Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 29 " aprel tarixli 142 nömrəli Qərarı ilə təsdiq edilmişdir. "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" publik hüquqi şəxsin NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Sahibsiz Heyvanlara Qayğı Mərkəzi (bundan sonra — Mərkəz) sahibsiz heyvanlara qayğı göstərilməsi və onlarının uçotunun aparılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
1.2. Mərkəz Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərir.
1.3. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını, digər normativ hüquqi aktları, Bakı Şəhər İcra Hakimiyyəti başçısının əmr və sərəncamlarını rəhbər tutur.
1.4. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Mərkəzin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, üzərində Bakı Şəhər İcra Hakimiyyətinin adı, öz adı və möhürü, müvafiq ştampları və blankları vardır.
1.6. Mərkəz ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz sahibkarlıq fəaliyyəti ilə yalnız həmin fəaliyyət bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etdiyi hallarda məşğul ola bilər.
1.7. Qanuna uyğun olaraq Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyriəmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır.
Mərkəz məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.8. Mərkəz Bakı şəhərində yerləşir.
2. Mərkəzin fəaliyyətinin istiqamətləri
2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. sahibsiz heyvanlara stasionar formada qayğı göstərilməsi;
2.1.2. sanitar-epidemioloji sabitliyin təmin olunması məqsədilə sahibsiz heyvanların uçotunun aparılması;
2.1.3. Mərkəzə gətirilmiş sahibsiz heyvanların müayinəsi, müalicəsi, profilaktikası (vaksinasiya və dehelmintizasiyası) və digər baytarlıq-sanitariya tədbirlərinin təşkil edilməsi;
2.1.4. sahibsiz heyvanların sayının tənzimlənməsi məqsədilə bu heyvanları mümkün qədər əziyyət və ağrılara yol vermədən (və ya məruz qoymadan) qısırlaşdırma və ya axtalama, zərurət yarandığı halda evtanaziya əməliyyatlarının həyata keçirilməsi;
2.1.5. sahibsiz heyvanlar arasında yarana biləcək epidemiyanın qarşısının alınmasında iştirak edilməsi.
3. Mərkəzin vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Mərkəzin vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların işlənilib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Mərkəzin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
3.1.3. sahibsiz heyvanlara əziyyət vermədən tutulmasını və onların Mərkəzə daşınmasını təmin etmək;
3.1.4. Mərkəzə gətirilmiş sahibsiz heyvanlarını müayinəsi, müalicəsi, profilaktikası (vaksinasiya və dehelmintizasiyası) və digər baytarlıq-sanitariya tədbirlərini həyata keçirmək;
3.1.5. Mərkəzə gətirilən sahibsiz heyvanların müvəqqəti saxlanılmasını, onlara qayğı göstərilməsini, o cümlədən onların müntəzəm şəkildə qidalanmasını təmin etmək;
3.1.6. sahibsiz heyvanların sayının tənzimlənməsi məqsədilə bu heyvanları mümkün qədər əziyyət və ağrılara yol vermədən (və ya məruz qoymadan) qısırlaşdırma və ya axtalama, zərurət yarandığı halda evtanaziya əməliyyatlarının həyata keçirilməsi;
3.1.7. sahibsiz heyvanlar quduzluğa, insan həyatı üçün təhlükəli olan digər xəstəliklərə tutulduqda və insanların həyat və sağlamlığı üçün təhlükə yaratdıqda, sahibsiz heyvanın əzab çəkməsinə və ağrılarına son qoymaq məqsədilə evtanaziya əməliyyatları aparmaq;
3.1.8. sahibsiz heyvanlarda yoluxucu xəstəliklərin olmasına şübhə yarandıqda, bu barədə aidiyyəti dövlət orqanlarına (qurumlarına) məlumat vermək və xəstəliyin yayılmasının qarşısını almaq üçün ilkin tədbirlər görmək;
3.1.9. Mərkəzə gətirilən sahibsiz heyvanların bütün zəruri prosedurlardan keçirərək nişanlanmasını, uçota alınmasını və onların tutulduğu əraziyə qaytarılmasını təmin etmək;
3.1.10. Mərkəzdə xidmət göstərilmiş sahibsiz heyvanların elektron məlumat bazasını yaratmaq və həmin bazanın işini təmin etmək;
3.1.11. Mərkəzə gətirilən sahibsiz heyvanların yeni sahiblərinə verilməsi üçün tədbirlər görmək;
3.1.12. müxtəlif səbəblərdən ölmüş sahibsiz heyvanların cəsədlərinin baytarlıq nəzarətində olan heyvan qəbiristanlığında, yaxud bu məqsədlə ayrılmış xüsusi yerlərdə məhv edilməsi üçün tədbirlər görmək;
3.1.13. sahibsiz heyvanlara qarşı rəhmsiz davranan, onları şikəst və ya tələf edən şəxslər müəyyən edildikdə aidiyyəti dövlət orqanlarına məlumat vermək;
3.1.14. ictimaiyyətin sahibsiz heyvanlara qarşı humanist prinsiplərə uyğun davranmasını təşviq etmək və təbliğat işləri aparmaq;
3.1.15. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi üçün digər ölkələrin təcrübəsini təhlil etmək;
3.1.16. müvafiq sahədə elektron xidmətləri "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
3.1.17. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında"
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.18. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla fəaliyyət göstərdiyi sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.19. fəaliyyət istiqamətləri üzrə peşəkar mütəxəssislərin hazırlanmasında iştirak etmək;
3.1.20. yüksəkixtisaslı kadrların müvafiq sahədə elmi-praktiki araşdırma və tədqiqat işlərinin aparılmasına kömək göstərmək;
3.1.21. fəaliyyəti ilə bağlı arayış və hesabatlar hazırlamaq, Bakı Şəhər İcra Hakimiyyətinə təqdim etmək;
3.1.22. kargüzarlığı və vətəndaşların qəbulunu normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;
3.1.23. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.24. Mərkəzə ayrılan büdcə vəsaitindən, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.25. Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.26. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.27. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Mərkəzin aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;
3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
3.2.3. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.4. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.5. Mərkəzin fəaliyyətinə aid proqramlarda iştirak etmək, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanlarının araşdırılması məqsədilə bu sahədə beynəlxalq qurumlar, qeyri-hökumət təşkilatları, heyvansevər könüllülər, baytarlıq klinikaları və digər təşkilatlarla əməkdaşlıq etmək;
3.2.6. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə filial, nümayəndəlik və idarələr yaratmaq;
3.2.8. müstəqil ekspertləri, mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.2.9. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.10. əməkdaşlarının dövlət təltiflərinə və digər mükafatlara təqdim edilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə təkliflər vermək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.11. rəqəmsal və çap formatında məlumat və təbliğat materialları, o cümlədən maarifləndirici audiovizual məzmunlar, videoçarxlar, məlumat kitabçaları, broşürlər, afişalar, plakatlar, yaddaş vərəqələri hazırlamaq, nəşr etmək və yaymaq.
