Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 3 " aprel tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 156 nömrəli Sərəncamı ilə təsis edilmiş Yüksəkixtisaslı Miqrant Proqramı çərçivəsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra — əcnəbilər) müraciətlərinin qəbulu və həmin müraciətlərə baxılması, onların yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi (bundan sonra — qiymətləndirilmə), habelə qiymətləndirilmənin nəticəsinin rəsmiləşdirilməsi və ləğv edilməsi ilə bağlı məsələləri tənzimləyir.
1.2. Əcnəbilərin müraciətlərinin qəbulu və cavablandırılması bu məqsədlə yaradılan və "bir pəncərə" prinsipi əsasında fəaliyyət göstərən "Yüksəkixtisaslı miqrant" portalı (bundan sonra — Portal) vasitəsilə təmin edilir.
1.3. Əcnəbilərin Portala daxil etdikləri müraciətlərinə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində yaradılan "Yüksəkixtisaslı miqrantlar" altsistemi (bundan sonra — altsistem) vasitəsilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra — Xidmət) tərəfindən baxılır.
1.4. Qiymətləndirilmə ölkənin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətləri nəzərə alınaraq, yüksəkixtisaslı miqrantların Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə əcnəbinin mütəxəssis olmasını iddia etdiyi sahə üzrə bilik və bacarıqlarının dəyərləndirilməsini nəzərdə tutur.
2. Yüksəkixtisaslı miqrant hesab olunma ilə bağlı müraciət
2.1. Yüksəkixtisaslı miqrant hesab olunma ilə bağlı müraciət (bundan sonra — müraciət) etmək istəyən əcnəbi bu Qaydanın 1 nömrəli əlavəsində nəzərdə tutulan ərizə-anketi Portaldakı elektron kabinetdə (bundan sonra — elektron kabinet) Azərbaycan, türk, ingilis və rus dillərindən birində elektron qaydada tərtib edir və pasport və ya digər sərhədkeçmə sənədinin, habelə təqdim etdiyi məlumatlar üzrə yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi üçün əhəmiyyətli hesab etdiyi təsdiqedici sənədlərinin surətlərini müraciətə əlavə edərək Portala daxil edir. Ərizə-anketin formasının türk, ingilis və rus dillərində tərcüməsi Portalda yerləşdirilir. Təsdiqedici sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər müraciət edəndən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.
2.2. Portalda qeydiyyata alındıqdan sonra müraciətə 20 (iyirmi) iş günü müddətində baxılır. Müraciətə baxmaq üçün əhəmiyyət kəsb edən halların müəyyən olunması əlavə araşdırmanı zəruri etdikdə, bu barədə əcnəbiyə məlumat verilərək müraciətə baxılma müddəti Xidmət tərəfindən 10 (on) iş günü uzadılır.
2.3. Elektron qaydada tərtib olunmuş ərizə-anket və ona əlavə edilmiş sənədlərdə və ya təqdim edilmiş məlumatlarda aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkarlandıqda, həmin çatışmazlıqların 3 (üç) iş günü müddətində aradan qaldırılması və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri barədə əcnəbinin elektron kabinetinə və elektron poçt ünvanına məlumat göndərilir.
2.4. Müraciətə əlavə edilən sənədlər Azərbaycan, türk, ingilis və rus dillərində olmadıqda bu dillərdən birinə tərcümə edilir.
2.5. Müraciətə baxarkən Xidmət bu Qaydanın 4.1.1 — 4.1.4-cü, 4.1.9-cu və 4.1.10-cu yarımbəndlərində nəzərdə tutulan halları aşkar etmədikdə əcnəbinin qeydiyyata alınan müraciətini və müraciətə əlavə olunan sənədlərini rəy bildirilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə və bu Qərarla təsdiq edilmiş "Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları"nda nəzərdə tutulan meyarlar (bundan sonra — qiymətləndirilmə meyarları) üzrə müəyyən edilən hədlər daxilində bal təyin edilməsi üçün aidiyyəti üzrə qiymətləndirilmə meyarı üzrə bal təyin etməkdə səlahiyyətli olan dövlət orqanlarına (qurumlarına) göndərir.
