istiqamətində dövlət tərəfindən sahibkarlara (işəgötürənlərə) dəstək mexanizmlərinin formalaşdırılması NK ƏN, ƏƏSMN, İN, MN 2025—2027 Müvafiq mexanizmlərin yaradılması ilə bağlı normativ hüquqi akt layihələrinin hazırlanması Müvafiq normativ hüquqi akt layihələrinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılması Müvafiq normativ hüquqi akt layihələrinin təsdiq üçün aidiyyəti üzrə təqdim olunması 8.1.2. Peşə təhsilindən yararlanmış məhkumlara dair məlumatları əks etdirən (yararlandıqları peşə təhsili, əldə etdikləri təhsil sənədləri) vahid informasiya sisteminin yaradılması məqsədilə normativ hüquqi bazanın formalaşdırılması NK ƏN, ETN, ƏƏSMN 2025—2027 Vahid informasiya sisteminin fəaliyyətini tənzimləyən normativ hüquqi akt layihəsinin hazırlanması Müvafiq normativ hüquqi akt layihəsinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılması və təsdiq üçün aidiyyəti üzrə təqdim olunması Vahid informasiya sisteminin istifadəyə verilməsi, həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə
aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə inteqrasiyasının təmin edilməsi 8.1.3. Peşə təhsilindən yararlanmış məhkumların iş imkanlarının genişləndirilməsi üçün sahibkarlar (işəgötürənlər) tərəfindən cəzaçəkmə müəssisələrinin ərazisində yeni istehsalat və xidmət sahələrinin yaradılması məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi NK ƏN, ƏƏSMN, İN, ASK 2025—2027 Yeni istehsalat və xidmət sahələrinin yaradılması imkanlarının araşdırılması və bu istiqamətdə müvafiq normativ hüquqi akt layihələrinin hazırlanması Müvafiq normativ hüquqi akt layihələrinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılması Müvafiq normativ hüquqi akt layihələrinin təsdiq üçün aidiyyəti üzrə təqdim olunması 8.1.4. Məhkumlara münasibətdə peşə təhsili proqramlarının cəzaçəkmə müəssisələrinin daxili qaydalarına uyğunlaşdırılması ETN ƏN 2025—2026 Peşə təhsili proqramlarının cəzaçəkmə müəssisələrinin daxili qaydalarına uyğunlaşdırılması ilə bağlı müvafiq normativ hüquqi akt layihələrinin hazırlanması Müvafiq normativ hüquqi akt layihələrinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılması Müvafiq normativ hüquqi akt layihələrinin təsdiq üçün aidiyyəti üzrə təqdim olunması
8.2. Cəzaçəkmə müəssisələrində peşə təhsili üçün infrastrukturun, avadanlığın qurulması və təkmilləşdirilməsi 8.2.1. Cəzaçəkmə müəssisələrində peşə təhsili müəssisələrinin infrastrukturunun, avadanlığının qurulması və yenilənməsi ƏN ETN, ƏƏSMN, İN, ASK 2025—2028 İnfrastrukturun, avadanlığın qurulmasına və yenilənməsinə ehtiyac olan peşə təhsili müəssisələrinin müəyyən edilməsi Qurulması və yenilənməsi nəzərdə tutulan infrastruktur və avadanlıq barədə təkliflər hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi Əmək bazarının tələblərinə uyğun infrastrukturun, avadanlığın qurulması və yenilənməsi 8.2.2. Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələrinin tikilməsi ƏN ETN, İN 2026—2030 Yeni yaradılacaq peşə təhsili müəssisələri və onların əraziləri barədə təkliflər hazırlanması Layihələndirmə sənədlərinin hazırlanması və peşə təhsili müəssisələrinin tikilməsi Məhkumların peşə təhsilinin təmini məqsədilə cəzaçəkmə müəssisələrində peşə təhsili müəssisələrinin yaradılması
8.3. Məhkumlar üçün peşə təhsilinin səmərəli təşkili və keyfiyyətinin yüksəldilməsi məqsədilə institusional tədbirlərin həyata keçirilməsi 8.3.1. Peşə təhsili prosesinə karyera məsləhətçilərinin, kənar psixoloqların, habelə peşə təhsili üçün zəruri bilik, bacarıq və səriştələrə sahib kənar mütəxəssislərin cəlb edilməsi üçün tədbirlər görülməsi ƏN ETN Mütəmadi Peşə təhsili prosesinə cəlb ediləcək karyera məsləhətçilərinə, kənar psixoloq və mütəxəssislərə tələbatın müəyyən edilməsi Peşə təhsili prosesinə cəlb ediləcək karyera məsləhətçilərinin, kənar psixoloq və mütəxəssislərin müəyyən olunması Karyera məsləhətçilərinin, kənar psixoloq və mütəxəssislərin peşə təhsili prosesinə cəlb olunmasının təmin edilməsi