4. Mərkəzin idarə olunması
4.1. Mərkəz öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir.
4.3. İdarə Heyəti 3 (üç) üzvdən — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 2 (iki) müavinindən ibarətdir.
4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyəti sədrinin müavinlərindən biri icra edir.
4.5. İdarə Heyəti:
4.5.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə təkliflər vermək və sənədlər (o cümlədən Mərkəzin illik maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
4.5.2. Mərkəzin strateji məqsəd və planlarını müəyyən etmək, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə təkliflər vermək;
4.5.3. Mərkəzin maliyyə planlaşdırmasını və büdcəsini Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla təsdiq etmək;
4.5.4. Mərkəzin fəaliyyətini təşkil etmək və ona nəzarət etmək;
4.5.5. ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
4.5.6. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.5.7. Mərkəzin əməyin ödənişi fondunun, işçilərin say həddinin və əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə təkliflər vermək;
4.5.8. fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə onun idarə, filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;
4.5.9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Mərkəzin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
4.5.10. Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə Mərkəzin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;
4.5.11. aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;
4.5.12. Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə Mərkəzin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
4.5.13. Mərkəzin göstərdiyi xidmətlərin qiymətləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə təkliflər vermək;
4.5.14. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
4.5.15. cari və operativ məsələlər barədə Bakı Şəhər İcra Hakimiyyətini məlumatlandırmaq;
4.5.16. Mərkəzin daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək;
4.5.17. Mərkəzin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
4.5.18. Mərkəzin fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.5.19. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.
4.6. İdarə Heyətinin sədri ayda bir dəfədən az olmayaraq, İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin sədri və ya digər üzvü çıxış edir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
4.7. İdarə Heyətinin iclasında hər bir üzv bir səsə malik olmaqla qərarlar açıq səsvermə yolu ilə, sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledici sayılır. Səsvermə zamanı iştirakçıların bitərəf qalmasına icazə verilmir.
4.8. İdarə Heyətinin iclasının nəticəsi İdarə Heyəti üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir.
4.9. İdarə Heyətinin üzvlərinə, habelə İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə İdarə Heyətinin iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
4.10. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
4.11. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla qərar qəbul edilə bilməz.
4.12. İdarə Heyətinin sədri:
4.12.1. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və onu təmsil edir;
4.12.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir və iclaslarının gündəliyini müəyyənləşdirir;
4.12.3. öz təşəbbüsü və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.12.4. öz təşəbbüsü, habelə İdarə Heyətinin hər hansı digər üzvünün xahişi əsasında başqa şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
4.12.5. Mərkəzin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.12.6. Mərkəzin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
4.12.7. Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə Mərkəzin idarə, filial və nümayəndəliklərinin rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir;
4.12.8. bu Nizamnamə ilə müəyyən olunmuş hallar istisna olmaqla Mərkəzin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin işçilərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edir;
4.12.9. Mərkəzin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.12.10. özünün və Mərkəzin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.12.11. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Mərkəzin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.12.12. Mərkəzin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
4.12.13. Mərkəzin fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qruplar yaradır;
4.12.14. İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür;
4.12.15. Mərkəzdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.12.16. Mərkəzdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;
4.12.17. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Mərkəzin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla təsdiq edir;
4.12.18. Mərkəz işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;
4.12.19. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirir.
4.13. İdarə Heyətinin üzvləri:
4.13.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;
4.13.2. İdarə Heyətinin iclasının gündəliyi və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.13.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
4.13.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxmaq barədə təkliflər verirlər;
4.13.5. İdarə Heyətinin qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar.
4.14. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
5. Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
5.1. Təsisçi adından Mərkəzin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.
5.2. Mərkəzin fəaliyyətinə dair illik hesabat Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilir.
6. Mərkəzin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
6.1. Mərkəzin nizamnamə fondu 2 000 000,0 (iki milyon) manatdır.
6.2. Mərkəzin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla müəyyən edilən digər vəsaitlərdən formalaşır.
6.3. Mərkəz öz əmlakından yalnız Nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəz balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
6.4. Mərkəz qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Mərkəzin, onun idarə, filial, nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
6.5. Mərkəzin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə dövlət büdcəsinə köçürülür.
6.6. Mərkəz tərəfindən təqdim edilən malların, işlərin və xidmətlərin qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.
7. Mərkəzdə uçot və hesabat
7.1. Mərkəz "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. Mərkəz "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
7.3. Mərkəz idarə, filial, nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4. Mərkəz öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
8. Mərkəzin ləğvi və yenidən təşkili Mərkəzin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.