3. Qiymətləndirilmənin aparılması və nəticələrin rəsmiləşdirilməsi
3.1. Qiymətləndirilmə əcnəbinin elektron müraciəti əsasında altsistem vasitəsilə aparılır.
3.2. Qiymətləndirilmə meyarları üzrə bal təyin etməkdə səlahiyyətli olan dövlət orqanları (qurumları) müraciət edən əcnəbini altsistemdə qiymətləndirərkən qiymətləndirilmə meyarları üzrə müəyyən edilmiş hədlər daxilində bal təyin edir və yekunda bütün ballar altsistemdə cəmlənir.
3.3. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan dövlət orqanları (qurumları) əcnəbinin müraciətinə və onun Portala daxil etdiyi məlumatlara (sənədlərə) baxaraq 5 (beş) iş günü müddətində müvafiq olaraq bal təyin edir və rəy bildirir. Bal təyin edilməsi və rəy bildirilməsi üçün əlavə araşdırmanın aparılmasına zərurət yarandıqda, həmin dövlət orqanı (qurumu) öz qərarı əsasında müddəti əlavə 5 (beş) iş gününədək uzadır və bu barədə əcnəbiyə məlumat verilməsi üçün Xidməti məlumatlandırır (müddətin uzadılmasını zəruri edən amillər göstərilməklə).
3.4. Aidiyyəti dövlət orqanı (qurumu) 5 (beş) iş günü müddətində bal təyin etmədikdə (rəy bildirmədikdə) və ya bu müddət bitənədək bal təyin edilməsi (rəy bildirilməsi) üçün əlavə araşdırmanın aparılmasına zərurət yaranması (müddətin uzadılması) barədə Xidmətə məlumat vermədikdə, bu hal həmin dövlət orqanının (qurumunun) qiymətləndirilməyə səlahiyyətli olduğu meyar üzrə ən yüksək bal təyin edilməsinə və ya əcnəbinin yüksəkixtisaslı miqrant hesab olunmasına etiraz edilmədiyi kimi qəbul edilir.
3.5. Verilmiş balların cəmi azı 70 (yetmiş) bal olduqda əcnəbi yüksəkixtisaslı miqrant hesab olunması üçün nəzərdə tutulan keçid balını (bundan sonra — keçid balı) toplamış hesab olunur.
3.6. Keçid balını toplamış və barəsində aidiyyəti dövlət orqanlarının (qurumlarının) müsbət rəyi olan əcnəbinin müraciəti bu Qaydanın 4.1-ci bəndi nəzərə alınmaqla müsbət cavablandırılır və o, yüksəkixtisaslı miqrant hesab olunur.
3.7. Şəxsin yüksəkixtisaslı miqrant hesab olunması elektron sənədlə rəsmiləşdirilir. Həmin elektron sənədin forması bu Qaydanın əlavəsi ilə müəyyən edilir. Əcnəbinin Azərbaycan Respublikasının ərazisində yüksəkixtisaslı miqrant hesab olunmasını təsdiq edən elektron sənəd (bundan sonra — elektron sənəd) Xidmət tərəfindən "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada tərtib edilir və bu barədə əcnəbinin elektron kabinetinə və elektron poçt ünvanına bildiriş göndərilməklə əcnəbinin elektron sənədi əldə etməsi imkanı təmin olunur.
3.8. Elektron sənədin qüvvəyə minməsi üçün əcnəbi elektron sənədi əldə etdikdən sonra Azərbaycan Respublikasına gəlməzdən əvvəl, lakin 1 (bir) ildən gec olmamaqla bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq müraciətinə əlavə etdiyi sənədləri (xarici ölkələrin dövlət və digər qurumları tərəfindən rəsmiləşdirilən sənədləri) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq birbaşa tanınan hallar istisna olmaqla, digər hallarda apostil edildikdən və ya leqallaşdırıldıqdan sonra surətlərini Portala daxil edir. Portala daxil edilən sənədlərə Xidmət tərəfindən 3 (üç) iş günü müddətində baxış keçirildikdən sonra elektron sənədin qüvvəyə minməsi barədə əcnəbinin elektron kabinetinə və elektron poçt ünvanına bildiriş göndərilir.
3.9. Elektron sənəd 5 (beş) il müddətinə verilir. Bu müddət başa çatdıqda, yüksəkixtisaslı miqrantın müraciəti əsasında bu Qaydanın tələblərinə uyğun onun yenidən qiymətləndirilməsi həyata keçirilir.
3.10. Qiymətləndirilmə bir ixtisas (peşə) üzrə aparılır. Elektron sənədin qüvvədə olduğu müddətdə yüksəkixtisaslı miqrantın müraciəti əsasında onun digər ixtisası (peşəsi) üzrə qiymətləndirilməsi aparıla bilər.
3.11. Yüksəkixtisaslı miqrantın şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlar dəyişdikdə, o, bu barədə 10 (on) iş günü müddətində elektron kabinetdən Portal vasitəsilə Xidmətə məlumat verməli və elektron sənədin yenidən rəsmiləşdirilməsi və ya ləğv edilməsi üçün müraciət etməlidir. Müraciətə elektron sənədin yenidən rəsmiləşdirilməsinin və ya ləğv edilməsinin səbəbi ilə bağlı sənədin surəti əlavə olunur.
3.12. Bu Qaydanın 3.11-ci bəndində nəzərdə tutulan hallarda elektron sənədin yenidən rəsmiləşdirilməsi əcnəbinin qiymətləndirilməsi aparılmadan təmin edilir və bu halda yenidən rəsmiləşdirilən elektron sənədin etibarlılıq müddəti əvvəlki elektron sənədin etibarlılıq müddətinin qüvvədə qalan hissəsindən çox olmamalıdır.
3.13. Elektron sənəd onun sahibinin təqdim etdiyi sərhədkeçmə sənədindəki məlumatlarına uyğun gəlmədiyi halda etibarsız hesab edilir.
4. Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasından imtina edilməsi və elektron sənədin ləğv edilməsi
4.1. Aşağıdakı hallarda əcnəbinin yüksəkixtisaslı miqrant hesab olunmasından imtina edilir:
4.1.1. əcnəbi bu Qaydanın 2-ci hissəsinin tələblərinə uyğun müraciət etmədikdə;
4.1.2. əcnəbi Portala saxta sənədlər və ya yanlış məlumatlar daxil etdikdə;
4.1.3. əcnəbi qiymətləndirilmə ilə əlaqədar əlavə araşdırmanın aparılması üçün əhəmiyyətli olan sənədləri və ya məlumatları təqdim etmədikdə;
4.1.4. bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulan müddətdə əcnəbi sənədləri təqdim etmədikdə və ya çatışmazlıqları aradan qaldırmadıqda;
4.1.5. əcnəbi keçid balını toplaya bilmədikdə;
4.1.6. milli təhlükəsizlik və ya ictimai asayişin mühafizəsi, yaxud Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə;
4.1.7. əcnəbinin sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətməsi və ya transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olması barədə məlumat olduqda;
4.1.8. əcnəbi Azərbaycan Respublikasının vətəndaşlarına və ya Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə;
4.1.9. əcnəbinin Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;
4.1.10. əcnəbinin Azərbaycan Respublikasına girişinə məhdudiyyət olduqda.
4.2. Aşağıdakı hallarda elektron sənəd ləğv edilir:
4.2.1. əcnəbi müvafiq sənədləri bu Qaydanın 3.8-ci bəndində nəzərdə tutulan müddətdə təqdim etmədikdə və ya müvafiq sənədləri bu Qayda ilə müəyyən edilən tələblərə uyğun olmayan formada təqdim etdikdə;
4.2.2. bu Qaydanın 4.1.2-ci, 4.1.6—4.1.10-cu yarımbəndlərində nəzərdə tutulan hallar aşkar edildikdə;
4.2.3. fəaliyyətə başladıqdan sonra hər 180 (yüz səksən) gün müddətində orta aylıq gəlirinin məbləği minimum əməkhaqqının 10 (on) mislindən az olduqda (son 60 (altmış) gündəki gəlirlərinin cəminin məbləği minimum əməkhaqqının 20 (iyirmi) mislindən çox olduğu hallar istisna olmaqla);
4.2.4. elektron sənədin qüvvəyə mindiyi tarixdən sonra Azərbaycan Respublikasının ərazisinə ilk daxil olduğu tarixdən hesablanmaqla 180 (yüz səksən) gün müddətində yüksəkixtisaslı miqrantın mütəxəssis olduğu sahə üzrə fəaliyyəti olmadıqda;
4.2.5. əcnəbi bu Qaydanın 3.9-cu bəndində nəzərdə tutulan müddətin ilk yarısı tamam olanadək Azərbaycan Respublikasına səfər etmədikdə;
4.2.6. əcnəbi elektron sənədinin ləğv edilməsi üçün müraciət etdikdə;
4.2.7. bu Qaydanın 4.4-cü bəndində göstərilən məlumatı təqdim etmədikdə.
4.3. Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasından imtina edildikdə və ya elektron sənəd ləğv edildikdə, Xidmət tərəfindən qərar qəbul edilir və əcnəbinin bu barədə məlumatlandırılması bu Qaydanın 3.7-ci bəndində nəzərdə tutulan qaydada həyata keçirilir.
4.4. Yüksəkixtisaslı miqrant hesab olunan əcnəbi bu Qaydanın 4.2.3-cü yarımbəndində nəzərdə tutulan hal üzrə məlumatı fəaliyyətə başladıqdan sonrakı gündən hesablanmaqla hər 180 (yüz səksən) gün bitdikdən sonra növbəti 3 (üç) iş günü müddətində öz elektron kabinetindən Xidmətə təqdim edir.
5. Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasını təsdiq edən elektron sənədin təsviri
5.1. Elektron sənədin blankı A4 formatındadır.
5.2. Elektron sənəddə aşağıdakılar göstərilir:
5.2.1. elektron sənədin yuxarı hissəsinin mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri, "Azərbaycan Respublikası" və "Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasını təsdiq edən elektron sənəd" sözləri, elektron sənədin üç latın hərfindən (YİM) ibarət olan seriyası və doqquzrəqəmli nömrəsi;
5.2.2. elektron sənədin sahibinin:
5.2.2.1. soyadı;
5.2.2.2. adı;
5.2.2.3. doğulduğu tarix (gün, ay, il);
5.2.2.4. vətəndaşlığı;
5.2.2.5. sərhədkeçmə sənədinin növü, nömrəsi və etibarlılıq müddəti;
5.2.2.6. ixtisası (peşəsi);
5.2.2.7. yüksəkixtisaslı miqrant hesab olunduğu sahə;
5.2.3. verildiyi tarix;
5.2.4. etibarlılıq müddəti;
5.2.5. sənədi verən orqan;
5.2.6. sənədin avtomatik identifikasiya edilməsi üçün istifadə olunan QR-kod;
5.2.7. xüsusi qeydlər üçün nəzərdə tutulmuş "Qeydlər" hissəsində aşağıdakı məlumat göstərilir: "Bu elektron sənəd onun sahibinin təqdim etdiyi sərhədkeçmə sənədindəki məlumatlarına uyğun gəlmədiyi halda etibarsız hesab edilir.".
5.3. Elektron sənəd əcnəbinin Portala daxil etdiyi məlumatlar əsasında verilir.
Portala daxil etdiyi məlumatların doğruluğuna görə müraciət edən əcnəbi birbaşa cavabdehdir.
5.4. Elektron sənəddə nəzərdə tutulmuş hazır mətnlər Azərbaycan və ingilis dillərində yazılır. Elektron sənəd doldurularkən məlumatlar ingilis dilində daxil edilir.
5.5. İki və ya daha artıq ölkənin vətəndaşı olan əcnəbinin vətəndaşlıq və sərhədkeçmə sənədinin məlumatları vətəndaşı olduğu hər bir ölkəyə münasibətdə elektron sənəddə qeyd edilir.
6. Yekun müddəalar
6.1. Barəsində yüksəkixtisaslı miqrant hesab olunmasından imtina edilməsinə və ya elektron sənədin ləğv edilməsinə dair qərar qəbul edilmiş əcnəbi sonuncu müraciət tarixindən və ya elektron sənədin ləğv edilməsi barədə qərarın qüvvəyə mindiyi tarixdən hesablanmaqla 1 (bir) il sonra yenidən müraciət edə bilər.
6.2. Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasından imtinaya və ya elektron sənədin ləğv edilməsinə dair qəbul edilmiş qərardan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər.
6.3. Yüksəkixtisaslı miqrantların Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlərin və qiymətləndirilmə prosedurunun (o cümlədən bal həddinin tətbiqinin) səmərəliliyinə dair ildə 1 (bir) dəfədən az olmayaraq Xidmət tərəfindən təhlil aparılır və bununla əlaqədar hazırlanan hesabat Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
6.4. Hesabatda əcnəbilərin Yüksəkixtisaslı Miqrant Proqramı çərçivəsində müraciətlərin dinamikası, baxılmasının nəticəsi, yüksəkixtisaslı miqrant hesab olunan əcnəbilərin Azərbaycan Respublikasına maraq göstərmələri, onların Azərbaycan Respublikasına gəlmələri və ölkədən getmələri, ölkədə olduqları (yaşadıqları) müddətdə fəaliyyətləri və davranışları, miqrasiya qanunvericiliyinə riayət etmələri, o cümlədən iş icazəsi əsasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilən əcnəbilərin bilik və bacarıqları ilə müqayisədə üstünlükləri və sair barədə məlumatlar əks etdirilir və yekunda bu Qaydanın tələbləri nəzərə alınaraq, qiymətləndirilmə prosedurunun (o cümlədən bal həddinin tətbiqinin) keyfiyyətinin yüksəldilməsinə və yüksəkixtisaslı miqrantların Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlərin səmərəliliyinin daha da artırılmasına dair təkliflər təqdim edilir.
6.5. Bu Qaydanın 6.3-cü bəndinə əsasən təqdim edilmiş hesabatdakı təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən aktual və səmərəli hesab edildikdə, həmin təkliflər fəaliyyətlərində nəzərə alınması məqsədilə bu Qərarla təsdiq edilmiş "Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları"nın 3.1—3.3-cü, 3.5—3.7-ci bəndlərində nəzərdə tutulan dövlət orqanlarına (qurumlarına) göndərilir.
"Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası"na 1 nömrəli əlavə Şəxsin yüksəkixtisaslı miqrant hesab olunması üçün ƏRİZƏ-ANKET Xahiş edirəm, Yüksəkixtisaslı Miqrant Proqramı çərçivəsində müraciətimi qəbul edib mənim Azərbaycan Respublikasında yüksəkixtisaslı miqrant hesab olunmağımı qiymətləndirəsiniz.
1. Soyadınız
2. Adınız
3. Doğulduğunuz tarix (gün, ay, il)
4. Doğulduğunuz yer
5. Milliyyətiniz
6. Cinsiniz
7. Ailə vəziyyətiniz (subay, nikahda, boşanmış, dul)
8. Vətəndaşlıq mənsubiyyətiniz
9. Pasportunuzun və ya digər sərhədkeçmə sənədinizin
9.1. növü
9.2. seriyası və nömrəsi
9.3. verilmə tarixi (gün, ay, il)
9.4. etibarlılıq müddəti (gün, ay, il)
10. Əvvəllər başqa ölkənin (ölkələrin) vətəndaşı olmusunuzsa
10.1. ölkənin adı
10.2. hansı dövrdə
10.3. vətəndaşlığa xitam (vətəndaşlıqdan çıxma və ya vətəndaşlığın itirilməsi) verilməsinə səbəb
11. Əvvəllər Azərbaycan Respublikasında olmusunuzsa sonuncu səfərinizin
11.1. vaxtı
11.2. məqsədi
12.1. adı 3x4 sm ölçüdə şəkil üçün yer
12. Son 3 (üç) ildə səfər etdiyiniz xarici ölkənin (ölkələrin) 12.2. səfərin məqsədi
13. Cinayət törətdiyinizə görə məhkum olunmusunuzsa və ya miqrasiya qanunvericiliyinin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizsə
13.1. vaxtı
13.2. səbəbi
13.3. hansı orqan tərəfindən
14. Təhsiliniz 14.1. təhsilin forması (formal, qeyri-formal, informal)
14.2. təhsilalma forması (əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat)
14.3. təhsil pilləsi (peşə, orta ixtisas və ya ali)
14.4. təhsil səviyyəsi (peşə təhsilinin səviyyələri (ilk peşə təhsili, texniki peşə təhsili və ya yüksək texniki peşə təhsili), ali təhsilin səviyyələri (bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura) və ya doktorantura (adyunktura)
14.5. təhsil müəssisəsinin adı
14.6. təhsil üzrə ixtisasınız (peşəniz)
14.7. təhsil aldığınız dövr (tarix göstərilməklə)
14.8. təhsilinizi təsdiq edən sənəd (sertifikat, diplom və s.)
14.9. təhsilinizi təsdiq edən sənədin nömrəsi, verilmə tarixi
14.10. elmi dərəcəniz və elmi adınız varsa 14.10.1. elmi dərəcə və elmi ad (fəlsəfə doktoru, elmlər doktoru, dosent, professor) 14.10.2. elmi dərəcəni və elmi adı verən qurum 14.10.3. elmi dərəcənin və elmi adın verildiyi tarix 14.10.4. elmi dərəcənin və elmi adın verilməsi barədə sənədin (diplomun, attestatın və s.) nömrəsi
15. Mütəxəssis olmanızı iddia etdiyiniz sahə üzrə
15.1. mütəxəssis olmanızı iddia etdiyiniz sahə
15.2. iş təcrübəniz 15.2.1. işçi qismində 15.2.1.1. son 15 (on beş) ildəki iş təcrübəniz (dövr və tarix göstərilməklə) 15.2.1.2. iş yeriniz (müəssisənin adı və ünvan qeyd edilməklə) 15.2.1.3. vəzifəniz 15.2.1.4. əsas /əvəzçilik üzrə iş yeri
15.2.1.5. tam/qısaldılmış və ya natamam iş vaxtı 15.2.2. özünüməşğulluq əsası üzrə fəaliyyət göstərdikdə son 15 (on beş) ildəki iş təcrübəniz (dövr və tarix göstərilməklə)
16. Dil bilikləriniz 16.1. ana diliniz
16.2. bildiyiniz xarici dillər üzrə 16.2.1. hansı xarici dil 16.2.2. bilmə dərəcəniz (zəif, yaxşı, əla) 16.2.3. xarici dili bilməyinizi təsdiq edən sənədin 16.2.3.1. növü 16.2.3.2. verildiyi tarix 16.2.3.3. verən qurum (təşkilat)
17. Azərbaycan Respublikası ilə bağlılığınız varsa
17.1. əlaqəniz olan Azərbaycan Respublikasında yaşayan şəxsin 17.1.1. soyadı və adı 17.1.2. vətəndaşlığı 17.1.3. münasibətiniz (qohumluq, tanışlıq, iş birliyi, əməkdaşlıq və s.) 17.1.4. əlaqə vasitəsi (elektron poçt ünvanı, telefon (mobil, stasionar) və faks nömrələri, sosial şəbəkələrdəki hesabları və s.)
17.2. Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və ya fiziki şəxsdən iş təklifi almısınızsa iş təklifi göndərən 17.2.1. hüquqi şəxsin 17.2.1.1. adı 17.2.1.2. hüquqi ünvanı 17.2.1.3. əlaqə vasitəsi (elektron poçt ünvanı, telefon (mobil, stasionar) və faks nömrələri, sosial şəbəkələrdəki hesabları və s.) 17.2.2. fiziki şəxsin 17.2.2.1. soyadı və adı 17.2.2.2. vətəndaşlığı 17.2.2.3. pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədin seriya və nömrəsi 17.2.2.4. əlaqə vasitəsi (elektron poçt ünvanı, telefon (mobil, stasionar) və faks nömrələri, sosial şəbəkələrdəki hesabları və s.)
17.3. bu ərizə-anketin 17.1-ci və ya 17.2-ci bəndlərində nəzərdə tutulmayan digər bağlılığınız varsa, bu barədə məlumatlar
18. Maliyyə təminatınız
18.1. son 2 (iki) ildə əldə etdiyiniz illik gəlirinizin təqribi məbləği (manatla) 18.1.1. işçi qismində 18.1.2. özünüməşğulluq əsası üzrə
18.2. bank hesabında pul vəsaitinin olması
19. Yüksəkixtisaslı miqrant hesab olunacağınız təqdirdə, sizinlə birlikdə Azərbaycan Respublikasına səfər edəcək ailə üzvləriniz
19.1. qohumluq dərəcəsi
19.2. soyadı və adı
19.3. doğulduğu tarix (gün, ay, il)
19.4. doğulduğu yer
19.5. milliyyəti
19.6. vətəndaşlığı
19.7. pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədin seriya və nömrəsi
19.8. yaşadığı ünvan
20. Hazırda yaşadığınız ünvan
21. Əlaqə vasitəniz (elektron poçt ünvanı, telefon (mobil, stasionar) nömrəsi, sosial şəbəkələrdəki hesablar və s.)