8.3.2. Peşə təhsili prosesinə cəlb olunacaq kənar psixoloqların, karyera məsləhətçilərinin və peşə təhsili üçün zəruri bilik, bacarıq və səriştələrə sahib kənar mütəxəssislərin əməyinin ədalətli ödənilməsi üçün təkliflər hazırlanması NK ƏƏSMN, MN, ƏN, ETN, ASK 2025—2026 Kənar psixoloqların, karyera məsləhətçilərinin və mütəxəssislərin əməyinin ədalətli ödənilməsi ilə bağlı təkliflərin hazırlanması və razılaşdırılması Razılaşdırılmış təkliflərin aidiyyəti üzrə təqdim olunması və qəbul edilməsi Kənar psixoloqların, karyera məsləhətçilərinin və kənar mütəxəssislərin əməyinin ödənilməsində effektiv mexanizmin müəyyən edilməsi 8.3.3. Peşə təhsili müəssisələrində pedaqoji heyətin sosial müdafiəsinin gücləndirilməsi ƏN ETN, ƏƏSMN, MN 2025—2026 Pedaqoji heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində təkliflər hazırlanması Pedaqoji heyətə tələbat və onların hazırlıq səviyyəsi nəzərə alınmaqla stimullaşdırıcı tədbirlərin tətbiqi Pedaqoji heyətin sosial müdafiəsinin yaxşılaşdırılması 8.3.4. Peşə təhsili müəssisələrində pedaqoji heyətin bilik və bacarıqlarının artırılması məqsədilə sistemli tədbirlərin həyata keçirilməsi ETN ƏN Mütəmadi Pedaqoji heyətin bilik və bacarıqlarının artırılmasına ehtiyac olan sahələrin müəyyən edilməsi Pedaqoji heyət üçün bilik və bacarıqlarının artırılmasına ehtiyac olan sahələr üzrə təlimlərin keçirilməsi Müasir dövrün tələblərinə cavab verən pedaqoji heyətin formalaşdırılması
8.3.5. Peşə fəaliyyətinə və peşə təhsilinə cəlb edilməsi üçün məhkumların bilik və bacarıqlarının qiymətləndirilməsi mexanizminin formalaşdırılması və tətbiqi ƏN ETN, ƏƏSMN Mütəmadi Müvafiq sahədə beynəlxalq təcrübə öyrənilməkə məhkumların bilik və bacarıqlarının qiymətləndirilməsinə dair effektiv üsulların müəyyən edilməsi Məhkumlar cəzaçəkmə müəssisələrinə daxil olduqdan sonra onların bilik və bacarıqlarını təsdiq edən sənədlər olduğu təqdirdə həmin sənədlərin toplanması, habelə onların bilik və bacarıqlarının qiymətləndirilməsi mexanizminə uyğun yoxlamalar aparılması Məhkumların peşə fəaliyyətinə və peşə təhsilinə cəlb edilməsi zamanı qiymətləndirmə nəticələrinin nəzərə alınması 8.3.6. Sahibkarların (işəgötürənlərin) iştirakı ilə müxtəlif sahələr üzrə peşə təhsili və təlim proqramlarının həyata keçirilməsi ƏN ETN, ƏƏSMN, ASK 2025—2030 Əmək bazarının tələbləri nəzərə alınmaqla cəzaçəkmə müəssisələrində peşə təhsili və təlim proqramları təşkil ediləcək sahələrə dair təkliflər hazırlanması Peşə təhsili və təlim proqramlarının həyata keçirilməsi üçün sahibkarlarla (işəgötürənlərlə) əməkdaşlığın formalaşdırılması Məhkumların işlə təmin olunma imkanlarının genişləndirilməsi
8.3.7. Peşə təhsili prosesinin keyfiyyətinə nəzarət mexanizminin təkmilləşdirilməsi ETN ƏN 2026—2028 Peşə təhsili prosesinin keyfiyyətinə nəzarət mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması Peşə təhsili prosesinə mütəmadi nəzarətin həyata keçirilməsi və hesabatlılığın artırılması Peşə təhsili prosesinin keyfiyyətinə nəzarət mexanizminin effektiv təşkili
