Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli Qanunu ilə təsdiq edilmişdir "Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005—2025)" Azərbaycan Respublikasının yubiley medalının təsviri Maddə 1. Medalın ümumi təsviri "Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005—2025)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra — medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Maddə 2. Medalın ön tərəfi
2.1. Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmiş, xarici çevrənin ulduz təsviri yaradan səkkiz kənar çıxıntılı hissəsi relyefli xətlərlə işlənmiş və 1,3 mm enində hamar zolaqlarla konturlanmışdır.
2.2. Xarici və daxili konturların arasında tünd qırmızı minalı fonda yuxarı hissədə qövs boyunca "MƏHKƏMƏ-HÜQUQ ŞURASI" sözləri, aşağı hissədə mərkəzdə "20" rəqəmləri yazılmış, həmin rəqəmlərin sağında və solunda dəfnə yarpaqlarından ibarət çələng təsvir olunmuşdur.
2.3. Daxili çevrənin içərisində ay və səkkizguşəli ulduz, tərəzi və qılınc atributları, Azərbaycan xəritəsi təsvir edilmişdir.
2.4. Bütün yazılar, rəqəmlər və atributlar qızılı rəngdədir, qabarıqdır.
Maddə 3. Medalın arxa tərəfi
3.1. Medalın arxa tərəfinin səthi hamardır, 1,3 mm enində zolaqlarla konturlanmışdır və mərkəzində dörd sətrə bölünməklə "AZƏRBAYCAN RESPUBLİKASININ MƏHKƏMƏ-HÜQUQ ŞURASI" sözləri, sözlərdən aşağıda bir sətirdə "2005—2025" rəqəmləri yazılmışdır. Bütün yazılar qızılı rəngdədir.
3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir. Maddə 4. Medalın elementləri
4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
4.2. Xara lentin yuxarı hissəsinə üzərində dəfnə yarpaqlarından ibarət çələng təsvir olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.
4.3. Xara lentin mərkəzində 12 mm enində tünd qırmızı rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 3 mm enində açıq qırmızı rəngli, 3 mm enində tünd qırmızı rəngli, 3,5 mm enində açıq qızılı rəngli, 3 mm enində tünd qırmızı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
4.4. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir. "Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005—2025)" Azərbaycan Respublikasının yubiley medalı