22. Əlavə qeydlər
23. Təqdim etdiyiniz məlumatlarınızın (soyadınız, adınız, doğum tarixiniz, vətəndaşlığınız, təhsiliniz, mütəxəssis olmanızı iddia etdiyiniz sahə, dil bilikləriniz və əlaqə vasitəniz üzrə) "Yüksəkixtisaslı miqrant" portalında qeydiyyatdan keçmiş işəgötürənlərlə paylaşılmasına razısınızmı? bəli xeyr
24. Mən xəbərdar edilmişəm ki, Azərbaycan Respublikasında yüksəkixtisaslı miqrant hesab olunmağımın qiymətləndirilməsi məqsədilə saxta sənədlərin və ya yalan məlumatların təqdim edilməsi şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasından imtinaya və ya elektron sənədin ləğv edilməsinə səbəb olur. Qeydlər:
1. Ərizə-anketə əlavə edilən fotoşəkil 3x4 sm ölçüdə və son 6 (altı) ayda çəkilmiş olmalıdır.
2. Soyad və ya ad dəyişdikdə əvvəlki soyadı və adı, onların istifadə dövrü, dəyişdirilmə səbəbi ərizə-anketdə qeyd edilməlidir.
3. Ərizə-anketin 8-ci hissəsi əcnəbilərə münasibətdə onların vətəndaşı olduğu ölkə, vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə onların daimi yaşadığı ölkə barədə məlumatların daxil edilməsini tələb edir.
4. İki və daha artıq ölkənin vətəndaşı olduqda, vətəndaşı olduğu hər bir ölkəyə münasibətdə müvafiq olaraq ərizə-anketin 8-9-cu hissələrində nəzərdə tutulan məlumatlar ərizə-anketdə qeyd edilməlidir.
5. İki və daha artıq təhsil müəssisəsinin məzunu olduqda, habelə əlavə təhsil aldıqda hər bir təhsil üzrə bu ərizə-anketin 14-cü hissəsində nəzərdə tutulan məlumatlar ərizə-anketdə təqdim edilməlidir.
6. İki və daha artıq elmi dərəcəniz və ya elmi adınız varsa hər birinə münasibətdə ərizə-anketin 14.10-cu bəndində nəzərdə tutulan məlumatlar ərizə-anketdə təqdim edilməlidir.
7. Ailə üzvlərinə münasibətdə ərizə-anketin 14-cü və 16-cı hissələrində, onlardan iş təcrübəsi olanlara münasibətdə isə əlavə olaraq 15-ci hissəsində nəzərdə tutulan məlumatlar ərizə-anketdə təqdim edilməlidir.
8. Ərizə-anketin 1-ci və 2-ci hissələri pasport və ya digər sərhədkeçmə sənədində olduğu kimi və ingilis əlifbası ilə yazılır. Bu zaman pasportun və ya digər sərhədkeçmə sənədinin maşınla oxuna bilən hissəsində qeyd edilən soyadı və adı əsas götürülür.
9. Ərizə-anketdə qeyd edilən məlumatların təsdiqedici sənədləri müraciətə əlavə olunmalıdır.
"Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası"na 2 nömrəli əlavə Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasını təsdiq edən elektron sənədin forması
Azərbaycan Respublikası / Republic of Azerbaijan Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasını təsdiq edən Confirming that the person is considered as a highly qualified migrant ELEKTRON SƏNƏD ELECTRONİC DOCUMENT Seriya/Series: YİM № 000000000
5. Sərhədkeçmə sənədinin / Border crossing document
5.1. növü / type
5.2. nömrəsi / number
5.3. etibarlılıq müddəti / date of expiry
6. İxtisası (peşəsi) / Qualification (profession)
7. Yüksəkixtisaslı miqrant hesab olunduğu sahə / Sphere where migrant is considered as highly qualified
8. Verildiyi tarix / Date of issue
9. Etibarlılıq müddəti / Date of expiry
10. Sənədi verən orqan / Issuing authority
1. Soyadı / Surname
2. Adı / Name
3. Doğulduğu tarix (gün, ay, il) / Date of birth (day, month, year)
4. Vətəndaşlığı / Nationality
________________________
12. Qeydlər / Notes:
Bu elektron sənəd onun sahibinin təqdim etdiyi sərhədkeçmə sənədindəki məlumatlarına uyğun gəlmədiyi halda, elektron sənəd etibarsız hesab edilir/ In the case that this electronic document does not fit the information in border crossing document presented by its owner, electronic document is considered invalid
11. QR-kod