8.4. Peşə təhsilinə cəlb edilmiş məhkumların cəzaçəkmə müəssisələrində ödənişli fəaliyyətə cəlb edilməsi mexanizminin hazırlanması 8.4.1. Peşə təhsilinə cəlb edilmiş məhkumların əməkdaşlıq çərçivəsində cəzaçəkmə müəssisələrində sahibkarların (işəgötürənlərin) və ya maraqlı tərəflərin layihələrində ödənişli fəaliyyətə cəlb edilməsi ƏN İN, ƏƏSMN, ASK 2025—2030 Məhkumların cəzaçəkmə müəssisələrində sahibkarların (işəgötürənlərin) və ya maraqlı tərəflərin layihələrində ödənişli fəaliyyətə cəlb edilməsi prosesini tənzimləyən mexanizmin hazırlanması Hazırlanmış təkliflərin razılaşdırılması, qəbul edilməsi və tətbiqinə başlanılması Məhkumların əmək bazarına hazırlanması 8.4.2. Peşə təhsilinə cəlb edilmiş məhkumların əmək bazarına çıxışını təmin edən müvafiq informasiya sisteminin yaradılması ƏN ƏƏSMN, MEDİA, AvŞ, ASK 2025—2030 Məhkumların xidmətlərini və istehsal etdikləri məhsulları təqdim edə biləcəyi Müvafiq informasiya sisteminin istifadəyə verilməsi və məhkumların Məhkumların xidmətlərinin və istehsal etdikləri məhsulların satışının
informasiya sisteminə dair təkliflər hazırlanması xidmətlərinin və istehsal etdikləri məhsulların geniş ictimaiyyət üçün əlçatanlığının təmin edilməsi, mediada həmin informasiya sistemi ilə bağlı materialların yayımlanması həyata keçirilməsi
8.5. Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı birgə fəaliyyətin təşkili və məlumatlandırma 8.5.1. Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxsləri işə götürən şəxslərin müsbət təcrübələri ilə bağlı məlumatların hazırlanması, müvafiq tədbirlərin (sərgilərin və s.) təşkili ƏN ƏƏSMN, ASK, YİH, AHİK, Media Mütəmadi Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxsləri işə götürən şəxslərin müəyyən edilməsi Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxsləri işə götürən şəxslərin müsbət təcrübələri ilə bağlı məlumatların hazırlanması, mediada yayımlanması, müvafiq tədbirlərin Məhkumların azadlığa buraxıldıqdan sonra işə götürülməsində mövcud olan maneələrin minimuma endirilməsi və tədricən aradan qaldırılması
(sərgilərin və s.) təşkil edilməsi 8.5.2. Cəzaçəkmə müəssisələrindən azad edilmiş və uğurlu iş təcrübəsi olan şəxslərin mediada sosial xarakterli paylaşımlarının edilməsi və aidiyyəti orqanların (qurumların) nümayəndələrinin, sahibkarların (işəgötürənlərin) və maraqlı tərəflərin iştirakı ilə görüşlərin təşkil edilməsi ƏN ƏƏSMN, ASK, YİH, AHİK, Media Mütəmadi Cəzaçəkmə müəssisələrindən azad edilmiş və uğurlu iş təcrübəsi olan şəxslərin müəyyən edilməsi Sosial xarakterli paylaşımların hazırlanması, mediada yayımlanması, və müvafiq görüşlərin təşkil edilməsi Məhkumların azadlığa buraxıldıqdan sonra işə götürülməsində mövcud olan maneələrin minimuma endirilməsi və tədricən aradan qaldırılması 8.5.3. Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ƏN ƏƏSMN, ASK, YİH, AHİK, Media Mütəmadi Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri cəlb edilməklə, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işə götürülməsinə münasibətlərin öyrənilməsi məqsədilə müxtəlif iş yerlərində işəgötürənlər və işçilər arasında sorğular keçirilməsi İşəgötürənlər və işçilər arasında cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərə qarşı müsbət fikrin formalaşdırılması ilə bağlı tədbirlərin təşkili Məhkumların azadlığa buraxıldıqdan sonra işə götürülməsində mövcud olan maneələrin minimuma endirilməsi və tədricən aradan qaldırılması
AKRONİMLƏR VƏ İXTİSARLAR NK Azərbaycan Respublikasının Nazirlər Kabineti ƏN Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ETN Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ƏƏSMN Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi MN Azərbaycan Respublikasının Maliyyə Nazirliyi İN Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ASK Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Media AvŞ Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Audiovizual Şurası YİH Yerli icra hakimiyyəti orqanları AHİK Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası